AZƏRBAYCANDA PROFESSIONAL MUSIQI
TƏHSILININ YARANMASINA DAIR

Minirə DILBAZI
 

       XIX əsrdə Azərbaycanın yeni həyat şəraitində musiqi mədəniyyəti iki təmayüllə xarakterizə olunur.

       Bir tərəfdən şifahi ənənəli musiqi öz inkişafını davam etdirirdi, XIX əsrin sonlarında Bakıda, Şamaxıda, Naxcıvan və digər şəhərlərdə təşkil edilmiş milli musiqi məktəbləri tədrisdə yerli ənənələrə əsaslanır. Bu məktəblər tar və kamança ifaçılarını, hətta məscid və digər mədəni yerlərdə çıxış edən xanəndə – rövzəxanları hazırlayırdılar.

       Digər tərəfindən, musiqinin yeni formaları Azərbaycanın musiqi həyatına daxil olub, möhkəmlənirdi və musiqi təhsilinin inkişafında avropa musiqisinin, ilkin olaraq, rus musiqi mədəniyyətinin təsiri hiss edilirdi.

       Bakıda ümumavropa tipli məktəb yalnız 1896-cı ildə təşkil edilmişdi. Bundan əvvəlki dövrün musiqi təhsilinin işıqlandırılması bu işin əsas məqsədidir.

       Peşəkar musiqi təliminin ilk rüşeymlərinin qoyulması məhz Azərbaycanın Rusiya ilə birləşməsindən sonraya təsadüf edir. Həmin vaxtdan Bakının musiqi həyatında yeni dövr başlayır. Şəhər tədricən avropa simasını alır.

       Dövlət idarələri fəaliyyət göstərir, klub və məktəblər açılır, müxtəlif dərnək və cəmiyyətlər təşkil edilir, qəzet və jurnallar rus, azərbaycan və digər dillərdə çap olunur.

       Rus dilində məktəblərin açılması, bu məktəblərə azərbaycanlı tələbələrin cəlb edilməsi, Rusiyanın qabaqcıl nümayəndələri ilə əlaqələr Azərbaycanın ictimai həyatına yeni cərəyan gətirirdi. Bakının imtiyazlı nümayəndəri yavaş-yavaş avropa musiqi mədəniyyətinə yaxınlaşırdı.

       Evlərdə musiqinin təbliği geniş vüsət alır. Yeni musiqinin təbliğində Rusiyadan gəlmiş yüksək maarifçi insanlar geniş fəaliyyət göstərirdilər. Onlar asudə vaxtlarını ədəbiyyat və musiqiyə həsr edirdilər. Azərbaycanın ziyalı nümayəndələri ilk dəfə xarici və rus bəstəkarlarının əsərləri ilə tanış olurdular. Belə toplantılarda adətən musiqi həvəskarları, xaricdən gəlmiş peşəkar musiqiçilər və eləcə də yerli nümayəndələr iştirak edirdilər. Konsert ifaçılarının arasında N.V.Borisova (skripka), həkim L.A.Larionova (violonçel), A.N.Yermolayeva, A.Z.Zaborovskaya, N.N.Didova (fortepiano), S.K.Lisenko (oxu) və başqalarının adına rast gəlmək olur. Onların çoxu fərdi dərs verməklə yanaşı, həmçinin, solist və müşayiətçi kimi çıxış edirdilər.

       Sadə ailə axşamları Bakının həyatında gələcək konsert və teatr fəaliyyətinin təməlini qoyub, peşəkar musiqi təhsilini inkişaf etdirirdi. Rusiyanın mərkəzindən 1000 km-lərlə uzaqda olan Bakıda neft sənayesinin sürətlə inkişafı qısa müddətdə çiçəkləndi. Tiflis ilə avtomobil yolu vasiəsilə əlaqə qurulmamışdan əvvəl Bakı Rusiyanın digər şəhərlərindən kəsilmiş vəziyyətdə idi. Yalnız həftədə bir dəfə Həştərxandan Bakıya gələn iki rabitə bərəsi fəaliyyət göstərirdi. XIX əsrin 60-cı illərində Bakıda peşəkar musiqi təhsili başlanğıc rüşeym halında idi. Şəhərdə 10 ədədə yaxın royal var idi, musiqi dərslərinin keçirilməsi aşagı səviyyədə idi. Bəzi halda romansların, mahnıların, uvertüraların sadə aranjirovkası nəzərə çarpırdı.

