Bayram Xəlil oğlu Hüseynlinin həyat və yaradıcılığı XX əsr Azərbaycan musiqi mədəniyyətinin dəyərli səhifələrindəndir. O, bütün ömrünü elmə, pedaqoji işə, bədii yaradıcılığa həsr etmiş və milli musiqi mədəniyyətimizə layiqli töhvələr vermişdir. Təbiətən ziyalı, yaradıcı insan olan və ətrafı tərəfindən həmişə səmimi, təvazökar, qayğıkeş insan kimi hörmətlə qiymətlənidirilən Bayram Hüseynli zəhmətkeş bir alim və müəllim, sadə bir ziyalı ömrü yaşamışdır.
B.X.Hüseynli 1923-cü il martın 22-də Gəncə şəhərində anadan olub. Ilk musiqi təhsilini də burada alıb. 1941-ci ildə Gəncə musiqi texnikumuna daxil olub. 1946-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzəriyyə-bəstəkarlıq fakultəsində təhsilini davam etdirib və ali musiqi təhsili alıb, təhsil almaqla yanaşı M.Maqomayev adına Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblında işləyib, ansablın instrumental qrupuna rəhbərlik edib. Musiqi texnikumunda müəllim, Gəncə dövlət filarmoniyasında xormeyster işləyib.
1959-1962-ci illərdə Azərbaycan EA Me’marlıq və Incəsənət Intstitutunun aspiranturasında namizədlik mövzusu üzərində çalışıb, 1966-cı ildə «Azərbaycan xalq rəqs musiqisi» mövzusunda dissertasiya müdafiə edib və sənətşünaslıq namizədi elmi dərəcəsi alıb. 1972-ci ilə qədər Institutda elmi işçi kimi çalışıb, folklor tədqiqatları aparıb.
1970-ci ildən ömrünün sonuna kimi o, Azərbaycan Dövlət Konservatoriyasının xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasında elmi-pedaqoji fəaliyyət göstərib. 1976-cı ildə kafedranın dosenti, 1991-ci ildə isə professoru seçilib.
B.X.Hüseynli uzun müddət Konservatoriyanın xalq musiqisi kabinetinə rəhbərlik edib. Xalq musiqi nümunələrinin toplanması, sənədləşdirilməsi, yazıya alınması işlərində, tələbələrdə xalq musiqisinə elmi marağın formalaşdırılmasında, musiqişünas-mütəxəssislərin yetişdirilməsində elmi-pedaqoji əhəmiyyətli, səmərəli işlər görüb.
B.X.Hüseynli Azərbaycan Bəstəkarlar Ittifaqı folklor bölməsinin sədri vəzifəsində çalışıb. Bəstəkar və folklor problemləri ilə bağlı istər respublikada, istərsə də SSRI miqyasında keçirilən elmi-praktik konfranslarda mə’ruzələr edib, Azərbaycan folklor mədəniyyətinin fəal tədqiqi və təbliği ilə məşğul olub, folklor konsertləri təşkil edib, bəstəkarlar tərəfindən folklor nümunələrinin notlaşdırılması və işlənməsi məsələlərinin səriştəli təşkilatçısı olub. Qeyd edilməlidir ki, Bayram Hüseynli Azərbaycan Xalq Yaradıcılığı Evi ilə fəal yaradıcılıq ünsiyyəti saxlayıb, respublikamızın bölgələrində xalq özfəaliyyətinin təşkili və inkişafında bir mütəxəssis kimi bilavasitə yaxından iştirak edib. O, xalq yaradıcılığı üzrə festivallarda, müsabiqə və konsertlərdə daim münsiflər hey’ətinin üzvü olmuş, bu tədbirlərin təşkilində fəal rol oynamış, öz dəyərli məsləhətlərini və əməli köməyini heç vaxt əsirgəməmişdir.
B.X.Hüseynli 1972-ci ildən SSRI Bəstəkarlar Ittifaqı Xalq musiqisi yaradıcılığı komissiyasının daimi büro üzvü, 1980-cı ildən isə Beynəlxalq folklor festivallarının Sovet Komitəsinin YUNESKO tərəfindən təsdiq edilmiş fəxri üzvü seçilib. B.X.Hüseynlinin respublika, eləcə də SSRI və beynəlxalq miqyaslı yaradıcılıq və mədəniyyət qurumlarındakı səmərəli fəaliyyəti bir daha təsdiq edir ki, o, yalnız tədqiqatçı alim deyil, həm də praktik əhəmiyyətli işlər görən təşkilatçı mütəxəssis olmuşdur.
