BAŞLIĞINI TAPMADIĞIM ÜRƏK SÖZLƏRI
Azad Ozan KƏRIMLI
 

       Bu gün hər şey çətindir. Dolanışıq haqqında heç danışmağa dəyməz və bu istəkdə heç bulunmuram da. Amma işləmək də çətinləşib, düşünmək də, yazmaq da. Lap elə qeyrət göstərmək də çətinləşib, özü də gündəlik yaşam bir qırağa qalsın, onu heç nəzərdə də tutmuram. Mən insanın uşaqlıqdan, gəncliyindən tutduğu, seçdiyi, ürək yandırdığı yola dönüklüyünün adi olaya çevrildiyini və həmin seçimdə adi qeyrətin, dönməzliyin nə dərəcədə ağır olduğunu duysam da, anlayıb yozmaqda çətinlik çəkirəm. Ağır dərddir.

       Ömrünün ən yaxşı çağlarını çaxır çəlləyində gecələyən əski yunan ağıllısı və düşüncəlisi Demokritın gündüzlər əlində yanan məş’əllə şəhərin küçələri ilə qaçaraq «Insan axtarıram!» qışqırtıları artıq mənim kimilər üçün ən əski tarixin bədii süzgəcindən keçmiş öyüdverici uydurma, yaxud şişirdilmiş əfsanə deyil. Əksinə, deyərdim ki, bu günümüz, çağdaş zamanımız üçün Demokritin hayqırtısı olduqca bəsitdir. Insana, Insanlığa qeyrət, dönməzlik, sözübütövlük, sağlam düşüncə, böyük arzular, göyün yeddinci qatına qaldıracaq qanadlar gərəkdir. Insana, Insanlığa Eşq gərəkdir. Deməzdim ki, yoxdur, yaxud da göylərə çəkilib, amma çatışmır ki, çatışmır. Insan, Insanlıq mənəvi baxımdan kasıblaşıb. Və Demokritsayağı üzücü axtarış-araşdırmalar, azsaylı demokritsayağı tapıntılar belə bizləri ikili duyğulandırır: həm sevinirsən, həm də ürəyin sıxılır. Sevinirsən – çünki axtardığını, çətinliklə olsa da tapmısan, axtardıqların v ar, yaşayır və, deməli, yaşamağa dəyər. Ürəkdən sıxılırsan, – çünki zaman keçir, illər ötür və sənə doğmalar səninlə birgə yaşlanır. Lakin bu yaşlanmanın çox böyük dəyərləndirici və aşkarlayıcı gücü var, çünki yalnız tutumlu zaman kəsimi Insanı, onun böyüklüyünü, dəyişməzliyi – dönməzliyini, arzu və istəklərini, hətta hansı məzhəbə qulluq etdiyini belə lazımlı şəkildə, tamlığıyla açıqlaya bilir.

       Mən bəstəkar Elnarə Dadaşova haqqında bu yazımda bioqrafik bilgilər verməkdən də yan keçirəm. Həmin bilgiləri əldə etmək çətin deyil, çünki onun «tərcümeyi-hal» adlandırdığımız əlyazması da, bədii, elmi və tədris yönlü əsərlərini sadalayan toplum da Azərbaycan Bəstəkarlar Ittifaqının arxivində saxlanılır, surəti isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında. Mən bilə-bilə belə deyirəm, çünki professional bəstəkar təhsili görmüş, ən sayılan müəllimlərdən – Q.Qarayev və C.Hacıyevdən ustad dərsi almış və artıq ortayaşlı nəsil sayılan hər bir bəstəkar yozumunda «Bakı Musiqi Akademiyası» adı qondarmadır, mədəniyyətimizə arxadan xaincəsinə vurulan bıçaq zərbəsi, mənəviyyatımıza isə ləkəli yamaqdır. Və milli musiqi mədəniyyəti, musiqi elmi və musiqi təhsili çevrələrində bizim ortayaşlı nəslin indiyədək yaratdığı əsərlər, elmi və elmi-metodiki araşdırmalar kəsimlərindən hər birində Elnarə xanımın danılmaz, layiqli – sayımlı yeri var.

