AZƏRBAYCANDA INTELLEKTUAL
MÜLKIYYƏT HÜQUQLARININ
TƏMINATI MƏSƏLƏLƏRI

Kamran IMANOV,
Natiq ISAYEV
 

       Respublikamız öz müstəqilliyini bərpa edəndən sonra əqli mülkiyyət sahəsinin dinamik inkişafının təmin edilməsi və əqli mülkiyyətlə bağlı münasibətlərin sivil qaydada, ilk növbədə hüquqi baza əsasında tənzimlənməsi sahəsin-də böyük işlər görülmüş, yaradıcılıq əməyi-nin nəticələrindən istifadənin tamamilə hüquqi müstəviyə keçirilməsi istiqamətində nəzərəça-rpacaq addımlar atılmışdır. Azərbaycan Res-publikası Konstitusiyasının 30-cu maddəsində öz əksini tapmış aşağıdakı müddəanı xüsusi qeyd etməyə ehtiyac vardır:

       “Hər kəsin əqli mülkiyyət hüququ vardır. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur.” Bu norma yaradıcılıq müstəqilliyini təmin etməklə təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliy-yətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış obyektiv formada mövcud olan bütün elm, ədəbiyyat və incəsənət əsərlərinin qorunmasına hüquqi baza yaradır və obyektiv formada olan hər hansı yaradıcılıq nəticəsini qorumaqla yaradıcı şəxslərə mövzu, janr və forma seçimində tam azadlıq, müstəqillik imkanı verir.

       8 oktyabr 1996-cı il tarixdən qüvvəyə minən “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında“ Azərbaycan Respublikası Qanunu (bundan sonra Qanun) bütövlükdə müəllif hüquqlarının qorunması və idarə edilməsi sisteminə əhəmiyyətli yeniliklər gətirməklə bərabər, pozulmuş müəllif hüquqlarının mü-dafiəsi üzrə məhkəmə işlərinə baxılması məsələlərinə də prinsipial dəyişikliklər etmişdir. Bu Qanun mütəxəssislərin və beynəlxalq ekspertlərin fikrinə görə, elm, ədəbiyyat və incəsənət əsərlərinin demokratik cəmiyyətlər üçün ümumqəbul edilmiş yüksək qorunma səviyyəsinin bütün tələblərinə cavab verir. Qanunun tətbiqi ilə bağlı Azərbaycan Respub-likası Prezidentinin 8 oktyabr 1996-cı il tarixli Fərmanı, həmçinin yeni qəbul olunmuş Azərbaycan Respulikası Mülki Məcəlləsinə, Mülki Prosessual Məcəlləsinə, Cinayət Məcəlləsinə və bir sıra digər qanunvericilik aktlarına müəllif hüququ və əlaqəli hüquqlar üzrə dünya stan-dartlarına uyğun olan müddəaların daxil edilməsi də intellektual mülkiyy ət hüquqlarına Azər-bay-can dövlətində yüksək qiymət verilməsinin təzahürlərindəndir.

       Əqli yaradıcılıq məhsulları və onlardan istifadə ilə bağlı münasibətlər, mülki qanun-vericiliyin prinsiplərinə əsasən, fiziki və hüquqi şəxslərin mülki hüquqlar və vəzifələr doğuran hərəkətləri nəticəsində əmələ gəlir və təbii ki, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq və vəzifələr, onların müdafiəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 2-ci fəslində göstərilmişdir.

       Qanunun 47-ci maddəsinə əsasən, bu Qanunla nəzərdə tutulan müəlliflik hüququ və əlaqəli hüquqların pozulmasına görə Azərbay-can Respublikası qanunvericiliyinə uyğun mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur.

       Bu məqalədə «Intelektual mülkiyyət hüquqları» anlayışı altında müəlliflik hüququ və əlaqəli hüquqlar nəzərdə tutulmuşdur. «Hüquqların tə’minatı» dedikdə, qanunla qorunan hüquqlara əməl edilməsini tə’min edən müddəalar, «hüquqların müdafiəsi» kimi isə, pozulduğu, yaxud mübahisə obyektinə çevrildiyi hallarda müəlliflik hüququ və əlaqəli hüquqların tanınmasına yönəldilmiş tədbirlərin məcmusu başa düşülür. Intellektual mülkiyyət hüquqlarının tə’minatı və müdafiəsi ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyası, «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Azərbaycan Respublikası Qanunu və müəlliflik hüququ və əlaqəli hüquqlarla bağlı müddəalar daxil edilmiş digər qanunvericilik aktları ilə tənzimlənir.

       Bu materiala əlavə etdiyimiz 1-ci cədvəldə müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində milli qanunvericiliyin və normativ-hüquqi aktların ümumi mənzərəsi, həmçinin Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq sazişlərin siyahısı əks etdirilmişdir. Buradaca qeyd etmək yerinə düşər ki, Qanunun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə müəyyən edilmiş qaydalar bu Qanunla müəyyən edilmiş qaydalardan fərqli olduqda beynəlxalq müqavilənin qaydaları tətbiq edilir.

       Mövcud qanunvericilik bazasına əsasən, intellektual mülkiyyət hüquqlarının tə’min edilməsi məsələlərinə baxarkən, hər şeydən öncə qeyd etmək lazımdır ki, biliklərin bir sahəsi kimi intellektual mülkiyyət fövqəladə dərəcədə çoxcəhətlidir. Mahiyyətcə bu elə fəaliyyət dairəsidir ki, orada tamamilə müxtəlif planlı başlanğıclar birləşmişdir: onun mahiyyəti menecer, texniki, hətta kulturoloji, forması – həmişə hüquqi, təyinatı isə – iqtisadidir.

