XX ƏSR AZƏRBAYCAN MUSIQISININ
DÖVRLƏŞDIRILMƏSINƏ DAIR MÜLAHIZƏLƏR

Fərəh ƏLIYEVA
 

       Tarix elminin mühüm dayaqlarından biri olan dövrləşdirmə ümumi inkişaf dinamikasının hərəkətverici və qapanma nöqtələrini ayırd etmək, tədqiqat materialını sistemləşdirmək vasitəsidir. Əlbəttə, hər bir dövrləşdirmə zaman keçdikcə düzəlişlərə məruz qala bilər. Müasirlərin «isti-isti» cızdıqları sərhədlərdə müəyyən qədər subyektivlik də, konkret zamanın tələbləri ilə hesablaşmaq məcbüriyyəti də labüd faktordur. Tarixə müəyyən bir vaxt məsafəsindən obyektiv nəzər onu həm «subyektiv», həm də «məcburi» meyarlardan təmizləmək imkanı verir. Dövrləşdirmə anlayışında siyasi, ideoloji, estetik platformaların, dünyagörüşünün toqquşması halları da az deyil. Eyni zaman kəsiyində götürülən dövrlərin özünün də şərhi, izahı, tarixi rolu və məzmunu müxtəlif cür yozula bilər. Ona görə də məqalədə toxunduğumuz məsələnin müxtəlif elmi fikirlərin mübadiləsi üçün təkan verəcəyi də ehtimal olunur.

       SSRI-də ümumən «hər şey hamı üçün eynidir» prinsipi ilə tarix elmində bərqərar edilmiş mədəniyyət dövrləşdirilməsi mövcud idi. Vahid sovet mədəniyyəti məkanında müxtəlif inkişaf səviyyəsinə, sürətinə, ənənələrinə, özünəməxsusluğa malik milli musiqi mədəniyyətlərinin hamısı üçün eyni xronoloji sərhədlərdə dövrləşdirmə tətbiq edilirdi.( 1 )

       Azərbaycan tarixi musiqişünaslığında da XX əsr bəstəkarlıq məktəbinin inkişaf mərəhələləri sovet dövrünün ideoloji meyarları ilə müəyyənləşdirilmişdir. Bu dövrləşdirmə daha çox ictimai-siyasi hadisələrlə tənzimlənir və aşağıdakı xronoloji çərçivələrə dayaqlanırdı.( 2 )

       1.XX əsrin əvvəllərindən 1920-ci ilə kimi (milli məktəblər üçün müxtəlif olan bu tarix sovetləşmə ili bağlı idi)
       2.1920-1932-ci illər mərhələsi;
       3.1932-1940-ci illər mərhələsi;
       4.1941-1945-ci illər mərhələsi
       5.1946-1956-cı illər mərhələsi
       6.1956 – 1967-ci illər mərhələsi

       Bu mərhələlərin xronoloji sərhədlərinin əsaslandırılması prinsiplərini aydınlaşdıraq. Əsas prinsip – SSRI-də bütün sahələr üçün ümumqəbul edilən partiya həyatı, siyasi-ideoloji, tarixi hadisələrlə bağlı çərçivələrdir. Bu sərhədlər siyasi-iqtisadi situasiya üçün məqbul hesab edilə bilsə də, mədəniyyət və incəsənət, yaradıcılıq sahələri üçün süni və qondarma idi. Musiqi sahəsində baş verən proseslərin tarixi axarının məhz sənət problemləri, sənət müstəvisində baş verən hadisələrlə deyil, musiqinin «yan-yörəsində» ki, bəzən onunla əsaslı surətlə əlaqəsi olmayan hadisələrlə şərtlənməsi bu gün qətiyyən məqbul deyil.

