YARADICILIQ…
.
 

MUSIQIDƏ YAŞANILAN ŞƏRƏFLI ÖMÜR

       Bakı Musiqi Akademiyasının xalq çalğı alətləri kafedrasının professoru, sənətşünaslıq namizədi Vaqif Əbdülqasımovun 60 yaşı tamam olur.

       Bu yubiley professor Vaqif Əbdülqasımovun müəllim həmkarları və sənət dostları tərəfindən böyük səmimiyyətlə, hörmətlə qarşılanmış və qeyd edilmişdir. Yubilyara belə bir yüksək səviyyəli münasibət isə səbəbsiz deyildir. Vaqif Əbdülqasımov musiqi ictimaiyyəti, müəllim həmkarları, iş yoldaşları və tələbələr arasında kifayət qədər böyük hörmət və nüfuz qazanmış bir insandır. Qazandığı bu hörmət, bu nüfuz, hesab etmək olar ki, onun 60 illik ömrünün ən böyük dəyəri, ömür tacı, yaşadığı həyatın əsas mahiyyəti və uğurlu nəticəsidir. Məhz qazandığı bu hörmət onun 60 illik ömrünü hədər yaşamadığını, mənalı və dəyərli ömür sürdüyünü sübut edir. Bu böyük hörməti, nüfuzu Vaqif müəllim öz işinə, vəzifəsinə daim yüksək məsuliyyət və ciddi münasibəti, daim işinə və peşəsinə qarşı yüksək mənəvi və peşəkar meyarlarla yanaşması, sənətin və pedaqoji işin tələb etdiyi ali amallara sədaqətli qalması, özünə qarşı tələbkarlığı və həm də şəxsi, insani keyfiyyətləri, iş yoldaşlarına, həmkarlarına və tələbələrinə qarşı həmi şə səmimi, ədalətli olması ilə, yaxşı işləri və əməlləri, xeyirxah təbiəti qazanmışdır.

       Vaqif müəllim əslən Qarabağlıdır! Bu isə Azərbaycanın musiqi ictimaiyyətində heç də az əhəmiyyətli məsələ hesab olunmur. Bu gün Qarabağ yalnız Azərbaycanda, Qafqazda deyil, Azərbaycan mədəniyyətinə maraq gösrətən bütün ölkələrdə musiqi mədəniyyətinin qədim beşiyi, peşəkar sənətçilər yurdu hesab olunur. Bir sözlə, musiqi Vaqif müəllimin canında, qanında, ruhundadır. Burada bir «sirr» də açmaq istəyirəm: Vaqif Əbdülqasımov Qarabağın çox məşhur xanəndəsi, bütün Qafqaz ellərində və Yaxın Şərqdə məşhur olan Məşədi Dadaşın ("Bayatı-Şiraz Məşədi Dadaş"ın) nəvəsidir! Bu göstərici onun musiqiyə genetik bağlılığını, istedadını və sənətə sədaqətini varisliklə əldə etdiyini təsdiqləyir. Başqa sözlə, Vaqif müəllim görkəmli Qarabağ musiqiçisinin yalnız nəsil varisi yox, həm də layiqli sənət varisidir. Belə bir fakt isə özü-özlüyündə istedad adlı fenomenin nəsil-genetik yaddaşla öütürülməsi baxımından və musiqi tarixində varisliyin musiqi mədəniyyətinin inkişafında böyük rol oynaması baxımından böyük əhəmiyyət daşıyı r.

       Vaqif Əbdülqasımovun həyat yoluna nəzər salaq.

       1942-ci il avqustun 26-da Ağdamda anadan olub. Ilk musiqi təhsilini Ağdam rayon1 saylı uşaq musiqi məktəbində alıb. Sonra təhsilini 1959-1963-cü illərdə Ü.Hacıbəyov adına Ağdam rayon orta ixtisas musiqi məktəbinin tar şöbəsində davam etdirib. 1961-1963-cü illərdə uşaq musiqi məktəbində və orta ixtisas musiqi məktəbində tar ixtisasından dərs verib. 1963-1968-ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xalq musiqisi şöbəsinə daxil olaraq, buranı tar ifaçısı, pedaqoq və xalq çalğı alətləri orkestrinin dirijoru ixtisasları (görkəmli şəxsiyyətlər Səid Rüstəmov və Süleyman Ələsgərovun sinfi) üzrə bitirib. 1963-1967-ci illərdə Azərbaycan Dövlət teleradio komitəsinin xalq çalğı alətləri orkestrinə – respublikanın əməkdar kollektivinə tar ifaçısı kimi işləməyə dəvət olunub. Bədii rəhbər və dirijor, xalq artisti Səid Rüstəmovun rəhbərliyi ilə həmin orkestrdə işləyib. 1967-1971-ci illərdə Bakı mədəniyyət-maarif texnikumunda musiqi fənlərindən dərs verib. 1971-ci ilin aprel ayından etibar ən müsabiqə yolu ilə Azərbaycan Dövlət Konservatoriyasının (hazırda Bakı Musiqi Akademiyası adlanır –A.A.) xalq musiqisi kafedrasına tar ixtisası və xalq çalğı alətləri orkestri dirijorluğu fənləri üzrə müəllim vəzifəsinə qəbul olunub. 1984-cü ildə kafedranın dosenti, 1995-ci ildə professor elmi adını alıb. Hal-hazırda həmin kafedrada tar ixtisası üzrə professor vəzifəsində çalışır.

       V.Əbdülqasımovun musiqi fəaliyyətini əsasən üç istiqamətə bölmək olar: ifaçılıq, müəllimlik, elmi fəaliyyət.

       Bu sahələrin hər birində Vaqif müəllimin fəaliyyəti və xidmətləri professionallıq baxımından yüksək səviyyədə olmuş, üstün cəhətləri ilə seçilmişdir.

       V.Əbdülqasımov peşəkar fəaliyyətinə ilk dəfə ifaçı kimi başlamışdır. Bu yolda ilk addımlarını o, hələ Ağdam orta ixtisas musiqi məktəbinin tar sinfində oxuduğu illərdə atıbdır. Belə ki, tələbəlik illərində bu musiqi texnikumunun konsertlərində solo çıxışlar edibdir və öz texniki səviyyəsi ilə, musiqi duyumu, istedadı ilə həmişə fərqlənib, diqqət mərkəzində olubdur.

