…Mən oxuduqca yaşamaq, yaşadıqca yaratmaq istəyirəm.
Şövkət Ələkbərova
Musiqi elə böyük bir aləmdir ki, ona maraq göstərən hər bir kəsə burada yer var. Biri musiqi aləminə bəstəkar kimi, o birisi ifaçı kimi, digəri isə dinləyici kimi gəlir. Lakin bu insanların hamısını musiqiyə olan sonsuz məhəbbət birləşdirir. Musiqi elə bil insanın içində yaşayır: sevinən, kədərlənən, arzuya qovuşan məqamlarında, başqa sözlə desək o, daima bizimlədir.
Insanın sənətə aidiyyatı elə bir sərvətdir ki, onu Ilahi hər kəsə bəxş etmir. Təsadüfi deyil ki, istedada malik olan insanı «Allah tərəfindən seçilmiş», «taleyin istəklisi» adlandırırlar (Əfsuslar olsun ki, istedada malik olan adamların arasında batili ilə istedadının arasında uçurum qədər fərq olanlar da var. Neyləmək, bu da təbiətin işidir). Şövkət xanım Ələkbərova məhz Allah tərəfindən qeyd olunan insanlardandır. Onun baxışında olan dalğınlıq, üzündə olan sakitlik, həyat dolu gülüşü, xanım təbiəti və insaniyyəti səsinin gözəlliyi qədər təkrarolunmazdır. Şövkət xanımın şəxsiyyətində dahi rus yazıçısı Anton Pavloviç Çexovun dediyi kimi, insanın zahiriynən batilinin gözəlliyi və həmahəngliyi öz əksini tapır.
ŞÖVKƏT xanım ƏLƏKBƏROVA... Bu ad xalqımızın qəlbində həzin bir mahnı kimi səslənir...
1922-ci il oktyabrın 20-də Bakının Mirzə Fətəli küçəsində yerləşən bir evdə, zəhmətkeş insan - Feyzulla kişinin ailəsində Mirbağır ağanın nəvəsi olan əsl bakılı qızı dünyaya göz açdı. Bu körpə - gələcəyin dahi müğənnisi Şövkət Ələkbərova idi. Payızda həyata qədəm qoymasına baxmayaraq Şövkət xanımın siması bahar təravəti ilə yoğrulmuşdu. Bu bahar təravəti sonradan Şövkət xanımın yaradıcılığına da bahar nəfəsi gətirdi.
Şövkət xanımın atası Feyzulla kişi fəhlə idi, amma buna baxmayaraq sənətə pərəstiş edən bir insan idi. Həyat yoldaşı Hökümə xanımın tar çalmağından fərəh duyurdu. Uşağlarına da musiqi savadı verməyə çalışırdı bu insan. Böyük oğlu Ələkbər tar çalırdı, kiçik oğlu Paşa – qaval. Amma qızı Şövkət üçün ata ürəyində bir arzu var idi - qızını müğənni görmək arzusu, amma səs elə bir nemət idi ki, onu valideyn istəsə belə övlada verə bilməzdi.
Atası Feyzulla kişinin musiqiyə olan ehtiramı, anası Hökumə xanımın çaldığı tardan süzülən təranələr balaca Şövkətdə musiqiyə böyük həvəs oyatdılar.
Şövkətin anası Hökümə xanım qızını kamança sinfinə verir və kamança çalmağa meylli olan Şövkət böyük həvəslə dərslərə gedir. Günlər, aylar ötüşür ...
Günlərin bir günü Feyzulla kişinin arzusu çin olur, Allah onun balaca qızına səs verdi. Evlərində gözəl bir trio – ailə triosu yarandı: Şövkət oxuyurdu, qardaşları isə onu müşaiyət edirdilər.
Beləliklə, musiqi dünyası Şövkətin qarşısında açılmağa başladı və o, bu sehrli dünyanın geniş yollarında ilk addımlarını atdı.
Büllur dağ suları kimi çağlayan səs bəxş etmişdi Ilahi Şövkət xanıma və o, əsil xanım kimi davranmışdır bu Allah vergisi ilə. Elə ona görə də Şövkət xanımın səs bulağı yarım əsrdən çox çağladı.
Yeniyetmə Şövkətin ilk dəfə böyük səhnəyə çıxması təsadüfi, hətta özü üçün də gözlənilməz oldu. Anası Hökumə xanım qadınlardan ibarət orkestrdə tar çalırdı və Şövkət tez-tez anası ilə məşqlərə və konsertlərə gedirdi. Günlərin bir günü həmin orkestr Dağüstü parkda konsertqabağı məşq edirdi. Konsertin iştirakçılarından biri gəlməmişdi. Birdən dirijorun gözü vurğun baxışlarla səhnədə olanları müşahidə edən ucaboy nərmənazik bir qıza sataşdı. Bu, Hökumə xanımın qızı Şövkət idi. Dirijor ona məşqə gəlməyən müğənnini əvəz etməyi təklif etdi və Şövkət içindən gələn duyğulara bürünmüş «Gəlmə, gəlmə» mahnısını ifa etdi. Hamının üz-gözü gülürdü. Bu müqəddəs dəqiqələr idi... məhz bu dəqiqələrdə dünyaya yeni bir müğənni gəldi və gənc Şövkətin ifasını eşidən insanlar bu tarixi hadisənin şahidi oldular. Mahnı bitdi, Şövkət isə donub qalmışdı. Gənc qız gördüklərinə inanmırdı, axı o, çoxdan bu dəqiqələrin arzusunda idi... Şövkət Ələkbərovanın yaradıcılığının birinci dövrü belə başladı
.
Şövkət xanımın etirafına görə o, on dörd yaşında ikən kamança çalmış, on altı yaşından isə müğənniliyə başlamışdır. O, özfəaliyyətdə ilk addımlarını «Müəllimlər evi»nin klubunda atmışdı. Daha sonra isə «Kəndlilər evi»nin özfəaliyyət dərnəyinə dəvət almışdı.
...1937-ci il xalqın, dövlətin həyatında ağır zaman kimi yaddaşlara həkk olunmuşdu. Amma boz buludlar asimanı bürüdüyünə baxmayaraq, həyat davam edirdi və musiqi də insan həyatının tərkib hissəsi kimi inkişafını davam edirdi.