       Azərbaycanda Sovet dövrünə qədərki dövr – «əsil» bəstəkar yaradıcılığının tarixinə qədərki mərhələ kimi qiymətləndirilirdi.(3) Bu, keçmiş tarixi-mədəni inkişaf nəzəriyyəsinə görə tərəqqi, yüksəliş pillələrinin müstəsna olaraq Sovet dövrü ilə əlaqələndirilmə siyasətinin , yeni mədəniyyətin «ağ» səhifədən başlanması ideyasının nəticəsi idi. Sovetləşmədən əvvəl mövcud olan musiqi sənətinin, xüsusilə də bəstəkarlıq ənənəsinin inkişaf səviyyəsinin «diletantlıq» mərhələsi kimi təqdim olunması mövqeyi də mövcud olmuşdur.

       II mərhələ kimi – 1920-1932-ci illər göstərilir. Ü.Hacıbəyovun ardınca musiqişünaslar bu illəri «təşkilatçılıq illəri» adlandırmışlar. Yeni siyasi rejimin möhkəmləndirilməsi illərində musiqi sahəsində bir qismi əvvəlki mərhələnin davamı kimi, bir qismi yeni dövrün ab-havasını əks etdirən proseslər gedirdi. Əsas proseslər kimi diqqət mərkəzinə – musiqi təhsili sisteminin yaradılması, milli opera ətrafında gedən diskussiyalar, yeni janrların yaranması çəkilirdi. O dövrün indiki zamandan görünən yeni cəhəti – Ü.Hacıbəyovun Azərbaycan bəstəkarlıq ənənəsinin banisi kimi tarixi rolunun, bəstəkarlıq istedadı və potensialının «təftiş edilməsi» cəhdləridir.(4)

       III mərhələ - 1932-1940. Bu mərhələnin başlanğıc nöqtəsi Sov. IKP MK-nin yaradıcılıq təşkilatlarının işinin yenidən qurulması haqda qərarının tarixidir .( 5 ) SSRI-nin siyasi rəhbərliyi ölkədə yaradıcılıq proseslərinin idarə edilməsini, onlara total nəzarəti təmin edən yaradıcılıq təşkilatlarının yaradılması ilə təmin edərək əvvəlki mərhələnin «çoxqütblülüyünə» son qoydu. Inzibati təşkilati baxımından tipik sovet törəməsi olan təşkilat – Azərbaycan Bəstəkarlar Ittifaqı(1934) yaradıldı. Qərar musiqi sənətinə təşkilati baxımdan təsir etsə də, bəstəkar yaradıcılığının spesifik, «daxili» inkişaf proseslərinə əsaslı təsir göstərmək iqtidarında deyildi. 30-cu illərdə yaradıcılıq proseslərinin sovet mahiyyətini, özünəməxsusluğunu əks etdirən – sosialist realizmi metodu və formaca milli, məzmunca sosialist qəlibi əsas meyar və özünüifadə forması elan olundu. Sonrakı illərin bədii-musiqi axtarışları bu meyarla qiymətləndirilməyə başlandı. Musiqişünaslığımızda bu mərhələ «yük səliş illəri kimi» qeyd olunur.Bu qiymət tarixi mərhələnin yerini əsasən düzgün müəyyənləşdirir.        IV mərhələ 1941-1945.Ümumsovet tarixi dövrləşdirilməsinə uyğun olaraq Böyük Vətən müharibəsi ayrıca mərhələ kimi götürülür. Bu dövrdə təbiidir ki, aparıcı mövzu müharibə ilə bağlı idi. Mərhələnin yeniliyi – Azərbaycan musiqisində simfoniya janrında ilk əsərlərin yaranması idi.