       Mənim anlam, duyum və yozumlarımda o, ilk növbədə, gözəl bir musiqiçidir. Əvəzsiz musiqi duyumu var ki, onun sayəsində istənilən bədii üslubu, səpgini, hətta ifaçılıq yollarını, bədii məzmunu asanlıqla qavrayır. Lakin qavradıqca sadəcə olaraq mənimsəmir, qavradığını sanki özününküləşdirir. Yetirməsi olduğu müəllimi Qara Qarayev kimi. Mən burada «Q.Qarayevsayağı özününküləşdirmə»dən söhbət açmaq və araşdırma aparmaqdan uzağam, çünki belə araşdırmanın tutumu yüzlərlə səhifə ölçüləcək və həmin yüzlərlə səhifəni şanlı musiqişünaslarımızın ixtiyarlarına buraxmağı lazım bilirəm. Lakin bəstəkarın «Vaqif Mustafazadənin xatirəsinə» orqan fantaziyası dediklərimə ən yaxşı tutalqacdır. Burada, yeri gəlmişkən, bir incəliyi də vurğulamaq istərdim. Elnarə Dadaşova ilə incəsənətin bütün çevrələrinə çətinlik çəkmədən «baş vurub üzmək» olar. Elnarə xanımdan sənət çevrəsində «üzgüçülüyü» öyrənmək də olar. Lakin onun sənətdə kimisə üstələmək, yaxud qabaqlamaq istəyində bulunduğunu nəinki görməmişik, heç duymamışıq da. Mən cə, əsil «Q.Qarayevsayağı» yüksək sənətçi mədəniyyətinin göstəricisi deyilmi?

       O, əsil bəstəkardır. Indiyədək bütün dünyada biçimlənmiş musiqi janrlarında, bədii çeşidlərdə, istənilən məzmunda, istənilən bədii vəzifə daşıyan və istənilən ifaçı və ifaçılar hey’əti üçün musiqi əsəri yaratmaqdan qorxmayan, yaratdıqları əsərləri istənilən səviyyədə və istənilən miqyasda, – istər bəstəkarlarımızın plenumu, yaxud uşaq musiqi məktəblərindən birinin kiçik zalında keçirilən hansısa bayram olsun, istərsə də ən uzaq xaricin bəstəkar toplantısı, – göstərməkdən, səsləndirməkdən çəkinməyən bəstəkardır. Ilk sayda ona görə ki, müəllimi Qara Qarayev tərəfindən özülü qoyulmuş bəstəkarlıq məktəbimizin ən öncül özəlliklərinə güvənir. Böyük ustadın ən yüksək arzu və istəklərlə, azman xeyirxahlıqla, ulu uzaqgörənliklə yandırdığı sənət alovu, bizlərə qoyub getdiyi sənət yanğısı məhz Elnarə xanım kimi davamçıların sinəsində, qəlbində, ruhunda özünə əbədi yer tapmışdır. Və ən qəribəsi odur ki, artıq otuz il boyu musiqi mədəniyyətimizə, o cümlədən ən böyük qazancımız olan milli professional bəstəkarlığım ıza qarşı ilk öncədən «saman altından su yeritmək», daha sonra isə «demokratiya» və «ümumbəşəri dəyərlər» donu geydirilən məkrli, yırtıcı, dağıdıcı siyasət onu, – bu zərif, füsünkar gözəlliyi və mərifəti-davranışı ilə seçilən bu bəstəkar – qadının iradəsini qıra bilməyib.

       Mənim üçün Elnarə Dadaşova əsil, – ali təhsil diplomu almış yalançı yox! – əsil Azərbaycan ziyalısı və müəllimidir. Mən bu yazımda onun onlarla sayda, çox yüksək pedaqoji və elmi səviyyədə yazıb yaratdığı, - özü də rus və ingiliscə yox, məhz doğma Azəri türkcəsində! – özünü dünyanın vətəndaşı sayanların gözünə tir kimi girən, ox kimi batan, «ingilis əsgər çəkməsi altlıqlı – padoşlu» üzləri daim sillələyən doğma Azəri türkcəsində bizim bugünkü və gələcək Azəri balaları üçün yazıb yaratdığı tədris kitabçalarını araşdırmağı düşünmürəm. Onları yalnız naşı, yaxud nadan dəyərləndirməz. Mən onun, sənətindən asılı olmayaraq, – istər gələcək tarzən və kamançaçalan, istər pianoçu, yaxud nəzəriyyəçi olsun, – tələbə-insanların könlünə yol tapmış, ürəyində-beynində işıqlı izlər qoymuş müəllim şəxsiyyətilə bağlı bir tutalqanı açıqlayacağam.

       Artıq neçə illərdir ki, bizim sayımlı musiqiçilərin, bu sayda el sənətkarlarının, – aşıq və muğamatçıların fotoşəkillərini toplayıram. Lazım gəldikdə, özüm də fotoaparatı işə salıram. Bə’zən uğurlu şəkillər alınır. O cümlədən, Elnarə xanımın bir neçə təkcə və tələbələrlə fotoşəkillərini. Və bu olay haqqında bilgisi olan hər bir kəs, – ən başlıcası, onun keçmiş tələbələri, «biz sevimli müəlliməmizin şəklini istəyirik!» deyə mənə rahatlıq vermirlər. Bir sirri də açım ki, bunun dərdindən həmin plyonkanı çox zaman portfelimdə gəzdirirəm.