Həmin vaxt Bakıda Azərbaycan Respublikası Həmkarlar Ittifaqının bədii özfəaliyyət kollektivlərinə baxış keçirildi və Şövkət Ələkbərova həmin baxışın qalibi elan edildi.
Bu tədbirin yekun konserti 1938-ci ilin əvvəllərində Opera və Balet teatrının möhtəşəm səhnəsində keçirilirdi.
Münsiflər heyətində Üzeyir bəy Hacıbəyov, Bülbül, Səid Rüstəmov və başqaları əyləşmişdilər. Şövkət Ələkbərova «Qarabağ şikəstəsi»ni böyük məharətlə ifa etdi.
Bu qızın çıxışını çox bəyənən və xüsusi olaraq qeyd edən Üzeyir bəy kimi sənət nəhəngi gənc Şövkəti filarmoniyaya yanına çağırtdırır və işə götürür. Həmin gündən Şövkət Ələkbərovanın professional səhnə həyatı başlayır.
Beləliklə Şövkət Ələkbərova 1938-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və rəqs ansamblının solisti oldu və bu vəzifədə 1945-ci ilə qədər çalışdı. 1945-ci ildən müğənni Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının, sonralar isə Azkonsertin solisti idi...
Tale gənc müğənninin üzünə güldü. Şövkət Ələkbərova professional sənət yolunda ürəkli addımlamaq üçün Azərbaycan musiqi sənətinin zirvəsinə ucalan sənətkarların xeyir-duasını aldı. Bu böyük insanlar ona özünə inam hissi aşıladılar, lakin bu heç də gənc müğənninin özündən razı olmasına gətirib çıxarmadı. O, ömrü-boyu həmişə özünə qarşı hədsiz dərəcədə tələbkar olmuşdu. Sənətdə əldə etdiyi nəticələr buna sübutdur.
Təbiətin Şövkət xanımı «solist» yaratdığına baxmayaraq o, sənətdə ilk addımlarını xatırlayarkən xorda oxuduğu illəri minnətdarlıqla yad edərdi: «...dördsəsli xorda oxumağım mənə çox şey veribdir. Bu gün müxtəlif üslublu, müxtəlif dəst-xətli ansamblların, orkestrlərin müşayiətilə oxuya bildiyim üçün, ilk növbədə Üzeyir bəyə, onun yaratdığı xora borcluyam. Musiqi ilə məşğul olmayan adamlar üçün bəlkə də orkestrlə oxumaq çox asan görünür. Lakin bu belə deyildir. Trio ilə oxumaqla simfonik orkestrin müşayiətilə oxumağın arasında yerlə-göy qədər fərq var. Xorda səsin imkanları genişlənir, səs cilalanır, «üzüyola», həm də ifadəli olur. ...görün mən xorda nələr oxumuşam? «Yar gülə-gülə», «Aman nənə», «Ay ləli», «Tello», «Ay bəri bax», «Ləli» xalq mahnılarını, Üzeyir Hacıbəyovun «Kolxoz çöllərində», «Komsomolçu qız», «Komsomolçu», «Qızıl əsgər» mahnılarını...1
Məhz bu sənət ocağında Şövkət xanım ilk dəfə on altı yaşında olarkən professional ifa tərzinə yiyələnərək bir çox xalq mahnılarını ifa etdi. Cavan müğənni üçün bu böyük şərəf idi, axı onun işlədiyi kollektivin konsertlərinə Üzeyir bəy özü dirijorluq edirdi. Belə bir böyük şəxsiyyətlə daima təmasda olmaq, onun qeydlərini və nəsihətlərini eşitmək gənc müğənni üçün böyük sənət və həyat məktəbi idi... Çoxşaxəli yaradıcılığına, çoxsaylı yetirmələrinə diqqətlə yanaşdığı kimi, Üzeyir bəy yaratdığı bu kollektivin repertuarının da daima genişlənməsinə çalışırdı. O, məşhur xalq mahnılarından: «Aman nənə», «Ay bəri bax», «Ay lolo» və başqalarını xor və orkestr üçün işləmişdir, həmçinin yaşadığı dövrü səciyyələndirən mahnılar da yazmışdı.
Üzeyir bəy Şövkət Ələkbərovanın səsini yüksək qiymətləndirirdi, onun əsl professional olması üçün qiymətsiz məsləhətlər verirdi və Şövkət xanım ömrü boyu dahi sənətkarın dərslərini unutmurdu. Onun haqqında danışarkən həmişə Uzeyir bəyin adı qarşısına «dayı» kəlməsini işlədərdi. Bu da təsadüfi deyil, çünki Üzeyir bəyin böyüklüyü elə onda idi ki, hər bir azərbaycanlıya «ata», «əmi», «dayı» olmağı bacaran insan idi.
Şovkət xanım Üzeyir bəyi belə xatırlayardı:
«- Üzeyir dayı mənim səsimi çox xoşlayardı, həmişə mənə «özündən, səsindən muğayat ol», - deyərdi. O, böyük ürək sahibiydi, məktəb idi, məktəb! Bizə oxumağın, yana-yana oxumağın, çalmağın, bir sözlə, sənətin hər sirrini öyrədərdi»2.
Şövkət xanımı Üzeyir bəylə doğmalaşdıran bir tarixi fakt da var. Üzeyir bəyin dayısı Ağalar bəy Əliverdibəyov həm dahi bəstəkarın ilk musiqi müəllimi, həm də Şövkət xanımın ilk muğamat müəllimi olmuşdur.
Professional vokal dərslərini Şövkət xanım tanınmış opera müğənnisi Hüseynqulu Sarabskidən alıb.
Məlumdur ki, «a capella» ifaçılıq üsulu çox mürəkkəbdir və müğənnidən maksimum bacarıq tələb edir. Çünki ancaq məlahətli, geniş palitraya malik səs müşayiətsiz dinlənilərkən tam və gözəl səslənə bilər. Şövkət xanımın səsi də belə səslərdən idi.
Şövkət Ələkbərova sevimli müəllimi Hüseynqulu Sarabskini yad edərək, deyirdi ki, müəllimi «xanəndəni həm də aktyor görmək istəyirdi»3.
Çalışqan tələbə Sarabski kimi böyük müğənni və aktyorun məktəbinin yetirməsi olduğundan fərəh duyurdu və bu tövsiyyəni bütün sənət yolu boyu qulağında sırğa edərək, müəlliminin göstərdiyi yolla zirvəyə ucalmışdı. Bu yolda Bülbül, Xan Şuşinski, Zülfi Adıgözəlov kimi mahir ifaçılar Şövkət xanıma bələdçilik etmişlər.
