CAVIDIN MUSIQI DÜNYASI
Sərdar FƏRƏCOV
 

       Xalqımızın böyük mütəfəkkir şairi və dramaturqu H.Cavidin hər şeri, misrası özlüyündə əsrarəngiz bir musiqi dünyası yaşatmaqla ruhu oxşayır, könülləri ovsunlayır. Cavid şeriyyətinə xas olan ülvilik, çılğınlıq, paklıq əslində ən yüksək musiqi əsərini rövnəqləndirə bilən keyfiyyətlərdəndir. Musiqinin varlığını təyin edən amillərdən biri olan ritmika (vəzn) isə cavid yaradıcılığında son dərəcə zəngin və kamildir. Istər əruz, istər heca vəznində yazarkən sənətkar və ustad olmasını sübut edən şair öz yaradıcılığında bu vəznlərin müxtəlifliyini, gözəlliyini məharətlə incələməsi heyrət doğurmaya bilməz. Təsadüfi deyildir ki, Cavid yaradıcılığını uzun illər tədqiq edən mərhum filoloq-alim Əkrəm Cəfər televiziya çıxışlarının birində demişdi: «…XX əsr Azərbaycan ədəbiyyatında əruz vəznində yazan şairlərin arasında heç bir nöqsana, xətaya yol verməyən iki böyük sənətkarın adını çəkə bilərik… Onlardan biri H.Cavid, digəri isə Ə.Vahiddir…».

       H.Cavidin yazdığı şe’rlərin məzmun, mündəricə və formasından asılı olmayaraq hamısının mayası sanki musiqi ilə yoğrulub. Cəsarətlə demək olar ki, Cavid şe’rinin bir çoxu sanki öz yaranışından bir başa musiqiyə ünvanlanıb. Təsadüfi deyildir ki, bəzi şerlərinin adı belə sanki musiqi janrını təyin edir: Türkü, şərqi, marş, rəqs və s.

       Doğrusu, Cavidin əsərləri ilə ilk tanış olduğum yeniyetmə çağımda «türkü», «şərqi» sözləri mənim üçün yeni, na’məlum, müəmmalı anlayışlar idi. Indi zaman ötüb, vaxt dəyişdikcə Cavidin böyük türk dünyasının, eləcə də müsəlman aləminin şanlı tarixini və mədəniyyətini dərindən bilən bir fenomen olması tam aydınlığı ilə mə’lum oldu. Həm də keçmiş mədəniyyətin parlaq lövhələrini öz müasirlərinə bədii əsərləri vasitəsi ilə çatdıra bilmək əzmi vətəndaş şairin böyük xidməti kimi dəyərləndirilməlidir.

       H.Cavid yaradıcılığı Azərbaycan xalqının mədəniyyət və mə’nəviyyatını əks etdirə bilən bir güzgü olduğunu qəbul edərək, həm də bu əsərlərin keçmişlə bu gün arasında ruh, mə’nəviyyat körpüsü olmasını da vurğulamalıyıq. Musiqi isə ruhun səslərlə təcəssümüdür. Bəlkə bu gün ötən əsrlərin musiqisini araşdıran tədqiqatçıların da öz bilgilərini genişləndirməsi üçün bir mənbə kimi Cavid yaradıcılığına da üz tutmaları doğru, düzgün olardı.

       H.Cavidin dram əsərlərini diqqətlə oxuyub - izlədikcə sanki qarşımızda müxtəlif, rəngarəng musiqili səhnələr panoraması açılır. Ilk səhnə əsəri olan «Ana» faciəsindən başlayaraq bütün pyeslərində müəllif musiqini də bir fərd, xarakter kimi müxtəlif səhnələrə daxil edir. Daha doğrusu, şair sanki musiqi vasitəsi ilə hər hansı bir şəraitdə, situasiyanı, vaxtı, zamanı, psixoloji anı daha dolğun əks etdirmək, dəqiqləşdirmək istəyir. Çox zaman şair öz istəyində dəqiq və konkretdir. Və bu dəqiqlik səhnədəki reallıqla həmahəngdir.

