Müasir qloballaşma əsrində, rəqəm texnologiyalarının yüksək inkişaf etdiyi bir şəraitdə mədəni irsin min illərin süzgəcindən keçib gəlmiş nümunələrindən, o cümlədən folklordan kommersiya məqsədli müxtəlif istifadə halları da çoxalır. Bu cür istifadə hallarında həmin folklor nümunələrini yaratmış xalqların mənəvi və iqtisadi maraqlarının nəzərə alınması çox vacibdir. Digər tərəfdən, həmin nümunələrdən düzgün olmayan istifadə halları da istisna deyildir. Üstəlik, qeyri qanuni istifadə ilə yanaşı, folklorun təhrif olunması, bir sıra hallarda özgəninkiləşdirilməsi faktları da məlumdur. Bütün bunlar beynəlxalq cəmiyyət qarşısında folklor nümunələrinin qorunması sisteminin və hüquqi qorunma məkanının yaradılması məsələsinin həlli vəzifəsini qoymuşdur.
Uzun illər folklor nümunələrinə yalnız şifahi xalq yaradıcılığı nümunələri kimi baxılmışdır. Azərbaycan folklorşünaslığında da bu cür yanaşma meyli üstünlük təşkil etmişdir. Lakin son dövrlərdə folklora xalq yaradıcılığının daha geniş sahələrini, o cümlədən söz sənəti, musiqi və xalq sənətkarlığı nümunələrini əhatə edən əqli mülkiyyətin bir növü kimi baxılması tendensiyası artmaqdadır və həmin tendensiyanın davamı olaraq, folklor nümunələrinin qorunub saxlanması, istifadəsi, hüquqi qorunması və müdafiəsinin təmin olunması ilə əlaqədar yaranan qarşılıqlı münasibətlərin tənzimlənməsi məsələləri də aktual müzakirə obyektinə çevrilmişdir.
Qeyd etmək lazımdır ki, əksər ölkələrdə, o cümlədən Azərbaycanda xalq yaradıcılığı nümunələri ümumi varidat kimi, milli-mədəni sərvət kimi qəbul edilir. Bu səbəbdən son dövrlərə qədər əksər ölkələrin qanunvericilik aktlarında folklorun hüquqi qorunması və istifadəsinə aid müddəalar mövcud olmamışdır. Buna baxmayaraq folklor nümunələrinin qorunmasına dair istər müxtəlif ölkələr səviyyəsində, istərsə də beynəlxalq səviyyədə müəyyən səylər göstərilmişdir.
Bu məsələnin vacibliyi o dərəcədə artmışdır ki, BMT-nin iki böyük təşkilatı- Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və YUNESKO xeyli müddətdir bununla bağlı müzakirələr keçirir, milli təcrübələri ümumiləşdirir və folklor nümunələrinin qorunmasını təmin edəcək beynəlxalq alətin qəbul edilməsinə hazırlıq görürlər.
Qeyd etmək vacibdir ki, mədəni irsin qorunub saxlanması ilə bağlı YUNESKO-nun istiqaməti daha çox folklorun müəyyən edilməsinə, eyniləşdirilməsinə, sənədləşdirilməsinə, yayılmasına və s. məsələlərə yönəldilmişdir. Məsələn, 1989-cu ildə qəbul edilmiş YUNESKO-nun «Folklorun qorunmasına aid tövsiyələr»ində folklorun təsnifatı və qorunub saxlanmasının əsas istiqamətləri göstərilmiş və bu sənəddə yuxarıda göstərdiyimiz məsələlər əsas yeri tutmuşdur.
ÜƏMT isə mədəni irsin obyektlərinə əqli mülkiyyət növü kimi status verilməklə hüquqi qorunmasının təmin edilməsi üçün hüquqi məkanın və mexanizmin (hüquqi qorunma) yaradılmasını rəhbər tutur. ÜƏMT hələ Stokholmda keçirilən Diplomatik Konfransda «Ədəbi və bədii əsərlərin qorunması haqqında» Bern Konvensiyasının 15(4) maddəsində dəyişiklik apararaq, müəllif əsərləri ilə bərabər folklor əsərlərinin qorunması üçün müəyyən şərait yaratmışdı. 1982-ci ildə ildə ÜƏMT-nin təklif etdiyi «Folklorun qeyri-qanuni istifadəsi ilə bağlı» nümunəvi model və 1985-ci ildə YUNESKO ilə birgə hazırladığı «Folklorun qeyri-qanuni istifadədən və digər zərərli hərəkətlərdən qorunması»na dair milli qanunvericiliklər üçün nümunəvi müddəalar bu sahədə irəliyə doğru atılmış çox iri addımlar idi. Bir sıra Afrika və Latın Amerikası dövlətlərinin öz müəllif-hüquq qanunvericiliyinə folkloru qorumaq haqqında müəyyən bəndləri daxil etmələrinə baxmayaraq, folklorun müəllif-hüquq qanunvericiliyi çərçivəsin
də qorunmasının mümkün olmaması səbəbindən bütün bu səylər arzu olunan nəticələri vermədi.
