QARA QARAYEVIN PORTRET CIZGILƏRI
(bəstəkarın anadan olmasının 85 illiyi münasibətilə)

.
 

       Dahi bəstəkar, pedaqoq, ictimai xadim və mütəfəkkir şəxsiyyət kimi Qara Qarayevin adı XX əsrin ən görkəmli sənətkarları ilə bir ucalıqda dayanır. O, yaradıcılığı ilə Azərbaycan musiqisinin inkişafı üçün geniş üfüqlər açmış, əsərləri ilə dünya musiqi xəzinəsini zənginləşdirmişdir. Onun insanlarda gözəllik hissi aşılayan, xeyirxah duyğular oyadan, düşünməyə vadar edən musiqisi bizim həyatımıza daxil olmuş, varlığımızın bir hissəsinə çevrilmişdir.

       Azərbaycan bəstəkarlıq məktəbinin yüksəlməsində və dünyaya tanınmasında Qara Qarayev mühüm rol oynamış, müəllim kimi böyük bir bəstəkarlar nəsli yetişdirmişdir. Hal-hazırda onlar musiqimizin yaşlı və orta nəslinin nümayəndələridir. Müəllimin nəsihətlərini dinləmiş, onun həyata baxışlarından bəhrələnmiş, onun ideyalarının tə’siri altında formalaşmış, ürək sözlərini, arzularını onunla bölüşmüş, sonradan onun dostuna, silahdaşına, sirdaşına çevrilmiş, müstəqil yaradıcılığı, fərdi dəst-xətti ilə tanındıqdan, fəxri adlar, mükafatlar qazandıqdan sonra da Qara Qarayevin tələbəsi adını şərəflə, fəxrlə daşıyan bəstəkarlar.

       Məhz onların sözlərindən 85-ci ildönümündə bəstəkarın portretini yaratmaq arzusu ilə biz Qara Qarayevin tələbələrinə aşağıdakı suallarla müraciət etdik:

       - Q.Qarayevin Azərbaycan musiqisindəki rolunu və müasir dövrdə onun yaradıcılığını necə dəyərləndirirsiniz?

       - Q.Qarayev xatirinizdə necə yaşayır; Q.Qarayevin sənətkarlığı, müəllimliyi, insani keyfiyyətləri ilə bağlı fikirləriniz.

       - Q.Qarayevin sizin yaradıcılığınızda rolu.

       Suallarımızı cavablandıran bəstəkarların mülahizələri Q.Qarayevin sənətkar və şəxsiyyət kimi səciyyələndirilməsində mühüm əhəmiyyətə malikdir. Hörmətli bəstəkarlarımıza «Musiqi Dünyası» adından təşəkkürümüzü bildiririk. Təbiidir ki, Q.Qarayevin tələbəsi olmuş bütün bəstəkarların fikirləri bizim üçün çox qiymətlidir. Lakin jurnalımızın həcmini nəzərə alaraq, onların hamısını burada işıqlandırmaq mümkün deyil. Onu da qeyd edək ki, biz bu mövzunu jurnalımızın gələn saylarında da davam etdirməyi nəzərdə tuturuq.

Redaksiyadan



Vasif ADIGÖZƏLOV
Azərbaycan Respublikasının Xalq artisti,
professor


       Qara Qarayev Azərbaycan bəstəkarlıq məktəbinin möcüzəsi idi. Q.Qarayevin ətrafında o zaman bir çox bəstəkar və musiqişünaslar yetişdilər. Lakin elə onların yetişməyinin də səbəbkarı Q.Qarayev olmuşdur. Sanki böyük bir planetin ətrafında xırda ulduzlar yığılırlar, fırlanırlar, hərəkətə gəlirlər, Q.Qarayev də Azərbaycan musiqisində belə bir böyük planet idi. Tək bəstəkar kimi yox, şəxsiyyət kimi, ensiklopedik biliyə malik bir insan kimi, müəllim kimi hamıya nümunə idi. Və təbiidir ki, Üzeyir Hacıbəyov Azərbaycan musiqisinin əsaslarını yaratdısa, Qara Qarayev bu musiqiyə çox böyük sıçrayış, yüksəliş gətirdi. Q.Qarayevin ətrafında olan böyük sənətkarlar da ona görə inkişaf edirdilər. Çünki o, öz sənətilə, sənətinə olan münasibətilə örnək idi. Ümumiyyətlə, o, bir bəstəkar kimi, hamını bu sənətə müqəddəs bir sənət kimi yanaşmağa, bu sənətə ilahi bir qüvvə kimi baxmağa məcbur edirdi.

       Q.Qarayev tələbələrilə müəllim – tələbə münasibətində olmayıb. Şəxsən mənimlə o, dost, böyük qardaş kimi idi. Mən heç bir dəfə də eşitmədim ki, o cür dahi şəxs «mən bəstəkaram» və ya «mənim kimi bəstəkar» sözlərini işlətsin. Təəssüf ki, indi bir çox bəstəkarlar deyirlər: «mən boyda bəstəkar bu qədər əsər yazmışam». Q.Qarayev isə ömründə özü haqqında heç nə danışmazdı.

       Heç vaxt yadımdan çıxmaz. Niyazi Bakıda ilk dəfə «Ildırımlı yollarla» baletinin süitasını ifa edirdi. Q.Qarayev böyük həyəcan keçirirdi. Konsertdən sonra o, birinci bizə – tələbələrinə yaxınlaşdı. Üzünü mənə tutub soruşdu ki, necədir, xoşuna gəldi, ya yox. Yəni o, öz tələbələrinə inanırdı və tələbələrinin fikri onuncün çox vacib idi. Ona görə Q.Qarayev Azərbaycan musiqisini belə yüksəklərə qaldırdı.

       Düzdür, Q. Qarayevin istedadından, biliyindən sui-istifadə edənlər də oldu, çoxları Azərbaycan musiqisinin yönümünü döndərmək istədilər. Amma onu da demək lazımdır ki, Q. Qarayev elə sənətkar idi və sənətin elə bir zirvəsində idi ki, musiqidə hər bir cərəyana, hər bir yeniliyə əl atmağa onun səlahiyyəti çatırdı. Lakin hələ sənətə yeni gələnlər, Azərbaycan musiqisini bilməyənlər, Azərbaycan musiqisinə etinasızlıqla baxanlar və özlərini yeni musiqi nümayəndələri adlandıranlar səhv edirlər. Çünki Q.Qarayev sırf Azərbaycan bəstəkarı idi.

       Q.Qarayev mənə həmişə deyirdi ki, yadından çıxartma, sən Zülfünün oğlusan. Bunu da xatırlayıram ki, o, mənim yanımda Əhməd Bakıxanova demişdi: «Əhməd müəllim, əgər sən Fərəcə bir az müğam öyrətsəydin, mən çox xoşbəxt olardım».