       Ilk əvvəl musiqi tədrisi fərdi hallar təşkil edirdi. Bu ənənələr, yəni evdə tədris halları Rusiyanın mərkəzi şəhərlərini və ətraf yerləri əhatə edirdi. Öz rəngarəng tərkibi ilə musiqi müəllimləri rus şəhərlərini doldururdu. Buna bariz olaraq onların arasında xaricdən gələnlər üstünlük təşkil edirdilər.

       Evdə musiqi təlimi çarizm dövründə yayılmamışdır. Belə ki, Əhalinin imkansız təbəqələri milli ənənələrlə bağlı idi. Ancaq bu musiqi təhsilinin vahid forması olmasına baxmayaraq, azda olsa ölkənin musiqi mədəniyyətinin inkişafına təsir edirdi. Fərdi dərslər əsaslı surətdə musiqi təhsilini təmin edə bilmirdi.

       Müəllimlərin çoxu peşəkar musiqi hazırlığını bilmirdilər. Onların işlənib hazırlanmış sistemləri, məqsədyönlü metodikaları yox idi.

       Musiqi nəzəriyyəsi fənnini keçmədən tələbələr yalnız məhdud ixtisaslaşırdı. Təbii ki, Bakı əhalisinin imtiyazlı təbəqələri üçün incəsənətə səthi münasibəti xarakterik idi. Buna baxmayaraq ziyalı adamların incəsənətlə məcburi tanışlığı meyyar sayılırdı. Buna görə də imkanlı valideynlər uşaqlarının tərbiyəsi üçün tərbiyəçi mürəbbiyələr dəvət edirdilər, hansı ki, onlar uşaqların hər hansı bir musiqi alətində ifa etmək və yaxşı keyfiyyətlərə yiyələnməyi aşılayırdılar. Qeyd etmək lazımdır ki, dəvət olunmuş müəllimlərin arasında təcrübəli, dərin fikirli müsiqiçilərə təsadüf edilirdi. Hansı ki, onlar tək texniki bilikləri yox, tələbələrin həqiqi incəsənətə məhəbbətini aşılayırdılar.

       Müəllimlərin çoxu fərdi tədrisdən əlavə tədris ocaqlarında da işləyirdilər. Yəni musiqi məktəbləri yox idi. oxumaq üçün həvəskarlar isə həddən çox idi. XIX əsrin 70-ci illərində yerli mətbuatda fərdi dərslərin (f-no, skripka, oxu) keçirilməsi üçün elanlar dərc olunurdu.

       Fərdi dərslərin keçirilməsində ictimai tədris müəssisələrində pedaqoji yaradıcılıqla məşğul olan yerli orkestrin kapelmeysteri, skripkaçı F.K.Estereyxi qeyd etmək olar. Yerli mətbuatın məlumatından görünür ki, Estereyx peşəkar müəllim olmuş, hansı ki, onun tələbələri gələcəkdə Moskva konservatoriyasına daxil olmuşlar. Sonralar Varşava konservatoriyasında oxumuş, hansı ki, qurtardıqdan sonra uzun müddət Bakıda yaşayıb, musiqi yaradıcılığı ilə məşğul olmuş Şefferlengin1 adı 1877-ci ildə çəkilir.


       Bakı əhalisi arasında hər il yavaş-yavaş ciddi musiqiyə maraq artırdı. Bakıda musiqi təhsilinin başqa forması gimnaziyalarda, pansionlarda və digər ümumtəhsil ocaqlarında keçirilirdi. Hökumət müəllimlərinin musiqi təhsilini maliyyələşdirmədiyinə görə bu dərslər xüsusi ödənilirdi. Ödəniş fərdi dərslərdən aşagı olsa da bura bütün şagirdlər daxil ola bilmirdilər. Xor oxumagından başqa digər fənlər əsas sayılmırdılar. Beləliklə bu sistem öz mahiyyəti ilə fərdi musiqi dərslərindən az seçilirdi. Qadın təhsil ocaqlarında musiqinin tədrisi bir qədər ciddi qoyulmuşdu. Bunun sayəsində yoxsul tərbiyə edilmiş tələbələr ibtidai məktəblərdə məşgul olmaga və xüsusi evlərdə tərbiyəçi mürəbbiyə kimi fəaliyyət göstərirdilər.

