QARA QARAYEVIN PEDAQOJI PRINSIPLƏRI

Yuri SAYUTKIN
 

       Azərbaycanın novator bəstəkarı Qara Qarayevin musiqisində müxtəlif yaradıcılıq məktəblərinin sintezi özünü büruzə verir. Bu sintez başlanğıcını Üzeyir Hacıbəyovdan alan Azərbaycan bəstəkarlıq məktəbinin, Dmitri Şostakoviçin simasında rus bəstəkarlıq məktəbinin ənənələrini özündə qovuşdurur. Təsadüfi deyil ki, bu cür yaradıcılıq laboratoriyalarında istedadını təkmilləşdirən Qara Qarayev öz bəstəkarlıq məktəbini yarada bilmişdir. Onun bir çox əsərləri, o cümlədən, Üçüncü simfoniyası, Skripka konserti, Skripka sonatası, 24 prelüdiyası, 12 atonal fuqa silsiləsi özündə nə qədər sənətkarlıq sirlərini qoruyur, bu da ifaçılıq və təfsir sahəsində yeni ideyaların yaranmasına səbəb olur.

       Q.Qarayevin yaradıcılığı ilə yanaşı, onun müəllimliyi də xüsusi qeyd olunmalıdır. Q.Qarayev müasir dövrümüzün bir sıra böyük bəstəkarlarını yetişdirmişdir ki, indi onların musiqisi bütün dünyada maraqla qarşılanır. Dahi müəllimin və onun tələbələrinin yaradıcılığı Azərbaycan bəstəkarlıq məktəbini keyfiyyətcə yeni səviyyəyə qaldırmışdır.

       Q.Qarayevin pedaqogikasının daha bir sahəsi də var. Bunu hətta pedaqogikanın «gizli sahəsi» adlandırmaq olar. Məsələ bundadır ki, Q.Qarayev instrumental pedaqogika ilə məşğul olmurdu. Baxmayaraq ki, o, gözəl pianoçu idi və təkcə fortepianonun deyil, demək olar ki, bütün alətlərin fakturasını yaxşı bilirdi. Q.Qarayev tərəfindən instrumental tədris bilavasitə deyil, onun dahiyanə əsərlərinin öyrənilməsi vasitəsilə gedirdi. Q.Qarayevin instrumental əsərlərinin fakturası applikatura, ştrixlər, dinamika, pedalizasiya sahəsində bir sıra maraqlı, yeni priyomlara malikdir. Belə əsərlərin ifası musiqiçilər qarşısında müəllif mətninin qavranılması və intellektual şərhi sahəsində böyük məsələlər qoyur. Axı dinləyicini onun Skripka sonatasının dörd hissəsindən - birinci hissənin faciəli dinamikasından başlamış dördüncü hissənin meditasiyalı passakaliyasına qədər keçirərək, ona katarsis hissini aşılamaq nə qədər mürəkkəb məsələdir. Məhz bu cür əsərlər üzərində iş prosesində Q.Qara yevin «gizli» instrumental pedaqogikası özünü büruzə verir. Bundan əlavə, həmin əsərlərin özü ifaçıya onların mənimsənilməsi üsullarını diqtə edir.

       Bu keyfiyyətləri Q.Qarayevin uşaq musiqisi sahəsində yaratdığı əsərlərdə izləmək olar. Qeyd etmək lazımdır ki, uşaq musiqisi bir çox görkəmli bəstəkarların, həm klassiklərin, həm romantiklərin, həm də impressionistlərin yaradıcılığında xüsusi yer tutur. I.S.Bax, L.V.Bethoven, R.Şuman, P.I.Çaykovski, K.Debüssi kimi dahi bəstəkarlar uşaqlar üçün musiqi yazmışlar.

