MILLI KONSERVATORIYA:
REALLIQLAR VƏ PERSPEKTIVLƏR

.
 

       Milli Konservatoriyanın rektoru Səyavuş Kərimli ilə «Musiqi Dünyası» jurnalının baş redaktoru Tariyel Məmmədovun müsahibəsini diqqətinizə təqdim edirik.

       Tariyel Məmmədov: – Siz, perspektivli, cavan rektorlardan biri olaraq, Milli Konservatoriyanın yeni pedaqoji kompleksinin yaradılması kimi ağır və məsuliyyətli bir işə başlamısınız. Azərbaycanın müstəqilliyi şəraitində, beynəlxalq əlaqələrimizin genişləndiyi bir dövrdə bu problemlə bağlı sizin mövqeyinizi, fikirlərinizi bilmək maraqlı olar.

       Səyavuş Kərimli: - Açığını deyim ki, mənə rektor vəzifəsi təklif olunanda, mən bir qədər çəkindim. Çünki mən həmişə ifaçılıqla, yaradıcılıqla məşğul olmuşam. Təhsil sahəsi mənə o qədər də tanış bir sahə deyil. Lakin fikirləşdim ki, mən bu işə yaradıcı münasibət bəsləməliyəm. Və bu məni özümə cəlb etdi. Əlbəttə ki, mən təhsilə bağlı bilmədiyim bir çox cəhətləri öyrəndim, təhsil haqqında qanunla, dərs yükü, saat bölgüsü və s. bu kimi işlərlə tanış oldum. Hər şeydən əvvəl isə bütün bunlara musiqiçi nöqteyi-nəzərindən yanaşdım. Qeyd etməliyəm ki, mənim diqqətimi çəkən cəhətlərdən biri xalq çalğı alətləri orkestrində fleyta, klarnet, kontrabas və s. bu kimi klassik alətlərdən istifadə məsələsi oldu. Mən maraqlandım, öyrəndim ki, bu alətləri əvəz edən nə qədər xalq çalğı alətlərimiz mövcuddur. Bundan sonra Azərbaycanda ilk dəfə olaraq, milli nəfəs alətləri orkestri yaratmaq ideyası yarandı.

       T.M.: – Türk hərbi-nəfəsli orkestrlərinə analoji olaraq?

       S.K.: - Xeyr, analoji yox, bəlkə də bu, gələcəyin işidir, Azərbaycanda da milli hərbi nəfəsli orkestr ola bilər. Lakin hal-hazırda söhbət milli nəfəs alətləri orkestrinin yaradılmasından gedir. Deməliyəm ki, bu sahədə artıq ciddi təşkilati işlər aparılır. Bundan başqa, ən vacib məsələlərdən biri təhsil sisteminin yenidən qurulmasıdır. Bunu da baza məktəblərdən başlamaq lazımdır.

       Rektor kimi mən iki məqsədə nail olmaq istəyirəm. Birincisi, Milli Konservatoriyanın diplomlarının digər ölkələrdə tanınması, ikincisi isə, Azərbaycan musiqisinin bütün dünayaya inteqrasiyası. Mən bu məqsədimi tədricən, mərhələlərlə həyata keçirməyi düşünürəm. Milli nəfəsli alətlər orkestrinin yaradılması da bu məqsədə xidmət edir.

       Məni düşündürən digər bir məsələ saz alətinin tədrisilə bağlıdır. Xalqımızın ən qədim musiqi alətlərindən biri olan sazın tədrisi bərbad vəziyyətdədir. Bu il saz ixtisası üzrə qəbul imtahanlarına gələnlərin not savadı yox dərəcəsində idi. Mən başa düşdüm ki, bu ixtisas üzrə tədrisin aparılmasına biz hazır deyilik. Təəssüf ki, bu sahədə tədris bazası, dərsliklər, əsərlər yoxdur. Sözsüz ki, bütün bunların yaradılması vacibdir və bu baxımdan ciddi iş aparılır, mütəxəssislər dəvət olunur, lazımi materiallar toplanılır. Artıq bu ildən Milli Konservatoriyanın nəzdindəki musiqi gimnaziyasında saz sinfi, milli nəfəsli alətlər sinfi, zərb alətləri sinfi açılıb və baza tədris proqramının həyata keçirilməsinə başlanılıb. Növbəti tədris ilində biz bu ixtisaslar üzrə qəbul keçirməyi planlaşdırırıq.