        V mərhələ 1946-1956 – Müharibədən sonrakı dövrün məhz bu xronoloji sərhədlərinin siyasi xarakteri şübhə doğurmur. Müharibədən sonrakı dövr 2 siyasi qərarın ab-havası ilə müəyyənləşmişdi. Musiqi sahəsində möhtəşəm mənəvi repressiyaya start verən 1948-ci il qərarı(6) və, Stalinin ölümündən sonra SSRI Kommunist partiyasının XX qurultayından sonra qəbul edilmiş ,şəxsiyyətə pərəstiş dövrünün nəticələrini ifşa edən qərar (7). Birinci qərar bilavasitə bəstəkar yaradıcılığına güclü təsir göstərmişdir. Xəlqilik və milliliyin konkret «doza»larla ölçülməsi, proqramlılığın az qala amiranə tərzdə «tövsiyyə» edilməsi, klassik rus musiqisinin prinsiplərinə istinad – heç kəsin poza bilməyəcəyi, yaradıcılıq axtarışlarının həddini müəyyənləşdirən direktiv mahiyyətli göstərişlər oldu. Təmiz instrumental musiqi, XX əsrin yeni ifadə vasitələri, üslub təmayülləri, yeni bəstəkar ənənələri yasaq elan edilir.Azərbaycan bəstəkarlarının həyatında, yaradıcılığında bu qərarın nəticələri və izlə ri aydın görünür. 1956-cı ildə Kommunist partiyasının XX qurultayında şəxsiyyətə pərəstişin cəmiyyət həyatının bütün sahələrində doğurduğu dəhşətli əyintilər ifşa olundu və ölkə doğrudan da yeni mərhələyə qədəm qoydur. Lakin musiqi yaradıcılığı sahəsində radikal dəyişikliklər baş vermir. 50-ci illərin hər iki yarısında gedən proseslər eyni xarakterdə idi.

       VI mərhələ - 1956-1967. Bu mərhələnin başlanğıcı izah edilsə də, 1967-ci il tarixinin mahiyyəti qaranlıqdır.

       Artıq XXI əsrdən keçmiş əsrin ümumi mənzərəsinə, inkişaf dinamikasına ideoloji eynəkdən azad bir tərzdə nəzər salaraq yeni dövrləşməni təklif etmək istərdik.

       Dövrləşdirmənin əsas metodoloji açarını müəyyənləşdirək. Bizim üçün bu – musiqi yaradıcılığının tarixi-üslub inkişafının mərhələvi xarakter daşıması prinsipidir. Məlum olduğu kimi, mərhələvi inkişaf prinsipi ümumiyyətlə universal prinsipdir. Onun müxtəlif təzahür formaları isə hansı faktorun məhz mərhələ göstəricisi kimi götürülməsindən asılıdır. Sovet musiqişünaslığında XX əsr musiqi tarixi siyasi – ideoloji şərhlərlə bağlı olsa da( əsrin əvvəllərindən 1917-ci ilə qədər, 1917- 1945, 1945-? ) bəstəkar yaradıcılığında estetik platformaların intonasiya, kompozisiya, harmoniya, tembr və s. parametrlərin əsaslı surətdə yeniləşməsiniə əsas meyar kimi imkan daxilində riayət edilirdi. (8 )

       Azərbaycan musiqişünaslığında yeni dövrləşdirmə cəhdinə I.Semyonovanın Azərbaycan simfonik musiqi mədəniyyəti ilə bağlı məqaləsində rast ğəlirik.(9) Tədqiqatçı ənənəvi dövrləşdirmə əvəzinə yenisini təqdim edir. O üç mərhələni (1920-ci ilədək, 1920-1932, 1932-1940) bir mərhələdə – 1908-1937-ci illərdə birləşdirmək təklifini irəli sürür. Elə buradaca bu mərhələnin daxilində 1908-1922,1924-1928,1934-1937-ci illəri sərhədlər kimi qeyd edir.