       XIX əsrin 80-ci illərində uzun müddət qadın gimnaziyasında işləmiş çox müsbət nəticələr əldə etmiş dərin düşüncəli müəllim E.I.Eyxleri2 göstərmək olar. Onun tələbələri həmişə peşəkar biliklər alırdılar. Qeyd etmək lazımdır ki, qadın təhsil ocaqlarında bir qayda olaraq dərslər fortepiano ilə, kişilərdə isə bundan əlavə simli və nəfəsli alətlərdə keçirilirdi. Hər təhsil ocağında tələbə xorları kilsə oxumaları ilə bərabər rus, Qərbi Avropa bəstəkarlarının əsərlərini ifa edirdilər. Bakının bir sıra təhsil ocaqlarında kiçik instrumental ansambllar, nəfəsli və simli tələbə orkestrləri təşkil olunurdu. Onlar tədris ilində ədəbi musiqili gecələrdə gimnaziyalarda 2-3 dəfə çıxış edirdilər. Burada fortepiano piyesləri, konsertlər və 4-8 əlli (2 royalda) əsərlər ifa olunurdu. Bu gecələrdə vokal və instrumental əsərləri ifa edən yerli musiqi həvəskarları iştirak edirdilər. “Kaspi” qəzetində qeyd olunur ki, 10 aprel 1888-ci ildə Marinski qadın gimnaziyasında yerli musiqi həvəskarla rı arasında keçirilmiş musiqi gecəsində K.A.Iretskinin3 rəhbərliyi altında uşaq xoru müvəffəqiyyətlə çıxış etmişdir. Bəzi hallarda təntənəli gecələrdə iki təhsil ocağının birləşmiş xoru çıxış etmişdir “Qafqaz təqvimində” qeyd olunur ki, gimnaziyanın qızları və realnı məktəbin tələbələri orqan və royalın müşayiəti ilə Bethovenin “Proslavlenie boqa” və Çaykovskinin4 “Sübh” əsərlərini ifa etmişlər. Qeyd etmək lazımdır ki, 80-ci illərdə şəhərdə orqan quraşdırılmışdır. 80-90-cı illərdə musiqili ədəbi gecələrin proqramları maraqlı, hərtərəfli və zənginləşmiş olurdu.

       A.Kontski və A.Litolfoldun tələbəsi olan istedadlı pianoçu, Varşava konservatoriyasının professoru V.A.Voysexovskinin Bakıya gəlməsi musiqi təhsili işində böyük hadisə oldu. Səhhəti ilə əlaqədar Qafqaza gəlmiş Voysexovski bir çox şəhərlərdə konsertlər verirdi. O, Bakıda Ümumməclis zalında 2 konsert (29 noyabr və 3 dekabr 1884-cü il)vermişdir. Konsertin proqramından görünür ki, Voysexovski klassik və digər bəstəkarların əsərlərini ifa edirdi. List və Şopenin5 əsərlərinin parlaq ifası qeyd edilir. Konsertin proqramına o cümlədən, A.Rubinşteyn, A.Kontski və A.Litolfun əsərləri daxil edilmişdir. Pianoçu Bakıya ikinci gəlişində (1885-ci il 13 və 17 aprel) Ümumməclis zalında iki konsertdə çıxış etmişdir. Ikinci konsertin II hissəsi yalnız Şopenin əsərlərindən ibarət olmuşdur, bu da, pianoçunun böyük həmyerlisinə olan rəğbəti ilə bağlı idi.