1992-ci ildən etibarən mütəxəssislər belə qənaətə gəldilər ki, müəlliflik hüququ folkloru qorumağa uyğunlaşmır və xüsusi qorunmaya («sui-generis») ehtiyac vardır. Bu nəticə bir sıra beynəlxalq forumlarda da təsdiq edildi. YUNESKO və ÜƏMT tərəfindən, xüsusən Doktor Kamil Idrisin ÜƏMT-nin Baş Direktoru seçilməsindən sonra (1996-cı il) bu sahə yeni impuls aldı. ÜƏMT-nin genetik resurslar, ənənəvi biliklər və folklor üzrə xüsusi daimi Hökumətlərarası Komitəsi yaradıldı. 2001-2002-ci illərdə folklorun hüquqi qorunması ilə bağlı 3 xüsusi ekspert iclasları keçirildi və nəticədə «Folklorun hüquqi qorunması haqqında» təkmilləşdirilmiş milli qanunvericilik modeli hazırlandı, yeni Beynəlxalq Konvensiyanın mətni müzakirəyə təqdim edildi. Bununla yanaşı, YUNESKO-nun son illərdə qeyri maddi mədəni irsin qorunub saxlanması üzrə (folklor nümunələri daxil olmaqla) keçirdiyi müzakirələrdə verilən tövsiyələr milli və beynəlxalq səviyyədə qanunvericiliyə təsirini göstərmişdir. Təbii ki,
aparılan müzakirələrin nəticələri zəngin folklor ənənələrinə malik olan Azərbaycan üçün də dərin əhəmiyyətə malikdir və bu səbəbdən son illərdəki müzakirələrdə Azərbaycan nümayəndələri də fəal iştirak etmişlər.
Azərbaycan Respublikası Prezidenti cənab Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının əsas prinsiplərindən biri kimi formalaşdırılmış «milli mənəvi dəyərləri qoruyub saxlamaq» müddəası bizi mədəni irsimizə arxalanmağa, həmçinin maddi-mənəvi sərvətlərimizi, o cümlədən folklor nümunələrimizi qorumaq üçün lazımi işləri görməyə səfərbər edir. Bu prinsip Azərbaycançılıq məfkurəsini formalaşdıran öz müstəsna əhəmiyyəti ilə yanaşı, mədəni irsimizin qorunub saxlanmasında, folklor nümunələrinin hüquqi qorunmasına dair qanunvericilik bazasının yaranmasında əvəzsizdir.
Nəzərə almalıyıq ki, ermənilər tərəfindən xalqımızın zəngin mədəni irsi mənimsənilir, təhrif olunur, bir sözlə mədəni təcavüzə məruz qalır. Belə şəraitdə mədəni irsimizin tərkib hissəsi olan, millətimizin fərdiliyindən, bənzərsizliyindən xəbər verən və xalqımızın özünü təsdiqetmə aləti kimi çıxış edən folklor nümunələri qorunmalıdır. Folklorun qorunması canlı ənənənin, mədəni varisliyin qorunması ilə yanaşı və onun kulturoloji rolu ilə bərabər, son araşdırmalara əsasən böyük sosial-iqtisadi əhəmiyyət daşıyır. Milli Məclisin mədəni irsimizin ermənilər tərəfindən mənimsənilməsinə dair bəyanatı, cənab Ilham Əliyevin və onun rəhbərliyi altında Azərbaycan Parlament Nümayəndə heyətinin tərkibindəki millət vəkillərimizin Avropa Şurası Parlamentindəki çıxışları bu cür qanunvericiliyin yaradılmasına böyük stimul və tövsiyə verir.
Buna görə də, folklor nümunələrinin ölkə ərazisində qanunauyğun istifadəsi məsələlərini tənzimləmək məqsədi ilə bu nümunələrin hüquqi qorunması haqqında qanunvericilik aktının qəbul edilməsi müasir dövrdə çox böyük əhəmiyyət kəsb edərdi. Müəyyən edilən hüquqi qorunmanın başlıca məqsədi isə folklor nümunələrinin qeyri-qanuni istifadəsinə və ona zərər vuran digər hərəkətlərə qarşı yönəldilərdi.
Bu məqalədə folklor nümunələrinə əqli mülkiyyətin bir növü kimi baxılaraq, daha çox folklor nümunələrinin istifadəsi ilə bağlı qanunvericilik aktlarında nəzərə alınmasını vacib hesab etdiyimiz normalar şərh edilir. Qeyd etmək lazımdır ki, folklor nümunələrinin qorunub saxlanması hüquqi qorunma ilə müqayisədə daha geniş anlayışdır və özündə folklorun müəyyən edilməsini, toplanmasını, sistemləşdirilməsini, arxivlərdə saxlanmasını, gələcək nəsillərə çatdırılmasını və başqa işləri nəzərdə tutur. Folklorun hüquqi qorunmasının təmin edilməsi isə bu nümunələrin qeyri-qanuni istifadədən və digər zərərli hərəkətlərdən qorunmasının təmin edilməsi üçün hüquqi baza yaradılmasını nəzərdə tutur.