       Q.Qarayevin Azərbaycan musiqisinə olan münasibəti tamamilə başqa idi və onun musiqisində də, hətta «Ildırımlı yollarla» baletinin özündə də Azərbaycan ab-havası duyulur, Azərbaycan ətri gəlir. Çünki o, qanıynan, canıynan Azərbaycan bəstəkarı idi. Q. Qarayevin yaradıcılığını Azərbaycan xalqı göz bəbəyi kimi qorumalıdır. Onu illər boyu öyrənmək, araşdırmaq lazımdır. Və tələbələr, gənclər, yeni musiqi dalınca gedənlər bilsinlər; Q.Qarayev ömründə razı olmazdı ki, Azərbaycan musiqisinə etinasızlıq edib, Qərbin çoxdan yaddan çıxmış dəbdəbəsindən, bə’zi cərəyanlarından istifadə edib musiqi yazsınlar və özlərini yeni musiqi nümayəndələri adlandırsınlar. Bunlar hamısı Q.Qarayevin əksinə getməkdi, Q. Qarayevin ruhuna hörmətsizlikdir.

       Qara müəllim belə şəxsiyyət olub, belə müəllim olub, belə insan olub. Mənimcün Qara Qarayev ikinci atadır. Biz həmişə öz atamızla yanaşı, Qara müəllimi də ata bilirdik.

       O, mənimcün müqəddəs bir şəxsiyyətdir və belə olaraq qalacaq.



Tofiq BAKIXANOV
Azərbaycan Respublikasının Xalq artisti,
professor


       Qara Qarayev məktəbi dünya miqyasında ən düzgün yolda olan məktəbdir. Onun öz pedaqoji prinsipləri vardı. O, ilk dəfə tələbələrlə dərsə başlayanda klassik əsərləri, onların təhlilini, forma-quruluşunu, yazılışını başa salardı. Şopenin prelüdlərindən, Mendelsonun «Sözsüz mahnılar»ından, Bethovenin sonatalarından misallar gətirirdi. Bunları dərk eləməyi və onun əsasında müasir üslubda işləməyi tələbəyə öyrədirdi. O, köhnəliyi sermirdi. Tələbələrə də daima yeni söz deməkçün-istər melodik, istərsə harmonik dildə, axtarış aparmağı tövsiyə edirdi. O, xalq musiqisindən sitat kimi istifadə etməyi də sevmirdi, xalq musiqisinə yaradıcılıqla yanaşırdı.

       Bu, onun əsas dəsti-xətti idi. Əgər onun musiqisinə fikir versək, onun xalq musiqisinin incilərindən, xüsusilə qədim musiqidən necə məharətlə istifadə etdiyini görərik. Q.Qarayev yüz dəfə ölçüb, bir dəfə biçən sənətkarlardandır. O, həm də gözəl pianoçu idi. Mənim yaxşı xatirimdədir, Bəstəkarlar Ittifaqında «Yeddi gözəl» baletinin dinləyişi keçirilən zaman o, bir royalda özü çalırdı, ikinci royalda isə onun müəllimi olmuş pianoçu V.Kozlov. Burada o, həm bəstəkar, həm də ifaçı kimi geniş imkanlarını nümayiş etdirdi.


       Qeyd etməliyəm ki, Q.Qarayev kimi müəllimlər o vaxt Sovet Isttifaqında da çox az idi. Hələ sovet dövründə Qara Qarayevin adı D.Şostakoviç, S.Prokofyev kimi sənətkarlarla bir sırada çəkilirdi.

       Dərs zamanı tələbənin yazdığı onu qane etməyəndə, royalın arxasında oturub, öz fantaziyasına uyğun çalardı. Onun çaldığı da tələbə üçün bir mətəb idi. Q.Qarayev alətlərdə akkordların quruluşuna və bölüşdürülməsi qanunlarına çox dəqiq fikir verərdi. Bütün bunları mənimsədikdən sonra biz simfonik əsərlər yazardıq: simfonik poema və ya bir alət ilə simfonik orkestr üçün konsert yazmaq mütləq tələb olunurdu. Doğrudan da bizim düzgün yolla getməyimizdə və geniş yola çıxmağımızda bütün bunların çox xeyri oldu. Bu Qara müəllimin yolu idi.

       Məncə, orkestri bilən, orkestr üçün əsərlər yaradan adam muğamları da, xalq musiqisini də yaxşı bilməlidir. Muğamların özünün harmoniyası var ki, Q.Qarayev bu harmoniyanı tapırdı. Məsələn, partiturada nəfəsli alətlərdən birinin bütov notu saxlaması səslənməni nə qədər zənginləşdirir. Bunu da Qara müəllimdən öyrənmişdik.

       Açığını deyim ki, hansı ölkədə oluramsa, Qara Qarayev haqqında, onun açdığı yollar barəsində söhbət edirəm. Məsələn, Münhendə görkəmli bəstəkar Karl Orfa Q.Qarayevin əsərlərindən bir neçəsinin notunu bağışlayanda, o, Q.Qarayevi «dünya miqyasında böyük bəstəkar» adlandırdı.

       Q.Qarayev həmişə özünə tələbkar və tənqidi yanaşırdı. Bunu bizə də öyrədirdi. O deyərdi ki, əsər yazandan sonra, razılıqla oturmayın. Ona tənqidi yanaşın, yeni söz demək üçün yollar axtarın. Q.Qarayev o vaxt həm Bəstəkarlar Ittifaqının katibi, həm Konservatoriyanın rektoru, həm ictimai xadim, həm də müəllim idi. Onun vaxtı o qədər də çox deyildi. Buna baxmayaraq, özü mənə dəfələrlə deyib ki, «vaxtım olmasa da mən hər gün royalın arxasında oturub bir neçə xanə yazmalıyam. Çünki bir az kənara çıxsam, zəifləyərəm». O deyərdi ki, «bəstəkarın da bir fəhlə kimi iş günü olmalıdır». Bunu tələbələrdən də tələb edirdi.

       Mənim bir neçə əsərim olub ki, Qara Qarayev onları çox yüksək qiymətləndirib. Violonçel və orkestr üçün Konsertimi, «Xəzər balladası» baletimi və s. Hətta «Xəzər balladası» baletini yazmağa o məni ilhamlandırıb. Mən bütün əsərlərimi ona göstərirdim və onun rə’yi mənim üçün çox qiymətli idi. Onun sözləri məndə sənətə maraq oyadıb, ruhdan düşməmişəm. Bu yaşa çatmışam, Qara müəllimin göstərdiyi yolla irəliləyirəm. Çox vaxt onun əsərlərinə qulaq asıram və görürəm ki, o öz müasirliyini heç vaxt itirmir.

       Mən harada, hansı ölkədə oluramsa, onun özü haqqında, sənəti haqqında söhbət açıram. Gürcüstanda keçirdiyim müəllif konsertimi Q.Qarayevin 80 illiyinə ithaf etmişdim. Üçüncü skripka və fortepiano sonatamı, viola və orkestr üçün konsertimi də ona həsr etmişəm.

       Qara Qarayev elə bir şəxsiyyətdir ki, biz hələ onun lazımi qiymətini verməmişik. Onun heykəli gərək Bakının mərkəzi yerində olaydı.

       Azərbaycan xalqı nə qədər yaşayacaqsa, Qara Qarayevin də əsərləri yaşayacaq.



Əziz Əkbər ƏZIZLI
bəstəkar

       Qara Qarayev haqqında çox sözlər yazılıb, onun tərcüməyi-halı, yaradıcılığı ilə görkəmli alimlərimiz məşğul olub.

       Məncə, əlli il qabaq yazılan musiqi bu gün də yaşayırsa, ona ehtiyac duyulursa, o musiqidən istifadə olunursa, deməli, o, müasirliyini itirməyib. Zaman keçsə də, bu musiqi insanlara lazımdır. Həmçinin, onu yaradan insanlar da yadda qalır, Q.Qarayev belə sənətkarlardandır.

