Evimizdə böyük qonaq otağında divara xalça vurulmuşdu. Onun üstündə, cərgə ilə tar, qaval, saz, 14 dilli qarmon, balaca bürünc sinc asılmışdı.
Qaval çox yaraşıqlı idi. Onun üzünə balıq dərisindən üz çəkilmişdi. Dövrəsi sədəfə tutulmuşdu. Bir yerində ağ sədəflə «SEID» sözü yazılmışdı. Bir dəfə qoltuq sazına əlimi vurdum. O, qəfildən yerə düşdü, balaca çanağı parçalandı. Mən bu işdən çox peşman oldum. Axı babam o sazı göz bəbəyi kimi qoruyardı.
1920-ci ildə Bakının məşhur xanəndəsi, babamın və atamın ən yaxın həmkarı və dostu Mirtağı Mirbabayev xaricə getməzdən əvvəl sazını və qavalını babama bağışladı.
Lap sonralar əldən-ələ düşməsin deyə babamın «Şir Xurşud» sədəfli tarını, bu qavalı, bir sıra şəkilləri, babamın pasportunu, həmkarlar ittifaqı biletini, kəbin kağızını, atam tərəfindən yazılmış tərcüməyi-halını, texnikumda musiqi dərsi deməsi haqqında vəsiqəsini və muğam dəstgahlarına aid yazıları Azərbaycan tarixi muzeyinə verdim1.
GƏNC MUSIQIÇILƏRIN HAZIRLANMASI
Atam babamın yetişdirdiyi tələbələrin və sənətini təkmilləşdirdiyi xanəndə və tarzənlərin adlarını yazıb qoyub. Eləcə də onun həmkarlarının, sənət aləmində görüşdüyü şəxslərin siyahısını. Mən onları yazıram. Çox təəssüf olsun ki, hamısı həyatdan köçüblər, qoy mənim xatiratımda adları qalsın ki, yaddaşlardan silinməsinlər.
Babamın tələbələri və sənətini təkmilləşdirdiyi musiqiçilər:
Mirzə Fərəcin tələbələrindən biri SSRI Xalq artisti Mirzağa Əliyev olub. Ona sazda çalmağı öyrədərmiş. Atam deyərdi ki, o bizim evə tez-tez gələrdi. Bəzi vaxtlarda isə Mirzə Fərəcin farslar karvansarayında özünün uzaqdan gələn qonaqlarını qəbul etmək üçün kirayə götürdüyü hücrəsində dərs keçərdilər (bu karvansaray Hüsü Hacıyev küçəsində, indiki dram teatrının yerində idi). Sonralar tənqid-təbliğ teatrı açılanda Mirzağa nənəmin dayısı nəvəsi Hacıağa Abbasovla birlikdə o teatrda işləyirdilər. Xalq onları «həcmirz» adlandırırdı. Atam da orada tar çalardı.
Babamın qohumu Heybətqulubəy (bibisi oğlu Cahan Baxşın qaynı) öz böyük oğlu Əmirulla Məmmədbəylini babamın yanına gətirib deyib ki, «çörəyi ver çörəkçiyə bir çörək də üstəlik. Mən istəyirəm ki, oğlumun əlinə tarı ilk dəfə sən verəsən».
Əmirulla çox tərbiyəli, mədəni və istedadlı idi. O əvvəllər babamla, sonralar isə başqa tarzənlə məşğul olaraq çox gözəl musiqiçi oldu. Əmirulla həkimlik də oxudu. Ancaq yaxşı yiyələndiyi tarından heç vaxt ayrılmadı. O, konsert salonlarında çıxış edir, operada çalır, musiqi məktəbində dərs verir, notlu xalq çalğı alətləri orkestrində çalırdı. Çoxlu tələbələr yetişdirdi. Respublikanın mədəni həyatında aktiv iştirak edirdi. Bir şəxsiyyət kimi isə çox sakit təbiətli, hamıya kömək edən adam idi (1905-1965).
Əmirullanın kiçik qardaşı Adil Gəray da gözəl tarzən-pedaqoq və bəstəkar idi. Qardaş Nadir kamanca çalırdı.
Mirzə Fərəc tək tarzənlər deyil, xanəndələrlə də məşğul olurdu. Cünki, ancaq gözəl səsə malik olmaq azdır. Muğamları dürüst oxuya bilməyən xanəndə el içərisinə çıxa bilməzdi. Belə xanəndələrdən biri də zərgər Hüseyn idi.
Mirzə Fərəcin tələbələrindən biri də Məcnun rolunun ən məharətli yaradıcısı Hüseynqulu Sarabski idi. Onun bibisi Xədicəxanım evimizə bir ailə üzvü kimi yaxın idi. Eləcə də Hüseynqulu. O babamdan muğamların düzgün oxunmasını əxz edirdi. Həm də ondan saz çalmağı öyrənirdi.
Mən o vaxt öyrəndim ki, Hüseynqulu bir sıra mahnıların da müəllifidir. Onun «Bizim dağlar» mahnısını sözləri Abdulla Fərruxundur öz ifasında eşidib çox xoşlamışdım. Odur ki, 1929-cu ildə 7 illik məktəbi bitirərkən mən buraxılış müsamirəsində bu mahnını oxudum. Atam məni tarda muşayiət etdi.
Boynundakı mirvaridir
Çəmən-çiçək diyarıdır
Buludlardan yuxarıdır
Bizim dağlar, bizim dağlar.
Şal örtübdür ipəklərdən
Baş əsdirməz küləklərdən
Al güllərdən, çiçəklərdən
Geyib əlvan bizim dağlar.
Mirzə Fərəcin arxivdə saxlanan tərcüməyi halında deyilir ki, o dəniz kənarında «Petrov meydanı» adlanan yerdə Imamverdi körpüsünün qarşı tərəfində (sonrakı Lenin muzeyinin yeri) bir çayçı dükanı açır, bir neçə nəfər çayçılığı yaxşı bacaran işçi saxlayır. Özü də hərdən onlara baş çəkir. O vaxtlar çayçı dükanı musiqini təbliğ edən ocaqlardan biri hesab olunurdu. Məşhur çalan və oxuyanlar orada görüşür, çalır, oxuyur, yeri gələndə musiqi haqqında mübahisələr də edirdilər. Bir növ klub kimi idi. Musiqini sevən, ona pərəstiş edənlər bu yerin daimi müştəriləri olurdu.
O vaxt, əlbəttə, hər adama müyəssər olmurdu ki, toy məclislərinə getsin və ya varlıların musiqi şənliklərində iştirak etsin, konsert salonlarına düşə bilsin. Deməli, ən sadə, ucuz başa gələn, musiqini sevənin arzusunu ödəyə bilən çayxana kasıb üçün ən əlverişli yer idi. Odur ki, babamın bu təşəbbüsü də təqdirə layiqdir. Musiqinin geniş xalq içərisində yayılması, sevilməsi babam üçün o vaxt əsas vəzifə hesab edilirdi. Bu çayxanada baş vermiş bir hadisəni atam danışardı.
Bir dəfə təxminən 1891-1892-gi ildə bir qadın yanında 14-15 yaşlı bir oğlan uşağı ilə çayxanaya yaxınlaşıb çox xahiş edir ki, Salyandan gəliblər, ehtiyac içindədirlər, bu uşağı işə qəbul etsinlər. Bir müddətdən sonra babam görür ki, bu oğlan istedadlıdır və musiqi ilə çox maraqlanır. Odur ki, onun üçün özü bir tar düzəldir və ona çalmağı öyrədir.
Kim bilir, bəlkə də o qadını xüsusi bir məqsədlə çayxanaya göndərmişdilər ki, oğlu Mirzə Fərəcdən tar dərsi ala bilsin. Və ya da ki, balaca Şirinin taleyinə yazılıbmış ki, onun əlinə ilk dəfə tarı məhz Miizə Fərəc versin ki, gələcəyi uğurlu olsun. Beləliklə, Şirin Axundov əvvəlcə tar çalmağı Mirzə Fərəcdən öyrənir. Sonra isə Salyana qayıdır, orada ustalaşır.
Bu əhvalatdan xeyli vaxt keçəndən sonra bir dəfə Sabunçulu Teymurbəy Aşurbəylinin evində böyük bir musiqi məclisində babam Şirinlə rastlaşır. Şirin artıq öz istedadı sayəsində usta tar çalan olmuşdu. Bu məclisə də elə ona görə gəlmişdi ki, öz məharətini göstərsin. Odur ki, babam tarın bütün pərdələrini bıçaqla kəsib Şirinə uzadaraq deyir ki, al mənim tarımda bir şey çal. Ancaq Şirin bunu bacarmayır, tarın səsi çıxmayır, tarı qaytarıb deyir ki: «Ustad, bu tarı ancaq sən dilləndirə bilərsən».
