«Musiqi Dünyası» jurnalının baş redaktoru Tariyel Məmmədov Fransa Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət işləri üzrə yeni tə’yin olunmuş müşaviri cənab doktor Üq Baltzinjer ilə görüşüb söhbət etmişdir. Fransa-Azərbaycan mədəni əlaqələrinin bu günkü vəziyyəti və perspektivləri barədə həmin müsahibəni oxucularımıza təqdim edirik.
Tariyel Məmmədov – Cənab Üq, Azərbaycanda Fransanın mədəniyyəti və incəsənətinə qarşı həmişə böyük maraq olmuşdur. Sənətsevərlərimiz mədəniyyət üzrə attaşe kimi Sizin fəaliyyətiniz barədə ətraflı mə’lumat almaq istəyirlər. Ölkələrimiz arasında qarşılıqlı mədəni əlaqələr necə inkişaf edir və hansı istiqamətlərə üstünlük verilir?
Üq Baltzinjer – Sual çox geniş və əhatəlidir. Çünki bizim şö’bə Azərbaycanda nəinki mədəniyyət və təhsilin çoxşaxəli şəbəkəsi ilə məşğul olur, eyni zamanda elmi-texniki əməkdaşlığın da fəallaşmasına qayğı göstərir. Bizim ədliyyə və kənd təsərrüfatı sahələri, Idarəetmə Akademiyası üzrə də proqramlarımız vardır. Ötən illərdə bu istiqamətlərdə xeyli işlər görülmüşdür. Fransa səfirliyi, Bakıdan başqa Lənkəran və Naxçıvanda da müəyyən tədris qrupları yaratmışdır. Mən müşavir vəzifəsinə tə’yin olduğum son bir il haqqında daha çox danışa bilərəm.
T.M. – Əgər mümkünsə, söhbətə musiqi mədəniyyətindən başlayaq.
Ü.B. – Ilk öncə mən qeyd etmək istəyirəm ki, səfirliyin əsas məqsədi Fransa mədəniyyətini, o cümlədən də musiqi sənətini ölkənizdə təbliğ etməkdən ibarətdir. Digər tərəfdən biz Azərbaycanın dəyərli musiqiçilərini də Fransada tanıtmağa çalışırıq.
Məsələn, bu sahədə Bakı Musiqi Akademiyası ilə sıx əlaqələrimiz vardır. Akademiyanın rektoru cənab Fərhad Bədəlbəyli səfirliyimizin yaxın dostudur. Mərhum prorektor, professor Elxan Babayevlə də sıx ünsiyyətimiz olmuşdu.
Musiqi əlaqələrimiz ilk növbədə konsertlər şəklində özünü göstərir. Məsələn, mart ayında Fransanın tanınmış pianoçusu Fransua Şaplen Bakıda özünün üçüncü konsertini verdi. Başqa konsertlərdən, Orta əsrlər musiqisi Ansamblının çıxışları da böyük rəğbətlə qarşılandı. Ansambl «Tristan və Izolda» əfsanəsi ilə bağlı olan bir neçə maraqlı musiqi parçaları təqdim etdi.
T.M. – Bildiyimiz kimi, Fransanın müəyyən universitetlərində Şərq və Azərbaycan musiqisinə böyük maraq göstərilir. Məsələn, məşhur musiqişünas Jan Dürinq bir neçə Şərq musiqi alətində çalıl, fars və türk dillərini yaxşı bilir.
Ü.B. – Doğru buyurursunuz, Jan Dürinq bir neçə il bundan qabaq Bakıda mühazirələrlə çıxış etmişdir. Ondan sonra mahir ud çalan Mark Lupuit ölkənizdə səfərdə olmuş və sizin musiqiçilərlə - məsələn, kamançaçalan Elşən Mənsurovla və tarçalan Zamiq Əliyevlə əməkdaşlıq edir, onları tez-tez Fransaya də’vət edir.
Keçən il bizim ölkəmizdən Bakıya bir fransız müğənnisi Frederik Kazakbeli gəlmişdi. Onun atası azərbaycanlı, anası isə fransızdır. Bakı Musiqi Akademiyasında verdiyi konsert günü şiddətli leysan yağışı yağırdı. Buna baxmayaraq konsert baş tutdu və salona gələnlər həmin gecədən məmnun oldular. Biz həmin müğənnini yenə də çağırmaq istəyirik.