       T.M.: – Xahiş edirəm, dəqiqləşdirəsiniz, zərb alətləri dedikdə, milli və ya avropa alətlərini nəzərdə tutursunuz.

       S.K.: – Ümumi götürürəm, çünki mənim fikrimcə, zərb alətləri ifaçısı həm avropa, həm də milli alətlərdə çalmağı bacarmalıdır. Ilk növbədə isə o, savadlı musiqiçi olmalı, həm dünya musiqisini, həm də milli musiqimizi yaxşı bilməlidir. Yeri gəlmişkən, deməliyəm ki, xalq çalğı alətləri orkestrində istifadə olunan litavrları da milli zərb alətimiz olan koslarla əvəz etmək olar. Sadəcə, onları dövrün tələblərinə uyğunlaşdırmaq, mexanizmlər, pedallar qoşmaq lazımdır.

       T.M.: – Sözlərinizinizdən mən belə başa düşdüm ki, sizin əsas məqsədiniz milli və müasir musiqini əlaqələndirməkdən, milli musiqimizin ümumavropa və dünya musiqisinə interqrasiyasına nail olmaqdan ibarətdir.

       S.K.: – Bəli. Milli musiqi alətlərinə də bu baxımdan yanaşsaq, onların dirçədilməsi vacibdir. Yəni onları ifaçılıq üçün tələb olunan yararlı vəziyyətə gətirmək lazımdır. Düzdür, indi elektron alətlər daha çox inkişaf etmişdir. Lakin musiqi alətlərinin təbii səsini dinləyiciyə çatdırmaq və bununla da insanlarda musiqi qavrama qabiliyyətini tərbiyələndirmək olar.

       Musiqi təhsili ilə bağlı daha bir məsələni qeyd etmək istərdim. Uşaqlarını musiqi məktəbinə gətirən valideynlər onların mütləq vokalçı və ya xanəndə olacağını düşünür. Lakin yaddan çıxarırlar ki, indi yaxşı səsə malik oğlanlar mutasiya dövründən sonra səsini itirə bilər. Bunu nəzərə alaraq, mən belə bir sərəncam verdim ki, vokalçı və xanəndələr mütləq bir nəfəs alətində çalmağı öyrənməlidir. Əvvala, bu, nəfəs aparatı ilə bağlıdır, ikincisi də mutasiya dövründən sonra uşaq səsini itirərsə, onun ikinci bir ixtisası olacaq və musiqi təhsilini başa vura biləcək.

       Daha bir cəhəti qeyd edim. Musiqi gimnaziyasında tədris planına əsasən əmək dərsi keçilir. Ancaq ümumtəhsil məktəblərindən fərqli olaraq, biz bu fənni bir qədər başqa səmtə yönəltmişik. Belə ki, əmək dərslərində şagirdlər öz çaldıqları alətin hazırlanması qaydaları ilə tanış olur, yeni alətlər düzəldirlər. Hətta biz bu məsələ ilə daha dərindən məşğul olaraq, Yaponiyanın iş adamları ilə danışıqlar aparmışıq. Emalatxanaları lazımi avadanlıqlarla təmin etmək üçün 80 min dollar məbləğində pul vəsaiti ayrılıb. Mən belə hesab edirəm ki, hər bir musiqiçi öz alətinin quruluşunu yaxşı bilməli, yeri gələndə onu təmir etməyi bacarmalıdır. Bəlkə elə fikirləşib yeni bir alət də düzəldə bildi. Bütün bunlar tədris planına daxil edilib. Bu, uşaqlarda daha bir sənətə-çalğı alətləri ustalığına meyl yarada bilər və gələcəkdə bəziləri bu sənəti davam etdirə bilərlər.