       Ən geniş mə‘nada intellektual mülkiyyət (müəlliflik hüququ və əlaqəli hüquqlar) elmi, ədəbi və bədii sahələrdə intelektual fəaliyyətin nəticələrinə olan qanunla təmin edilən hüquqlar sistemidir.

       Intellektual mülkiyyət hüquqları təbiətinə görə müstəsna hüquqlardır. Mütəxəssislərin fikrincə, intellektual mülkiyyət haqqında hər hansı qanunun vacib hissələrindən biri bu qanunla intellektual mülkiyyətə verilən hüquqlara əməl edilməsinin tə“minatına yönəldilmiş müddəalar sayılır. Müasir dünyada texnologiyaların və elmi-texniki yeniliklərin nəhəng artımı şəraitində hüquqların tə“minatı üzrə bu cür normalar getdikcə daha böyük rol oynayır. Əlbəttə, burada söhbət təkcə təqdim olunan müəllif-hüquq qorunmasının yüksək səviyyəsindən yox, eyni zamanda əsərlərdən hüquqların pozulması ilə mümkün istifadənin təsəvvürə gəlməyən həcmi səbəbindən hüquqların pozulmasına qarşı adekvat qanunvericilik və idarəçilik reaksiyasından gedir. Bir sözlə, hər hansı ən mükəmməl intellektual mülkiyyət sistemində müəlliflik və əlaqəli hüquqların sahibləri üçün hüquq pozuntularının aradan qaldırılması və dəymiş zərərin kompensasiya edilməsi, hüquq pozucularına qarşı müəyyən tədbirlərin görülmə si, həmçinin kontrafaksiya məsələləri üzrə dövlət orqanlarına apelyasiya üçün onların hüquqlarının müdafiəsi tə“minatının məqbul imkanı yoxdursa, o, qeyri mükəmməl sistem sayılır.

       Deməli, hüquqların müdafiəsini tə’min edən güclü mülki-hüquqi və cinayət-hüquqi baza ilə möhkəmləndirilmiş, işi çevik və ədalətli formada qurulmuş məhkəmə sistemi olmayan milli sistem, intellektual mülkiyyətin milli institutu öz dəyərini itirir. Aqillərin dediyi kimi, “Ölkənin yaşaması üçün qanunların yaşaması gərəkdir.”

       Intellektual mülkiyyət hüquqlarının pozulması iki istiqamətdə baş verir: özgəsinə məxsus olan intellektual əməyin nəticələrinə müəllifliyin tam, yaxud qismən mənimsənilməsi – plagiat, həmçinin intellektual nəticənin müəllifinin (hüquq sahibinin) icazəsi, yaxud razılığı olmadan istifadəsi – kontrafaksiya. Deməli, intellektual mülkiyyət hüquqlarının tə‘min edilməsi-hüquq pozuntuları zamanı bu hüquqların müdafiəsinin qanunvericiliyə uyğun şəkildə rəsmiləşdirilməsi, həmçinin müəlliflik hüququ və əlaqəli hüquqların müdafiəsi və cəza tətbiq edilməsi mexanizmini göstərən proseduraların tə‘min edilməsi deməkdir.

       2-ci cədvəl müdafiənin predmeti, subyektləri, forma və növləri də daxil olmaqla, müəlliflik hüququ və əlaqəli hüquqların müdafiəsi üzrə ümumi müddəaları, müəllif–hüquq pozuntularının və tətbiq olunan sanksiyaların ümumi xarakterini əks etdirir. Qeyd etmək maraqlıdır ki, müdafiənin predmeti nəinki subyektiv hüquqlar, həm də qanunla qorunan maraqlar ola bilər. Bu anlayışların yaxınlığına baxmayaraq (hər hansı müəllif hüququnun əsasında maraq vardır), bu anlayışlar həm də fərqlənə bilirlər, yə‘ni müəllif hüquqlarının subyektlərinin maraqları subyektiv hüquqlarla ortaq olmaya da bilər.

       Hüquqların müdafiəsinin subyektləri isə ilk növbədə müəlliflərin özləri, əlaqəli hüquqların sahibləri, onların vərəsələri və digər hüquqi varislər ola bilərlər. Müəllifin sağlığında pozulmuş hüquqların müdafiəsi haqqında tələblə adətən onun özü, yaxud vəkil edilmiş nümayəndəsi çıxış edir. Müəllifin ölümündən sonra onun vərəsələri, müəllif–hüquq orqanları, yaxud başqa səlahiyyətli orqan müəllifin müəllifliyinin pozulmasından, adının düzgün göstərilməməsindən, əsərinin toxunulmazlığından doğan tələblə çıxış edə bilərlər. Müəllifin şəxsi (qeyri-əmlak) hüquqları bölünməz və özgəninkiləşdirilməz olub əmlak hüquqlarının kimə məxsus olmasından asılı olmayaraq müəllifə məxsus olur və əmlak hüquqları başqasına keçdikdə də müəllifdə qalır. Bu hüquqlar vərəsəlik üzrə də keçmir. Müəllifin vərəsələri şəxsi hüquqların qorunmasını ancaq həyata keçirə bilərlər. Yeri gəlmişkən, vərəsələrin bu səlahiyyətləri müddətlə məhdudlaşdırılmır.


       Əmlak hüquqlarına münasibətdə vərəsələrin və hüquqi varislərin özlərinin əmlak maraqlarının müdafiəsi hüquqları vardır. Bununla yanaşı, qeyd etmək lazımdır ki, əmlak hüquqlarının pozulmasına qarşı hərəkətlər həm səlahiyyətli dövlət orqanları, həm də müəlliflərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar tərəfindən də həyata keçirilə bilər.