       Voysexovski 1885-ci il sentyabr ayından etibarən daimi olaraq Bakıda məskunlaşıb, hərtərəfli yaradıcılıqla məşğul olmuşdur. Bakıda yüksək ixtisaslı mütəxəssisin olmaması çoxdan hiss olunurdu. Voysexovskinin Bakıya gəlməsi bu çatışmamazlığın müəyyən mənada həlli demək idi. O, fortepiano, nəzəriyyə və harmoniyanı aktiv ifaçılıq fəaliyyəti ilə birləşdirərək, nəinki Bakıda6 hətta başqa şəhərlərdə də çıxış edirdi. Bundan əlavə Voysexovski bakılılar qarşısında bir bəstəkar kimi də çıxış etdi. Xeyriyyə konsertlərində onun fortepiano üçün “Gtöd dlə treley” (müəllif özü ifa edirdi), skripka üçün “Mazurka” (skripkaçı N.V.Borisov7) əsərləri səslənirdi. Voysexovski xeyriyyə konsertlərində tez-tez solist, müşayiətçi, instrumental ansambllarda fortepiano ifaçısı kimi müxtəlif proqramları ifa edirdi. Interpritasiyalarda Bethoven, List, Şopen, Şubert, Kontski, Fild və digər bəstəkarların əsərlərini eşitmək8 olurdu.

       Bir müəllim kimi Voysexovski Bakıya ikinci gəlişindən yarım il sonra bakılılar qarşısında çıxış etmişdir. H.Z.Tağıyev adına teatrda 15 fevral 1886-cı ildə təşkil edilmiş konsertdə həvəskarlar N.V.Borisov (skripka), Flipski və A.Zaborovski (vokal) ilə yanaşı Voysexovskinin tələbələri Vaqnerin9 “Tanqeyzer” operasının uvertürasını 8 əllə müvəffəqiyyətlə ifa etmişlər. Hətta qeyd edilir ki, 27 sentyabr 1887-ci ildə Şəhər Dumasının10 zalında Voysexovskinin tələbələri E.V.Sobolevskaya, M.N.Çikalina, A.L.Vasilyeva, I.K.Iretskaya və V.A.Stremkovskaya müvəffəqiyyətlə çıxış etmişlər. Voysexovski skripkaçı V.F.Feberlə (Y.Qrjımalinin tələbəsi) birlikdə Bethovenin “Kreyserova” sonatasını 27 dekabr 1890-cı ildə ilk dəfə Bakı şəhərində Marinski adına qadın gimnaziyasında ifa etmişdir11. Konsert iştirakçılarının arasında Voysexovskinin digər tələbələri E.S.Xocayeva, M.E.Kamenskaya, 12 N.K.Iretskaya, E.Lalayeva, S.I.Popova, V.A.Stremkovskaya13 vardı. Onlar Şumanın konsertini, ”Lüççiya di Lammermur” fantaziyasını, Listin “Doniçettalarını”, Şopenin, Leşetitskinin, Moşkovskinin əsərlərini ifa etmişdilər. Ifa olunmuş proqram bu gənc musiqiçilərin artan istedadına bariz sübut idi. Belə ki, onların çıxışı öz işini çox sevən istedadlı rəhbərin əməyi idi. Voysexovskinin yetirmələrindən bir çoxu gələcəkdə Moskva və Peterburq konservatoriyalarına daxil olmuş, oranı bitirdikdən sonra Bakıda musiqi müəllimi kimi çalışmışlar. Voysexovskinin yetirmələrinin iştirakı ilə sonrakı illərdə də Marinski14 qadın gimnaziyasında və ictimaiyyət15 binasında konsertlər verilmişdir. Bu illərdə onun yetirmələrindən xüsusi ilə A.I.Borisenko, S.I.Popova və 5 yaşlı Anya Sobolevskaya fərqlənirdi. O, 12 aprel 1896-cı ildə Peterburqda16 zadəgan yığıncağında müvəffəqiyyətlə çıxış etmişdir.


       Voysexovski kimi istedadlı musiqiçinin Bakıda yaşaması sözsüz ki, gələcəkdə şəhər həyatının musiqi təhsilinin inkişafına müsbət təsir etdi. Qeyd etmək lazımdır ki, bəzi konsertlərin proqramları bədii keyfiyyətdən çox rəngarəngliyinə17 görə seçilirdi və klassiklərlə bərabər az tanınmış bəstəkarların Kalqbrenner, Pryudant və başqalarının əsərləri daxil olurdu. Lankonun Tiflis musiqi mağazasının 1886-cı ildə Bakıda açılan filialının şəhərin musiqi həyatına da böyük təsiri oldu. Bu mağazada18 böyük həcmdə notlar, musiqi haqqında kitablar, musiqi alətləri, italyan, alman simləri və başqa ləvazimatlar satılırdı.