       Qədim musiqi alətlərinin bərpası da məni düşündürür. Düzdür, onların ayrı-ayrı nümunələri bərpa olunsa da onlar geniş istifadə olunmur. Məncə, onların istehsalını qaydaya salmaq və bu günkü ifaçılıq tələblərinə uyğunlaşdırmaq lazımdır. Məsələn. tar ixtisası üzrə təhsil alan tələbə rübab, ud kimi alətlərdə də çalmağı bacarmalıdır ki, lazım gəlsə, bundan istifadə etsin. Beləliklə də biz mobil mütəxəssislər yetişdirmiş oluruq.


       T.M.: – Sizcə, bu qədər musiqiçinin işlə təminatı məsələsində çətinlik yaranmayacaqmı?

       S.K.: - Biz musiqiçi yetişdirəndə kəmiyyəti deyil, keyfiyyəti düşünməliyik. Qəbul imtahanlarında da abituriyentlərin hazırlıq səviyyəsinə çox ciddi yanaşırıq. Uşaq musiqi məktəblərini deyil, onbirillik orta ixtisas məktəblərini və musiqi texnikumunu bitirmiş gəncləri Milli Konservatoriyaya qəbul edirik. Mütləq harmoniya və solfeciodan imtahan verməlidirlər, dirijorluq ixtisasına qəbul olunanlar polifoniyanı bilməlidir.

       Belə bir fikrimiz var ki, rayonlarda musiqi məktəblərinin səviyyəsini qaldırmaq üçün məzunlarımızı təyinatla rayonlara işləməyə göndərək. Bu təcrübədən qabaqlar istifadə olunurdu, yaxşı nəticələr verirdi. Indi də Mədəniyyət Nazirliyi və Təhsil Nazirliyi ilə bunun həyata keçirilməsi haqqında danışıqlara başlamışıq.

       T.M.: – Əlbəttə ki, bütün bunlar yaxşı başlanğıcdır. Bəs milli musiqi mədəniyyətinin qorunması və gələcək nəsillərə ötürülməsini nədə görürsünüz?

       S.K.: – Milli Konservatoriya barədə söhbət düşəndə çox adam bizim fəaliyyətimizin yalnız muğamatla məhdudlaşdığını düşünür. Lakin biz tədricən yeni ixtisas sinifləri açmağı planlaşdırırıq – milli caz, milli estrada və s. Bu il bəstəkarlıq ixtisasına qəbul üçün elan vermişik. Bakı Musiqi Akademiyasından fərqli olaraq, bizdə bu ixtisasa qəbul olunmaq istəyən abiturientdən muğamı bilməsi və onun hər hansı bir alətdə ifa edilməsi tələb olunur. Əlbəttə ki, muğamı bir-iki günə əzbərləyib imtahana gəlmək olmaz. Onu qəlbən hiss etmək və illərlə öyrənmək lazımdır. Yalnız bu yolla milli musiqimizi dərindən duyan və onu irəli apara bilən bəstəkarlar, musiqiçilər yetişdirmək olar. Beləliklə, biz bu il bəstəkarlıq, dirijorluq, milli nəfəs alətləri ixtisaslarına da digər xalq çalğı alətləri ixtisasları ilə yanaşı, qəbul keçirəcəyik. Ancaq hələlik saz və aşıq sənəti üzrə qəbula hazır deyilik.

       T.M.: – Texniki bazanız nə vəziyyətdədir?