       Azərbaycan bəstkarlarının uşaq musiqisi müasir musiqi pedaqogikasının inkişafında tamamilə yeni pillədir. Bunun ən parlaq nümunələri F.Əmirovun «12 miniatür» silsiləsi və Q.Qarayevin iki dəftərdən ibarət «Uşaq pyesləri» məcmuəsidir. Xüsusilə Qara Qarayevin pyesləri öz təbiəti etibarilə metodik xarakterli olub, uşağın fortepiano fakturasının sirlərini tədricən öyrənməsinə xidmət edir. Burada Çaykovskinin musiqi obrazı üzərindəki iş təcrübəsi, Baxın polifonik musiqisinin əsasları, Prokofyevin müasir dissonans səslənmələri öz əksini tapmışdır. Ən əsas xüsusiyyət isə musiqinin milli koloritidir. Q.Qarayevin pyesləri qeyri-adi dərəcədə dinamik və parlaqdır. Burada həm Don Kixotun ölməz obrazlarının, həm «Yeddi gözəl»in ecazkar rəqslərinin əks-sədası eşidilir. Bu pyeslərin fakturası çox rəngarəngdir. Bəstəkar sanki pianoçunun əllərinin vəziyyətinə öz əsərlərilə təsir edir. Məsələn, bəstəkar «Fırfıra» pyesində Çerninin etüdləri üslubunda barmaqların texniki inkişafına çalış ır. Lakin bəstəkar sırf texniki çərçivəni genişləndirərək, uşağı pyesdə təcəssüm olunan kiçik bədii obraz üzərində düşünməyə çağırır. Ifadə tərzinin sadəliyinə baxmayaraq, Q.Qarayevin uşaq pyesləri kiçik musiqiçinin dünyagörüşünü inkişaf etdirən intellektual potensiala malikdir və ona müəyyən mənəvi keyfiyyətlər aşılayır. «Çar kəndinin heykəli» əsəri isə tələbəni, tam mənada, impressionizm və müasir musiqi anlayışları ilə tanış edə bilər.

       Gətirdiyimiz nümunələr Q.Qarayevin «gizli» instrumental pedaqogikasını əyani surətdə nümayiş etdirir. O, olduqca effektiv bir üsul kimi musiqi ifaçılarının yetişdirilməsində böyük rol oynayır. Bu halda musiqi müəlliminin professionallığı, onun əsəri «oxuma» və şərh etmə qabiliyyəti, bu vasitə ilə tələbənin texniki aparatını, zövqünü və bədii təfəkkürünü inkişaf etdirmək bacarığı mühüm əhəmiyyətə malikdir. Qara Qarayevin uşaq musiqisi təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində tədris repertuarına daxil olmuşdur. Bu rəngarəng əsərlər müxtəlif ixtisaslar üzrə təhsil alan musiqiçilər üçün böyük təsir qüvvəsinə malikdir.

       Q.Qarayevin pedaqoji prinsiplərinin qorunması və sistematik olaraq, tələbələrin daim yeniləşən repertuarına daxil edilməsi də vacib amildir.

       Bununla əlaqədar olaraq, Qara Qarayevin pedaqoji ənənələrini qoruyan bir məktəb haqqında xüsusi danışmaq istərdim. Bu məktəbin tədris proqramlarında Q.Qarayevin əsərləri Baxın və Vyana klassiklərinin əsərlərilə yanaşı yer tutur. Bu, böyük bəstəkarın adını daşıyan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı şəhər Mədəniyyət Idarəsinin nəzdindəki 8 saylı uşaq musiqi məktəbidir. Bu məktəbin direktoru Rəna xanım Rəhimova başda olmaqla onun yuksək səviyyəli professional kollektivi musiqi təhsili sahəsində yeni-yeni nailiyyətlər əldə edir və daima Qara Qarayevin adını uca tutaraq, onun sənətinə layiq olmağa çalışır.

       Müəllimlik böyük və mürəkkəb bir sənətdir. Bu peşə sahiblərini, yazıçılar kimi «insan qəlbinin mühəndisi» və ya «arxitekotoru» adlandırmaq olar. Çünki professionallığın yaranması və formalaşması prosesi əvvəlcə məhz məktəblərdə, sonra isə ali tədris ocaqlarında gedir. Bu, insan həyatının ən mürəkkəb və məsuliyyətli bir dövrüdür.