Ümumiyyətlə, Fransa səfirliyinin nümayəndələri Azərbaycanın zəngin musiqi mədəniyyətinə xüsusi maraq göstərirlər. Məsələn, biz Ü.Hacıbəyovun doğum günü münasibəti ilə hər il 18 sentyabr tarixində maraqlı tədbirlərə də’vət alır və milli musiqinizlə daha yaxından tanış oluruq. Belə bir musiqi bayramı Fransa da başqa bir gündə qeyd olunur.
T.M. – Cənab Üq, başqa solistlərin, məsələn, orqan, fortepiano, skripka ustalarının və ya Kamera orkestrinin qastrolları nəzərdə tutulurmu?
Ü.B. – Biz, ümumiyyətlə, musiqi-mədəni tədbirlərin keçirilməsində sponsorların köməyinə arxalanırıq. Böyük kollektivlərin səfərə çıxması xeyli vəsait tələb etdiyindən solistlərin də’vət olunması daha realdır. Həm də onlar sizin gözəl orkestrlərinizlə də səmərəli əməkdaşlıq edə bilərlər.
Hal-hazırda, Fransanın mahir fortepiano, violonçel və orqan ustaları ilə söhbətlər aparılır. Lakin çıxışlarının tarixi və proqramı barədə hələlik qəti danışa bilmərik.
Daha bir layihə səssiz (lal) kino lentlərinin canlı musiqi ilə müşaiyətindən ibarətdir. Bunun üçün bütün dünyada fəal qastrol səfərlərinə çıxan piano və orqan sənətçiləri ilə danışıb, onların razılığını almışıq. Indi isə müvafiq salon barədə qərara gəlməliyik.
Musiqi ilə sıx bağlı olan başqa bir sənət sahəsi xoreoqrafiyadır. Bu istiqamətdə müəyyən işlər görülür. Məsələn, Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində Fransız bəstəkarı Moris Ravelin «Bolero» əsəri əsasında balet tamaşası göstərilmişdir. Baletmeyster məşhur Fransa sənətçisi Nikolya Müssendir. Başqa bir balet ustası Əlen Əmbər - Bakı, xoreoqrafiya məktəbində dərslər vermişdir. Ola bilsin ki, o, müasir rəqslərin səhnə təcəssümü ilə əlaqədar bu yaxınlarda yenə də ölkənizə gəlsin. Mənə mə’lum olduğu qədər, Sovetlər dövründə belə rəqslər çox da təqdir olunmurdu.
T.M. – Cənab Üq, Fransa və Azərbaycanın təsviri sənət ustaları arasında əməkdaşlıq barədə nə deyə bilərsiniz? Biz bu yaxınlarda çox gözəl foto sərgisinə tamaşa etdik.
Ü.B. – Bu sahədə də əməkdaşlığımız səmərəlidir. Burada məndən əvvəl işləmiş müşavir özü də şəkil çəkməyi bacarırdı və yerli rəssamlarla yaxın ünsiyyət əlaqələri saxlayırdı. O, sizin sənətkarların yüksək səviyyəsi barədə qabaqçadan məni xəbərdar etmişdi. Həqiqətən də Azərbaycan rəssamlıq məktəbi tərifə layiqdir.
Bu yaxınlarda Fransadan gözəl bir mütəxəssis gəlmişdi. O, səkkiz Azərbaycan rəssamının işini bəyənib, onları Paris sərgisində iştirak etmək üçün seçdi. Hər il Fransa paytaxtının ən böyük salonlarından birində yaşlı və gənc nəsldən olan rəssamların işləri sərgiyə qoyulur. Həmin sərgiyə minlərlə tamaşaçı gəlir. Beləliklə, bu sərgi sizin fırça ustalarınız üçün yaxşı reklam olacaqdır.
Səfirliyimiz həmçinin, Azərbaycan Rəssamlıq Akademiyası ilə, məsələn gözəl sənətşünas Leyla Axundzadə ilə də tez-tez görüşür. Azərbaycanın Rəssamlar Ittifaqı da bizə fəal kömək edir.
Mən şəxsən foto sənəti ilə məşğul oluram və bu sahəyə maraq göstərirəm. Biz ikihəftəlik müddət ərzində Parisə getmək üçün fotoqraf-sənətkar Mirnaib Həsənoğluya şərait yaratdıq. O, Vətənə qayıtdııqdan sonra Fransa motivləri üzrə öz işlərindən ibarət bir sərgi hazırladı. Bundan başqa Bakıda Fransa foto ustalarının müasir modaya həsr olunmuş maraqlı bir sərgisi keçirildi. Həmin sərgidə tamaşaçılar bizim insanların modaya qarşı kifayət qədər fərqli baxışları ilə tanış oldular.