       Qara Qarayev özünəməxsus, zəmanəyə uyğun əsərlər yazıb-yaradıb. Bu gün də onlar çalınır, öz gözəlliyini, öz tə’sirini itirmir. Bu insan tərəfindən yaradılan əsərlər yaşayırsa, o özü də daima yaşayacaq. Q.Qaryevin özü də, musiqisi də həmişə müasirdir, həmişə tə’siredicidir.

       O, çox maraqlı insan idi və çox böyük sənətkar idi. O, əsil yaradıcı insan idi və təkcə musiqi ilə maraqlanmırdı. Q.Qarayevin bir hobbisi vardı. O, fotoqrafiya ilə məşğul olurdu, kibrit şəkillərini yığırdı. Q.Qarayev Qur’ani-Kərimi yaxşı bilirdi və söhbətlərində həmişə ondan misallar gətirərdi. Dəqiq vaxtı yadımda deyil, ancaq o, Moskvada xəstə yatan zaman mən onun yanına getmişdim. O, dedi ki, Bibliyanı öyrənir. O, insanlığın, dünyanın mahiyyətini başa düşməyə sə’y göstərirdi.

       Q.Qarayev elə bir insan idi ki, hər şeydən xəbərdar olmağa çalışırdı. Məsələn, o, Amerikadan qayıdandan sonra Bəstəkarlar Ittifaqında bizimçün caz haqqında ətraflı söhbət elədi. Amerikada o, məşhur saksofonçu Cerri Maliqan ilə görüşmüşdü. Bundan sonra o, simfonik orkestr üçün caz üslubünda konsert yazmaq istəyirdi. Mən bir dəfə həmin konsertin yazılıb-yazılmaması ilə maraqlananda, o, dedi ki, yazdığını bəyənməmiş və partituranı cırıb atmışdır.

       Q.Qarayev Amerikada bəstəkar Con Keyclə tanış olmuşdu. Onun bəstəkarlıq sinfi haqqında bizə danışdı ki, onun sinfində yeddi il dərs keçirlər, bəstəkarlıq öyrənirlər. Bu dövr ərzində o, tələbələrə müxtəlif üslublarda musiqi yazmağı öyrədirdi: fransız klavesinistlərindən tutmuş, müasir üslublara qədər.

       Qara Qarayevin pedaqoji yolu isə başqa idi. O, ilk növbədə, birinci kurs tələbələrilə perioddan, prelüd bəstələməkdən başlayırdı, Şopenin prelüdlərini göstərirdi. Sonra keçirdi 2 hissəli, 3 hissəli formalara, rondo, sonata və s., burada isə Bethovenin sonatalarından istifadə olunurdu.

       Mən beş il Q.Qarayevin sinfində bəstəkarlıq dərsləri almışam. Lakin bu, mənim ikinci təhsilim idi. Artıq mən konservatoriyanı tromped aləti üzrə bitirmişdim. Orkestrlərdə ifaçı kimi, bədii rəhbər kimi fəaliyyət göstərirdim. Ikinci dəfə konservatoriyaya qəbul olunanda ərizə yazıb. Q.Qarayevin sinfində oxumaq istəyimi bildirdim.

       Q.Qarayevin bir adəti vardı. Kim onun sinfinə daxil olmaq istəyirdi, onların ərizəsi ilə birlikdə əsərlərini də götürürdü, baxırdı, kim xoşuna gəldi, onları dərsə çağırtdırırdı. Mənim də əsərlərimə baxandan sonra mənə dedi ki, «hiss olunur, siz təcrübəli musiqiçisiniz, ancaq bu gündən ömrünüzün axırınacan axtarmalısınız». Bu, doğrudan da axtarışdır.

       Q.Qarayevin dərsləri çərşənbə axşamı və cümə günləri olurdu. 1-ci kursdan 5-ci kursa kimi növbə ilə bütün tələbələrin əsərlərinə baxırdı, dinləyirdi. Elə mənim diplom işimin mövzusunu da Q.Qarayev verdi. Dedi ki, «sən tromped çalmısan, bu alət üçün konsert yazsan yaxşı olar». Mən həmin konserti yazdım, ifa olundu, bəyənildi.

       Mən ömrüm boyu Qara Qarayevə minnətdaram ki, o, mənə gözəl təhsil verib, gözəl sənət verib, onun sayəsində mənim biliyim, dünyagörüşüm, sənətim çox-çox yüksəlib. Indi mən özüm müəlliməm, çoxlu tələbələrim var. Çalışıram ki, öz işimlə mən «Qarayev məktəbi»ni davam etdirəm.



Sevda IBRAHIMOVA
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi,
professor


       Çox xoşbəxtəm ki, Qara müəllimin sinfində oxumaq mənə nəsib olub. Bəlkə də yaradıcılığa meyl ailəmdən irəli gəlmişdi. Çünki bizim evdə həmişə sənət söhbətləri olub, Üzeyir Hacıbəyovun, Qara Qarayevin və başqalarının yaradıcılığı barədə danışılıb, onların sənətinə böyük qiymət verilirdi. Qara müəllimin dərsləri mənim həyatımda çox böyük rol oynamışdır. Onun söhbətləri, tövsiyələri bizə çox tə’sir edirdi, qol-qanad verirdi. Mənim indiyə kimi yadımdadır ki, o, Şopenin dördüncü prelüdünü necə çalıb bizə göstərirdi. Onun əllərinin pianoya toxunması da mənə qeyri-adi gəlirdi. Mən indiyə kimi, Qara Qarayevin vaxtilə yoxladığı, əlinə alıb dinlədiyi əsərlərimin əlyazmasını saxlayıram, qoruyuram. Qara Qarayev çox incə, həssas təbiətli adam idi. Tələbənin təkcə yaradıcılığı ilə deyil, həyatı ilə, məişəti ilə maraqlanırdı, həyatımızdakı dəyişikliklərə də biganə qalmırdı. O, elə bil ki, bizə ikinci ata idi, doğma insan idi.


       Q.Qarayevin mənim yaradıcılığımda böyük rolu olub. Belə ki, mən konservatoriyanı həm pianoçu kimi, həm də bəstəkar kimi bitirmişəm. Fortepiano əsərlərinə daha çox üstünlük verirəm. Diplom işim də fortepiano ilə simfonik orkestr üçün poema olub. Lakin konservatoriyanı bitirdikdən sonra o, mənə dedi ki, vokal misiqiyə də diqqət yetirim. O, məni opera yazmağa həvəsləndirdi. Onun bir sözü yaddaşıma həkk olunub. O dedi ki, «Sənin qanında Qurban Primovun genləri var, əminəm ki, bu janrın öhdəsindən gələrsən». Beləliklə, Qara müəllimin sözü ilə mən «Həqiqət üzüyü» operasını yazdım, kantata janrında işlədim. Daha sonralar isə, babam Qurban Primovun xatirəsinə tar üçün əsərlər bəstələdim. Ancaq bu meyli ilk görən və məni bu səmtə yönəldən Qara Qarayev oldu.