       Fikrimizcə, musiqi pedaqogikası da insanın formalaşmasında mühüm rol oynayır. Belə ki, professional musiqiçinin yetişməsi ilkin mərhələdə musiqi məktəbləri ilə bağlıdır. Maraqlıdır ki, sıravi musiqiçilərdən tutmuş ən dahi sənətkarlara kimi hamı öz ilk musiqi müəllimini səmimiyyətlə xatırlayırlar. Çunki məhz musiqi məktəbində direktor başda olmaqla müəllim kolletivində yaranan mənəvi və işgüzar atmosfer kiçik musiqiçinin taleyinə, onun bədii zövqünün və qabiliyyətinin inkişafına çox böyük təsir göstərir. Bu baxımdan 8 saylı musiqi məktəbinin direktoru Rəna Hüseyn qızı Rəhimovanın fəaliyyətini qeyd etmək yerinə düşər.

       Maraqlı və mürəkkəb bir həyat yolu keçmiş Rəna xanım gözəl təhsil almış ziyalı qadınlarımızdan biridir. Təbiətən istedadlı olan Rəna xanım musiqi məktəbindəki ilk addımlarından musiqiçi olacağını qərarlaşdırmışdı. Azərbaycan Dövlət Konservatoiyasında təhsil dövrü onun professional musiqiçi kimi yetişməsində mühüm mərhələ olmuşdur. Işgüzarlığı, məqsədyönlüyü, bacarığı ilə seçilən Rəna xanım artıq müstəqil fəaliyyətə 1955-ci ildən 8 saylı uşaq musiqi məktəbində tədris hissə müdiri kimi başlamış, 1962-ci ildən isə həmin məktəbin direktoru vəzifəsinə təyin olunmuşdur. O dövrdən də məktəb onun həyatının ayrılmaz bir hissəsinə çevrilmişdir.

       Qeyd etmək lazımdır ki, Rəna xanımın rəhbər kimi güclü keyfiyyətləri ümumilikdə məktəbin və müəllimlərin iş üslubunda öz əksini tapmışdır. Burada ciddi nizam-intizam hökm sürür və professionallıq əsas meyar kimi götürülür. Məhz bu keyfiyyətlərin qovuşması gözəl nəticələr vermişdir. Hal-hazırda məktəbin özündə çalışan müəllimlərlə yanaşı, respublikanın ali və orta ixtisas musiqi məktəblərində çalışan bir çox musiqiçi kadrlar məhz 8 saylı məktəbin yetirmələridir. Məktəb öz keçmiş məzunlarını – professor T.A.Məmmədovu, dosentlər A.A.Ziyadlını, A.I.Hüseynovanı və başqalarını böyük fəxrlə xatırlayır. Məktəbin məzunları respublikamızın hüdudlarından kənarda da fəaliyyət göstərirlər. Belə ki, Rəna xanımın fortepiano sinfini bitirən şagirdlər öz təhsilini Moskva, Tbilisi, Qorki konservatoriyalarında uğurla davam etdirmişlər.

       Q.Qarayev adına musiqi məktəbi yüksək professional səviyyəsi ilə təkcə Bakıda deyil, başqa şəhərlərdə də tanınır. Belə ki, 1960-cı illərdə Bakıda müəllimlərin şəhərlərarası professional təcrübə mübadiləsi keçirilirdi. Bu məktəbə də Rusiyadan, Pribaltika və Orta Asiya ölkələrindən metodist-müəllimlər gələrək bütün ixtisaslar üzrə maraqlı açıq dərslər keçirirdilər.

       O cümlədən, məktəbin müəllimləri də başqa şəhərlərə ezamiyyətə göndərilirdi.

       Həmin illərdə məktəbin dərs hissə müdiri Q.Qarayevin tələbəsi I.S.Dulqarova idi.