       Avropa musiqi təhsilinə meyl musiqi alətlərinə yəni, royal və pianoya təlabat böyük idi. Bunların qiymətləri baha olmasına baxmayaraq, o zamanlar çox tez də alınırdı.

       Əhalinin musiqi biliyinə marağının artması, müəllimlərin fərdi musiqi dərslərini keçməsi barədə öz xidmətlərini təqdim etmələri 80-ci illərin sonu 90-cı illərin əvvəllərində qəzetlərdəki elanlarda tez-tez dərc edilirdi.

       1889-cu ildə fortepiano dərsləri ilə Q.A.Lokerman19 məşğul olurdu. O, özü Moskva konservatoriyasında professor V.I.Safonovun sinfini bitirmişdir. 1890-cı ildən fortepiano fənnini və musiqi nəzəriyyəsini Paris konservatoriyasını bitirmiş D.A.Çernomordikov20 tədris edirdi.

       Bakılılar xüsusən skripkaya və digər simli alətlərə böyük həvəs göstərirdilər. 1891-ci ildən skripka dərslərini əvvəllər xatırlanmış olan N.V.Borisov,21 1892-ci ildən Bakı orkestrinin dirijoru M.Qolfred22 tədris etmişlər. 1892-ci ildən fortepiano çalğısını, vokal və harmoniyanı Xmelevski və Undriç23 tədris edirlər. Bir sıra qəzetlər o vaxtlar reklam xarakteri daşıyırdılar.

       1892-ci ildə Tiflis musiqi məktəbinin metodu və proqramı əsasında24 V.A.Polesskoy-Ştillo məktəbində fortepiano ifaçılığı sinfi açılır, skripkaçı Borisov professor Auerin 25 metodu ilə dərs verir.

       1893-cü ildə Bakıda26 (Mlyutinsk küçəsi) ikinci musiqi mağazası açılır. Bu mağaza Suzancanın Tiflisdəki mağazasının bölməsi idi. Burada çoxlu musiqi alətləri və notların müxtəlif seçimindən əlavə konsertlərə də bilet almaq mümkün idi. Mağazanın nəzdində alət kökləyən var idi.

       1893-cü ildə sonralar müvəffəqiyyətlə konsertlər vermiş olan məşhur bariton A.V.Rienzi Tiflisdən Bakıya gəlir. O, Marinski qadın gimnaziyasının xoruna rəhbərlik edərək vokal dərsləri verirdi. Müğənni ifaçılıq yaradıcılığını dayandırmırdı. Tələbələrin estetik zövqünün inkişafında, maariflənməsində Rienzinin xüsusi xidmətlərini qeyd etmək lazımdır, yəni onun təşkil etdiyi musiqili “Səhər”lər bu qisimdəndir.

       Birinci belə səhər 1895-ci il 5 oktyabra, ikinci 1895-ci il 10 dekabra təyin olunmuşdur, bu da tamaşaçıların olmaması üzündən baş tutmamışdır. Nəhayət ki, 1896-cı il 21 yanvarda A.P.Pobedonesçovun gimnaziyasının binasında səsləndi. Əsas yeri rus bəstəkarları tutan bu tədbirdə məqsəd tələbələri məhşur klassik əsərlərlə tanış etmək idi.

       Maraqlı repertuar və yaxşı ifalara baxmayaraq bu “Səhər”lərə tamaşaçılar az gəlirdilər. Görünür, bu ümumi musiqi zövqünün aşağı olmasından irəli gəlirdi.

       90-cı illərdə bakılılar tərəfindən xor oxumasına böyük maraq var idi. Yuxarıda qeyd edildiyi kimi təhsil ocaqlarında xor oxunması əsas fənn sayılırdı. Orta təhsil ocaqlarında oxu dərslərini aparan A.Z.Zaborovskaya (1893-94 Marinski gimnaziyasında işləyib), N.N.Çurkina (1893-95 Mixaylovsk uçilişi), Çernoqorodski, Aleksandrovski, Turqenevski, Lermontovski, P.N.Qorodovski, F.V.Vladimirski qeyd etmək olar. Eyni zamanda fortepiano üzrə A.N.Yermolayevanı (Müqəddəs Nina təhsil ocağı) , A.Zaborovskayanı və Marinski qadın gimnaziyasından E.A.Şevelyakovanı27 göstərmək olar.

