VASIF ADIGÖZƏLOVUN
«MUĞAM FANTAZIYASI»

Gülarə VƏZIROVA
 

       Vasif Adıgözəlov – 50-ci illərin ikinci yarısında yaradıcıdığa başlamış bəstəkarlardan biridir. Öz müəllimləri – görkəmli sənətkarlar kaqortası – Q.Qarayev, F.Əmirov, C.Hacıyev, Niyazinin ənənələrini davam etdirərək, o dövrün gənc bəstəkarlar nəsli, milli incəsənəti müasir musiqi mədəniyyətinin nailiyyətləri ilə zənginləşdirərək, onun yeni inkişaf mərhələlərini müəyyənləşdirmişlər.

       Konservatoriyada təhsil dövründən sonrakı 5 onillik ərzində Q.Qarayevin tələbələrindən hər biri musiqi mədəniyyətində öz məqsəd və vəzifələrini müəyyən edərək, incəsənətdə fərdi yaradıcılıq yolu tapmışdır. Bu axtarışlar nəticəsində dinləyicilərin diqqətinə ən müxtəlif əsərlər təqdim olunmuşdur ki, onlarda da müxtəlif janrların interpretasiyası, mövzu, obraz-intonasiya məzmununun seçimində bu və ya digər təmayüllər özünü büruzə vermişdir. V. Adıgözəlov müxtəlif janr və formalarda yaradan «cəsarətli» bəstəkarlardan biridir. Onun bəstələri sırasında 3 simfoniya, fortepiano konsertləri, simfonik poemalar, oratoriyalar, kantatalar, mahnılar, kinofilmlərə musiqi və həmçinin bu il Azərbaycan Dövlət Akademik Opera və Balet teatrı tərəfindən tamaşaya qoyulacaq, Azərbaycan şairəsi Xurşidbanu Natəvanın 170 illik yubileyinə həsr olunmuş, yeni «Natəvan» operasının adını çəkmək olar. Bəstəkarın yaradıcılıq yolu, onu geniş tamaşaçı kütləsinə tanıtdırmış gözəl mahnılar silsiləsi ilə başlanmışdır. Onlardan bir çoxu bu gün də səslənərək, öz səmimiliyi və ifadə səlisliyi ilə diqqəti cəlb edir. Bütün yaradıcılığı boyu V.Adıgözəlov fortepiano musiqisinə xüsusi maraq yetirir. Yaxşı pianoçu olduğuna görə (V.Adıgözəlov, həmçinin ADK-nın fortepiano fakultəsini bitirmişdir) və alətin səslənmə spesifikasını çox gözəl duyduğuna görə, o, fortepianoda həm müasir pianoçu məktəbinin bir çox cəhətlərini, həm də milli xalq instrumentalizminin xüsusiyyətlərini nümayiş etdirir.

       1962-ci ildə ifaçı və dinləyicilərin diqqəti V.Adıgözəlovun çox tez bir zamanda Azxərbaycanın hüdudlarından kənarlarda belə səslənən Birinci fortepiano konsertinə cəlb olundu. Onun Üçüncü fortepiano konserti də böyük müvəffəqiyyətlə 1990-cı ildə bəstəkarlar Azərbaycan Bəstəkarlar Itifaqının qurultayında ifa olunmuşdur.

        Ilk müstəqil yaradıcılıq addımlarından başlayaraq, V.Adıgözəlov geniş və çoxobrazlı milli xalq yaradıcılığına xüsusi meyl göstərir. Xalq mahnıları, aşıq musiqisi və ələlxüsus da muğama məhəbbət onun bir çox əsərlərində dürüst və bariz surətdə əks etdirilmişdir.

       Son illərdə V.Adıgözəlov xalq musiqisinin daha əyani istifadə olunduğu bir sıra əsərlər yaratmışdır. Bu, dinləyicilərin rəğbətini qazanmış «Qarabağ şikəstəsi», Türkiyənin tarixi hadisələrinə həsr olunmuş «Çanax-qala» oratoriyalarıdır.

       1970-1990-cı illərin əsərləri sırasında bəstəkarın fortepiano üçün 24 prelüdü və orqan üçün «Muğam fantaziyası» diqqəti cəlb edir. Əsl professionalizm, xalq yaradıcılığı və dünya klassik musiqisinə istinad onun yaradıcılığının fərqləndirici xüsusiyyətidir. Bununla yanaşı bəstəkar öz dövrünün ruhunu hiss edərək, bu günün tələbatlarına anlamla cavab verir. Sənətkar həssaslığı ilə o, həmişə dövrün səsini eşidir, öz xalqının fikir və hisslərini dərk edir, müasir dünyanın lüğət fondundan bəhrələnərək, onları musiqidə ifadə edir.