       Zənnimizcə, XX əsr Azərbaycan bəstəkarlıq məktəbinin tarixi inkişaf yolu üçün aşağıda təklif olunan 3 mərhələni dövrləşdirilmənin əsası kimi qəbul etmək olar. Qeyd edək ki, bəstəkar yaradıcılığının, musiqi mədəniyyətinin inkişaf mərhələsinin 3 böyük dövrdə qruplaşdırılması Azərbaycan musiqişünaslığının topladığı zəngin, geniş elmi-faktoloji, nəzəri, tarixi bazis əsasında mümkün olmuşdur:

        I mərhələ. 1908-1940
        II mərhələ. 1941-1965
        III mərhələ. 1965-2000
       Bu dövrləşdirmənin kəskin sərhədlərini bir qədər yumşaltmaq da olar:

        I mərhələ .1908-ci ildən 30-cu illərin sonuna kimi,

       II mərhələ .40-cı illərin əvvəllərinədən 60-cı illərin əvvəllərinə kimi,

       III mərhələ. 60-cı illərin əvvəllərindən başlanır. Bu mərhələnin musiqi yaradıcılığında qapayıcı sərhəddini müəyyənləşdirmək üçün bir sıra suallara aydınlıq qətirmək lazımdır.Şərti sərhəd kimi əsrin və eləcə də minilliyin sonunu götürək.

       Qeyd etmək lazımdır ki, XX əsr Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi məsələsi də bu baxımından maraqlıdır. Nizami Cəfərovun təklif etdiyi mərhələləri misal qətirə bilərik.(10 )

       1. XIX əsrin sonu XX əsrin əvvəllərindən XX əsrin 30-cu illərinin ortalarına qədər.
       2. 30-cu illərin ortalarından 50-ci illərin sonu 60-cı illərin əvvəllərinə qədər.

       3. 50-ci illərin sonu 60-cı illərin əvvəllərindən 80-ci illərin sonu 90-cı illərin əvvəllərinə qədər.        4. 80-ci illərin sonu 90-cı illərin əvvəlllərindən sonra. Bu dövrləşdirmə bir çox məqamlarda bizim təklif etdiyimiz mərhələlərlə uyğun qəlir. Nizami Cəfərovun mərhələlərin mahiyyətini, yeniliyini «açması» məqamlarınnın bir qismi bəstəkar yaradıcılığında gedən proseslərlə də səsləşir. Əlbəttə, dövrləşdirmədə dəqiq tarixlər göstərmək bəlkə də düzgün olmazdı. Lakin bunu əsaslandırmağa çalışaq.

       1908-1940 – ilk Azərbaycan operasından ilk Azərbaycan baletinin yaranma tarixi ilə çərçivələnən dövr. Bu mərhələni milli bəstəkarlıq məktəbinin yaranması, təşəkkülü və klassik səviyyəyə yüksəlişi, yeni musiqi sənəti sisteminin (təhsil, ifaçılıq) formalaşması mərhələsidir. Mərhələnin məhz bu xronoloji çərçivələrdə qəbul etməyimizi daha geniş əsaslandıraq.