       Məktəbdəki yaradıcı atmosfer bir çox görkəmli musiqi ifaçılarının diqqətini cəlb etimşdir. Onlardan S.L.Dorenski, E.J.Rıvkin, A.S.Skavronski, E.A.Ancaparidze, A.A.Əliyeva, N.Q.Sultanov, Z.A.Adıgözəlzadə və başqalarının adını çəkmək olar. Tez-tez 8 saylı məktəbin qonağı olan bu musiqiçilər burada həmişə diqqətli və həssas auditoriya və qonaqpərvər direktor tərəfindən böyük ehtiramla qarşılanmışlar. Rəna xanımın özünəməxsus «Qırmızı kitab»ında onların bu haqda səmimi qeydləri vardır. Məsələn, Moskva Konservatoriyasının professoru, pianoçuların bir sıra beynəlxalq müsabiqələrində münsiflər heyətinin üzvü olmuş S.L.Dorenskinin qeydlərində oxuyuruq: «Sizin məktəbdə çıxış etməyimə çox xoşbəxtəm! Dinləyicilər, məktəblilər çox diqqətlə dinləyirdilər! Sağ olun!». Beynəlxalq müsabiqələr laureatı, mahir skripkaçı T.I.Qridenko yazır: «Sizin gözəl məktəbinizdə böyük məmnuniyyətlə çıxış etdim. Məktəbə, onun müəllimlərinə və şagirdlərinə musiqiyə qarşı həmişə belə həssas olmağı arz ulayıram». Bu cür musiqiçilərin məktəbə gəlişi və onların səmimi rəyləri, əlbəttə ki, kollektivin yüksək professional keyfiyyətlərinin göstəricisidir.

       8 saylı musiqi məktəbində çalışmaq böyük məsuliyyət tələb edir. Belə ki, şagirdlərin də, müəllimlərin də professional yüksəlişinə diqqət yetirilir. Yaşlı, təcrübəli müəllimlər cavan həmkarlarına öz məsləhətlərilə kömək edir. Hər bir müəllimin şagirdlərlə işi, şagirdlərin dərs prosesi və ifaçılığı Rəna xanım tərəfindən hər bir xırdalıqlarına qədər obyektivliklə müzakirə olunur, təqdirəlayiq və çatışmayan cəhətləri qeyd edilir, qiymətləndirilir və şagirdin gələcək professional inkişaf yolu müəyyənləşdirilir.

       Qeyd etmək lazımdır ki, 1980-cı illərin sonu, 1990-cı illərin əvvəllərində respublikadan xaricə musiqiçi kadrların axını 8 saylı məktəbdən də yan keçməmişdir. Belə bir çətin dövrdə Rəna xanım beynəlmiləlliyi ilə seçilən məktəbin müəllim kollektivinin tərkibini saxlamaq və professional səviyyəsini yüksəltməyə nail olmuşdur. Xüsusilə gənc müəllim kadrlarının işə cəlb olunması yaxşı nəticələr vermişdi.

       Onlardan 1988-ci ildən müəllimlik fəaliyyətinə başlayan, 1996-cı ildən isə məktəbin dərs hissə müdiri vəzifəsində çalışan F.V.Budaqovun adını xüsusi qeyd etmək lazımdır. O, həm də məktəbin xalq çalğı alətləri orkestrinin rəhbəri və dirijorudur.

       Xalq çalğı alətləri şöbəsinə tarzən və səriştəli müəllim M.Q.Məmmədov uzun müddət rəhbərlik etmişdir. Indi bu şöbədə onunla yanaşı, A.N.Abbasov, I.M.Ibadov, dosent A.A.Abbasəliyev kimi təcrübəli müəllimlər fəaliyyət göstərirlər.