Ötən həftələrin birində Azərbaycan fotoqraflarının müsabiqəsinə yekun vuruldu. Biz həmin müsabiqədə bir sıra parlaq və müasir, və hətta cəsarətli işlər gördük.
Nəticədə gənc iste’dadlı fotoqraf Təhminə Əhmədağa Fransanın cənubunda keçiriləcək sərgidə iştirak etmək hüququ qazandı.
Təsviri sənətin «Komix» adlı yeni bir sahəsi üzrə əməkdaşlığa başlamışıq. Fransalı bir mütəxəssis - Frederik Lojezl Azərbaycan Rəssamlıq Akademiyasında tələbələrə dərs keçmiş, sükunət və hərəkət halında çəkilən foto-şəkillərin xüsusiyyətlərini onlara əyani qaydada izah etmişdir. Həmin sənətçi bu ilin oktyabr ayında yenə də Akademiyaya gələcək, ondan qabaq isə Naxçıvanda bir sərgisi göstəriləcəkdir.
Başqa bir fotoqraf Foto və Video texnikanın qovşağında işləyir – Erik Sanşez. Onun sərgisində jurnalistlərdən biri əsərlərinnin qəhrəmanı barədə sual verəndə qeyri-adi bir cavab aldı – «Mənim qəhrəmanım sakitlikdir».
Fransada maraqlı bir aktrisa çalışır – Pyere Düpuaye. O müxtəlif ölkələrə səfər etməyi də çox xoşlayır. Sənətçi söz mətnini söyləməkdən başqa dekor və kostyumlar vasitəsi ilə dramaturgiyanı nümayiş etdirir. O, keçən il Bakıda olarkən Viktor Hüqodan səhnələr göstərmişdi. Bu il biz başqa planda işləyən aktyorların gəlişini gözləyirik.
Biz səfirliyin mədəniyyət şö’bəsinə Fransanın adət-ən’ənələrini yaxşı bilən, sizin mədəniyyətdən də böyük mə’lumatı olan intellektaulları də’vət edirik. Məsələn, bu yaxınlarda Kazanzakis irsinin varisi Jorj Stakinakis bizim qonağımız olmuş və Kazanzakislə Banın arasınla qarşılıqlı münasibətlərdən geniş söhbət açmışdır. Məşhur milyonçu Şəmsi Əsədullayevin qızı Banin (Ümbül Banu) Bakıda anadan olmuş, Sovet hakimiyyəti qurulduqdan sonra Fransaya köçüb orada məşhur yazıçı kimi fəaliyyət göstərmişdir. Baninin fəaliyyəti fransızlarda Azərbaycana qarşı böyük maraq oyada bilmişdir.
Başqa bir görüşdə bizim bir alimimiz Fransaya köçmüş Azərbaycanlı ailələri barədə dolğun mə’lumat verdi.
Mən bir mə’lumat da vermək istəyirəm. Hər iki həftədən bir Nizami kinoteatrında Fransa filmlərinin festivalı keçirilir. Tamaşaçılar həmin filmlərə orijinalda da baxa bilərlər. Gün ərzində seanslardan biri tələbələr üçün pulsuz göstərilir. Mən kinoteatrın müdiriyyətinə öz təşəkkürümü bildirmək istəyirəm. Nəhayət, Azərbaycan Xarici dillər Institutunda Fransız kitabxanası təşkil olunmuşdur.
T.M. – Cənab Üq, Siz həqiqətən də, Fransa-Azərbaycan mədəni əlaqələri sahəsində gördüyünüz işlərdən ətraflı mə’lumat verdiniz. Maraqlı müsahibə üçün jurnalımızın oxucuları adından Sizə təşəkkürlərimizi bildiririk. «Musiqi Dünyası»nın oxucularına nə arzulayardınız?
Ü.B. – Mən jurnalınızın nömrələrini görmüşəm. Çox şadam ki, oxucularınız Azərbaycan, rus, ingilis dillərində yazılmış məqalələri oxuyurlar. Arzu edərdim ki, onlar fransız dilini də öyrənsinlər və həmin dildə də elmi və bədii ədəbiyyatı mütaliə edə bilsinlər.
Materialı hazırladı:
Fəttah XALIQZADƏ
p align>
|