B.X.Hüseynli xalq musiqi mədəniyyətini tədqiq edən musiqişünas kadrların yetişdirilməsində də layiqli əmək sərf etmişdir. Xalq musiqisi kabinetində, xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasında çalışdığı illərdə o, bir pedaqoq kimi mütəxəssis yetişdirilməsi məsələsinə də tələbkarlıqla yanaşmış, tələbə və gənc tədqiqatçılarda xalq musiqi yaradıcılığına ciddi elmi maraq yarada bilmişdir. Bu gün musiqi elmində öncül mütəxəssis kimi tanınan R.Zöhrabov, S.Seyidova, S.Abdullayeva, T.Kərimova, R.Ismayılzadə, F.Xalıqzadə, K.Həsənov, Y.Həbibov, V.Xəlilov, F.Çələbiyev, A.Ziyadlı və bir çox başqaları B.X.Hüseynlinin dəyərli elmi məsləhətlərindən, bir alim kimi diqqət və qayğısından az bəhrələnməmişlər.
B.X.Hüseynli XX əsr Azərbaycan musiqisinə böyük bir bəstəkar nəsli vermiş və məktəb yaratmış B.I.Zeydmanın bəstəkarlıq sinfini bitirsə də və bir müddət bəstəkarlıqla fəal məşğul olsa da, əsasən 60-cı illərdən e’tibarən elmə marağı bədii yaradıcılığına üstün gəlmiş və bu marağı onu elmə gətirmişdir.
O, Azərbaycanda etnomusiqişünaslığı bir elm kimi dərindən bilən, bu elmin özünəməxsus tədqiqat metodlarına, metodologiyasına, kompleks yanaşma problemlərinə, təhlilinə, müasir tədqiqat məsələlərinə və onların müxtəlif aspeklərdə qoyuluşuna hərtərəfli, professional səviyyədə bələd olan mütəxəssislərdən idi. Azərbaycan musiqi folklorunun bir çox məsələləri müasir etnomusiqişünaslığın tələbləri baxımından Bayram Hüseynli tərəfindən qaldırılmış və elmi müstəviyə çıxarılmışdır.
B.X.Hüseynlinin alim kimi maraq dairəsinə daxil olan elmi problematikanı belə ümumiləşdirmək olar:
- Azərbaycan musiqi folklorunun öyrənilməsi tarixi;
- xalq musiqisi janrlarının tədqiqi, hər bir folklor-yaradıcılıq sahəsinin özünəməxsus janr xüsusiyyətləri;
- folklor irsinin toplanması, toplama işinin bölgə-ərazi prinsipləri;
- toplama və sənədləşdirmə işinin elmi-nəzəri və praktik məsələləri;
- xalq musiqisinin bədii işlənilməsi;
- təsnifat məsələləri;
- müasir xalq musiqisi yaradıcılığı və folklorizm problemləri;
- folklor-musiqi yaradıcılığının sosiologiyası;
- xalq musiqisi alətləri və xalq ifaçılığı;
- şifahi və yazılı ən’ənələrin qarşılığı əlaqəsi və tə’siri.
Azərbaycan instrumental rəqs musiqisinin ilk dəfə elmi səviyyədə tədqiqi B.X.Hüseynlinin adı ilə bağlıdır. Onun bu mövzuda apardığı tədqiqatlar, yazdığı məqalələr, tərtib etdiyi musiqi-etnoqrafik məcmuələr öz problem əhatəsinə, elmi-tədqiqat, təhlil səviyyəsinə görə etnomusiqişünaslıq elmi üçün bu gün də aktual əhəmiyyət kəsb edir və tədqiqatçı-alimlər üçün daim dəfərli elmi mənbə olaraq qalır.