       Qara müəllim böyük şəxsiyyət idi, gözəl bəstəkar və dahi müəllim idi. Onun simasında da qəribə bir işıq, nur, doğmalıq hiss olunurdu. Görün, onun sinfini nə qədər bəstəkar bitirib, hər birinin də öz üslubu, öz yolu, öz dəst-xətti var. Onun bir tələbəsini digəri ilə müqayisə etmək olmur. O çalışırdı ki, hər tələbənin daxili imkanlarını üzə çıxarsın və buna nail olurdu. Bu da onun müdrikliyindən, uzaqgörənliyindən irəli gəlirdi.

       Mən indi də əsər yazanda fikirləşirəm ki, Qara müəllim buna neçə baxacaq. Mən həmişə onun varlığını hiss edirəm. Qara Qarayev vəfat edəndə bütün tələbələri kimi, mən də bunu çox ağır keçirtdim. O zaman mənim beynimdə onun «si bemol minor» prelüdiyası səslənirdi. Bir müddət sonra qeyri-iradi olaraq, mən bir əsər yazdım. Onun adı ilə bağlı «Qara – do, lya, re, lya» notlarından istifadə etdim. Bu əsər hələ ifa olunmayıb. Mən burada onun işıqlı şəxsiyyətini əks etdirməyə çalışmışam. Baxmayaraq ki, o, bizim aramızdan gedib, yenə də onun işığı bizim ürəyimizdədir. O, fiziki cəhətdən bizimlə olmasa da, ruhu bizimlədir.

       Q.Qarayevin yaradıcılığı dahiyanədir. Bax, Bethoven, digər dahi bəstəkarlar kimi o, daima qalacaq.

       Mən çox təəssüflənirəm ki, bizim indiki nəsil onun yaradıcılığı ilə lazımi dərəcədə tanış deyil. Zənnimcə, ümumi məktəblərdə musiqi dərslərində bizim klassik bəstəkarlarımızın yaradıcılığı daha çox təbliğ olunmalıdır. Çünki bu əsərləri bilməsən, Q.Qarayevin musiqisini, Q.Qarayevin dahiliyini hiss eləməsən, daxilən zəngin insan ola bilməzsən. O, insanı zənginləşdirir, insana həyatı sevməyi, həyatın fəlsəfəsini dərk etməyi, dünyanın gözəlliyini dərk etməyi öyrədir.

       Q.Qarayevin musiqisində çoxlu faciəli səhnələr olsa da, onda nikbin bir ruh var. Ən qəmgin musiqisində də işıq var. Mən o işığı həmişə hiss edirəm. Elə bilirəm ki, onsuz bizim həyatımız mə’nəvi dünyamız zəngin olmazdı. Onun musiqisi bizim daxilimizdə həmişə yaşayır. Mən bu musiqidən rahatlıq, sakitlik tapıram, bir sevinc hiss edirəm.

Fərəc QARAYEV
Azərbaycan Respublikasının
əməkdar incəsənət xadimi, professor


       Mənim bu fikrim bəlkə də orijinal deyil. Lakin deməliyəm ki, Azərbaycan musiqisinin inkişaf yollarını müəyyənləşdirən iki bəstəkar olub: Üzeyir Hacıbəyov və Qara Qarayev.

       Vaxtilə Q.Qarayev öz gündəliklərində belə sözlər yazmışdı: «Ü.Hacıbəyov ilk azərbaycanlı idi ki, şüurlu surətdə, sözün əsil mə’nasında bəstəkar olmaq istəyirdi. Hərtərəfli iste’dadlı bir şəxsiyyət olan Üzeyir Hacıbəyov müraciyət etdiyi hər bir sahədə Azərbaycan musiqisinin təməl daşını qoymuşdur».

       Qara Qarayev yüksək professional bəstəkar idi, buna görə onun Azərbaycan musiqisində rolu çox böyükdür. Q.Qarayevin Moskvada əvvəlcə Aleksandrovun, sonra D.Şostakoviçin sinfində təhsil illəri, 1946-cı ildə Bakıya qayıtması Azərbaycan musiqi tarixində çox mühüm bir dövr idi. Çünki Q.Qarayev konservatoriyada müəllim kimi fəaliyyətə başlayaraq, bəstəkarlıq sinfinə rəhbərlik etdi ki, bu da tez bir zamanda öz bəhrəsini verdi.

       Azərbaycan bəstəkarlıq məktəbi Üzeyir Hacıbəyov olmasaydı, yarana bilməzdi və Qara Qarayev olmasaydı, inkişaf edə billməzdi. Buna görə də Ü.Hacıbəyovu və Q.Qarayevi ayırmaq olmaz. Onlar Azərbaycan musiqisinin vahid strateji xəttini müəyyən etmişlər.

       Qara Qarayev mənim atam və sənət müəllimimdir. Bu, taleyin mənə nəsib etdiyi xoşbəxtlikdir.

       Gənc yaşlarımda mən həmişə müstəqil olmaq istəyirdim. Lakin hər yerdə deyirdilər ki, bu, Qaranın oğludur. Sonra elə bir vaxt gəldi ki, mən həqiqətən də özümü müstəqil hiss etdim, ailədən asılılığım keçdi. Hətta Tofiq Quliyev bir dəfə mənə dedi ki, mən səni Qaranın oğlu olduğuna görə deyil, əsil bəstəkar olduğuna görə sevirəm. Bu, əlbəttə ki, mənə çox xoş idi. Indi o vaxtdan çox illər keçib, mən artıq 60 yaşımı haqlamışam, artıq o vaxtkı məğrur, sərbəstlik arzusunda olan oğlan deyiləm. Indi familiyama görə böyük bir məsuliyyət daşıyıram, gəncliyimdə olduğundan daha çox fəxr edirəm. Ona görə də Moskvada yaşamağıma baxmayaraq, mən tez-tez Bakıya gəlirəm. Burada mənim dostlarım, tələbələrim var və hiss edirəm ki, biz bir-birimizə lazımıq.

       Tələbəlik dövründə mən böyük işlər görmək istəyirdim, ancaq təcrübəm az olduğuna görə bacarmırdım. Atam mənə qarşı çox ciddi idi. Birinci kursda onun sinfində yeganə adam idim ki, ixtisasdan «dörd» qiymət almışdım. Evdə buna e’tiraz edərək, onun mənə qarşı ədalətsiz olduğunu bildirdim. Lakin o dedi ki, «sən daha yaxşı yaza bilərsən». Çox zaman mən onun praktiki məsləhətlərinə ehtiyatla yanaşsam da, sonradan onun haqdı olduğunu görürdüm.

       Bir vaxtlar o, çox müdrik hərəkət edərək, mənimlə yalnız konservatoriyada məşğul olurdu. Evdə mənim heç bir yazıma baxmırdı. Beləliklə, o məni sərbəstliyə öyrəşdirirdi. Belə etməsəydi, yə’qin ki, o, həyatdan gedəndən sonra mənə çox çətin olardı. Əlbəttə ki, bə’zən elə yaradıcılıq məqamları olur ki, onun məsləhətlərinə ehtiyac duyuram. Ancaq o, özü məni belə öyrədib, hətta ən yaxın dostuma da yazdığım əsərin hissələrini göstərmirəm. Yalnız əsər tam hazır olandan sonra üzə çıxarıram.

