YENI TƏDQIQAT IŞI
Şəhla MAHMUDOVA
 

       Son illərdə musiqi mədəniyyətində əldə etdiyimiz uğurların böyük bir hissəsi musiqişünaslığımızın payına düşür. Bir tərəfdən musiqi fikri tarixində öz sözünü demiş korifeylərin ənənələrini davam etdirən, digər tərəfdən müasir elmin nailiyyətlərinə əsaslanaraq inkişaf edib zənginləşən çoxşaxəli Azərbaycan musiqişünaslığının ən çətin, mürəkkəb və eyni zamanda aktuallığını itirməyən, maraqlı sahələrindən biri xalq musiqisinin öyrənilməsilə bağlıdır. Xalqın musiqi yaradıcılığı və bunun müasir bəstəkarlarımızın əsərlərində təcəssümü milli musiqi elminin bir nömrəli problemi kimi Azərbaycan musiqişünaslarının bir neçə nəslinin uzun illərdən bəri araşdırdığı mövzu olmuş, xalq musiqimizin tarixi və nəzəri məsələlərinə aid hər yeni fikir, mülahizə, tədqiqat həmişə böyük maraq doğurmuşdur. Bu baxımdan musiqişünas Aytac Rəhimovanın yenicə çapdan çıxmış «Azərbaycan musiqisində meyxana janrı» adlı kitabını musiqişünaslıq sahəsində ən maraqlı və diqqətəlayiq nəşrlərdən biri hesab etmək olar. Kitab ilk növbədə xalq y aradıcılığının tədqiq edilməmiş bir janrına həsr olunması ilə diqqəti cəlb edir.

       Ikinci maraqlı cəhət isə bu monoqrafiyanın geniş oxucu kütləsinə yeni bir adı tanıtmasındadır – tədqiqatın müəllifi müstəqil elmi fəaliyyətə yenicə başlayan gənc musiqişünasdır. Xalq yaradıcılığının unikal bir musiqili – poetik nümunəsi olan, lakin indiyədək nə filoloqlar, nə də musiqişünaslar tərəfindən xüsusi tədqiqat obyekti kimi araşdırılmayan meyxana janrına gənc mütəxəssisin müraciəti özlüyündə cəsarətli bir addım kimi təqdir olunmalıdır.

       Əslində bu, A.Rəhimovanın xalq yaradıcılığının araşdırılmasına yönəlmiş ilk işi deyil – hələ Bakı musiqi Akademiyasında təhsil aldığı illərdə o, Azərbaycan musiqisinin nəzəri əsasları ilə bağlı mövzulara maraq göstərmişdir. Onun bakalavr buraxılış işi də, magistrlik dissertasiyası da milli musiqimizdə mühüm problemlərdən biri olan temperasiya məsələlərinə həsr edilmişdi. Hələ o zaman yüksək səviyyədə yerinə yetirilən həmin işlər tələbə tədqiqatları içərisində diqqəti cəlb etmişdi.

