Bu gün musiqişünaslıq elminin nailiyyətlərindən danışarkən, biz görkəmli alim-musiqişünas, filosof, fəlsəfə elmləri doktoru, professor Babək Qurbanovun adını ön sıralarda çəkməliyik. Onun bir çox əsərlərindən xarici ölkələrdə dərslik kimi istifadə olunur.
Babək Qurbanov elmi əsərlərində tanınmış alimlərin – A.N.Soxorun və V.V.Vanslovun ənənələrini davam etdirir.
B.Qurbanov Azərbaycanda ilk dəfə Azərbaycanda musiqi elmini estetika, sosiologiya ilə sıx uzlaşdırmışdır və bu sahədə onlarla yüksək professional səviyyədə monoqrafiyalar, elmi məqalələr yazmışdır.
B.Qurbanov bir neçə ölkədə, o cümlədən Moskva, Sankt-Peterburq, Kiyev, Daşkənd, Tallin, Vilnyus, Tiflis, Varna, Stokholm və Türkiyənin bütün şəhərlərində bir çox elmi-nəzəri konfranslarda, simpoziumlarda uğurla çıxış etmiş və həmin ölkələrdə namizədlik və doktorluq üzrə müdafiələrdə opponent olmuşdur. O, hal-hazırda Türkiyənin Ərzurum şəhərində Atatürk Universitetində professor vəzifəsində çalışır.
O, aşağıdakı kitabların müəllifidir: «Mənəvi saflıq dünyası», «Estetikaya səyahət», «Kütləvi mədəniyyətin tənqidi», «Incəsənətin sosial fəallığı», «Musiqi-estetik tərbiyənin problemləri», «Azərbaycan incəsənətinin bədii-estetik problemləri», «Azərbaycan incəsənəti xaricdə», «Proqramlı musiqinin estetik problemləri», «Televiziya teatrı» və s.
Xüsusi qeyd etmək lazımdır ki, B.Qurbanov tanınmış alim A.Zisinin «Estetikada konfrantasiyalar» adlı fundamental monoqrafiyasını dilimizə tərcümə etmişdir.
Alimin Azərbaycan, rus, türk dillərində müxtəlif ölkələrdə işıq üzü görmüş kitablarında müəllifin 190-dan artıq elmi-tədqiqat məqalələri toplanmışdır.
Bu yaxınlarda Babək müəllimin iki sanballı kitabı Bakıda nəşr edilmişdir. Birinci kitab «Musiqinin bədii-estetik məsələləri» adlı fundamental kitabdır1.
Musiqisevərlər, müəllimlər, sənətşünaslar, estetiklər üçün nəzərdə tutulmuş bu kitabda müəllif musiqişünaslıq elminin aktual problemlərini araşdırır.
Istedadlı alim-tədqiqatçı kitabda böyük və vacib problemləri irəli sürmüşdür: Musiqinin tarixi və nəzəriestetik məsələləri; Qarşılıqlı əlaqə; Azərbaycan musiqisinin inkişaf meylləri; Musiqi folklorşünaslığımızın aktual məsələləri; Musiqişünaslığımız bu gün; Sənətkar və yaradıcılıq prosesinin estetik mahiyyəti kimi hər bir böyük problem özlüyündə geniş və ətraflı təhlil olunur. Bu baxımdan, kitabın müəllifi hər problemi bir fəsil kimi götürərək, onu bir neçə paraqraflara bölür və diqqətlə, yüksək elmi səviyyədə araşdırır.
Biz xüsusi olaraq, «Qarşılıqlı əlaqə» fəslini qeyd etməliyik. Musiqişünaslıq elmində Ilk dəfə olaraq aşağıdakı məsələlər tədqiqat obyektinə çevrilir: intonasiya və musiqi dili, səs və söz, musiqi ilə ədəbiyyatın qarşılıqlı əlaqəsi, xalq mahnılarında musiqi ilə poeziyanın qarşılıqlı əlaqəsi, musiqi proqramlığı və musiqi janrlarının estetik təbiəti, musiqidə təbiət.
Intonasiya və musiqi dili bölməsində Babək müəllimin fikirləri olduqca diqqətəlayiqdir. O yazır: «Danışıq intonasiyasının təsvirçilik imkanları gündəlik danışığımıza keçməklə yanaşı, ədəbiyyat və digər incəsənət növlərinə də keçə bilir. Xüsusilə bədii qiraətdə onun rolu daha çox aşkar olunur» 2.<.
Onu da qeyd etməliyik ki, B.Qurbanov bu kitabda böyük sənətkarlarımız haqqında maraqlı oçerklər, yaradıcılıq portretlər dərc etmişdir. Üzeyir Hacıbəyov, Niyazi, Qara Qarayev, Səməd Vurğun, Zülfüqar Hacıbəyov, Səid Rüstəmov və digərləri haqqında gözəl məqalələr diqqəti cəlb edir.
B.Qurbanovun ikinci kitabı da olduqca maraqlı və elmi baxımdan yüksək səviyyəlidir: «Azərbaycan incəsənəti: təriflər, təhriflər» 3.
Bu monoqrafiyada Şərq xalqlarının mənəvi mədəniyyətini tədqiq edən Avropa mədəniyyət nəzəriyyəçiləri, sosioloqları, musiqişünas alimlərinin fikirləri, ideyaları, baxışları konkret məqalələr, kitablar əsasında, müasir şəraiti nəzərə alınaraq təhlil edilir.
B.Qurbanov mədəniyyət və incəsənətimizdə millilik və beynəlmiləlçilik məsələlərini təhlil obyektinə çevilir. Maraqlıdır ki, yeni kitabda araşdırılan problemlərin çoxu fəlsəfədə, xüsusi ilə estetika ədəbiyyatında ilk dəfə öz təcəssümünü, elmi təhlilini tapır.
B.Qurbanovun bütün kitabları səmimi, aydın və gözəl ədəbi dildə yazılmışdır. Rəngarəng, ifadəli, obrazlı müqayisələr alimin yazı üslubuna xüsusi emosionallıq, ahənglik və gözəllik bəxş edir.
Alimin yüksək ideya-məzmununa malik yaradıcılığı, bədii estetik prinsipləri müasir musiqişünaslıq elminin tələbləri səviyyəsində tədqiq edən əsərləri bizim hamımız üçün böyük və qiymətli hədiyyədir.
Professor B.Qurbanovun yeni əsərlərinin çapdan çıxmasını arzulayırıq və əminik ki, bu görkəmli alim həmişə oxucularını yeni-yeni nəşrlərlə sevindirəcək. Musiqi mədəniyyətimizin beynəlxalq miqyasda tanınmasında B.Qurbanovun çox böyük rolu və misilsiz xidmətləri var. Bu çətin və şərəfli yolda biz ona uğurlar diləyirik.
ƏDƏBIYYAT
1.Qurbanov B.O. Musiqinin bədii-estetik məsələləri. Bakı, Ağrıdağ, 2000, 376 s.
2.Qeyd olunmuş nəşr, s. 99
3.Qurbanov B.O. Azərbaycan incəsənəti: təriflər, təhriflər. Bakı, Araz, 2001, 192 s.
p align>
|