Beləliklə, beynəlxalq təcrübəyə və BMT institutlarının tövsiyələrinə əsaslanaraq, folklor nümunələrinin qorunmasını qanunvericilik mənasında iki istiqamətdə təşkil etmək məqsədəuyğun olardı. Bir tərəfdən, YUNESKO-ya əaslanaraq qeyri maddi mədəni irsin qorunub saxlanması şərti adı altında qanunvericilik müddəaları işlənə bilər. Belə qanun layihəsinin əsas müddəalarının aşağıdakılardan ibarət olması məqsədəuyğundur:
- Folklor nümunələrinin toplanması, qeydə alınması və milli siyahılar vasitəsilə sistemləşdirilməsi və sənədləşdirilməsi məsələləri;
- Folklor nümunələrinin saxlanması problemləri, onların geniş təbliğinə və yayılmasına yönəldilmiş addımlar;
- Folklor nümunələrinin bərpası və dirçəlişi məsələləri və s.
Qaldırılan problemlərin müsbət həlli məqsədi ilə bir sıra təşkilati, inzibati, maliyyə və texniki tədbirlərin həyata keçirilməsi nəzərə alınmalıdır. Bunların bir neçəsini sadalamaq olar. Ilk növbədə qeyri-maddi mədəni irsimizin qeydə alınması və sənədləşdirilməsi ilə bağlı milli mərkəzlərin yaradılması və sistemləşdirilmiş siyahıların YUNESKO-ya təqdim edilməsi təxirəsalınmaz vəzifə kimi qoyulmalıdır. Bundan savayı, izahat və təbliğat məqsədilə qeyri-maddi mədəni irsə aid geniş maarifçilik və məlumatlanma proqramlarının həyata keçirilməsi, folklor nümunələrinin nəşri, lentlərə, kompakt-kassetlərə və disklərə yazılması və rəqəm texnologiyalarına əsaslanan digər vasitələrdən istifadə etməklə nüsxələrin istehsalı nəzərdə tutulmalıdır.
Mədəni irsimizin gənc nəslə çatdırılması üzrə xüsusi təhsil proqramlarının yaradılması və tədris prosesində istifadəsi tədbirlərinin həyata keçirilməsi də nəzərdən qaçmamalıdır. Nəhayət, qeyri-maddi mədəni irsin idarəçiliyi ilə bağlı mütəxəssislər hazırlayan milli təşkilat və mərkəzlərin inkişafı, bu sahədə elmi tədqiqat və araşdırmaları aparan idarələrə yardım səylərinin də nəzərdə tutulması və s. işlərin görülməsi vacibdir.
Bir sözlə, bunların folklor nümunələrinin qorunub saxlanması probleminin həllinə xidmət edəcəyi şübhəsizdir.
Digər istiqamət isə, folklor nümunələrinin qorunması və müdafiəsinin əqli mülkiyyətin qorunması haqqında, ilk növbədə müəllif- hüquq qanunvericiliyinin prinsipləri əsasında, lakin xüsusi növ qanunvericiliklə həyata keçirilməsi də məqsədəuyğun olardı. Bununla folklor nümunələrinin əqli mülkiyyətin qeyri-ənənəvi növü kimi qorunması və bu məqsədlə xüsusi hüquq-mühafizə məkanının yaradılmasının vacibliyi bir daha vurğulanardı. Belə qanunvericilik bazası folklor nümunələrinin qeyri-qanuni istifadədən və ona zərər vuran digər hərəkətlərdən qorunması üçün əsas kimi çıxış edər və həmin hüquqi ad altında verilə bilərdi. Bu istiqamət əqli mülkiyyət istiqaməti kimi bizə daha yaxın olduğuna görə bunun üzərində daha geniş dayanmağı məqsədəuyğun hesab etmişik. Əlbəttə, qəbul ediləcək qanunvericilik aktlarında əqli-mülkiyyət üzrə digər qanunlar vasitəsi ilə və ya Azərbaycanın iştirakçısı olduğu əqli mülkiyyət üzrə Beynəlxalq müqavilələrlə həyata keçirilən istənilən qorunmanı məhdudl
aşdıran və ya istisna edən normaların nəzərdə tutulmasına yol vermək olmaz. Bununla birlikdə, müəyyən edilən hüquqi qorunma mexanizmi folklor nümunələrinin normal istifadəsinə maneə kimi də çıxış etməməlidir.
Folklor nümunələrinin hüquqi qorunmasının mexanizmi hazırlanarkən nəzərə alınmasını vacib saydığımız 4 vacib prinsipin şərhini bir qədər ətraflı vermək lazımdır:
1. Folkloru mədəni irsin çox əhəmiyyətli hissəsi kimi ənənəvi əqli mülkiyyət obyektlərinin qorunma analogiyası prinsipinə uyğun olaraq xüsusi hüquqi qorunma məkanının yaradılması yolu ilə qeyri-qanuni istifadədən və ona zərər vuran digər hərəkətlərdən qorumaq;
2. Folklor nümunələrinin qeyri- qanuni istifadədən qorunması və müdafiəsi ilə folklorun sərbəst, onun gələcək inkişafının və yayılmasının hər cür stimullaşdırılması arasındakı zəruri balansın saxlanmasını təmin etmək. Özü də bu halda yaradılmış müdafiə sistemi folklorun inkişafına maneə kimi çıxış etməməlidir.