Bu gün də Şövkət xanımın ifasını lent yazılarında izləyəndə bu insanın səsinin, mimikasının, hərəkətlərinin, geyiminin nə qədər sıx təmasda olduqlarının şahidi oluruq. Şövkət Ələkbərova simasında fitri istedadla əməyin birliyi gözə çarpır və məhz bu vəhdətdən müğənninin böyüklüyü yaranır.
...Böyük Vətən Müharibəsinin ilk günü Şövkət xanımı Bakıdan Moskvaya gedən qatarda haqladı. Həmin zaman müğənni bir qrup həmkarı ilə SSRI-nin paytaxtında keçiriləcək Ümumittifaq müsabiqəsində iştirak etmək üçün gedirdi.
Ifa etdiyi «Qaragilə», «Yaxan düymələ», «Ceyran bala», «Xumar oldum», «Şuşanın dağları», «Qaragöz» və başqa mahnılar Şövkət Ələkbərovanın artıq xalq tərəfindən mahir ifaçı kimi qəbul olunmasına imkan yaratmışdılar.
Müharibə illəri müğənnin yaradıcılığının ikinci mərhələsinə təsadüf edir. Müharibənin ilk günlərində Üzeyir bəy bəstəkarları yanına toplayıb, özü başda olmaqla müharibə mövzusunda əsərlər yaratmağa çağırdı. Böyük müəllimin bu çağırışı, demək olar ki, tələb kimi səsləndi. Beləliklə, 1941-45-ci illərdə Azərbaycanda yeni bir musiqi – hərbi illərin musiqisi yarandı. Hərbi-vətənpərvərlik mövzusunda yazılan hər bir əsər - istər irihəcmli - operalar, simfoniyalar, kantatalar və oratoriyalar, istərsə də mahnı janrının nümunələri, bu əsərlərin hamısı xalqımızı igidliyə, mərdliyə, Vətən və dost qədrini bilməyə çağırırdı. Məhz bu illərdə Şövkət xanımın repertuarı tam yeniləşir. Artıq müğənnini tez-tez qospitallarda, hərbi hissələrdə, dəmir yolu stansiyalarında əsgərləri cəbhəyə yola saldıqda verilən konsertlərdə iştirak edən görmək olardı. O, Üzeyir Hacıbəyovun «Şəfqət bacısı», «Addımla əsgər», «Yaxşı Yol» və başqa bəstəkarların mahnılarını ifa edirdi.
Şövkət xanımın etirafına görə hətta bir gün belə olub ki o, Üzeyir bəyin «Addımla əsgər» mahnısını gün ərzində 53 dəfə oxuyub:
Addımla, addımla əsgər,
Addımlarında şanlı zəfərlər.
Amma buna baxmayaraq, yorğunluq hiss etmirdi Şövkət, çünki mahnıları ilə əsgərləri qələbəyə səsləməyi qarşısına məqsəd qoymuşdu, çünki gözləri önündə müharibədə olan əziz qardaşları Ələkbər, Paşa və Bağır dururdu ...
Sonralar da, onilliklər keçməsinə baxmayaraq Şövkət xanım müharibəni həmişə həyatında ağır bir dövr kimi xatırlayırdı.
1943-cü ilin fevral ayında Şövkət Ələkbərova bir dəstə sənət yoldaşları ilə ilk dəfə cəbhəyə getdi. Ukraynanın Staroselsk şəhəri, Stalinqrad ... Müharibə vaxtı Şövkət xanım əsgər libasında konsertlər verməklə yanaşı cəbhənin çətinliklərini də görmüşdü. Faşist təyyarələrinin hücumları ilə də, səngərlərdə gizlənməklə də, qospitallarda yaralılarla da qarşılaşmışdı. Bu illər ərzində gənc müğənninin gözləri önündə daima əziz qardaşları dururdu. Müğənni, onun ifasını alqışlayan hər bir əsgərdə qardaşlarını görürdü.
Müharibə hələ qurtarmamışdı, lakin cəbhə arxasında həyat davam edirdi, sənət tarixinin saatı bir dəqiqə belə dayanmırdı. 1944-cü ilin dekabr ayında Tbilisi şəhərində keçirilən Zaqafqaziya respublikalarının müsiqi ongünlüyündə Asəf Zeynallı adına Bakı musiqi məktəbində Hüseynqulu Sarabskinin sinfində savad almış Şövkət Ələkbərova da böyük müvəffəqiyyətlə iştirak edir. Müğənninin bu uğuru Üzeyir bəyin həmin Dekada haqqında yazdığı məqalələrində öz əksini tapır.
Nəhayət Qələbə günü gəlib çatdı... Sevinc dolu, həyəcanlı bir gün. 1945-ci ilin 9 may günündə hamı sevinirdi, hətta əzizlərini itirən adamların da bir gözü ağlayıb, bir gözü gülürdü. Axı milyonlarla insanların dərdinə son qoyulmuşdu, xalqımız düşməni məğlub edərək qələbə qazanmışdı. Bir çox adamların qapısını döyən kədər Şövkət xanımgilin də qapısını döydü: qardaşı Ələkbər əbədiyyətə qovuşdu...
Müharibə illəri Şövkət xanımın yaradıcılığında xüsusi bir mərhələ oldu. O, müğənni kimi yetişdi, insan kimi bərkidi. Əfsuslar olsun ki, bu nazik, açıq könüllü, yumşaq təbiətli qızın o dəhşətli illərdə oxuduğu gözəl mahnılar ancaq yaddaşlarda qaldı. Axı o zamanlar müğənnilərin səslərini lentə almaq imkanı hələ yaranmamışdı.
Həyat keşməkeşli yollardan ibarətdir. Bu yollardan biri də xalqımızın zəfərlə sonuna çatdığı müharibə yolu idi. Bəli... müharibə bitdi, amma onun ağrı-acısı, törətdiyi müsibətlər hələ bitməmişdir. Insanlar yeni bir həyat yolunun əvvəlində idilər. Şövkət xanım da xalqımızın şərəfli bir nümayəndəsi kimi yaradıcılığının müharibədən sonrakı dövrünə qədəm qoydu.