       Məktəb uzun illər boyu simli alətlər şöbəsinin fəaliyyəti ilə tanınır. Belə ki, məktəbin direktoru məhz skripka və violonçel ixtisasları üzrə şagirdlərin yetişdirilməsinə xüsusi diqqət yetirir. Məhz buna görə məktəbin skripkaçılar ansamblı və 35 nəfərlik kamera orkestri çox məşhurdur. Vaxtilə simli alətlər şöbəsində L.A.Rappoport, L.E.Barştak kimi konservatoriyanın tanınmış müəllimləri fəaliyyət göstərirdilər. Hal-hazırda simli alətlər şöbəsinin müəllimləri onların ənənlərini davam etdirirlər. Simli alətlər şöbəsinə Ş.A.Allahverdiyeva rəhbərlik edir. Bu şöbədə professor N.M.Abbaszadə, L.N.Hüseynova kimi müəllimlər fəaliyyət göstərir. Məktəbin akkordeon, nəfəs və zərb alətləri şöbələrinin işi də diqqətəlayiq idi. Həmin illərdə şöbə müdiri T.Q.Əliyevin rəhbərliyi ilə Bakıda 40 nəfərdən ibarət akkordeonçular ansamblının çıxışları hərarətlə qarşılanırdı. Belə ki, I.S.Baxın g-mol xoral prelüdiyası bu ansamblın ifasında həqiqi orqan səslənməsi kəsb etmişdi. Məktəbin nəfəs və zərb alətləri ansamblı da yüksək səviyyəsi ilə həmişə fərqlənmişdir. Hal-hazırda bu şöbədə Z.N.Həsənov, professor A.M.Isgəndərov kimi təcrübəli müəllimlər fəaliyyət göstərir.


       Fortepiano şöbəsidə R.Q.Şlimakın rəhbərliyi ilə gözəl pianoçu-müəllimlər çalışırdılar: D.T.Turmanidze, E.A.Soşkina, S.A.Ulyanova, uzun müddət R.M.Kaplun və Z.I.Stelnik kimi tanınmış müəllimlər məktəbin məsləhətçisi olmuşlar. Hazırkı dövrdə də fortepiano şöbəsi yüksək professional səviyəsi ilə fərqlənir. Şöbə müdiri T.A.Vəlibəyovanın, müəllimlərdən G.Q.Budaqovanın, N.M.Mehtiyevanın, N.V.Kostyuçenkonun, Y.S.Sayutkinin səriştəli işini xüsusi qeyd etmək lazımdır.

       Məktəbin xor kollektivinin işi də təqdirəlayiqdir. Əvvəlki illərdə məktəbdə fəaliyyət göstərən birləşmiş böyük xora tanınmış xormeyster M.S.Şapiro rəhbərlik etmişdir. Hal-hazırda məktəbin xormeysteri Z.I.Nurullayeva bu ənənəni davam etdirir. Təsadüfi deyil ki, şəhər musiqi məktəblərinin «Qönçə-2002» festivalında 8 saylı məktəbin xor kollektivinin çıxışı xüsusi qeyd olunmuşdur.

       Rəna xanımın rəhbərliyi altında 8 saylı məktəb respublikada və şəhərimizdə keçirilən bir sıra müsabiqə və festivallarda həmişə ön cərgələrdə olur.

       Belə ki məktəbin şagirdi U.Məmmədxanov 2002-ci ildə Fikrət Əmirov adına nəfəs və zərb alətləri ifaçılarının müsabiqəsində birinci mükafata və laureat adına layiq görülmüşdür.

       Təqdirəlayiqdir ki, H.Məmmədov adına xalq çalğı alətləri ifaçılarının respublika müsabiqəsində 1993-cü ildən başlayaraq, 8 saylı musiqi məktəbinin şagirdləri mütəmadi olaraq, birinci yerləri tuturlar. Belə istedadlı uşaqlardan X.Şirinov 1993-cü ildə III mükafata layiq görülmüş, 1995-ci ildə isə o, S.Tağıyevlə birinci mükafatı bölüşdürmüşdür (müəllimlər – M.T.Məmmədov və F.B.Manafov). R.Heydərov 1997-ci ildə I mükafatı (müəllim A.Abbasov), X.Abdullayev 1999-cu ildə II mükafatı (müəllim M.T.Məmmədov) qazanmışdır. Nəhayət, 2003-cü ildə keçirilən müsabiqədə məktəbin şagirdi P.Ismayılov II mükafata (müəllim – A.Abbasəliyev) layiq görülmüşdür.