       Milli xüsusiyyətləri yaradıcı və üzvi surətdə klassik və müasir yazı «texnologiyası» ilə qovuşduran bəstəkarın, melodik və harmonik dili çox zəngin və maraqlıdır.

       Lakin ifadə vasitələri arsenalının geniş istifadə olunmasına baxmayaraq, bəstəkarın musiqi dilində onun muğama olan xüsusi məhəbbəti açıq-aydın özünü büruzə verir. Və bu heç də təəccüblü deyildir, çünki V.Adıgözəlov xalq incəsənəti atmosferində boy atmışdır. Ecazkar muğam dünyası ona uşaqlıqdan tanış idi. Hələ uşaq yaşlarından gələcək bəstəkar öz atası - məşhur xanəndə Zülfi Adıgözəlovun ifasında xalq yaradıcılığının incilərini dinləmişdir. Atasının evində tez-tez həm muğam ifaçıları, məşhur xanəndələr, tarzənlər, həm də muğam incəsənəti vurğunları yığışırdılar. Aydındır ki, bəstəkar muğamları sadəcə olaraq bilməklə yanaşı, onların təbiətini orqanik surətdə hiss edir.

       Bir çox Azərbaycan bəstəkarları kimi, öz əsərlərində muğamların melodik, metro-ritmik xüsusiyyətlərini təcəssüm etdirməklə yanaşı, V.Adıgözəlov daima ən müxtəlif kompozisiyalarda yeni fərdi təcəssüm folrmalarının axtarışlarındadır.        Bildiyimiz kimi, 20-ci əsrin əvvəllərində professional bəstəkarlıq yaradıcılığının yaranma günündən əsrin sonunadək bəstəkarların muğama münasibəti müxtəlif idi: Janra maksimal yaxınlıqdan sonra onun tərkib hissələrinin istifadəsi və əsrin sonunda sırf muğama, lakin tamamilə digər səviyyədə, yəni müasir dünya musiqi sistemlərinin istifadəsi ilə, ən yeni musiqi texnologiyası ilə silahlanaraq qayıdış. Bəstəkarlar simfoniya, opera, sonata və s.-nin ən maraqlı nümunələrini yaradırdılar. Belə ki, yenidən, lakin bir qədər digər interpretasiyada, yeni keyfiyyətdə, müasir musiqi lüğətinin istifadə olunduğu muğama istinad edən muğam operaları («Gəlin qayası» - Ş.Axundova; «Xanəndənin taleyi» - C.Cahangirov, «Ağ atlı oğlan» - F.Əli-zadə və s.), instrumental əsərlər yaranmışdır.

       Təəccüblü deyildir ki, muğam incəsənəti ilə «bəslənmiş» və «yetişdirilmiş» V.Adıgözəlov bir sıra əsərlərində muğamın intonasiya məzmunu və formasının fərdi-yaradıcılıq təcəssümü üçün axtarışlarını fəallaşdırır. Bu planda, müəllifin orqan və fortepiano üçün «Muğam-fantaziya» adlandırılan əsəri diqqəti cəlb edir.


       Bu muğam tematizmi üzərində qurulmuş bir hissəli bəstədir. Demək lazımdır ki, əsər sonata kimi klassik anlayışda deyil, öz ilkin mənasında adlandırılmışdır. Sonata seziləcək dərəcədə fantaziyaya yaxınlaşdırılmışdır ki, bu da müəllifə yeni nəşrdə onu «Muğam-fantaziya» adlandırmağa imkan yaratmışdır. Musiqi materialının şərhi öz-özlüyündə bu ad üçün əsas idi. Fantaziyada sərbəst ardıcıllıqda Şahnaz (Şur), Humayun, Segah, Rast muğamlarının fraqmentləri şərh olunur ki, onların bütün intonasiya-metrik müxtəlifliyinə baxmayaraq kontrastı, təzadı, obraz-məzmun deyil, «zahiri» uydurucu xarakter daşıyır (bax. Nümunə ¹1). Əsərin ümumi emosional-obraz kökü, bir-birinə üslub və məzmunca yaxın olan, intonasiya etibarilə müxtəlif musiqi materiallarının sərbəst ardıcıllığı ilə şərtləndirilir. Tematizmin birliyi, bütövlükdə, bir temanın digərini davam etdirdiyi lad nisbəti onların yaxınlığını göstərir və vəhdət halında qovuşmasına imkan yaradır.

Nümunə ¹ 1.