       1976-cı ildə mən iki ifaçı üçün Sonata bəstələmişdim. Bunu öz yaradıcılığımda mərhələ əsər sayırdım. Əsərin notunu və lent yazısını Moskvada yaşayan atama göndərdim. Bir müddət sonra biz görüşəndə o, mənim müraciət etdiyim sistemin, tutduğum bu yolun yox təhlükəli olduğu, bəstəkarı qapalı bir dairəyə saldığı, imkanlarını məhdudlaşdırdığı barədə xəbərdarlıq etdi. Məndən bunu dərk elədiyimi və mövqeyimdə inamlı olduğumu eşidib uğurlar dilədi.

       85 yaş. Mən belə hesab edirəm ki, bu, ötəri yubileydir. Bu münasibətlə, yarım il bundan qabaq biz Rauf Abdullayevlə birgə belə bir konsert layihəsi hazırlamışdıq: Qara Qarayevin və onun tələbələrinin əsərlərindən ibarət silsilə konsertlərin təşkili. Yə’ni ki, biz əgər Azərbaycan bəstəkarlıq məktəbi haqqında danışırıqsa, onun inkişafını əyani şəkildə də nümayiş etdirə bilərik. Hətta proqram barədə də düşünmüşdük. Məsələn, birinci konsertdə Q.Qarayevin Skripka konsertinin violonçel versiyası – Eldar Isgəndərovla birgə bunun üzərində işləyirik, A.Məlikovun Yeddinci simfoniyası, X.Mirzəzadənin «Oçerk-63» əsəri, mənim son əsərlərimdən birinin ifası nəzərdə tutulmuşdu. Ümumiyyətlə, Q.Qarayevin bütün yetirmələrinin əsərləri əhatə olunmalıydı. Lakin bu layihə hələlik həyata keçirilməmiş qaldı.

       Q.Qarayevin əsərləri həmişə konsert proqramlarını bəzəyib. Bu gün Bakıda da, xarici ölkələrdə də Q.Qarayevin kamera və simfonik əsərləri konsertlərdə səslənir. Mən bunu əminliklə deyirəm, çünki xaricdə hər bir ifa olunan əsər üçün müəllifin fonduna pul köçürülür. Bu işlə «Harmoniya» müəllif cəmiyyəti məşğuldur və ara-sıra həmin fonda müxtəlif ölkələrdən pul köçürmələri daxil olur. Deməli, Q.Qarayevin əsərləri ifa olunur. Onun səhnə əsərlərinə gəlincə, son illərdə Azərbaycan Dövlət Opera və Balet teatrı Q.Qarayevin musiqisi əsasında «Don Kixot», «Leyli və Məcnun» bir pərdəli balet tamaşaları hazırlayıb ki, bu da təqdirəlayiq haldır. Lakin Q.Qarayevin «Yeddi gözəl» və «Ildırımlı yollarla» baletlərinin də səhnədə bərpası vacibdir.

       Digər bir məsələ Q.Qarayevin xatirəsinə həsr olunmuş konsertlərin keçirilməsi ilə bağlıdır. Əlbəttə, mən də, hamı kimi, fəxr edirəm ki, bizim balet truppamız Moskvada Q.Qarayevin «Don Kixot», «Leyli və Mecnun» baletlərini nümayiş etdirdi. 1998-ci ildə Q.Qarayev adına Kamera orkestri, dirijor T.Göyçayevin rəhbərliyi ilə Parisdə Q.Qarayevin xatirəsinə həsr olunmuş konsertlər verdi və çox səmimi qarşılandılar. Ancaq açığını deyim ki, professional nöqteyi-nəzərdən, bu konsertlərin səviyyəsi məni o qədər də qane etmədi. Çünki proqramda Q.Qarayevin yaradıcılığından kiçik nümunələr təmsil olunmuşdu. Məncə, belə bir əhəmiyyətli konsertdə Q.Qarayevin kamera orkestri üçün Klassik süitası, Üçüncü simfoniyası səsləndirilsəydi, daha sanballı və məqsədəuyğun olardı.


       Musiqimizin necə böyük bir inkişaf yolu keçdiyi göz qabağındadır. Ancaq qeyd etmək lazımdır ki, bu inkişaf prosesi spiralşəkillidir. Bəzən yüksəklərə qalxır, bəzən enir. Bu, təbiidir. Bizim potensialımız var, istedadlı bəstəkarlarımız, ifaçılarımız yetişir. Indi müstəqil respublikanın vətəndaşları kimi biz daha çox çalışmalı, dünya orbitinə çıxmaq üçün mübarizə aparmalıyıq.



Arif MƏLIKOV
SSRI və Azərbaycan Respublikasının
xalq artisti, professor


       Qara Qarayev haqqında danışanda, mən istərdim bir az geriyə dönüm. Q. Qarayev hansı mühitdə və necə Azərbaycan musiqisinə gəlib. Bu, çox ciddi məsələdir. Məlumdur ki, dünya musiqisinin inkişaf tarixi əsrlərin dərinliyinə gedir. Azərbaycanda isə bu proses çox qısa müddətdə gedib, orta hesabla 30-40 ilə. Belə az müddətə musiqi mədəniyyətimiz elə yüksək səviyyəyə qalxıb ki, ölkəmizdən uzaqlarda da Azərbaycan professional musiqisi barəsində ciddi fikirlər meydana gəlib. Bu məktəbi, bu yolu açan dahi Üzeyir bəy idi, onun aparıcı bəstəkarlarından biri Qara Qarayev idi. 1946-cı ildə iki böyük bəstəkarımız – Qara Qarayev və Cövdət Hacıyev Moskva konservatoriyasında dahi D. Şostakoviçin bəstəkarlıq sinfini bitirərək Bakıya qayıtdıqdan sonra, yaxşı mənada Azərbaycan musiqisini əllərinə alaraq, musiqimizin inkişafına böyük təsir edə bilmişlər.

       Gözəl məktəb keçmiş və ensiklopedik biliyə malik olan Q.Qarayevin Azərbaycan Dövlət Konservatoriyası ilə bağlılığı o dövrdən başlayır, 1948-ci ildə Ü.Hacıbəyovun vəfatından sonra isə onun musiqimizin inkişafındakı rolunu Q.Qarayev öz çiyinlərinə götürür: həm Bəstəkarlar Ittifaqında, həm də konservatoriyada. O, Azərbaycan bəstəkarlarından əksəriyyətinin müəllimi olub. Mən özümü xoşbəxt hesab edirəm ki, Q.Qarayevin tələbələri arasında mən də varam.

       Qara Qarayev dahi bəstəkar və dahi müəllim idi. Çünki müəllimlik də bir vergidir. Dərs demək üçün istək azdır, bunu bacarmaq lazımdır. Qara müəllimin 50-60 tələbəsi olub. Bunların hər biri fərqli bəstəkarlardır. Q. Qarayevin müəllim kimi ən başlıca xüsusiyyəti ondan ibarət idi ki, onun sinfində oxuyan tələbələrin mənliyini, şəxsiyyətini aça bilirdi. Buna görə də onun tələbələrindən hərəsi öz yolunu tapıb.

       Q.Qarayev müəllimliyi sevirdi. Onun həmişə böyük sinfi olub. Maraqlı idi ki, Q.Qarayevin dərslərində tələbələr ancaq ixtisasla məşğul olmurdu. Burada ədəbiyyat haqqında, musiqidən kənar mövzularda söhbətlər gedirdi. Bunlar hamısı tələbənin şəxsiyyət kimi yetişməsində böyük rol oynayırdı.

