Ilin ən yaxşı əsəri
-
 


       Azərbaycan Bəstəkarlar Ittifaqının Gənclər və Idman Nazirliyi ilə birgə təşkil etdiyi bəzi tədbirlər artıq ənənəyə çevrilmişdir. Gənc bəstəkar və musiqişünasların yaradıcılığına həsr olunmuş bu tədbirlərdən biri də hər ilin sonunda keçirilən "Ilin ən yaxşı əsəri" müsabiqəsidir. Müsabiqədə 28 yaşınadək gənc Azərbaycan bəstəkarları və musiqişünasları iştirak etmək hüququna malikdirlər. Müsabiqənin əsas şərtlərindən biri də ondan ibarətdir ki, gənc bəstəkar və musiqişünaslar müsabiqəyə indiyədək heç bir yerdə ifa və ya dərc olunmamış əsərləri təqdim etməlidirlər. Müsabiqə müxtəlif nominasiyalar üzrə mükafatlar təyin etmişdir:
       – mahnı və ya romans;
       – kamera-instrumental əsərlər;
       – kiçik həcmli simfonik əsərlər;
       – portret və oçerklər (musiqişünaslar üçün).
       2000-ci ilin sonunda elan edilmiş bu müsabiqənin Təşkilat Komitəsinə dörd nominasiya üzrə 14 əsər təqdim edilmişdi.
       Müsabiqənin münsiflər heyətinə Respublikanın görkəmli musiqi ictimai xadimləri, bəstəkar və musiqişünaslar daxil edilmişlər: Respublikanın xalq artisti, professor Tofiq Bakıxanov (sədr); Respublikanın əməkdar incəsənət xadimləri, bəstəkar Nəriman Məmmədov və Cavanşir Quliyev; musiqişünaslar Şəhla Mahmudova və Lalə Hüseynova.
       Münsiflər heyəti müsabiqəyə təqdim edilmiş bütün əsərlərlə diqqətlə tanış olmuş və müxtəlif nominasiyalar üzrə 4 əsərin müəllifini müsabiqənin qalibi seçmişdir:
       Kiçik həcmli simfonik əsərlər nominasiyası üzrə Zeynalova Xədicə Əbdülrəhim qızının "Simfonik oçerk"i;
       kamera-instrumental əsərlər nominasiyası üzrə Xəlilov Rüfət Rafiq oğlunun "Mağavuzdan gələn səslər" miniatürü;
       mahnı və ya romans nominasiyası üzrə Nağıyeva Nərminə Hacıbala qızının "Sənə" (sözləri Nəbi Xəzrinin) mahnısı;
       Portret və oçerklər nominasiyası üzrə Məmmədəliyeva Turan Vasim qızının "Vaqif Mustafazadənin ifaçılıq və bəstəkarlıq yaradıcılığına dair" oçerki müsabiqənin mükafatına layiq görülmüşlər.
       2001-ci il fevralın 2-də Azərbaycan Gəncləri günü münasibətilə Respublika Sarayında keçirilən təntənəli mərasimdə müsabiqənin laureatlarına mükafatlar təqdim edilmişdir.

,

YENILIKLƏR


       2000-ci ilin dekabr ayında Azərbaycan Bəstəkarlar Ittifaqı və Yeni Azərbaycan Partiyası "Vətəni tərənnüm edən mahnılar" müsabiqəsini keçirmişdir. Müsabiqəyə 29 mahnı göndərilmişdir. Münsiflər heyəti aşağıdakı bəstəkar və musiqişünaslardan ibarət idi: Ramiz Mirişli (sədr), Oqtay Zülfüqarov (müavin), Sevda Ibrahimova, Şəhla Mahmudova, Ruhəngiz Qasımova, Mobil Babayev.
       Iki turdan ibarət müsabiqədə I yerə – Vasif Adıgözəlov "Azərbaycan" (sözl. Əhməd Cavadındır); II yerə – Ramiz Mustafayev "Bizi bağışlamaz bu torpaq" (sözl: Bəhlul Orucoğlunundur), Nəriman Məmmədov "Yeni Azərbaycan Partiyası" (sözl: Ramiz Abdullayevindir); III yerə – Rəşid Şəfəq "And yerimiz" (sözl: Zəlimxan Yaqubundur), Cəlal Abbasov – "Qəsidə" (sözl: Məhəmməd Hüseyn Şəhriyarındır), Ceyhun Allahverdiyev – Milli marş" (sözl: Zülfüqarbəyindir); Həvəsləndirici mükafata – Gülsüm Eldarova "Türk qanıdır qanımız" (sözl: Z. Xınalınındır), Taleh Hacıyev "Azərbaycanım" (sözl: Həlimə Musayevanındır), xüsusi mükafata Namiq Nəbiyevin "Azadlıq bayrağı" (sözl: S. Zərdablınındır) mahnıları layiq görülmüşlər.
       R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında mükafatların təqdim olunması mərasimində yekun konserti keçirilmişdir. Gecədə giriş sözü ilə YAP-ın icra katibinin müavini Bahar Muradova, Azərbaycan Bəstəkarlar Ittifaqınının katibi Ramiz Zöhrabov və münsiflər heyətinin sədri, bəstəkar Ramiz Mirişli çıxış etmişlər.
       Tədbirin sonunda YAP-ın icra katibi Əli Əhmədov və Azərbaycan Bəstəkarlar Ittifaqı Idarə heyətinin Birinci katibi Vasif Adıgözəlov laureatları təbrik etmiş və onlara yaradıcılıq uğurları arzulamışlar.
* * *