       Muğam prinsipi, muğam qanunlarına riayət edərək, V.Adıgözəlov fantaziyanın hər fraqmentini lad-tonallığı müəyyən edən dayaq-özül əsasında qurur. Bununla yanaşı bəstəkar muğamları sadəcə olaraq təqlid etmir. Muğam, muğam tərzində melodiyaların fraqmentləri (Şahnaz, Humayun, Segah, Rast, Şikəsteyi-fars) biri digərinin ardınca sərbəst, «əlaqələndirici» bənd-uzlaşmanın köməyi olmadan səslənir. Bununla yanaşı, bütün səslənən fraqmentlərə bəstəkar müəyyən yer verir ki, bu da bütövlükdə onları, şərti olaraq, sonata formasının komponentləri kimi nəzərdən keçirməyə imkan verir. Beləliklə, muğam üslublu fraqmentlər, sanki tam qavrayışda nizama salınmış, cəmlənmiş halda təqdim olunurlar və məntiqi şəkildə sonata xüsusiyyətləri kəsb edirlər. Görünür, məhz bu, müəllifə ilkin olaraq əsəri «muğam-sonata» adlandırmağa ixtiyar verir. Bəlkə də buna görə bəstəkar həmçinin musiqinin improvizasiyalı xarakteri zamanı metrin tez-tez dəyişməsinə baxmayaraq xanə hüdudları qoyur. Belə ki, məsə lən, artıq birinci 4/4 taktdan sonra 5/4 metri gəlir, sonra 4/4, 3/4, 2/4 və s. Tez-tez notların uzunluğu da dəyişir – səkkizlik, onaltılıq, otuzikilik və s. ilə əvəz olunur. Bu cür nəfis xırdalıqlar xalq yaradıcılığına xas melizmatik bəzəkləri, ornamentikanı xatırladır. Fantaziyada muğamın diqqətəlayiq rol oynayan xarakter prinsiplərindən birini – variantlığı xüsusilə qeyd etmək lazımdır. Metroritmik variantlıq, musiqinin qeyri-müntəzəm aksentliyi bizim fikrimizi muğam ifadəsinin instrumental tipinə yönəldir. «Muğam fantaziyanın» musiqi materialının dəyişkənliyini təmin edən variantlı inkişaf ona elə bir mobillik, rəngarənglik bəxş edir ki, musiqi gah epik-nəqli, gah lirik, bəzi hallarda isə dramatik xarakter kəsb edir. Əsas – birinci mövzunun çoxsaylı variantları, tembr-faktura dəyişiklikləri və metro-ritmik rənglərin köməyi ilə yaranır. Hərdən isə əsərin musiqi dilinin ifadəliliyini şərtləndirən muğam fraqmentlərinin dinamikası ön plana çıxır. Muğamda tembr-faktura çalarının nə dərəcədə böyük rol oynadığı hamıya məlumdur və bəstəkarın bu tendensiyaya riayət etməsi bir daha onun xalq-milli yaradıcılığının ənənələrinə bağlılığını təsdiq edir.

Nümunə ¹ 2.

       Musiqinin tembr-faktura tərəfinin xüsusi istifadə olunması, bəstəkara əvvəlki sənətkarlar nəslindən (məsələn, F.Əmirov) miras qalmış, romantik üslub tendensiyası haqda xəbər verir. (bax. Nümunə ¹2) Həmçinin qeyd edək ki, parlaq və illyuzor təzahür- son romantizm üslubu bütövlüklə muğamda iki üsulla əks etdirilir: pedalda rezonans yaradan akkordikada (xalq ifaçılıq təcrübəsini xatırladaraq) və geniş açılmış harmonik fakturada. (bax. Nümunə ¹3). Bəstəkarın S, D lad funksiyalarını major-minorun harmonik vasitələri ilə deyil, dəyişkən lad təşkilatı şəraitində, təbiətcə birsəsli linear melodiyalarla formalaşdırmasını xalq musiqi təfəkkürünün təsiri ilə izah etmək olar. Xalq ifaçılıq prinsipləri klassik metodlarla qovuşaraq, bəstəkara əsərdə lad funksiyalarının təşkilinin melodik prinsiplərini inkişaf etdirməyə imkan verir.

Nümunə ¹ 3.

       Bütövlükdə, bəstəkar, milli lad sistemi sferasının gözə çarpan üstünlüyü ilə, funksionallıq hüdudlarından kənara çıxmır. Ilk nəzərdən bir-birinin ardınca sərbəst hərəkət edən muğam planlı epizod-fraqmentlər, müəyyən dərəcədə sonata janrının qanunlarına uyğun olaraq birləşir, idarə olunur. V.Adıgözəlovun «Muğam fantaziyası» - muğam intonasiya məzmununun istifadəsi ənənəsinə fərdi yenilik xüsusiyyətləri bəxş edən çox maraqlı bir əsərdir.










Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70