       Bundan başqa texnikumda oxuduğu illərdə rayonun musiqi həyatında bir ifaçı kimi fəal iştirak edib. Ağdam rayon mədəniyyət evi nəzdindəki məşhur «Şur» xalq çalğı alətləri ansamblında tarzən kimi çalışıb. Ansamblla birlikdə respublikanın rayonlarında çoxsaylı konsertlərdə iştirak edib. Ansamblın tərkibində respublika müsabiqələrinin, Moskvada və başqa iri şəhərlərdə keçirilən çoxsaylı müsabiqələrin, festivalların, Moskvada keçirilən Azərbaycan incəsənəti günlərinin iştirakçısı olub. SSRI səviyyəsində və respublika miqyasında təşkil olunan özfəaliyyət müsabiqələrində, xalq yaradıcılığı üzrə festivallarda uğurla çıxışlar edib. Bu iştirakının müqabilində çoxlu sayda müxtəlif fəxri fərmanlarla, medallarla, tərifnamələrlə təltif olunub.

       Lakin Ağdam orta ixtisas musiqi məktəbində oxuduğu illərdə onun bir ifaçı kimi fəaliyyəti yalnız «Şur» ansamblı ilə bitməyibdir. Belə ki, V.Əbdülqasımov rayonun Dram teatrında bir tarzən kimi də fəaliyyət göstərərək, Ü.Hacıbəyovun «Leyli və Məcnun», M.Maqomayevin «Şah Ismayıl» operalarının və başqa dram əsərlərinin tamaşalarında solist və müşayiətçi tarzən kimi iştirak edibdir. Belə bir fəaliyyət isə, onun ifaçılıq təcrübəsini artırmış və müşayiətçi tarzən kimi də formalaşmasına kömək etmişdi. Konservatoriyaya daxil olana qədər V.Əbdülqasımov peşəkar ifaçı üçün tələb olunan əsas şərtlərin bir çoxunu mənimsəmiş və peşəkar musiqiçilərdə gələcəyin görkəmli bir ifaçısı olacağı barədə qəti əminlik yaratmışdı.

       Konservatoriyaya qəbul olunandan sonra V.Əbdülqasımov tələbələr arasında da ifaçılıq istedadı və bacarığı ilə seçilmişdir. Bu illər ərzində Konservatoriyada keçirilən əksər konsertlərdə solo proqramlarla çıxış etmiş və yüksək ifaçılıq məharəti nümayiş etdirmişdir. Konservatoriyanın başqa müəssisələrdə və rayonlarda təşkil etdiyi tədbir və konsertlərdə də V.Əbdülqasımov istedadlı çıxışları ilə yadda qalırdı.

       Böyük pedaqoq S.Rüstəmov V.Əbdülqasımovun həm ifaçılıq istedadını, həm də ixtisasına ciddi və məsuliyyətli münasibətini, ifaçılıqdakı üstün cəhətlərini nəzərə alaraq, onu özünün bədii rəhbəri və baş dirijoru olduğu peşəkar kollektivə – tanınmış və nüfuzlu xalq çalğı orkestrinə tarzən kimi işə dəvət edir. Hələ tələbə ikən belə bir nüfuzlu peşəkar kollektivdə işləmək, onun tərkibində çoxsaylı konsertlər vermək və burada samballı ifaçılıq təcrübəsi keçmək Konservatoriyanın tarixində hər tələbəyə nəsib olmamışdır. Üstəlik nəzərə alaq ki, V.Əbdülqasımova belə bir etimad Səid Rüstəmov kimi ustad, böyük sənətkar və pedaqoq, həmin orkestrin rəhbəri, Azərbaycanda «Tar məktəbi»nin – ilk dərsliyin ilk müəllifi tərəfindən göstərilmişdir. Əlbəttə, belə bir böyük etimadı tələbəlik illərində V.Əbdülqasımov öz yüksək ifaçılıq istedadı ilə, peşəkar musiqiçi keyfiyyətləri ilə, ifaçılıq üçün tələb olunan əsas və yüksək tələblərə malik olması ilə qazanmışdı. Tam məsuliyyətlə bildirmək olar ki, Səid Rüstəmovun ixtisas məktəbini keçmək və belə böyük ustaddan, sənətkardan dərs almaq V.Əbdülqasımovun həyatının ən önəmli səhifəsi, ən vacib məzmunudur.

       Vaqif müəllimin bir ifaçı kimi yüksək istedada malik olması, ifaçılıq sahəsində mükəmməl məktəb keçməsi və öz ifaçılıq məharətini, təcrübəsini əsaslı şəkildə təkmilləşdirməsi sonrakı illərdə ona pedaqoji və elmi fəaliyyətində çox kömək etmişdir. Bu amil V.Əbdülqasımovun pedaqoq və tədqiqatçı kimi fəaliyyətində olduqca müsbət rol oynamış və onun pedaqoq kimi kamilləşməsinə, elmdə uğurlar qazanmasına əhəmiyyətli təsir göstərmişdir. Bu isə əsassız deyildir. Musiqi təhsilində və musiqi pedaqogikasında tarix ərzində əldə edilmiş təcrübənin real nəticələri təsdiq edir ki, yaxşı ifaçı olmadan, yaxşı müəllim olmaq da mümkün deyil. Yüksək professional səviyyəli ifaçının yüksək səviyyəli musiqi müəllimi olmaq şansı və göstəriciləri daha böyük, daha üstündür. Ən azı ona görə ki, hər hansı aləti bir ixtisas müəllimi kimi tədris edən şəxs ilk əvvəl bu alətin texniki və bədii imkanlarına bir ifaçı kimi mütləq bələd olmalıdır. Vaqif müəllimdə isə belə bir şans və göstəricilər var idi, həm də yüksək səviyyədə. Lakin V.Əbdülqasımovun pedaqoji və elmi sahələrdə uğurlarını yalnız onun yüksək ifaçılıq istedadı, məharəti və zəngin ifaçılıq təcrübəsi ilə əlqaləndirmək doğru olmaz. Belə ki, ifaçılıq kimi bu sahələrin də hər biri yüksək bacarıq və istedad, böyük bilik, hazırlıq və məsuliyyət tələb edir. Ən başlıcası isə, Vaqif müəllimin ifaçılıq kimi pedaqoji və elmi sahələrdə qazandığı nailiyyətlər və nüfuz onda məhz bu keyfiyyətlərin də mövcudluğunu təsdiq edir.

       Doğrudur, Vaqif müəllim ifaçılıq sahəsində fəaliyyətini sona qədər davam etdirmədi. Əgər etdirsəydi, şübhəsiz bu gün Azərbaycanın ən görkəmli sənətçisi, professional tar ifaçısı kimi tanına bilər və bu sahədə böyük şöhrət qazanardı. O isə, daha çox müəllimlik və elmi fəaliyyət yolunu tutdu və bu sahələrdə də özünü istedadlı, ciddi, nüfuz və hörmətli bir mütəxəssis kimi tanıtdı.