       Görkəmli bəstəkar, Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatı laureatı, professor Vasif Adıgözəlovun çoxsaylı, müxtəlif janrlı əsərləri arasında fortepiano üçün bəstələri daha çoxdur. Onlardan fortepiano və orkestr üçün 5 Konserti, uşaqlar üçün pyesləri, variasiyaları, 24 prelüdü Azərbaycan fortepiano ədəbiyyatını zənginləşdirir. Sadaladığımız əsərlər arasında "24 prelüd" silsiləsi həm ifaçıların repertuarlarını, həm də ali və orta ixtisas musiqi məktəblərinin tədris proqramlarının bəzəyi sayılır.
       2001-ci ilin ilk ayı olan yanvarın əvvəlində Vasif Adıgözəlovun "24 prelüd"ü üçün Bülbül adına 11 illik orta ixtisas musiqi məktəbinin konsert zalında təqdimat mərasimi keçirildi.
       Təqdimatı məktəbin direktoru, fəlsəfə elmləri namizədi Nigar Cərullazadə açdı. O, Vasif Adıgözəlovu və onun ailəsini, qonaqları salamladı. Sonra müəllifin "24 prelüd" silsiləsi haqqında məktəbin müəllimi, musiqişünas-bəstəkar Nərgiz Şəfiyeva söz açdı.
       "24 prelüd" silsiləsini ifaçıların Beynəlxalq müsabiqə laureatı, istedadlı pianoçu Elnarə Haşımova ifa etdi.
       Təqdimatdan sonra V. Adıgözəlov çıxış edib qeyd etdi ki, o, məktəbdə orta təhsil alıb və o, bu məktəbi doğma evi sayır. Məktəbin müdiriyyətinə, kollektivə və pianoçu E. Haşımovaya təşəkkür etdi.
       Təqdimat mərasimində yekun sözü ilə Azərbaycan Bəstəkarlar Ittifaqının katibi, professor Ramiz Zöhrabov çıxış etdi. O, təqdim olunan "24 prelüd"ün bəzi məziyyətlərindən və ifaçılıq təfsirindən danışdı və məktəbin kollektivinə Azərbaycan Bəstəkarlar Ittifaqı adından minnətdarlığını bildirdi.
* * *

       Fevralın 19-da istedadlı Azərbaycan bəstəkarı və pianoçusu Ilham Abdullayevin müəllif gecəsi keçirilmişdir. Gecənin aparıcısı musiqişünas Aytən Tağızadə qeyd etdi ki, I. Abdullayev müasir səpkidə yazılmış bir çox fortepiano üçün əsərlərin, həmçinin simfonik və kamera musiqisinin müəllifidir. Lakin bu günkü gecədə onun yeni mahnıları səsləndiriləcəkdir.
       Müəllif gecəsində Ilham Abdullayevin Rəsul Rzanın, Nigar Rəfibəylinin, Bəxtiyar Vahabzadənin, Hüseyn Cavidin, Hüseyn Abbaszadənin, Əliağa Kürçaylının, Fəxrəddin Ziyanın, Zəhra Ibrahimovanın, Mansur Vəkilovun və başqa şairlərin sözlərinə yazılmış mahnıları ifa olundu. Ifaçılar Bülbül adına orta ixtisas musiqi məktəbinin "Qız qalası" xoru (bədii rəhbəri Dilarə Əliyevadır), vokalçıların II Respublika müsabiqəsinin laureatı Ruslan Əliyev, BMA-nın tələbəsi Dinarə Əliyeva və muğamatçıların "Kainat" respublika müsabiqəsinin laureatı Böyükxanım Mirzəyevə idi. Gecədə səslənən mahnıları fortepianoda bəstəkar Ilham Abdullayev müşayiət etdi. Müəllif gecəsində xüsusilə "Qız qalası", "Azərbaycan", "Bakı haqqında mahnı", "Buludlar", "Bayatılar", "Payız", "Dəniz", "Req-taym", "Nərgiz", "Ilk baharda" və başqa mahnılar səmimi alqışlarla qarşılandı və musiqisevərlərin rəğbətini daha çox qazandı.