       S.K.: – Bizim bir neçə binamız var. Musiqi gimnaziyasının binası yaxşı vəziyyətdədir. Musiqi texnikumunu da yeni binaya köçürmüşük. Milli Konservatoriyanın əsas binası keçmiş tibb işçiləri mədəniyyət sarayında yerləşir. Həmin binanı təmir etməyi, yeni yüksək tələblərə cavab verən səviyyəyə çatdırmağı, otaqları müasir avadanlıqlarla, səsyazma texnikası ilə, kompüterlərlə təmin etməyi nəzərdə tutmuşuq. Artıq təmir üçün vəsait ayrılıb, layihələr hazırlanıb, inşallah, yetirsək, bu sentyabrda binanın açılışını təntənəli surətdə keçirmək fikrindəyik.

       Müvəqqəti olaraq, biz Musiqi Kollecinin köhnə binasında işləyirik. Gələcəkdə isə bu binada milli musiqi mədəniyyəti mərkəzini yaratmağı planlaşdırmışıq.

       T.M.: – Elmi baza nəyə əsaslanır?

       S.K.: – Biz hələlik tədris işlərini sahmana salmaqla məşğuluq. Hələlik elmi işlər üzrə prorektorumuz yoxdur. Lakin Təhsil Nazirliyinin razılığı ilə elmi laboratoriya təşkil etmişik. Hələ ki, fəaliyyətimizi genişləndirməmişik. Çünki cəmi 6-7 aydır ki, işə başlamışıq. Ancaq bu müddət ərzində Beynəlxalq musiqi festivalı və elmi konfrans keçirmişik. Tədricən işlərimizi sistemə salırıq. Planlarımız, əlbəttə ki, çox böyükdür. Bütün bunların həyata keçməsi üçün vaxt lazımdır. Ilk növbədə, savadlı, bacarıqlı tələbələrdən musiqiçi kadrlar yetişdirməliyik.

       Qeyd edim ki, Daşkənddə, Türkiyənin, Almaniyanın, Fransanın bir sıra şəhələrində milli konservatoriyalar vardır. Biz onların işi ilə maraqlanırıq, əlaqələr yaradırıq, onların təcrübəsindən bəhrələnməyə çalışırıq.

       T.M.: – «Harmoniya» və «Solfecio» fənlərinin tədrisi necə, o da milli melos əsasında qurulur və yaxud ümumi klassik musiqiyə əsaslanır?

       S.K.: – Əlbəttə ki, biz bu fənlərinin tədrisində ənənəvi olaraq, klassik musiqiyə əsaslanırıq, o cümlədən, milli musiqidən də istifadə olunur. Düzdür, belə bir fikir kök salıb ki, Azərbaycan musiqisi birsəslidir. Lakin mən deyərdim ki, bizim musiqinin harmonik imkanları da çox genişdir. Mənim belə bir ideyam var. Belə ki, mən Mərakeşdə ud alətində akkordlarla çalğı tərzini eşitmişəm. Çox istərdim ki, bunu bizdə də tətbiq edək. Düzdür, bunun üçün xaricdən mütəxəssis dəvət etmək lazımdır, bu da çox böyük pul vəsaiti tələb edir. Hələlik bu, mümkün deyil. Ancaq nə vaxtsa mən bu ideyanı həyata keçirmək fikrindəyəm.

       T.M.: – Siz bəstəkar və ifaçı kimi də fəaliyyət göstərirsiniz. Vaxtilə görkəmli sənətkarlarla çalışmısınız. Onların sizə təsiri haqqında bir qədər danışardız.

       S.K.: – Bu baxımdan mənim bəxtim gətirib. Çünki mənim ilk müəllimim görkəmli tarzən Əhsən Dadaşov olub. Təbii ki, onun dərsləri, sənət haqqında söhbətləri mənə çox böyük təsir göstərib. Sonra dahi bir sənətkarla – Rəşid Behbudovla birgə işləmək səadəti mənə nəsib olub. Rafiq Babayevlə isə biz günün çox hissəsini bir yerdə olurduq, məşq edirdik. Mənim musiqiçi kimi yetkinləşməyimdə onun zəhməti, rolu böyükdür. Bundan sonra mən Polad Bülbüloğlu ilə, «Aşıqlar» qrupu ilə uzun müddət çalışmışam. Bütün bu sənətkarlar mənimçün bir etalon olub.

