MIRZƏ FƏRƏC
HAQQINDA XƏTIRƏLƏRIM

Ruqiyyə RZAYEVA
 

REDAKSIYADAN

       Azərbycan musiqi tarixinin açılmamış səhifələri yalnız arxivlərdə, mətbuat materiallarında yox, həm də ayrı-ayrı maraqlı insanların, yaşlı nəslin nümayəndələrinin yaddaşında, xatirələrində yaşayır. O yaddaşı oyatmaq, xatirələr «dəftərini» səhifələmək musiqimizə dair neçə-neçə dəyərli faktların aşkarlanmasına səbəb ola bilər. Bu məqsədlə də Ruqiyyə xanım Rzayevanın bütün Şərqdə tanınmış məşhur muğam bilicisi, tarzən Mirzə Fərəc haqqında maraqlı xatirəsini oxuculara təqdim edirik. Bir vacib məqamı da diqqətə çatdırırıq ki, Ruqiyyə xanım Mirzə Fərəcin nəvəsidir və onun öz babası haqqında indiyə qədər maraqlı kitab və məqalələri çap olunub. Bu xatirəsi isə ilk dəfədir bütöv şəkildə çap olunur. Onu redaksiyamıza sənətşünaslıq namizədi, musiqişünas-alim Sənubər Bağırova təqdim etmişdir.



GIRIŞ

       Yurdumuzun başqa dilbər guşələri kimi Abşeron torpağının da bir çox görkəmli musiqiçiləri olmuşdur.
       Bakıda musiqi ənənələri Abşeron torpağının qədim mədəniyyətindən irs qalmışdır.
       Memar Davud Axundov müəyyən etmişdir ki, eramızdan əvvəl VII-V yüzillikdə Bakıda, dəniz kənarında yaxın Şərqdə məşhur olan atəşpərəstlik məbədləri fəaliyyət göstərmişdir. Onlardan ən əzəmətlisi Bakıdakı «Qız qalası»dır. Vaxtilə bu məbədin kəlləsində yerləşmiş yeddi qülləsində yeddi rəng alov yanırmış. Müəllif əsərində göstərir ki, bu Abşeron məbədləri e.ə. IX-VII əsrlərdə Midiya, Xarəzm və Abşeron ustaları tərəfindən tikiləndən sonra Hindistan, Midiya, Babilistan və Xarəzmdən gələn atəşpərəst zəvvarların müqəddəs ibadətgahı olmuşdur.

       Qardaşım Nəsir Rzayevin «Möcüzəli qərinələr» kitabında oxuyuruq (Azərnəşr, 1984, səh. 35): «Ədəbiyyatdan məlumdur ki, Avesta qanunlarına əsasən kahinlər mehrabda yanan müqəddəs odun işığında qurban (nəzir) vermə ayini keçirərkən əllərində müqəddəs baresma çubuqları tutduqları halda, allahın və dünyanın yaradılması haqqında himn, mahnı oxuyurmuşlar.

       Məbədlər təşkil olunan vaxtlarda (e.ə. X-VII əsr) məbəd kahinlərinin – maqların Avesta poemalarının şerlərinə üyğyn şəkildə yaratdıqları melodiyalar və bu məqsədlə yenidən işlədikləri və istifadə etdikləri xalq havaları muğamların ilk, arxaik formalarını təşkil etmişdir. Belə kahinlərin məbəd fəaliyyəti Sasani dövründə də VII əsrə qədər davam etmişdir.

       Atəşpərəstlərin qanunlar külliyyatı olan Avestanın ilk dəfə folklardan yazıya köcürülməsində (e.ə. V əsr), Makedoniyalı Iskəndərin Avestanı yandırandan (e.ə. IV ə. əvvəli) sonra, I-II əsrlərdə, Iranın Pəhləvi padşahlığı vaxtında onun yenidən bərpa edilməsində və nəhayət, Sasani padşahları dövründə Avestanın bərpa və tərcümə edilməsində maqların görkəmli xidmətləri olmuşdur.

       Azərbaycanda atəşpərəstlik məbədlərində kahinlər – maqlar, Avestanın poemalarını və eləcə də yaratdıqları ilk melodiyalarını böyük həvəslə təbliğ etmişlər. Maqların belə poetik musiqi yaradıcılığı atəşpərəstlik məbədlərində, ancaq VII əsrə qədər, ərəblərin hərbi yürüşlərinə qədər davam etdirilə bilərdi.

       Ərəblərin istilası dövründə, yeni musəlman ideologiyasına uyğun gəlməyən atəşpərəstlik məbədləri dağıdılır və atəşpərəstlik ideyalarının təbliği qadağan edilir. Bununla əlaqədar olaraq, vaxtilə öz məbədlərində səslənmiş musiqi əsərləri, yeni şəraitdə, müsəlman dini mərasimlərində, toy və bayramlarda istifadə edilir, dünyəvi xarakter qazanır, dini amillərdən azad olub müstəqilləşir, xalq yaradıcılığına, folklora çevrilir.

       XVII–XVIII əsrlərdə musiqi mədəniyyətmiz inkişaf etdikcə musiqi formaları iriləşir, böyüyür, orta əsrlərdə müstəqil formada olmuş kiçik musiqi formaları, bu dövrdə janr etibarilə birləşdirilərək iri kompozisiyalı muğam dəstgahları yaradılır. Bu inkişaf XIX əsrdə özünün ən yüksək zirvəsinə çatır»1.

       Muğamlar dini-fəlsəfi cərəyanlar ilə bağlı olduğu üçün şəhər mədəniyyətinin ayrılmaz bir hissəsini təşkil etmiş, şəhərlərin inkişafı ilə, ideoloji görüşlərin tərəqqisilə həmahəng qol-budaq atmış, mürəkkəbləşmişdir. Bütün bu mülahizələr imkan verir ki, Marağa, Şiraz, Səmərqənd kimi Bakı şəhərinə də qədim musiqi mərkəzlərindən biri kimi baxaq. Bakı Yaxın Şərqdə musiqi xadimlərini özünə cəlb edən, musiqini ünsiyyət, mədəni əlaqələr vasitəsinə çevirən, kahinlər, dərvişlər, xalq aktyorları, çalğıçılar, xanəndələr, ruhanilər vasitəsilə musiqi mədəniyyətini təbliğ edən, onu digər kənd və şəhərlərimizdə də yayan bir mərkəz olmuşdur.

       Bakıda Mirzə Fərəc, Mansur Mansurov, Həsən Əliyev, Əhməd Bakıxanov kimi ustad tarzənlərin, Nardaranda XIX əsrin sonu – XX əsrin əvvəlində yaşamış Nağdəli, Kəblə Mirzağa, Maştağada Kəblə Hüseyn Hüseynov, Mirhəsən (Güləhmədin babası), sonra da Güləhməd kimi xalqın sevimlisinə çevrilmiş xanəndələrin yetişməsi göstərir ki, bu torpağın çox qədim musiqi tarixi, musiqi mədəniyyəti olmuşdur.

       Indi də Nardaranda və Maştağada muğam həvəsi kütləvi xarakter daşıyır. Bu, nəsildən-nəslə keçərək dövrümüzə qədər gəlib çıxmış böyük bir musiqi mədəniyyətimizin təzahürüdür. Indi Nardaranda fəaliyyət göstərən ədəbi musiqi məclisi o irsi davam etdirir. Onlara bu yaradıcılıq yollarında müvəffəqiyyətlər arzulayaq.

       Bakıda vaxtilə Mansurovlar ailəsində keçən musiqi məclisləri öz yaradıcılıq meylləri etibarilə müstəqil və orijinal bir musiqi məktəbi idi. Bu məktəbin Mirzə Fərəc kimi qüdrətli tarzəni, gözəl zil səsilə dinləyiciləri məftun edən Ağasəid oğlu Kəblə Ağabala kimi məşhur xanəndəsi vardı.

       Heç təsadüfi deyil ki, Mirzə Mansur Məşədi Məlik oğlu özünün Mirzə Fərəcin şagirdi olmasıyla fəxr edib öyünürdü və bütün yaradıcılıq məsələlərində onunla məsləhətləşirdi.

       Inqilabdan əvvəl fəaliyyət göstərmiş musiqi məclislərinin ayrı-ayrı yaradıcılıq xüsusiyyətlərini müəyyənləşdirmək, bu məclislərlə bağlı olan ustad sənətkarların hamısını ortaya çıxarmaq, onların əsl qiymətini vermək musiqisevərlərin ürəyindən olardı.


1. MIRZƏ FƏRƏC VƏ AILƏSI

       Babam Mirzə Fərəc 1847-ci ildə mart ayının 15-də Bakıda, Içəri şəhərdə anadan olmuşdur. Onun atası Rza, anası Mülkcahan idi. Onların hər ikisi çox cavan vaxtlarında vəfat etmişlər.

       Babamın ailəsi Içəri şəhərdə (Qız qalasının yaxınlığında) öz bibisi ilə bir küçədə yaşamışdır. Çox mehriban olmuşlar. Sonralar onların yaşadığı evlər Içərişəhərin yenidən qurulması ilə əlaqədar olaraq sökülmüşdür.

       Babamın bibisigil Içəri şəhərdən daha erkən çıxmışlar, Bayır şəhərdə yer alıb bina tikdirmişlər. Indiki Bəşir Səfəroğlu küçəsi, ev ¹ 135. Orada indi də yaşayırlar.

       Babamın bibisi Ümüleyla, onun əri Imamverdi, qayınatası isə Məmməd Bağır idi. Qayınatasının adı ilə əlaqədar olaraq bibinin ailəsi Bağırzadə familiyasını qəbul etmişdir. Bu ailədə o vaxt ən görkəmli şəxsiyyət bibinin oğlu olan Fəramərz idi. O, zəmanəsinin qabaqcıl ziyalısı, mütərəqqi ideyaların yolçusu, böyük hörmət sahibi olan ruhani başçısı idi. Odur ki, xalq ona Axund Ziya adı vermişdi. Içəri şəhərdə hamı ona bu adla müraciət edər və tanıyardı. (1872-ci ildə Içəri şəhərdə doğulub, 1952-ci ildə vəfat etmişdir).

       Fəramərzin qızı Aliyə xanım xatırlayıb deyirdi ki, hər axşam atamın yanına çoxlu adamlar gələrdi. Evimizdə Şərq mədəniyyətilə maraqlananların məclisi keçirilərdi. Atam gördüklərindən, oxuduqlarından nəql edər, suallara cavab verərdi. Mən evin kiçik qızı olduğumdan şam yeməyi aparıb, süfrəni düzəltmək və yığmaq mənə həvalə olunardı. Bu, mənim hər axşamkı vəzifəm idi.

       Həkim, akademik, professor Mirzəməsi Nəzirov 1969-cü ildə «Elm və həyat» jurnalının 3-cü nömrəsində dərc olunmuş xatirəsində yazır ki, «Real məktəbində» Axund Fəramərz bizə şəriətdən dərs deyərdi. Dərsin ancaq adı şəriət dərsi idi. Əslində Bağırzadə zərrə qədər də axunda oxşamırdı. O, bizə dərs zamanı türk və Şərq ədəbiyyatından, şərq fəlsəfəsindən danışardı. Məndə Nizamiyə, Füzuliyə, Hafizə, Ömər Xəyyama, Sədi Şiraziyə qarşı məhəbbəti o yaratmışdır».

       Axund Fəramərzin tələbələrinin bir çoxu indi adlı-sanlı elm xadimləridir. Onlardan akademik, memar Mikayıl Hüseynovu, memar Sadıq Dadaşovu, memar Ənvər Qasımzadəni, professor Mirzəməsi Nəzirovu və başqaların göstərmək olar.

       Babamın ata-anası tez vəfat edir, onların üç oğlu (böyük oğul – Nəsir, ortancıl oğul – Fərəc, kiçik oğul Əsəd) və bir də qızı (Ağabacı) yetim qalır. Bayır şəhərdə yaşayan dayıları Xəlil Qasımzadə yetim qalmış uşaqların Içəri şəhərdəki evlərini satıb onları öz evinə (indiki Qasım Ismaylov, 78) gətirir və öz himayəsinə alır.

       Xəlil dayı doqquz yaşlı Fərəçi gələcəkdə ruhani etmək məqsədilə məhəllə mollaxanasına qoyur. Ancaq molla görür ki, bu uşaqdan ruhani olmayacaq. Uşaqlar mollaxanada dərs keçdikləri vaxt küçədən musiqi səsləri eşidilən kimi Fərəc hər şeyi unudub tez pəncərəyə qalxırdı. Mollanın dedikləri qulağına girməzdi. Odur ki, Fərəcin bu «yaramaz» hərəkətlərindən cana gələn molla onun dayısını çağırıb: «Bundan ruhani olmaz, apar qoy çalğıçı olsun», demişdi. Görünür, molla heç də səhv etməmişdi.

       Babamın ana tərəfi isə musiqiçi nəsli olmuşdur. Belə ki, Azərbaycan SSR xalq artisti Əhməd Bakıxanovun atası Məmmədrza bəy Bakıxanov babamın doğma xalası oğludur. Xalası qızı Nazənin isə toylarda qaval-nağara çalırmış. 0,9 yaşlı Fərəcdə musiqiyə olan son dərəcə böyük marağı görüb qadın toy məclislərinə gedərkən onu da özü ilə aparıb qoşa nağarada çalmağı öyrədir. Beləliklə, Fərəc daxili tələbat nəticəsində arzusunda olduğu musiqi dünyasının astanasına qədəm qoyur.

       Bu qədəm isə onun üçün çox uğurlu olur. Bu, on dörd yaşına qədər davam edir. Bundan sonra o artıq qadın məclislərinə gedə bilməzdi. Gözlənilmədən tale Fərəcin üzünə gülür. Təsadüf elə gətirir ki, 1860-62-ci illərdə Şirazlı Əli 5 simli tarilə Bakıya gəlir. Çox böyük istedad sahibi olan Fərəc tez bir zamanda Əlidən tarda çalmağı öyrənir. (Onun bir neçə şagirdi olur.) Beləliklə, Fərəc öz qismətini tapır, ona ürəklə bağlanır. Yaxşı çalandan sonra atamın tərcüməyi-halında yazdığı kimi, 5 simli tar onu artıq qane etməyir. O, tara 6-cı sim salır. Və özü tar düzəltməyə başlayır2.