       Bu yaxınlarda istedadlı Azərbaycan bəstəkarı Fərhəng Hüseynova bir xoş xəbər gəldi. O, Paraqvayın paytaxtı Asunyonda keçirilən Bəstəkarların "Xose Asunyon Flores" I Beynəlxalq müsabiqəsində birinci yerə layiq görülmüşdür. Bu mükafatı o, "Quarani kapriççiosu" simfonik əsərinə görə almışdır.
       Xatırladaq ki, Xose Asunyon Flores Paraqvay professional musiqisinin banisidir. Xose Asunyon Flores 1904-cü ildə Asunyonda doğulmuş və 1972-ci ildə Buenos Ayresdə vəfat etmişdir. Quaranilər əsasən Paraqvayda, qismən də Braziliya və Boliviyada yaşayan hindu xalqlarındandır.
       Italiyadan, Ispaniyadan, Argentinadan və digər Latın dünyası ölkələrindən gələn bəstəkarlardan və dirijorlardan ibarət münsiflər heyəti bəstəkar Fərhəng Hüseynovun qədim xalqın ritmlərindən, eləcə də melodiya və intonasiyalarından ustalıqla istifadəsini xüsusi qeyd etmişlər.
       Müsabiqə YUNESKO, Paraqvay və Argentina Mədəniyyət Nazirlikləri, Ispan dilli Latın Amerikasının Beynəlxalq Radiosu, "American Airlines" Təyyarə Şirkəti, Incəsənət Koordinatoru "AECI" Ispan Şirkəti və başqaları tərəfindən təşkil olunmuşdur.
       Müəllifə bildirmişlər ki, onun "Quarani kapriççiosu" əsəri Buenos Ayres, Asunyon və Madrid simfonik orkestrləri tərəfindən ifa olunacaqdır.
       Müsabiqədə birinci yerə layiq görülmüş bəstəkar Fərhəng Hüseynov "Quarani kapriççiosu" simfonik əsərinin məşqlərində iştirak etmək, həmçinin mükafat almaq üçün Paraqvaya dəvət alıb.
* * *

       2000-ci il noyabrın 15-də Azərbaycan Respublikasının xalq artisti, professor, bəstəkar Azər Rzayevin 70 illiyi münasibətilə Akademik Opera və Balet Teatrında yubiley gecəsi keçirildi. Yubiley gecəsində Mədəniyyət Naziri Polad Bülbüloğlu, Bəstəkarlar Ittifaqı Idarə heyətinin Birinci katibi Vasif Adıgözəlov, Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və digər şəxslər çıxış edərək bəstəkarın çoxşaxəli yaradıcılıq fəaliyyətindən söz açdılar. Rauf Abdullayevin idarəsilə Azərbaycan Dövlət Simfonik orkestrinin ifasında 1990-cı ilin 20 yanvar şəhidlərinə həsr olunmuş "Bakı–90" simfoniyası və 3 skripka və simfonik orkestr üçün Konsert (solistlər – Ənvər Rəhmanov, Səbinə Quliyeva və Fərhad Haşımov) səsləndi. Azər Rzayevin rəhbərlik etdiyi Bülbül adına musiqi məktəbinin uşaq simfonik orkestri ilə bəstəkarın fortepiano ilə simfonik orkestr üçün Konsertinin I hissəsini (solist – Nigar Musayeva), "Hacı Kərimin Aya səyahəti" müsiqili komediyasından habelə həmin əsərdən Hacı Kərimin kupletlərini (solist Ağakə rim Kərimov) ifa etdilər. Bunlan başqa yubiley tədbirləri Nizami adına ədəbiyyat muzeyində, Bülbül adına orta Ixtisas musiqi məktəbində, Niyazinin ev-muzeyində də keçirildi.
* * *