       V.Əbdülqasımovun müəllimlik fəaliyyətindən söz açarkən, ilk əvvəl bir məsələni xüsusi vurğulamalıyıq. Tələbə olduğu illər illərdə ustadlarından aldığı dərşlər zamanı onların müəllimliyini də müşahidə etmiş və mənimsəmişdir. O, özünün pedaqoji fəaliyyətində S.Rüstəmov və S.Ələsgərov kimi böyük pedaqoqların müəllimlik prinsipləri ilə hərəkət etmiş, onların müəllimlik tərbiyəsinə işi və əməli ilə sədaqətli olmuş, müəllimliyin istər yüksək mənəvi, istərsə də yüksək təlim-tərbiyə prinsipracılərinə layiq səviyyədə fəaliyyət göstərmişdir.

       Ustadlarından gördüyü tərbiyəni o, öz tələbələrinə də aşılayır. Tələbələrinə sənətdə həm mənəvi, həm də professional meyarları eyni dərəcədə yüksək tutmağı öyrədir. Professional sənətin və peşəkarlıq yolunun vacib şərtlərini mənimsətdirir. Vaqif müəllim öz tələbələrini həm səviyyəli peşəkar ifaçı, həm ifaçılığın mənəvi prinsiplərinə əməl edən şəxsiyyət, həm də milli musiqimizin inkişafına sədaqətlə qulluq edən vətəndaş kimi tərbiyə edir.

       V.Əbdülqasımovun ümumiyyətlə, 42 illik (!) müəllimlik stajı var. Pedaqoji fəaliyyətinin 31 ilini isə Konservatoriyada müəllimlik təşkil edir. Bu illər yalnız say çoxluğu ilə diqqəti cəlb etmir. Bu illərin arxasında ömrün mahiyyəti, zəhmətləri, mübarizələr, çətinliklər, həyəcanlar, nailiyyətlər, yetişdirilən kadrlar dayanırlar.

       1971-ci ilin aprel ayında isə V.Əbdülqasımov müsabiqə yolu ilə Dövlət Konservatoriyasının xalq musiqisi kafedrasına işə götürülmüş və vaxtilə ona dərs deyən tanınmış pedaqoqlarla, sənət xadimləri ilə birlikdə çiyin-çiyinə çalışmışdır. Burada ilk vaxtlar tar ixtisasından, xalq orkestri dirijorluğundan dərs vermişdir. Sonralar isə yalnız tar ixtisası müəllimi kimi fəaliyyət göstərmiş və bu sahədə böyük pedaqoji təcrübə qazanmışdır. Konservatoriyada işlədiyi 31 illik pedaqoji fəaliyyət, ünsiyyətdə olduğu təcrübəli müəllimlər ona pedaqoji işin bütün incəliklərində, bütün sahələrində zəngin təcrübə, zəngin bilik qazandırmışdır. Məlum həqiqətdir ki, illər insana yalnız əmək stajı yox, həm də təcrübə gətirir. Bu gün tam məsuliyyətlə və fəxarətlə demək olar ki, V.Əbdülqasımov respublikada tar ixtisasının təlim-tədrisi sahəsində ən təcrübəli və kamil, ən hörmətli və nüfuzlu, ən öndə gedən pedaqoqlardan biridir.


       Professor V.Əbdülqasımov Konservatoriyada pedaqoji fəaliyyəti ərzində həm də tar ixtisasının təkmilləşdirilməsi və inkişafı, tədris repertuarının zənginləşməsi sahələrində çox əhəmiyyətli işlər görmüşdür. Onun pedaqoji metodika sahəsindəki işləri respublikanın hər yerində uşaq, orta ixtisas, ali musiqi məktəblərində tar ixtisası üzrə müəllimlərin tədris metodikası üzrə öz bilik və bacarıqlarını təkmilləşdirməsinə müsbət təsir göstərmişdir. Qeyd olunmalıdır ki, professor V.Əbdülqasımov 6 elmi-metodik broşüranın, xalq musiqisi və alətşünaslıq sahəsində dərs vəsaitlərinin müəllifidir. Onun zəngin təcrübə və biliyə malik müəllim kimi qiymətli metodik tövsiyələri, dərs vəsaitləri bu gün də öz əhəmiyyətini, aktuallığını saxlayaraq, müəllim və tələbələr tərəfindən istifadə olunur.

       V.Əbdülqasımovun pedaqoji fəaliyyətində önəmli yerlərdən birini onun tədris repertuarı istiqamətindəki qiymətli işləri tutur. Belə ki, Azərbaycan, rus və Qərb bəstəkarlarının müxtəlif janrlarda onlarla əsərlərini tar ilə fortepiano üçün işləyərək, uşaq, orta ixtisas və ali musiqi məktəblərində tar ixtisası üzrə tədris repertuarını zənginləşdirmişdir. Digər tərəfdən, bunu da mütləq nəzərə çatdırmalıyıq ki, Vaqif müəllim gərgin zəhmət sərf edərək, indiyə qədər təxminən 250 çap vərəqi həcmində partitura işləmişdir. O, müxtəlif ölkə və müxtəlif dövr bəstəkarlarının yüzlərlə əsərini xalq çalğı alətləri orkestri üçün işləmişdir. Partitura şəklində orkestrləşdirdiyi bu əsərlər həm orkestr repertuarının zənginləşməsinə səbəb olmuş, həm də indiyə qədər orkestrləşdirmədən vəsait kimi «xalq çalğı alətləri orkestri dirijorluğu» ixtisas fənnində istifadə olunur. Bu metodik işlər, bu tədris vasitələri bir daha təsdiq edir ki, Vaqif müəllim öz pedaqoji fəaliyyətini yalnız təcrübə üz ərində deyil, eyni zamanda elmi əsaslarla, müasir tədris-təlimin və pedaqogikanın tələbləri səviyyəsində qurmağı bacaran, daim özü üzərində işləyən, özünə böyük tələbkarlıqla yanaşan bir müəllimdir. Onun bu keyfiyyətləri gənc nəsil üçün olduqca dəyərli bir nümunədir. Nəhayət, pedaqoji nailiyyətləri haqqında bu faktları da nəzərə çatdıraq ki, onun tərbiyə edib yetişdirdiyi yüzdən artıq kadr arasında hazırda ifaçılar, musiqişünaslar, dirijor və bəstəkar kimi uğurla fəaliyyət göstərənlər var. On iki tələbəsi müxtəlif səviyyəli ifaçılıq müsabiqələrində qələbə qazanaraq, diplomlara, fəxri adlara layiq görülmüşlər. Yetirmələrinin bəziləri hazırda Konservatoriyada onunla birlikdə müəllim, dosent, professor kimi çalışırlar.