       Sonralar Sadıqcan tarı daha da yeniləşdirir, simlərini on birə çatdırır.
       Babam çox gec – 40 yaşında evlənir. O, bunun səbəbini belə izah edirdi: «Qadın gül kimi zərif məxluqdur, onun gərək gül kimi də nazını çəkib saxlayasan. Əgər bunu edə bilməyəcəksənsə, onda heç evlənmə.»
       O vaxtlar babamgilin qonşuluğunda Maştağadan köçüb gəlmiş Ruqiyyəxanım adlı bir qadın üç qızı ilə – Səadət, Pəri, Güləndam – yaşarmış. Babam çox gözəl, sarışın, göygöz olan Güləndama vurulur. Iki böyük bacı ərə gedəndən sonra onu nişanlayır və anasilə bərabər himayəsinə alır. 1885-ci ildə kəbin kəsilir (kəbin kağızı Tarix muzeyinin elm şöbəsində saxlanılır).

       Babam evlənəndən sonra bir müddət dayısı Xəlilin evində yaşayır.
       Bir gün nənəm Güləndam evdə tək imiş, divarın o biri tərəfindən qonşunun həyətindən fala baxan qaraçını dövrəyə alan qadınların səs-küyü eşidilir. Divarın dibində olan dərin quyunun üstünə çıxır ki, onlara baxsın, ayağı sürüşür, yıxılır quyuya, möhkəm əzilir, diz qapağı qopur, yaxşı ki, suda boğulmur, su az imiş. Sonra babam daha bu həyətdə qalmayıb. Bu evin sağ tərəfində təzə bir ev tikdirir. Iki otaqlı bu evi gecə başlayıb səhərə qədər qurtarırlar (o vaxt belə bir qayda vardı ki, icazəsiz tikilmiş evin hörgüsü başa çatmışsa, onu sökmək olmazmış). Onlar bu evdə də az yaşayırlar Babamın xoşuna gəlməyir. Küçə qapısı balaca dalana açılır. Az sonra üzbəüz tində Aşağı priyut küçəsi 99/101 (indiki S.Rəhimov,95) evi tikdirir. Evin iki küçə qapısı olur, küçəyə dörd pəncərəsi, altı otaq və bir mətbəxdən ibarət. Bu evdə babamın altı nəvəsi dünayaya gəlir. Bir qədərdən sonra babam qardaşı Nəsir üçün bu evdən iki ev yuxarı həmən cərgədə (S.Rəhimov.89) ev tikdirir. Ev planda üç mərtbəli olmalı idi. Həmən evdə baba mın qardaşı arvadı Pərixanım (həm də baldızı idi) yaşayır. O vəfat edəndən sonra biz yaşamışıq.

       Mirzə Fərəc ömür-gün yoldaşı Güləndamı çox əziz saxlayır. Görür ki, gözəl səsi var, ona muğamları oxumağı öyrədir. Nənəm Seyid Əzimin qəzəli ilə ən çox sevdiyi Bayatı-Şiraz muğamını özünə məxsus yanıqlı ifa edərdi. Qarabağ şikəstəsini isə onun kimi oxuyan tək-tək tapılardı.

       Babam uzaq səfələrldə tez-tez olarmış, onda nənəm bu sözləri oxuyarmış:

Saralanda heyvalardan sarıyam,
Qızaranda qızılgüldən alıyam,
Hamı bilir tar çalanın yarıyam
Yarı qürbətdə tək qalan canım.

Əzizim gecədən gedər,
Karvan gecədən gedər,
Gecə uzun, həmdəm yox
Zəhləm gecədən gedər.

       Nənəm yaşlı vaxtında da o günləri tez-tez xatırlayıb həmən bayatıları təkrar-təkrar oxuyardı.
       Nənəm nədənsə sarı rəngi çox sevərmiş. Babam onun üçün tez-tez sarı rəngdə zərli köynəklər tikdirər və zarafatla oxuyarmış:

Mən aşıq Güləndama
Şeh düşər gül əndama
Sarı köynək olaydım
Qonaydım Güləndama.


       Babamdan sonra nənəm bu bayatıları oxuyardı. Deyərdi ki, ürəyim partlayır, bir çalın, oxuyub ürəyimi boşaldım. Indi müğənni Leyla Hüseynova oxuyanda mənə elə gəlir ki, nənəmin səsini eşidirəm.

       Nənəm aşıq havalarını və nağılları çox sevərdi. Babamdan xahiş edərdi ki, aşıqları gətirsin. Evimizə aşıq dəstəsi gələndə qonum-qonşu bizə yığışardı. Qadınlar bu kişilərdən yaşınmazdılar. (Səhv etmirəmsə aşıq Nəcəfqulu bizdə olub).

       Toydan-nişandan geri qalmayan nənəm tez-tez Tağıyevin teatrına, operaya gədərdi. Dostluq etdiyi kübar qadınlar (Hacı Şıxəlinin qızı, Hacı Zeynalabdinin arvadı) onun üçün lojaya bilet göndərərdilər. O vaxt qadınlar örtülü lojalarda oturardılar. Işıqlar sönəndə pərdəni açıb tamaşa edərmişlər. Nənəmin çox gözəl olduğuna, qəşəng geyindiyinə və həddən artıq sadə xasiyyətinə görə hamı onu sevir və tez-tez öz toy məcilslərinə dəvət edərdilər. Belə məclislərdən birində nənəm Xədicə xanım adlı bir qadınla tanış olur. Onun gözəl səslə oxuması, qəşəng oynaması nənəmi valeh edir. Odur ki, onunla dostlaşır və evinə dəvət edir. Bu qadın xalqımızın ən sevimli artisti, ilk «Məcnunu» olan Hüseynqulu Sarabskinin bibisi Xədicə xanım idi. Bu dostluq o qədər möhkəm olur ki, Xədicənin əri vəfat edəndən sonra evimizdə ona otaq ayırıb verirlər. Xədicə xanımın böyük oğlu Məmməd (Azərbaycan SSR əməkdar artisti Məmməd Sadıqov) və kiçik oğlu Sadıqla köçüb bizdə qalırlar.

       Nənəmin evdə on dörd dilli qarmonu vardı. Ancaq özü çala bilməzdi. Rəfiqələrindən Nərgiz adlı bir qadın onu yaxşı çalardı. Xədicə isə vaxtilə babamın xanəndəsi olmuş neft milyonçusu Mirtağı Mirbabayevin bizdə olan sədəfli qavalını çox gözəl çalardı. Şikəstənin birini o deyəndə, birini də nənəm deyərdi. Hərdən babamın o biri otaqdan bu gözəl yanıqlı şikəstə məclisinə qoşulub çalması indi də yadımdadır.

       Evdə belə şənliklər keçirilərkən Xədicə xanımın ürəklə oxuduğu «Uca dağlar qarlı dağlar başında» mahnısını elə bil indi də eşidirəm.
       Babam uca boy, sifəti bir qədər uzunsov idi. Saqqal qoymazdı, ancaq bığı vardı, ona yaraşardı. Burnu bir az böyük idi. Hərdən zarafatla deyərdi:

«Ağzım böyük olar, büzərəm,
Gözüm xırda olar, süzərəm,
Bu böyük burnumu harada gizlərəm…».

       Evin bütün qayğıların özü çəkərdi. Qoca vaxtında da atama ümid etməzdi, yeganə oğlunu çox sevdiyindən onu bütün işlərdən azad etmişdi. Çox yüksək zövq sahibi idi. Evə ucuz qiymətli qab-qacaq almazdı. Qonşuya dilək üçün getməyi heç sevməzdi. Ona görə də yüz nəfər qonağı təmin edəcək əşya almışdı. Hətta dondurma hazırlayan və kofe bişirən dəstimiz vardı.

       Binanın bir hissəsinin ayrıca küçə qapısı, dəhlizi, küçəyə açılan pəncərəsi olan böyük otağı, həyətə şüşəbəndi, su kranı və hər cür rahatlığı babama aid idi. Onun yanına gələn şagirdlərini, həmkarlarını orada qəbul edərdi. Otaqda bir divarın yanında çarpayı qoyulmuşdu, divardan tarı asılmışdı. Bir də stol qoyulmuşdu. Evdə bir neçə tarı vardı, özü düzəltmişdi. O vaxtlar tarı qara rəngli parçadan tikilmiş torbada gəzdirərdilər. Ancaq babam uzaq səfərlərə, rayonlara getmək üçün taxtadan tar üçün qutu düzəltdirmişdi. Ona qoyub ağzını qıfılla bağlardı.

       Babam evdə olanda əksər vaxtlarda çarpayıda uzanıb, rahat vəziyyətdə tarını sinəsi üstünə alıb mizrabsız çalardı. Mən onun barmaqlarına diqqətlə baxardım. Çox vaxt sağ əlini heç tara vurmazdı, mirzab işlətməzdi. Tarın qolu üzərində sol əlinin barmaqları ilə çalardı, özü də həzin-həzin. Mənim uşaq qəlbimi sızıldadardı. Hələ o vaxtdan bu sehrkar musiqi alətinin səsi, rəngarəng muğam sədaları məni ovsunlamışdı. Odur ki, cavanlıqda oxuyurdum da, çalırdım da. Babam sağlığında heç özüm də bilmirdim ki, mən nə üçün onunla belə maraqlanıram. Onun hər hərəkətini, gördüyü işi, danışığını izləyirdim. O, çox ağır təbiətli idi. Evdə heç güldüyünü görməzdim. Çox asta və az danışardı. Onun üzündə bəzi adamlar kimi zəhmliliyi yox idi. Elə bil həmişə gülümsəyirdi, bu halı ondan sonra qalan bir sıra fotoşəkillərdə də görürəm. Ən qoca xəstə vaxtında ömrünün axırında çəkdirdiyi şəkildə də gülümsəyir. Görünür, həyata çox nikbin baxırmış. Çox vaxt əlində bir parça qara mumu növbə ilə iki ə lində barmaqları ilə əzərdi. Mən sonralar başa düşdüm ki, o adi mum yox, müalicəvi mum imiş. Onunla barmaqlarında toplanmış duzları əridərmiş. Odur ki, çaldığı tarın səsi çox dolğun və qüvvətli çıxardı. Mən pəncərədə oturub küçəyə baxardım, ancaq bütün fikrim onda olurdu. Səhər tezdən yuxudan oyanan kimi babamın otağına gələrdim. O, mehriban gözlərilə mənə baxardı. Biz bir-birimizi səssiz-sözsüz başa düşərdik. Onu heç tək qoymazdım. Istərdim ki, nənəm kimi o da məni qucağına alsın, oxşasın. Ancaq yox, o elə etməzdi. Mən onu elə onsuz da çox sevirdim. Indi də bu yaşda yadıma düşəndə burnumun ucu göynəyir, gözlərimdən yaş axır. Babam və nənəm mənim üçün ən ülvi, müqəddəs və qiymətli adamlar idi.

       Babam çox səliqəli geyinərdi. Cavanlığından qalmış şəkillərindən bunu aydın görürəm. Bununla əlaqədar bir söz yadıma düşür. Bir dəfə evdə söhbət əsnasında bir tanış adamın heç görünmədiyini söylədilər. Babam tez dedi: «O çarşab-başmaqsızlıqdan evdə oturub.» Bunu hamı başa düşdü və güldü. O, yaşlı vaxtında da səliqəli idi. Alt ağ köynəyinin üstündən yaxası örtülü, beldən aşağı büzməli don geyərdi. Üstündən belinə ensiz belbağı taxardı. Onun üzərində isə gümüşdən ya da qızıldan toqqaları və ucluğu olardı. Saatın qızıl zənciri sağ tərəfdə bənd olunardı. Bu qızıl, gümüş bəzək onun qədd-qamətinə necə də yaraşırdı. Uşaq vaxtında bir qədər papaqçı yanında şagird olub papaq tikməyi də öyrənmişdi. Odur ki, sonralar həmişə atam və özü üçün cürbəcür qaragül dərisindən papaqlar tikərdi. Çeçələ barmağında sağ əlində böyük bir firuzə qaşlı üzük var idi. O, donun üstündən uzun çuxa geyərdi. Çuxa belinə kip oturardı. Yaxası açıq olduğundan saatın qızıl zənciri görünərdi. Bu çuxaların bəziləri vəznəli, bəziləri vəznəsiz olardı. Qış vaxtı çuxanın üstündən içərisi qiymətli xəzdən olan mahud palto geyərdi. Pis havalarda papağın üstündən başına başlıq taxıb uclarını boynuna dolardı. Çəkmənin üstündən isə mahuddan üzlük taxardı.

       Evimizdə nahar və şam yeməyi nənəmin otağında təşkil olunardı. Bu otaq şərq qaydası ilə döşənmiş, səliqəli otaq idi. Burada masa, səndəl yox idi. Xalça üzərində döşəklər düzülmüşdü, yerə böyük qələmkar süfrə salınardı (qələmkar – üzərində ortada böyük butalar, kənarlarda isə cərgə ilə kiçik butalar həkk olmuş göy və açıq qırmızı rəngində bəzənmiş süfrə.) Bizdə vardı. Süfrə çox səliqəli olmalı idi. Göyərti və qatıq, bir də içərisinə albuxara tökülmüş şərbət dolçası mütləq öz yerində olurdu.

       Ən əvvəl babam gəlib baş tərəfdə özünün daimi yerində oturardı. Sonra nənəm, atam, anam və axırda biz uşaqlar gələrdik. Babam bir süfrəyə göz gəzdirib, «bismillah rəhmanu rəhim» deyərdi və çörəkdən kəsərdi. Ondan sonra hamımız o deyəni təkrar edib yeməyə başlardıq. (Orucluq vaxtı isə o bərkdən dua oxuyardı, ona iftar duası deyərdilər, hamımız qulaq asırdıq, nənəm, atam, anam Quranı oxuduqlarına görə bu duanı bilirdilər, ürəklərində təkrar edirdilər. Qurtardıqdan sonra «bismillah» deyərdilər). Nənəmin isə öz qarşısında atası Yarməmməddən ona yazılı üstü hədiyyə olmuş mis birəllidə (bir qulplu) su olmalı idi. Mis suyu çox sərin saxlayır. Birəllinin üstündə yazılıb: «Sahib Yarməmməd 1286» (hicri ilə). Miladi tarixi ilə 1865-ci il. Bu mis qab evdə əzizlənib saxlanılır, atamın babasından yadigar kimi.