       H.Cavidin «Ana» faciəsi əsərin remarkasında göstərdiyi kimi, Dağıstan həyatından bəhs edir. Dağlı xalqlarında milli musiqi aləti kimi qəbul edilmiş qarmonun səhnə arxasından səslənməsi (remarkaya görə) zaman və məkan reallığına vacib bir ştrix əlavə etmiş olur.


       Cavidin ikinci səhnə əsəri olan «Maral» faciəsində isə musiqinin daşıyıcısı olan Aşıq Sultan artıq bir surət kimi əsərə daxil edilmişdir və onunla bağlı olan səhnələr də yadda qalır, əsərə polifonik ovqat gətirir.

       Ədibin «Şeyx Sən’an» faciəsinə yazılmış musiqini də xüsusilə qeyd etmək yerinə düşər. Böyük bəstəkarımız Fikrət Əmirovun bu tamaşaya yazdığı musiqidəki həzin lirika, dərin fəlsəfə, yüksək humanizm Cavid məfkurəsini eynilə əks etdirir. Ancaq burda da sanki şair özü bəstəkarın yardımçısı olur. Əsərin musiqiylə bağlı remarkasında şair həm də musiqini necə dərindən duymasını, xalq musiqisini, muğam sənətini mükəmməl bilməsini bir daha sübut edir. Nümunə olaraq əsərdən bir remarkaya nəzər salaq:

        «… Bu sırada iki kor ərəb görünərək, birinci suzişli və tutqun ahənglə ud çalır, ikinci də yaralı səslə «Hicaz» məqamında olaraq, aşağıdakı əbyatı oxu…».

       Göründüyü kimi istər ud alətinin səslənmə xarakterini, istərsə də kor ərəbin «Şur» muğamının ən tə’sirli şöbəsi olan «Hicaz» üstündə (məşhur «Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı…» misralı qəzəli) oxunmasını Cavid bir bəstəkar kimi duyur və duyduğunu incəliklə ifadə edə bilir.

       Ümumiyyətlə, H.Cavidin dram əsərlərində musiqi üçün - mahnı, rəqs, marş, muğam üçün - çoxlu sayda xüsusi göstərişlər var. Lakin hərdən bu musiqilərin zamanı və xarakteri o qədər dəqiq, heyrətamiz bir zərgərliklə vurğulanır ki, bəlkə elə buna görə Cavidin bir dramaturq kimi nə qədər uca, əlçatmaz sənət sirlərinə vaqif olmasını e’tiraf etməli oluruq. «Topal Teymur»dakı, «… Çal, çal əvət bəxtiyar çoban çal… Nə Sivas kimi şəhərin əldən getmiş, nə Ərtoğrul kimi oğlun…». Məhz bu anda, tütəyin qayğısız sədaları fonunda Sultan Yıldırım Bəyazid öz faciəsini, öz ölkəsini çıxılmaz bir kataklizmə sürükləməsini e’tiraf edir. Və ya «Xəyyam»da Xəyyamın ölüm səhnəsini müəllif remarkasına görə, «Əbu-əta» muğamı müşayiət edir.

       Xanəndə oxuyur:

… Beş gün ömrün neçə əfsanəsi var
Eşqi var, badəsi, peymanəsi var
Sonu həsrətlə bitərkən, əfsus
Yenə dünya dolu pərvanəsi var…

       Xəyyamın böyük həyatına yekun vuran bu dörd misra, bir də peşəkar musiqiçilərin belə az tanıyıb bildiyi müdrik, hüznlü, tərki-dünya ovqatlı «Əbu-əta» muğamı… Bunları bir-birinə yaraşdırmaq, cilalamaq, nəticədə ürəkləri yan-dıran, beyni düşündürən bir sonluq da cavid sənətinin əlçatmaz sirlərindəndir.