3. Folklorun yeni yaradılmış qorunma və müdafiə sistemi praktiki, səmərəli və işlək olmalı, heç vəchlə reallıqda işləməyə qadir olmayan sərt, xəyali tələblərə əsaslanmamalıdır.
4. Folklor nümunələrinin qorunması və müdafiəsinin formalaşdırılmış sistemi əqli mülkiyyətin və ənənəvi obyektlərin mövcud qorunma alətləri, ilk növbədə müəlliflik hüququ və əlaqəli hüquqları təmin edən qorunma ilə kifayət qədər əlaqədə olmalıdır.
Folklor nümunələrinin qorunması haqqında danışarkən sözsüz ki, bu terminin izahına ehtiyac duyulur. Hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, «nümunələr» (folklor nümunələri) termini («expressions») təsadüfən işlədilməmişdir və o mövcud «əsərlər» («works») terminindən çox fərqlənir. Bununla belə, qanunla müəyyən ediləcək normaların «sui-generis» xarakteri daşıdığı nəzərə alınmalıdır, yəni onlar hüquqi qorunmanın xüsusi forması olduğuna görə buna müəllif-hüquq qanunvericiliyinin bir hissəsi kimi baxıla bilməz. Lakin istisna deyildir ki, folklor nümunələrinin bədii formaları əsərlərin analoji formaları ilə üst-üstə düşə bilər və bu imkan folklor nümunələrinin hüquqi qorunması haqqında qanunvericilik yaradılarkən onun müddəaları ilə inkar edilməməlidir.
Folklor nümunələrinin təsnifatı müəyyən edilərkən həm milli, həm də beynəlxalq təcrübənin nəzərə alınması vacibdir. Son illər müxtəlif beynəlxalq təşkilatlarda da fəal şəkildə müzakirə edilən folklor nümunələrinin təsnifatı məsələsi həqiqətən gələcəkdə nəzərdə tutulan hüquqi qorunmanın əhatə dairəsini müəyyən etmək baxımından çox əhəmiyyətlidir. Folklor nümunələrinin zənginliyi baxımından digər ölkələrdən fərqlənən Azərbaycanda da bu məsələ həmişə uzun müzakirələrin mövzusu olmuşdur. Bununla belə, hazırda ölkəmizin folklor mütəxəssisləri arasında bu nümunələrin aşağıdakı 4 növə bölünməsi haqqında fikir daha çox formalaşmışdır:
1. Bədii söz sənətinə aid əmək, mərasim və uşaq folkloru nümunələri, miflər, əfsanələr, rəvayətlər, nağıllar, dastanlar, lətifələr, xalq dramları, atalar sözləri, zərbi-məsəllər, tapmacalar, xalq və aşıq poeziyası nümunələri, eləcə də bayatılar və başqa şifahi söz nümunələri;
2. Xalq mahnıları və rəqs melodiyaları, xalq professional musiqisinə aid aşıq havaları, muğam-dəstgahlar, zərbi-muğamlar, təsniflər, rənglər və başqa folklor musiqisi nümunələri;
3. Xalq rəqsləri, yallılar, oyunlar, mərasim və bayramlar və başqa hərəkətli nümunələr;
4. Toxunula bilən tətbiqi sənət və xalq sənətkarlığı nümunələri, o cümlədən: qrafik sənət-şəkillər, rəsmlər, silsilə təsvirlər, kölgə rəsmləri, döymə və oyma işləri, heykəltəraşlıq, keramika, gil məmulatı, mozaika, metal üzərində işləmə, mis və bürünc tökmə məmulatları, eləcə də ipəkçilik, xalçaçılıq, misgərlik, zərgərlik, dabbaqçılıq, tikmə, səbəthörmə sənəti işləri, gəbələr, butalar, geyimlər kimi folklor sənəti nümunələri, ornamentlər, naxışlar, musiqi alətləri, xarratlıq, memarlıq işləri, bu qəbildən olan başqa nümunələr.
Göründüyü kimi, hüquqi qorunma məkanına daxil ediləcək obyektlər bədii irsin bütün sahələrini əhatə edir. Lakin bu halda nəzərə almaq lazımdır ki, bədii formaya xas olmayan ənənəvi biliklər, yaxud sadəcə praktiki ənənələr istisna vəziyyətinə düşür. Bununla birlikdə, göstərilən siyahıya daxil edilən obyektlərin siyahısı tutumlu olmaqla, «bədii irs» termininin geniş izahını verir və ənənəvi irsin estetik dəyərə malik hər bir obyektini nəzərdə tutur. Qeyd etmək vacibdir ki, folklora aid söz nümunələrinin qorunması üçün onların yazıya köçürülməsi, həmçinin musiqi əsərlərinin nota alınması və ya rəqs folklor nümunələrinin xoreoqrafik yazısı tələb olunmur. Bununla onların maddi daşıyıcıda obyektiv ifadəsi tələbi istisna edilir. O ki qaldı qorunacaq maddi folklor nümunələrinə, qeyd etmək lazımdır ki, onlar öz-özlüyündə daş, metal, parça və s. üzərində birbaşa ifadə edilmişlər.
