MÜSAHIBƏLƏR…
.
 

MƏDƏNIYYƏTIMIZIN UĞURLARI DA VAR, PROBLEMLƏRI DƏ



       Mədəniyyətin idarə olunması özünməxsus qanun və amillərlə şərtlənir. Bu baxımdan Bakı şəhər Icra Hakimiyyətinin Mədəniyyət Idarəsinin rəisi, respublikanın əməkdar incəsənət xadimi Həsənağa Qurbanov ilə apardığımız müsahibə, hesab edirik ki, mədəniyyət mütəxəssislərinin maraqlarına cavab verir.        Qısa tanışlıq: Həsənağa Qurbanov peşəkar musiqiçidir, konservatoriyanı bitirib. Dövlət Musiqili Komediya Teatrında dirijor işləyib. Sonra əmək fəaliyyətini Naxçıvan musiqi texnikumunda davam etdirib, direktor vəzifəsini daşıyıb. Burada ifaçılıq-konsert fəaliyyəti ilə məşğul olub. Hal-hazırda nüfuzlu peşəkar kollektivin – «Dan ulduzu» instrumental ansamblının bədii rəhbəridir. Eyni zamanda bir ildir ki, Bakı şəhər Mədəniyyət Idarəsinin rəisi işləyir. Söhbət əsnasında bu da məlum oldu ki, geniş iğtimaiyyət ilə birlikdə «Dan ulduzu»nun 35 illik yubileyini qeyd etməyə hazırlaşır.



       - Həsənağa müəllim, Azərbaycan xalqı dövlət müstəqilliyinin 11-ci ildönümünü qeyd etdi. Bu illər ərzində siyasi, iqtisadi, sosial sahələrdə xalqımız tarixi nailiyyətlər əldə edib. Mümkünsə, mədəniyyət sahəsində əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr barədə jurnalımızın oxucularına ətraflı məlumat verərdiniz.


       - Xronologiya ilə dönək 1991-ci ilə. Tarixi bir hadisə nəticəsində SSRI dağılır və Azərbaycan ikiknci dəfə öz müstəqilliyini bərpa edir. Təəsüflə qeyd etmək lazımdır ki, müstəqilliyimizin ilk illərində Azərbaycan mədəniyyətinin, musiqisinin demək olar ki, bütün infrastrukturu getdikcə dağılmaq üzrə idi. Mən özüm uzun illər Azərbaycan Dövlət Musiqili Komediya teatrında dirijor işləyən musiqiçi kimi bu prosesləri yaşamışam. Ümumyyətlə, o dövrdə Azərbaycan mədəniyyətinə, onun strukturlarına və bu sahədə çalışan hər hansı bir mədəniyyət və incəsənət xadiminə ölkənin 5,10, 20-ci sırasında dayanan insanlar kimi baxırdılar. Ümumyyətlə, mədəniyyət işçiləri siyasətdən uzaq dayanan insanlardır. Amma bir Azərbaycan vətəndaşı kimi qeyd etməliyəm ki, 60-cı illərdən başlayaraq insanları birlik, bərabərlik, rifah dolu günlərdə yaşatmaq qüdrətinə malik bir şəxsyyət cənab prezident Heydər Əiyev 1993-cü ildə hakimiyyətə yenidən qayıdandan sonra Azərbaycan mədəniyyətinin, incəsənətinin dünyada təbliğ və təsdiq olunmasınd a misilsiz xidmətlər göstərmişdir. Bildiyimiz kimi, Sovetlər dövründə xor kapellası, Dövlət simfonik orkestrimiz dağılmaq təhlükəsi qarşısında qalmışdı. Bununla yanaşı milli opera və balet teatrında, xoreoqrafiya sənəti və Dövlət rəqs ansamblının fəaliyyətində də gerilik hiss olunurdu. Hələ dünya dövlətlərində ikinci elə bir prezident yoxdur ki, incəsənətə bu qədər diqqət yetirsin. Onun fərman və sərəncamlarının nəticəsi olaraq indi simfonik orkestr, xor kapellası, Dövlət Akademik opera və balet teatrı yenidən qapılarını tamaşaçılarının üzünə açdı. Ümumyyətlə, bu işlər mədəniyyət idarəsinin şəbəkəsindən kənarda olsa da, bütünlükdə Azərbaycan mədəniyyətinin əldə etdiyi nailiyyətlərdir.