       Müəllif–hüquq qanunvericiliyinin tələblərini yerinə yetirməyən fiziki və hüquqi şəxslər hüquq pozucuları hesab olunurlar. Əsərin, yaxud fonoqramın hüquqi və fiziki şəxslər tərəfindən qeyri–qanuni istifadəsi: əsərin üzünün köçürülməsi və yayılması, efirə verilməsi və s. müxtəlif qeyri–qanuni hərəkətləri doğurur. Məsələn, hətta istifadəçinin bilmədən kontrafakt məhsuldan efirdə istifadə etməsi müəllif–hüquq pozuntusu kimi təsnif olunur. Şübhəsiz, istifadəçinin kontrafakt məhsuldan istifadə etdiyini bilməməsi onun günahını yüngülləşdirən amil kimi nəzərə alına bilər, lakin bu, müəllif, yaxud əlaqəli hüquqların pozulması faktını və buna qarşı müvafiq tədbir görmək zərurətini dəyişdirmir.

       Qeyd etmək lazımdır ki, müdafiə olunması barədə iddia qaldırılan müəlliflik hüququ, yaxud əlaqəli hüquqlar qanunvericilikdə müəyyən olunmuş qaydaların pozulması ilə əldə edilmişdirsə, itirilmiş sayılır və bu cür iddialara baxılmır.

       Müdafiənin yurisdiksiya formasında hüquqları pozulan şəxs hüquqlarının müdafiəsi üzrə tədbir görülməsi üçün vəkil edilmiş səlahiyyətli orqana, məsələn məhkəməyə, yaxud yuxarı orqana müraciət edir. Bu zaman ümumi müdafiə qaydaları məhkəmə qaydaları ilə əlaqələndirilir, məhkəmə müdafiəsi vasitəsi kimi isə iddia çıxış edir. Həmçinin cavabdehə qarşı maddi - hüquqi tələblər qoyulur. Qeyd etmək lazımdır ki, şəxsi (qeyri əmlak) hüquqların pozulması ilə bağlı iddialara iddia müddəti şamil edilmir, əmlak hüquqları ilə bağlı pozuntular üzrə iddia müddəti isə iddiaçının hüquqlarının pozulması haqqında xəbər tutduğu (xəbər tutmalı olduğu) andan 3 il müddətində müəyyən edilir.

       Hüquqların müdafiəsinin xüsusi forması onların inzibati qaydada müdafiəsidir, yə‘ni zərərçəkən cavabdehin yuxarı orqanına müraciət edir, belə halda müdafiə vasitəsi kimi şikayət çıxış edir.

       Müdafiənin qeyri yurisdik forması da mövcuddur ki, bu zaman vətəndaşlar, yaxud təşkilatlar öz hüquqlarının müdafiəsi üzrə müəyyən qanuni hərəkətləri edə bilirlər. Məsələn, müəlliflik və əlaqəli hüquqları pozulmasına aparan göstərişlərin yerinə yetirilməsindən imtina etmək qaydasında özünü müdafiə vasitəsi belə formalardan ola bilər.

       Müəlliflik və əlaqəli hüquqların müdafiəsinin mülki-hüquqi forması ən vacib forma sayıldığına görə, 3-cü cədvəldə hüquqların müdafiəsinin bu formasının xüsusi təsnifatı verilmişdir. Bu cədvəl bütövlükdə özündə müdafiə üsullarının ümumi mülki-hüquqi növlərini, həmçinin müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Qanunun 45-ci maddəsi ilə nəzərdə tutulan müdafiə vasitələrini birləşdirir. Bununla yanaşı, həmin cədvəldə müəlliflik və əlaqəli hüquqların pozulması üzrə iddiaların tə‘min olunması üzrə tədbirlər əks etdirilmişdir.

       Cədvəldən göründüyü kimi, mülki hüquqların məhkəmə müdafiəsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) müəyyənləşdirdiyi iş aidiyyatına uyğun olaraq ümumi yurisdiksiya məhkəmələri və iqtisadi məhkəmələr həyata keçirirlər.

       MPM-nin 4-cü maddəsinin 4.1. bəndinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarının qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

       Mülki Məcəllənin 17-ci maddəsinə uyğun olaraq, “Bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqları, təşkilatlar, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət etməli və onların müdafiəsinə kömək göstərməyə borcludurlar.

       Mülki-hüquqi müdafiə üsulları iki qrupa bölünür: ümumi mülki-hüquqi müdafiə üsulları və bilavasitə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunda nəzərdə tutulanlar. Birinci qrupda nəzərdə tutulan üsullar öz təbiətinə görə birtipli deyildir, buna görə də onları müdafiə və məs`uliyyət tədbirlərinə bölmək olur. Məs`uliyyət tədbirlərinin əsas xüsusiyyəti ondadır ki, onları ancaq hüquq pozucularına qarşı tətbiq etmək olar və onların hüquq pozmasının dərəcəsi əlavə iş və öhdəliklər şəklində rəsmiləşdirilir. Məsələn, vurulmuş zərərin əvəzinin ödənilməsi, qeyri qanuni əldə edilmiş gəlirin tutulması, kompensasiya verilməsi, həmçinin mə`nəvi zərərə görə kompensasiya ödənilməsi məs`uliyyət tədbiri kimi tanınır.