1945-ci ildən Şövkət xanım Müslüm Maqomayev adına Azərbaycan Dövlət filarmoniyasında, sonralar isə Azkonsertdə öz fəaliyyətini solist kimi davam etdirdi. Muğənninin «solo» konsertləri dinləyicilərdə ona qarşı böyük rəğbət oyatdı.
Şövkət Ələkbərovanın yaradıcılığında üçüncü mərhələ olan çox önəmli 50-ci illər mərhələsidir. Bu illərdə Şövkət Ələkbərova xalq və bəstəkar mahnılarının «bir nömrəli» ifaçısı kimi tanındı. Müğənni «Qatar», «Şahnaz», «Segah» muğamlarını özünə məxsus tərzdə ifa edirdi və onlara yeni nəfəs gətirirdi. Şövkət xanım «Qarabağ şikəstəsi», «Süsən sünbül», «Dəli Ceyran», «Ay qadası», «Yar gəldi», «Kürdün gözəli», «Ceyran», «Gül açdı» xalq mahnılarını ifa edərkən dinləyicilər onun kövrək qəlbini, incə duyğularını hiss edirdilər.
Göstərildiyi kimi, 50-ci illər Şövkət xanımın yaradıcılığında çox məhsuldar olmuşdur. Və bunun nəticəsi kimi məhz həmin vaxt müğənni Azərbaycanın Əməkdar (1954) və Xalq (1959) artisti fəxri adlarına layiq görülmüşdü.
Bu onilliyin sonunda (1959) Şövkət xanım öz məharətini SSRI-nin paytaxtı Moskvada, Böyük Teatrın səhnəsində Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyü çərçivəsində təşkil olunan konsertdə göstərdi. Müğənninin çıxışları paytaxt tamaşaçılarını da valeh etdi.
Özünü dünyaya sevdirən Azərbaycan müğənnisi Şövkət Ələkbərova öz repertuarına fars, ərəb, türk və başqa dillərdə oxuduğu mahnıları da daxil etmişdi. Qastrol səfərləri müğənni ömrünün bir fəsli kimi tarixdə qalıb, axı bu səfərlərin nəticəsi Azərbaycanı və Azərbaycan musiqisini dünyaya tanıtmaq olub.
Şövkət xanım Rusiya, Iran, Əfqanıstan, Iraq, Əlcəzair, Suriya, Mərakeş, Tunis, Misir, Şri-Lanka, Hindistan, Çin, Türkiyə, Fransa, Isveçrə, Isveç və Almaniya, Bolqarıstan, Polşa və Çexoslovakiya musiqisevərlərini öz bənzərsiz ifasıyla, ecazkar səsi ilə ovsunlamışdı.
Müğənninin repertuarında «Ənəlhəq», «Füzuli», «Ay işığında», «Oxu gözəl», «Eşqimdə təmənnasızam», «Tellər oynadı», «Küsüb məndən», «Bir könül sındırmışam», «Bayram şamları», «Durnalar», «Oxu tar», «Getmə amandı», «Şəki», «Bakı gecələri», «Qubalı qız», «Dərələr», «Ağ çiçək» kimi ürəklərdə iz qoyan mahnı-kantatalar və mahnılar var idi.
Şövkət xanım haqqında bir çox bəstəkarlarımız, o cümlədən Tofiq Quliyev, Arif Məlikov, Cahangir Cahangirov, Ramiz Mirişli və başqaları öz xatirələri ilə bölüşüblər. Bu sənət adamlarının dediklərində bir ümumi xətt var. O da Şövkət xanımı əsl professional kimi xarakterizə etməkdir. Burada ümumi bir fikirlə də rastlaşırıq: Şövkət Ələkbərova istər xalq lirik mahnılarının, istərsə də bəstəkarlarımızın yaratdıqları lirik mahnıların bənzərsiz ifaçısıdır.
Şövkət xanım yaxşı mənada vaxtın nəbzini tuta bilən müğənni olmuşdur. O, sənətdə nəsillər arasında körpü yaradan bir müğənni idi. Şövkət xanım həmişə təravətli və ecazkar səsilə həm yaşlı nəslin nümayəndələri olan ölməz sənətkarlarımız Səid Rüstəmovun, Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin, Qənbər Hüseynlinin, Tofiq Quliyevin, Cahangir Cahangirovun, Ağabacı Rzayevanın, Şəfiqə Axundovanın, Zakir Bağırovun və başqalarının əsərlərini, həm də yeni nəsli təmsil edən Emin Sabitoğlu və Polad Bülbüloğlu kimi bəstəkarların mahnılarını eyni məharətlə ifa etmişdir.
Şövkət xanım Azərbaycan xalq musiqisində ənənələrə sadiq qalan və eyni zamanda ənənələr silsiləsini davam etdirən bir şəxsiyyət olmuşdur. O, səhnəyə özünə məxsus ifa tərzi və davranış qaydaları gətirmişdi. Məhz bunlar onu sənət zirvəsinə ucaltdı və əlçatmaz etdi, məhz bunlara görə onun oxuduğu mahnılar xalqımızın tarixi yaddaşına yazıldı, məhz bunlar müğənninin sənətini hər bir qəlbi kövrək insana doğma etdi.
Şövkət xanımın repertuarında olan mahnılarda söz, musiqi və ifa bir-birini tamamlayaraq, vəhdət təşkil edirdilər. Elə buna görə də, muğənninin ifa etdiyi mahnılar ilk ifadan dinləyicilərin ürəklərinə yol taparaq yaddaşlarda həkk olunurdular. Şövkət xanımın konsertlərində tamaşaçı salonuna nəzər saldıqda tamaşaçıların dodaqlarının tərpənməsinin şahidi olurduq, çünki müğənninin ifa etdiyi mahnılar dillər əzbəri idi. Musiqidə belə bir məqam var: xalq tərəfindən sevilən mahnılar illər keçdikcə xalq mahnıları kimi qəbul olunurlar. Sözsüz ki, belə mahnıları yaradan sənətkarlar üçün bu böyük xoşbəxtlikdir. Şövkət xanımın ifa etdiyi mahnılar məhz bu qəbildən idi.