B.Hüseynlinin namizədlik dissertasiyası da xalq rəqs musiqisi mövzusunda olub. «Azərbaycan xalq rəqs musiqisi» adlanan bu dissertasiya iki hissədən ibarətdir. Birinci hissə xalq rəqs musiqisinin tədqiqini əhatə edir. Ikinci hissə müəllif tərəfindən toplanmış və nota salınmış nümunələrdən ibarətdir. B.Hüseynli dissertasiyada xalq rəqs musiqisinin tarixi-mədəni köklərini araşdırmış, janrın yaranması və inkişafı yollarını tə’yin etmiş, ilk dəfə olaraq, bu zəngin yaradıcılıq sahəsinin geniş janr təsnifatını aparmış, ayrı-ayrı rəqs adlarının etimologiyasını vermiş, rəqs musiqisinin xalqın əmək-təsərrüfat, məişət və mərasimləri ilə, xalqın qəhrəmanlıq tarixi, lirik yaşantıları ilə bağlı öyrənmiş və xalq rəqs musiqisinin digər folklor janrları ilə, şifahi-peşəkar musiqi janrları ilə əlaqələrini tədqiq etmişdir. Dissertasiyada xalq rəqs musiqisinin nəzəri təhlilinə də geniş yer verilmişdir. B.Hüseynlinin dissertasiyasının ikinci hissəsi də elmi cəhətdən olduqca maraqlıdır. Burada toplanmış və təsnifat üzrə qr
uplaşdırılmış xalq rəqs musiqisinin nümunələri müasir nəzəri tədqiqatlar üçün də əhəmiyyətli faktik mənbə ola bilərlər. Qeyd etmək lazımdır ki, folklor məcmuəsi kimi tərtib edilmiş ikinci hissədə bir çox nümunələr ilk dəfə məhz B.Hüseynli tərəfindən toplanıb yazıya alınmışdır. Dissertasiyanın II hissəsində xüsusilə Masallı-Lənkəran bölgəsindən toplanmış toy-mərasim folkloru olan halaylar diqqəti cəlb edir. Burada demək olar ki, bütün halay rəqs-mahnıları toplanmışdır. Doğrudur, həmin bölgənin toy-mərasim mahnılarının bir qisminə «Azərbaycan xalq mahnıları» toplusunda da (B.I-1981; II-1982) rast gəlirik. Lakin B.Hüseynlinin tədqiqatında bölgənin məhz toy halayları nota salınmış və müəllif notlaşdırma zamanı bu rəqs-mahnının özünəməxsus ifa xüsusiyyətini nəzərə almış, notlaşdırmanın elmi prinsiplərinə riayət etmişdir. Beləliklə, qeyd etmək lazımdır ki, halay rəqs-mahnının ilk etnomusiqişünas təhlili və ilk elmi notlaşdırılması B.Hüseynliyə məxsusdur.
B.Hüseynlinin namizədlik dissertasiyasından bəhs edərkən mühüm bir məsələni mütləq nəzərə almaq lazımdır. Onun aspirantura illərində elmi rəhbəri dünya miqyaslı alim V.M.Belyayev olmuşdur. B.Hüseynli məhz V.M.Belyayevin elmi məktəbinin yetişdirməsidir. O, V.M.Belyayevdə aspirantura təhsili keçmiş ilk iki Azərbaycanlı musiqişünaslardan biridir. Bu böyük musiqi alimi öz aspirantının iste’dadına həmişə yüksək qiymət vermiş, onun namizədlik işini, folklor toplamaq fəaliyyətini müsbət rə’ylərlə qiymətləndirilmişdir.
B.Hüseynlini ciddi etnomusiqişünas-alim kimi səciyyələndirən ən əsas keyfiyyətlərdən biri onun xalq musiqisi irsinə məhəbbəti, mə’suliyyətli və qayğılı münasibəti idi. B.Hüseynli şifahi ən’ənəli musiqiyə xalqın tarixi mədəniyyəti, milli-mə’nəvi dəyəri kimi olduqca yüksək qiymət vermiş və bir alim kimi bu zəngin irsin tarixi-mədəni əhəmiyyətini lazımınca dərk etmişdir. Məhz belə bir münasibətinə görədir ki, B.Hüseynli etnomusiqişünaslıq elmini folklor toplamaq işindən, folklor praktikasından ayrı təsəvvür etmirdi. Onun özünün də tədqiqatçı-alim kimi fəaliyyəti folklor toplamaq işi ilə bilavasitə ayrılmaz idi. Əslində, B.Hüseynli belə bir münasibətində haqlı idi. Çünki etnomusiqişünaslıq toplama işinə daim ciddi və aktual elmi məsələ kimi yanaşır, bu işin elmi və praktik problemləri ilə məşğul olur və onu etnomusiqişünaslığın mahiyyətli tərkibi bilirdi. Bu mə’nada B.Hüseynli xalqın musiqi irsini toplayıb tədqiq etdiyi ilk vaxtlardan ömrünün sonuna qədər mədəniyyətimiz üçün son dərəcə əhəmiyyətli olan bu
nəcib işlə məşğul olmuş, Azərbaycanı qarış-qarış gəzərək böyük məhəbbətlə xalqımızın şifahi ən’ənəli musiqi irsini toplamış, onları nota salmış və məcmuə halında nəşr etdirmişdir. Beləliklə, B.Hüseynli qədim əmək folkloruna, laylalara, mərasim nəğmələrinə, uşaq mahnılarına, instrumental musiqiyə dair yüzlərlə nümunəni aşkar etmiş, onları yenidən xalqın istifadəsinə qaytarmışdır. Bu nümunələr arasında elə unikal vahidlər var ki, onları ilk dəfə elmə məhz B.Hüseynli təqdim etmişdir. Onun topladığı və nota saldığı hər bir folklor nümunəsini, sözün əsl mə’nasında, elmi tapıntı kimi qiymətləndirmək olar. B.Hüseynlinin folklor irsinə yüksək professional münasibəti və folklor toplamaq fəaliyyəti bir daha təsdiq edir ki, o, yalnız mütəxəssis-alim deyil, həm də vətəndaş-alimdir. Belə bir keyfiyyəti özünü bir də bununla təsdiqləyir ki, o, folklor irsinə tələbələrində də məhəbbət və elmi maraq oyada bilmişdir.