       Bu illər ərzində Azərbaycan bəstəkarlarının yaradıcılıq axtarışları klassik avropa janr sisteminin bütün parametrlərini əhatə edir. Milli opera klassikası, klassik musiqili komediya, ilk simfonik əsərləri, yeni vokal janrlar – romans, kantata, oratoriya, simfoniya, birhissəli simfonik əsərlər, kamera-instrumental əsərlər və s. Əlbəttə, bütün janrlarda yazılan əsərlərin bədii səviyyəsi, keyfiyyəti, tarixi əhəmiyyətinə görə eyni deyildi. Şübhəsiz, bu dövrün ən böyük nailiyyətləri yaradıcılıq axtarışlarının musiqili-səhnə janrları – opera, musiqili komediya ilə bağlıdır. 1908-ci ildə Ü.Hacıbəyovun ilk operası – «Leyli və Məcnun»dan klassik avropa tipli «Koroğlu»ya gedən yol bütöv bir tarixi mərhələdə milli musiqi təfəkküründə baş vermiş böyük təkamülü əks etdirirdi. Bu mərhələdə ən çox müraciət edilən sahə şübhəsiz, opera idi. Operada bəstəkar yaradıcılığının bütün parametrlərində mövcud olan problemlər, axtarışlar, irəliləyişlər, əsas üslub fondu formalaşırdı. Ümumili kdə, bu sahədə tarixi addımları əks etdirən əsərlər «Leyli və Məcnun»(1908 ), «Şah Ismayıl» (1919), «Şahsənəm»(1927), «Nərgiz»(1935) və «Koroğlu»dur (1937). «Leyli və Məcnun» - ilk milli muğam operasıdır. «Əsli və Kərəm»,( 1912) «Şah Abbas və Xurşidbanu»(1912) milli opera çərçivəsində avropa üslub və formalarının tədricən daxil edilməsi cəhdlərini əks etdirir. Muğam operasının avropalaşdırılması prosesinin perspektivi və nəticələrini «Şah Ismayıl» operasının çoxsaylı redaksiyaları üzərində izləmək olar. 20-30-cu illərdə yazılmış üç opera Azərbaycan musiqisinin inkişafında sanki üç inkişaf istəqamətini təqdim edirdi – «Şahsənəm» milli musiqi materialına əsaslanaraq bəstəkarlıq üslubunun oriyentalizmin hazır «reseptləri» ilə inkişafı xətti, «Nərgiz» - sadələşdirilmiş «mahnı üslubiyyatı» ilə yoğrulmuş bəstəkarlıq üslubu xətti, «Koroğlu» -milli musiqi qaynaqlarının əsas janrlarından qidalanaraq, milli musiqi təfəkkürünün qanunauyğunluqlarının klassik avropa üslubu parametrləri ilə ifadəsi. Musiqili komediya janr ının təməli qoyulmaqla yanaşı bu dövrdə janrın klassik nümunələri yaradılır: «O olmasın, bu olsun»(1910), «Arşın mal alan»(1913). Musiqili komediya sahəsində yazılan çoxsaylı əsərlər daha çox vodevilə yaxındır. S.Rüstəmovun «Beşmanatlıq gəlin» musiqili komediyasının tarixi əhəmiyyətinin dəqiqləşdirməyə ehtiyacı var. Ü.Hacıbəyovun da musiqili komediyalarının muasir həyatdan götürülmüş mövzulara yazıldığı faktından çıxış edərək, S.Rüstəmovun əsərinin yeniliyini «müasir mövzuda ilk Azərbaycan operettası» deyil, sovet mövzusunda ilk operetta kimi müəyyənləşdirilməsi daha düzgün olardı. Bu mərhələdə bəstəkar mahnısı, ilk romanslar, ilk xor əsərləri, simfonik əsərlər, kino və teatr musiqisi, xalq çalğı alətləri üçün əsərlər yaranır. Musiqi təhsili sistemi avropa musiqi təhsili stantdartları üzrə qurulur. 1921-ci ildə Azərbaycan Dövlət Konservatoriyası orta ixtisas musiqi məktəbləri, uşaq musiqi məktəbləri, Azərbaycanın rayonlarında texnikumlar və məktəblər ,. Opera teatrında islahatlar keçirilərək rus və Azərbayca n truppası birləşdirilir, Azərbaycan radiosu nəzdində ilk notlu xalq çalğı alətləri orkestri yaradılır. Azərbaycan Dövlət Filarmoniyası, Dövlət simfonik orkestri təşkil edilir. Musiqi folkloristikasının, milli musiqi pedaqogikasının əsası qoyulur.