Babam tarı alır əlinə, bütün məclis əhli çox maraqla bu səhnəni seyr edir. Mirzə Fərəc isə heç bir şey olmamış kimi pərdəsiz tarda bir muğam dəstgahı çalır. Bütün məclis heyrət içində qalır. Babam Şirini imtahana çəkirmiş. Bildirib ki, tarı yaxşı çalmaq hələ ustadlıq deyil.
Sonralar mən musiqi məktəbində oxuyarkən muğamatdan kamançada mənə dərs verən qoçaman Mirzə Asatur da bu əhvalatı çox məzəli halda mənə danışardı. Demə bu əhvalat o vaxt ağızdan-ağıza düşən qəribə nadir bir hadisə olubmuş. Belə qeyri-adi çalğı tərzi, lal barmaqlar (mizrabsız olaraq baramaqların pərdələr üzərində möhkəm vurmaqla səs alınması) tarı boyun arxasında saxlayıb güclü çalması, hərdən də sinəsi üzərində olan tarı çalğı zamanı fırlatması. Bütün bünlar elə bir ustalıqla olurdu ki, qulaq asanları valeh edirdi. Toy məclisləri növbə gözlərdilər, təki Mirzə Fərəc toyu aparsın.
Mən kiçik yaşımda olsam da öz evimizdə XIX əsrdə anadan olmuş məşhur nağaraçı Gülünün oğlu Hacının toyunda babamın bu çalğı tərzlərini gözümlə görmüşəm. Onda babamın yaşı artıq 70-i keçmişdi. Təsəvvür edirəm ki, onun cavan enerjili vaxtı necə olub. Onun qüvvətli biləngi, barmaqları, hər şeydən artıq tara olan sevgisi, eşqi onu heç vaxt yormurdu. Saatlarla bir-birinin dalınca çalınan oyun havaları onu daha da şövqə gətirirdi, həvəsləndirirdi. Babam ayağa qalxıb toyda oynayanların başı üstündə tarı mizrabsız çalıb, sonra da fırladıb şövqlə mizraba keçməsinin şahidi olmuşam. Onun ən çox çaldığı oyun havalarından bəzilərini indi də çalırlar. Onlardan «Vağzalı», «Şalaxo», «Ənzəli», «On dörd», «Tərəkəmə», «Turacı», «Ekspres», «Innabı», «Kintauri», «Bəxtəvəri», «Yüz bir», «Çervon», «Nazpəri», «Qocəli», «Jiqanı», «Qaytağı», «Arazbarı», «Əsgəranı», «Dərbəndi», «Lalə», «Qızıl gül», «Qaraçı havaları», «Yabloçka», «Bənövşə» (bu rəqs havası Mirzə Fərəcindir). Babam oyun havalarını
çalanda zəng simlərdən elə məharətlə istifadə edirdi ki, tar elə bir ansanbl kimi səslənirdi. O marşları və valsları da tez-tez çalardı.
Mən babamın qüvvətli, dolğun, həm də yumşaq barmaqlarını və tarının səsini Xalq artisti mərhum Hacı Məmmədovun tarının çalğı ifasında hiss edirdim. Hər dəfə onun fonoqramma ilə verilən çalğısını eşidəndə xəyalımda babam canlanır və elə bil o illərə qayıdırdım.
«Bənövşə» oyun havasını xüsusi bir şövq ilə çalardı.
Çox sevindiriçi haldır ki, «Bənövşə» oyun havası indi də müasir musiqiçidərin repertuarına daxildir. Yüzdən artıq yaşı olan bu musiqi hələ də yaşayır. Deməli, babam da yaşayır, öz musiqisində. Növbəti konsertə, ya məclisə getməzdən əvvəl bir neçə musiqiçi və xanəndə bizə toplaşardı. Onlar evdə məşq edərdilər. Çala-çala hamı bərabər oxuyardılar xorla. Mən bu konsertin ilk dinləyicisi olurdum. «Yeri dam üstə yeri», «Süsən Sünbül», «Ay bəri bax», «Tello» havaları mənim çox xoşuma gəlirdi. «Tello» isə mənim o vaxtkı uşaq yaddaşıma necə həkk olunubsa indi də oxuyanda kövrəlirəm. Bu mahnının ifasında babamın səsini axtarıram. Onun çox da yüksək olmayan fəqət çox lirik, ürəyə yatar səsini xorun içərisindən o vaxt yaxşı ayıra bilirdim.
Belə yığıncaqda bəzən mübahisələr də baş verərdi. Müğamın çalınması, tərkib hissəsi haqqında uzun söhbətlər olurdu. Babam musiqi tarixini, muğamların yaranması məsələlərini yaxşı bildiyindən nəzəri olaraq onları başa salırdı və bundan sonra məğrur halda tarı yerə qoyardı, mübahisə kəsilərdi, hamı razılaşırdı. Mən də sevinərdim ki, babam bu kişilərdən çox bilir.
Indi mən çox təəssüf edirəm ki, kaş babam savadlı olaydı. Bildiklərini, öyrəndiklərini, özünün əlavələrini, musiqi aləminə gətirdiyi fikirləri yazıb gələcək nəsillər üçün saxlaya idi. Indi musiqi tariximiz üçün böyük savab iş görmüş olardı. Çox təəssüf ki, o dövrün informasiya vasitələri məhdud olduğundan çox mənəvi xəzinələr ürəklərdə qalıb pünhan dünyaya getdi.
Tək Mirzə Mansur babamın ürəyinə yol tapmış tarzən idi. O tez-tez bizə gələrdi. Çox vaxt heç tara əllərini vurmazdılar. Ancaq muğam dəstgahları haqqında nəzəri söhbətlər edərdilər. Babam öz sənət sirlərini ancaq sevimli tələbəsi Mansur Mansurova etibar edirldi, ürəklə ona öyrədirdi.
Sonralar babam həyatda olmayanda bacım Ağabacı ilə mən Mirzə Mansurun sinfində tar dərsi keçəndə o bizə deyərdi ki, «Mirzə Fərəc əjdaha idi. Onun qabağında dayanmağa hər çalanın hünəri çatmazdı».
Deyilənə görə Mirzə Fərəc də bir sıra başqa görkəmli sənətkarlar kimi öz sənət sirlərini hər yetənə öyrətməzmiş. Onda da bir növ sənətkarlıq qısqanclığı varmış. Lakin mən babamı heç də məzəmmət edə bilmərəm. Bu məsələdə onun yaşayıb yaratdığı dövrün texniki informasiya imkanlarını nəzərə almaq lazımdır. Bu münasibətlə babamın tez-tez danışdığı bir əhvalatı yada salmaq burada yerinə düşər.
Babam Iran xanlıqlarından birinin məclisinə dəvət olunubmuş. Orada fars çalğıçıları iştirak edirlərmiş. Əvvəl onlardan biri çalmağa başlayır. Ancaq çalan üzünü divara çeviribmiş. Babam başa düşür ki, tarzən istəməyib ki, çaldığı pərdələri, vurduğu barmaqları başqası görsün öyrənsin. Növbə ona çatanda üzünü camaata çevirib açıq halda çalır, hələ yarışda qələbə də qazanır.
Indiki dövrdə musiqi əsəri nota salınır, lentə yazılır və müəllif hamıya bilinir ki, kimdir. Nəzəriyyəyə aid işlər də çap edilir, fikirlərin kimə məxsus olmsı da hamıya məlum olur. O vaxtlar isə xüsusən Azərbaycanda müəlliflik hüququ daim qorxu altında idi. Əgər sən bildiyini bir başqasının yanında desəydin və ya çalsa idin o, adam deyə bilərdi ki, bu mənim fikrimdir, kəşfimdir, ixtiramdır, müəlliflik iddiasına düşərdi. Əsl müəllif isə kölgədə qala bilərdi. Ona görə də peşəkarlar öz sənət sirlərini, ustalıqlarını başqalarından gizlədirdilər. Ustalar adi çalanlardan bu yolla fərqlənir, məşhurlaşırdılar. Deməli babam və onun kimi sənətkarlar belə düşünürmüşlər. Bununla əlaqədar bir əhvalatın şahidi olmuşam. Bir kişi gəlib babamı toya dəvət etdi. Musiqi aləmində qarma-qarışıq 20-ci illər idi. Bu vaxtlar proletkultçuluq ilə əlaqədar olaraq babamın tez-tez qanı qara olurdu. Hövsələsi olmurdu, toylara getmirdi. Çarpayıda uzanıb nə haqqındasa uzun-uzadı düşünür, öz daxili ad
əmində ictimai həyatda baş verən hadisələri çək-çevir edirdi. O, toya dəvət edən kişiyə dedi ki, «keyfim yoxdur, gelə bilmərəm». O, getdi. Bir azdan sonra yaşlı bir kişi ilə yenidən gəldi. Onlar çox təvəqqə etdilər və dedilər ki, biz adamlarımzı toya dəvət edib çağıranda hamı soruşub ki, toyu Mirzə Fərəc aparcaq ya yox? Biz sizin toyda olacağınızı vəd etmişik. Əgək gəlməsəniz toyumuz soyuq keçər, adamları aldatmış olarıq. Babam yenə razı olmadı. Bir azdan sonra toyçular yenə gəlib dedilər ki, biz toyu aparmağa başqa çalan görmüşük, sizdən xahiş edirik ki, bir qonaq kimi gəlib məclisimizdə oturasınız. Babam çox həvəssiz olsa da durub geyindi, onların gətirdikləri faytona minib tarsız toya getdi. Demək toya gələnlər çalanların ustalığına, şöhrətinə baxmağa gəlirlərmiş. Belə toyun xoş sədası, tərifi sonralar uzun müddət xalq içində danışılırmış.
