Musiqi folkloru xalqımızın zəngin mədəniyyətinin bir şaxəsini təşkil edir. Ümumiyyətlə, folklor nümunələri ayrı-ayrı fərdlər tərəfindən yaradılsa da onların sadə dili, məzmun etibarilə sırf xalqın psixologiyası, adət-ənənələri, gündəlik məişət həyatı ilə bağlılığı bir sözlə xalqın içindən çıxmış bir sənət nümunəsi olması onu bütöv xalqın adı ilə bağlayır. Beləliklə bu qənaətə gəlmək olar ki, xalqımızın musiqi folkloru müxtəlif dövrlərdə yaşamış insanların təxəyyülünün təcəssümüdür. Folklor nümunələri əsrləri adlayıb dildən-dilə, nəsildən-nəslə keçərək, bu günümüzə gəlib çatmışdır. Bu yolda müxtəlif dövrlərdə yaşamış alim və tədqiqatçıların eləcə də xalq içindən çıxmış ifaçıların mühüm xidmətləri olmuşdur.
Xalqımızın böyüklüyünün bir cəhəti də odur ki, onun zəngin folkloru var. Elə bir folkloru ki, müasir dövrdə yaranan professional sənət nümunələri də məhz, həmin mənbəyə istinad edir.
Bu yerdə professor qəzənfər Paşayevin folklor haqqında dediklərinə nəzər yetirək:
«Xalqın ən böyük sərvəti onun folklorudur. Bir az da dərinə getsək, çəkinmədən deyə bilərik ki, folklor sözün həqiqi mənasında xalqın ruhu, psixologiyası, tarixidir. Onun istək və arzularının təsəvvür və təfəkkürünün, mənəvi aləminin güzgüsü, tükənməz incilər xəzinəsidir. Hələ bu az imiş kimi «folklor» Şərq müdriklərinə öz sərrastlığı və dəqiqliyi ilə seçilən elə bir hikmət bəxş etmişdir ki, eşidənlər bir yandan mat qalır, digər tərəfdən də onlara pərəstiş edirlər».
Professor Yaşar Qarayev də haqlı olaraq qeyd edir ki, əsatir və bayatıda, nağıl və dastanda əbədiləşən, canlı yaddaşa çevrilən, heç kəsin soyunu, kökünü unutmağa qoymayan, onu parçalanmaqdan xilas edən, şüurda, düşüncədə, mənəviyyatda xalqın böyüklüyünü təmin edən məhz folklordur.
Yuxarıda xalqımızın zəngin folkloru olduğunu qeyd etdik. Bu zəngin folklorun da əsas bir hissəsini xalq musiqisi təşkil edir. Və bu xalq musiqisinin tərkibinə də əsasən mahnılar, rəqslər, havacatlar, laylalar və s. nümunələr daxildir. Təbii ki, bu nümunələr də birdən-birə yaranmayıb və birdən-birə xalqın folkloru mövcud olmayıb. Elə bu iki fikrin ardınca getsək, qalaq-qalaq kitablar oxumalı və tarixin çox qatlarına baş vurmuş olarıq. Amma indiyə qədər oxuyub-öyrəndiklərimiz bunları deməyə imkan verir ki, «insanın ilk sözü» onun ən böyük kəşfidir. Insanın dünyaya tapdığı adlar, gördüyü, duyduğu aləmin hər şəkli üçün yaratdığı sözlər ilk sehrdir.
Beləliklə də hər şeyin təməlini qoyan söz xalqın təfəkküründə ilahi bir hissin – musiqinin meydana gəlib, formalaşmasına da təkan vermişdir. Elə yuxarıda adlarını çəkdiyimiz musiqi janrları da xalqın təfəkküründə zərrə-zərrə, damla-damla pöhrələnib «xalq musiqisi» deyiminin və nəhəng bir xəzinənin yaranmasına səbəb olmuşdur.
Müraciət etdiyimiz mövzuda qədim yurdlarımızdan olan Şəkinin tarixi, mədəniyyəti və əsasən də musiqi folkloru haqqında çox ətraflı da olmasa, bəzi məqamlardan söz açmaq istəyirik. Əsas məqsədimiz musiqi folkloru üzərində dayanmaqdır. Amma, bu barədə danışmazdan əvvəl, qədim diyarımız olan Şəkinin tariximizdəki mövqeyindən söz açsaq daha maraqlı olardı.