       Bu mərhələ milli bəstəkarlıq uslubunun formalaşmasında yaranma, təşükkül və klassik səviyyənin əldə olunması ilə əlamətdar. Milli klassik üslub dedikdə, «klassik» sözünün mənasında milli musiqi ənənələrinin məhz klassisist üslub kontekstində əxz olunaraq yeni keyfiyyət səviyyəsində təzahürünü nəzərdə tuturuq. Əlbəttə, bu mərhələ «Hacıbəyov mərhələsi» də adlandırıla bilər. Ü.Hacıbəyovun üslubunun «klassik» məğzi və əsasları haqda tədqiqatlardan E.Abasova, Ü.Imanova, F.Əlizadə, Ş.Mahmudova və b. ətraflı yazırlar. Onların müddəalarına dayaqlanaraq bir sıra məqamları ümumiləşdirmə səviyyəsində şərh edək. Klassisist kompleks Ü.Hacıbəyov musiqisində üslubun təməlyüklü komponentidir. Hacıbəyov ənənələrini davam etdirən A.Zeynallının da üslubu bu istiqamətdə formalaşırdı. Tədqiqatçı L.Rzayeva A.Zeynallı üslubunun «klassisist» xarakteri haqda maraqlı müşahidələr irəli sürür. 20-30-cu illərdə S.Rüstəmov, Ə.Bədəlbəyli, C.Hacıyev, Q.Qarayev və s. bəstəkarların yaradıcılığı nda da Hacıbəyov üslubunun əsas tapıntıları emal olunurdu. Eyni zamanda məhz bu mərhələdə artıq gənc bəstəkarların yaradıcılıq maraqlarında formalaşmaqda olan dəst-xətlərində, zövqlərində (S.Prokofyev, D.Şostakoviç, impressionizm, yeni klassisizm, romantik ifadə vasitələri) milli üslubun aktivinə sonrakı mərhələdə daxil olacaq üslub prioritetləri də işarələnirdi. Q.Qarayevin, C.Hacıyevin, Niyazinin ilk qələm təşəbbüslərində, A.Zeynallının əsərlərində dünya musiqi ənənələrinin yeni qatlarının təsiri aydın hiss olunur. Bu istiqamətdə A.Zeynallının əsərləri bu üslub yeniləşməsinin ilk nümunələri – polifoniya, romantizmlə bağlı dil, janr və forma prinsiplərindən bəhrələnmə ilə diqqəti cəlb edir. Q.Qarayevin «Tsarkoye selo heykəli» fortepiano pyesində, sonatinada Prokofyev üslubu, impressionizm cizgiləri, C.Hacıyevin Simfoniyasında S.Prokofyev, D.Şostakoviç üslubunun dramatik simfonizm əlamətləri, Niyazinin fortepiano əsərlərində List-Şopen ənənələri və s. misal ola bilər. Əlbəttə, bu tendensiya həm gənc Azərba ycan bəstəkarlarının ciddi, mükəmməl musiqi təhsili almasının obyektiv nəticəsi,həm də onların fərdi istedad və zövqünün ifadəsi idi.

       II mərhələ üçün 1941-1965-ci illəri xronoloji sərhəd kimi götürmək olar. Bu mərhələnin aşağı həddi Böyük Vətən Müharibəsinin ilk ilidir. Burada əvvəlki mərhələ ilə varislik saxlansa da, bəstəkar yaradıcılığında yeni cəhətlər, yeni səviyyəli inkişaf dinamikası nəzərə çarpır. Bu mərhələni Azərbaycan musiqisinin «qızıl əsri» adlandırmaq olardı. Diqqəti çəkən ən yeni cəhət musiqili – səhnə janrları ilə yanaşı ön plana simfonik musiqinin çıxmasıdır. Məhz bu sahədə bəstəkarlar böyük nailiyyətlər əldə edərək milli simfonizmin ən yüksək nümunələrini yaradır. Milli üslubda baş verən yeniləşmə prosesləri də məhz simfonizm sahəsində cəmləşirdi. Ənənəvi Avropa simfonik janr sisteminə aid əsərlərlə yanaşı, milli və Avropa ənənələrini yeni janr səviyyəsində ümumiləşdirən simfonik muğam yaranır. Azərbaycan bəstəkarlarının böyük qismi simfoniya, bir hissəli simfonik poema, üvertüra, lövhə, süita janrında nümunələr yaradır (C.Hacıyevin «IV simfoniyası», R.Hacıyevin «Gənclik simfoniy ası», C.Hacıyevin «Sülh uğrunda», Q.Qarayevin «Leyli və Məcnun» simfonik poemaları, F.Əmirovun və Niyazinin simfonik muğamları, F.Əmirovun «Nizami» simfoniyası, Q.Qarayevin balet süitaları, «Don Kixot» simfonik qravürləri, S.Hacıbəyovun «Karvan», «Uvetüra» simfonik əsərləri və s.).