       Q.Qarayev bizə elə istiqamət vermişdi ki, konservatoriyanı hərəmiz böyük bir simfoniya ilə bitirmişdik. O vaxt bizim əsərlərimiz orkestrdə çalınırdı və tələbələr öz diplom işlərini eşidə bilirdilər. Biz müstəqil yaradıcılığa başlayandan sonra da Qara müəllim bizim əsərlərimizlə maraqlanır, onları qiymətləndirir, Bəstəkrlar Ittifaqında geniş müzakirələr keçirirdi. Bu baxımdan, Ikinci, Üçüncü, Dördüncü simfoniyalarımın dinləyişini qeyd edə bilərəm. Əlbəttə ki, yaradıcılıq üçün bu, çox böyük dayaq idi. Indi də bəzən əsər yazanda fikirləşirəm ki, Qara müəllim onun haqqında nə deyərdi. Buna görə də meyar olaraq, öz əsərlərimə çox vaxt Q.Qarayevin gözü ilə baxıram.

       Müəllimə o vaxt hörmət olunur ki, müəllim təkcə sözlə yox, öz əsərləri ilə tələbəyə nümunə göstərsin. Təbiidir ki, biz Q.Qarayevin bütün əsərlərinin premyerasına gedirdik – Moskvaya, Leninqrada. Və təkcə əsərin son variantını deyil, onun hazırlanma dövrünü də izləyirdik. Q.Qarayevə müəllim kimi inanmağımız onun musiqisinə hörmətdən irəli gəlirdi.

       Təbiidir ki, biz onun tələbələri olmaqla yanaşı, həm də dinləyiciyik. Vaxt keçəndən sonra, özümüz də yaşa dolandan sonra əsərə münasibət də dəyişir. Mən indi Q.Qarayevin əsərlərinə qulaq asanda, dərin emosiyalara qapılıram və hər dəfə nə isə bir yenilik tapıram. Indiyə qədər bu əsərlər səslənir, dinləyicilər tərəfindən qəbul olunur. Lakin elə bir dövr də vardı ki, Q.Qarayevin Azərbaycan xalqına yaxın olmaması kimi süni fikirlər yaradırdılar. Indi bu səhv fikir heç kəsin dilinə gələ bilməz. Bunu heç sübut eləmək də lazım deyil. Ürəyi və qulağı olan adam bunu o dəqiqə duyur.

       Q.Qarayev qarşısında bizim böyük borcumuz var. Bu da ondan ibarətdir ki, onun əsərləri lazım olan səviyyədə teatr səhnəsində getmir. Formal olaraq, onun doğum günündə bir konsert keçirtməklə, borcumuzu yerinə yetirmiş hesab edirik.

       Mən Qara Qarayevi yad edəndə tələbələrimə də deyirəm: insanın iki atası olur – biri ona həyat verir, biri də sənət öyrədir. Q.Qarayev mənim müəllimimdir, mənəvi atamdır.

       Biz gənc nəsillərə Q.Qarayevin ənənələrini çatdırmağa çalışırıq. Bu barədə tələbələrlə həmişə söhbət gedir: Q.Qarayevin dərsləri haqqında, özü haqqında, yaradıcılığı haqqında. Biz onun əsərlərini nümunə kimi göstəririk. Deməli, Q.Qarayev bu gün də Bakı Musiqi Akademiyasında, onun tələbələrinin həyatında, əsərlərində yaşayır.



Musa MIRZƏYEV
Azərbaycan Respublikasının
əməkdar incəsənət xadimi, professor


       Qara Qarayev olduqca böyük bir müəllim idi. O özü D. Şostakoviçin görkəmli və istedadlı tələbələrindən biri idi. D.Şostakoviçin sinfinin istiqaməti isə çox ciddi idi – həm musiqi barədə, həm də pedaqoji cəhətdən. Q.Qarayev onun pedaqoji prinsiplərini çox gözəl mənimsəmişdi.

       D.Şostakoviçin sinfində olduğu kimi, Q.Qarayevin sinfində də hamı bir yerdə otururdu, hamı bilirdi ki, kim nə yazır. Əlbəttə ki, tələbələrin hamısı bir olmur. Q. Qarayevin mənə münasibəti başqa tələbələrə nisbətən fərqlənirdi. Ona görə ki, mən Q.Qarayevin sinfinə hazırlıqlı gəlmişdim. A. Zeynallı adına musiqi texnikumunu bitirmişdim. Diplom işi kimi «Simfoniyetta» yazmışdım və əsərim ifa olunmuşdu. Professionallığıma görə başqa tələbələrdən fərqlənirdim və Q.Qarayev mənimlə həmkar kimi danışırdı.

       Q.Qarayevin dərsləri haqqında böyük bir kitab yazmaq olar. Onun nə qədər tələbələri olub. Bəstəkarlıq belədir ki, müəllimlə tələbənin ünsiyyəti yaranmalıdır. Q.Qarayevin sinfində tələbələr istedadına görə fərqlənirdilər. Onların yaş fərqi də müxtəlif idi. Müharibədən sonrakı dövr idi. Bu da öz təsirini göstərirdi.

       Q.Qarayev hər tələbə ilə müxtəlif üslubda, tələbənin qabiliyyətinə uyğun məşğul olur, yol göstərirdi. O vaxt mən şəxsən Qara müəllimin sinfində zövq barəsində böyük inkişaf keçmişəm. O, ciddilik tələb edirdi. Bizə kamera musiqisi, sonata, trio, kvartet yazdırırdı və bu əsərləri yazandan sonra bəstəkarın hər bir formaya gücü çatırdı, əlbəttə ki, istedadına və bacarığına uyğun.

       Qara müəllim orkestri gözəl bilən sənətkarlardan idi. Mən onun partituralarından çox şey öyrənirdim. Q.Qarayev mənə musiqici kimi çox hörmət edirdi. Onun «Yeddi gözəl» süitası Bakıda çap olunanda orada saysız-hesabsız səhvlər var idi. Mən professional baxımdan onları Q.Qarayevə göstərirdim, düzəldirdim. Həmin partitura təkrar nəşr olunanda o, nəşriyyatda məni redaktor götürməyi tövsiyə etmişdi. O vaxt bu, mənim üçün böyük etimad idi. Düzəlişlərlə yanaşı, mənim Q.Qarayevə bir neçə təklifim də oldu. Məsələn, «Yeddi gözəl»dən adajionun kulminasiyasında dramatizmi gücləndirmək üçün üç xanə litavrlara tremolo verməsini məsləhət gördüm. Çünki inkişafdan sonra dinamika itirdi. Q.Qarayevi inandırmaq olurdu. O güldü, dedi ki, tələbə məni öyrədir. Ancaq təklifimi bəyəndi, qəbul etdi. Adajio indiyə kimi belə çalınır.