Şövkət xanımın yaradıcılığı haqqında hələ geniş analitik təhlilə malik monoqrafiya yazılmasa da, müğənninin sənəti bir çox sənət adamlarını, jurnalistləri onun haqqında fikir yürütməkdən usandırmayıb. Bunun da səbəbi odur ki, Şövkət Ələkbərova şəxsiyyəti yanından biganə keçmək olmaz. Bu sehrli səsin yiyəsi barədə ancaq xoş sözlər demək, xoş təəssüratlar söyləmək olar.
Şövkət xanım o nadir şəxsiyyətlərdəndir ki, sağlığında özü haqqında xoş təəssürat, dünyasını dəyişəndən sonra isə xoş xatirələr qoyub. Bu isə insanın fətx etdiyi ən yüksək zirvədir.
Şövkət xanımın sənətinə pərəstiş edən xalqımızın sevimli, dəyərli bəstəkarlarından olan respublikanın xalq artisti Cahangir Cahangirov müğənni haqqında belə demişdi: «Şövkət Ələkbərovanın səsindən, sənətkarlığından çox danışmaq olar. Indi şöhrət sahibi olan bəstəkarların çoxu ona borcludur. ...Şövkət Ələkbərova həqiqətən böyük müğənnidi. Belə oxuyanlar tarixdə az-az yetişir» 4.
Şövkət Ələkbərova haqqında rəsmi olaraq bibilioqrafiya da nəşr olunmayıb. Amma üzdə olan yazıların içində diqqətimizi yazıçı Altay Məmmədovun 1960-cı ilin 24 sentyabrında «Kirovabad kommunisti» qəzetində dərc etdirdiyi «Şövkət Ələkbərovanı dinlərkən» məqaləsi cəlb edir: «Şövkət Ələkbərovanı dinlərkən səsin... ecazkar gücünə heyran qalırsan. Bu səs öz gücünü dəniz ləpələrinin pıçıltısından, yaşıl yarpaqların xışıltısından, çeşmələrimizin, gur çaylarımızın, şəlalərimizin musiqisindən, doğma Azərbaycan torpağının füsunkar gözəlliyindən almışdır.
Şövkət Ələkbərovanın rəvan səsində çox aydın, çox səlis bir musiqi var. Elə bil müğənninin sinəsində qüdrətli bir dirijor tərəfindən idarə olunan miniatür bir simfonik orkestr yerləşmişdir. Şövkət Ələkbərova bu gur səsi, bu güclü səsi, bu yumşaq səsi, bu ilıq səsi böyük sənətkarlıq və elmlə idarə edən yüksək mədəniyyətli bir müğənnidir. Onu dinlədikcə müğənnilik sənətinin olduqca böyük gücünə inanırsan; nəğmə müəllifləri – bəstəkar və şair yaddan çıxır. Nəğməkarın odlu nəfəsi şerin sözlərini və musiqisini əridib bir-birinə qatır, sanki şair də, bəstəkar da müğənninin özüdür».
S.Rüstəmovun «Hardasan», «Oxu gözəl»; F.Əmirovun «Kor ərəbin mahnısı», «Gülərəm gülsən», «Layla»; C.Cahangirovun «Ana», «Bayram şamları»; Şəfiqə Axundovanın «Şəki», «Yaradan əllər» kimi mahnıları hələ də yaddaşlarda yenilənir. Bunun əsas səbəbkarı Şövkət xanımdır, çünki o, hər bir ifa etdiyi mahnını əsl mənada yaradaraq, bəstəkarın və şairin əməyini yerə salmır, yaratdıqları sənət incilərini yaşadır.
O dövrdə elə bir bəstəkar tapılmazdı ki, yazdığı mahnını ilk növbədə Şövkət xanıma təqdim etməsin. Şövkət xanım da ustad təcrübəsindən istifadə edərək həmişə bu əsərləri yaşatmağa çalışardı və istəyinə də nail olardı. O zaman yazılan bir çox mahnıların uzun ömürlü olması və bu gün də xalqın ürəyinə yol axtaran müğənnilərimizin Azərbaycan bəstəkarlarının keçən əsrin 40-60-cı illərində dünyaya gələn mahnılarını sevə-sevə öz repertuarlarına daxil etməsi buna sübutdur.
Azərbaycan muğamlarını və Azərbaycan bəstəkarlarının mahnılarını yaşatmaq Şövkət Ələkbərovanın sənətdə qarşısına qoyduğu əsas məqsəd idi və o, bu məqsədə nail oldu. Şövkət xanımın vallara və kino lentlərinə yazdırdığı mahnılar müğənninin daima yaddaşlarda qalmasına kömək edir və bu mahnıların tarixdə yaşamasına imkan yaradır.
Şövkət Ələkbərova bir çox tanınmış bəstəkarlarımızın yaradıcılığında mühüm rol oynamışdı. Misal kimi təkcə Tofiq Quliyev yaradıcılığını gətirmək kifayətdir. Tofiq müəllimin özü bu barədə belə deyirdi: «Şövkət Ələkbərova Azərbaycan sovet musiqisinin ən görkəmli sənətkarlarından biridir. Təbiət Şövkət Ələkbərovaya gözəl, çox məlahətli səs, istedad bağışlayıb. Bəstəkarların əksəriyyəti çalışır ki, onların yeni mahnılarının ifaçısı Şövkət xanım olsun. Cəsarətlə demək olar ki, bəstəkarlarımızın çoxunu xalqımıza o tanıtdırıbdır. Mən də özümü xoşbəxt hesab edirəm ki, mahnılarımın ilk ifaçısı Şövkət xanım olub. Mən həmişə çalışmışam ki, mahnılarımı Şövkət xanım oxusun5».
Şövkət xanım Tofiq Quliyevin bir çox mahnıları ilə yanaşı, bəstəkarın kinofilmlər («Bəxtiyar», «Görüş», «Onu bağışlamaq olarmı» və b.) və teatr tamaşaları üçün yazdığı mahnılarının («Qızılaxtaranlar» operettasından «Ilk bahar» mahnısı) da təkrarolunmaz ifaçısı olmuşdur.
Şövkət xanımın gördüyü ən mühüm işlərdən biri də gənc nəslin musiqi tərbiyəsi ilə məşğul olmasıydı. Məhz bu iş Şövkət Ələkbərova yaradıcılığının dördüncü dövrünə təsadüf edir. Azərbaycan muğamlarına dərin hörmət bəsləyən və onları qəlbən sevən müğənni bu ehtiram və məhəbbəti gənc nəslə də aşılaya bilmişdi.