Ümumiyyətlə, xalqımızın tarixi və mədəniyyəti çox qədimdir. Tarximizin müxtəlif dövrlərini və bu dövrlərdə yaşamış alimlərimizin həyat tərzini, məşğulluğunu, mədəniyyətini öyrənməkdə təbii ki, tariximizə dair mənbələrə – tədqiqatçıların araşdırmalarına, bir sözlə tarix elminə istinad edirik. Son illər Azərbaycan tarixinin müxtəlif sahələri üzrə sanballı elmi araşdırmalar aparılmış, siyasi iqtisadi etnik problemlərin, o cümlədən, mədəniyyət məsələlərinin tədqiqində müəyyən nailiyətlər əldə edilmişdir. Amma maraqlıdır, bütün tarixi mənbələrdə xalqımızın tarixi eyni cür dəyərləndirilir? Əlbəttə, yox. Çünki yazılı qaynaqların kifayət qədər olmaması Azərbaycan tarixinin bütün sahələrini və dövrlərini eyni səviyyədə tədqiq etməyə, qaranlıq məsələləri işıqlandırmağa imkan vermir. Ən çətin və mübahisəli problem azərbaycanlıların soy kökünün tarixidir. Həmin problemlərin bəzi məsələləri üzrə hələ də vahid fikir yoxdur. Çünki bir tərəfdən xalqımızın etnik tarixini subye
ktiv baxımdan izah edən və müəyyən siyasi məqsədlər güdən tendensiyalar uzun müddət öz mövqeyini saxlamış və təəssüf ki, indi də saxlamaqdadır. Guya azərbaycanlılar türk dillərinin birində danışan xalq kimi bu torpaqlara yaxın keçmişdə gəlmişlər. Digər tərəfdən qədim zamanlardan azərbaycanlıların soykökünün bu ərazi ilə bağlı olması, Azərbaycan xalqının yaranması və formalaşmasında bilavasitə iştirak edən türk etnoslarının qədimdən burada yaşamaları barədə mövzular 1960-cı illərdən başlayaraq, tədqiqat obyektinə çevrilmiş və son illər daha da genişləndirilmişdir. Bu müddəanın əsas məzmununu qədim zamanlardan Azərbaycanda və qonşu ərazilərdə türk etnoslarının məskun olması fikri təsdiq edir. Qaynaqların təhlili bu müddəanı təsdiqləyir. Tarix boyu Azərbaycanda məskunlaşan və müxtəlif dillərdə danışan etnoslar islam dini çərçivəsində azərbaycanlılarla yaxşı iqtisadi və mədəni əlaqədə olmuşdur. Onların simasında bu gün torpaqlarımızda yaşayan bəzi azsaylı etnik qruplar bəlkə də qeyd etdiyimiz tarixi fikirlərin ta
m təsdiqidir. Bu cəhət xalqımızın mədəni həyatında da bəzi təsirlər yaratmışdır. Lakin buna baxmayaraq xalqımız çox qədim və müfəssəl bir mədəniyyətə malikdir ki, burada da yalnız Azərbaycan xalqının ruhu duyulur.
Beləliklə, qədim tarixi olan torpağımızda Şəki adlı bir ərazinin yaranıb formalaşması, əhalisinin məşğulluğu, mədəniyyətinin tarixi də əsrlərin müxtəlif çağlarına təsadüf edir.