       Mənim üçün Elnarə xanım təkcə füsünkar gözəlliyi ilə seçilən qadındır desəm, – azdır. O, həm də fədakar, geniş, dağ boyda ürəkli bir Anadır. Özü də təkcə ona görə yox ki, doğduğu və min əziyyətlə, – onu tanıyanlar bilir ki, uzun illər evsiz, öz ocağı olmadan, kirayədə qalaraq, – boya-başa çatdırdığı oğlanları haradasa onu xatırladırlar. Xeyr, onun analıq duyğusu daha geniş olub, hətta yaradıcılığında da, işində də öz açıq-aydın əksini tapır. Mən deyərdim ki, nəinki qadın bəstəkarlarımız, hətta döşünə döyən kişilərimiz arasında, çətin ki, uşaqlarımızın zövqünün biçimlənməsi, uşaq musiqi təhsilinin çağdaş meyarlanması və milliləşməsi üçün bu dərəcədə can yandıran bir Insan tapılsın. Özü də şöhrət üçün yox, səs-səmirsiz.

       Mənim üçün Elnarə Dadaşova həm vətənpərvərdir, həm də şəxsiyyətdir. Onunla eyni illərdə, ondan aşağı və yuxarı kurslarda bəstəkarlıq şö’bəsində təhsil alanlar yaxşı xatırlayırlar ki, ixtisas imtahanlarında ilk addımlarını atmaqda yardımçı, yə’ni ilk əsərlərinin ifaçısı kim olmuşdur. Onun bu cür yoldaşlığını təkcə içərisindən, bəlkə də nəsil-nəcabətindən, soyundan-kökündən gələn danılmaz xeyirxahlığı kimi yozmaq azdır. Xeyirxah, aydın qəlbli insanlar az deyil, lakin Elnarə Dadaşovanın insana, onun yaradıcılığına inamını mən daha önə çəkərdim. Ən qəribəsi də odur ki, bu çətin illərin ağrısı – acısı, uzun illər boyu iblislərdən gördüyü xəbisliklər, – o cümlədən, onu doğma ata mülkündə gün işığına həsrət qoymaq, yeri-yurdu, soyu bilinməyənlərin onu yerindən-yurdundan qovub-qaçırtmaq istəklərinə baxmayaraq, bu inam azalmır ki, azalmır. O hər bir insanı səbrlə dinləməyi bacarır, lakin onu ovundurmağa yox, ruhlandırmağa çalışır. O, Insana, Insaniyyətə və xalqının Gələcəyinə inanır. Burada ayrıca vurğulamaq is tərdim ki, uzun illər boyu səmimi dostluğumuza, hətta sirdaşlığımıza, – Elnarə Dadaşova isə əsil kişisayağı sirr saxlamağı bacarır! – bəli, sirdaşlığımıza baxmayaraq, xatırlamıram ki, bir çox «ziyanlı-ziyalılar» sayağı sadə xalqımıza həqarətlə baxsın, əcnəbilər qarşısında buyruq nökəri kimi əyilsin. Xatırlamıram.

       Böyük şairimiz, alovlu vətənpərvər Xəlil Rzanın sözləri heç zaman yaddaşımdan silinmir:

       Rentgen işığıdır kişi gözləri,
       Həkimə, təbibə, loğmana əvəz.
       Qəlbində, beynində mikrob olanlar
       Kişi baxışına davam gətirməz
       Bu günkü durumda kişi kimi kişilik də, qadın kimi qadınlıq da çətindir. Ağır yükdür. Lakin Kişi kimi qadın, bəstəkar, müəllim, Ana, vətəndaş, ən nəhayət, xeyirxah, səmimi, birsifətli insan olmaq əsil igidlikdir. Lap azman qəhrəmanlıqdır. «Dədə Qorqud» dastanındakılardan da Azman.

       Ömür daimi deyil. Lakin mən çox istərdim ki, Ulu Tanrımız Elnarə xanım və onun ardıcıllarına başını uca tutmaqda hər an arxa olsun. Mən çox istərdim ki, Elnarə xanım kimilərinin dönməzliyi və aynatək təmizliyi daim kişilərimizdə qeyrət və inam oyatsın. Çünki mən özüm də, Elnarə xanım kimi, xalqımızın gələcəyinə inanıram. Amin!









Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70