Müəllim üçün isə ən böyük xoşbəxtlik və ömür qazancı yetişdirdiyi tələbələr və onların uğurlarıdır. Bu mənada Vaqif müəllim xoşbəxt insandır.

       V.Əbdülqasımovun müəllimliklə yanaşı, elmi fəaliyyəti də təqdirəlayiq və uğurludur.        Professorun elmi işlər siyahısında 6 monoqrafiya (Azərbaycan, ingilis, türk, rus, fars dillərində), 100-ə qədər elmi məqaləsi vardır.

       V.Əbdülqasımov Azərbaycanda tar alətinin tədqiq olunması istiqəmində ilk ciddi elmi axtarışlar aparan və bu istiqamətdə elmə uğurlar gətirən ilk alimdir. O, 1990-cı ildə «Tarın Azərbaycan musiqi mədəniyyətində rolu» mövzusunda namizədlik dissertasiyasını Daşkənddə, H.H.Niyazi adına incəsənət elmləri Institutunda müdafiə etmiş və sənətşünaslıq namizədi elmi dərəcəsini almışdır. Musiqi alətinin xalqın etnik dünyagörüşləri ilə, mədəniyyət tarixi ilə, xalqın məişət və adət-ənənələri ilə sıx əlaqəsini nəzərə alsaq, adətlərimizin və musiqimizin tacı olan tarın tədqiq edilməsinin elmi əhəmiyyəti və aktuallığı bir daha aydınlaşar. Alimin bu istiqamətdə sonrakı illərdə apardığı tədqiqatlar nəticəsində «Azərbaycan tarı» adlı monoqrafiyası işıq üzü görmüş və elm aləmində tanınmış musiqişünas-alimlər tərəfindən müsbət rəylərlə qarşılanmış, kamil tədqiqat əsəri kimi qəbul edilmişdir. Bu əsərində müəllif ilk dəfə olaraq tar alətinin yaranma tarixi, tar sözünün etimoloji mənası, alə tin Şərq ölkələrində yayılması və istifadəsi, Azərbaycan tarının ifaçılıqda və tədrisdə tutduğu yer və rol, onun təkmilləşdirilməsi və müasir dövrdə istifadəsi, təbliğı – bu kimi tarixi və nəzəri məsələlərə ilk dəfə olaraq elmi aydınlıq gətirmiş və maraqlı mülahizələrlə, tapıntılarla çıxış etmişdir. Bu əsər doğurduğu müsbət reaksiyaya görə və tələbata görə xarici dillərə də tərcümə edilərək nəşr olunmuşdur. Demək olar ki, hazırda Azərbaycan tarını xarici ölkələrdə əcnəbi dillərdə layiqincə elmi şəkildə təbliğ edən ilk və yeganə monoqrafiya bu kitabdır.

       Vaqif müəllim Azərbaycan musiqi elmində ilk dəfə olaraq temperasiya nəzəriyyəsi ilə də məşğul olan alimdir. Dahi Üzeyir Hacıbəyovdan sonra tar alətinin temperasiyası və Şərq musiqisinin, o cümlədən Azərbaycan musiqisinin temperasiya xüsusiyyətlərilə bağlılığı problemi ilə elmi-tarixi və nəzəri şəkildə məşğul olan və Üzeyir bəyin bu istiqamətdə işlərini davam etdirən ilk mütəxxəssis məhz V.Əbdülqasımov olmuşdur. Doğrudur, Azərbaycan tarının temperasiya məsələləri ilə dünya şöhrətli musiqişünas-alim V.Belyayev də məşğul olmuş və bu sahədə müəyyən kitablar yazmışdır. Lakin onun bu mövzuda yazdıqlarının əksəriyyəti əlyazma şəklində qaldığından, Azərbaycanda kifayət qədər yayılmamışdır. Vaqif müəllim bu istiqamətdəki araşdırmaları sayəsində Azərbaycan elmində bu boşluğu doldurmuş, tarın temperasiyasını ilk dəfə elmi müstəvidə öyrənmiş və Azərbaycan tarının temperasiya özəllikləri barədə beynəlxalq elmi ictimaiyyətə lazımi informasiya verərək, musiqi tariximiz və nəzəriyyəm iz üçün dəyərli nəticələrin əldə edilməsini təmin etmişdir. Doğrudur, onun elmi işlərinə «sən musiqişünaslıq yox, tar təhsili almısan» iddiası ilə əsassız olaraq maneçilik yaratmaq və süni sədlər qoymaq istəyənlər də olubdur. Lakin, bu kimi stereotip təzahürlərə, əsassız iddialara Vaqif müəllim öz istedad və biliyi ilə, öz zəhməti və uğurlu nəticələri ilə daim qalib gəlmişdir.

       Vaqif müəllim 60 illik həyatını dəyərli, xalqımız üçün böyük və lazımlı işlərə sərf edərək, öz fəaliyyəti ərzində musiqi mədəniyyətinin inkişafında lazımi, əhəmiyyətli, böyük xidmətlər göstərmişdir. Bir sözlə, ömrünü ləyaqətlə, şərəflə yaşamışdır, gənc nəslə nümunə olan bir həyat sürmüşdür.

       Yubilyara olan təbriklərə biz də qoşulur, Vaqif müəllimə bundan sonra da öz dəyərli, gərəkli, qiymətli fəaliyyətində yeni-yeni uğurlar arzulayır, ona şəxsi həyatda xoşbəxtlik, ailə sevincləri, möhkəm cansağlığı diləyirik. Vaqif müəllimi yüz yaşasın! Bir də... o gün edilsin ki, Qarabağımız erməni işğalçılarından azad olsun və Vaqif müəllim ürəyində gəzdirdiyi o ağır kədərdən, o ağır faciədən birdəfəlik qurtulsun, üzü həmişə gülsün. Amin!

Ariz ABDULƏLIYEV


ÖMRÜN SƏHIFƏLƏRI



       Xalqımız arasında müəllim həmişə müqqəddəs peşə hesab olunub. Xüsusilə musiqi müəllimi sənətin sirlərini açan, onun nəsildən-nəslə ötürülməsinə yardımçı olan istedadlı şəxslər kimi qiymətləndirilib.

       Yusif müəllim də bu adı şərəflə daşıyan insanlardandır. 50 illik ömrünün 30 ilini müəllimliyə həsr edən Yusif Vəliyev hal-hazırda Bakıdakı G.G.Şaroyev adına 35 saylı onbirillik musiqi məktəbinin müdiridir.