Böyük müğənni yaradıcı gənc nəslin nümayəndələrində öz gəncliyini görərək, onların sənət və həyat himayəsinə böyük ehtiyac duyduqlarını çox gözəl bilərək, doğma balaları kimi sevdiyi tələbələrilə 50 illik sənət yolunda qazandığı təcrübəsini böyük səxavətlə paylaşırdı.
Şövkət xanımın şagirdlərinin böyük müğənni haqqında xatirələri də dediklərimizin əyani sübutudur. Bu nəcib xanımın simasında böyüklükdə təkrarı olmayan «ana» və «müəllim» məfhumları cəmləşmişdi. Bu isə çətin olduğu qədər şərəfli idi.
Sevimli müəlliminin xatirəsini əziz tutan tələbəsi Aybəniz Haşımova Şövkət xanımla bağlı verdiyi müsahibələrdə dəfələrlə Şövkət xanımın internat yetirmələrinə ana nəvazişiylə yanaşdığını, uşağlara yanlarında valideynlərinin olmamasını hiss etdirmədiyini, bayramlarda onları evinə çağırıb, süfrə açdığını və öz əliylə uşağlar üçün plov dəmlədiyini qeyd edib. Bununla yanaşı, minnətdar tələbə olan Aybəniz xanım Şövkət xanımın bir müəllim kimi çox tələbkar olduğunu, onun baxışlarından belə qorxduqlarını, amma buna baxmayaraq, tələbələrin müəllimlərini çox sevdiklərini vurğulayıb.
Şövkət xanımın sənətdə gördüyü işlərin, xalqına verdiyi mənəvi qidanın müqabilində, yaşadığı dövrün imkanlarına uyğun olaraq o, SSRI xalq artisti fəxri adına da layiq görülməliydi, SSRI Ali Sovetinin deputatı da seçilməliydi, Azərbaycan Dövlət Konservatoriyasının muğam sinfində dərs də deməliydi... Bəli, bunlar hamısı olmalıydı, lakin... heç biri olmadı. Əvəzində isə böyük sənətkarın sənət yoluna çəpərlər düzüldü, süni çətinliklər yarandı... Niyə? Bəlkə də ona görə ki, Şövkət xanımın təbiətində olan qürur onu ayrı-ayrı vəzifə sahiblərinin qarşısında baş əyməyə qoymadı. Şövkət xanım elə bir qürurlu el qızı idi ki, başını ancaq tamaşaçılarının, dinləyicilərinin, bir sözlə desək millətin, xalqın qarşısında əyərdi. O, sözünü həmişə düşünüb, dik deyənlərdən idi, amma heç bir zaman ona ehtiyac duyan insanların xətrinə dəyməzdi, könül sındırmazdı.
Şövkət xanım sənətdə və həyatda paxıllığın və qısqanclığın əleyhinə olardı. Hesab edirdi ki, insana ali bir nemət olan istedadı Allah verir və kiminsə ayağından çəkməklə başqa bir sənətçinin istedadı arta bilməz. Şövkət xanım heç bir vaxt sənət yoldaşları haqqında xoşa gəlməyən söz danışmazdı. Buna sübut kimi, müğənniyə qız əvəzi olan gəlini Gülnarə xanım da həmişə xüsusi olaraq qeyd edir: «Şövkət xanımla on il bir mənzildə yaşadıq, amma mən onun bir dəfə də olsun kiminsə haqqında mənfi fikir söylədiyini eşitmədim». Şübhəsiz ki, bu da Şövkət xanımın şəxsiyyətini, simasını müsbət xarakterizə edir.
Şövkət xanımı səciyyələndirən cəhət onun sözünün arxasında dura bilməsidir. Balalarıyla da, əqidə yoldaşlarıyla da, seçiciləriylə də... Həmişə lətafətli və nəzakətliydi bu xanım.
Şövkət xanım çox nikbin bir insan idi. Ona baxanlar elə bilərdilər ki, heç vaxt heç nədən narazı qalmır. Amma əslində o, sadəcə olaraq, qarşısında duranların könlünə dəymək istəməzdi, hamını şirin dillə dindirərdi. Geniş ürəyə malik bir insan idi. Bunu təsdiq edən misallar sonsuzdur. Elə götürək onun öz qardaşlarının balalarına göstərdiyi münasibəti. «Bibi»lik nümunəsi olan Şövkət xanım Böyük Vətən Müharibəsində həlak olan qardaşı Ələkbərin qızı Validəni səkkiz aylığından öz yanına götürüb, ona ana olmuşdu. O biri qardaşı Şəfinin qızı Sevdanı, oğlu Eldarı da bibi böyütmüşdü. Onların hamısına savad verib, ailə qurmaqda göməklik göstərmişdi. Daima qohum-əqrəbanın, dost-tanışın dadına çatan bir insan idi Şövkət xanım.
Şövkət xanım təbiətcə həddən artıq sadə və təvazökar idi. Onun xasiyyətinə məxsus bu xüsusiyyətlər insanlarla ünsiyyətində özünü çox qabarıq şəkildə biruzə verirdi.
Haşiyə: Yadımdadır, 70-ci illərdə Zuğulbadakı pansionatda dincələrkən Şovkət xanımla tez-tez görüşürdük və hər dəfə onunla ünsiyyətdə olduqda hiss edirdim ki, bu insanın bizim ailəmizə böyük sevgi və ehtiramı var. O, anam - Xavər xanımla görüşəndə şirin-şirin söhbət edərdi, keçmişi xatırlayardı, atam - Şıx-Əli Qurbanovun onun özünə və mərhum həyat yoldaşı istedadlı kinorejissor Lətif Səfərova olan diqqət və nəvazişindən ağızdolusu danışardı. Mən də bu söhbətlərin şahidi olduğum üçün özümü xoşbəxt bilirdim, çünki Şövkət xanıma uşaqlıqdan böyük ehtiram və məhəbbətlə yanaşırdım, axı o, hər şeydən əvvəl atamın sözlərinə yazılan «Şəki» (Şəfiqə Axundovanın Şıx-Əli Qurbanovun sözlərinə yazdığı «Şəki» mahnısı özündə lirizmlə yanaşı vətənpərvərlik ruhunu da yaşadır. Şövkət xanım həmişə olduğu kimi bu mahnıya da doğmalıqla yanaşmışdı. Qırx ildən artıq səslənən bu mahnı Şəki sakinləri tərəfindən doğma şəhərlərinin himni kimi qəbul edilmişdir) və «Bayram şamları» (Cahangir
Cahangirov bu mahnının musiqisini Şıx-Əli Qurbanovun Novruz bayramına həsr etdiyi eyni adlı şerinə yazmışdı) mahnılarının təkrarsız ifaçısı idi.