        «Xəyyam» dramı, H.Cavidin musiqili remarkalarla süslənmiş ən böyük əsəridir. Müəllifin göstərişi ilə əsərdə 30-dan artıq musiqi nömrələri olmalıdır, halbuki, bu say böyük operanın musiqi nömrələrinə bərabərdir. Bu rəngarəng musiqi çələngini coşğun, həzin, lirik və əsgəri musiqilər, rəqslər, bir sıra muğam guşələri bəzəyir. Göründüyü kimi Cavid yaradıcılığında musiqi müstəsna əhəmiyyət kəsb etməklə, burada xüsusi yer tutur. Həm də musiqi, səhnədəki hadisələrin ayrılmaz hissəsi, görünməz qatıdır.

       H.Cavid Azərbaycan bəstəkarları ilə sıx təmasda olmuş, onların yaradıcılığını daim izləmişdir. Ü.Hacıbəyovun «Koroğlu» operasının ilk tamaşasından sonra «Yeni yol» qəzetində çıxış etmiş H.Cavid operaya yüksək qiymət verərək, gözəl təhlil etmişdir.

       Hələ 30-cu illərdə M.Maqomayev Cavidin «Iblis» faciəsi əsasında eyniadlı opera bəstələyirdi. Şairin oğlu, II Dünya müharibəsi dövründə dünyasını cavan ikən dəyişmiş, iste’dadlı bəstəkar Ərtoğrul Cavid də atasının bir sıra əsərlərinə gözəl musiqilər bəstələmişdir. Görkəmli bəstəkarımız F.Əmirov, S.Rüstəmov, R.Mirişli, A.Ə.Kərimoğlu, C.Quliyev və b. Cavid yaradıcılığına müraciət edərək gözəl əsərlər yaratmışlar.

       H.Cavidin yaradıcılığına xüsusi sevgisi olan gözəl bəstəkarımız Cahangir Cahangirov istər «Xəyyam» dramına bəstələdiyi musiqidə, istərsə də xatirəsinə ithaf etdiyi «Cavid - 59» oratoriyasında böyük ədibin e’cazkar şe’riyyətini musiqinin rəngarəng boyaları ilə səsləndirib.

       Bəstəkar Rəşid Şəfəq də H.Cavidin eyniadlı dramı əsasında «Ana» operasını bəstələmişdir.

       H.Cavidin əsərləri bu gün Azərbaycan bəstəkarları üçün əsl ilham mənbəyi, üz tutduqları, tapındıqları sənət qibləgahıdır.

       Böyük ədibin yaratdıqları məni də bir bəstəkar kimi daim düşündürür, öz cazibəsində saxlayır. Maraqlıdır ki, onu təkrar-təkrar oxuduqca sanki yenidən kəşf edir, bu əsərlərin əbədi fəlsəfəsini, müasirliyini, aktuallığını bir daha qavrayırsan. Ədibin «Qaçqın» şe’rinə musiqi bəstələrkən bu fikri özlüyümdə bir daha təsdiq etdim. Bu günümüzün ağrı – acısı , reallığı olan qaçqınlıq bəlasından böyük şair hələ əsrimizin əvvəllərində bizi xəbərdar edirdi. Zülmə, zalıma, hərbə, haqsızlığa qarşı bütün varlığı ilə üsyan edən böyük Cavid «… Mənim tanrım gözəllikdir, sevgidir…» deyə bir ilahi qüdrət qarşısında səcdə qılır. Məhz bu düşüncələr məni yeni bir mahnı silsiləsini «Cavid çələngini» bəstələməyə sövq etdi. Əlbəttə, ürəyimdə iki narahat arzu – Cavidin iki əsərinə böyük səhnə musiqisi yazıb tamamlamaq arzusu yaşayır. Bu arzunun reallaşması bir çox səbəblərə görə gecikirsə də, son nəticəyə inam hissi məni tərk etmir. Həm də, insan qəlbini saflaşdıran, ülviləşdirən, xəyalına qa nad verən H.Cavid dünyasını tərk etmək mümkün deyil. Cavid dünyası bir nəhəng okean dalğası kimi öz vurğunlarını ağuşuna alıb nəhayətsiz sahillərə aparır. Bu şe’riyyət düynası həm də qüdrətli, əzəmətli və ecazkar bir simfoniyadır!










Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70