       Musiqi məktəbi Y.Vəliyevin həyatıdır – desək, səhv etmərik. Ona görə ki, o, bir neçə musiqi məktəbində müəllim və müdir vəzifəsində çalışıb, indi də bu vəzifədədir. Əlbəttə ki, bu, onun tərcümeyi-halının, əmək yolunun səhifələridir. Lakin buna onun işi, fəaliyyəti kimi baxmaq çox az olar. Çünki bu, həqiqətən də Yusif müəllimin həyatıdır. O, bütün biliyini, bacarığını qüvvəsini, vaxtını, diqqətini məktəbə, onun problemlərinin həllinə yönəldir. Və harda olursa-olsun, özünü bu qayğılardan kənarda təsəvvür etmir, daim bu fikirlə yaşayır.

       Yusif Vəliyevin sənətə gəlişi təsadüfi olmayıb. O, Qarabağ torpağında, Ağdamda doğulub boya-başa çatmışdır. Qarabağlıların musiqiyə meyli isə hamıya məlumdur. Yusifin atası musiqiçi olmasa da böyük muğam həvəskarı idi. Onların evində həmişə rayonun məşhur musiqiciləri toplaşardı. Çox zaman da sənətkarların adi söhbətləri əsil musiqi məclisinə çevrilərdi. Bu da, sözsüz ki, kiçik yaşlarından Yusifin yaddaşına həkk olunmuş, onun musiqiçi olmaq həvəsini qüvvətləndirmişdir. Onun bu həvəsini isə ilk görüb qiymətləndirən dayısı Mustafa Ismayılov olub. Uzun müddət S.Rüstəmov adına xalq çalğı alətləri orkestrində çalışan tarzən M.Ismayılov həm də böyük təcrübəyə malik pedaqoqdur. Elə kiçik Yusifin ilk musiqi müəllimi də dayısı olub.

       Sonradan Ağdam musiqi məktəbində tar ixtisası üzrə təhsil almağa başlayan Yusif respublikada tanınmış pedaqoq Lentruş Orucovun sinfinə təyin olunur. Artıq həmin vaxtlardan o, musiqiçi – tarzən olarcağını qərarlaşdırır. Elə musiqi məktəbində oxuyarkən də ilk ciddi sınaqdan keçir. 14 yaşında, 1966-cı ildə keçirilən gənc musiqi ifaçılarının respublika müsabiqəsinin laureatı olur.

       Sonralar musiqi təhsilini davam etdirmək məqsədilə o, Ağdam musiqi texnikumuna qəbul olunur. Burada da o, təcrübəli müəllimlərdən dərs alır. Muğamı o, gözəl muğam bilicisi, məşhur tarzən Məşədi Nəriman Mehrəliyevdən öyrənir. Tar ixtisası üzrə not məşğələlərini isə Aydın Mehrəliyevin sinfində keçir. Texnikumda oxuyarkən o, konsertlərdə, Ağdam musiqi texnikumunun «Şur» ansamblının tərkibində rayonlarda keçirilən tədbirlərdə iştirak edir, həmçinin, bu ansamblın Bakıda Dövlət Filarmoniyasında çıxışları olur.

       1970-ci ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) qəbul olunan Y.Vəliyev artıq professionallığa aparan yolun başlanğıcına qədəm qoyur. Burada o, tar ixtisası üzrə tanınmış tarzən-pedaqoq, professor Oqtay Quliyevin, orkestr dirijorluğu üzrə isə görkəmli bəstəkarımız, xalq artisti, professor Süleyman Ələsgərovun sinfində təhsil alır.

       Konservatoriyada təhsil illəri də Yusifçün yaddaqalan olub. Televiziyada tələbələrin konsertlərində çıxışları, konservatoriyanın tələbə xalq çalğı alətləri orkestrinin ifasında Ü.Hacıbəyovun «Koroğlu» uvertürasına dirijorluq etməsi, tələbə konsert briqadasının tərkibində rayonlara qastrol səfərləri, musiqi folkloru ekspedisiyasında iştirakı – bütün bunlar tələbəlik illərinin əlamətdar hadisələri, həm də onun üçün, bir növ, sənət təcrübəsi idi.

       Konservatoriyanı bitirdikdən sonra isə Yusif ifacılığı deyil, məhz müəllimliyi seçdi.

       1976-cı ildə o, Mədəniyyət Nazirliyi tərəfindən yeni yaradılmış Lerik uşaq musiqi məktəbinin müdiri vəzifəsinə təyin olundu. Beləliklə, Y.Vəliyev artıq müstəqil fəaliyyət yoluna qədəm qoydu və bu yol onun üçün uğurla başladı.

       Lerik musiqi məktəbində işlədiyi bir il müddətində Yusif müəllimin təşkilatçılıq qabiliyyəti özünü büruzə verdi. Demək olar ki, bu məktəbin özülünü qoyan Y.Vəliyev bura ixtisaslı müəllim kadrları cəlb etdi. Məhz onun zəhməti sayəsində formalaşan məktəb bu gün Lerikdə artıq incəsənət məktəbi kimi fəaliyyətini davam etdirir.

       1977-ci ildən Y.Vəliyevin həyatının yeni mərhələsi başladı. Həmin ildən, düz 17 il müddətinə o, Bərdə uşaq musiqi məktəbinin müdiri vəzifəsində çalışıb.

       O vaxt Bərdə musiqi məktəbində 300-ə yaxın şagird təhsil alırdı. Lakin müəllim az idi. Xüsusilə ixtisaslı kadrlara böyük ehtiyac duyulurdu. Y.Vəliyev, ilk növbədə, bu məktəbə Bakıdan, Sumqayıtdan müəllim kadrları dəvət etdi və bu, gənc kadrların səviyyəsinin yüksəlməsinə səbəb oldu.

       Yusif müəllim yerli kadrların yetişdirilməsi məsələsini birinçi dərəçəli vəzifə hesab edirdi. Buna görə də məktəbin istedadlı şagirdlərini həvəsləndirərək, onların təhsilini davam etdirməsinə şərait yaradırdı. Heç də təsadüfi deyil ki, məktəbin 12 nəfər məzunu Ali musiqi təhsili alıb müəllim kimi məktəbə döndülər.

       Y. Vəliyevin Bərdəyə gəldiyi vaxt burada bir musiqi məktəbi vardı. O, rayon camaatının musiqiyə olan həvəsini görüb, musiqi təhsilini genişləndirmək məsələsini irəli sürdü. Onun təşəbbüsü sayəsində Bərdədə əlavə olaraq, üç şəhər və üç kənd uşaq musiqi məktəbi fəaliyyət göstərməyə başladı.