       Yemək zamanı tam sakitlik olardı heç kəs danışmazdı. Nahar qurtaranda yenə də əvvəlcə babam «əlhəmdullah» deyib durardı, sonra da biz durardıq.
       Püstə, badam, qoz, ləbləbi, qara kişmiş, innab isə babamın gündəlik, çərəz yeməyi idi. Bəlkə elə ona görə də səksən yaşında vəfat edəndə bütün dişləri yerində idi, gözləri də yaxşı görürdü. Heç vaxt eynək taxmırdı. Əti çox sevməzdi. Qutab bişirəndə isə çox az miqdarda əti əvvəl yağda qovurub, sonra qutabın içərisinə qoyardılar. Ayranı, şərbəti, istgancəbisi, çayı çox sevirdi (ancaq kəmşirin).

       Babam küftə və piti bişirmək üçün bir saxsı küvəc almışdı, bir də palçıqdan kürə düzəltdirmişdi. Kürənin içərisinə kömür töküb yandırardılar. Kömür qızaranda küvəci kürənin üstünə qoyub yavaş odda xörəyi bişirərdilər. Zəfəranlı xörəyin ətri hər tərəfə yayılardı. Bununla əlaqədar etdiyim bir qəbahət indi də yadımdadır. Bir dəfə qardaşım Nəsirlə savaşdıq. Mən arxada yanan kürəyə toxundum. Üstündəki küvəc yerə yıxıldı və sındı. Xörək yerə dağıldı. Babamdan qorxub tez dəhlizə qaçdım. O arxamca gəldi. Mən divara qısılıb tir-tir əsirdim. Möhkəm döyüləcəyimi gözləyirdim. Babam mənə yaxınlaşıb qolumdan tutub məni dolandırdı. Əlimi, ayağımı yoxladı, dərindən bir nəfəs alıb başımı tumarladı. Heç bir kəlmə də söz deməyib sakitcə getdi. Bu hadisədən sonra mənim babama qarşı olan məhəbbətim birə yüz artdı. Sonralar bildim ki, babam nə qədər alicənab insan imiş.
       Ailədə nəvələrin sayı artdıqca onun fərəhi dünyaya sığmayırmış. Babam deyərmiş:

«Ağabacı başımın tacı
Ruqiyyə xanım, sənə qurban bu canım».

       Doğrudan da, elə Ağabacı onun başının tacı oldu. O, ən yaxşı cəhətlərini – xasiyyətini, ağayanalığını, istedadını ilk nəvəsinə verib getdi.

       1919-cu ildə sentyabr ayında ilk oğlan nəvəsi dünyaya gəlir, böyük qardaşının adını ona verir – Nəsir. 1921-ci ildə isə ikinci oğul nəvəsi olur. Bu dəfə yenə ikinci qardaşının adını ona verir – Əsəd.

       Bizim evdə qoz ağacından bir yaraşıqlı beşik vardı. Hamımızın körpəliyi bu beşikdə keçmişdi. Bir də qırmızı rənglənmiş yüyürük vardı. Beşik nənəmin otağında qoyulardı. Biz nəvələr onun şirin muğamlar üstündə avazla oxuduğu laylalarını dinləyərək həyatı dərk etməyə başlamışıq. Bir dəfə qaçaraq nənəmin otağına girdim. Ancaq adət etdiyim kimi beşiyin yanında nənəmi yox, babamı gördüm. O yerdə, döşək üstündə oturub əlində qoltuq sazı (cürə saz) həzin-həzin çalırdı. Beşikdəki uşaq ağlamırdı. Gözlərini zilləyərək babama baxır, gözəl səsi anlayırmış kimi qulaq asırdı. Babam elə bil özü də sehrlənmişdi. Heç mənim içəriyə girməyimi də hiss etməmişdi. O, ancaq sevimli oğlan nəvəsinə həsrətlə baxırdı. Gözləri gülürdü. Onun bu sevgisini, ürək dolu fərəhini, arzusunu əlindəki sazın qolu üzərində ehmalca gəzdirdiyi pərdələrdən axıb gələn bihuşedici melodiyalar bəyan edirdi. Gözləri yaşarmışdı. O ağlayırdımı? Əlbəttə, yox! Bu, sevinc göz yaşı idi.

       Babam evdə tar çalanda adətən balaca döşək üstündə oturar, bardaş qurardı, kürəyini isə mütəkkəyə söykərdi. Onun həzin təranələri mənim uşaq qəlbimi sehrlərdi, qulaq asmaqdan yorulmazdım. Odur ki, həmişə onun yanında olmağa çalışardım. Məhz buna görə də nəvələr içərisində ancaq mən onu yaxşı tanıyıb, yaddaşımda da əla saxlamışam.

       Babamın çox gözəl oxuyan balaca sarı bir bülbülü vardı. Onu qəfəsdə saxlardı. Geniş şüşəbənddə hava çox olduğundan bu qəfəs həmişə orada mıxdan asılardı. Hərdən qəfəsi açıb bülbülü buraxardı və tar çalmağa başlardı. Bülbül gəlib onun tarının kəlləsinə qonar, cəh-cəh vurardı. Çalğı dayanardı, bülbül isə hələ şövqlə oxuyardı. Babam çox məmnun halda gülümsərdi.

       Heç yadımdan çıxmır. Bir gün anamın nənəsi Mehsənəm bizə qonaq gəldi. Şüşəbənddə çarşabını götürüb heç fikirləşmədən qəfəsin üstünə atdı. Qəfəs ağırlığa davam gətirməyib yerə düşdü və bülbül dərhal öldü. Bu hadisə hamımıza, ən çox isə babama təsir etdi. O daxildən həddindən artıq əsəbiləşməsinə baxmayaraq, heç bir söz demədi, sevimli bülbülünü götürüb evə keçdi. Sonra evdən çox həzin bir muğam çalınmasını eşitdim. Babama yazığım gəldi. Ancaq o daha bülbül almadı.


       Babam çox ailəcanlı idi. Heç birimizin əyin-başı onun yadından çıxmazdı. Indi Nizami küçəsində (əvvələr ora Torqovı deyərdilər) çoxlu mağazalar vardı. Mənimlə qardaşım Nəsiri aparardı, bizə qış gəlməmişdən çəkmə üstündən də qaloş alardı. Böyük bir mağazada ayaqqabılar yerdən tavana qədər yığılardı. Bir nəfər satıcı olurdu, babama hörmətlə çoxlu ayaqqabı yerə töküb göstərərdi. Babam isə ən yaxşısını bizə geyindirib, baxıb heç qiymətini də soruşmadan pulunu verərdi. Satıcı çox razı qalardı.

       Persidski (indiki Poluxin) küçəsində balaca dalanda Əliağa adında çox bacarıqlı, zərif əl işləri olan məşhur zərgər vardı. O, bizim ev zərgərimiz olub. Bütün bəzək əşyaları ona sifariş olunarmış. 60-cı illərdə sınmış üzüyü düzəltmək üçün onun evində olanda mənə babamla əlaqədar olan maraqlı söhbət danışdı: «Mirzə Fərəc bizim kimi kişilərin tayı döyürdü. Arvadı istəmək olar, ancaq bu qədər də ərköyün etmək olmaz. Tez-tez mənə sifariş edərdi, Güləndam gərək hər toya gədəndə ayrı cürə qızıl taxaydı. Bir sırğanı bir az taxandan sonra ürəyini vurardı, salıb həvəng-dəstədə əzərdi, deyərdi apar, Əliağa ayrı cürə düzəltsin. Nənəm çox xoşbəxt idi. Mən onunçun cürbəcür üzüklər, bilərziklər – şəbəkəli, zəncirvari, gül-gül, ən axırda həsir bilərzik düzəltdim. Taca oxşayan başlıq – ona cutqabağı deyərdilər – zümrüd, yaqut, almazla bəzəmişdim, şarlı, minalı, şəbəkəli, zəngli sırğalar mənim işim idi. Sonra soruşdu ki, yəqin mənim işlərimdən qalanı olar. Bu sözlə elə bil mənim yarama toxundu. Bir balaca dəmir sandıq vardı, hamısı orada idi. Babam vəfat edəndən sonra 30-cu illər bahalıq illəri idi, nənəm bəzi şeyləri satdı ki, uşaqlarım tənglik çəkməsin, 30-cu illərin əvvəlində hökumət evləri almaq üçün bir siyasət yürütdü. «Vərəsəlik naloqu» qoydu. Böyük miqdarda pul 3 günün ərzində əgər maliyyə şöbələrinə verilməsə, onda evin kupçisini gətirsin təhvil versin. O pulun miqdarı o qədər çox idi ki, məhəlləmizdə çoxusu evi hökumətə verdi. Özü öz evində kirayənişin oturdu. Nənəm iki gün ağladı. Yemədi, içmədi, dedi ki, Fərəcin qəbri od tutub yanar ki, mən onun evini saxlaya bilmədim. Sandıqcanı götürüb verdi atama, dedi ki, apar Zərgərpalana (Qasım Ismayılov küçəsinə Zərgərpalan deyirdilər) ver, naloqun pulunu düzəlt, ver hökumətə. Nənəmin etdiyi o böyüklükdə səhvi heç bağışlamaq olmur. Yerdə qalanlarının da o vaxt yenicə açılmış «Torqsin»ə verib parça və ərzaq alırdı.

       Yaşadığımız evi babam çox səliqəli tikdirmişdi. Yuxarıda qeyd etdiyim kimi, binanın tən yarısı, bir küçə qapısı, otaq, dəhliz, şüşəbənd ancaq babamın özünə məxsus idi.

       2-ci küçə qapısı və 4 otaq,böyük mətbəx, iki cərgə şüşəbənd isə ailəyə aid idi. Küçədən birinci otaq atamın və Ağabacı ilə mənim dərs hazırlamaq otağımız idi. Böyük divar şkafı Azərbaycan və rus dillərində bədii kitablarla dolu idi. «Dəbistan», «Şərq qadını», «Füyuzat», «Həyat», «Inqilab və mədəniyyət» jurnalları, «Kaspi», «Yeni yol» və başqa qəzetlər. Köhnə əlifba ilə «Hophopnamə», ərəbcə-rusca-azərbaycanca lüğətlər, «Qar qız», «Əhmədin ad günü», «Tülkü Həccə gedir», «Qoğal», «Əlcək», «Cəfər və Bəşir» və başqa uşaq kitabları var idi. Ikinci böyük otaq qonaq otağı idi. Buranın öz səliqəsi vardı. Böyük sumağı rəngində xalça, tavana qədər qara çərçivədə ayna (qabağı balaca hovuz kimi düzəlmişdi. Atam oraya balaca qızıl balıqlar buraxardı, dövrəsinə isə rəngli balaca lampalar düzülmüşdü, yananda qəribə mənzərə alınınırdı.) Divan dəsti (bir divan, 4 kreslo), qramofon, çoxlu vallar, böyük masa, divarda isə Repinin, Şişkinin gözəl rəngli böyük sənət əsərləri vurulmuşdu. Ta xta çərçivə içərisində olan böyük divar saatı (bu saatı indi də qoruyub saxlayırıq, dəqiq işləyir), iki həftədən bir qurulardı, zəngi isə bütün evlərdən eşidilərdi. Tavandan asılmış böyük çilçıraq vardı. Onu babam çıxarıb bizdən bir az aşağıda olan Qubalılar məscidinə göndərdi. Sonra müasir, bir qədər yığcam çilçıraq alındı. 3-cü otaq yataq otağı idi. Burada o vaxt dəbdə olan kamod qoyulmuşdu. Üstündə isə anamın ən sevdiyi fransız ətirləri, sürmədan, göy rəngdə zərli ətir dəsti (indi də qalır) qoylmuşdu. Onu da görürdüm ki, məhəllənin qadınları toya, nişana gedəndə gəlib anamın bu otağında bəzənərdilər.

       4-cü otaq isə öz səliqə-səhmanı ilə ayrılırdı. Yerdə böyük xalça, üstündə döşəkçələr. Qışda isə bu otağın tən ortasında kürsü qoyulardı. Yanmayan ağacdan hazırlanmış kürsünün içərisində manqal qoyulardı. Manqalın içərisində kömür xəkəsindən (xırdalarından) hazırlanmış şar formasında bir neçə dənəsini qoyub yandırardılar. Onun istisi bütün günə bəs edərdi. Kürsünün üstünə xüsusi hazırlanmış böyük yorğan salırdılar Onun üstünə isə böyük məcməyi (indi də evdə saxlanılır) qoyub içərisinə isə püstə, badam, qoz, fındıq, piskəndə (qabığı soyulmuş əncir qurusu), şirbədüşəndə (qabığı qurudulmuş əncir qurusu), mövüc, innab, iydə, ləbləbi, tökərdilər, şabalıd və qovurğa isə kürsünün içində qoyulardı ki, isti qalsın. Küçədən soyuqdan gəlmiş hər kəs kürsünün dörd tərəfinə salınmış dör-döşəyin üstündə oturub yorğanı üstünə çəkərdi, qızınardı. Elə buna görə də hər gün qonşu qadınlar nənəmin yanına toplanardı, axşamları şöhbətlə keçirərdilər. Ancaq onda mənimlə Ağabacıya bu məclisdə oturmağa icazə verməzdilər. Onlar yığışan kimi biz öz otağımıza gedib kitab oxuyar, şer əzbərlərdik. Babam deyərdi ki, kürsü bədəndə olan yel xəstəliyinin ən yaxşı müalicəsidir. Evdə kənar adam olmayanda özü də oturardı kürsüdə. Isti kürsü, soyuq qarlı hava. Kürsünün üstündə bir mis tava xəşil, yanında kərə yağı və üzüm doşabı (ancaq Abşeron bağlarında bişmiş əsl doşab). Bu nemətdən kim imtina edərdi?

       Babamın qış vaxtında ən çox sevdiyi yeməkləri vardı. Onu da deyim ki, bütün yeməklər quyruq yağı ilə bişərdi, plovdan başqa. Quyruğu əridəndə qalan cızdağı nənəm əzib kündələr edib qazana yığardı, qışa saxlayardı. Səhər-səhər çay vaxtı bunlardan bir dənəsini mis tavada əzərdi, odun üstündə bir maskora doşabı ona qatıb yaxşı qarışdırardı. Qoz ləpəsi döyüb səpərdi üstünə. Babama görə bu ən faydalı səhər yeməyi idi. Fevral ayında isə o nənəmə Isfahan halvası (Səməni halvası) bişirtdirərdi. Bunun hazırlanması isə çətin idi, çox vaxt aparırdı. Əvvəlcə buğdanı isladıb bir neçə nimçədə səməni qoyub göyərdərdilər. Səməni 2-3 santimetr qalxvanda onu ət taxtasının üstündə qiyməkeşlə döyərdilər, suyunu sıxıb unıla xəmir yoğurardılar. Sonra xəmiri böyük teştin içərisinə salıb zəif od üzərində, iki-üç qadın əllərində ərsin tutub xəmiri tez-tez çevirərdilər. Hərdən bir az yağ tökərdilər. Xəmir yavaş-yavaş qızarardı, bişərdi, dadardılar, əgər çiy dadmırsa, bişibsə, yerə qoyardılar. Içərisinə doşab və ədva (istiot, darçın, sarıkök, razyana) əlavə edib möhkəm qarışdırardılar. Ələ yağ çəkib kündələr hazırlardılar. Onların üzərinə qoz ləpəsi yapışdırıb taxta tabağa düzərdilər. Isfahan halvası bu qayda ilə hazırlanardı. Bu halvalardan nənəm çoxlu paylardı (qohum və qonşulara).