Babam tək toy şənlik məclisləri deyil teatr, konsert salonlarının da yaraşığı, fəal iştirakçısı olub. Belə ki, o, 1886-cı ildən etibarən Bakıda Hacı Zeynalabdinin tikdirdiyi teatrın – «Tağıyev teatrı»nın səhnəsində göstərilən tamaşalarda, şərq konsertlərində müntəzəm iştirak edib. O, məşhur kamança çalan və dirijor Oqanezaşvili Saşanın rəhbərlik etdiyi orkestrin tarzəni olub, o orkestrdə soloda çalır və xanəndələri müşayiət də edirmiş. Sənətşünaslıq namizədi Oqtay Quliyev öz kitabında bu haqda belə məlumat verir.
«Xalq tərəfindən çox rəğbətlə qarşılanan şərq gecələrindən sonra ayrı-ayrı cəmiyyətlər də ədəbi-bədii gecələr təşkil etməyə başlayırlar. Belə gecələrdən biri 1907-ci il yanvar ayının 20-də artistlər cəmiyyətinin salonunda «Müsəlman xeyriyyə cəmiyyəti» tərəfindən keçirilmişdir. Dörd şöbədən ibarət olan konsertin üç şöbəsi şərq musiqi ifaçılarına ayrılmışdı. Konsertdə ən yaxşı xanəndə və musiqiçilərdən Cabbar Qaryağdı oğlu, Islam Abdullayev, Ələsgər Abdullayev, Məşədi Zeynal Haqverdiyev, Qurban Pirimov, Məşədi Məmməd Fərzəliyev, Keçəçi oğlu Məhəmməd, Şirin Axundov, Mirzə Fərəc və başqaları iştirak etmişdilər. Gecənin konsert şöbəsinə xalqın maarif və mədəniyyətinin inkişafı yolunda çalışan qabaqcıl ziyalı Bədəlbəy Bədəlbəyli rəhbərlik edirdi»2.
Şərq konsertləri tək Bakıda deyil, Tiflis şəhərində də verilirdi. Belə ki, 1918-ci ilin oktyabrında Tiflis artistlər cəmiyyəti teatrında keçən gecə çox maraqlı və alqışlarla qarşılanmışdır. Bu konsertdə Mirzə Fərəc orkestrdə birgə çalıb və həm də tarda solo ifa edib (afişa var). 1921-ci ildə Azrbaycan Rus Dram teatrında verilən Şərq konsertində də Mirzə Fərəc solo tarda «Hümayun» ifa etmiş, Saşa Oqanezaşvilinin rəhbərliyi ilə orkestrdə də çalmışdır (afişadan). Yetmiş dörd yaşlı babam heç cavanlardan geri qalmırdı. Hansı şəhərə olsa gedirdi, əvvəlki şövqü ilə çalırdı.
Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra babamın ictimai fəaliyyəti daha da artdı. Bu dəfə küçələrdə, meydançalarda üstü örtülü səhnələr düzəldirdilər. Xalqı mitinqlərə toplamaq üçün adlı-sanlı musiqiçiləri bu işə dəvət edirdilər. Bir dəfə atam məni də özü ilə bərabər belə bir mitinq-toplanışa apardı. Səhv etmirəmsə dəniz kənarındakı parkda idi. Üstü örtülü səhnə vardı. Burada geniş meydanda saysız-hesabsız adam toplaşmışdı. Biz çox uzaqda dayanmışdıq. Atam məni çiyninə qaldırdı. Bu vaxt babam əlində tar, uzun qara milli geyimdə səhnəyə daxil oldu və çalmağa başladı. Bu mənim üçün çox gözlənilməz oldu. Onu görən kimi ağa-ağa deyərək qışqırıb babamı çağırmağa başladım (evdə hamımız ona ağa deyərdik).
Belə görüşlər tək Bakıda deyil, Azərbaycanın rayonlarında da təşkil olunurdu. Əhali arasında təşviqat-təbliğat işləri aparmaq üçün artist və musiqiçilərdən ibarət xüsusi dəstələr düzəldib rayonlara ezam edirdilər. Əlbəttə elə bir qarışıq vaxtda rayon camaatının heç də hamısı bu mədəniyyət xadimlərini səmimi ürəklə qarşılamırdılar. Düşmənlər, sovet hökumətini sevməyənlər də vardı. Nənəm danışırdı ki, Fərəci bu yoldan saxlaya bilmirdi. Çox pis hadisələr danışırdılar. Elə bilirdim ki, kişi getdi, bir daha evə qayıtmayacaq, onu qaçaq quldurlar vuracaqlar. O vaxtlar doğrudan da xoşa gəlməyən hadisələr çox olurmuş. Ancaq babam yaşı yetmişi keçməsinə baxmayaraq hansı rayona göndərsəydilər gedərmiş. Babama teatr cəmiyyəti tərəfindən onun 40 illik əmək fəaliyyəti haqqında (1886-1926) verilmiş arayışda bir sıra məşhur aktyor imzalarıyla bərabər əməkdar artist Hacıməmməd Qafqazlının da imzası var. Orada adlarını oxuya bildiklərimdən:
Hacağa Abbasov, Mirzağa Əliyev,
Ataməlibəyov
Ağahüseyn Rzayev
Qafqazlı
Ülvi Rəcəb
Tonailidi (22 imza).
1981-ci il mayın 12-də Qafqazlıdan babam haqqında məlumat verməsini xahiş etdim. O mənə aşağıdakıları söylədi:
«1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti təzəcə qurulmuşdu. Əhali arasında təşviqat-təbliğat işləri aparmaq üçün artist və musiqiçilərdən ibarət xüsusi dəstələri rayonlara göndərirdilər. Belə dəstələrdən birini də «Işçi teatrı» təşkil etmişdi (bu teatr əvvəllər «Tənqid təbliğ» – «Satiraqit» adlanırdı). Bu dəstəyə teatrın artistlərindən başqa tarzən Mirzə Fərəc Rzayev ilə xanəndə Qənbər Zülalov (Əbdülbaği Bülbülcanın qardaşı oğlu) daxil idi. Bu dəstədə mən də iştirak edirdim. Bizim dəstə Bankədə iki gün qaldı, aktyorlar camaata teatr tamaşaları, musiqicilər isə konsertlər verdilər. Sonra «Xıllıya gəlib bir necə gün qaldıq. Oradan da Salyana keçdik. Əhaliyə tamaşa və konsertlər verdik. Bu yaradıçılıq ezamiyyətində Mirzə Fərəc özünün mahir bir muğam ustası olduğunu göstərdi. Onun yol yoldaşlığı da çox yaxşı idi. Çox maraqlı söhbətlər, xatirələr danışardı».
Yaşının artması babamı heç vaxt qocaltmırdı. Həyatı qədər sevdiyi tarı nə qədər əlindəydisə o zirvələr aşmağa hazır idi.
1921-ci ilin mart ayında böyük müğənnimiz Bülbül «Tənqid təbliğ» teatrında (indiki A.Şaiq adna Kukla teatrının binasında) böyük bir konsert təşkil edir və konserti özü idarə edirmiş. Afişa və proqramda yazıldığı kimi tədbirə iki dəstə musiqici çağrılmışdı.
Birinci dəstəyə Cabbar Qaryağdı oğlu, Saşa Oqanezaşvili və Qurban Pirimov, ikinci dəstəyə Ələsgər Abdullayev, Şirin Axundov və Levon Qaraxanov daxil imiş. Mirzə Fərəc isə tarda solo «Əraq pəncgah» çalır. Onun ifasını tamaşaçılar gurultulu alqışlarla qarşılayırlar. Bülbülə bu hal o qədər təsir edir ki, səhnəyə gəlib Mirzə Fərəci qucaqlayır, iki üzündən öpür. Atam həmin konsertdə oturub qulaq asırmış. Sonralar həmin konseri xatırlayıb şirin-şirin danışardı.