Azərbaycanın şimal torpaqlarında hələ Miladdan əvvəl VI yüzillikdə maskutlar məskun idilər. Əlbəttə, burada yerli soylar da var idi. Maskutlar bu ərazidə öz dövlətlərini yaratmış, Əhəməni hökmdarı Kiri məğlubiyyətə uğratdıqdan sonra da şübhəsiz ki, bu torpaqları tərk edib getməmişlər. Demək Kiaksarın zəfərli yürüşləri dövründə də Kiaksardan sonrakı Midiya hökmdarlarının hakimiyyəti dövründə də Əhəmənilərin hakmiyyətinin ilk illərində də Kirin öldürülməsindən sonra da maskutlar bu ərazidə yaşamışlar.* Məlumdur ki, maskutlar-saklar da adlanırdılar. Sakların bu ərazidə çarlıq yaratmaları tarix ədəbiyyatında mübahisə doğurmur. Onların yaratdıqları çarlığın Sakasenanın yaxud Şakaşenanın ərazisi görkəmli mütəxəssis, alim I.M.Dyakonovun fikrincə şimalda Kür çayının sağ axarından tutmuş indiki Gəncə və Qazaxdan cənubda Urmu gölünün sahillərinə qədər uzanırdı. Bu dövlətin adını indi də Şəki toponimi qoruyub saxlamaqdadır. Bu şəhər Şakaşena adlanmış, illər bir-birini,
yüz illiklər yüz illikləri əvəz etdikcə, baş verən transformasiya nəticəsində Şakoşen toponimi Şəki şəklini almışdır. *
Tarix ədəbiyyatından qədim Şəki ilə bağlı daha bir versiya üzərində dayanaq. Belə ki, Şəki rayonu vaxtilə Nuxa kimi də adlandırılıb. Bu da onun əhatə etdiyi coğrafi ərazidən asılı olub. Belə ki, görəkəmli tarixçi Ptolomey Kürə tökülən çaylardan birinin Alazan olduğunu qeyd edir. Doğrudur o, çayın adını çəkmir, lakin, onun coğrafi mövqeyini Iberiya sahill ərində olduğunu qeyd edir ki, bu da həmin çayın Alazan olmasına şübhə yeri qoymur. Ptolomey bu çay boyu 5 yaşayış ərazisinin adını çəkir: Toqada, Bakriya, Sanva, Diqlana, Niqa. Onlardan hansının kənd, hansının şəhər olması barədə fikir yürütmək çətindir. Lakin bəziləri belə hesab edirlər ki, Ptolomeyin Niqa adlandırığı yer məhz Nuxadır. Ptolomey bu yaşayış məntəqələrini Iberiya ilə Alazan arasında yerləşdirir. Nuxa isə bir qədər bu ərazidən uzaqdır. Onda Nuxa əlbəttə, şəhər deyildi, kənd idi. Ərəb müəlliflərinin əsərlərində isə biz Nuxanın adına X yüzillikdən rast gəlirik. Deməli, bu yaşayış yerinin antik dö
vrdə də mövcud olmasını söyləmək olmaz. Lakin Nuxa Şəki yaxınlığında yaşayış yeri olmuşdur. Şəki isə Ptolomeyin qeyd etdiyi coğrafi koordinatdan xeyli uzaqdır. Nuxanın Şəki yaxınlığında olmasını bir çox qaynaqlar təsdiq edir. O da məlumdur ki, 1772-ci ildə fəlakətə uğradıqdan, Kiş çayının coşğun daşqınları onu tamamilə yer üzündən sildikdən sonra Şəkinin sağ qalmış əhalisi şəərin lap yaxınlığında olan Nuxada sığınacaq tapmışlar. Şəhər hələ fəlakətə uğramamışdan qabaq 1764-cü ildə Şəki xanlarının burada, dağların ətəklərində olan Nuxada “Xan sarayı”nı tikdirməyə başlamaları da Nuxanın Şəkinin lap yaxınlığında olmasına sübutdur. Başqa bir mənbədə isə Şəki haqqında yazılan tarixi fikirlər belədir…* “Eramızdan əvvəlki yüzillikdə Şəki tayfaları Qafqaz albanları ilə çiyin-çiyinə Roma işğalçılarına qarşı vuruşmuş, Roma sərkərdəsi Pompeyin qoşunlarını Şəki yaxınlığında yerlə-yeksan etmişlər. Eramızın V yüzilliyində Sasani hökmdarı Albaniyanı özünə tabe etmiş, Şəki mahalı da Sasani hakimiyyətinə qatılmışdır.