       90-cı illərin əvvəllərində gimnaziya və pansionlar musiqi maarifinin ocağı olaraq qalırdılar. Orada fortepiano ənənələri və vokal pedaqogikasının əsasları qoyulurdu, bu gələcəkdə rus musiqi cəmiyyətinin, musiqi məktəbinin 90-cı illərin əvvəllərmndə yaranması üçün bünövrə oldu. Sözsüz ki, yerli musiqi müəllimlərinin fəaliyyəti şəhərin musiqi həyatının yüksəlməsinə təsir göstərirdi. Onlar peşəkar musiqiçi olmaları ilə yanaşı rəngarəng proqramlı konsertlər təşkil edirdilər.

       Şəhərin ictimai dairələrində xüsusi musiqi məktəbinin açılması dəfələrlə tələb olunmuşdu. Həyat peşəkar musiqi ocaqlarının təşkilini və peşəkar savadlı musiqiçiləri tələb edirdi. Peşəkar musiqi savadının təminatını fərdi musiqi sinifləri ödəyə bilmirdi. Yuxarıda qeyd olunanlara görə XIX əsrin 90-cı illərinin ortalarında ilk peşəkar musiqi məktəbinin açılmasına imkan yarandı.



ƏDƏBIYYAT

       1. Şefferlinq 1906-cı ildə Bakıda açılmış Musiqi müəllimləri qrupu adlı fərdi məktəbə rəhbərlik edirdi, inqilabdan sonra Azərbaycanda pedaqoji işi aparırdı. (bax.səh. 8 Azərbaycan Dövlət Konservatoriyası E.Abbasova, D.Danilova, L.Karagiçeva və K.Səfər Əliyeva. Bakı, Azərnəşr, 1972).

       2. Bakinskie izvestiə qəzeti 9 iyun 1880.

       3. Kaspi qəzeti, 1888, ¹ 80, 12 aprel.

       4. “Qafqaz təqvimi” 1889, Tiflis.səh.65.

       5. “Kaspi” 1884, ¹ 259, 27 oktyabr.

       6. Məsələn Daşkənddə “Kaspi”, 1890, ¹47, 4 mart.

       7. “Kaspi” 1887, ¹1, 1 yanvar.

       8. “Kaspi” 1887 ¹1, 1 yanvar;1886, ¹40, 8 fevral.

       9. “Kaspi” 1886, ¹40, 8 fevral.

       10. “Kaspi” 1887 ¹194, 16 sentyabr.

       11. “Kaspi” 1890, ¹275, 22 dekabr.

       12. Sonralar Kamenskaya Peterburq konservatoriyasını bitirir və A.N.Yermolayevanın 1896 ilin yanvarında açılmış fərdi musiqi məktəbində f-no fənni üzrə işləmişdir (“kaspi”, 1898, ¹177, 19 avqust).

       13. Müxtəlif qastralyorlarla müşayiətçi kimi çıxış edirdi.

       14. “Kaspi” 1893, ¹51, 9 mart.

       15. “Kaspi” 1893, ¹70, 6 aprel.

       16. “Kaspi” 1896, ¹81, 14 aprel.

       17. “Kaspi” 1890, ¹275, 22 dekabr. Marinski qadın gimnaziyasının zalında keçirilmiş konsertin proqramına bax.

       18. Olinski küçəsi, Şaqidanova passajı.

       19. “Kaspi” 1889, ¹264, 5 dekabr.

       20. “Kaspi” 1890, ¹197, 13 sentyabr.

       21. “Kaspi” 1891, ¹9, 11 yanvar.

       22. “Kaspi” 1892, ¹225, 11 oktyabr.

       23. “kaspi” 1892, ¹192, 6 sentyabr.

       24. “kaspi” 1892, ¹221, 3 sentyabr.

       25. “Kaspi” 1891, ¹9, 11 yanvar.

       26. “Kaspi” 1893, ¹225, 15 oktyabr.

       27. Bax. “Qafqaz təqvimi” 1890-1897.









Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70