       Iddiaların tə‘minatı üzrə bütün xüsusi tədbirlər isə (əmlaka həbs qoymaq, əsərin kontrafakt güman edilən nüsxələrinin götürülməsi) müəlliflərin və əlaqəli hüquq sahiblərinin maraqlarının müdafiəsinin əlavə tə‘minatlarıdır. Burada qeyd etmək yerinə düşər ki, əsərlərin kontrafakt nüsxələri müsadirə edilərkən, iki cəhətin nəzərə alınması vacibdir. Birincisi, kontrafakt nüsxələrdə istifadəsinə icazə alınmış əsərlərin ola bilməsi halı da mümkündür. Məsələn, tutaq ki, kompakt kassetdə yazılmış əsərlərdən yalnız biri müəllif hüquqularının pozulması ilə, qalanları isə qanuni əsasda buraxılmışdır. Belə halda bütün tirajın müsadirə edilməsi əlbəttə, qeyri normal hal olardı. Ikincisi, pozucunun ümumi əmlak məs‘uliyyəti və zərərçəkənə dəymiş zərərin əvəzinə kompensasiya ödənilməsi Qanunun 45-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, müəlliflik hüququ və əlaqəli hüquqlarla əlaqədar mübahisələrə baxılarkən mülki-hüquqi müdafiənin artıq qeyd etdiyimiz ümumi vasitələrindən başqa, iddiaçının tələbi ilə ə mlak xarakterli iki müxtəlif tədbirin görülməsi də mümkündür: 1. Zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququ və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması; 2. Zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə minimum əmək haqqının 100 mislindən 50 min mislinədək məbləğdə kompensasiya ödənilməsi.

       Qeyd edilməlidir ki, göstərilən tədbirlər yalnız ayrı-ayrılıqda tətbiq edilə bilər. Bu və ya digər tədbirin seçilməsi isə müəllifin hüququdur.

       Dəymiş zərərin əvəzinə hüquq pozucusunun əldə etdiyi gəlirin tutulması mülki hüququn praktikada yaxşı mə‘lum olan adi tədbiridir. Zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə minimum əmək haqqının 100 mislindən 50 min mislinədək məbləğdə kompensasiya ödənilməsi tədbiri isə müəllif-hüquq qanunvericiliyi və məhkəmə praktikası üçün yenidir. Müəllif hüquqlarının pozucusu üçün nəzərdə tutulan həmin məs‘uliyyət tədbirləri mülki-hüquqi sanksiyalar sırasına aid olduğundan, onlar kompensasiya funksiyasını yerinə yetirir, yə‘ni vurulmuş zərərin ödənilməsini tə‘min edir. Qəbul edilən məhkəmə qərarının məqsədi isə təbii ki, belə vəziyyətdə hüquq pozucusunun cəzalandırılmasına yox, daha çox müəllif hüquqlarının sahibinin öz hüquqlarını sübut etməsinə və ona vurulmuş zərərin əvəzinə kompensasiya almasına xidmət edir. Deməli, həmin tədbirlərə hüquq sahibinə dəymiş zərərin ekvivalenti kimi baxılır.

       Pozulmuş müəlliflik hüququ və əlaqəli hüquqların bərpa edilmə proseduraları mövcud qanunvericilikdə nəzərdə tutulan aşağıdakı ümumi qaydalarla həyata keçirilir. Qanunun 44, 45 və 46-cı maddələrinə əsasən, müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri, habelə səlahiyyətli dövlət orqanları və həmin hüquqları kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər. Müəlliflik hüququ və əlaqəli hüquqların sahibləri pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət edə bilərlər. Bu zaman pozulmuş müəlliflik hüququnun və əlaqəli hüquqların bərpasının təminatı üçün səlahiyyətli vəzifəli şəxslər və orqanlar müdafiəsini Azərbaycan Respublikasının mülki-prosessual və cinayət-prosessual məcəllələrinə və digər qanunvericilik aktlarına uyğun lazımi tədbirləri görməlidirlər.

       Mülki Məcəllənin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.

       Mülki-Prosessual Məcəlləsinin 157-ci maddəsinə əsasən, hakim işdə itirak edən iddiaçı şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün haqqında hüquq pozucusu olması barədə kifayət qədər dəlillər olan şəxsə qarşı müvəqqəti tədbirlər görə bilər. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə idianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan həll etmir.

       MPM-nin 158-ci maddəsinə uyğun olaraq, iddianı təmin etmək üçün aşağıdakı tədbirlər görülə bilər:

       158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq.


       158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək.

       158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək.

       158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq.

       158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq.

       158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq.

       158.2. Məhkəmə zəruri hallarda iddianı təmin etmək məqsədi ilə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. Məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər.

       Qeyd etmək lazımdır ki, həmin maddənin 158.6-cı bəndinə əsasən, «Iddiaçı təmin edilməsi barədə qərarların icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsini həmin şəxslərdən məhkəmə qaydasında tələb etməyə haqlıdır».

       Müəlliflik hüququ və əlaqəli hüquqlarla əlaqədar mübahisələrə baxılarkən praktikada daha çox mülki-hüquqi müdafiənin ümumi vasitələrindən (mülki hüquqların tanınması, hüquqların pozulmasınadək mövcud olan vəziyyətin bərpa edilməsi və hüquqları pozan hərəkətlərin qarşısının alınması, zərərin əvəzinin ödənilməsi və s. - Mülki Məcəllənin 18, 21 və s. maddələri) istifadə olunması mümkündür.

       MM-nin 21-ci maddəsinə əsasən, «Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin ödənilməsi nəzərdə tutulmasın».