Şəki 656-cı ildə ərəb əmiri Səlman Ibn Rəbiyyənin 706-cı ildə isə Mərvan Ibn Məhəmmədin qoşunları tərəfindən tutulmuş, ərəblər tərəfindən dağıdılmışdır. 813-cü ildə Arranda Aranşahlar hökmdarlığı yarananda Şəki onun hakimiyyəti altına keçmişdir. 985-1030-cu illərdə Şəkini Bərdədə meydana gələn Şəddadilər sülaləsi özünə cəlb etmişdir.
1396-cı ildə şəhər monqollar tərəfindən tutulmuş, Teymurləngin oğlu Miranşah tərəfindən viran qoyulmuşdur.
XV-XVII yüzilliklərdə Şəki mahalı dəfələrlə əldən-ələ keçib talanmışdır. Yuxarıda qeyd etdiyimiz kimi XVIII yüzillikdə Şəkini sel yuyub aparır . Keçmişin bir yarpağında yazılar dilə gəlib deyir: “Dəhşətli daşqın əmələ gətirən Kiş çayı Şəkini xarabazara döndərdi. Onun bütün evlərini bünövrəsindən qopardı. Minlərlə adam bu dəhşətli selin qurbanı oldu. O vaxtdan şəkililər vadinin sağ sahilinə, dağların ətəklərinə çəkildilər. Nuxa deyilən şəhər də burada beləcə əmələ gəldi.”
Əl sənətinin söz sənətinə tuş gəldiyi Şəki şəhəri hələ keçmişlərdən gündoğan ellərində məşhur olmuşdur.əgər Azərbaycanın 7 möcüzəsini sadalamaq gərək olsa, onun biri şəksiz ki, Şəkidəki “Xan sarayı” olar. XVIII yüzilliyin yadıgarı olan bu məbədgah bir tikili deyil, sanki bir naxışdır.
Göründüyü kimi müxtəlif dövrlərin sınaqlarfndan çıxmış Şəkinin çox qədim və maraqlı tarixi var. Təbii ki, bu tarixin özü haqqında danışmaq, onu ətraflı izah etmək tarix elminin əsas mövzusudur. Biz isə müraciət etdiyimiz mövzuya əsasən, başlıca məqsəd olaraq Şəkinin mədəniyətindən və əsasən musiqi folklorundan danışmalıyıq. Amma təbii ki, bu qədim yurdun tarixini bilmək də çox zəruridir. Çünki mədəniyyətin inkişafına təkan verən ən mühüm amillərdən biri məhz tarixi şəraitdir və bu cəhət elə folklora da sirayət edir. Bu xüsusiyyətlərin şərhi üçün də biz tarixə istinad etdik. Sözsüz ki, bu tarixi gediş də elə geniş olmadı. Sadəcə olaraq bu qədim torpaqlar haqqında bəzi tarixi bilgilərimizin az bir hissəsini burada qeyd etdik. Çox güman ki, Şəkinin musiqi folkloru tədqiqat işi yazılarkən bu tarixi biliklər daha da genişlənəcək və yeni faktlar meydana çıxacaq. Indi isə əsas məqsəd olan Şəkinin mədəniyyəti və musiqi folkloru haqqında danışaq.
Təbii ki, Şəkinin mədənyyəti bu torpağın hansı müstəmləkə altında olması şəraitindən asılı olmayaraq yaranıb, inkişaf etməyə başlamışdır. Və nəhayət, bu regionda yaşayan əhal özünəməxsus bir mədəniyyət abidəsi ucaltmışdır. Buraya daxil olan mədəniyyət sahələrindən musiqi ən ümdə və geniş yayılan bir səhət olaraq, xalqın mənəviyyatının əsas meyarı kimi böyük əhəmiyyətə malikdir. Çünki musiqi xalqın tarixini, psixologiyasını, hiss və həyacanını, arzularını və sair bu kimi cəhətləri özündə ehtiva edir. Amma xalq arasında inkişaf edən musiqi və musiqiçilər də təsadüfi yaranmamışdır. Buna digər sahələrin də təsiri olub. Məsələn, ilk növbədə xalqın məşğuliyyəti, ticarət əlaqələri və sair. Deyək ki, əgər xalqın əsas məşğuliyyəti təsərrüfat idisə, bu əmək fəaliyyəti hardasa əmək mahnılarının – holavarların meydana gəlməsinə bir təkan idi. Və yaxud digər sənətkarlıq növləri yarandıqca onların əsasında musiqi folkloru da meydana gəlib, inkişaf etməyə başlayırdı. Bu musi
qi folklorunun əsasını da əvvəldə qeyd etdiyimiz kimi digər sənətkarlıq növləri təşkil edirdi. Məsələn, Şəkidə əhalinin ipəkçiliklə məşğul olduğunu, dənli bitkilər, yüksək keyfiyyətli meyvə və giləmeyvə yetişdirdiklərini qeyd etmək olar. Bu qədim torpağın bağ-bağçasının gözəlliyini hətta şerin və poeziyanın dili ilə də təsvir ediblər. Daha sonra burada zərgərlik, misgərlik, dulusçuluq və sair sənətkarlıq növləri olub və bu növlər getdikcə xəttatlıq, nəqqaşlıq sənətinin də inkişafına xidmət edib. Elə bu yüksək sənət nümunələrinin təcəssümü Şəkinin “Xan sarayı”dır.