       Q.Qarayev çox murəkkəb şəxs idi, ziddiyyətli adam idi. O vaxt çox bəstəkarlar B.Xindemitin, Oneqqerin, Arnold Şönberqin, Alan Berqin, Stravinskinin əsərlərini bilmirdilər. Mətbuatda bu haqda yazılarda onları modernist, xalqımıza yad olan bəstəkarlar adlandırırdılar. Sonra Q.Qarayev xaricdə onların əsərlərinə qulaq asmışdı və qərb bəstəkarları haqqında, onların sənətkarlığı haqqında fikri dəyişmişdi. O dövrdə biz dəmir pərdə arxasında yaşayırdıq. Lakin Q.Qarayevə onların musiqisi necə təsir etmişdisə, bunu bizə də keçirmişdi, biz də ondan öyrənirdik, bir yerdə qulaq asırdıq. Q.Qarayev daim axtarışda olan adam idi. O elə sənətkarlardan idi ki, yeniliyi qəbul edirdi. O, dodekafoniya ilə maraqlandı və bunun nəticəsində kamera orkestri üçün Üçüncü simfoniyasını yazdı. Onun o vaxtkı tələbələri də müəllimini təkrar etməyə başladılar, dodekafoniyaya aludə oldular və hələ sənət kredosu aydınlaşmayan tələbələr üçün bu, yaxşı qurtarmadı. Ziddiyyətli cəhət bunda idi ki, Q. Qarayev onları bu yoldan çəkindirmədi.
       Q.Qarayev məqalələrində də novatorluqdan danışırdı. Bəstəkarlıq sahəsində texnologiyaların artmasını neft emalı sahəsindəki texnikanın inkişafı ilə muqayisə edirdi. O deyirdi ki, hər sahədə proqres olmalıdır, sənətdə də hər bir yeniliyə münasibət göstərmək lazımdır.




Xəyyam MIRZƏZADƏ
Azərbaycan Respublikasının Xalq artisti,
professor


       Azərbaycan musiqisi dünya musiqisinin bir hissəsidir. Buna görə də Azərbaycan musiqisini biz dünya musiqisi aspektində götürməliyik. Elə Qara Qarayevin «fərhadlığı» ondan ibarətdir ki, o, Azərbaycan musiqisini dünya musiqisi səviyyəsinə çıxarmışdı.

       Q.Qarayevin uzun illərin axtarışları nəticəsində yazdığı əsərləri Azərbaycan musiqisinə həmişə təkan verib. Onun harmoniya və tembr sahəsindəki axtarışları, onun obrazlar dairəsi, lirikası, faciəli obrazları diqqətəlayiqdir. Bütün bunlar sonralar Azərbaycan musiqisində müxtəlif səviyyədə inkişaf etdirilib. Çünki bə’zi bəstəkarlar onun həqiqi davamçıları idi, bə’ziləri isə onu təqlid edir, onun kəşflərini kor-koranə istifadə edirdilər. Onun tapıntılarının inkişaf etdirilməsi musiqimizin hal-hazırdaki yüksəlişinə gətirib çıxarıb. Onun 1950-ci illərdəki nailiyyətləri bu günkü musiqimizə daxil olmuşdur. Artıq 20 ildir ki, Qara Qarayev həyatda yoxdur. Lakin Azərbaycan musiqisinin inkişafı davam edir. Bu gün yazılan əsərlərdə bu, aydın görünür.

       Əlbəttə ki, Q.Qarayevin nailiyyətləri də boş yerdən yaranmamışdır. Bir tərəfdən o, xalqımızın ilk professional bəstəkarı Üzeyir bəyin yaradıcılığına əsaslanmışdır. Digər tərəfdən isə ona dünya musiqisinin, o cümlədən, rus musiqi mədəniyyətinin, rus konservatoriyasının təsiri böyük olub.

       Tələbə vaxtı mən Q.Qarayevə musiqisinə, ağıllı söhbətlərinə, gözəl dərslərinə, onun həyatdakı saflığına, təmizliyinə görə, sonralar isə Azərbaycan musiqisindəki qəhrəmanlığına, ön cərgədə getdiyinə – avanqard olduğuna, Azərbaycan musiqisini inkişaf etdirdiyinə görə hörmət edirdim. Indi isə mən onun əsərlərinə elmi nöqteyi-nəzərdən yanaşıram. Və görürəm ki, onun musiqisinin bütün komponentləri – istər forması və məzmunu, istər harmonik və melodik dili, istər ritmikası və sezuraları düzgün və yerindədir. Bunlar hamısı onun özünün yüksək dərəcədə savadlı olması ilə bağlı olub, Allah-taala tərəfindən ona verilmiş fitri istedadın, nəticəsidir.

       Qara Qarayev həmişə özündən narazı və narahat adam idi. Bu da ondan irəli gəlirdi ki, o, əldə etdiklərilə qane olmurdu. O, həmişə fikirləşirdi ki, onun əsərini necə qəbul eləyəcəklər. Çünki o vaxt Bakıda onu tənqid edənlər tərifləyənlərdən daha çox idi. Bununla belə o, yenə də irəlidə gedirdi. Və onun liderliyini qəbul eləmişdilər. Bə’ziləri kor-koranə qəbul eləmişdi, Bə’ziləri də buna vadar olmuşdu. Çünki həqiqətən də o, irəlidə gedən idi, bayraqdar idi. Çünki çox cavan vaxtlarından o, özünü zəhmətilə belə tanıtmışdı.

       Yaddan çıxartmaq olmaz ki, o vaxtlar dünya musiqisi Azərbaycan üçün bağlı qapı idi. Biz dəmir pərdə arxasında yaşayırdıq. Əlbəttə ki, Qara Qarayevin və Cövdət Hacıyevin Moskvadan gətirdikləri hər bir xəbər bizimcün bir açıqlama idi. Onlar çox şey görmüşdülər, 1930-40-50-ci illərin böyük ustadları ilə Moskvada oturub-dururdular. Bizimçün kim vardı axı, adlarını bilib, özlərini görmədiyimiz, əsərlərini eşitmədiyimiz bəstəkarlar. Və Q.Qarayevin, C.Hacıyevin Bakıya gətirdikləri Moskva mühiti, Moskva ab-havası bizə böyük təsir göstərmişdi. Bunlar Q.Qarayevin və C.Hacıyevin müsbət cəhətləri idi.

       1960-cı ildə mən ilk dəfə olaraq, «Varşava payızı» müasir musiqi festivalında iştirak etmişdim. Oradan gətirdiyim notları, lent yazılarını, plastinkaları öz müəllimimə göstərdim və onu maraqlandırdım. Bir ildən sonra o da həmin festivala getdi, orada bə’zi bəstəkarlarla tanış oldu, onların musiqisi ilə maraqlandı. Beləliklə də onun həyatının ikinci dövrü başlandı. Qayıdandan sonra yazdığı əsərlərdə onun necə dəyişdiyi özünü bürüzə verdi. Iki cür dəyişmə ola bilər: zahiri cəhətdən və daxilən. Q.Qarayev daxilən dəyişdi. Elə bəlkə onun dəyişməsi də lazım idi.

       Mən konveratoriyada oxuduğum dövrdə onun hər bir kəlməsi mənimcün bir qayda idi. Mən onu ustad bilirdim. Elə indi də ustad bilirəm. Amma tələbəlik dövründən sonra, mənim püxtələşdiyim vaxtlarda onun da mənə hörməti artırdı, bir insan kimi, bir bəstəkar kimi. O, hətta bə’zi əsərlərini ilk dəfə mənə çalırdı. Mən həmişə ona öz əsərlərimi göstərirdim. Və bir dinləyici kimi onun razılığını almamış, geniş auditoriya qarşısına çıxmırdım. Yadıma gəlir, «Oçerk-63» əsərimi konservatoriyanın səsyazma otağında təqdim edəndə çox mübahisələrə səbəb oldu, hətta dedilər ki, «bu, bombadır». Qara müəllim də dedi ki, «bəli, bombadır və bu bombanın səsini sonra eşidəcəksiniz». Həqiqətən də bu əsər artıq 40 ildir ki, səslənir.