       Əvvəllər Nəcibə adında bir tatar qızı xörəyimizi bişirərdi. Axşamlar isə evinə gedərdi. Otaqların hamısından mətbəxə zəng çəkilmişdi. Sabahkı menyunu atam kağıza yazıb mətbəxdə qoyardı. Ev qonaqlı-qaralı idi. Babamın yanına gələnlərdən başqa nənəmin də öz tay-tuşları toplanırdı. Şən məclislər keçirilərdi.

       Nəcibə gedəndən sonra xörəkləri bişirmək üçün nənəmin Səadət bacısının gəlini gəlib kömək edərdi. Çərkəs adlı qız isə ev işlərini görürdü. Bir dəfə babam evə gələndə yanında bir oğlan gəldi. O, bazardan alınmış ərzaq zənbilini gətirmişdi. Babam dedi ki, bu oğlan körpüdə yük daşıyırdı. Söz-söhbətdən sonra öyrəndilər ki, heç kəsi yoxdur, əsli isə Lənkərandandır, adı da Hacıbabadır. Nənəmin xoşuna gəldi, dedi ki, yazıqdır, ay Fərəc, qoy bizdə qalsın, bayır-bacaq işinə yarayar. Onun üçün təzə paltarlar alındı. Atam onu evimizə yaxın Qasım Ismayılov küçəsində olan 19 nömrəli məktəbə yazdırdı (Süleyman Sani Axundovun məktəbinə). Hacıbaba çox sədaqətli və mehriban oğlan idi. O özünə çörək pulu qazanmaqdan əlavə bir ailə tapdı.

       Babamın qayğısı sayəsində biz – Ağabacı və mən maraqlı və şən yaşayırdıq. Hər ikimiz poeziya vurğunu idik. Bir neçə kitabxanaya üzv olmuşduq – Sabir, Əzizbəyov, Abbas Səhhət, Karl Marks. Mən çox həvəslə bədii kitabları toplayırdım. Çox sonralar 1936-cı ildə Musiqi məktəbində oxuyanda mən o kitabları məktəbə apardım, orada kitabxana düzəltmək istədim. Arzumu Uzeyir bəyə bildirdim, onun çox xoşuna gəldi və mənə bir şkaf, bir də ən aşağı mərtəbədə otaq ayırdı. Müəyyən saatlarda orada oturardım. Mən istəyirdim ki, illər boyu alıb yığdığım kitablar istifadəsiz qalmasın və hamı mənim kimi kitabı sevsin, oxusun.

       Babam tək musiqi elmi ilə deyil, təbabət elmilə də maraqlanırdı. Ona görə də o, Əbu Əli ibn-Sinanın (980-1037) təbabət elminə aid kitablarını da tapıb oxutdurub öyrənərdi. O heç vaxt dərman içməzdi, ancaq cibində özvay olardı (qurudulmuş aloye), yeməkdən sonra bir kristal atardı. Zökəm xəstəliyindən çox qorxardı. Bir adam xəstəliyin adını çəksə idi, onun yanında dayanmazdı. Nənəmə umac bişirtdirər, içinə çoxlu nanə, sarıkök, istiot tökərdi. Başını örtüb xörəyin buğunu üzünə verərdi, zəncəfil çayı içərdi.

       Küçəmizdən tez-tez səhləb satan keçərdi. Babam tapşırmışdı ki, hər gün bizə səhləb gətirsin. Böyük mis çaydanda isti halda gətirərdi. Stəkana töküb üstünə də bir çimdik zəncəfil səpirdi. Babam alıb hamımıza içirdədrdi. Bütün xörəklərə tökülərdi. Həftədə bir dəfə isə abqora aşı bişirtdirdərdi. (Düyü sıyığının içərisinə bir maskora abqora tökülərdi.) Tavakabab bişirəndə isə qızarmış ətləri və kartofu bir çüyün qaba yığıb üzərinə yarım stəkan abqora töküb qapağının qoyub bir az qaynadardılar.

       Babam nənəmə üzünü sabunla yumağı məsləhət görməzdi. O deyərdi ki, sabun dərini qırışdırır, üzü yumurta sarısı, ya da xna ilə yumaq lazımdır. Onlar dərini təravətli, şəfəqli edir. Saçın ağarmaması üçün isə çoxlu noxud yeməyi məsləhət görərdi. Yəqin ona görə də nənəm 74 yaşında vəfat edəndə sarı saçları heç ağarmamışdı.

       Babam kök ilə qozu əzib qat-qat nimçəyə töküb səhərə qədər saxlayıb tezdən ac qarnına yeməyi məsləhət görərdi. Üzümün şirəsini də düzəldib ayaza qoyub səhər bizə içməyə verərdilər.

       Babam xəsislik etməzdi. Necə halal zəhmət ilə qazanırdısa, elə də xərclərdi. Ailəni firavan saxlardı. Kasıbları da heç vaxt yaddan çıxarmazdı. O bu işi nənəmə həvalə etmişdi. Istər pulla, istər geyimlə, ərzaqla nənəm kasıblara əl tutardı. Qoçular isə tində dayanırdılar ki, Fərəc dayıdan gündəlik haqqlarını alsınlar.

       Evimizdən bir az aşağı «Qubalılar məscidi» vardı. Ora kasıblar yığışardı, onların da haqqını göndərərdi.
       Bizim yaşadığımız Aşağı priyut küçəsinin özünün qəribə bir taleyi vardı. Bu küçəni «Incəsənət xadimləri küçəsi» adlandırmaq səhv olmazdı. Elə bil gələcəyin məşhur musiqi xadimlərinin qədəmlərinin izləri bu küçədə həkk olub qalmışdı. Mərhum unudulmaz xanəndəmiz Zülfü Adıgözəlovun ailəsi bizdən bir qədər yuxarıda yaşayırdı. Hər gün o, iki balaca oğlunun – Vasifin və Raufun əlindən tutub bizim qapıdan keçib onları musiqi məktəbinə aparardı. Skripka çalan Hacıyev Ələsgər də bu küçədən keçərdi. Qocaman violonçel çalan Krupkin və fortepiano çalan həyat yoldaşı da bizim tində (Poluxin tinində) yaşayırdılar. Yolları bizim qapıdan idi. Məşhur violonçel çalan Sabir Əliyev, onun fortepiano çalan həyat yoldaşı və bacısı bizim evdən iki ev yuxarıda yaşardılar. Qocaman musiqiçi Fedyanın (simfonik orkestrdə nəfəsli alətdə çalardı) və qızı Anya (kontrabas və fortepiano) bizimlə üzbəüz evdə yaşardılar. Bir az yuxarıda musiqişünas Xanlar Məlikov və iki musiqiçi qardaşları – Nəriman və Teymur yaşardılar. Hər gün çox ciddi balaca bir oğlan əlində skripka qapımızdan keçərdi. Kimin fikrinə gələrdi ki, bu balaca oğlan gələcəyin adlı-sanlı böyük bəstəkarı Cövdət Hacıyev olacaq. Musiqi məktəbində Ağabacının və mənim hörməti müəllimimiz olacaq. Evimizə ən yaxın bir 7 nömrəli dalan vardı. Dalanın ağzında çavan uşaqlar yığışıb söhbət edərdilər. Kim bilərdi ki, onların arasında olan balaca oğlan gələcəyin görkəmli yazıçısı, əməkdar incəsənət xadimi olan Hüseyn Abbaszadə kimi məşhurlaşacaq. Mirzə Baba Almaszadə də o dalanda yaşayırdı. O, həm rəssam idi, həm də gözəl tar çalardı (tar çalmağı mənim atam ona öyrətmişdir). Orada yaşayan həvəskar rəssam Ibrahim Babayev indi də yaradıcılıqla məşğuldur, yenə də həmən evdə yaşayır. Kamo küçəsi ilə Q.Ismayılov küçəsinin tinində 95 nömrəli evin qənşərində XIX əsrin ikinci yarısı XX əsrin birinci yarısında yaşamış Bakının ilk nağaraçalarından biri Gülhüseyn Hüseynov (ona sadəcə olaraq Gülü deyərmişlər) ailəsi ilə olurdu. Indi də nəvə-nəticəsi orada yaşayır. Ka mo ilə Poluxin küçələrinin tinində balaca dalanda XX əsrin birinci yarısında məşhur kamança çalan Qılman Salahov yaşayırdı. Qarmon çalan məşhur qadın Izzətin evi də orada idi. Onların qonşuluğunda Cabbar Qaryağdı oğlunun qızı Zərəfşan olurdu. O, gözəl piano çalardı. Bizim öz ailəmizdə isə babam Mirzə Fərəc, atam Ismayıl tarzən, bacım Ağabacı tarzən və bəstəkar, bacım Rəfiqə musiqişünas idi və mən kamança çalırdım. Qardaşım Nəsir sənətşünaslıq doktoru, həyat yoldaşı Məsumə xanım sənətşünaslıq namizədi olub.


       Onu da qeyd etmək lazımdır ki, babamın bütün həmkarları bizim evə gəlib-gedərdilər. Bu evdə muğamlar haqqında çoxlu müzakirə olardı.

       Bu küçəni özümə doğma yurd bilirəm. Indi təsadüfən oralardan yolum düşəndə saatlarla dayanıb, o cərgə ilə düzülmüş evlərə həsrətlə ürək ağrısı ilə baxıram. Rəngləri solmuş qapı-pəncərəli küçələr mənə ən gözəl və geniş görünür. O evlərin ondakı sakinləri, əziz qonşularımız gözümün qarşısına gəlir, kövrəlirəm. Hörmətli yazıçımız Hüseyn Abbaszadənin dönə-dönə çap edilmiş «Dünyadan gör necə insanlar gedib» kitabının mənim üçün ən əziz olan səhifələri bu küçəyə, onun sadə, təvazökar və istedadlı adamlarına həsr edilmişdir.

       Bakının Şeyxulislamı olan şəhərimizin ən ziyalı şəxsiyyətlərindən biri sayılan Axund Mollaağa Əlizadə bizim evlə üzbəüz 3 mərtəbəli evdə olurdu. Dalanın ağzında toplaşıb şumaqədər oyunu oyanan uşaqlar küçədən keçən şeyxi görən kimi qamətlərini düzəldib, üst-başlarını qaydaya salar və hamı bir səslə, ədəblə ona salam verərdilər. Onun da məmnun halda uşaqların salamlarını alması bir unudulmaz xatirədir.

       Həmən tinin bu dəfə sol tərəfində indi adı az-az çəkilən artist Mollağa Bəbirli yaşayırdı. O, uşaqlarımızın və böyüklərin ən çox sevdiyi kukla teatrının təməl daşını qoymuşdu. Görünür, onun təsiri o küçədə yaşayan uşaqlara da keçmişdi. Uşaqlar onunla üzbəüz evin həyətində bir səhnə düzəltmşdilər. Məhəllə uşaqları ora toplaşıb teatr tamaşası göstərərdilər. Novruz bayramı ərəfəsində isə üzlərinə maska taxıb qonşu həyətlərə gələr, «Koskosa» oyunu göstərərdilər. Biz yaxın olduğumuz üçünmü, ya da nənəmin əliaçıqlığı onları bizə tez-tez gətirərdi. Küçə qonşularımız da bizə tamaşaya gələrdilər.
       Iki uşaq oxumağa başlardı:

Novruz-novruz bahara,
Güllər-güllər nahara.
Bağçamızda gül olsun
Gül olsun, bülbül olsun.

Həcələ ha həcələ
Cəldi əziz gecələr
Verənə oğul versin
Vermiyənə qız.

Kosa getdi oduna
Qarğı batdı buduna
Qarğı deyil, qamışdı
Beş barmağım gümüşdü.
Gümüşü verdim tata
Tat mənə darı verdi
Darını səpdim quşa
Quş mənə qanad verdi.
Qanadlandım uçmağa
Haqq qapısın açmağa.

       Sonra bütün uşaqlar dövrə vurub «Çahargah» muğamı üstündə oxuyurdular:



Mərmər hovuzun dörd qırağında
Bülbüllər oxur şax budağında
Hər nə istəsəm xudadan allam
Dəllək dükanın yadıma sallam
Dəllək dükanı tamam çıraqban
Məscidə gedər əlində qurban
Qurbanın olum yaşıl çuxalı
Dərbəndli isən yoxsa Nuxalı.
Bir püstə verdim badamdan aldım
Yarın sorağın adamdan aldım
Yar belə getdi şeydağı
Mən belə gəldim.

       Mahnı bitən kimi bir uşaq ortaya çıxıb guya acından ölümcül oxuyur:

Əlifdən beyəcən
Yüyürdüm öyəcən
Öydə çörək olmadı
Yüyürdüm samanlığa
Samanlıqda saman çox idi
Yeməyə iştaham yox idi.
Yüyürdüm bazara
Bazarda çörək çox idi
Amma cibimdə pulum yox idi.

       Bunu deyib qəşş edir, yerə yıxılır. Sonra uşaqlar onu dövrəyə alıb oxuyurlar və ağlayırlar:

Arşin uzun, bez qısa
Kəfənsiz öldü kosa.

       Kosa birdən ayağa qalxır. Hamı şadlanır. Sonra əllərindəki boş torbaları nənəmin qarşısına qoyub hamı oynayır və oxuyurlar:

Xanım ayağa dursun
Kosanın payını versin.
       Nənəm xonça gətirib uşaqların torbasına tökərdi.
       Babam Novruz bayramını bütün bayramlardan əziz tutardı. Hamıya bayram xələti alardı. Paltar tikilərdi. Qonşu qadınlar yığılıb səhərə qədər bizdə bayram şirniləri hazırlamağa kömək edərdilər. Təzə çilçıraq alınardı. Böyük qonaq otağı bəzədilərdi. Masanın üstündə səmənilər, şamlar, şəkərbura, paxlava, qoğal, şəkərçörək, qırmızı yumurta, bazarda satılan yemişlərdən düzülərdi. Babama hörmət əlaməti olaraq qohumlar səhər-səhər gəlib bayramlaşardılar. Qonşular, babamın həmkarları, tələbələri, dostları gələrdilər. Belə ki, bütün günü qonaq qəbul edərdik. Bu bayram mərasimi qırx gün davam edərdi.