Bəlkə də sual oluna bilər ki, axı bu sənətkarlıq nümunələrinin musiqi folklorunun yaranmasına və inkişafına nə kimi təsiri ola bilərdi? Əlbəttə, bu sənətkarlıq nümunələri işləndikcə xalq kollektiv şəkildə əməklə məşğul olduqca yeni-yeni avazlar, bayatılar, oxşamalar yaranırdı . Deyək ki, hər hansı bir nəqqaşın işindən zövq alan bir kimsə fitri istedadı vardısa, öz fikrini qısa misralarda, zümzümələrdə ifadə edirdi. Beləliklə də xalq arasında bayatı deyənlər, mahnı qoşanlar, rəqs edənlər meydana gəlirdi. Bunlar bəzən kollektiv, bəzən də fərdi təxəyyülün məhsulu idi. Bəlkə də qədim tarixi olan “Şəki yallı”sı bütöv bir xalqın sevincinin, qəhrəmani hisslərinin təcəssümü kimi hansı bir el şənliyindəsə bədahətən yaranmışdır. Bu regionda əsasən, zurna, balaban alətlərinin müşaiyət etdiyi folklor nümunələri daha geniş yayılmışdır.
Şəkinin musiqi mədəniyətindəki görkəmli ifaçılardan danışarkən, əsasən yaxın əsrlərə istinad olunur. Ələsgər Abdullayevin bir xanəndə kimi Azərbaycan ifaçılıq sənətindəki müstəsna xidməti məhz buna misaldır. Onun adı Azərbaycan ifaçılıq tarixində məz şəkili Ələsgər kimi qalmışdır. Bu sənətkar haqqında bəzi mənbələrdə, xüsusən də Firudin Şuşinskinin “Azərbaycan xalq musiqiçiləri” kitabında məlumat var. *
O, yaxın keçmişə aid olan ifaçılardandır. Azərbaycan xalq musiqisi tarixində görkəmli xanəndə kimi tanınan Ələsgər Abdullayev 1866-cı ildə Şəki şəhərində anadan olmuşdur. O, yoxsul valideynldərinə kömək etmək məqsədilə gənc yaşlarından bənna köməkçisi işləyib. Xanəndə Keştazlı Həşimlə təsadüfi görüş onun həyatında dönüş yaradıb. Gənc Ələsgər Keştazlı Həşimin qayğısı nəticəsində öz səsini tanıdaraq, məclislərə, toy şənliklərinə yol tapır. Ələsgər zil və məlahətli səsi, muğamatı mükəmməl bilməsi ilə müasirlərinin etimadını qazanmışdır. Beləliklə demək olar ki, Ələsgər ilk müəllimi olan Keştazlı Həşimdən “Bayatı-şiraz” və “Segah” muğamlarını, neçə-neçə xalq mahnı və təsniflərini öyrənmişdir. Və müəlliminin təklifi ilə o, Bakı şəhərinə gələndə, artıq özünəməxsus bir ifaçı idi. Bakıda da ikinci müəllimi Bakı tacirlərindən Ağasəid oğlu Ağababa olmuşdur. Şəkili Ələsgər onun sayəsində daha da tanınmışdır. Belə ki, o, 1902-1903-cü illərdə Bakıda verilən Şərq konsertlə
rində yaxından iştirak edir. Onun mahir ifası barədə o dövrün mətbuat səhifələrində məqalələr dərc olunurdu . Hətta ustad-tarzən Qurban Pirimov yazırdı ki, mən Cabbardan sonra ikinci xanəndə Ələsgəri gördüm.