       Məktəbin həyatındakı daha bir diqqətəlayiq cəhət şagirdlərin müsabiqə və festivallarda iştirak etməsi, laureat və diplomant adını qazanması idi. Bütün bu nailiyyətlər yenə də Y. Vəliyevin səyi nəticəsində, eyni zamanda, müəllimlərin yüksək peşəkarlığı və zəhməti sayəsində əldə olunmuşdu.

       Y.Vəliyevin əməyi, işinə can yandırması, kollektivin mənafeyini və müəllim adını yüksək tutması Mədəniyyət Nazirliyinin diqqətini çəlb etmiş və ona daha artıq məsuliyyət tələb edən bir iş – G.Şaroyev adına onbirillik musiqi məktəbinin müdiri vəzifəsi həvalə olunmuşdur. Bu da Yusif müəllimin həyatında yeni bir mərhələ oldu.

       Bu məktəb həqqında ayrıca danışmaq istərdim. Qeyd etmək lazımdır ki, G.Şaroyev adına 35 saylı onbirillik musiqi məktəbi 65 ildən artıqdır ki, fəaliyyət göstərir.

       Tədris prosesinin və müəllimlərinin yüksək professional səviyyəsi ilə seçilən bu məktəbin özünəməxsus ənənələri var. Bu da təsadüfi deyil. Cünki məktəbin bünövrəsi Azərbaycanda professional musiqi təhsilinin beşiyi başında duran şəxslərdən biri olmuş tanınmış pianoçu və pedaqoq, respublikanın əməkdar incəsənət xadimi, professor Georgi Georgiyeviç Şaroyev tərəfindən qoyulmuşdu. Burada həmişə adlı-sanlı musiqiçilər, Azərbaycan Dövlət Konservatoriyasının professor və müəllimləri çalışıblar.

       Təqdirəlayiqdir ki, Y.Vəliyev bura müdir təyin olunanda məktəbin illərdən bəri kök salmış ənənələrini, buradakı tədris prosesinin xüsusiyyətlərini çox gözəl duymuş və öz işini də bu ruhda qurmağa nail olmuşdur. Belə ki, o, məktəbin klassik musiqi üzrə köklənmiş ab-havasını saxlayaraq, xalq musiqisinin də tədrisini təkmilləşdirməyə çalışır və yüksək nailiyyətlər əldə edir.

       Y.Vəliyevin təşəbbüsü ilə məktəbdə xalq çalğı alətləri şöbəsi genişləndirilmiş, tar, kamança ixtisasları ilə yanaşı, saz, kanon, balaban, nağara, xanəndəlik-muğam sinifləri fəaliyyət göstərməyə başlamışdır. Şagirdlərdən ibarət xalq çalğı alətləri orkestrinin yaradılmasını da onun xidməti, hesab etmək olar.

       Məktəbin hər il keçirilən hesabat konsertlərində şagirdlərin həm solo, həm ansamblda, həm də simfonik orketrlə çıxışları diqqətəlayiqdir.

       Y.Vəliyevin gözəl təşkilatçılığı və rəhbərliyi sayəsində ildən-ilə professional səviyyəsini artıran 35 saylı musiqi məktəbi bu gün respublikanın ən güclü musiqi təhsili ocaqlarından biri kimi tanınır.

       Onu da qeyd edək ki, hər il 35 saylı musiqi məktəbinin bir necə məzunu Bakı Musiqi Akademiyasına, Mədəniyyət və Incəsənət Universitetinə, Milli Konservatoriyaya daxil olur.

       Y.Vəliyevin məktəb müdiri kimi işində əldə etdiyi nailiyyətlər çoxdur. O, bu işin bütün ağırlığını, bütün məsuliyyətini dərk edərək, özü də həm müəllim kimi, həm də ifacı kimi rəhbərlik etdiyi kollektivə nümunə olur, konsertlərdə vaxtaşırı çıxış edir, yeni-yeni əsərləri öz repertuarına salır.

       Yusif müəllim geniş dünyagörüşlü, vətənpərvər bir insandır. O, uzun illərdir ki, boya-başa çatdığı Qarabağ torpağının xalq musiqiciləri haqqında materiallar toplayır, bu mözuda konfrans və yığıncaqlarda çıxışlar edir. Güman edirəm ki, yaxın gələcəkdə onun planlarının kitab və ya dissertasiya işı səviyyəsində reallaşacağının şahidi olacağıq.

       Adətən yubiley tarixlərində həyat səhifələri vərəqlənir, insanın gördüyü işlər saf-çürük edilir, əldə etdiyi nailiyyətlər bir daha sadalanır. Əgər insanın fəxr etməli işləri varsa və o öz əməllərilə xalqına xeyir verirsə, övladlarımızın maariflənməsi, mədəniyyətimizin gələçəyi uğrunda əlindən gələni əsirgəmirsə, deməli, insan öz ömrünü hədər yaşamayıb.

       Bu gün 50 yaşını qeyd edən Yusif müəllim də belə insanlardandır. Müstəqil respublikamızın musiqi mədəniyyətinin yüksəldilməsi naminə əməyini əsirgəməyən, Azərbaycan incəsənətini irəli apara biləcək professional musiqiçi kadrların hazırlanmasını özünün vətəndaşlıq borcü hesab edən Yusif Vəliyevə bundan sonrakı pedaqoji, təşkilatı, ictimai və ifaçılıq işlərində müvəffəqiyyətlər arzulayırıq.

Cəmilə HƏSƏNOVA-ISMAYILOVA


UŞAQLARIN MUĞAM DÜNYASI



       Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi milli dəyərimizin qorunub saxlanılmasına, nadir sənət nümunələrinin gələcək nəslə çatdırılmasına və yeni gənc istedadların aşkar olunmasına xüsusi diqqət göstərir

.        Son vaxtlar Azərbaycan musiqi xəzinəsinin nadir inciləri-muğamların dərindən öyrənilməsi, geniş təbliği sahəsində məqsədyönlü və səmərəli iş aparılır.

       Mədəniyyət Nazirliyinin bu ilin sentyabr ayında Astara rayonunda keçirdiyi uşaq muğam ifaçılarının Respublika müsabiqəsi göstərdi ki, xalqın əsrlər boyu yaratdığı sənət nümunələrinə-xalq mahnılarına, muğamlara maraq bu gün də sonsuzdur. Bu əvəzsiz sənət incilərinin müsabəqədə uşaqların ifasında bütün gözəlliyi və incəliyi ilə səslənməsi buna bir daha sübutdur. Yaşları, boyları ilə bir-birindən fərqlənən ifaçılar oxuduqları xalq mahnılar və muğamlarla hətta tanınmış sənətçiləri belə heyrətə gətirirdi. Oxuduqları muğamlarda onların qəzəl seçimi də uşaqların yaşlarına uyuşmayan böyük məharət və bacarığından xəbər verirdi.