Şövkət xanımın nadir xüsusiyyətlərindən biri o idi ki, əsl xanım olan bu insan böyüklə-böyük, uşaqla – uşaq olmağı bacarırdı. Buna sübut - Şövkət xanımın mənimlə də (o zaman çox gənc olduğuma baxmayaraq) görüşəndə münasib mövzu tapıb danışmağı idi, müəyyən məsələlərə aid mənim fikrimi öyrənməsi idi. Indi, aradan illər keçdikdə, başa düşürəm ki, yaşıma baxmayaraq, Şövkət xanım məni şəxsiyyət kimi qəbul edirdi.
Məlumdur ki, cəmiyyətdə kişi mərdliyi ilə seçilib sayılan xanımlar var. Bizim Şövkət xanım belə insanlardandır. Sözü bütöv, dostluqda möhkəm, fikir yürütməkdə ürəkli olan başı bəlalar çəkmiş, mərdliyi qədər zərif, zərifliyi qədər mərd bir qadın.
Şövkət Ələkbərova son dərəcə güclü bir şəxsiyyət idi. Onun həyat yolu heç də hamar olmamışdı. Həyatın onun qarşısına çıxartdığı faciələr (həyat yoldaşı - Lətif Səfərovun qəfil dəhşətli ölümü, qızı - Natellanın ağır xəstəlikdən sonra vaxtsız həyatdan köçməsi), üstəlik səhnə fəaliyyətində onun qarşısında süni surətdə yaradılan çəpərlər bir qadının çiyinlərində qaldırılası yük deyildi. Məhz qızı Natellanın ölümü Şövkət xanımın səhhətini çıxılmaz vəziyyətə saldı. Amma xəstəliyinin ağırlığına baxmayaraq, 1990-cı il yanvarın 20-də Almaniyada müalicədə olan Şövkət xanım son qüvvəsini toplayaraq xalqına yardım göndərmək məqsədilə oradakı Azərbaycan cəmiyyətinin təşkil etdiyi xeyriyyə konsertlərini verdi. Müğənni iki gün dalbadal yataqdan qalxıb səhnəyə çıxdı. Bunu ancaq güclü şəxsiyyət edə bilərdi.
Çox heyf ki, ustad sənətkarımızın yaradıcılığının dördüncü və son mərhələsində həyatındakı sonuncu iki onillikdən xalqımız naminə tam istifadə olunmadı. Şövkət xanım ömrünün sonunda dövlət tərəfindən layiq olduğu nəvazişi görmədi. Amma bununla yanaşı müğənninin yaradılıcılığının, sənətdə əldə etdiyi nailiyyətlərinin dəyərini onunla sənət ünsiyyətində olan və hər biri özü-özlüyündə sənətdə hadisə kimi qəbul olunan bəstəkarlar və şairlər verdilər, dəyərli müğənnimizin sənətinə qiyməti xalqımız verdi. Axı Şövkət xanım Ələkbərovanın yaradıcılığı Azərbaycanın musiqi ifaçılığına elə bir töhfə olmuşdur, sənət tarixində elə bir dərin iz qoymuşdur ki, qərinələr dəyişsə də, Şövkət xanıma və onun ifaçılıq irsinə olan sevgi və pərəstiş dəyişməyəcək.
Haşiyə: 1992-ci il idi. Həmin vaxt mən Azərbaycanın xalq deputatı idim, həm də Azərbaycan Respublikası Ali Sovetinin Sosial-mədəni məsələlər şöbəsində müdir müavini vəzifəsində çalışırdım və elm, təhsil, din məsələləri ilə yanaşı mədəniyyət məsələlərinə də cavabdeh idim. Bir gün axşam, hava artıq qaralmaq üzrə idi, Milli Şuranın (o zaman Milli Məclis elə adlanırdı) Elm, təhsil, mədəniyyət komissiyasının sədri Rauf Ismayılov mənə zəng vurub dedi ki, Şövkət xanım Ələkbərovanın 70 yaşı tamam olur. Müğənni özü isə Leçkomissiyanın xəstəxanasında(Səhiyyə Nazirliyinin IV Baş Idarəsinin xəstəxanasında - G.Q.) yatır. Isa bəy (Milli Şuranın sədri Isa Qəmbərov nəzərdə tutulur - G.Q.) xahiş edib ki, biz ikimiz (yəni Rauf Ismayılov və mən) xəstəxanaya gedib Şövkət xanıma sədrin adından Yubiley təbrikini çatdıraq. On dəqiqədən sonra özümüzlə bir kinooperator da (Rauf Nəsirov) götürüb, xəstəxanaya yollandıq.
Rauf müəllim məndən xahiş etdi ki, Şövkət xanımla əvvəlcə özüm görüşüm və əgər onun səhhəti yol versə müalicə olunduğu şöbənin xollunda birgə söhbət edək və bu tarixi məqamı operatorumuz lentə alsın.
Mən Şövkət xanımın yatdığı otağa girdim və evimizdə həmişə məhəbbətlə yad edilən bu gözəl xanımı görəndə çox pəjmürdə oldum, çünki xəstəlik, əfsuslar olsun ki, bu yaraşıqlı qadını soldurmuşdu. Qızının yoxluğu (iki oğul nəvəsini ona yadigar qoymasına baxmayaraq) ana üçün doldurulmaz bir boşluq idi ...
Amma vəziyyətinin ağır olduğuna baxmayaraq, Şövkət xanım məni o saat tanıdı, üz-gözü güldü, evdəkiləri xəbər aldı. Gəlişimin səbəbini bilən Şövkət xanım, dedi: «Qüleçka, qızım, onda mənə beş dəqiqə vaxt ver özümü qaydaya salım». Biz tibb bacısı ilə köməkləşib Şövkət xanıma libasını dəyişməyə yardım etdik. Şövkət xanım saçını daradı və üzünü mənə tutub dedi: «Qızım, gözlə, qoy bir dodağıma pomada da çəkim ki, özümü yaxşı hiss edim, axı kamera qarşısına çıxıram». (O məqamda Şövkət xanımın sözlərini sadəcə bir söz kimi qəbul etdim və xahişini yerinə yetirdim, lakin sonradan bu barədə dərindən fikirləşəndə belə nəticəyə gəldim ki, xəstəlik onu sağlamlıqdan və gücdən məhrum etsə də, qadınlıqdan və xanımlıqdan məhrum edə bilməmişdir).