PEDAQOJI FƏALIYYƏTI
Mirzə Fərəcin ictimai fəaliyyətini bütün genişliyi ilə təsəvvür etmək üçün onun xidmət siyahısına nəzər salaq.
1.1886-cı ildən 1926-cı ilə qədər (40 il) Tağıyevin açdığı türk teatrının səhnəsində (opera, drama və konsertlər) bir tarzən kimi fəaliyyət göstərmişdir.
2. 1918-1919-cu illərdə Bakıda ən böyük məşhur «Muza» kinoteatrında çalmışdır.
3.1920-1921-ci illərdə Azərbaycan Dövlət Şərq konservatoriyasında muğamdan tar dərsi vermişdir.
4.1921-1922-ci ildə musiqi məktəbi yanında müəllimlər kursunda dərs verib (atam Ismayıl da oranı bitirib).
5.1922-1923-cü illərdə Bakının Ramana kəndində ilk dəfə olaraq fəhlə klubunda tar dərnəyi təşkil edib rəhbəri olur (1941-ci ildə atam da həmin klubda tar dərsi verib).
6.1922-1926-cı ilə qədər musiqi məktəbində muğam dərsi verir. Sonralar bu məktəb Azərbaycan Xalq Maarif Komissarlığının göstərişi ilə müstəqil musiqi texnikumuna çevrilir. Üzeyir Hacıbəyov ona rəhbərlik edir. Xalq musiqi şöbəsinə Hüseynqulu Sarabski, Mirzə Fərəc, Mənsur Mənsurov cəlb olunurlar.
Bu şöbə musiqi məktəbləri üçün müəllim və peşəkar ifaçılar hazırlayırdı3.
Dediyim kimi, babam 1918-1919-cu illərdə Bakıda «Muza» kinoteatrında çalışmışdır. Seanslar arasında foyedə konsertlər verərdi. Bu kinoteatr o vaxtki Kələntərovlar passajında (indiki köhnə univermağın yerində) idi. Kinoteatrın sahibi Cəfər kinoya daha da artıq tamaşaçı cəlb etmək üçün Özbəkistandan məşhur müğənni və rəqqasə olan Tamara xanımı dəvət edir. O da dəvəti qəbul edərək məmnuniyyətlə gəlir. Babamla birlikdə foyedə çox maraqlı konsertlər verirlər. Özbək və Azərbaycan mahnıları oxunub çalınır. Gözəl rəqslərilə tamaşacıları valeh edir. Bu faktı dəqiqləşdirmək üçün mən 07.10.1983-də SSRI və Özbəkistan xalq artisti Tamara xanıma məktub göndərmişəm. Sonra o bu faktı xatırlayıb təsdiq etmişdi.
Qocaman tədqiqatçımız Qulam Məmmədlinin «Qobustan» incəsənət toplusunun 1979-cu il 4 sayında maraqlı yazısı var: «Üzeyir Hacıbəyov və muğamat».
1922-ci ildə Bakıda martın 1-də birinci Azərbaycan musiqi məktəbi açıldı. Və bu məktəbin müdiri Ü.Hacıbəyov təyin edildi. Onun açılışından iki ay sonra musiqi məktəbi şagirdləri tərəfindən verilmiş ilk konsert dinləyicilər tərəfindən sevinclə qarşılandı.
Musiqi məktəbi az müddətdə böyük müvəffəqiyyət qazanmış və 1923-cü il dekabrın 4-də «Kommunist» qəzetində məktəbin tələbələrindən Böyükağa Həsənzadə bu haqda yazmışdı: «Budur, şuralar cümhuriyyətində birinci dəfə olaraq türk musiqi məktəbi açıldı. Indi məktəbdə hətta evdən bayıra buraxılmayan hacıların qızları da oxuyurlar. Keçən il 200, bu il isə onların sayı 500-ə qədərdi.
Ü.Hacıbəyov məktəb üçün tərtib etdiyi proqram, muğamatın quruluşu ilə tanış olmaq baxımından çox qiymətli olduğu üçün Üzeyirbəyin imzasilə təsdiq edilmiş nüsxəni oxucularımıza təqdim edirik.
Bu proqram babamın iştirakilə tərtib edilən proqramdır. O vaxtlar bu proqram tərtib ediləndə babam çox əsəbi hallar keçirib. Mirzə Fərəc muğamlarda olan hissə və guşələrin çox ixtisar olunmasını istəmirdi. O, qorxurdu ki, belə ixtisarlarla, gələcəkdə, dəstgahların tərkib hissələri yaddan çıxar. O, deyən kimi də oldu; Indi Mirzə Fərəcin muğam cədvəlində adları çəkilən tərkib hissələrinin bəzilərini çala bilən tarzən yoxdur.
TAR SINFININ PROQRAMI:
1. Muğamat yolu
BIRINCI DƏRƏCƏ:
Birinci kurs: Tarı tutmaq yolu: tellərə mizrab vurmaq, barmaqların yeri, tarın qolu üzərində sol əlin hərəkəti, xırda ekzersislər (məşqlər).
Ikinci kurs: Ilişik mizrab (tremolo), dəstgah parçalarından məşqlər, yüngül rəng və təsniflər. Imtahan üçün: ilişik mizrab məşqindən nümunə, bir təsnif və bir dəstgah parçası.
Üçünçü kurs: Müxtəlif məşqlər və bir dəstgah.
Dördüncü kurs: Müsəlsəl tremolo, tək mizrabı getdikcə itiləşdirmək, tarın qolu üzərində sərbəst hərəkət, müxtəlif vəznli rəng və təsniflər, dəstgahlardan: rast, çahargah, bayati-şiraz, müfəssəl surətdə.
Imtahan üçün: Müxtəlif rəng və təsniflər, dəstəgahlardan biri, müfəssəl surətdə.
IKINCI DƏRƏCƏ:
Birinci kurs: müsəlsəl tremolun ikmalı, tək mizrab iti gedişi ilə, təsnif, dəstgahlardan: şur, mahur və keçən dəstgahların dövrü.
Imtahan üçün: Müxtəlif mizrab məşqləri, rəng və təsniflər, iki dəstgah müfəssəl.
Ikinci kurs: Əvvəlki kursdakı mizrab və sol əl texnikasının təkmili, rəng və təsniflərin bir tərz ilə icrası.
Proqramda mövcud olan ümum dəstgahlar müfəssəl surətdə olmaqdan əlavə ustadanə icrası. Imtahan şagirdin ustalanmasını göstərməlidir.
Üçünçü kurs: Ümum çalğı texnikasının mükəmməl dərəcəyə çatdırılması, Dəstgahların və rənglərin müxtəlif pərdələrdə çalınması, xanəndə üçün akompanman tutmaq qayda ilə. Imtahan şagirddən zövqi-bədii tələbatı və müvafiq ustadana çalğı tələb olunur.
Şərq siniflərinin proqramına əlavə:
Mirzə Fərəncin fəal iştirakı ilə tərtib olunmuş bu muğam proqramı 1922-1935-ci illərdə qüvvədə olmuşdur.
Bu haqda mənə Asəf Zeynallı adına ixtisas musiqi məktəbinin tar muğam üzrə sinif müəllimi, əməkdar mədəniyyət işçisi, qocaman müəllim mərhum Kamil Əhmədov da ətraflı məlumat verdi. O mənə bir dəftər göstərdi, orada bu proqram yazılmış, proqramı tərtib edənlərin siyahısı da verilmişdi:
1. Mirzə Muxtar Məmmədov – Xanəndə
2. Mirzə Fərəc Rza oğlu Rzayev – tarzən
3. Saşa Oqanezaşvili – kamança
4. Mənsur Mənsurov – tar
Kamil müəllim əlavə etdi ki, məhz bu proqram əsasında o, 1982-ci ildə «Muğamların tədrisinə dair metodik tövsiyələr» kitabını yazmışdır.
Mirzə Fərəc musiqi yaradıcılığına başlayan illərdən kamanca musiqi alətini bəyənib sevmişdir. O hələ cavan vaxtlarında Iranda muğam bilicilərilə ünsiyyətdə olanda tək tarzənlər deyil, həm də kamançaçalanlardan Əlincanbəy, Mirzə Səttar kimi ustalardan nəzəri bilikləri əxz etmişdir.