       Müsabiqənin Astara rayonunda keçirilməsi də təsadüfi deyildi. Respublikamızın bu ucqar rayonunda onlarla istedadlı və bacarıqlı gənclər vardır. Onların çoxu rayonun mədəniyyət ocaqlarında fəaliyyət göstərən bədii özfəaliyyət kollektivlərinin üzvüdür. Burada həm də xalq mahnılarına, muğam sənətinə sonsuz maraq özünü göstərir. Müsabiqə sentyabrın 20-də başlandı. Qeyd etmək lazımdır ki, Astara Rayon Icra Hakimiyyətinin diqqət və qayğısı sayəsində müsabiqəyə əvvəlcədən yüksək səviyyədə hazırlıq işi görülmüşdü. Iştirakçıların qəbulu, onların yerləşdirilməsi heç bir çətinliklə üzləşmirdi. Rayon mərkəzində lazımi tərtibat işləri aparılmış, müsabiqənin keçirildiyi yer-rayon mədəniyyət evi bayramsayağı bəzədilmişdi. Rayon mədəniyyət şöbəsi və rayon mədəniyyət evi burada ifaçıların öz istedadlarını nümayiş etdirmələri üçün hər cür şərait yaratmışdılar.

       Müsabiqə respublikanın 48 şəhər və rayonundan 130-a yaxın uşaq muğam ifaçısı iştirak edirdi. Onlar şəhər və rayonlarda keçirilmiş uşaq muğam ifaçılarının Respublika müsabiqəsinin I turunun qalibləri idi.

       Müsabiqənin II turunda yaxşıların yaxşısını-qalibləri seçmək üçün münsiflər heyəti gərgin və səmərəli işləyirdi. Münsiflər heyətinin tərkibinə tanınmış sənətçilərdən xalq artistləri Ağaxan Abdullayev (sədr), Səkinə Ismayılova, Canəli Əkbərov, əməkdar artist Mənsum Ibrahimov daxil edilmişdi.

       Münsiflər heyəti hər ifaçını diqqətlə dinləyir, onlara qayğı ilə yanaşırdılar. Muğamların, xalq mahnılarının düzgün, səlis ifasına xüsusi fikir verirdilər. Ifaçıların qiymətləndirilməsində münsiflər heyətinin sədri və üzvləri yekdil rəyə gəlirdilər.

       Onu da qeyd etmək lazımdır ki, müsabiqənin qalibləri üçün aşağıdakı mükafatlar təsis olunmuşdu:

       I mükafat – bir milyon manat, I dərəcəli diplom və laureat adı.
       II mükafat – yeddi yüz əlli min manat, II dərəcəli diplom və laureat adı.
       III mükafat – beş yüz min manat, III dərəcəli diplom və laureat adı.
       IV mükafat – üç yüz min manat, IV dərəcəli diplom və laureat adı.
       2 həvəsləndirici mükafat – hər biri iki yüz əlli min manat və diplom.

       Müsabiqədə uşaq muğam ifaçılarından Niyaməddin Babayevin oxuduğu «Şahnaz» muğamı, Elsevər Muradovun «Qatar» muğamı, Səfa Məmmədovun «Simayi Şəms»i, Arzuman Abdullayevin ifasında «Şahnaz» muğamı, Nərqiz Fərziyevanın oxuduğu «Uca dağlar» xalq mahınsı, Emin Muradovun ifa etdiyi «Bayatı Kürd» təsnifi Münsiflər heyətinin rəyi ilə yüksək qiymətləndirildi. Məhz onların ümumi fikrinə, yekdil qərarına əsasən müsabiqənin qalibi aə yerlər aşağıdakı kimi müəyyən edildi:
       1. Babayev Niyaməddin (Bakı şəhəri) müsabiqənin qalibi, I dərəcəli diplom və laureat adı.
       2. Muradov Elsevər (Astara rayonu) 2-ci mükafat, II dərəcəli diplom və laureat adı.
       3. Məmmədov Səfa (Bakı şəhəri) 3-cü mükafat, III dərəcəli diplom və laureat adı.
       4. Abdullayev Arzuman (Laçın rayonu) 4-cü mükafat, IV dərəcəli diplom və laureat adı.
       5. Fərziyeva Nərqiz (Astara rayonu) həvəsləndirici mükafat və diplom.
       6. Muradov Emin (Bərdə rayonu) həvəsləndirici mükafat və diplom.

       Uşaq muğam ifaçıları arasında Hüseynov Mehman (Hacıqabul rayonu), Əkbərov Orxan (Yevlax), Ağasızadə Ağamayıl (Dəvəçi), Məmmədov Ilkin (Gəncə), Bəndəliyev Yavər (Ağcabədi), Məmmədov Turan (Şuşa) diplomant adına layiq görüldü.

       Mükafatların təqdim olunma mərasimində tanınmış sənətçilər, muğamlarınmızın mahir ifaçıları respublikanın xalq artistləri Canəli Əkbərov və Səkinə Ismayılova öz ürək sözlərimi belə ifadə etdilər.

       C.Əkbərov: «Mən sənətə qədəm qoyan gündən böyük konsert salonlarında istəkli tamaşaçılar qarşısında dəfələrlə çıxış etmişəm. Lakin bu müsabiqə zamanı keçirdiyim sevinc və həyəcan hissini heç vaxt keçirməmişəm. Bu üşaqların istedadı, muğamlarımızı məhz özlərinə xas ustalıqla ifa etmələri məni heyrətə gətirdi. Bir daha şahidi olduq ki, xalqın sevə-sevə, ürəklə yaratdığı bu nadir sənət incilərinə sonsuz maraq və həvəs vardır. Aydın görünür ki, muğam sənətinin gələcək mahir ifaçıları yetişməkdədir. Respublika Mədəniyyət Nazirliyinin milli dəyərlərimizə, gənc istedadlara göstərdiyi bu qayğı həqiqətən alqışa layiqdir.»