Mən Şövkət xanımın qoluna girib onunla birgə xolla çıxdım. Bizi gözləyən Raüf müəllim Şövkət xanımla görüşdü. Istəkli müğənnimizi divanda əyləşdirdik, Isa bəyin Şövkət xanıma ünvanladığı xoş sözlərini yubilyara çatdırdıq, səmimi söhbət etdik və tezliklə Şövkət xanımın sağalıb evə qayıtmasını və özünə layiq yubiley gecəsinin keçirilməsini arzu etdik. Lakin... bizim bu arzularımız həyata keçmədi. Amansız ölüm Şövkət xanımı əlimizdən qopardı.
1993-cü il fevral ayının 7-də Azərbaycan qəlbi nəğmələrlə yoğurulan bir övladını, mələk kimi uçub gedən Şövkət Ələkbərovanı itirdi... Amma biz Şövkət xanımın dünyadan köçməsindən geniş söz açmayacağıq, çünki tarixdə öz yerini tutmuş bu nadir şəxsiyyət bizim üçün, xalqımız üçün, bütün dünyada olan Şövkət sənətinin pərəstişkarları üçün daima sağdır ...
Şövkət xanım xoşbəxt bir müğənni həyatı yaşamışdı. Çiçəklər dəryası, alqışlar, xalq sevgisi, amma kaş ki, bunlar hamısı sona qədər onunla olaydı ... Kaş ki, xalqına can-başla qulluq edən bir insan ömrünün sonunda, Vətənində özünü qərib hiss etməyəydi... Sadalananlar nə qədər ağır olsa da, bu acı həqiqətdir.
EPILOQ: Təbiətin müğənniyə verdiyi ən böyük hədiyyə onun səsidir, o, yenicə əkilən bir ağaca bənzəyir. Əgər onun sahibi bu ağaca vaxtı-vaxtında qulluq etsə, ağac qol-budaq atıb, bar verər. Şövkət xanıma bəxş olunan səsi başqalarından seçən onun xüsusi məlahəti və gözəl tembrə malik olması idi.
Şövkət xanım təbiətin qarşısında borclu qalmadı. Ona verilən hədiyyənin qiymətini bildi, səsini qorudu, öz üzərində hər gün işlədi. Gözəl səsi də ona sədaqətli qalaraq yarım əsr müğənninin üzünü ağ etdi. Nəticədə Şövkət xanımın ifaçılıq sənəti böyük bir məktəb oldu. Ibrətə layiq bir məktəb.
Həmişə bənzərsiz ifa tərzindən söz açılanda gözümün önündə Şövkət xanımın sönməz obrazı durur. Xoşbəxt müğənni obrazı. Bu, biz dinləyicilərin də xoşbəxtliyidir.
Şövkət xanımın ifa tərzi xüsusi tədqiqatların mövzusudur. Inanıram ki, gələcəkdə xalqın sevimlisi olan bu misilsiz müğənninin yaradıcılığı musiqişünaslar tərəfindən dərindən öyrəniləcək.
Azərabaycanın radio və televiziyasının qızıl fondunda Şövkət xanımın yarım əsr ərzində oxuduğu misilsiz sənət nümunələri saxlanılır. Inanmaq istərdik ki, musiqi tariximizin bu inciləri qayğıkeşliklə qorunub gələcək nəsillərə ötürüləcək.
Düzdür, bu gün biz onilliklər məsafəsindən Şövkət Ələkbərova sənətinə qiymət verə bilərik. Lakin bu sehrli səsin əsl qiyməti hələ daha uzun zaman keçdikdən sonra veriləcək. Və biz əminik ki, zaman ötdükcə, Şövkət xanımın ölməzliyə qovuşan sənəti yaşayacaq. Şövkət xanımın ömrü ləyaqətli insan olan oğlu Bəşirin, nəvələri Fərhad, Fərid və Fuadın, yeganə qız nəvəsi olan, nənəsinin adını dayışan balaca, zərif gülə bənzər Şövkətin, nəticələri Natella və Ayanın ömürlərində davam edəcək. Bu isə o deməkdir ki, Lətif Səfərovun və Şövkət Ələkbərovanın ocağı heç bir zaman sönməyəcək.
P.S. Estetikada «gözəl insan» anlayışı var. Bu çox geniş anlayışdır və həyatda insana verilən ən yüksək «qiymət»dir. Bu qiyməti almaq və «gözəl insan» adına layiq olmaq hər adama nəsib olmur. Alilikdən xəbər verən bu «qiymət»i Şövkət xanıma tərəddüdsüz vermək olar. Buna səbəb - onun şəxsiyyətidir.
Heç kim heç bir zaman Şövkət xanımı «saray» müğənnisi adlandıra bilməz. Dövlət tərəfindən verilən fəxri adlar hansısa bir dinləyicinin zövqünü oxşadığına görə yox, nümunə olan sənətinin və simasının xalqın ürəyinə yol tapıb, orada məskən saldığına görə ona verilmişdir. Məhz xalqın sevgisi Şövkət xanımı ölməzlik zirvəsinə çatdırmışdır. Onun gözəl səsi bu gün də xalqımızın xidmətində, sənət qədrini bilənləri məftun etməkdədir.
Şövkət xanım o nadir şəxsiyyətlərdəndir ki, sağlığında özü haqqında xoş təəssürat, dünyasını dəyişəndən sonra isə xoş xatirələr qoyub. Bu isə insanın fətx etdiyi ən yüksək zirvədir.
ƏDƏBIYYAT
1. Çəmənli M. Şövkət Ələkbərova. – B., Işıq, 1989,78 s., şək.-s.18.
2. Yenə orada, s.17-18
3. Yenə orada, s.34.
4. Çəmənli M. Şövkət Ələkbərova. – B., Işıq, 1989, 78 s., şək.- səh.17.
5. Çəmənli M. Şövkət Ələkbərova. – B., Işıq, 1989, 78 s., şək.- səh.67.
p align>
|