       Zərər dedikdə hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (MM-nin 21 maddəsinin 21.2-ci bəndi). Əgər hüququ pozmuş şəxs bunun nəticəsində gəlir əldə etmişdirsə, hüququ pozulmuş şəxs digər zərərlə yanaşı, əldən çıxmış faydanın da ödənilməsini tələb edə bilər (MM-nin 21 maddəsinin 21.3-cü bəndi).

       Burada qeyd etmək vacibdir ki, keçmiş sovet qanunvericiliyi müəllif qonorarının məcburi stavkalarını müəyyən etdiyindən tərəflər qonorarın məbləğini hökumətin qonorar qərarları ilə müəyyən edilmiş maksimum miqdarlardan artıq göstərə bilmirdilər. Bu qayda hakimlərə yaxşı mə‘lum olduğundan onlar məhkəmə işlərində daha çox qonorarın aşağı və yuxarı hədlərinə nə dərəcədə əməl olunması məsələsinə diqqət yetirir və qərar qəbul edərkən bu faktı əsas götürürdülər. Yeni Qanuna müəllif qonorarının ancaq minimum miqdarlarının müəyyən edilməsi haqqında müddəanın daxil edilməsi ilə (40-cı maddə) keçmişdə mövcud olan maksimum miqdarlar avtomatik olaraq ləğv olunmuş və qonorarın konkret məbləğinin müəyyən edilməsi məsələsi müəllif (və ya hüquq sahibi) və istifadəçinin ixtiyarına buraxılmışdır. Bununla birlikdə, qeyd etmək lazımdır ki, iqtisadi cəhətdən daha zəif tərəf olan müəllifin maraqlarının müdafiə olunması zərurətini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti 2 may 1997-ci il tarixli 38¹-li Qərarı nda əsərlərin bəzi istifadə üsullarına görə qonorarların minimum miqdarlarını müəyyən etmişdir.

       Qanunun 28-ci maddəsinə əsasən, əsərdən istifadə ilə bağlı müəyyən hüquqlar müəllif müqavilələri üzrə verilir və vərəsəlik qaydasında keçir. Lakin qeyd etmək vacibdir ki, burada söhbət ancaq müəllifin əmlak hüquqlarının keçməsindən gedir. Əsərlərdən istifadə ilə bağlı münasibətlərin daha çox ikitərəfli müqavilələrlə tənzimləndiyini nəzərə alaraq, bu cür müqavilələrin bağlanması, öhdəliklərin müəyyən edilməsi, pozulduğu hallarda qanunla nəzərdə tutulan tədbirlərdən istifadə etmək praktikası barədə danışmaq yerinə düşərdi. Qanunun 31-ci maddəsinə əsasən, müəllif müqaviləsində aşağıdakılar müəyyən edilə bilər: əsərdən istifadə üsulları, hüquqların verildiyi müddət və ərazi, qonorarın məbləğlərinin və (və ya) əsərdən istifadənin hər növünə görə qonorarın məbləğlərinin müəyyən edilməsi qaydaları; ödəniş qaydaları və müddəti, həmçinin tərəflərin mühüm hesab etdikləri digər şərtlər.

       Müəllif müqaviləsi üzrə verilən hüquqlar, müqavilədə başqa hal nəzərdə tutulmadıqda, qeyri-müstəsna hüquqlar olur. Yeni Qanun keçmiş qanunvericilikdən fərqli olaraq, müəllif müqaviləsinin ancaq yazılı formasını məqbul sayır. Müəllif müqaviləsinin nümunəvi forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 may 1997-ci il tarixli 38¹-li Qərarı ilə müəyyən edilmişdir.

       Tərəflər müqavilə şərtlərini təsdiqləyəndən sonra həmin şərtlər ancaq qarşılıqlı razılıq əsasında dəyişdirilə bilər. Buna görə də müqavilə bağlanandan sonra müəllif qonorarının müqavilədə göstərilmiş ölçülərinin bir tərəfin tələbi ilə birtərəfli qaydada dəyişdirilməsi qanuni sayıla və yerinə yetirilə bilməz. Qeyd etmək vacibdir ki, bu şərt yalnız müqavilə ilə müəyyən olunmuş qonorar məbləğinin vaxtında ödənildiyi hala aiddir.

       Lakin qeyd etmək lazımdır ki,müqavilə ilə nəzərdə tutulan qonorar məbləğinin ödənilmə vaxtının ötürüldüyü hallara da praktikada daha tez-tez rast gəlinır. Əgər hər hansı istifadə üsuluna görə qonorar almaq hüququ müqavilə əsasında yaranmışdırsa və ödəniş faktiki olaraq müqavilə ilə nəzərdə tutulan müddətdə icra edilməmişdirsə, Mülki Məcəllənin 443.5-ci maddəsinə əsasən, kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu bu müddətdə də öhdəliyini icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə vaxtın ötürülməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.

        Mülki Məcəllənin müvafiq maddələrinə uyğun olaraq, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məs‘uliyyət qoyulmadığı halda bu qayda qüvvədə olmur. Əgər Mülki Məcəllədə və ya tərəflər arasında bağlanmış müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, dəymiş zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır.

       Iddiaçı hüquqlarının pozulması nəticəsində əldən çıxmış faydanın ödənilməsi tələbini məhkəmədə qoya bilər. Mülki Məcəllənin 443.4-cü maddəsinə əsasən, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınmalıdır.

       Həmin normalardan hər hansı birinin tətbiq olunması mahiyyətcə o deməkdir ki, ödəniş vaxtı keçmiş məbləğdən əlavə, zərərçəkənin həmin müddət ərzində itirdiyi qazanc da tutulmalıdır. Onun üsullarının müxtəlifliyinə baxmayaraq, bütün hallarda ödəniş yalnız vaxtı ötmüş müddətə görə və məbləğə münasibətdə aparılmalıdır.