       Nənəm isə bu bayrama bir ay əvvəldən başlardı: mis qazanlar ağardılardı, evlər təmizlənərdi, hər çərşənbə axşamı həyətin ortasında manqal qoyub içərisinə çoxlu üzərlik tökərdi. Bizə deyərdi ki, atılın üstündən üç dəfə, deyin ki, ağırlığım, uğurluğum havaya… Özü də oxuyardı:

Üzərliksən haşasan
Hər bir dərdə davasan
O yerdə ki sən varsan
Qada-bala qovansan
Qanqa qovuş
Qada sovuş.

       Xonçalar düzəldilərdi, şamlar yanardı, üskü payları paylanardı.
       Babam xalqımızın bütün adət və ənənələrini qoruyub saxlayırdı. Mən ona çox minnətdaram. Ona görə ki, vaxtilə ondan görüb öyrəndiklərimi indi cavanlara da öyrədirəm.

       Babam bir qayda olaraq ailəni yayda heç vaxt şəhərdə saxlamazdı. Uzaqlara getməyi də sevməzdi. O istirahət üçün Abşeron bağlarını hər yerdən üstün tutardı. Hər il Pirşağı, Fatmayi, Zirə, Türkan kimi, dənizə yaxın olan kəndlərdə, yaxşı ənciri, üzümü olan böyük bağ alıb ailəni köçürərdi ora. Ancaq elə ki, biz bir az böyümüşdük, nənəm babamdan xahiş edir ki, dənizi olan bağ istəmirəm. Uşaqlar gedərlər dənizə, mənim ürəyim partlar. Sən indi gəl bir dənizi olmayan bağ al, köçək ora. Nənəmin heç bir sözü yerə düşmədiyi kimi, bu məsləhətinə də babam razı olur. Beləliklə, nənəmin qohumlarından olan Firuzun bağını alırlar. Bu bağ Maştağa ilə Nardaran arasında olan Küladüzü deyilən yerdə idi. Xan bağının lap yanında. Bağ evinin iki otağı vardı. Sonra babam böyük bir mətbəx də tikdirdi. Hər səliqəsi ilə (təndiri, ocağı, suvaxanı). Həyətdə quyu vardı, suyu şor idi. Üç böyük ağ tut ağacı damdan hündürə qalxmışdı.

       O vaxtlar bağa köçmək çox çətin idi. Çünki indiki kimi elektrik qatarı işləmirdi, rahat asfalt yollar, bağ avadanlığını aparan maşın yox idi. Ümid bircə arabaya və «malakan furqonları»na qalırdı. Arabaya ancaq əşyalar yüklənərdi. Adamlar isə qatarla Zabrata qədər gedərdilər, ordan ya ayaqla ya da qazalağla. ikinci əsas məsələ isə ərzaq idi. Gərək üç aylıq bağ vaxtı yaşamaq üçün ehtiyat apara idik. Buna görə babam dəyirmana bir kisə buğda göndərərdi. Çoxlu quyruq əridərdik, düyü, çay, qənd, quru balıq və s. alardıq. Ən çətini isə neft idi. O illərdə neft aparmağa icazə verməzdilər. Bağa gedən yollarda əsgərlər dayanıb köçü yoxlardılar, əgər tapsaydılar, alardılar. Köçən gecə nənəm səhərə qədər yatmazdı. Aparacağımız şeyləri yığışdırardı. Bağ vaxtının gəlməsini səbirsizliklə gözlədiyimdən mənim də gözümə yuxu getməzdi. Onunla bərabər oturub bacardığım işlərdə ona kömək edərdim. Ən əvvəl bir günlük yol üçün bir neçə cür xörək hazırlardı. Ən birincisi doşab halvası idi. Nənəm deyərdi ki, bir yurddan köçənd ə və o biri yurda gələndə mütləq halva bişirmək lazımdır, bu, yaxşı adət hesab olunardı.

       Səhər alaqaranlıqda üç atlı «malakan furqonu» qapıya gələrdi. Bütün qablaşdırılmış şeylər furqona qoyulardı. Üstdən isə yorğan-döşək düzülərdi. Sonra da özümüz oturardıq. Evin salamat qalması üçün bir otaq ayırıb verərdilər gözətçiyə, o da istədiyi qədər pul alardı.

       Furqon şəhərdən çıxıb tozlu-torpaqlı yollarla gedərdi. Hərə özünə rahat bir yer tapıb oturardı. Babam isə uzanıb düşüncələrə dalardı. Hərdən də təkərlər çuxura düşüb furqonu bərk titrədəndə o, huşdan ayılıb sürücünü məzəmmət edərdi. Yollar sakitlik idi. Heç bir canlıya rast gəlmirdik. Gurultulu şəhərdən sonra adama bu səssizlik çox qəribə görünürdü. Elə bil başqa bir dünyaya düşmüsən. Təsadüfən başqa bir furqonla rastlaşmağımız böyük şadlığa səbəb olurdu. Furqonlar dayanıb içərisində kimlərin olduğu və hansı bağa köçmələri haqda məlumat alardılar. Ayrılandan sonra yenə tənhalıq başlardı.

       Tozlu-mazutlu yollardan sonra yamyaşıl çöllər başlayırdı. Bu yerlərdə əsgərlər furqonu saxlayıb yoxlayırdılar. Nənəmin xalçaya bürüdüyü putluq neft qabı ən aşağıda olduğundan neftin iyi gəlmirdi. Odur ki, bu yoxlamadan salamat keçərdik. May ayında sarı, qırmızı çiçəklərlə dolu olan bu yerlər necə də səfalı olur. Tək-tək çobanlar qoyun sürülərini yamaclara yayaraq tütəkdə yanıqlı melodiyalar çalırdılar. O vaxt Ağabacı ilə mən də məktəbdə öyrəndiyimiz Üzeyir bəyin "Çoban" mahnısı»nı şövq ilə oxuyub çobanlara səs verərdik:



Bu yerlərin soltanıdır çobanlar,
Həm bəyidir, həm xanıdır çobanlar.

       Furqon dayanardı, nənəm bişirdiyi xörəklərdən süfrə açardı, hamımız belə gözəl təbiətin qoynunda iştaha ilə bu təamları yeyərdik. Yol çox uzaq idi, biz hələ axşam bağa çatacaqdıq. Ətirli güllərdən dəstə bağlayıb yenə furqona oturardıq. Atlar kişnəyir, sürücü fitlə öz malakan mahnısını zümzümə edir. Biz hamımız mürgüləyirik. Yerimiz rahat, hərə özünü başqa aləmdə duyur. Bu gözəlliyi ancaq belə bir şəraitdə səyahətə çıxmış adamlar bilərlər.

       Babam hərdən tarı əlinə alıb həzin-həzin çalardı. Hərdən də gəzdiyi, gördüyü yerlərdən, bildiyi maraqlı söhbətlərdən bizə danışardı.

       Çox maraqlıdır ki, babam tək musiqiçi yox, incəsənətin bütün sahələrilə maraqlanan bir şəxsiyyət idi. O, poeziya vurğunu idi. Azərbaycan dilində, Fars dilində çoxlu şer deyərdi, bəlkə özünün də yaradıcılığı vardı, bu sahədə belə məclislərdən geri qalmazdı. Onun rəssam sənətinə olan sevgisi çox maraqlı idi. Evimizdə məşhur rəssam Şişkinin bir neçə böyük, rəngli əsəri vardı. «Meşədə» rəsmi qonaq otağında asılmışdı. «16-cı Lüdovikin ailəsi», «Göz bağlıca oynayan qızlar», «Nuhun gəmisi», «Təlatümlü dəniz» kimi rəsmlər, bundan başqa iki böyük albomda məşhur rəssamların əsərləri vardı. (Indi də evdə qalır). Bunlardan əlavə o özü də rəssamlar haqqında çoxlu məlumatları toplamışdı.

       Onun yolda furqonda danışdığı iki söhbəti heç vaxt unutmuram.
       Bir otağın ortadan pərdə ilə ayrılmış iki ayrı-ayrı hissəsində, iki rəssam hərəsi bir imarət şəkli çəkməli imiş. Onlardan biri hər gün gəlib rəngli boyalarla gərgin işləyir, o birisi isə lövhəyə bir eyni rəng çəkib parıldadırmış. Vaxt başa çatanda birinci rəssamın çox cözəl çəkdiyi imarət şəkli hazır olur. Ikinci rəssam isə hələ də lövhəni parıldatmaqda davam edir. Işlərə baxmaq vaxtı gələndə aradakı pərdə qaldırırlır. Birinci rəssamın rəngli boyalarla çəkdiyi şəkil çox bəyənilir. Ikinci rəssamın çəkdiyi lövhəyə baxdıqda isə qeyri-adi görünən bir imarət şəkli hamını heyran edir. Bu rəssam lövhəni o qədər ustalıqla parıldatmışdı ki, birinci rəssamın çəkdiyi imarət şəkli ikincinin ayna lövhəsi üzərinə düşüb əks edirmiş. Həmin yarışda qeyri-adi istedada malik olan ikinci rəssama üstünlük verilir.

       Içərisi su ilə doldurulmuş bir hovuz şəkli o qədər canlı, təbii görünürmüş ki, su aparmağa gələn adam əlindəki şüşə dolçanı suya batırmaq istəyəndə şüşə lövhəyə dəyib sınır. (Heyif ki, rəssamların adları yadımda qalmayıb).

       Axşam çağı bağımıza çatırdıq. Yolumuz nə qədər rahat və maraqlı olsa da yenə mənzil başına çatanda yorğun olurduq. Məlikrza adında bağbanımız ailəsi ilə bərabər evləri təmizləyib, ağardıb yolumuzu gözləyirdilər. Bu vaxt babamın ən əsas vəzifəsi sevimli nəvəsi Ağabacı üçün evin yel çəkməyən hissəsində yer düzəltmək idi. Qamışdan düzəlmiş yüngül bağ çarpayısı onun üçün qoyulardı, o bu uzun yoldan sonra mütləq rahatlanmalı idi. Inəyi olan qonşuya hər gün süd gətirmək sifariş olunardı. Çatan kimi nənəm bir tava halva bişirməyi unutmazdı. Furqonumuzu görüb sevincək görüşümüzə gələn qonşulara quru balıq, sabun, çit parça kimi hədiyyələr verməyi nənəm özünə borc bilərdi. Belə şeylər kəndlərdə tapılmazdı. Odur ki, ən yaxşı sovqat bunlar idi. Bir də ki, bağlar o vaxt hasar, divar içərisində saxlanmazdı. Yarım metr hündürlükdə daşdan düzəlmiş çəpərlərlə bağlar bir-birindən ayrılırdı. Hara kim gəlsə idi, hamı görərdi. Bircə xan bağı qonşu bağlardan hündür hasarla ayrılmışdı. Bağlarda indiki kimi işıq, qaz yox idi . Axşam olçaq onluq lampa yandırardıq. Böyük mətbəxdə yeməklər ocaqda hazırlanardı. Həftədə bir dəfə qonşu qadın gəlib təndirdə bizim üçün çörək yapardı. Axırda isə isti küpün içərisinə nənəm quru Ənzəli balığını yaş kağıza bürüyüb basdırmağı yaddan çıxarmazdı. Isti çörəyin ətri ətrafı bürüyərdi.


       Ağabacı bağda çox darıxardı. Onun gündəlik həyatı nəzarət altında olurdu: belə ki, ona bağın içərisinə çıxmaq olmaz, çünki gün vurar, qum üstündə ayaqyalın gəzmək olmaz, çarhovuzda çimmək olmaz, soyuq dəyər, heç bir iş görmək olmaz. Bir sözlə, babam onu uşaqlıq çağlarının ən gözəl nemətlərindən məhrum etmişdi. Ağabacıya bağda ancaq bir iş tapşırılardı. Hava bəzən çox isti olurdu, nəfəs almaq mümkün olmurdu. Onda ona deyirdilər ki, dur ağacı tərpət, üç dəfə deginən:

Mən anamın ilkisiyəm,
Ağzı qara tülküsüyəm
Gilavar yat, xəzri qalx.

       Bunu edəndən sonra doğrudan də sərin yel əsməyə başlardı. Axşam üstü olanda səkiyə xalça salar, samovar qoyub çay içərdik. Babam durub evə keçər və balaca şalı gətirib Ağabacının çiyinlərinə salardı, birdən soyuq dəyər. Görün ilk nəvə onun üçün nə qədər əziz idi. Onu hər şeydən qoruyardı. Çox təəsüf ki, göz bəbəyi kimi qoruduğu bu mələk xasiyyətli, saf, təmiz ürəkli nəvəsinə sonralar haqsız yerə hücum edən alçaqların qarşısını ala bilmədi. Buna onun ömrü çatmadı, çünki, o, 48 ildi ki dünyadan köçmüşdü.

       Bağda bizə babamın həmkarları gələrdilər. Islam dayı, Məmməd Hənifə, Məşədi Məmməd Fərzəliyev. O gələndə evdə ayrı şənlik olardı. O, babamla həmkar olmuşdu, dostluğu da unutmurdu, birgə qramafon valına yazılmışdılar. O deyərdi ki, «Mirzə Fərəc, doğrusu, səninçin darıxmışam, sənin tarının səsini eşitmək, şirin barmaqlarını görmək istəyirəm, onuncun gəlmişəm, keçən günlərimizi bir az xatırlayaq».