Qorunacaq folklor nümunələri sırasına, həmçinin ənənəvi memarlıq formalarının da daxil edilməsi vacibdir. Bu formaların qorunmasına münasibətdə beynəlxalq təşkilatların mövqeyinə gəldikdə isə qeyd etmək lazımdır ki, ÜƏMT və YUNESKO-nun tövsiyələrinə əsasən, mövcud məsələnin həlli hər bir ölkənin milli qanunvericilik səlahiyyətləri çərçivəsinə aid edilir.
Folklor nümunələrinin hüquqi qorunması haqqında danışarkən onun 2 əsas mərhələsi xüsusi qeyd edilməlidir:
- qeyri-qanuni istifadədən;
- folklor nümunələrinə zərər vuran digər hərəkətlərdən.
Birinci halda folklor nümunələrinin qeyri-qanuni istifadəsi adı altında onların gəlirgötürmə məqsədilə və ənənəvi və ya adi konteksdən kənar istifadəsinin həyata keçirilməsi başa düşülür. Bununla belə, folklorun ənənəvi və ya adi konteksdə kommersiya məqsədi ilə istənilən cür istifadəsi sərbəst olmalıdır. Əks halda folklor nümunələrinin geniş şəkildə istifadə edilməsinin qarşısına maneə qoyular və bununla qorunub saxlanmanın təminatı üçün folklorun yayılmasının əhəmiyyətli rolu heçə çıxarılardı.
Aydın məsələdir ki, folklordan istifadə edilərkən qeyri-qanuni istifadə hallarının müəyyən edilməsi də gələcəkdə bu sahədə hüquq pozuntularının qarşısının alınması və ümumiyyətlə folklor nümunələrindən istifadə sahəsində hüquqi məkanın yaradılmasında vacib amildir. Bununla birlikdə, folklor nümunəsindən adi və ənənəvidənkənar kommersiya məqsədlərilə istifadə edilərkən bu nümunələrin məqsəd, təyinat və formasının ona yolverilməz zərər vurulmaqla dəyişdirilməsi folklordan qeyri-qanuni istifadə kimi təsnif edilməlidir.
Qeyd etmək lazımdır ki, ÜƏMT və YUNESKO-nun tövsiyə etdiyi folklora aid milli qanunvericiliklər üçün model qanunun tələbinə görə, folklor nümunələrinin adi və ənənəvidənkənar istifadəsinə xüsusi səlahiyyətli icra hakimiyyəti orqanından icazə alınmalıdır. Lakin burada belə təsəvvür yarana bilər ki, bu məsələ üzrə birbaşa göstəriş daha işlək və eyni zamanda mövcud məqamda istifadə imkanlarının daha sərt tənzimlənmə mexanizminə xidmət edir.
Mövcud praktikaya uyğun olaraq, folklor nümunələrindən ənənəvi istifadə – folklor nümunələrindən onun təbii mahiyyət, məzmun və forma xüsusiyyətləri saxlanmaqla cəmiyyətin uzunmüddətli təcrübəsinə əsaslanan istifadə, folklor nümunələrindən adi istifadə isə- folklor nümunələrindən cəmiyyətin gündəlik təcrübəsinə uyğun istifadə hesab edilir.
Qeyd etmək vacibdir ki, folklorun qorunub saxlanan ənənəvi mədəni irsin mövcud adət - ənənələrə uyğun formalarda fasiləsiz istifadəsi, onun daim təkrarlanmaqla təkmilləşdirilməsi ilə birbaşa bağlı olması səbəbindən qadağan edilmir. Tamamilə aydındır ki, folklorun dəyişdirilməsi və ya yenidən işlənməsinin yolverilməzliyi barədə qəti tələb qoyulması onun təbii təkamülü qarşısında qarşısıalınmaz maneələr qoyar və gündəlik həyatımızın bir hissəsi olan folkloru tətbiqedilməz nümunələrə çevirərdi. Bununla birlikdə, cəmiyyətdə folklorun istifadəsi ilə bağlı ümumqəbul edilmiş istifadə tələblərinin yerinə yetirilməsinin mütləq xarakter daşımadığı məqamlar da nəzərə alınmalıdır.
Söhbət folklor nümunələrinin təhsil məqsədləri üçün, orijinal müəllif (lər) əsərində istifadənin məqsədinə müvafiq həcmdə illüstrasiya formasında istifadəsi, həmçinin folklor nümunələrinin orijinal müəllif (müəlliflər) əsərlərinin yaradılması üçün istifadəsi hallarından gedir. Ilk iki istisnanın məqsədləri aydındır, sonuncu istisnanın məqsədi isə folklordan qidalanan fərdi yaradıcılığın inkişafına mane olmamaqdır. Bununla bərabər, istisnalara fotoqrafiya, yayımlanma, səsli yazılma vasitəsilə məlumat verilməsi üçün bu cür istifadənin informasiya məqsədinə lazım olan həcmdə işlədilməsi şərti ilə hər hansı cari hadisə zamanı görülə və eşidilə bilən xalq yaradıcılığı nümunələrindən istifadəsi, həmçinin tamaşaçı üçün daim sərbəst giriş olan yerlərdə qoyulan, özündə xalq yaradıcılığı nümunələrini saxlayan obyektlərdən bu nümunələrin təsvirinin fotoqrafiya, film və ya televiziya verilişinə daxil edilməklə istifadə halları da aid edilməlidir.