       S.Imayılova: «Mədəniyyət Nazirliyinin keçirdiyi bu möhtəşəm tədbir, inanıram ki, respublikamızda böyük əks-səda doğuracaqdır. Doğrudur, bu müsabiqədə qızlar az iştirak edirdi. Lakin iştirakçı qızlar arasında necə gözəl səsli ifaçılar aşkar olundu. Məndə belə inam var ki, gələcək müsabiqələrdə gözəl səsli ifaçı qızları da belə gözəl sənədə dinləyə biləcəyik. Kim bilir, bu gün Astara rayon mədəniyyət evinin səhnəsində gözəl səsi, şaqraq zəngülələri ilə bizləri heyran edən bu uşaqlardan bəziləri respublikanın tanınan ən gözəl sənətçiləri olacaq, onların səsi böyük konsert salonlarından eşidiləcək.

       Belə bir tədbirin keçirilməsini şəxsən mən Mədəniyyət Nazirliyinin sənətə, istedadlara diqqət və qayğısı kimi qiymətləndirirəm.»

       Uşaq muğam ifaçılarının Respublika müsabiqəsi 22 sentyabr 2002-ci ildə başa çatdı. Həmin gün axşam Astara rayon mədəniyyət evində tamaşasıların alqışları altında qaliblərə təntənəli surətdə mükafatlar təqdim olundu. Sonla onların iştirakı ilə müsabiqənin yekun konserti keçirildi.

Məmməd MƏMMƏDOV


RIFAT KOMAÇKOV



        R.Komaçkov – Dövlət Akademik simfonik orkestrinin solisti, Rusiyanın əməkdar artisti, Azərbaycan kontrabas məktəbinin parlaq nümayəndəsidir. Fitri istedada malik bu musiqiçi Şostakoviçin violonçel konserti, Sen Sansın, Dvorjakın, Rubinin Konsertləri kimi bir neçə ən yüksək virtuozluq tələb edən mürəkkəb əsərləri ifa etmişdir.

       Bu istedadlı musiqiçi çaldığı alətə dərin məhəbbət və sədaqətlə yanaşırdı. Məharəti və solo fəaliyyətində nümayiş etdirdiyi istedad Komaçkovu müasir ifaçılıq sənətinin zirvəsinə yüksəltmişdi.

       Konservatoriyanın ən parlaq məzunlarından olan Komaçkov öz yaradıcılıq fəaliyyətinə Bakı Filarmoniyasının Dövlət simfonik orkestrində başlayır. Azərbaycan Dövlət Kamera Orkestri təşkil olunarkən, ona orkestrin solisti vəzifəsi təklif edilir. Orkestrdə işləyən zaman Komaçkov müxtəlif ansambllarda iştirak edərək solo fəaliyyətini davam etdirir və bir neçə fond yazısı edir.

       Komaçkovun fəaliyyətinin «Bakı dövrü»nün mühüm hadisələrindən biri onun Bottezinin ən mürəkkəb əsərlərindən biri olan «Kontrabas və skripka ilə orkestr üçün böyük konsert dueti»ni ifa etməsi oldu. Skripka partiyasını o zaman Moskva konservatoriyasının aspirantı olan, hazırda respublikanın xalq artisti Sərvər Qəniyev ifa etmişdi. Bu ifanın lent yazısı indi də hər iki solistin virtuozluğu və səslənmə gözəlliyilə heyran edir.

       Moskvaya köçdükdən sonra Komaçkov müsabiqədən keçərək, Nemiroviç-Dançenko adına teatrda işə başlayır, iki ildən sonra isə müsabiqə mərhələlərindən keçərək, Y.Svetlanovun rəhbərlik etdiyi Dövlət Akademik simfonik orkestrində çalışmağa başlayır və artıq otuz ildən çoxdur ki, kontrabaslar qrupunun əvəzedilməz konsertmeysteri kimi fəaliyyət göstərir.

       Orkestrdə işləyərkən Komaçkov təkcə Moskvada və bütün Rusiyada deyil, xaricdə də solo çıxışlarını davam etdirir.

       Öz ifası ilə Komaçkov solist-virtuoz kimi tez bir zamanda ən görkəmli kontrabasçılar və Moskvanın musiqi ictimaiyyətinin rəğbətini qazanır. On ən mürəkkəb ştrixlərin öhdəsindən məharətlə gəlməsi, sol əlinin parlaq texnikası, ideal intonasiyası və xüsusən qüdrətli, güclü kontrabas səsi sayəsində ən istedadlı ifaçı şöhrətini qazanır.

       Komaçkovun əsas «silahı» - səsdir. Onun A.Eşpayın yubiley konsertində Çaykovski adına Moskva konservatoriyasının Böyük zalında Dövlət Akademik Orkestri ilə çıxışı buna parlaq sübutdur. Konsertin birinci hissəsində A.Eşpayın «Orkestr üçün konsert»ində kontrabasın çox mürəkkəb solosu, ikinci hissəsində isə Eşpayın S.Kuşevitskiyə həsr etdiyi Kontrabas ilə orkestr üçün konserti ifa edilmişdir. Bu konsert Komaçkovun yaradıcılıq fəaliyyətində xüsusi yer tutur.

Müəllifin fikrinə görə, bu konsert insan səsinə yaxın olan bir alətdə səslənməli idi. Müəllif Komaçkova üstünlük verir. O, uzun müddət axtardığı canlı insan səsini məhz Komaçkovun ifasında tapmış oldu.

       Ifaçı ilə müəllifin uzun sürən birgə işi nəticəsində yaranan bu konsert məhdud, «kasıb» kontrabas repertuarında çoxdan gözlənilən bir əsər olur.

       Konsertin əvvəlində səslənən kadensiya çox mürəkkəb olub, ifaçıdan sağ əlin böyük məharətini, səs qüvvəsi və bədii ifadəlilik tələb edir. Komaçkov müəllif qayəsini çox səmimi və inandırıcı şəkildə, dərin həssaslıq və gözəl səslə açıb göstərə bildi.

       Komaçkovun kamanı tutma üsulu qəbul olunmuş adi üsuldan bir qədər fərqlidir. O, kamanı «almansayağı» sistemdəki kimi (alçaq dəstəklə) tutur. Kamanı tutmağın köhnə klassik sisteminin qeyri-mükəmməlliyi, bu üsulun müasir səsçıxarma tələblərinə uyğun gəlməməsi onu kamanı tutma sistemini yenidən nəzərdən keçirib dəyişdirməyə məcbur etmişdir.        Əgər köhnə məktəb sol əlin şəhadət barmağının kamanın böyründə yerləşməsini tələb edirsə, Komaçkov bu barmağına iki barmağı ilə təzyiqi gücləndirmiş olur ki, bu da ona səsə daha yaxşı nəzarət etməyə və bunu idarə etməyə imkan yaradır.

Rafael HACIYEV







Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70