       2000-ci il dekabrın 3-də "Şəhriyar" adına Mədəniyyət Mərkəzində bəstəkar Mobil Babayevin 55 illik yubileyi münasibəti ilə yaradıcılıq gecəsi keçirilmişdir. Yaradıcılıq gecəsini müəllif özü açaraq təbrik üçün sözü Azərbaycan Bəstəkarlar Ittifaqının katibi, musiqişünas, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabova verdi. O, M. Babayevin yaradıcılığından söz açdı və onu Azərbaycan Bəstəkarlar Ittifaqı adından təbrik etdi.
       Gecədə bəstəkarın fortepiano üçün prelüdləri səsləndirildi və Azteleradio Verilişləri Şirkətinin estrada-simfonik orkestri kiçik heyətin müşayiətilə onun Azərbaycan şairlərinin sözlərinə yazılmış mahnıları ifa edildi. Bəstəkarın mahnıları tamaşaçılar tərəfindən səmimiyyətlə qarşılandı. Xalq artistləri Mirzə Babayev, Flora Kərimova, Azər Zeynalov, əməkdar artistlər Mübariz Tağıyev, Elxan Əhədzadə, Ağadadaş Ağayev, artistlər Təranə Vəlizadə, Cavan Zeynallı, Elxan Qaraxanoğlu və b. müxtəlif məzmunlu mahnıları şövqlə oxudular. Istedadlı cazmen, pianoçu Vaqif Sadıqov bəstəkarın "Caz" kompozisiyasını da müvəffəqiyyətlə ifa etdi.
* * *

       Keçən ilin son ayında bəstəkar, Azərbaycan Əfsər Cavanşirovun anadan olmasının 70 ili tamam oldu. Yubiley münasibətilə Azərbaycan Televiziyasi və Radio Verilişləri Şirkətində Əfsər Cavanşirovun yaradıcılığına həsr olunmuş gecə keçirildi. Gecədə Azərbaycan Bəstəkarlar Ittifaqı Idarə heyətinin katibi, professor Ramiz Zöhrabov, əməkdar incəsənət xadimi, bəstəkar Musa Mirzəyev bəstəkarın yaradıcılığından söz açdılar.
       Ə. Cavanşirovun rəhbərlik etdiyi "Bənövşə" uşaq xorunun yetirmələri – Respublikanın xalq artisti, millət vəkili Amalya Pənahova, Respublikanın xalq artisti Elmira Rəhimova, artistlər Firuzə Ibadova, Süleyman Zeynalov, Azərin, Nurlan Əzizbəyli və b. öz müəllimləri haqqında xoş sözlər söylədilər və bəstəkarın bir sıra mahnılarını ifa etdilər.
       Verilişin sonunda Ə. Cavanşirov bütün çıxış edənlərə səmimi sözlərə görə öz minnətdarlığını bildirdi.
* * *

       2001-ci il yanvar ayında Azərbaycan Respublikasının xalq artisti, professor Tofiq Əhməd oğlu Bakıxanovun anadan olmasının 70 illiyi, yaradıcılıq fəaliyyətinin isə 50 illiyi tamam oldu. Bu münasibətlə "Şəhriyar" adına Mədəniyyət Mərkəzində yubiley gecəsi keçirildi. Yubileydə Azərbaycan Respublikasının Prezidenti Icra Aparatının humanitar Siyasət şöbəsinin müdiri Fatma Abdullazadə musiqi sənətinin inkişafındakı xidmətlərinə görə T. Bakıxanovun "Şöhrət" ordeninə layiq görülməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin Fərmanını, yubilyara məktubunu oxudu və onu təbrik etdi.
       Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təbrikini və hədiyyəsini Nazir müavini Ədalət Vəliyev, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanını Nazirliyin məsul işçisi Nazim Kazımov təqdim etdi. Gəcədə Azərbaycan Bəstəkarlar Ittifaqı adından Ittifaqın katibi Ramiz Zöhrabovun, Bakı Musiqi Akademiyasının adından Gülnaz Abdullazadənin təbrik və çıxışları oldu.
       Sonra T. Bakıxanovun əsərlərindən ibarət böyük konsert keçirildi. Proqrama bəstəkarın yaradıcılıq yolunun mühüm mərhələlərini əks etdirən əsərlər – "Xəzər balladası" baletindən süita, violonçel və simfonik orkestr üçün bir saylı Konsert, beş saylı "Nigar" simfoniyası (qızının əziz xatirəsinə həsr olunmuşdur), tar və simfonik orkestr üçün bir saylı Konserti daxil idi.
       Əsərləri görkəmli dirijor Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatı laureatı, professor Rauf Abdullayevin rəhbərliyi ilə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestri ifa etdi. Solistlər Azərbaycan Respublikasının xalq artisti Ramiz Quliyev (tar) və Əməkdar artist Eldar Iskəndərov (violonçel) idi.








Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70