Artıq qeyd etdiyimiz kimi, folklor nümunələrinin istifadəsi ilə əlaqədar müəyyən mümkün hüquq pozuntularına, yəni bu nümunələrin adi və ənənəvidənkənar istifadəsi zamanı onların məqsəd, təyinat və formasının zərər vurulmaqla dəyişdirilməsinə folklor nümunələrinin qeyri-qanuni istifadəsi kimi baxılmalıdır.
Dərc olunmuş bütün əsərlərdə və folklor nümunələrinin bütün kütləvi ifa və bildiriş hallarında onun mənbəyinin, həmçinin istifadə olunan folklor nümunəsinin yarandığı yerin coğrafi adının və (və ya) mənsub olduğu xalqın (cəmiyyətin) adının mütləq dürüst qaydada göstərilməməsi, həmçinin folklor nümunəsinin istənilən istifadəsi zamanı onu təhrif edən və bununla xalqın mədəni maraqlarına dolayısı və ya birbaşa zərər vuran istənilən istifadə halları da hüquq pozuntuları sırasına daxil edilməlidir.
Burada «təhrif» termini özündə istənilən pozulma hallarını, yəni işıq üzü görmüş hər hansı xalq yaradıcılığı nümunəsinə vurulmuş zərəri özündə əks etdirir. Bu cür pozuntuların hər biri mövcud hüquq pozuntularının təbiəti nəzərə alınmaqla hərəkətlərin qəsdən və ya ehtiyatsızlıq üzündən törədilməsi əsasında təsnif olunmalı və gələcəkdə müxtəlif cəza sanksiyaları müəyyən olunarkən nəzərə alınmalıdır, eyni zamanda müəllif-hüquq qanunvericiliyinin analogiyası üzrə folklor nümunələrinin qeyri-qanuni istifadəsi və ona zərər vuran digər hərəkətlərə qarşı müdafiə tədbirləri kimi mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulmalıdır.
Buradan görünür ki, folklor nümunələrindən istifadə zamanı yol verilən pozuculuq hərəkətinin cinayət əməli kimi qiymətləndirildiyi hallarda Cinayət Məcəlləsində nəzərdə tutulacaq sanksiyalara müəlliflik hüququ və əlaqəli hüquqlara aid pozuntulara dair sanksiyaların analogiyası üzrə baxılması daha məqbul variant hesab edilir. Analoji fikir, həmçinin Inzibati Xətalar Məcəlləsinə də aiddir. Bununla belə, nəzərdə tutulacaq əsas sanksiyaların cərimələrdən və azadlıqdan məhrum edilmə cəzasından ibarət olması bu sahədə müdafiə tədbirlərinin səmərəsini daha da artırardı. Bu sanksiyaların hansının tətbiq edilməsi isə hüquq pozuntularının təbiətindən, ölkədə mövcud oxşar hüquq pozuntularına qarşı mövcud qanunvericilik aktlarında nəzərdə tutulmuş müddəalardan asılıdır. Lakin hüquq pozuntularına görə bu cür sanksiyaların tətbiqi mülki məsuliyyəti istisna etməməlidir.
Müəllif-hüquq qanunvericiliyinin normalarına əsasən, mülki-hüquqi müdafiə vasitələrinin tətbiqi zamanı dəyən ziyanın ödənilməsi üzrə ümumi vasitələrdən başqa, pozucu tərəfindən qeyri-qanuni əldə edilmiş gəlirin götürülməsi və ya şərti maliyyə vahidinin 100 mislindən 50 min mislinədək həcmdə cərimənin ödənilməsi sanksiyasının tətbiqi də nəzərdə tutulur. Hesab edirik ki, bu model folklor nümunələrinin istifadəsi zamanı qanun pozuntusu hallarında tətbiq edilə bilər. Həmçinin qanunvericiliklə kontrafakt nüsxələrin aşkar edilib götürülmə normasının müəyyən edilməsi də bu gün çox vacib əhəmiyyət daşıyan məsələlərdəndir və zamanın tələbidir.
Folklor nümunələrinin hüquqi qorunması haqqında danışarkən bir vacib cəhəti də qeyd etmək lazımdır ki, onların müəyyən hissəsinin müəllif-hüquq qanunvericiliyi çərçivəsində, o cümlədən əlaqəli hüquqlar vasitəsi ilə qorunması mümkündür. Bu cür qorunma folklor nümunələrinin ifa edilməsi zamanı ifaçıların əlaqəli hüquqlarının qorunması altında təqdim edilə bilər. Eyni sözləri fonoqramların və yayım təşkilatları verilişlərinin qorunması halları haqqında da söyləmək olar.
Bununla birlikdə, qeyri-maddi mədəni irsin bir hissəsi olan folklorun hüquqi qorunması və bundan tamamilə fərqli olan folklor nümunələrinin qorunub saxlanması haqqında ayrıca xüsusi milli qanunların qəbul edilməsi məqsədəuyğundur və beynəlxalq ictimaiyyət də bu istiqamədə müzakirələr aparır.