       Balet janrında klassik nümunələr yaranır. Q.Qarayevin «Yeddi gözəl», «Ilıdırımlı yollarla», A.Məlikovun «Məhəbbət əfsanəsi» baletlərinin tarixi əhəmiyyəti Azərbaycan musiqisi ilə məhdudlaşmır. Opera janrı, yenə də bəstəkar diqqətinin mərkəzindədir. «Koroğlu»dan sonra F.Əmirovun «Sevil» operası yüksək qiymətləndirilir. Musiqili komediya, operetta janrında S.Ələsgərovun, R.Hacıyevin, T.Quliyevin əsərləri ilə yeni səhifə açılır.Yeni estrada mahnısı ənənəsi, ümumiyyətlə milli estrada musiqisinin təməli qoyulur. Azərbaycan kino musiqisinin qızıl fondu da elə bu illər formalaşır. Bəstəkar yaradıcılığında dil-üslub mündəricəsi baxımından da mühüm dəyişikliklər baş verir. Musiqi yaradıcılığında Ü.Hacıbəyov ənənələri ilə yanaşı, dünya musiqi ədəbiyyatının yeni ənənələrinin təsiri ilə ümumən romantik səciyyəli milli üslub formalaşır: lirikanın vüsət alması, proqramlılıq, romantik səciyyəli harmonik vasitələr, orkestrovka dəst-xətti, romantik obrazlar, poetikləşmiş mövz uları qeyd etmək olar, Musiqi üslubuna rus romantizmi ənənələri, XX əsrə artıq xronoloji deyil, mahiyyəti etibarilə aid olan təbəqələr – (D.Şostakoviç, S.Prokofyev, impressionizm, neoklassisizm daxil olur).

       I mərhələdə üslub axtarışları, fərdi dəst-xətt Ü.Hacıbəyovun güclü təsiri ilə formalaşırdısa, II mərhələdə Azərbaycan musiqisinə bir neçə parlaq özünəməxsus fərdi üsluba malik bəstəkarlar daxil olur. Onlar arasında Q.Qarayev və F.Əmirov – iki müxtəlif, lakin çox güclü cazibə və təsir qüvvəsinə malik idilər. Hər iki sənətkarın (eləcə də Niyazi, C.Hacıyev, R.Hacıyev, Ə.Abasov, Z.Bağırov, A.Rzayev, T.Bakıxanov, A.Məlikov, M.Mirzəyev və başqalarının) üslubunda romantik xüsusiyyətlər müəyyələşdirici xassədir. Bu mərhələni biz Azərbaycan musiqisində milli romantizmin çiçəkləndiyi illər kimi səciyyələndirə bilərik. Q.Qarayevin, F.Əmirovun yaradıcılığında bu keyfiyyətin müxtəlif təzahür formaları haqqında L.Karagiçeva, I.Abezqauz, E.Abasova, S.Qasımova, V.Əlixanova-Şərifova, L.Mehdiyeva ətraflı yazmışlar. Qarayev məktəbinin də formalaşması məhz bu dövrə aiddir.

       Milli ənənələrə münasibət formaları da yeni vasitələr və imkanlarla zənginləşmiş bəstəkar təfəkkürü mövqelərindən diqtə edilir. Bəstəkar yaradıcılığında fərqil mövqelər, estetik platformalar, bir sözlə yetkin, genişmiqyaslı bəstəkarlıq məktəbi anlayışı təsdiqlənir.