       Evimizin gün batan tərəfində səki bir az hündür idi. Ora xalça salınardı, yeməkdən sonra çay süfrəsi düzələrdi. Daşları babamın xüsusi sifarişi ilə ağ və qırmızı sümükdən hazırlanmış nərd ortaya gələrdi. Onu da deyim ki, nərd oyununda babam mahir usta idi. Onu heç kim uda bilməzdi. Nərddən sonra tarı əlinə alıb ən sevdiyi «Rast» dəstgahını çalmağa başlardı. O vaxt elə məğrur görünərdi ki, elə bil ki, nəyi isə fəth etmiş, bir döyüşdə qələbə çalmışdı. Bu vaxt yüksək bir əhval-ruhiyyə içərisində olurdu, dodağı bir az qaçırdı. Gülər gözlərinin ucu ilə Məşədi Məmmədə baxıb azca başını tərpədərdi. «Üşşaq»ı çalanda ayrı zövq keçirərdi. Çünki burada özünün şirin melodiyaları, xalları səslənirdi. Belə bir şövq ilə çalınan muğam dəstgahından həzz alan Məşədi Məmməd oxumağa başlardı. Səs ətrafa yayılardı. Bu səsi eşidən qonşular axşam düşməsinə baxmayaraq bir-bir, iki-bir gəlib səkinin gövrəsində oturardılar. Məclis böyüyərdi. Beləliklə, aylı axşamçağı başlamış musiqi məclisi bəzən səhərə qədər uzanardı. Babamda nə isə qeyri-adi bir hal vardı ki, o, çaldıqca daha da ilhama gələrdi, qüvvətlənər, heç vaxt yorulmazdı. Ələlxüsus tək olmayanda. Maştağalılar muğamı sevən, yaxşı bilən, tarzən və xanəndələrə öz qiymətini verə bilən musiqiçi xalqdır. Onların 10-12 yaşında uşaqlarının bülbül ikim cəh-cəh vurub oxumaları indi də qulaqlarımda səslənir.

       Nənəmin «Xingallar» adı ilə tanınan əmisi uşaqları, Səttar, Qulammirzə (müharibədə həlak oldu), qardaşı Ağarza, Ataməli, Necəfəlinin oxuduğu şirin muğamları kim unuda bilər? Səttarın bu məclisdə qəsdən çox yanıqlı səslə oxuduğu «Segah» muğamını Məşədi Məmməd təriflərdi. Məşədi Məmməd bir neçə gün bizdə qalardı və hər axşam belə musiqi məclisləri keçirilərdi. Nardaran kəndi bizə çox yaxın idi. Bizim xəzriyə baxan rəncərədən kəndin məktəbi aşkar görünərdi. Şələkət (sakit) havada bu çal-çağır səsinə o ətrafdan gələnlər də olurdu. Belədə məclis daha da maraqlı keçərdi. Hərə öz istedad və bacarığını nümayiş etdirərdi. Gələnlər arasında yaxşı qəzəl deyənlər də olurdu. Çox maraqlı söhbətlər, musiqiyə, muğama aid sual-cavablar başlanardı. Babam bildiklərini əsirgəməzdi. Gördüklərini, eşitdiklərini, səfər zamanı tanış olduğu bilici, maraqlı adamlardan çox həvəslə danışardı. Sonra da xahişlə bir muğam dəstgahı başlardı. O vaxt heç kimin cınqırı da çıxmırdı. Ayın aydınlığında bu qeyri-adi musiqi məclisinin bir ay rı aləmi olardı. Hələ mən qatarla əkilmiş əncir ağaclarının arxasında oturub bu şənliyə qulaq asan qadın və uşaqları demirəm.

       Bağda həyətimiz dördüncü hasara alınmışdı. Həyətdə üç böyük ağ tut ağacı və bir əncir ağacı vardı. Enli qazılmış quyunun suyu şor idi, ancaq buz kimi olurdu. Odur ki, qarpızı, yağı, əti və üzümü səbətlə iplə sallardıq quyuya ki, sərin qalsın.

       Babam böyük bir hovuz tikdirdi, ona «dəryaca» dəyərdi. Qonşu uşaqlar hər gün uzunqulaq gətirib dol ilə (soyulmuş inək dərisi idi, bir tərəfdən iplə bağlanmışdı, içərisi uzunsov 20-30 vedrə su tutan boşluq idi) quyudan su çəkib çarhovuza tökərdilər. Oradan dəmir boru ilə suyu hasardan kənara aparıb bizim boş, ağacsız, meyvəsiz yerimizdə əkdikləri xırı suvarardılar. Odur ki, hovuzda hər gün təmiz su olardı. Mənə də ancaq bu lazım idi. Buz kimi suda hər gün bir neçə dəfə çimərdim. Bir dəfə bərk xəstələnmişdim. Nənəm mənə anasının adını verdiyi üçün çox sevirdi. Mən də ondan ayrılmazdım. Mənim istəyim onun üçün qanun idi. Qızdırmam artmışdı, ağlayırdım, başım ağrıyırdı. Nənəm mənə baxıb ağlayırdı. Elə bilirdi ki, indi öləcəyəm. Bütün bildiyi müalicəni edirdi. Alnıma gülabda isladılmış kirşan çəkdi, üzərlik yandırdı, bədənimi sirkə ilə ovxaladı. Keçdi mətbəxə ki, mənim üçün umac bişirsin. Mən yataqda uzanıb həyətə baxırdım, alov kimi yanırdım. Birdən hovuza gözüm düşdü, özümü bilmədim, cəld durub oraya qaçd ım və buz kimi təzə doldurulmuş soyuq suya atıldım və dünəndən həsrətlə baxdığım suda üzməyə başladım. Suyun səsinə çıxdılar, böyük bir hadisə olubmuş kimi həyəcan qopardılar. Nənəmin qorxudan ürəyi xarab oldu. Hamı dedi ki, mən indi ölərəm. Hovuzdan məni çıxardılar, yatağa saldılar. Mən isə elə yaxşı olmuşdum ki, bütün ağrılar, qızdırma hamısı keçmişdi, tatamilə sağlam adam idim. Bu hadisəni uzun müddət təəccüblə qonşulara danışdılar.

       Bağımızın qurtaracağında bir quyu vardı. Suyu qayadan çıxırdı, şollar suyu kimi təmiz və şirin idi. Bütün qonşular çay üçün buradan su aparardılar. Bir vedrə qoymuşdu babam orada, deyərdi ki, su «ehsandır», qoy aparsınlar. Evin yanında yerdən «şirəxək» çıxırdı. Sıxılmış üzüm şirəsinin içərisinə torbada bu şirəxəkdən töküb səhərə qədər saxlardılar ki, şirənin turşuluğu çəkilsin, sonra bu şirədən doşab bişirərdilər. Yaxşı doşab ancaq Abşeronda bişirilərdi. Çünki hər üzümdən istifadə etmək olmaz. Onun üçün şanı, şirəyi, sarıgilə üzümü lazımdır. Bir növ əhəngə bənzəyən ağ şirəxəki qayanın alt qatından ovub çıxarardılar. Çəkiclə, balta ilə. Ovuntu olardı, qida sodasına oxşardı. Bütün ətraf şirəxəki bizdən aparardılar. Bəzən də qonşular onu ağır boğaz ağrısında işlədirlər. Su ilə qarışıb parçaya yaxır, boğaza bağlardılar. Xəstəlik tez keçərdi.

       Bizim bağdan bir az o yana Xan bağı idi. Bağın qarşısındakı yolda hündür ağ qum təpəsi vardı. Həmin yol bizim bağın kənarı ilə birbaşa Nardarana gedirdi. Axşamüsti babam darıxanda mənimlə qardaşım Nəsirə deyirdi ki, durun aparım sizi qum üstünə. Buranı biz də sevərdik. Hasarın üstünə qalxıb qumun üstünə atılardıq. Babam da oturub xəyala dalardı. Bu yerdən azca kəndə sarı qədim ovdan vardı. Içərisində pillələri salamat qalmışdı, suyu da vardı. Hərdən ora aparardı, baxardıq.

       Bəzən Qurban bayramı bağ vaxtına düşərdi. Babam iki qoyun alardı, biri qara, biri ağ. Birinin hamısını paylardıq, o birini özümüz yeyərdik. Qoyun kəsilməmişdən əvvəl bəzənməli idi. Onu mənə həvalə edərdilər. Ağ qoyunun kəlləsinə və kürəyinin ortasında həna qoyardım, qızarardı, gözlərinə anamın sürmədanından milçi ilə sürmə çəkərdim. Sonra qoyunun ağzına bir parça qənd verərdim. Onu böyük tut ağacının altına gətirərdilər. Qoyunu kəsmək üçün isə bazardan adam çağrılardı. Axırda aynanı qoyunun gözü qabağına tutardıq ki, özünü görsün. Bu bəzək ayini qurturardı. Babam mənimlə qardaşım Nəsiri götürüb bağdan uzağa aparardı, qoymazdı baxaq. Qoyun kəsiləndən sonra gələrdik. Ustünə qırmızı məxmərdən örtük örtülmüş balaca padnosda ət payı paylardım qonşulara.

       O illərdə bağlara çoxlu qaraçılar gələrdilər, uşaqları üçün paltar, pul yığıb aparardılar. Su içmək üçün isə bizim həyətə girərdilər. Babam onlarla qaraçı dilində danışardı. Qaraçılar buna təəccüb edərdilər. Ancaq o vaxt bu dili haradan öyrəndiyini soruşmadığım üçün indi peşimanam. Ərəb-fars dillərini isə Iranda neçə vaxt yaşadığı vaxtda öyrənmişdi. Erməni dilində sərbəst danışırdı. Deməli, mənim savadsız babam altı dil bilirdi.

       Babamla əlaqədar məzəli əhvalatlar olub.
       Maştağa bağında olanda bir axşam bizə oğru gəlir. Yaxşı ki, biz həmişə evdə yatırdıq, qapıları da bağlayırdıq. Axşam neft lampası yandı, qapılar bağlanırdı. Oğru zivədən asılmış paltaları yığanda gül ağacının altında qoyulmuş dəmir çarpayının mıxı ayağına möhkəm batır. Səhər biz qapını açanda paltarları görmədiyimiz üçün bildik ki, oğru gəlibmiş. Bunu qonşular bildilər və ləpiri tanıyan adamı çağırdılar. Belə görünür ki, kəndin daimi oğruları varmış, onların ayaqlarının ləpirini ayırd eləyən adam da varmış. O adam dedi ki, bu ləpir oğru Əliağanındır. Bu əhvalatdan xeyli keçmişdi. Bir dəfə babam qardaşım Nəsiri götürüb kəndə hamama gedir. Geyinərkən ayağı sarıqlı bir adam gəlir. Hamamçı ondan soruşur ki, nə olub belə axsayırsan, ay Əliağa? Cavab verir ki, getmişdim Mirzə Fərəcin evinə bəlkə bir xeyrə çatam, ancaq qaranlıqda ayağıma mıx batdı, indiyəcən sağalmayır. Üzdən babamı tanımayan oğru ehtiyatsızlıq etmişdi. Hamamçı him-cimlə oğruya işarə edir, oğru tez hamamdan çıxıb qaçır. Bu əhvalat babama o q ədər təsir etmişdi ki, hər dəfə ondan ləzzətlə danışardı.

       Pirşağı bağlarında istirahət edən ildə (onda mən körpə olmuşam) şəhərdən babamın yanına çoxlu həmkarları gəlirlərmiş. Belə qonaqlığın birində iki qoç alır, birini kəsirlər, yeyib-içib sübhə kimi oxuyub-çalıblar. Sabahısı ikincisini tövlədən gətirmək istəyirlər ki, kəssinlər, görürlər təzə soyulmuş dərisi, bir də ayaqları qalıb. Bunlar evdə şənlik edəndə tövlədə də qoçu kəsib soyub aparıblar.

       1934-cü ildə musiqi məktəbində oxuyanda muğam müəllimimiz Mirzə Mənsur bacım Ağabacı ilə mənə məzəli bir əhvalat danışdı: «Baban Mirzə Fərəc Pirşağıda yaxşı səliqəli bir bağ alıbmış. Oraya əvvəllər minik yox idi. Torpaq yolla araba, fayton, qazalaq gedərmiş. Baban bir gün fayton tutub sevimli arvadı Güləndamla bağa gedir. Nənənin gözəl-göyçək, kök, çağ vaxtları imiş, qəşəng də geyinibmiş. Rəhmətlik arvadını ayrı cürə saxlardı. O, faytonçunun nəzər-diqqətini cəlb edir, tez-tez dönüb arxaya baxırmış. Çox sayıq olan baban buna dözə bilməyir, axırda təngə gəlib əmr edir ki, saxla faytonu. Sonra da nənənə deyir ki, dur düş faytondan. O da düşür. Baban əl atıb çarşabı götürür onun başından və faytonçuya açıqla deyir: «Ay kişi, bax indi bu xanıma nə qədər istəyirsən, nə vaxt baxmaqdan doydun, sürərsən gedərik. Yoxsa yollar dərə-təpədir, bizi dərəyə salarsan.» Çox pərt olmuş faytonçu min dəfə üzr istəyir. Yəqin belə bir müsəlman kişiyə birinci dəfə imiş ki, rast gəlirmiş. Sonra Mirzə Mənsur əlavə etdi ki, «bel ə hadisələrdən baban mənim üçün çox danışıb. Vaxt olar yenə sizə danışaram, sağlıq olsun. Ancaq onu da deyim ki, Mirzə Fərəc dərya idi. Çox biləndi, çox da hazırcavab idi. Özünü belə yerlərdə itirməzdi. Hər sahədə dərin idi. Bütün tarzənlər də ondan elə bu xasiyyətinə görə çəkinərdilər.»

       Babam Mirzə Mənsuru özünə ən yaxın dost bilərdi, onun alicənablığına inanardı. Odur ki, heç evdə danışmadığı əhvalatları ona danışarmış. Mənim yenə də səhvim olub ki, Mirzə Mənsurdan babam haqqında sorğu-sual eləməmişəm. Onun haqqında Mirzə çox şey bilirdi.

       Bakıda, indiki Füzüli meydanında 1920-ci illərdə taxtadan çoxlu bəzzaz malları satan cərgə ilə düzülmüş dükanlar vardı (xalq arasında onlara sadəcə olaraq «butqalar» deyirdilər). Sonralar oranı söküb çəmənlik, güllük düzəltdilər. Bir tərəfdə, üzü M.Əliyev küçəsinə baxan güncdə böyük bir otaq vardı. Içərisində taxtadan uzun masa və yanında taxta skamya qoyulmuşdu. Xanəndə və sazəndələr oraya yığışıb oturardılar. Mən oranı görmüşdüm. Nərd oynayırdılar, gündəlik yeniliklərdən bilənlər bilməyənlərə nəql edərdi. Bir də müştəri gözlərdilər. Toyu, nişanı olanlar musiqiçi lazım olsa, oraya gələrdilər. Burada bir dəfə babamla əlaqədar məzəli və bir az da qorxulu əhvalat olur. Adi qayda üzrə, hərgünkü kimi burada oturub söhbət edirmişlər. Bu vaxt məzə üçün biri deyir ki, «üzündə xalı var», o biri deyir: «Nə xoş cəmalı var», babam qapı ağzında oturub küçəyə baxırmış. Bu dəmdə bir kök, alçaq rus jandarmı sinəsi medallarla bəzəkli halda oradan keçirmiş. Babam qeyri-ixtiyari olaraq deyir: «Bu köpək oğlunun nə çox me dalı var.» Jandarm ona atılan sözü başa düşür, «çto, çto» deyib iki pilləni qalxıb tez içəri girir, yaxşı ki, həmkarları babamı gizlədirdilər, xəta sovuşur.