       Mülki Məcəllənin 447.1-ci maddəsində göstərilir ki, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün tə‘yin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.

       Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Lakin nəzərə almaq lazımdır ki, müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışdırsa, bu qayda tətbiq edilə bilməz. Borclu öhdəliyin pozulmasına görə o şərtlə məs‘uliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala, yaxud bu halda onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyinin mümkün olmadığını sübuta yetirsin.

       Borclu öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi üçün, əgər bu Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, təqsiri olduqda məs‘uliyyət daşıyır. Lakin borclu öhdəliyin lazımınca icrası üçün ondan asılı olan bütün tədbirləri gördüyünü sübuta yetirərsə, təqsirsiz sayılır.


       Bəzi hallarda müəllif hüququ ilə bağlı məhkəmə işlərində vurulmuş mə‘nəvi zərərə görə kompensasiya ödənilməsi tələbi də qoyula bilər. Müəllif hüququ sahəsində mə‘nəvi ziyan vurulması özünü əsasən müəllifin şəxsi hüquqlarının (14-cü maddə) pozulması şəklində göstərə bilər. Bu cür hüquq pozuntusunun yaranmasının tipik səbəbləri aşağıdakılar ola bilər: əsərdən özgə ad altında istifadə olunması (plagiat); əsərin məzmununun dəyişilməsi, təhrif olunması və ya hər hansı digər formada yenidən işlənməsi; müəllifin adının göstərilməməsi, yaxud onun təxəllüsünün açılması; həmçinin müəllifin şərəf və ləyaqətinə xələl gətirən hər hansı digər hərəkətlərin edilməsi.

       Şəxsi hüquqların pozulması ilə bağlı məhkəmə işlərinə baxılarkən mə‘nəvi zərərin əvəzinin ödənilməsinin müqavilədənkənar öhdəliklər sırasına aid olduğu və müəllif müqaviləsi ilə müəyyən edilmədiyi nəzərə alınmalıdır. Əgər əsərin nəşri barədə bağlamış müqavilə müddətində əsər çapdan çıxmamışdırsa, belə halda müəllif ona vurulmuş mə‘nəvi zərərin əvəzinə kompensasiya ödənilməsini yox, müqavilə ilə müəyyən olunmuş qonorar məbləğinin ödənilməsini tələb edə bilər. Qanunvericilik əsaslı səbəb olmadan müqavilə öhdəliklərindən birtərəfli qaydada imtina etməyə yol vermədiyinə görə, vurulmuş zərərin əvəzinə ödəniləcək kompensasiya müəyyən edilərkən hüquqları pozan şəxsin günahının az və ya çox olması, həmçinin onun sonrakı hərəkəti də nəzərə alına bilər.

       Yuxarıda göstərilən müəlliflik hüququ və əlaqəli hüquqların bərpa edilmə proseduraları Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilə iştirakçılarına da şamil edilir.

       Mülki-Prosessual Məcəlləsinin 439-cu maddəsinə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların pozulmuş və ya mübahisə edilən hüquq və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır və Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxsləri ilə bərabər prosessual hüquqlardan istifadə edir və prosessual vəzifələr daşıyırlar.

       Qeyd edilməlidir ki, Mülki-Prosesual Məcəlləsinin 110-cu maddəsinə əsasən məhkəmədə baxılan işlər üzrə: müəlliflik mübahisələri üzrə-müəlliflər, müəlliflik hüququ, ixtiralar, faydalı modellər, sənaye nümunələri, habelə əqli mülkiyyətin digər növlərinə dair hüquqlardan irəli gələn iddialar üzrə-iddiaçılar dövlət rüsümundan azad olunurlar.

       «Dövət rüsumu haqqında» Qanunun 9-cu maddəsinə əsasən, müəlliflik mübahisələri üzrə- müəlliflər, müəlliflik hüququndan irəli gələn iddialar üzrə- iddiaçılar dövlət rüsümundan azad olunurlar.

       Mülki-Prosessual Məcəlləsinin 108-ci maddəsinin 108.2-ci bəndinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları və miqdarı qanuna müvafiq olaraq müəyyən edilir. Həmin məcəllənin 124-cü maddəsinin 124.1-ci bəndinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin tə‘min edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

       4-cü cədvəl özündə cinayət və inzibati məs‘uliyyətin, cinayətin müəyyən əlamətlərinin və tətbiq olunan sanksiyaların təsnifatını əks etdirir. Göstərmək lazımdır ki, müəlliflik hüququnun obyektlərindən qeyri qanuni istifadə, həmçinin müəllifliyin mənimsənilməsi ilə böyük məbləğdə zərər vurulması cinayətin tərkibini təşkil edir.

       Qeyd olunan məsələni şərh edərkən aşağıdakıları göstərmək vacibdir: Bir halda ki, hüquq–mühafizə orqanları cinayət–hüquqi və inzibati–hüquqi normaları rəhbər tuturlar, onda həmin normaların mülki hüququn normaları ilə nisbətinə baxmaq maraqlı olardı. Fikrimizcə, normaların məcmusunda qarşılıqlı uyğunluq olmalıdır və bu, qanunvericiliyin strukturunun müsbət tərəfidir. Bununla birlikdə, mövcud cinayət, və inzibati-hüquqi sanksiyaların zəifliyi, ilk növbədə onların tətbiq dairəsinin səlis olmamasının qeyd edilməsi vacibdir. Əslində bu qeyri-səlisliyin mənfi tərəfi intellektual sahədəki piratlara özünün müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsindəki bütün qeyri qanuni fəaliyyətini mülki-hüquqi meydana keçirməklə cinayət və inzibati məs‘uliyyətdən qaçmağa imkan verir.