       1998-ci ilin dekabr ayında 8 saylı məktəbdə ilk dəfə pianoçuların Qara Qarayev adına şəhər müsabiqəsinin keçirilməsi əlamətdar hadisə oldu. Bu müsabiqənin təşkilində və keçirilməsində məktəbin müdiri R.H.Rəhimovanın və Bakı musiqi texnikumun müəllimi Z.Quliyevanın böyük əməyi olmuşdur. Müsabiqədə məktəbin şagirdi Q.Siraceva (müəllim R.Rəhimova) birinci mükafata layiq görülmüş və laureat adını qazanmışdır. Qara Qarayev adına ikinci müsabiqənin keçirilməsi 2004-cü ilə planlaşdırılır. Qeyd edək ki, müsabiqənin proqramı çox maraqlı və zəngindir, bütün turlarda Qara Qarayevin müxtəlif janrlı əsərlərinin ifası nəzərdə tutulur.

       Hər il keçirilən hesabat konsertləri də təkcə şagirdlərin və valideynlərin deyil, bütün musiqi ictimaiyyətinin böyük bayramına çevrilir.

       Rəna xanım qeyri-adi həyatsevərliyi və zəhmətkeşliyi, öz həmkarlarına qarşı qayğıkeşliyi ilə bütün kollektivin hörmətini qazanmışdır. Rəna xanımın imtahanlarda iştirakı müəllim və şagirdlər üçün məsuliyyətli bir sınaqdır. Çünki hamıya məlumdur ki, Rəna xanım tardan-fortepianoya qədər hər bir alətin fakturasını çox gözəl bilir və həmişə hər bir ixtisas üzrə olduqca dəqiq və peşəkarcasına məsləhətlər verir. Bu da onun böyük təcrübəsilə izah olunur. Rəna xanım əsərin təfsir xüsusiyyətləri barədə fikirləri musiqinin mahiyyəti – melodiyanın ruhu, frazaların dəqiq ifası, texniki cəhətləri ilə bağlıdır.

       Və hər tərbirdə hökmən Qara Qarayevin musiqisi səslənməlidir. Axı Rəna xanımın səyi nəticəsində məktəbə böyük bəstəkarın adı verilmişdir. Məhz Qara Qarayevin musiqisi həm müəllimdən, həm də şagirddən maksimal dəqiqlik və professionallıq tələb edir.

       2002-ci ilin sentyabr ayında Rəna xanımın 70 illik yubileyi məktəbin kollektivi tərəfindən böyük təntənə ilə qeyd edildi. Respublikanın əməkdar incəsənət xadimi, Bakı şəhər Mədəniyyət Idarəsinin müdiri H.A.Qurbanovun, Mədəniyyət nazirinin müavini S.Məmmədəliyevanın, Mədəniyyət Nazirliyinin kadrlar idarəsinin müdiri P.Babayevanın, bir sıra uşaq musiqi məktəbləri direktorlarının iştirak etdiyi bu tədbir Rəna xanımın əsil yaradıcılıq gecəsinə çevrildi. Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət naziri Polad Bülbüloğlunun yubilyara şəxsi təbriki çatdırıldı. Bu, bütün ömrünü gənc nəslin musiqi tərbiyəsinə həsr etmiş Rəna xanımın fəaliyətinə verilən böyük qiymət idi.

       Rəna xanım musiqi təhsili sahəsindəki xidmətlərinə görə «Şərəf nişanı» ordeninə, Əmək veteranı medalına, respublikanın Əməkdar müəllimi fəxri adına layiq görülmüşdür. Rəna xanımı həqiqətən də musiqi tərbiyəsi sahəsinin arxitektoru adlandırmaq olar. Çünki o, nümunəvi musiqi məktəbinə başçılıq edir. Və bu məktəb dahi Azərbaycan bəstəkarı Qara Qarayevin adını fəxrlə daşıyır.

Tərcümə edəni Cəmilə Həsənova









Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70