Bir muğam ustası, musiqişünas və gözəl tarzən kimi 1920-ci ildə Bakıda təşkil edilən Şərq konservatoriyasında muğamdan dərs demək üçün ən əvvəl Mirzə Fərəci dəvət ediblər.
1900-1905-ci illər ərzində Şuşadan Bakıya gəlmiş Cabbar Qaryağdı oğlunun ilk tanışlığı Mirzə Fərəclə olur. Onlar kamança çalan Qulu ilə çox məşhur olan bir üçlük təşkil edirlər.
Cabbarın çox gözəl yüksək səsi vardı. Ancaq muğam dəstgahlarını düzgün yuksək səviyyədə ifa edib xalq arasında məşhur olmaq üçün mütləq muğamları kamil dərəcədə bilən bir tarzənlə işləməli, həmkar olmalı idi. Ona görə də Bakıya gələn kimi Mirzə Fərəcə yanaşmış, onların dəstəsi tək Bakıda yox, bütün Abşeron kəndlərində toy məclislərinin yaraşığı olmuşdur. Toyçular növbə gözləyərmişlər. Hamı çalışarmış ki, onların toylarını məhz Mirzə Fərəcin üçlüyü aparsın.
Bakı Yaxın Şərqdə musiqimizi təbliğ edən və onu digər şəhər və kəndlərimizə də yayan mühüm mərkəz olmuşdur. Bu mərkəz Bakı Musiqi məktəbi kimi məşhur sənət ocağına çevrilmişdir. Hər hansı istedadlı xanəndə və musiqiçi əgər Bakı məktəbindən keçməyibsə o, xalq arasında məşhur ola bilməzdi.
Dayım oğlu Hüseynqulu Kərimov xatırlayıb deyir ki, 1918-ci ildə Maştağada qohumlarından olan Dünyamalının toyu idi. Mirzə Fərəclə Cabbar Qaryağdı oğlu toyu aparırdılar. Oradan xeyli adam axışıb gəldilər. 3 gün olacaq toy bir neçə gün də uzandı. Bu isə xalqın əsl sənətkarı başqalarından ayırmağı, onlara hörməti və musiqiyə böyük rəğbəti idi. Odur ki, 3-4 saat çalınan bir muğam dəstgahına qulaq asan heç vaxt yorulmurdu. Çünki o məmnuniyyətlə, həvəslə acgözlüklə qulaq asırdı. Fikirləşirdi ki, görəsən belə bir fürsət, xoşbəxtlik mənə bir də nə vaxt qismət olacaq. Indi yarım saat çalınan muğama zorla qulaq asırlar. Axı o adamlar indi yoxdurlar. Gözəl muğamları mütribi havalarla əvəz edən başa bəla «musiqi»çilər yaranıb. Onlar xalqın, cavanların zövqünü də korlayıblar. O tarixi toylardan əsər də qalmayıb. Indiki toyları «toy» yox, ixtilat adlandırmaq olar.
Babam sonra Ağasəid oğlu Ağabala ilə həmkar olanda onlarla Məşədi Qulu kamança çalıb.
Babam çalğı alətində əmələ cələn diyişikliyə tərəfdar olurdu. Özü də həmişə evdə olanda tarla məşğul olardı. Bir balaca toxunma zənbili var idi. Onun içərisində simlər, xərəklər, qulaqlar, mizrablar, pərdə üçün bağırsaqdan eşilmiş nazik ciyə, tarın üzünə salmaq üçün balıq dərisi, yapışdırmaq üçün çiriş, mum, bir neçə cürə metal alətlər (suvand, ambur, kəlbətin, bıçaq, qayçı) vardı. Bu zənbil içərisindəki bəzi şeylərlə indi də qorunub saxlanır evdə. Evimizdə qoz ağacı, tut ağacı kötükləri olardı. Babam onları ovub tara çanaq düzəldərdi, qol qurardı. Tarlarını özü üçün və atam üçün özü düzəldərdi. Onun tarları yaxşı səslənərdi. Bu işə aylarla vaxt sərf edərdi. Onda böyük hövsələ vardı. Bəzən tarın çanağındakı üzü çıxarıb çalardı. Qolun axırına bir neçə qamış yapışdırmışdı. Bizim yaşadığımız Kamo küçəsi qışda çox sürüşkən olurdu. Babam əlində tar dərsdən gələndə küçədə ayağı sürüşüb yıxılır. (O vaxtı tarı parça köynək içərisində gəzdirərdilər. Futlyar hələ dəbə düşməmişd
i. Futlyarı 1936-cı ildən sonra çamadan qayıran ustalar düzəltməyə başlayırlar). Tar yerə dəyərək çanaq qoluna bitişik hissədən sınmışdı. Evə çox qanı qara gəldi. Özünün əzilməsi heç yadına düşmürdü, tarın sınması ona çox pis təsir etmişdir. Bütün günü özü evdə tarı ilə məşğul oldu. Ancaq bəzi dəzgahlar yox idi. Sonra tarı götürüb apardı Süleyman Mənsurovun tar düzəldilən emalatxanasına, orada birlikdə tarı düzəltdilər. Ancaq həmişə heyfslənib deyərdi ki, heyf bu tardan, tar «çəngəl» olub korlanıb, «kallanıb». O vaxtı tarın uzunsov qulaqları var idi. Sınandan sonra tarın kəlləsini də dəyişdilər, girdə qulaqlar qoydular. Evdə olan şəkillərindən bəzisində tar sınmamışdan əvvəl uzunsov qulaqları ilə çəkilib.
Xalq artisti bəstəkar Əfrasiyab Bədəlbəyli özünün «Musiqi lüğəti» kitabında babam haqqında az da olsa məlumat verib:
«Azərbaycan muğamatına mükəmməl bələd olan, dəstgahların tərkibini və ümumiyyətlə nəzəri cəhətini çox yaxşı bilən və zamanının tanınmış tarçılarından biri sayılan Rza oğlu Mirzə Fərəc Bakı şəhərində anadan olmuşdur. Azərbaycan klassik musiqisinin əsas cəhətlərini dərindən bildiyindən, o, xanəndə və sazəndələr arasında böyük hörmət və nüfuz qazanmışdı. Musiqiçilərimiz muğamat ifaçılığına aid hər bir mübahisəli məsələ üzrə qəti və düzgün cavab almaq üçün, çox vaxt məhz Mirzə Fərəcə müraciət etmişlər.
Lakin Azərbaycan muğamını əsl bir mütəəssüb musiqiçi kimi sevən və yüksək tutan Mirzə Fərəç eyni zamanda muğamatın tarixi inkişaf prosesində təbii olaraq muəyyən dəyişikliklərə uğraması zəruriyyəti ilə qətiyyən hesablaşmaq istəmir və buna görə də musiqi nəzəriyyəsi üzrə mülahizələrində bəzən, bir növ mühafizəkarlığa yol verirdi. Həm də dünyagörüşünün məhdudluğu da onun Azərbaycan musiqi sənəti aləmində meydana gələn yeniliklərin əhəmiyyətini düzgün qiymətləndirməsinə mane olurdu. Buna baxmayaraq Mirzə Fərəc dəstgahların təsnif olunaraq qeydə alınması və musiqi məktəblərində muğam dərsləri proqramının tərtib olunması işində böyük xidmət göstərmiş sənətkarlardan biridir»4.
Məncə hörmətli müəllimim (mənə 1936-cı ildə musiqi tarixindən dərs verib) Əfrasiyab Bədəlbəylinin bu tənqidi şərti xarakter daşıyır. Babamın qədim musiqi formalarının saxlanılmasına göstərdiyi səy onların zamanımıza qədər olduğu şəkildə gəlib çıxmasına yaxşı xidmət etmişdir. Bu cəhət musiqiçi, tarixiçi və nəzəriyyəçilərin musiqi irsindən tələb etdikləri ən mühüm keyfiyyətlərdən biridir. Qədim musiqi formalarının – muğamların ilkin şəkildə saxlanması və onların təsirlərə uğramamış şəkildə müasir tədqiqatçılara çatdırılması üçün Mirzə Fərəc xeyli mübarizə aparmışdır. O, bu məsələdə gələcək nəsillər qarşısında öz məsuliyyətini yaxşı başa düşmüşdü. O vaxtlar Azərbaycan muğamları hələ nota salınmadığı üçün onların ilkin şəkildə saxlanması çox nəcib bir ictimai vəzifə idi. Mirzə Fərəc bu vəzifəni layiqincə yerinə yetirdiyi üçün onu «mühafizəkarlıq» və «məhdudluqda» qınamaq o qədər də ədalətli deyildir.