       Artıq qeyd edildiyi kimi, mövcud qanunvericilik müəllif hüququnun və əlaqəli hüquqların pozulmasına görə mülki-hüquqi tədbirlərlə yanaşı, cinayət məsuliyyəti də nəzərdə tutulur.

       Cinayət hərəkətinin obyektləri qanunla qorunan bütün müəllif və əlaqəli hüquqların dairəsi ilə müqayisədə məhduddur. Bu hüquqlardan yalnız müəlliflik hüququ, istifadə hüququ, yəni müəllif və əlaqəli hüquqların sahiblərinə məxsus əmlak xarakterli bütün hüquqlar bu cinayət hərəkətinin obyektləri ola bilərlər. Ad hüququnun, açıqlama hüququnun, şərəf və ləyaqətinə hörmət edilməsi hüququnun pozulması cinayət əməli hesab olunmur.

       Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) 165-ci maddəsi altına düşən cinayət əməli bir və ya bir neçə fəaliyyətdən ibarət ola bilər. Məsələn, a) başqasının əsərini öz adına çıxmaqla müəllifliyi mənimsəmə, b) əsərdən və ya əlaqəli hüquqlar obyektindən qeyri-qanuni istifadə, yəni qeyri-qanuni surətçıxartma, yayma, efirə vermə və s. Bu cür cinayətlər maddi xarakter daşıdığına görə göstərilən əməllərin törədilməsi hələ cinayət tərkibi yaratmaya da bilər. Yalnız bu hərəkətlər nəticəsində xeyli məbləğdə ziyan vurulduğu halda cinayət tərkibi olması fikrini söyləmək olar.

       CM-nin 165-ci maddəsinə əsasən, müəlliflik hüququnu və ya əlaqəli hüquqları pozmağa görə aşağıdakı məsuliyyət tədbirləri nəzərdə tutulmuşdur:

       165.1. Müəlliflik hüququ və ya əlaqəli hüquq obyektlərindən qanunsuz istifadə etmə, yəni özgənin elmi, ədəbi, bədii və ya başqa əsərini öz adı ilə nəşr etdirmə və ya özgənin müəllifliyini başqa cür mənimsəmə, bu cür əsəri qanunsuz olaraq yenidən dərc etmə və ya yayma, habelə şərikli müəllifliyə məcbur etmə, əgər bu əməllər nəticəsində xeyli ziyan vurulmuşsa -minimum əmək haqqı məbləğinin yüz mislindən beş yüz mislinədək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər ilə cəzalandırılır.
       165.2. Eyni əməllər:
       165.2.1 təkrar törədildikdə;
       165.2.1 qabaqcadan əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstə tərəfindən törədildikdə minimum əmək haqqı məbləğinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

       Müəllif hüquqlarının pozulması üzrə cinayət işlərinin qaldırılmasının və məhkəmə qaydasında baxılmasının bir sıra prosessual xüsusiyyətləri vardır. Cinayət işinin qaldırılması üçün zərərçəkən məhkəməyə şikayət etməli və qeyri-qanuni əməllərin kimin tərəfindən və nə vaxt törədildiyi, hüquq pozucusunun cinayət məsuliyyətinə cəlb olunmasını sübut edən konkret hərəkətlər göstərilməlidir. Məhkəmənin zərərçəkənin dəlillərinin az əhəmiyyətli olması səbəbindən diqqətdən kənarda saxlamaq ixtiyarı yoxdur. Bununla belə, zərərçəkənin xahişinə əsasən, cinayət işinin açıqlanmasından imtina prosessual qaydalara uyğun rəsmiləşdirilməlidir. Lakin müəllif hüquqlarının pozulması üzrə mülki işlərdən fərqli olaraq cinayət işləri zərərçəkənin və hüquq pozucusunun barışdığı hallarda xətm edilmir.

       Demək lazımdır ki, prinsipcə biz güclü dövləti cinayət-inzibati məcburiyyətin tərəfdarı deyilik. Lakin elə vəziyyət yaranır ki, bu zaman intellektual mülkiyyət sahəsində hüquq pozuntuları hədsiz miqyas alır və təhlükəli həddə çatır, nəinki təkcə iki subyektin (hüquq pozucusunun və zərər vurulan şəxsin), eyni zamanda əhalinin böyük hissəsinin, dövlətin maraqlarına toxunur. Belə hallarda münasibətlər artıq fərdi hüquq dairəsindən çıxaraq kütləvi hüquq dairəsinə keçir.