       Son illərdəki ifaçılıq fəaliyyətimdə isə mən daha çox xarici musiqiçilərlə əlaqə yaratmağa çalışıram. Belə hallar çox olur ki, bizim muğam ifaçıları müxtəlif ölkələrdə, müxtəlif millətlərdən olan dinləyicilər qarşısında çıxış edirlər. Sonra isə onların muğamı necə gözəl başa düşdüyü haqqında danışırlar. Ancaq bu belə deyil axı. Xaricilər muğama ekzotika kimi baxırlar. Onu başa düşmürlər. Mən çalışıram ki, milli musiqimizi digər xalqların musiqisinə inteqrasiya edim. Məsələn, Latın Amerikası xalqlarının musiqiçiləri ilə əlaqə yaradaraq, bu yolla başqa ölkənin dinləyicisini bizim musiqini qavramaq üçün hazırlayım. Bu sahədə bəzi işlər görmüşəm. Məsələn, Norveç xoru ilə yaradıcılıq əlaqəmiz gözəl bəhrəsini verib, bu ölkədə Azərbaycan musiqisinə böyük maraq yaranıb.

       T.M.: – Müasir qloballaşma dövründə kompüter texnologiyasının inkişafı, internetin imkanları dünyanın müxtəlif xalqları arasında əlaqə yaranmasına yardım göstərir. Kommunikasiya ikişaf etdikcə, insanların ünsiyyəti də artır. Belə bir dövrdə milli dəyərlərimizin qorunması və sonrakı nəsillərə ötürülməsi məsələsinə siz necə baxırsınız. Çünki qərb mədəniyyəti bizim informasiya məkanına total şəkildə daxil olur. Beynəlmiləlçilik simbiozu yaranır. Qərb mədəniyyətinin güclü təsiri altında formalaşan bu günkü nəsil sabah milli dəyərlərimizə qarşı biganə qalmayacaqmı?

       S.K.: – Mənə belə gəlir ki, musiqi bütün dövrlərdə öz sözünü deyəcək. Biz isə professional musiqiçilər kimi, Azərbaycan musiqisinin qüdrətini bütün dünyaya nümayiş etdirməliyik. Indi musiqi mədəniyyətinin səviyyəsinin endiyi barədə çox söhbətlər gedir. Bir amili yaddan çıxarmaq olmaz: xalqın musiqi zövqünü düzgün tərbiyələndirmək lazımdır. Dövlətimiz tərəfindən mədəniyyət sahəsinə ciddi diqqət yetirilir. Çünki mədəniyyət xalqı dünyaya tanıdan birinci amildir. Biz öz mədəniyyətimizi yüksəltməliyik və bu yolla özümüzü dünyaya tanıtmalıyıq.

       T.M.: – Bizim «Musiqi Dünyası» jurnalımızın da bu işdə müəyyən rolu var. Jurnalın 200 tirajla çıxmasına baxmayaraq, internetdə, son göstəriciyə görə, bu jurnalın müxtəlif ölkələrdə 4270 oxucusu var. Sizin «Musiqi Dünyası» jurnalına arzularınız?

       S.K.: – Ilk növbədə, mən bu jurnala daha böyük auditoriya arzulayıram. Və istərdim ki, Milli Konservatoriya haqqında məlumatlara da jurnalın səhifələrində yer ayırasınız. Siz, əlbəttə ki, çox xeyirxah iş görürsünüz, musiqi mədəniyyətimiz haqqında informasiyaları bütün dünyaya yayırsınız. Bu, çox təqdirəlayiqdir. Bizim çox zəngin mədəniyyətimiz var. Musiqimiz isə mədəniyyətimizin tacıdır.

Materialı hazırladı:
Çəmilə HƏSƏNOVA











Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70