Ə. Bədəlbəylinin həmin kitabında (səh. 17) oxuyuruq:
«1923-cü ildə Bakıda, Azərbaycan SSR Xalq Maarif komissarlığının göstərişi ilə Azərbaycan musiqi məktəbi yanında «Muğamat komissionu» adlanan Elmi şura təşkil olunmuşdu. Şuranın sədrliyi həmin musiqi məktəbinin müdiri Üzeyir bəy Hacıbəyova tapşırılmışdı. Şuranın daimi üzvləri Qaryağdı oğlu Cabbar, Qurban Pirimov, Şirin Axundov, Mirzə Fərəc Rza oğlu Rzayev, Arsen Yaramışev, Mənsur Mənsurov, texniki katibi isə bu sətirlərin müəllifi idi».
Əvvəllər musiqi məktəbində, sonralar isə (1925-ci ildən başlayaraq) Azərbaycan tədqiq və tətəbö cəmiyyəti nəzdində yerləşən Muğam Elmi Şurası Azərbaycan xalq musiqisinin (əsas etibarilə muğamatın) bəzi mühüm nəzəri məsələlərini müəyyənləşdirmək kimi əhəmiyyətli və şərəfli iş üzərində çalışmışdır.
Görünür, bü münasibətlə həmin şuranın üzvləri sonra bizə toplanardı. Mübahisə-məşvərət edərdilər. Belə vaxtlarda əslində olduqca az danışan babam qarışıq məsələləri başa salmağa, sübut etməyə çalışır, əsəbi halda tarı çalır, dediklərini sübut edirdi. Hamı dağılışandan sonra Mənsur babamın yanında qalardı. O babamın xasiyyətinə yaxşı bələd idi. Ondan bir şeyi öyrənmək üçün böyük hövsələ lazım idi. Çünki o bir məsələni hər necə oldu tez deyib üstündən keçməzdi. Onu nəzəri olaraq məntiqi surətdə hərtərəfli sübut edəndən sonra qəti qərara gələrdi. Mirzə Mənsur istədiyinə nail olub gedərdi. Mən çox yaxşı görürdüm ki, başqalarına nisbətən Babam Mənsuru çox sevir. Ona çox ürəklə yanaşır, bildiklərini ona öyrətməyə səy göstərərdi. Görünür, Mirzə Mənsurun çox təmkinli olması, alicənablığı, düz ürəkli, mədəni, istedadlı olması, nəhayət, Mirzə Fərəci yaxşı başa düşməsi babamı ona bağlamışdı. Yaxşı ki, belə olmuşdu. Yoxsa babamın dərya biliyi özü ilə bərabər dünyadan gedəcəkdi. H
eç olmazsa özündən sonra Mənsur onun bildikləini öz tələbələrinə, gənc nəslə çatdırmışdır. Beləliklə, musiqi mədəniyyətimiz, Mirzə Fərəcin şirin xalları nəsildən-nəslə keçmişdir. Odur ki, Əfrasiyab Bədəlbəyli «Musiqi lüğəti» kitabında Mirzə Mənsur haqqında yazıda çox düzgün göstərmişdir ki, «Mirzə Mənsur haqlı olaraq Azərbaycan muğamatının tanınmış nəzəriyyəçisi sayılır». Bu tərifi Mirzə Mənsur öz halal zəhməti ilə qazanmışdı.
1934-cü ildə bacım Ağabacı ilə mən musiqi məktəbində Mirzə Mənsurun sinfində tar öyrənəndə müəllimimiz tarı əlinə alıb Rast çalardı, Üşşaq yerinə çatanda mizrabı altdan yuxarı vurub çalar və deyərdi ki, bax, bunlar baban Mirzə Fərəcindir. Mirzə Fərəc buna «pişim-pişim» deyərdi. Sonralar xalq artisti Hacıbaba Hüseynov bu melodiyanı «Əllər şüşə, barmaq qələm, dırnaq sədəf başdan başa» sözlərilə ifa edərdi. Üzeyir bəy babamın yaradıcılıq qabiliyyətinə yaxşı bələd idi. Bilirdi ki, onun bir sıra təsnifləri, rəngləri, oyun havaları vardır. Onun, Mirzə Fərəcin muğamlara gətirdiyi guşələr, xallardan xəbəri vardı. Odur ki, babam 1926-cı ildə təqaüdə çıxıb, evdə yatanda o, Asəf Zeynallını Niyazilə onun yanına göndərib tapşırmışdı ki, Mirzə Fərəcin yaradıcılıq irsini nota köçürsünlər ki, özündən sonra itib-batmasın, və özünün adı ilə yaşasın. Ancaq babam xəstəliyi üzündən çox səhv etdi, dedi ki, lazım deyil. Əgər mən ölürəmsə, qoy mənimlə bərabər mənim musiqim də ölsün. Atam nə
qədər yalvardı, başa saldı onu, heç cürə razı sala bilmədi. Ancaq özü öldü, musiqisi isə xalq musiqisi kimi hər dəfə səslənir və heç vaxt unudulmayacaq (təsniflər, rənglər, diringələr və s.). Mirzə Fərəc şöhrətpərəst deyildi, ona görə razı olmadı.
Babam Azərbaycan ədəbi dilini və poeziyasını çox yaxşı bilirdi. Onun ən çox sevdiyi şer forması qəzəl idi. Fars dilində, Azərbaycan dilində saysız qəzəllər bilirdi. Həmkarları ilə bir yerdə olanda həmişə qəzəl deyərdi. Bəzən hər bir muğama aid uyğun qəzəl seçilməsində evdə saatlarla mübahisə edərdilər. Babam bu məsələdə Ağa Səid oğlu Ağabalanın məharətinə üstünlük verərdi. Babam ayrı-ayrı muğamlara aid bildiyi qəzəlləri atama yazdırıb oxuyanlara paylardı.
Poeziyaya bu sevgi, bu maraq Mirzə Fərəci bir ədəbi məclisə çəkib gətirmişdi. Bu məclis farslar karvansarayının ikinci mərtəbəsində olan Hacızeynal oğlu Mirzə Ağakərimin (1849-1910) hücrəsində toplaşan şer - musiqi məclisi idi. Ağakərim Salik keçən əsrin 80-ci illərində Bakıda yaradılan «Məcmuəüş-şüəra»nın üzvü olub. O gözəl şair olmaqla bərabər Mirzə Səttardan musiqi nəzəriyyəsini yaxşı əxz etmişdi. Odur ki, onun hücrəsində həm şer, həm də musiqi, muğam haqqında geniş müzakirələr olurdu. Muğamlarda oxunan qəzəllər ətrafında çox maraqlı mübahisələr gedirdi. Hansı muğamda məhz hansı qəzəli seçmək çox mühüm şərt idi. Odur ki, böyük bir məclisdə çalınıb oxunan bir muğam dəstgahının 3-4 saat davam etməsi heç kimi yormurdu.
Sonra bu məclis Mənsurovların evində toplaşan məclislə birləşərək daha da genişləndi.
20-ci illərdə çalıb-oxuyanların sənət qabiliyyətini artırmaq, bilicilərdən öyrənmək işində belə məclislərin xeyri çox olurdu. O illərdə qəzet redaksiyaları da belə tədbirlərdən geri qalmırdı.
1925-1930-ci illərdə «Kommunist» qəzetinin nəzdində «oxucular klubu» fəaliyyət göstərirdi. Bu klubun ətrafında Mirzə Muxtar, Cabbar Qaryağdı oğlu, Üzeyir Hacıbəyov, Mirzə Fərəc, Mirzə Mənsur, Seid Şuşinski, Əfrasiyab Bədəlbəyli kimi musiqi xadimləri toplaşaraq muğamatdan, ifacılıq məharətindən söz açır, sənətin estetik problemlərinə aid məsələlər müzakirə edərdilər. Klubun musiqi şöbəsinin rəhbəri Üzeyir Hacıbəyov idi.
Şərq konservatoriyasında 20-ci ildə babam dərs verəndə bu konservaoriyanın yaradılması təşəbbüsünü irəli sürən çox savadlı, gözəl pianoçu, muğamlarımızın pianoda məharətli ifaçısı Xədicə xanım Qayıbova müdir işləyirmiş. Konservatoriyada kişilərdən əlavə 150 qadın, kişilərdən ayrı yerdə dərs keçirmiş. Odur ki, o illərdə qadınlar arasında pianoda gözəl muğam ifaçıları vardı. Rüxsarə Mirzəbəyova da onların sırasında idi. Sonra o öz öyrəndiklərini tələbələrinə öyrədərdi.
Xədicəxanım babamı yaxşı başa düşürmüş. Ona tərəfdar dururmuş, baxmayaraq ki, özü muğamları pianoda çalmağı öyrədərdi, ancaq deyərmiş ki, pianinoda muğam əsl muğam kimi səslənə bilməz, ləzzət verməz. Necə babam deyərdi ki; «mənim çaldığım muğamı piano heç vaxt çala bilməz».