       Məsələn, piratların həddən artıq iri məbləğdə gəlir götürmələri, üstəlik həmin məbləğdən vergi ödəməmələri, istehsalçıların birbaşa aldadılması və s. cinayətlər artıq ictimaiyyət üçün kifayət qədər təhlükəli bir vəziyyətə gətirib çıxarır. Üstəlik də, cəzasız qalan hüquq pozucuları müəyyən mənada özlərini qanundan yüksəkdə, cəmiyyətin üstündə hiss edirlər. Digər tərəfdən, kütləvi miqyaslı pirat məhsulunun qeyri leqal yayılmasının qarşısını mülki məhkəmələr çərçivəsində almaq mümkün olmur. Belə vəziyyətdə audio-video yazıların kommersiya dövriyyəsi ilə bağlı yüzlərlə iddialar üzrə cavabdehlərin ola və həmin cavabdehlərin arxasında təşkil olunmuş qruplar dayana bilər. Bir sözlə, söhbət kütləvi və fərdi ittihamların ağlabatan birləşdirilməsindən gedir. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, cinayət-hüquqi tədbirlərin əsas məqsədi təkcə cəzalandırmaq yox, eyni zamanda xəbərdarlıq, cinayətin profilaktikası xarakteri daşımalıdır. Cinayət-hüquqi tədbirlərin tətbiq olunmasının sərhədlərinin dəqiqləşdirilm əsi ilə yanaşı, onlar tətbiq olunarkən pirat məhsulun müsadirə olunması məqsədəuyğundur, həmçinin cərimələrin tətbiqi zamanı onların ölçüləri artırılmalıdır.

       Müəllif hüququ və əlaqəli hüquqların müdafiəsinin xüsusi forması müdafiənin inzibati forması hesab olunur. Inzibati tədbirlərin və sanksiyaların tətbiq olunmasının üstünlüyü onların həyata keçirilməsinin tezliyi və sadəliyi ilə bağlıdır. Istər əvvəllər, istərsə də hazırda bu tədbirlərdən kifayət qədər səmərəli istifadə olunmamasına baxmayaraq, inzibati tədbirlərin və sanksiyaların tətbiqinin böyük əhəmiyyəti vardır.

       Inzibati Xətalar Məcəlləsinin (IXM) 10-cu maddəsinə əsasən, dövlət və ya yerli özününidarəetmə orqanları inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquqi şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayırlar və həyata keçirirlər.

       IXM-nin 23-cü maddəsinə uyğun olaraq, inzibati xətalar törətməyə görə aşağıdagı inzibati tənbeh növləri tətbiq edilə bilər:

       23.1.1. xəbərdarlıq;
       23.1.2. inzibati cərimə;
       23.1.3. inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin ödənişlə alınması;
       23.1.4. inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi;
       23.1.5. inzibati xəta törətmiş fiziki şəxsin ona verilmiş xüsusi hüququnun məhdudlaşdırılması;
       23.1.7. inzibati həbs.
       23.2. Hüquqi şəxslər barəsində bu Məcəllənin 23.1.1 - 23.1.4-cü maddələrində nəzərdə tutulan inzibati tənbeh növləri tətbiq edilir.

       Qeyd edilən inzibati tənbeh növlərindən praktikada daha çox inzibati cərimələrin tətbiq edilməsi hallarına rast gəlinməsi mümkündür. Inzibati Xətalar Məcəlləsinin 50-ci maddəsinə əsasən,

       Müəlliflik hüququnu və əlaqəli hüquqları pozmağa görə, bu, az miqdarda ziyan vur-duqda-minimum əmək haqqı məbləğinin on beş mislindən qırx mislinədək miqdarda cərimə edilir.

       Qeyd: Bu maddədə «az miqdarda ziyan vurduqda» dedikdə, minimum əmək haqqı məbləğinin min mislinədək olan miqdarı başa düşülür.

       Müəlliflik hüququ obyektlərindən qeyri qanuni istifadəyə görə inzibati qaydada cərimə sanksiyası tətbiq etməyə əsas verən digər maddə Inzibati Xətalar Məcəlləsinin 187—ci maddəsidir. Bu maddənin 187.2-ci bəndinə əsasən, teleradio təşkilatlarının icazəsi olmadan onların verilişlərindən (proqramlarından) istifadə etməyə və ya mülkiyyətçidən icazəsiz verilişləri köçürüb çoxaltmağa və satmağa, yaxud kütləvi şəkildə nümayiş etdirməyə görə – vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin yetmiş mislindən doxsan mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin iki yüz əlli mislindən üç yüz mislinədək miqdarda cərimə edilir.

       Lakin eyni zamanda nəzərə almaq lazımdır ki, Inzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, inzibati tənbeh tətbiq edilməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxıla bilər. Vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə mübahisə olduqda inzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi mövcud qanunvericiliklə müəyyən edilmiş digər formalarda həll edilir.

       Bu hissənin sonunda xüsusi qeyd etmək lazımdır ki, hüquqların müdafiəsi üzrə əsas qayğı müəlliflərin, yaxud onların təmsilçisi olan və qanuni hüquq və maraqlarının qorunmasını həyata keçirən səlahiyyətli orqanların (məsələn, Müəllif Hüquqları Agentliyinin) üzərinə düşməli və mülki məhkəmə çərçivəsində həll olunmalıdır. Bu inamı bizdə ilk növbədə cinayət işlərinin nadir hallarda qaldırıldığı Avropa və Amerika hüquq tətbiqetmə praktikası yaratmışdır. Dünyanın heç bir ölkəsində polis, hüquq-mühafizə orqanları hüquqların müdaifəsi işində hüquq sahiblərindən qabaqda getmirlər, təşəbbüs həmişə müəllifdən, yaxud hüquq sahibindən çıxmalıdır.

       Şərh olunanları ümumiləşdirməklə bir daha qeyd edək ki, intellektual mülkiyyət hüquqlarının müdafiəsi işində fərdi və kütləvi ittiham arasında balans olmalı, onların tətbiq dairəsi dəqiq məhdudlaşdırılmalı, lakin müstəsna hüquqlar müdafiə edilərkən əsas iş fərdi hüquq, mülki proses çərçivəsində həyata keçirilməlidir. Bu, fikrimizcə, intellektual mülkiyyət dairəsində hüquqpozmalara dövlət reaksiyasının vahid prosesidir.





Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70