Əlbəttə, bu ustad-sənətkar haqqında çox danışmaq olar. Bu gün bizə ondan miras qalan yadigar lent yazıları və onun haqqında tarixi yazılardır. Böyük sənətkara olan xalq məhəbbətinin təzahürü kimi Şəki Musiqi Texnikumuna məhz Ələsgər Abdullayevin adı verilmişdir.
Şəki adı ilə bağlı olan daha bir sənətkar Əliəfsər Şəkilidir. Bu sənətkar zurna, balaban ifaçısı kimi xalq arasında məşhur olmuşdur. Onun ifasında məşhur “Şəki yallı”sı, “Qoca Kərəmi”, “Turacı” və sair xalq havaları lent yaddaşında bizlərə miras qalmışdır. Adını çəkdiyimiz hər iki sənətkarın, yəni həm şəkili Ələsgərin, həm də Əliəfsər Şəkilinin ifaları Azərbaycan Dövlət Radiosunun “qızıl fondu”nda qorunub, saxlanılır.
Daha bir sənətkar isə məşhur söz sərrafı Molla Cümədir. Bu gün də onun belə bir deyimi dillər əzbəridir:
“Cümə deyər, hər yetənə sirr vermə,
Sirri bilən ya bir olar, ya iki.”
Elə bu cür müdriuk kəlamları ilə bizim söz sənətimizdə Molla Cümə dərin mənalı, şirin kəlamlı bir el ozanı kimi ad qazanıb. Onun ustad Aşıq Ələsgərlə möhkəm dostluğu olub. Çox təəssüf ki, Şəkinin müdrik sənətkarlarından olan Aşıq Molla Cümənin deyimlərinin az bir hissəsi gəlib bizə çatmışdır.
Şəkinin musiqi mədəniyyətindən, folklorundan danışarkən xalqın adət-ənənələrinin qədimliyini özündə qoruyub saxlayan mərasim, toy şənliklərini də xüsusi olaraq qeyd etmək vacibdi. Yalnız Şəkidə deyil, hətta ona yaxın olan Balakən, Oğuz, Zaqatala, Qax və Qəbələ rayonlarında Azərbaycanın qədim toy adətləri öz mahiyyətini itirməmişdir.
Bütün bu dediklərimiz bir daha qədim yurdlarımızdan olan Şəkinin qədim tarixindən, mədəniyyətindən, folklorundan soraq verir. Əlbəttə, bu barədə daha geniş, daha ətraflı danışmaq olar. Müraciət etdiyimiz bu mövzu maraqlı bir tədqiqat işinin məzmunudur. Belə ki, “Şəkinin musiqi folkloru” mövzusunda işləniləcək tədqiqat işində bu məsələlərə daha da aydınlıq gətiriləcək. Yəni, yeni musiqi folkloru – mahnılar, rəqslər axtarılıb tapılacaq və onlar üzərində geniş təhlillər aparılacaq. Beləliklə, güman edirik ki, müraciət etdiyimiz tədqiqat işi xalqımızın musiqi tarixi salnaməsinə yeni faktların, yeni araşdırmaların daxil olması üçün gərəkli bir iş olacaq. Beləliklə qarşıda böyük bir regionun mədəniyyətini, musiqi folklorunu öyrənmək kimi çətin və məsuliyyətli bir plan var. Təbii ki, hər hansı bir sənətdə olmasından asılı olmayaraq, xalqımızın tarxinə dair araşdırmalar aparıb, yeni-yeni tədqiqatlar üzərində çalışıb, gələcəyimiz üçün gərəkli olan maraqlı faktlar meyda
na çıxarmaq tədqiqatçıların mənəvi borcudur.
p align>
|