       BMA-nı bitirdikdən sonra gənc müsiqişünasın diqqətini xalq yaradıcılığının tədqiq edilməmiş bir sahəsinə yönəltməsi onun öz elmi marağında ardıcıl olmasını bir daha təsdiq etdi. Belə məqsədyönlülük göstərərək, öz araşdırılmalarında indiyə kimi əldə etdiyi biliklər və peşəkarlıq səriştəsindən bacarıqla istifadə etməklə A.Rəhimova özünü perspektivli bir tədqiqatçı kimi tanıtdı. Haqqında danışdığımız son tədqiqatda müəllifin irəli sürdüyü və elmi monoqrafiyanın ənənəvi hüdudları çərçivəsində imkan tapıb araşdırdığı məsələlərdən hər biri özlüyündə ciddi nəzəri problemdir. Meyxananın genezisi ilə bağlı suallar, bunun janr xüsusiyyətlərinin səciyyələndirilməsi və xalqın musiqili – poetik yaradıcılığında yerinin müəyyənləşdirilməsi, poetik nümunələrlə qarşılıqlı əlaqəsi, bəhri – təvil, bayatı, bədihə ilə tutuşdurulması, eləcə də meyxananın üslub əlamətlərinin bəstəkar yaradıcılığında təzahürünün nəzərdən keçirilməsi – tədqiqatın əhatə dairəsinə daxil olan məsələlərdir ki, bunlardan hərəsi ayrıca bir işin mövz usu ola bilər. Bununla belə, müəllifin bütün bu məsələlərin təkcə səthini, «müstəvisi»ni cızıb müəyyən etməklə kifayətlənməyərək, irəli sürdüyü problemlərdən hər birinə qarşı özünün müəyyənləşmiş, möhkəmlənmiş mövqeyini nümayiş etdirməsi onun bu mövzu ətrafında çoxdan düşünüb daşındığını və seçdiyi araşdırma obyekti barədə artıq yetkin bir nəzəri konsepsiyaya malik olduğunu göstərir. Odur ki, yeni, işlənilməmiş mövzuya həsr olunmasına baxmayaraq, bu işdə müəllifin fərziyyə və mülahizələrindən daha çox, xülasə səciyyəli fikirlərinin verildiyini, yəni «suallar» ın deyil, məhz «cavab»ların üstünlük təşkil etdiyini görürük.

       Tədqiqatın mərkəzində duran meyxana janrının özü xalq yaradıcılığının spesifik bir musiqili – poetik nümunəsi olduğuna görə, bunun təhlili üçün istifadə edilən üsullar da orijinallığı ilə seçilir. Janrın özünəməxsusluğu ilə əlaqədar, meyxananın ritmik cəhətinin səciyyələndirilməsinə, burada yambla xoreyin uzlaşdırılmasına, eləcə də zərb müşayiətinin məhz musiqi metri olması fikrinin əsaslandırılmasına xüsusi diqqət yetirilir. Özünəməxsus yanaşma tələb edən meyxananın xalq yaradıcılığında və bəstəkar musiqisində rast gəlinən nümunələrinin təhlili müəllifin seçdiyi konkret aspektdə aparıldığından, nəinki alimlərimiz tərəfindən indiyədək müfəssəl araşdırılmamış bəstəkar əsərləri (V.Adıgözəlovun «Qəm karvanı» oratoriyası, R.Həsənovanın «Meyxanasayağı» əsəri və s.), hətta musiqişünaslıqda dəfələrlə nəzərdən keçirilmiş nümunələrə aid maraqlı fikirlərin şahidi olur və bunlar barədə yeni təsəvvür əldə edirik. Belə ki, Ü.Hacıbəyovun «Koroğlu» operasından, S.Rüstəmovun «Durna» musiqili komediyasından ayrı-ayrı n ömrələrin, A.Əlizadənin Üçüncü simfoniyasının təhlili həmin əsərlərin üslub xüsusiyyətlərinin yeni cəhətlərini açmağa kömək edir. Nəzərdən keçirilən problemlərin əhatə dairəsinin geniş olmasına baxmayaraq, tədqiqatda nə «icmal» xüsusiyyətlərinə, nə ortaya atılıb qalmış mülahizələrə, nə fikir pərakəndəliyinə rast gəlinmir. Bu, tədqiqatın müəllif qayəsini məntiqi surətdə oxucuya çatdıran «dramaturgiyaya» malik olmasını, bitkinliyini göstərir. Nəhayət, işin ən qiymətli cəhətlərindən biri kimi müəllifin öz fikrini sadə və rəvan dillə ifadə etmək bacarığını qeyd etməliyik. Monoqrafiyada toxunulan ən mürəkkəb, xüsusi peşəkar hazırlığı tələb edən məsələlər belə çox aydın və anlaşıqlı tərzdə açıqlandığına görə, zənnimizcə, bu kitab nəşrdə qeyd edildiyi kimi, təkcə peşəkarlar üçün deyil, Azərbaycan ədəbiyyatı və musiqisi ilə maraqlanan hər kəs üçün maraqlı ola bilər.









Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70