       II mərhələdə nəzərə çarpan mühüm yeni keyfiyyət – Azərbaycan bəstəkarlarının geniş miqyaslı beynəlxalq səviyyəyə çıxmasıdır. Azərbaycan bəstəkarlarının opera, balet, simfonik musiqi, mahnı sahəsində yaradıcılıq nailiyyətləri təkcə SSRI məkanını deyil, bütün dünyanı əhatə edir. Bəstəkarlıq məktəbinin yüksək səviyyəsi qeyri-milli mövzuların işlənməsində də özünü büruzə verir . Beləliklə II mərhələnin bəzi əsas yenilikçi cəhətlərini ümumiləşdirək.

       1) simfonik musiqi janrlarının vüsət alması və ön plana çıxması
       2) mövzu – obraz dairəsinin genişlənməsi
       3) bəstəkarlıq üslubunun yeni ənənələrin əxzi hesabına rəngarəngləşməsi- milli romantizm kimi ümümiləşdirilə biləcək üslub dairəsinin və prinsiplərinin formalaşması.

       Bu mərhələ daxilində sonrakı illərin xarakterini və istiqamətini müəyyənləşdirən bir sıra cəhətlər formalaşır. Q.Qarayev və C.Hacıyevin 40-cı illərdə üz tutduğu neoklassisizm təmayülü 60-cı illərdən Azərbaycan musiqisində ayrıca nüfuzlu istiqamətə təkan verir. Qarayev yaradıcılığında 60-cı illərin əvvəllərində ilk əlamətləri «24 prelüd» silsiləsindən axırıncı dəftər, skripka və fortepiano üçün sonata, «Don Kixot» simfonik qravürlərində sezilən üslub dəyişiklikləri – yeni mərhələni açan III simfoniya ilə nəticələnir. Azərbaycan bəstəkarlarının Xruşov mülayimləşməsi nəticəsində XX əsrin yeni üslub qatları və informasıyası ilə tanışlığının «laboratoriya» mərhələsi başlanır.

        1965-ci ildə ifa olunmuş Q.Qarayevin III simfoniyası ilə «yeni Azərbaycan» musiqisinin təməli qoyulur. Bu əsər Azərbaycan bəstəkarları tərəfindən XX əsrin bədii təfəkkürü və dünyagörüşünü əks etdirən ənənələrin fəal mənimsənilməsinə təkan verir. Azərbaycan avanqardı da elə bu illərdə formalaşır. (10)



QEYDLƏR

1. Istoriə muzıki narodov SSSR.t. 1-5 M. Sovetskiy kompozitor.1970, 1972, 1973,1974

2. G.Abasova, Q.Kasimov. Oçerki muzıkalğnoqo iskusstva Sovetskoqo Azerbaydcana. B.Glm.1970

3. I.Abezqauz. O xudocestvennıx otkrıtiəx operı «Keroqlu» Uzeira Qadcibekova. M.Sovetskiy kompozitor.

4. Bu mövzuya biz ayrıca məqalədə toxunacağıq,

5. Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsinin 1932-ci il 23 aprel tarixli «Ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında» qərarı.

6. Sovet Ittifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin 1948-ci il 10 fevral tarixli «V.Muradelinin «Böyük dostluq» operası … haqqında»

7. Sovet Ittifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin 1948-ci il 10 fevral tarixli «V.Muradelinin «Böyük dostluq» operası … haqqında» qərarı

8. Muzıka XX veka.Oçerki. Moskva, «Muzıka» 1977, 1980

9.I.Semenova. Razvitie simfoniçeskoy kulğturı Azerbaydcana v 20-30-e qodı. Materialı konferenüii «Opıt istoriçeskoqo razvitiə muzıkalğnoy kulğturı v Sovetskom Azerbaydcane», B. 1991.

10. Nizami Cəfərov. Azərbaycanşünaslığa qiriş. Bakı, AzAtaM.2002. s.470. XX əsrin 60-cı illərindən başlanan yeni inkişaf mərhələsi haqda məqalə müəllifinin monoqrafiyasında ətraflı yazılmışdır.










Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70