       Bir dəfə Güləndam nənəm öz dayısı qızı, həm də qudası olan Şəhrəbanu nənəmi görməyə gedir (anamın anası). Onlar Mustafa Sübhi küçəsi, 159 nömrəli evdə yaşardılar. Axşam çağı evə qayıdanda Yuxarı priyut küçəsinin (Ketsxoveli) tinində yaşayan qoçu Necəfqulunun evinin qarşısından keçir. Necəfqulu qapıda dayanıbmış. Nənəm də hündürdaban ayaqqabı geyib, nazik çarşab örtübmüş. Bütün bunlar qoçunun diqqətini cəlb edir. Müsəlman arvadı belə bir geyimdə nə hünər eləyib saymazyana gedir. Qan vurur başına, əvvəl istəyir ki, tapanca ilə vursun. Sonra fikirləşir ki, qoy düşüm dalınca, görüm bu kimdir, hansı evə gedəcək. Nənəm Aşağı priyut küçəsi (Kamo) 95 ¹-li evə çatır (Kamo), içəri girir. Necəfqulu babamın evini çox yaxşı tanıyırdı. O, zəngi vurur. Xidmətçimiz Hacıbaba qapını açır, görür ki, əlində nağan tutmuş bir kişi açıqla deyir: «Mirzə Fərəcə de ki, Necəfquludur, onu görmək isətyir.» Babam gəlir qapıya, bilir ki, nə isə var. Qoçu çox həyəcanla deyir: «Fərəc əmi, yaxşı ki, övrət sənin qapına girdi. Ayrı qapı ya girsəydi, bir gülləyə onu qurban edəcəkdim. Axı, biz də özümüzə görə bir kişiyik. Belə geyimdə küçəyə çıxmaq olar?» Babam səssiz onun cibinə pul qoyur, iş düzəlir. Nənəm ondan sonra daha faytonsuz heç yana gətməzdi.

       Bakıda erməni-müsəlman qırğını zamanı babam bütün ailəni nənəmin Maştağada yaşayan məşhur «Xingallar» adlanan əmisi oğlu Qasıməligilə aparır. Maştağalılar çox qoçaq idilər, bütün yolları kəsib erməniləri kəndə buraxmırdılar. Gecə-gündüz silahlı keşikçilər mərdlik göstərirdilər. Bir müddətdən sonra özümüzlə aparılan ərzaq qurtarır. Firavan yaşamış ailə körluq çəkir. Şəhər evində isə hər şey vardı, ancaq ora getmək qorxulu idi, yolda öldürə bilərdilər. O vaxt Maştağada çay, qənd heç tapılmırdı. Maştağalılar quru ənciri od üstündə qovurub çay kimi dəmlərdidər. Babam buna dözməyir, məcbur olur şəhərə gəlsin. Bacardığı qədər ərzaq, çay, qənd, şokolad, yığıb kəndə gəlir. Zabrata qədər vaqonla, sonra isə kəndə qədər ayaqla gəlir. Xeyli getdikdən sonra görür ki, bir nəfər üzbəüz gəlir. Çox qorxur, fikirləşir ki, ermənidir, indi məni öldürəcək. Böyük heyəcan kiçirir, getdiyinə də peşiman olur. Gələn adam lap yaxınlaşanda görür ki, bir cavan türk zabitidir. O vaxt türklər Bakıda idilər. Babam sevindiyindən bilmi r nə etsin, çantadakı çaylardan, şokoladdan ona verir. Bununla kifayətlənməyib cibindən qızıl saatını da açıb zabitə bağışlayır. Səmimi görüşüb ayrılırlar. Zabit səmimi təşəkkürünü bildirir. Babam sonra da xeyli nəzir-niyaz paylayır ki, bu xatadan salamat qurtarıb.

       Babam 1927-ci ildə vəfat edəndən sonra hər yay həmin bağa köçürdük, ancaq babamsız.
       Bir hadisə isə heç yadımdan çıxmayır. Bağdan köçəndə qazalağa oturduq. Qazalağa bir at qoşulurdu. Uzun yola çıxandan sonra haradansa bir qazalaq gəlib bizimkini ötdü. Bu, bizim sürücüyə çox toxundu. Başladı atı səsləməyə. Elə bil at da elə onu gözləyirdi. Başladı qaçmağa, yollar əyri-üyrü, sürücü ilə, birgə faytonda 8 adamıq. Babam acıqlandı. Ancaq güya təhqir olmuş sürücü heç qulaq da asmadı. Dedi ki, necə yəni onun «əfəl» atı mənim «ceyranımı» keçsin, buna dözmərəm. Onu tanıyıram, sonra kənddə məni biabır edər. Elə bu vaxt yazıq at dözməyib üzü üstə yerə dəydi, burnunun üstündən qan fışqırdı. Babam, ürəyi zərif adam bilmirəm buna necə dözdü. Biz yerə yıxılmadıq, ancaq qazalağın içində bir-birimizə dəydik. Böyük fəlakətdən qurtardıq. Ancaq o atın elə yaralanması, qəddar sürücünün üzündən əziyyət çəkməsi heç vaxt yadımdan çıxmayır. Ondan sonra daha babam bizi qazalağa mindirmədi.

       Səhv etmirəmsə, 1932-ci ildə Maştağaya şosse yolu çəkilməyə başladı. Sonra da elektrik qatarı işlədi. Bağa getmək bir qədər rahat oldu. O da yadımdadır ki, elektrik qatarında bağa gedəndə dayanacaqlardan biri indi «Muxtarov» adlanır. Atam ayağa qalxardı, orada olan çoxlu neft buruqlarından bir neçəsini göstərib dəyərdi ki, baxın, bu buruqlar bizimki idi, o biriləri isə Mirtağının. Mən buraya hər dəfə gəlib işçilərə maaş verərdim. Deməli, tədqiqatçıların dediyi kimi, Mirtağının neft buruqları Sabunçuda yox, Muxtarovda imiş. Orada olan babamın neft buruqları da ona toyda Mirtağı ilə oxuyub çalanda toy yiyəsi tərəfindən verilmiş quyular idi.

       Babamın bankda çoxlu pulu var idi. Görünür, bu, neftdən gələn pullar imiş. Ancaq Azərbaycanda Sovet hökuməti qurulanda pullar dövlətə keçdi. Babam hərdən yada salıb çox heyfsilənərdi. Evdə bir dəmir kassa sandıq vardı. Onun çox gizli açılıb bağlanan qıfılı vardı. Aşağı tərəfdə altdakı küncdə heç bilinməyən bir balaca dairəvi yer vardı. Ucu sivri bir əşya ilə basılmasaydı açarı nə qədər çalışsan da burulmazdı, açılmazdı. Onun künclərindən yerə mıxlamaq üçün yerlər vardı, onu yerə bərkidəndə götürmək də olmazdı. Içərisində həmişə pul olurdu. O vaxt, yəni 1919-cu ildə qəribə pullar vardı. Böyük palas böyüklüyündə, 25-liklər, 100-lüklər. Işlədəndə, xərcləmək lazım olanda qayçı ilə neçəsini kəsib götürərdilər. Uzun müddət o pullar bizdə qaldı, nənəm onları bağa köçəndə aparardı, palasın altından döşəməyə sərərdi. O dəmir kassada bir də gözəl xətlə yazılmış veksel vardı. Üstündə Kəblə Ağabala yazılmışdı. Mən onu 1960-cı illərdə artıq bir şey kimi cırıb atdım. Ancaq indi səhvimi başa düşmüşəm. Gərək yadigar q alaydı, o bir qiymətli tarixi sənəd idi (görünür, Ağasəidoğlu Ağabalanın adına imiş).


III – YARADICILIQ YOLLARINDA

       Mirzə Fərəc 14-15 yaşında olanda Bakıya Şiraz şəhərindən 5 simli tarı ilə gəlmiş Əli Şirazlidən tarda çalmağı öyrənir. Elə bil bu xalq çalğı aləti onun taleyinə yazılmışdı. Çox ürəklə həvəslə, səy ilə, gecə-gündüz çalıb ona məftun olur. Özünün istedadı sayəsində tez bir zamanda gözəl tarzən olur. Ancaq çalğı əsasında hiss edir ki, daha bir simin olması tələb olunur. Tarın səsini dolğunlaşdırmaq və tembrini gücləndirmək üçün 6-cı simin olması mütləq idi. Odur ki, Mirzə Fərəc 6-cı ağ kök simi əlavə edir3.

       Fars xalq musiqisinin tədqiqatçısı Elza Zonis «Klassik fars musiqisi» kitabında yazır ki, tara 6-cı simi məşhur Iran tarzəni Dərvişxan əlavə etmişdir. Onun əsl adı isə dərviş Qulam Hüseyndir (1250-1306 hicri). O, tarzəndir. Tehran darülfünunu bitirmişdir4.

       6-cı simin tara salınması ola bilər ki, Mirzə Fərəcin şəxsi təşəbbüsü və yaradıcıllıq axtarışlarının nəticəsi kimi ortaya çıxmışdır. Ancaq onu da nəzərə almaq lazımdır ki, «6-cı sim» ideyası o vaxtlar Cənubi Azərbaycanda, Iranda da yayılmışdır. Çox ola bilsin ki, Iranda yaxın yaradıcılıq əlaqəsində olan Mirzə Fərəc tara 6-cı simin əlavə edilməsi ideyasını Iran Həmkarlarından almışdır. Sonrakı illərdə Şuşada Sadıq Əsəd oğlu tarı dəyişdirmiş və simlərini II-ə çatdırmışdır.

       Mirzə Fərəc tara sadəcə olaraq çalğı aləti kimi baxır. Onda musiqi mədəniyyətimizin keçmişini və gələcəyini görürdü. Babam musiqi nəzəriyyəsini, muğamların mənşəyini, tarixini dərindən öyrənməyə çalışır. Bu məqsədlə o, bir neçə il Iranda yaşayır ki, ərəb və fars dillərini mükəmməl öyrənsin. Orada ustad tarzən, kamançaçı və xanəndələrlə: tarzən Huseynqulu xan, tarzən Bəylər (Tehranda təhsil almışdı), kamançaçı Mirzə Səttar (1879-cu ildə Bakıya köçüb), kamançaçı Əlicanbəy, xanəndə Bala Cəfər, xanəndə Mirzə Ağacanla görüşür. Onlardan muğam dəstgahlarının tərkib hissələrini, quruluşunu öyrənir. Qədim yunan filosofları Əflatun, Ərəstun, Əbu Nəsr Fərabi, Əbu Əli Ibn-Sina (980-1037) kimi tarixi simaların əsərlərini və orta əsr risalələrinin oxutdurub qulaq asırmış. Çox təəsüf olsun ki, o savadsız idi.

       Əski əlifba ilə təkcə adını və familini yazmağı atam ona öyrətmişdi. Ona görə ki, bəzi yerlərdə bu ona çox lazım olurdu.
       Ancaq bunun müqabilində təbiət ona çox fitri istedad, kəskin yaddaş vermişdi. Bir dəfə eşitdiyi beyninə həkk olub qalırmış.

§ 1. Səfərlər, görüşlər

       Mirzə Fərəc məşhur bir tarzən kimi ad-san qazanır. Toy-şənlik məclislərinin iftixarı olur. O, tək Bakıda, Abşeronda deyil, Azərbaycanda, Qafqazda, Orta Asiyada da tanınır. Tez-tez uzaq səfərlərə gedir. Odur ki, xalq ona Mirzə Fərəc deyə xitab edir. Iran xanlıqlarından vaxtaşırı dəvətnamələr alır. O, bir səfərlə əlaqədar çox gülməli bir əhvalat danışmışdı. Iranda bir xan musiqi məclisi düzəldir. Bakıdan Mirzə Fərəci dəvət edir. O da ən sevdiyi dostu həmkarı xanəndə Ağasəid oğlu Ağabala ilə gedirlər. Məclisdə babam bir «Rast» dəstgahı çalır. Ancaq xanın üzündən görür ki, o narazıdır. Keçir başqa muğama. Xan yenə də razı qalmayıb üz-gözünü turşudur, yanın da oturmuş adama dönüb «Çə» (farsca «yox») deyir. Babam tez başa düşür ki, bu xan muğam başa düşən xanlardan deyil. Onu mütrüb sayağı yüngül musiqi ilə əyləndirmək lazımdır. Durur ayağa qavalı alır əlinə və keçir xanın qarşısına başlayır fars dilində oxumağa:

Bu mənim gözüm
Bu mənim qaşım
Oramı yellətmə
Buramı yellətmə

       Xan bunu eşidən kimi qəh-qəh çəkib gülür. «Xub-xub» deyir, sevinir. O, bu meyxana tipli mahnını başa düşür, bəyənir və çoxlu baxşış da verir. Bu söhbəti evdə babamdan eşitmişəm.

       Babam çox həssas, ayıq, məclisi ələ almağı bacaran, hər kəsin öz dilini bilən bir sənətkar idi.
       1904-cü ildə Pəhləvi (Ənzəli) şəhərindən Kəblə Mömin Xandan teleqram alır, onu toy məclisini aparmaq üçün dəvət edirlər. Xanəndə Ağasəid oğlu Ağabala ilə Irana gedirlər. Toy mərasimi qurtarandan sonra şəhər klubunda bir ay konsert verirlər. Böyük müvəffəqiyyətlə keçən bu konsertin səsi-sorağı Rəşt şəhər hökmdarına Səmsam-əd-dövləyə çatır. Onu Bakı musiqiçiləri çox maraqlandırır, onları görmək istəyir. Bu məqsədlə babamın dəstəsini sarayına dəvət edir. Sarayda geniş bir musiqi məclisi qurulur. Saray addamları, Iranın məşhur çalıb-oxuyanları, adlı sanlı qonaqlar bu məclisə toplaşırlrar. Bu təntənəli məclisdə hökmdar Bakı və Iran musiqiçilərinin müsabiqəsini təşkil edir. Müsabiqənin şərtləri belə idi ki, bakılılıar əgər məğlub olsaydılar bir daha Irana ayaq basa bilməyəcəkdilər.