Əldə olan sənədlər göstərir ki, Mirzə Fərəcin pedaqoji fəaliyyəti 1920-ci illərin əvvəllərində yaradılmış Şərq konservatoriyası, daha sonra isə, musiqi texnikumu ilə bağlı olmuşdur. Belə ki, Mirzə Fərəc 1926-cı ildə ağır xəstələnib təqaüdə məhz bu texnikumdan çıxmış və 1927-ci ildə vəfat etmişdir.
Mirzə Fərəc haqqında əlavə və yeni məlumatlar almaq məqsədilə, çap edilmiş, mötəbər bir kitaba müraciət etdim. 1972-ci ildə, Azərnəşrdə «Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası» adı ilə çap edilmiş və mətbuatda yaxşı tədqiqat əsəri kimi yüksək qiymətləndirilmişdir. Kitabı E.Ə. Abasova, D.X. Danilov, L.V.Karagiçeva, K.K. Səfərəliyeva çapa hazırlamışdır.
Bu kitabı nə qədər vərəqlədimsə nə Şərq konservatoriyası müəllimləri sırasında, nə də ki, musiqi texnikumu müəllimləri siyahısında Mirzə Fərəcin adına rast gəlmədim.
Musiqi tariximizdən yaxşı məlumdur ki, tədris ilinin birinci günündən Mirzə Fərəc bu iki musiqi təhsili ocaqlarında muğam dərslərini aparmışdır. Məşhur tarzənimiz Qurban Pirimov Mirzə Fərəcin musiqi mədəniyyətindəki əzəmətli mövqeyini nəzərə alaraq deyirdi ki, Mirzə Fərəc əjdəhadır.
Üzeyir Hacıbəyov muğam sənətimizlə bağlı məsələlərə (muğam dərsi üzrə də proqramlarının tərtibi, siniflərin təşkili v.s.) həsr edilmiş müşavirələrə həmişə, Mirzə Fərəci dəvət edərdi.
1922-ci ildə Üzeyir Hacıbəyov musiqi məktəbləri üçün muğam dərsləri üzrə proqramlar tərtib edərkən Mirzə Fərəcin biliyinə və koməyinə arxalanmışdır. Sonuncu muğam proqramını tərtib etmiş, özünü Mirzə Fərəcin tələbəsi hesab edən, görkəmli muğam ustadımız Kamil Əhmədov da, bu işində, Mirzə Fərəcin proqramına əsaslanmışdı.
Mənim 1986-cı ildə, «Işıq» nəşriyyatında çap edilmiş «Tarzən Mirzə Fərəc haqqında xatirələrim» kitabımda bu məsələlər yaxşı işıqlandırılmışdır. Görkəmli musiqişünasımız Ramiz Zöhrabovun 1991-ci ildə Azərnəşrdə çap edilmiş «Muğam» kitabında Mirzə Fərəcin muğam cədvəllərindən istifadə edilmişdir. Bu cədvəllər isə mənim yazdığım «..Xatirələrim»də çap edilmidir (s. 46-51), təkcə zərbi-muğamlara «Heyratı», «Simai-şəms», «Mənsuriyyə» və «Mani» də əlavə olunmalıdır.
MIRZƏ FƏRƏCIN MUĞAM DƏSTGAHLARI
Atamın babam haqqında yazıları içərisində muğam dəstgahlarının siyahısı da vardı. Atam Mirzə Fərəcin tələbəsi olduğu üçün (Musiqi məktəbi nəzdində müəllimlər kursunda) onun muğamları nə qayda ilə öyrətdiyini bilirdi.
Ancaq atam onu da deyərdi ki, - «atam çalanda bu dəstgahlara çoxlu əlavələr də edərdi. Odur ki, çox məclislərdə bir dəstgahı 4-5 saata çalıb qurtarmazdı».
Bu yazıların üzərində notlar olmasa da bir sıra nəzəri məsələlərin həllində onların, tarixi bir sənəd kimi, əhəmiyyətli rolu vardır.
Mirzə Fərəc bizim əsrdə yaşamış musiqi xadimlərimizin ən yaşlılarından idi. O, XIX əsrin Şərq musiqi mədəniyyətinin nailiyyətlərini özündə yaşatmış, yeni, qüdrətli musiqiçilər nəslinə qədər gətirib çıxarmış, toy məclislərində, müsabiqələrdə, musiqi məktəblərində təbliğ etmişdir. Babamın təbliğ etdiyi muğamların canı, ruhu ondan qalmış xatirələrdə (bu xatirələrin bəzilərini onun dilindən oğlu Ismayıl yazmışdır) yaşamaqdadır. Şübhəsiz ki, klassik musiqimizə bələd olanlar qarşısında bu xatirələr öz sirrini açacaq, bir çox məsələlərə işıq salacaqdır (onu da deyim ki, atam bu muğamlar siyahısını yazarkən bəzi guşələri yadından çıxarmış, babamın çaldıqlarının hamısını yaza bilməmişdir).
1890-cı ildə xüsusi bir fonoqrafiyada vala yazılmaq üçün Mirzə Fərəc dəvət edilir. O, solo çalır və bir neçə xanəndəni müşayiət edir.
1900-cü ildə Mirzə Fərəc xanəndə Mirtağı Mirbabayevlə «Rekord-sport» şirkətində vala yazılıb. Xanəndə Məşədi Məmmədi də müşayiət edib. «Rast», «Simayi Şəms», «Heyratı», «Əraq kabili» və solo tarda «Orta Mahur» və «Bayatı Şiraz» çalıb.
Bu vallar hamısı bizim evdə saxlanırdı, tez-tez çaldırırdıq. "Lotu Cabbarın valı", «Kəblə Hacı» operettası bu valların içərisində idi.
1960-cı illərdə Razin qəsəbəsində yaşayan Səftər Rəhimov adlı birisinin evində atam babamın yazdırdığı bir valı çaldırıb qulaq asmışdı. Muğam arasında oxunmuş təsnifin sözlərini yazıb gətirmişdi. Oxuyan xanəndə Mirtağı imiş.
Gəlin gedək xan bağına xəzələ
Gözüm düşüb eyvandakı gözələ
Fərəc çalır Tərlan durur süzməyə
Ölürəm, kimə yalvarım
yanıram kimə yalvarım
yazığam sənə yalvarım!
Atam Səftərdən valı istəmişdi, ancaq o verməmişdi. Atamın dediyinə görə onun evində mindən çox val toplanıbmış. Bir müddətdən sonra biz atamla həmin ünvana getdik (Revolutsiya küçəsi ¹ 2, Proletar küçəsinin tinində). Ancaq Səftəri tapa bilmədik. Qızı isə bizə heç nə vermədi.
Təxminən 20-ci illərin axırı idi. Iran əhli olan Həsənxan adlı birisi Bakını və rayonları gəzib qrammafon vallarını alıb Irana göndərirdi. O, bizə də gəldi, əvvəlcə atam ona heç nə vermədi. Ancaq bir neçə gündən sonra yenə gəldi. Bu dəfə elə bil atamı sehirlədi. Valları, hələ üstəlik qrammafonu da aldı apardı. Mən atamın bu böyük səhvi üçün onu bağışlamıram. O vaxtdan ümidlə yaşayıram ki, bəlkə bir evdə babamın valı saxlanır. Haçansa aşkar olacaq və beləliklə mən babamın musiqisini yenidən eşidəcəyəm.
Mirzə Fərəcin çoxlu xanəndə həmkarları var idi. O, oxuyanı yaxşı müşayiət edirdi. Bir də ki, muğamların quruluşunu, hissə və guşələrini dəqiq bildiyindən xanəndə ondan çox şey öyrənirdi. Odur ki, hamı onunla oxumağa can atırdı. Bir də o, məşhur tarzən olduğu üçün Bakının ən varlı milyonçuları ancaq onu dəvət edirdilər. Mirzə Fərəclə birlikdə olmaq, işləmək, çalmaq sərfəli idi. Həm özü öyrənir, həm də məşhurlaşırdı.
1901-ci ildə Bakıya gələn, gözəl səsə malik Cabbar Qaryağdı oğlunun Mirzə Fərəclə tezliklə həmkar olması da bundan irəli gəlmişdi.