- Yeri gəlmişkən cənab Heydər Əliyevi Azərbaycan mədəniyyətinin «ən yaxşı dostu» adlandırırlar. Sizin buna münasibətiniz.

       - Bu barədə cənab prezidentin sözlərini sitat gətirmək istərdim: «Azərbaycan xalqı zəngin bir mədəniyyətə malikdir. Hər bir Azərbaycan vətəndaşı xalqının mədəniyyəti ilə iftixar etməlidir. Mən öz xalqımın mədəniyyətindən qürur hissi duyuram.» Hələ Sovetlər vaxtında Azərbaycan ədiblərinin, yazıçılarının yubileylərinin Moskvada keçirilməsində, yazılı abidəmiz olan Kitabi-Dədə Qorqudun 1300 illik yubileyinin təşkil olunmasında, eləcə də bir neçə gün bundan əvvəl H.Cavidin ev muzeyinin açılmasında cənab prezident böyük işlər görmüşdür. Mən hələ korifeylərimizə verilən fəxri təqaüdləri demirəm. Əslində bu sənətkarlarımız üçün bir stimuldur. Çünki onlar inanırlar ki, korifeylərimizə verilən qiymətə onlar da nə vaxtsa layiq görüləcəklər.

       - Həsənağa müəllim, indi də mümkünsə musiqi məktəbləri, onların texniki bazası və tələbə qəbulunun vəziyyəti barədə məlumat verərdiniz?

       - Bakı şəhər mədəniyyət idarəsi şəbəkəsində 38 musiqi məktəbi var. Bu gün uşaq musiqi məktəblərində təlim və tədris təvazökarlıqdan uzaq olsa da qənaətbəxşdir, ancaq bundan da böyük nailiyyətlər əldə edə bilərik. Çox sevindirici haldır ki, 90-cı illərdən sonra musiqi kardrlarının emiqrasiyası nəticəsində boş qalan yerləri indi milli kadrlarımız tuturlar. Qəbul məsələsinə gəldikdə isə uşaq musiqi məktəblərinə qəbul digər illərlə müqayisədə fərqli keçmişdir. 2002-ci ildə Bakı musiqi məktəblərinə ümumi hesabla 2395 nəfər şagird qəbul olunmuşdur. Bu il qəbul avqustun 29-30-a qədər aparılmış və təhsil müddəti ərzində məktəbdən yayınma hallarının qarşısını almaq üçün bəzi ölçülər götürülmüşdür.

       - Bu yaxınlarda Bakı şəhəri üzrə musiqi məktəbləri müəllimlərinin ümumşəhər toplantısı keçirilib. Toplantının keçirilməsində əsas məqsəd nədir və bunun musiqi tərbiyəsində nə kimi əhəmiyyəti ola bilər?

       - Ümumiyyətlə, bu toplantı yalnız müəllimlərə aid deyildi. Belə bir toplantı ilk dəfə Niyazinin təşəbbüsü ilə 1957-ci ildə keçirilmişdir. Uzun illərdən sonra belə qərara gəldik ki, Bakı şəhər mədəniyyət idarəsinin şəbəkəsində çalışan müəllimlərin, mədəni maarif işçilərinin ümumşəhər toplantısını keçirək. Bakı şəhəri mədəniyyət idarəsinin ətraf 11 rayonunda heç bir şöbəsi yoxdur. Bu isə müəyyən mənada Bakı şəhərində idarəçilik işlərində müəyyən çətinliklər yaradır. Biz ictimai əsaslarla da olsa, düşündük ki, hər 11 rayonda idarənin əlaqələndirici bölmələrini yaradaq və buna nail olduq. Eyni zamanda ilk dəfə Bakı şəhər mədəniyyət idarəsi nəzdində müəllimlərin şurasını yaratdıq. Bura, yanılmıramsa, 61 müəllim daxildir. Müəllimlər şurasına respublikanın əməkdar müəllimi fəxri adına layiq görülmüş 3 müəllim, musiqi məktəbinin direktorları və müəllimləri cəlb olunmuşdur. Müəllimlərin texniki problemləri, bu problemlərin idarəyə tez bir zamanda çatdırılması şuranın əsas məqsədlərindəndir. Eyni zamanda Bakı şə hər müəssisələri rəhbərlərinin şurası yaradılıb. Şura özü 3 komissiyaya ayrılıb: musiqi məktəbləri üzrə, kitabxana və muzey, eləcə də mədəniyyət evləri və klubları üzrə. Eyni zamanda bu vaxta qədər olmamış mədəniyyət idarəsinin ali orqanını yaratmışıq. Həmin orqana Xəyyam Mirzəzadə, R.Mustafayev, Rəssamlıq akademiyasının rektoru Ömər Eldarov, Azərbaycan Respublikasının mədəniyyət nazirliyinin, mədəniyyət idarəsinin məsul işçiləri daxildir.