       Məclisdə hökmdarın işarəsilə qabaqca Iranın musiqiçiləri çalıb-oxuyurlar. Axırda babam bir dəstgah çalmağa başlayır. Xeyli çalandan sonra görür ki, Iranın musiqiçiləri bir-bir durub gedirlər. Uzun müddət çalınan bu «Rats» dəstgahı məclisdəkilərin hamısını, eləcə də hökmdarı heyrətləndirir. Beləliklə babamgil bu çox gərgin yarışda qalib çıxırlar. Ayrı cürə də ola bilməzdi. Ulu, mötəbər mənbələrdən muğamların sirrlərini kəsb etmiş Mirzə Fərəc bu yarışa qədər 40 ildən artıq əlində tutduğu etibarlı tarı ilə belə sınaq meydanlarından dönə-dönə zəfərlə qayıtmışdı.

       Hökmdarın göstərişi ilə üzərinə zərli parça örtülmüş böyük bir xonça babamın qarşısına qoyulur. Örtüyü qaldıranda xonçada sədəflə bəzədilmiş bir tar görünür. Tarın çanağında və kəlləsində Şiri-Xurşid (Iran dövlətinin gərbi) sədəflə həkk olunmuşdu. Tarzənə bundan artıq qiymətli mükafat nə ola bilərdi!..

       Mirzə Fərəcin bu məclisdə tək özünü yox, bütün Azərbaycanı, Bakı musiqi ictimaiyyətini təmsil etdiyi üçün bu mükafat Bakı tar məktəbinə verilən mükafat idi.

       Babamın bu ən qiymətli yadigarı olan tarı indi Azərbaycan EA-nın tarix muzeyində saxlanılmaqdadır5.
       Mirzə Fərəcin belə maraqlı səfərlərindən biri 1886-cı ildə Şamaxı şəhərinə olmuşdur.
       XIX-cu əsrin ikinci yarısında məşhur şairlər yetişdirən Şamaxıda Beytüs-Səfa ədəbi musiqi məclisi fəaliyyət göstərirdi. Bu məclislə yanaşı Şamaxıda dövlətli və alicənab şəxs olan Mahmudağa Əhmədağa oğlu Məmmədzadənin təşkil etdiyi xüsusi musiqi məclisi yığıncağı da vardı. Bu məclisin əhəmiyyəti onda idi ki, o, xanəndə və sazəndələr üçün geniş yarış meydanına çevrilmişdi. Hər musiqiçi ora ayaq basa bilməzdi. Mahmudağa muğamlara çox yaxşı bələd idi. Ona görə hər sənətkarın qiymətini düzgün verə bilirdi. Odur ki, onun musiqi məclisinə ancaq yüksək musiqi mədəniyyətinə malik olan bacarıqlı, bilici, istedadlı musiqiçilər gedərdilər. Mirzə Fərəc öz quvvəsinə və sənətkarlığına inandığı üçün bu dəvətnaməni qəbul edir. O, bu məclisdə oranın daimi üzvü olan məşhur xanəndə Mirzə Məhəmməd Həsənlə birlikdə çıxış edir. Tarzənin özünün tərtib etdiyi proqramdan əlavə məclisdə olan mötəbər qonaqların arzuladığı musiqini, muğamları çalmalı idi. Mirzə Fərəc bu imtahandan qürurla çıxır. Mahmudağa onun ifasına yüksək qiymə t verir. Bir neçə gün qonaq saxlayıb sonra hörmətlə yola salır.

       Mirzə Fərəc Bakıya, həmkarlarının yanına üzü ağ dönür. Bu da bir qələbə idi. O Şamaxı məclisində Seyid Əzim,Sabir, Əli Əkbər Qafil kimi ustadlarla tanış olmuşdu. Onların arasında Seyid Əzimi daha çox sevmişdi. Odur ki, sonralar tez-tez Seyid Əzimi xatırlar və onun qəzəl və qəsidəlirini əzbərdən deyərdi, onun söhbətindən şirin-şirin danışardı.

       Bu məclisin fəaliyyətindən uzun illər keçməsinə baxmayaraq ona rəhbərlik edən Mahmudağa heç vaxt unudulmayır. O, elə bir şəxsiyyət olmuşdur ki, Şamaxının abadlaşdırılması üçün, eləcə də musiqinin inkişafı üçün böyük miqdarda xərcləri öz üzərinə götürmüşdür.

       Xalqımız bu xeyirxah insanın böyük işlərini, xalqa xeyirxah xidmətlərini yada salmaq üçün 1989-cu ilin dekabrında Azərbaycan Dövlət Akademik Dram teatrında gözəl təşəbbüs həyata keçirildi. «Muğamla yoğrulan ömür» adlı ədəbi bədii musiqili gecə təşkil edildi. Mədəniyyət nazirliyi isə Şamaxıda Mahmudağa türbəsi yaratmağı qərara aldı. Bu təşəbbüs xalqımızın ürəyidən oldu. Belə şəxsiyyətlərimiz çoxdur. Onları müasirlərə tanıtmaq ən nəcib işdir.

       Babamın gənclik dövründə Şimali Qafqazda, Orta Asiyanın şəhərlərində də musiqi məclisləri vardı. Bir məclis də Içəri şəhərdə yaşayan həvəskar musiqiçi Məşədi Məlikin (1838-1909) evində toplanırmış. Bu məclis «Məşədi Məlikin salonu» adı ilə məşhur imiş (1873-də).

       Bu məclisə uzaq səfərlərdən də gələnlər olurmuş. Tiflisdən, Qarabağdan, Şamaxıdan və b. yerlərdən. Əsas etibarilə isə Bakının xanəndə və sazəndələrinin görüşüb yarış keçirdikləri və mübahisələrə geniş bir meydan verilən salon idi. Buraya kimlər toplanmazmış. Seyid Mirbabayev, Mirzə Fərəc, Cabbar Qaryağdı oğlu, Məşədi Zeynal, Kəblə Ağabala Ağasəid oğlu, Alapalas oğlu Ağabala, Ələsgər Abdullayev və başqaları. Bu məglis öz mustəqilliyi və orijinallığı ilə, yaradıcıllıq meylləri etibarilə bir musiqi məktəbi idi. Bu məktəbin Mirzə Fərəc kimi qüdrətli tarzəni və çox yüksək gözəl səsilə dinləyiciləri məftun edən Ağa Səid oğlu Ağabala kimi xanəndəsi vardı. Bu məclisin təşkilatçısı, təşəbbüskarı Məşədi Məlik idisə, Mirzə Fərəc onun yaradıcılıq çəşməsi, döyünən ürəyi, düşünən beyni idi.

       Bakı musiqi məclisinin ən düzgün və obyektiv xarakteristikasını respublikanın xalq artisti Səid Rüstəmov vermişdir. Səid Rüstəmov Bəhram Mansurovun 60 illik yubileyi münasibətilə radioda çıxışında Bakı musiqi məclisini ətraflı səciyyələndirərək göstərir ki, Mirzə Fərəc bu məclisin ən yaxın, fəal iştirakçısı olmuş və özünün yüksək sənətkarlıq qüdrətilə bu məktəbin dayaq sütunlarından biri idi. Mirzə Fərəc bu məclisdə özünün qeyri-adi çalğı texnikasını, bəstələdiyi təsnif və oyun havalarını, muğamlara gətirdiyi şirin xallarını nümayiş etdirməkdən ləzzət alırmış.

       1870-ci illlərdə Mirzə Fərəcin Sadıqcan ilə Bakıda ilk dəfə əlamətdar bir görüşü olur. Bakıda varlı bir sahibkar öz toy məclisinə Mirzə Fərəci dəvət edir. O, xanəndə Kəblə Ağabala Ağasəid oğlu ilə toyu aparmalı idilər. Bu məclisə Tiflisdən Sadıqcanı Cabbar Qaryağdı oğlu ilə bərabər dəvət edirlər. Toy sahibinin məqsədi bu iki ustad tarzən və məşhur oxuyanları qarşılaşdırmaqla öz toy məclisinin maraqlı və daha şən keçməsini təmin etmək idi. Bu toy bir növ, yarış meydanına çevrilir. Hər dəstə öz məharətini nümayiş etdirir. Bu görüş babamla Sadıqcanın ilk təsadüfi görüşü idi. Məclisdə bir neçə görkəmli adam Kəblə Ağabaladan xahiş edirlər ki, bir az Mirzə Sadıqla oxusun. O, buna razı olur, deyir mən ancaq Mirzə Fərəclə oxuyuram (babam Ağabalanı çox sevirdi, bəyənirdi. Onlar uzun müddət birgə oxuyub, çalmışlar. Ağabala da deyərmiş ki, Mirzə Fərəclə oxumaq mənə ruh verir. O, çox yaxşı müşayiət etməyi bacaran tarzəndir. Çox adam yaxşı çala bilər. Ancaq xanəndəni çaşbaş salar. Onların birgə çox uğurlu səfərlər i olub).

       Toy məclisi bitdikdən sonra Mirzə Sadıq babamla səmimi görüşüb ayrılarkən deyir ki, «əhsən Mirzə Fərəc. Əgər mən bilsəydim ki, Bakıda sənin kimi ustad tarçalan var, heç zəhmət çəkib bu uzaq yolu bura gəlməzdim» 6.

       Deməli Sadıqcan da babamı birinci dəfə görürmüş. Lakin bəzi tədqiqatçılar iddia edirlər ki, guya Sadıqcan Bakıda Mənsurovlar ailəsində hətta yaşayıb. Mirzə Mənsura dərs də verib. Əgər bu düz olsa idi, yuxarıda dediyim o toyda onların görüşü təsadüfi ilk görüş olmazdı. Digər tərəfdən də Mirzə Mənsur həmişə deyərdi ki, mən heç Mirzə Sadığı görməmişəm. Mirzə Mənsurun tələbəsi olmuş indi qocaman tarzən Kamil Əhmədov da bunu təsdiq edir.

       Mirzə Mənsurun xatirələrində də deyilir: «Bizim evə Bakıda yaşayan xanəndə Baladadaş, tarzən Zeynal, Lazer, Mirzə Fərəc, kamançaçı Qosti və başqaları da tez-tez gələr, çalıb çağırardılar. Mən hələ uşaq yaşlarından bu görkəmli sənətkarların çalıb oxumağını dinlərdim, bu, getdikcə məndə musiqiyə olan həvəsimi artırardı. Mənim ilk tar müəllimim Mirzə Fərəc olmuşdur. O, mənə tar çalmağı öyrətməklə bərabər, həm də muğamların adları, onların mənası, hissə və şöbələri haqqında maraqla danışardı» 7. Indi hamıya çox yaxşı məlumdur ki, Mirzə Fərəc Mansurovlar ailəsinin ən yaxın adamlarından olub. Ustad Mirzə Sadıq haqqında dürüst olduğu kimi yazılsaydı yaxşı olardı.

       Mirzə Fərəcin tərcümeyi halında bir maraqlı görüş də yazılıb. 1906-cı ildə Iran şahı Müzəffərəddin Qaçar Avropa səyahəti zamanı Bakıya gəlir. O, indiki filarmoniya ilə üzbəüz evdə qalardı. Bu ev 1893-1894-cü illərdə tikilən evdir. Bu bina klassik memarlıq üslubunda olmaqla yanaşı, burada müəyyən dərəcədə müasirlikdən də istifadə edilib. (indiki Istiqlal küçəsi, ¹ 27). Şahın şərəfinə bu evdə musiqi məclisləri təşkil edilir. Orada çalmaq üçün Mirzə Fərəci də dəvət edirlər. O da xanəndə Mir Tağı Mirzəbabayevlə bir neçə gün şahın görüşündə çalıb oxuyurlar. Azərbaycan və fars dillərində oxunan muğamlar təsnif və mahnılar həm şahın və həm də görüş zamanı məclisə toplaşanları valeh edir. Babam Iranda məclislərdə çox çaldığı üçün onların musiqi zövqünü yaxşı bilirdi. Odur ki, şah tərəfindən hər ikisi qızıl medalla təltif olunurlar.

       Mirzə Fərəcin özünə məxsus məclis aparmaq qaydası vardı. Ən əvvəl bir marş və ya vals çalar, məclisi bir növ ələ alarmış. Sonra isə muğam dəstgahlarına keçərmiş. Çox həzin və şirin xırdalıqları ilə məclisdəkliləri sehrlər və «yatırarmış». Buna nail olandan sonra musiqini dəyişib oyun havası çalar, hamını «oynadarmış». Özü deyərdi ki, muğam dəstgahlarını, xüsusən «Segah»ı və «Şur»u 3-4 saata çalıb qurtarmazmış.

       Babam tar çalanda hərdən başını tarın çanağı üstünə qoyardı. Bu vaxt mən onun üzünə, gözlərinə baxardım. O, bəzən gözlərini yumub qaşlarını çatardı. Gah da başını qaldırıb bir an barmaqlarını pərdələr üzərində sakit saxlardı, azca silkələrdi. Həzin səs dalğalanardı. O, köks ötürərdi, dodağı qaçardı, elə bil kiminləsə danışır, ancaq səssiz, dilsiz. Bəlkə bu anda daxilində əmələ gələn ikinci bir səsi dinləyir, ona o qədər aludə olurdu ki, ətrafı hiss etmirdi.

       Bununla bağlı olan bir hadisə yadıma düşür. Bir dəfə onun belə sehrlənmiş vaxtında qapı balaca aralandı, tələbələrindən biri yavaşca içəri girdi və qapının yanında qoyulmuş səndəldə oturdu və diqqətini babamdan ayırmadı. O, qorxurdu ki, babamı öz aləmindən ayıra bilər və beləliklə də bu gözəl musiqini eşitməkdən məhrum olar. Belə dəqiqələrdə babamı dinləyən şəxslər özlərini çox xoşbəxt hesab edirldilər.



ƏDƏBIYYAT

1. D.A. Axundov. Arxitektura drevneqo i ranne-srednevekovoqo Azerbaydcana. Bakı, 1986, Azərnəşr.
2. Nəsir Rzayev. Möcüzəli qərinələr. Bakı, Azərnəşr, 1984, səh. 35.
3. Azərbaycan tarixi muzeyi, elm şöbəsi, inv. 386.
4. Ev arxivi, qov. 43, sənəd ¹ 7.
5.V.Əbdülqasımov. «Azərbaycan tarı», Bakı, Işıq, 1989, s.15.
6. Azərbaycan tarixi muzeyi, inv.¹ 10294.
7. Rzayev I.F. «Mirzə Fərəcin tərcümeyi halı». Azərbaycan tarixi muzeyi. Elm şöbəsi. F 386.






Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70