Deyilən mülahizənin həm də vacib beynəlxalq aspekti vardır. Roma Konvensiyasında (1961) folklor nümunələrindən istifadə etmiş ifaçıların hüquqlarının qorunması haqqında ayrıca müddəa yoxdur və qorunma yalnız əsərlərin ifasına aid edilmişdir. ÜƏMT-nin «Fonoqramlar və ifalar haqqında» Müqaviləsi isə folklor nümunələrinin beynəlxalq qorunmasının ifalar vasitəsilə təmin olunması imkanını nəzərdə tutur. Bu bizim üçün maddi-mənəvi sərvətlərimizin ermənilər tərəfindən oğurlaması və özününküləşdirilməsi ənənəsinin mövcudluğu, eləcə də folklor nümunələrinin qorunması haqqında ayrıca xüsusi beynəlxalq müqavilənin olmadığı bir şəraitdə son dərəcə əhəmiyyətlidir.
Şübhəsiz, folklor nümunələrimiz təcrid olunmuş, qapalı şəkildə qala bilməz və o daim digər dövlətlərə məxsus folklor nümunələri ilə yanaşı istifadə olunmalı, lakin bununla birlikdə bu nümunələrin hüquqi qorunmasına təminat yaradılmalıdır. Buna görə də bu sahədə hazırlanan hər hansı qanunun mətnində xarici dövlətlərin folklor nümunələrinə münasibət bildirilməsi də aktual məsələdir. Bu cür nümunələrə qəbul ediləcək qanunla təqdim edilən hüquqi qorunma Azərbaycanın və maraqlı tərəfin ikitərəfili və çoxtərəfili müqavilələri əsasında milli rejim səviyyəsində təmin olunmalıdır.
Bununla birlikdə, folklor nümunələrinin qorunması və müdafiəsinin hüquqi mexanizmi yaradılarkən, bu sahədə aparılan dövlət siyasətinə və bu siyasətin həyata keçirilməsini təmin edəcək xüsusi səlahiyyətli dövlət orqanının fəaliyyətinə də əhəmiyyətli yer verilməsi vacibdir. Bu sahədə aparılan dövlət siyasətinin istiqamətləri müəyyən edilərkən hüquqi qorunma yolu ilə folklor nümunələrinin qorunub saxlanması, inkişafı və gələcək nəsillərə çatdırılması, qanunvericilik bazasının yaradılması və inkişafı, xarici ölkələrdə folklor nümunələrinin hüquqi qorunmasını həyata keçirməyə imkan verən beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və s. məsələlərin nəzərə alınması çox vacibdir. Qeyd etmək lazımdır ki, ÜƏMT-nın Nümunəvi Qanun modelində tövsiyə etdiyi səlahiyyətli orqanın funksiyaları sırasında qeyri-ənənəvi və adidənkənar istifadə zamanı onlara icazənin verilməsini nəzərdə tutan müddəadan fərqli olaraq, hazırki reallıqda belə icazənin nəzərdə tutulması problemi mütəx
əssislər arasında birmənalı şəkildə qarşılanmır və gələcək müzakirələrin obyektinə çevrilə bilər. Əvəzində isə səlahiyyətli orqanın digər vəzifələrlə bərabər, folklor nümunələrinin istifadəsi ilə bağlı istənilən qanun pozuntuları hallarında dövlətin maraqlarını təmsil etməsində yekdil baxış olmalıdır. Əks halda onun fəaliyyətinin səmərəsindən danışmağa dəyməz
Bununla bərabər, folklor nümunələrinə dövlətin qorunmasını həyata keçirdiyi xalq varidatı, onun mədəni mülkiyyəti kimi baxılmalı, bu sahədə fəaliyyət göstərən səlahiyyətli orqanın işinin səmərəsinin artırılması məqsədi ilə onun məhkəməyə iddia ərizəsi verdiyi hallarda rüsumdan azad edilməsi, eyni zamanda, folklor nümunələri istifadə edilərkən mövcud hüquqi normaların pozulmasına aparan hər hansı hərəkətin dayandırılmasını tələb etmək ixtiyarının verilməsi məsələlərinin həlli də vacibdir. Onu da qeyd etmək vacibdir ki, folklorun hüquqi qorunması və qorunub saxlanması ilə bağlı hazırlanan qanunlarda folklor nümunələrindən istifadə qaydalarının pozulmasına görə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qaldırılan iddia ərizələri əsasında hüquq pozucusundan tutulan məbləğlərin Dövlət büdcəsinə köçürülməsi və intellektual mülkiyyət sahəsində yaradıcılığın həvəsləndirilməsinə, müəllif hüququ sahəsində dövlət siyasətinin təmin edilməsi məq
sədlərinə və folklor nümunələrinin hüquqi qorunması işinin təşkilinə yönəldilməsi nəzərdə tutulmalıdır.