Yuxarıda siyahısını verdiyim xanəndələrin hamısı Mirzə Fərəclə həmkar olmuşlar. Onların içərisində Mirtağı Mirbabayev xüsusi yer tuturdu. Ailəvi yaxınlıq Mirtağını böyük sənət aləminə gətirib çıxardı. Mirtağı 1867-ci ildə Bakıda mərsiyəxan ailəsində dünyaya gəlmişdi. Təbiət ona tək-tək adamlara xas gözəl, məlahətli gur səs bəxş etmişdi. Odur ki, o Mirzə Fərəcin nəzər diqqətini cəlb etmişdi. Nə olursa ona kömək edib özünün pərəstiş etdiyi böyük musiqi aləminə onu cəlb etmək lazım idi. Mirtağı ilə muğamlar üzərində gərgin işləmişlər. O, Bakının ən məşhur, gözəl səsə malik olan bir xanəndəsi kimi tezliklə tanındı və sevildi. Dövlətli ailələr bəhsə girib bir-birinin acığına öz musiqi məclislərinə ancaq Mirtağını dəvət edirlər. Pul, hədiyyələr başdan aşırdı. O vaxt «Rekord-sport» qrammofon şirkətində, Varşavada çoxlu qrammofon valları yazıldı, onlar baha qiymətə satılırdı. Təbiət ona gözəl səs kimi gözəl, mehriban xasiyyət də vermişdi. Deməli, Mirtağı çox xoşbəxt bir şəxsi
yyət idi. Babamla aralarında ata-oğul məhəbbəti var idi.
Mirtağı (Mirseyid) bir dəfə həmkarlarilə bərabər Bakı kəndlərindən birinə toya dəvət olunur. Məclisi çox şən aparır. Bəyi tərifləyəndə bütün qohumların adını çəkir, hərə öz düşərliyin verir. Bəyin dayısı çox varlı adammış. Toya qızıl, brilyant içərisində bəzəklə gəlibmiş. Xanəndə: «Gəlsin görüm bəyin varlı dayısı...» deyəndə Dayı yerindən qalxıb deyir: "Babamdan mənə miras qalmış, yerdə qazıtdırdığım neft quyusunu sənə xələt verirəm... nə çıxsa sənin bəxtinə. Quyu başa çatana qədər xərci mənim boynuma, cəddinə qurban olduğum bir «Segah» oxu" .
Böyük ruh yuksəkliyi ilə Seyid brilyant üzüyü olan sağ əlini qoyur qulağının qənşərinə, elə gözəl, təsirli bir «Segah» oxuyur ki, məclisdəkilər heyran qalırlar. Sonra da quyu neft fontanı vurur... Bu doğrudanmı xoşbəxtlik qapısı idi?!... Xanəndə Mir Seyid dönüb olur neft sahibi, milyonçu Mirtağı Mirbabayev. Sonra da Hacı Zeynalabdinin köməkliyi ilə dəniz kənarında tikilmiş çox səliqəli bir mülkü alır (indiki Neftçilər prospektində olan Azneft binası). Bu münasibətlə Tiflisdə Qori seminariyasının hamiliyini götürür öhdəsinə. Bunu da ona Hacı Zeynalabdin təkid edir ki, padşahlıq yanında üzü ağ olsun. «Səni tanıyırlar, həm də biz Azərbaycandan ora oxumağa çox uşaq göndərə bilərik. Bu da xəlqinə xidmət idi»5.
Indi sahibkar Mirtağının qramafon valını oxutdurub ona keçmişə görə irad tutanların qarşısını almaq üçün Mirbabayev bütün vallarını aldırır, sındırıb atır, «uğursuz» keçmişilə olan əlaqəsini bir dəfəlik qırır.
Mirtağı milyonçu olsa da babam və ailəmizlə əlaqəsini kəsmir. Həmkar olmasa da dostluğu davam etdirir.
Yuxarıda dediyim kimi elektrik qatarında bağa gedəndə, I-ci Zabratdan əvvəl mədənləri keçəndə atam onların bəzilərini göstərib deyirdi ki, «bu neft buruqları ağanın idi (o, atasına ağa deyərdi), o biriləri isə Mirtağınınkılardır. Mən Mirtağının yanında hesabdar kassir işləyəndə burada işləyən fəhlələrə maaş verərdim». Bu mədən yerlərinə atam «Muxtarov» deyərdi.
Babamın toyda bağışlanmış neft mədənləri olması sübut edir ki, bəzi tədqiqatçıların yazdığı kimi həmin uğurlu toyda Mirtağı Şirin Axundovla yox, Mirzə Fərəclə oxuyubmuş. Milyoner tərəfindən bağışlanmış neft buruqları isə, tədqiqatçıların dediyi kimi Sabunçuda yox, Muxtarovda imiş.
Onu da deyim ki, bizim evdə olan dəmir kassanın-sandığın içərisində, o vaxtdan qalma, qiymətli kağızlar da saxlanırdı. 1937-ci ildə, repressiya dövründə, atam bu kassadan xanəndə Kəblə Ağabalanın adına bir veksel və babamın adına olan, imperatorun gerbi ilə yaraşıqlı kağızda yazılmış, neft mədənlərinin küpçüsünü çıxarıb yandırdı. Bu vaxt o, dedi ki, bu kağızlara görə məni tutarlar, onların yanmağı yaxşıdır. Onsuz da neft buruqları daha bizim deyil. Anam gülüb dedi ki, «Bəlkə də qaytardılar!».
Mirtağı ailəmizlə olan dostluğunu milyonçu olandan sonra da qoruyub saxlamışdı. Bu dostluq atamla əlaqədar idi. Bu ailəvi dostluq ənənəsinin nəticəsidir ki, mən bu yaxında Mirtağının qardaşı qızını – Fatma xanımı axtarıb tapdım və onunla keçmiş günləri yada saldıq. Onun bizim ailə haqqında yaxşı məlumatı vardı. babam Mirzə Fərəc haqqında yazdığım «Xatirələr» kitabımı və Mirtağının əldə etdiyim şəkilini ona bağışladım. Fatma xanım əmisinin şəkilini görüb çox kövrəldi və dedi ki, «bir neçə il əvvəl mətbuat işçiləri bizə gəlib onun şəkilini istəmişdilər. Lakin onun şəkili heç kəsdə qalmamışdı. DTK-nin qorxusundan hamı onun şəkillərini məhv etmişdi. Yadıma gəlir ki, evimizdə, vaxtilə, böyük bir albomda Mirtağının çoxlu şəkilləri vardı. O albom mənim qardaşım arvadında qaldı.
Fatma xanım Mirtağının ailəsi haqqında mənə, bilmədiyim, bəzi məlumatları da verdi: Mirtağının atası Hacı Mirbabanın 4 oğlu olur.
1. Hacı Miribrahim. O, axund imiş.
2. Hacı Mirkərim. O, Mirtağının idarəsində işlər müdiri işləmişdi. Ona görə də onu tutmuşdular.
3. Mirtağı. O, əvvəlcə xanəndə sonra isə milyonçu olmuşdur.
4. Hacı Mirəbdülvahab. O, 22 il Kərbəlada dini təhsil alıb, müctəhid olub, orada Bakıdan – Içəri şəhərdən müctəhid atası ilə Kəlbəlaya gəlmiş Məsumə adlı bir qızla evlənib Bakıya gəlirlər. Mirtağı böyük sevinclə onları qarşılayıb aparır öz evinə – Azneft binasına; 3-4 gün qonaq saxlayıb onların şərəfinə böyük ziyafətlər verir. Sonra onlar Kamo ilə Mustafa Sübhi küçələrinin tinindəki baba evinə gəlib orada yaşamışlar. Məsumə xanım (Fatma xanımın anası) ərəb dilində çox savadlı, oxumuş qadın idi. Onda, heç kəsdə olmayan, ərəb dilində Quran və s. kitablar vardı. Onun dörd qızı və iki oğlu olur (Xədicə, Böyükxanım, Zəhra, Fatma, Həsən, Hüseyn). Fatma xanım 1918-ci ildə anadan olduğu üçün əmisi Mirtağı yadına gəlmir. O, ilk dəfə əmisi Mirtağının Parisdə yaşadığını Bakı milyonçusu Rəhim bəyin yazdığı məktubdan bilmişdi.
(ardı var)
__________
1. Azərbaycan Elmlər Akademiyasının Tarix Muzeyi elmi arxivi. Inv.386 və etnoqrafiya fondu. Dik ¹ 10288.
2. O. Quliyev. Azərbaycan xalq çalğı alətləri orkestri. B. Işıq, 1980, səh. 6.
3. Əvəz Rəhmətov. «Əhməd Bakıxanov». Bakı, Işıq, 1977, səh. 16.
4. Ə. Bədəlbəyli. «Musiqi lüğəti». Bakı, Elm nəşriyyatı, 1969. səh. 171-172.
5. Manaf Süleymanov. Eşitdiklərim, oxuduqlarım, gördüklərim. Azərb.Döv.Nəşriyyatı. Bakı, 1987, s. 118-119.
p align>
|