       - Bakınnın xarici şəhərlərlə mədəni əlaqələrinə dair hansı perspektiv planlar var?

       - Məlum olduğu kimi bu ilin may ayında Qara dəniz hövzəsi dövlətlərinin paytaxt merlərinin I toplantısı keçirilib. Həmin toplantıda Ankara böyük şəhər bələdiyyəsinin əsas fikri o olmuşdur ki, bu ildən Ankarada Qara dəniz hövzəsi paytaxtlarının festivalları keçirilsin. Avqustun 23-dən 31-nə qədər ilk festival keçilirdi. Bu festivalda mən də bir ifaçı və nümayəndə heyəti kimi iştirak edirdim. Ancaq bu barədə informasiya vasitlərinə heç bir məlumat vermədik. Bu yaxınlarda respublikamızda Vyananın mədəniyyət idarəsinin rəisi qonaq idi. O, Dövlət kitabxanasına 1000 ədəd kitab hədiyyə gətirmişdi. Bu il dekabr ayında Bakının mədəniyyətinə dair Avstriyada yüksək səviyyədə tədbir keçirmək fikrindəyik. Əsas vəzifəmiz Qara dəniz hövzəsi paytaxtları ilə mədəni əlaqələr qurmaq və inkişaf etdirməkdir. Ümumiyyətlə, qeyd edək ki, Bakı şəhəri Mədəniyyət idarəsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirdiyi və Bakı şəhəri Icra hakimiyyətinin müvafiq sərəncamlarını, göstərişlərini icra edən bir idarədir. Buna görə də ümi dvarıq ki, həm Mədəniyyət Nazirliyi, həm də Icra hakimiyyəti xarici ölkələrlə əlaqə yaratmaqda bizə köməklik göstərəcəkdir.

       - Həsənağa müəllim, neçə illərdir ki, peşəkar səhnədəsiniz. Bu gün səhnəmizdə hansı problemləri görürsünüz və onları necə aradan qaldırmaq olar?

       - Mən bu idarəyə 2001-ci il dekabr ayının 27-də təyin olunmuşam. 2002-ci il fevralın 15-də Mədəniyyət nazirliyi tərəfindən fonoqram barəsində sərəncam verildi. Bu artıq öz bəhrəsini göstərib. Belə ki, gündə «yeni müğənnilərin» artmasına bir qədər son qoyulub. Ikinci qarşıda duran əsas layihə səhnə mədəniyyəti, səhnə geyimi ilə bağlı olan layihədir. Təəsüf ki, bəzi üzdəniraq jurnalistlər bu layihənin mahiyyətini cılızlaşdırırlar. Bunu ancaq mügənnilərin geyimi ilə əlaqələndirirlər. Burada isə söhbət səhnə mədəniyyətindən, seçilmiş repertuardan və ümumiyyətlə konsertin yüksək səviyyədə təşkilindən gedir. Ümidvarıq ki, atılan addımlar gələcəkdə öz bəhrəsini verəcək və bu problemləri aradan qaldıracaq.

       - Sizə bu gərəkli, dəyərli və həm də çətin işlərinizdə uğurlar arzulayırıq. Bir sənətçi kimi yeni sənət sevincləri diləyirik.

Müsahibəni hazırladı:
Aytən ƏHMƏDOVA, Nərgiz KƏRIMOVA











Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70