       Əlbəttə ki, müəllim olmaq çox çətindir. Bunun üçün savad lazımdır, hövsələ lazımdır, dünya mədəniyyətini bilmək lazımdır. Müəllim dünya musiqisini əhatə etməli, misalları dünya musiqisindən götürməlidir. Müəllim tələbə üçün bir avtoritet olmalıdır. Tələbə də müəllimə inanmalı, onun əsərlərindən xəbərdar olmalıdır. Müəllim tələbəyə öz prinsiplərini aşılamalıdır. Lakin müəllim tələbəyə əmr verməməli, onu təqlid etməyə imkan yaratmamalıdır. Bu cəhət bizim müəllimimizdə – Qara Qarayevdə vardı. O da bunu öz müəllimi D. Şostakoviçdən öyrənmişdi. Şostakoviç də öz müəllimlərindən və ilaxır. Bunun kökləri çox uzaqlara gedir...



Oqtay ZÜLFÜQAROV
Azərbaycan Respublikasının Xalq artisti

       Qara Qarayev dahi bəstəkar kimi, gözəl insan kimi, əziz və sevimli müəllim kimi mənim qəlbimdə qalıb.

       Mənim Q.Qarayevlə yaxından tanışlığım konservatoriyanın ikinci kursunda oxuyarkən olub. Mən o vaxt violonçel sinfində oxuyurdum, I.M.Turiçin tələbəsi idim. Bir dəfə çalmamaq üçün violonçelin simlərini kəsdim. I.M.Turiç məndən rektora – Qara Qarayevə şikayət etdi. Q.Qarayev mənim nə üçün belə bir iş tutduğumla maraqlananda, mən violonçelçalan deyil, bəstəkar olmaq istədiyimi dedim. O, maraqlandı və mən ona bir necə kiçik pyeslərimi göstərdim. Sonra o, mənimlə bir qədər söhbət etdi və az bir zamanda mən elə bildim ki, o, mənim doğma qohumum, əziz adamımdı.        Beləliklə, mən Qara Qarayevin bəstəkarlıq sinfində məşğul olmağa başladım.

       O, həmişə tələb edirdi ki, karandaşla yox, mürəkkəbli qələmlə yazın. Çünki karandaşla yazılanı pozub düzəltmək olur. Mürəkkəblə yazanda isə bu, mümkün deyil. Onunçün də əvvəlcə fikirləşib sonra yazmaq lazımdır. Beləliklə, Qara müəllimin sinfində mən tədricən musiqi cümlələrini, periodları necə yazmağı öyrəndim. Digər formalarda musiqi bəstələməyə başladım.

       Q.Qarayevin bir yaxşı xüsusiyyəti o idi ki, o, tələbəyə hazır reseptlər vermirdi. Hansısa bir keçid və ya modulyasiya alınmayanda, o deyirdi ki, mən bilirəm burdan-ora necə keçmək lazımdır, sən də axtar, tan. Bir necə dəfə yazıb gətirirdin, düz olmurdu və nəhayət, nə isə alınırdı.

       Qara müəllimin daha bir xüsusiyyəti də ondan ibarət idi ki, o, hansı tələbənin nəyə qadir olduğunu bilirdi. Bir dəfə Qara müəllim mənə dedi ki, «Oqtay, sənin musiqin çox oynaqdır, sanki qığılcım saçır. Bəlkə uşaqlar üçün musiqi yazmağı sınaqdan keçirəsən». Mən də onun məsləhəti ilə Abdulla Şaiqin, Teymur Elçinin, Yusif Həsənbəyin və başqa şairlərin sözlərinə mahnılar yazdım, yaxşı qəbul olundu, uşaqlar tərəfindən sevildi. Bu günə kimi həmin mahnılar uşaq baxçalarında, məktəblərdə öyrədilir, uşaqlarımız bu mahnılarla böyüyür. Beləliklə, sevimli müəllimim Q.Qarayevin məsləhətilə əsas diqqətimi də uşaq musiqisinə vermişəm və məni artıq uşaq bəstəkarı kimi tanıyıb və qəbul ediblər. Uşaq mahnısını yazmaq da ilk baxışdan göründüyü kimi asan deyil. Uşaq psixologiyasını yaxşı bilmək və uşağı cəlb etmək lazımdır.

       Qara müəllim, vaxtilə deyirdi ki, «Oqtay, mən belə hesab edirəm ki, sən uşaq mahnılarının klassik nümunələrini yaradırsan. Bax, Q. Qarayevin dahiliyi də onda idi ki, biz tələbələrin bacarığını görub qiymətləndirə bilirdi. Mən çox xoşbəxtəm ki, Q.Qarayevin tələbəsi olmuşam. Onunla ünsiyyətdə olmuşam, görüşüb söhbətləşmişəm. O, ensiklopedik biliyə malik şəxsiyyət idi. C.Hacıyev də belə bir şəxsiyyət idi. Onlarla ən müxtəlif mövzularda söhbət aparmaq olardı. Onlar fəlsəfi dünyagörüşünə malik insanlar idi.

       Ancaq onu da deyim ki, Q.Qarayevin ətrafında həmişə sözgəzdirən, aravuran adamlar dolaşırdı. Niyazi, F. Əmirov və başqaları haqqında danışırdılar. Əlbəttə ki, bütün bu söz-söhbətlər Q.Qarayevə pis təsir eləyirdi, xoşagəlməz hisslər yaradırdı. Qara Qarayev çox həssas adam idi, diqqətli və qayğıkeş idi. Yaxın adamlarına, tələbələrinə əlindən gələn köməyi əsirgəmirdi. Mən bir çətinliyə düşəndə, istər mənəvi cəhətdən, istərsə də maddi cəhətdən, ondan əsil atalıq qayğısı hiss edirdim. Yaş fərqimiz də çox deyirdi. Mən onu özümə böyük qardaş bilirdim. Konservatoriyanı bitirdiyim zaman o, mənə bağışladığı şəklinin arxasında yazmışdı: «Oqtay, dünyada elə gözəl musiqilər var ki, onları öyrənib-bilməyin vacibdir».

       Q.Qarayev tələbəni incitmirdi, ancaq sözü elə deyirdi ki, istər-istəməz kim olduğunu başa düşürdün.

       Q.Qarayev çox zaman özfəaliyyət səviyyəli, həvəskar bəstəkarlarla mübarizə aparırdi. Əlbəttə ki, pis rəftar eləmirdi, ancaq bunu arzuolunmaz bir hadisə kimi qeyd edirdi. Indi isə görürük ki, həmin adamları milli musiqimizin klassiki adlandırırlar. Xarici musiqiləri Azərbaycan musiqisi adı ilə camaata təqdim edirlər. Son vaxtlar mən daha artıq dərəcədə Q.Qarayevin yoxluğunu hiss edirəm. Indi bizim musiqimizə Q.Qarayev hava kimi, nəfəs kimi lazımdır.

       Mən artıq yaşa dolmuşam, ancaq mənə belə gəlir ki, Qarayevin dediklərini, nəsihətini az da olsa yerinə yetirmişəm.

Materialı hazırladı:
Cəmilə HƏSƏNOVA







Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70