B.Hüseynlinin bu istiqamətdə bir xidməti də qeyd olunmağa layiqdir. O, Ü.Hacıbəyov və M.Maqomayevin 1927-ci ildə nəşr olunmuş «Azərbaycan türk el nəğmələri» aldı folklor toplusunun ikinci nəşrinə (B., Işıq, 1985) redaktor və şərh müəllifi olmaqla onu yenidən musiqi ictimaiyyətinə təqdim etmişdir. XX əsrdə musiqi folklorumuzun ilk elmi toplusu olan bu əvəzsiz mənbənin ikinci dəfə nəşri Ü.Hacıbəyov və M.Maqomayev irsinə ciddi və səriştəli alim-mütəxəssis münasibətini ifadə edir. Eyni zamanda B.Hüseynli bu folklor toplusunun ikinci nəşrininin bilavasitə təşkilatçısı və iştirakçısı olmaqla klassiklərimizin irsini yeni nəslə ötürərək yaşatmış, həm də etnomusiqişünaslıq üçün əvəzsiz elmi mə’xəz olan bu toplunu demək olar ki, yenidən bərpa etmişdir.
Azərbaycanda etnomusiqişünaslığa dair bir çox mövzu və problemlər ilk dəfə məhz B.Hüseynli tərəfindən elmin gündəliyinə çıxarılıb. Məsələn, Azərbaycan uşaq mahnı folklorunun toplanılması və araşdırılması, Halay və Yallıların toplanılması, təsnifatı və təhlili, instrumental rəqs musiqisinin elmi tədqiqata cəlb edilməsi, etnoorqanologiya, müasir xalq musiqisi yaradıcılığının elmi məsələ kimi qaldırılması, folklor yaradıcılığının etnoqrafiyası və sosiologiyası , xalq ifaçılığının tədqiq edilməsi kimi köklü elmi məsələlər ilkin olaraq məhz B.Hüseynlinin adı ilə bağlıdır. Alim zəmin mövzuları elmin gündəliyinə çıxarmaqla milli musiqi elmimizin müasir prolblematikasını da müəyyən etmiş və istiqamətləndirilmiş, onun mövzu və problem dairəsini artırmış, milli etnomusiqişünaslığın nəzəri hüdudlarını genişləndirmiş, elmi fikrin inkişafına təkan vermişdir. B.Hüseynlinin problem səviyyəsində qaldırdığı bir çox məsələlər daha sonra onun tələbələri və tədqiqatçılar tərəfindən yeni səviyyədə işlənilmiş və ayrı-ayrı a
spektlərdə inkişaf etdirilmişdir.
Fəxrlə qeyd etmək lazımdır ki, B.Hüseynli SSRI adlanan böyük bir ölkədə musiqi folklorşünaslığı sahəsində tanınan, sayılan mütəxəssislərdən idi. O, bir alim kimi Ittifaq miqyasında tanınmış və hörmət qazanmışdı. Daim yüksək səviyyəli elmi məclislərə, simpozium və konfranslara, mədəniyyət tədbirlərinə də’vət olunurdu. Təsadüfi deyildir ki, SSRI-nin ayrı-ayrı respublikalarında musiqi folkloruna, şifahi ən’ənəli musiqinin müxtəlif problemlərinə, şərq musiqisinə dair tədqiqatlar aparan, dissertasiya yazan alim və mütəxəssislər B.Hüseynlidən mütəmadi olaraq məsləhətlər, rə’ylər alır, onun tənqidi mülahizələri və elmi fikirləri ilə hesablaşırdılar.
B.Hüseynli 1992-ci ilin iyul ayında Bakıda vəfat etmişdir. Onun adı Azərbaycan musiqi elmində və musiqi pedaqogikasında daim yaşayacaqdır. Əziz xatirəsi müəllim və tələbələrin, musiqi ictimaiyyətinin qəlbindən heç vaxt silinməyəcəkdir.
______________
1. Bax: B.X.Hüseynli. V.M.Beləev i azerbaydcanskaə muzıkalğnaə folğkloristika . – V.M.Beləev. 1888-1968. Sb. st.i materialov. M. «Sovetskiy kompozitor», 1990, ss.464-474.
p align>
|