Yuxarıda qeyd olunduğu kimi, hazırda folklor nümunələrinin qorunması ilə bağlı beynəlxalq qorunma alətinin olmamasını, lakin bu nümunələrin hüquqi qorunmasını təmin edən beynəlxalq müqavilənin zəruriliyi nəzərə alınaraq, hazırda belə bir sənəd layihəsinin hazırlanması üzrə intensiv iş aparılır, bu məsələ üzrə ÜƏMT-nin xüsusi Hökumətlərarası Komitəsində hökumət ekspertləri səviyyəsində fəal müzakirələr və regional müşavirələr keçirilir, bu sahədəki milli təcrübələr ümumiləşdirilir. Folklor nümunələrinin hüquqi qorunması üçün baza rolunu oynayacaq həmin Beynəlxalq müqavilənin layihəsi üzərində işlər başa çatdırılmaq üzrədir və artıq ÜƏMT-nin 2002-ci ilin ortalarında keçirilən Hökumətlərarası Komitəsində onun son mətni müzakirə olunmuşdur. Beynəlxalq hüquqa uyğun olaraq, Azərbaycan folklor nümunələrinin xaricdə hüquqi qorunması Azərbaycan dövlətinin müvafiq beynəlxalq çoxtərəfli konvensiyada iştirakı ilə bağlıdır. Belə konvensiyanın mətni Ümumdünya Əqli Mülkiyyət
Təşkilatı və YUNESKO tərəfindən birgə hazırlanmış və dövlətlərə təqdim edilmişdir. Konvensiyanın adı aşağıdakı kimidir: «Folklor nümunələrinin qeyri-qanuni istifadədən və digər zərərli hərəkətlərdən qorunması haqqında». Həmin konvensiya Ümumdünya Əqli Mülkiyyət Təşkilatının 2003-cü ildə keçirilməsi planlaşdırılan Diplomatik Konfransında qəbul edilməlidir. Bu gün müzakirə edilən yuxarıda qeyd etdiyimiz hüquqi qorunma mexanizmi də tam şəkildə beynəlxalq konvensiyada nəzərdə tutulan mexanizmə uyğundur. Beynəlxalq konvensiyanın müddəalarına uyğun olaraq, Azərbaycan folklorunun xaricdə hər hansı kommersiya məqsədli istifadəsi Azərbaycan tərəfinin xüsusi icazəsi əsasında aparılmalı, o cümlədən istifadəyə görə haqq da ödənilməlidir və beləliklə, Azərbaycan xalqının mənəvi haqları ilə yanaşı, iqtisadi maraqları da nəzərə alınacaq.
Hazırda bu sahədə iş davam etdirilir və əlamətdar haldır ki, folklor nümunələrinin istər qorunub saxlanması, istərsə də hüquqi qorunmasının təmin edilməsi üçün hüquqi məkanın yaradılması istiqamətində Azərbaycanda da fəal iş aparılır, qanunvericilik layihələri müzakirə olunur. Bu sahədə aparılan iş zamanı yeni yaradılacaq qanunvericiliyin nəyə xidmət edəcəyi müəyyənləşdirilir və əsasən aşağıdakıları əhatə edir:
Birincisi, folklor nümunələrinə əqli mülkiyyətin xüsusi növü kimi baxıla bilər (və əqli mülkiyyətin qeyri-ənənəvi növü kimi təsdiq edilə bilər).
Ikincisi, folklor nümunələrinin hüquqi qorunması haqqında hazırlanan qanun layihəsi əqli mülkiyyətə aid bütün qanunlara münasibətdə öz təbii məxsusluğuna görə müəlliflik hüququ qanununa oxşar ola bilər.
Üçüncüsü, folklor nümunələrinin hüquqi qorunması haqqında qanunun qəbul edilməsi ilk dəfə olaraq bu nümunələrin qeyri-qanuni istifadəsinə və digər zərərli hərəkətlərə qarşı çıxış edər və beləliklə, hüquqi qorunmanın təməl daşını, qorunma məkanını yaradardı.
Dördüncüsü, Qanun layihəsi üçün təklif olunan hüquqi mexanizm kifayət qədər dürüst olmalı və beynəlxalq təşkilatların tövsiyələrindən yalnız onunla fərqlənə bilər ki, burada heç bir dövlət idarəsi tərəfindən folklorun istifadəsilə bağlı, o cümlədən qeyri-ənənəvi və adi kontekstdə xüsusi icazə verilməsi tələb olunmur. Bu məsələ istifadəçi təşkilatlar qarşısında açıq, şəffaf surətdə imperativ şəkildə irəli sürülə bilərr.
Nəhayət, beşincisi, bu qanun layihəsi qeyri-qanuni istifadəyə və digər zərərli hərəkətlərə qarşı çıxış etməklə, yəni bir tərəfdən ənənəvi istifadə üsullarından kənar istifadə zamanı folklorun qorunmasına müəyyən tələblər irəli sürməklə və digər tərəfdən onun mənbəyini təhrif etməmək tələbi ilə müxtəlif zərərli hərəkətlərdən qorunmanı təmin etməklə bərabər, folklorun qorunub saxlanması haqqında digər qanunların müddəaları, o cümlədən folklorun müəyyən edilməsi, toplanması, sistemləşdirilməsi, arxivlərdə saxlanması, gələcək nəsillərə çatdırılması ilə vəhdət təşkil etməli, birgə işləməlidir.
p align>
|