QARABAĞIN MUSIQI DÜNYASI.
MEHRALIYEVLƏR AILƏSI

Yusif VƏLIYEV
 



       "Qarabağ Qafqazın konservatoriyasıdır". Bu ifadənin kimə məxsus olmasını və ilk dəfə nə vaxt işlədilməsini araşdırmağa lüzum görmürük. Ən əsası odur ki, bu deyim Qarabağ torpağının əsil musiqi ocağı, incəsənət mərkəzi olduğunu bizə çatdırır. Bu da nəsil-nəsil yetişən peşəkar musiqiçilərdən xəbər verir. Bu musiqi ocağının Azərbaycan mədəniyyətində tutduğu yeri aydınlaşdırır. Eyni zamanda, bu torpağın yetişdirdiyi musiqiçilərin, incəsənət xadimlərinin bütün Qafqazda-burada yaşayan xalqlar arasında böyük şöhrət qazandığını və musiqi mədəniyyətinin inkişafında mühüm rol oynadığını sübut edir.

       Filankəs qarabağlıdır- deyəndə, ilk əvvəl onun musiqiçi olduğunu düşünürsən və sorğu-sual edəndə peşəkar musiqiçi olmasa da, oxumağı-çalmağı bacarması, gözəl musiqi duyumuna malik olması üzə çıxır. Bu xüsusiyyət qarabağlıların genetik yaddaşı ilə bağlıdır, desək yanılmarıq. Xalq arasında belə bir deyim də var: Qarabağda qundaqdakı körpələr də muğamat üstə ağlayır. Bəlkə də bu, Qarabağ torpağının ab-havasındandır, suyundan, təbiətindəndir, meşələrinin ətrindəndir, bulaqlarının zümzüməli nəğməsindəndir. Dillər əzbəri olan məşhur bir misrada deyildiyi kimi: Külli Qarabağın abi-həyatı, nərmə-nazik bayatıdır, bayatı. Bu da danılmaz bir həqiqətdir ki, bu torpaq Azərbaycan musiqisinə dahilər bəxş etmişdir. Əlbəttə ki, onların hamısının yalnız adının sadalanması neçə-neçə səhifəyə sığışmaz. Onlar haqqında nə qədər kitablar yazılıb, adları dillər əzbəridir.

       Bizim məqsədimiz isə Qarabağda məşhur olan bir musiqiçi sülaləsindən söhbət açmaqdır.

       Qarabağda belə bir nəsil də var: Mehralıyevlər. Bu, qarabağlıların çox sevdikləri, adlarını hörmətlə yad etdikləri, sorağı Qarabağın hüdudlarından çox-çox uzaqlardan gələn peşəkar musiqiçilər ailəsidir. Xanəndə Bahadır Mehralı oğlu, tarzən Məşədi Nəriman Bahadır oğlu Mehralıyev bu sülalənin adlı-sanlı nümayəndələridir.

       Nəslin ağsaqqalı, kökü Mehralı kişi dabbaqçı idi, XIX əsrin II yarısında Şuşada sayılıb-seçilən sənətkarlardan idi. O, gözəl qarmon çalmağı ilə də tanınırdı. Onu da qeyd etmək olar ki, Azərbaycanda bu sehrli musiqi alətinin ilk ifaçılarından biri də Mehralı kişi idi. Özünün Şuşadakı Çuxur məhəlləsində dükanı var idi və çox zaman nahar vaxtı dostları onun başına yığışar, o da onların xahişi ilə qarmonunu dilləndirərdi. Bəzən toylarda, el şənliklərində də iştirak edərdi.

       Mehralı kişinin oğlu Bahadır 1883-cü ildə anadan olmuşdur. Hələ uşaqlıqdan öz incə və zil səsi ilə diqqəti cəlb etmişdir. Atasının qarmonda müşayiətilə Bahadırın oxuduğu xalq mahnılarını, təsnifləri və muğam şöbələrini qohum-qonşular çox bəyənərdi. Atası ilə musiqi məclislərinə gedəndə də öz şirin nəfəsi ilə məclis əhlini ələ ala bilirdi.

       Mehralı kişi oğlunu 8 yaşında olarkən Şuşada məşhur olan Molla Ibrahimin məktəbinə qoyur. Molla Ibrahim muğam bilicisi və gözəl müəllim kimi ad-san qazanmışdı. O öz məktəbinə əsasən yaxşı səsi olan istedadlı uşaqları qəbul edirdi. Bu məktəbdə dinin əsasları, ərəb-fars dilləri, klassik ədəbiyyat və muğam tədris olunurdu. Qarabağın bir çox görkəmli sənətkarları məhz Molla Ibrahim məktəbinin yetirməsi olmuşdur. Azərbaycan vokal məktəbinin banisi, böyük sənətkar Bülbül məhz ilk təhsilini bu məktəbdə almışdır. Sonralar professor Bülbül Məmmədov qeyd edirdi ki, tələbələr 13-14 yaşına kimi Molla Ibrahimin, 14 yaşından yuxarı isə Xarrat Qulunun məktəbində təhsil alırdılar.

       Burada haşiyə çıxaraq qeyd etmək istəyirəm ki, Molla Ibrahimin məktəbi nəinki Qarabağda hətta Şərqdə mədrəsə tipli ilk musiqi məktəbi hesab oluna bilər. Əlbəttə, bunun üçün geniş elmi araşdırmalar aparmaq lazımdır.

       Bahadırın da xanəndə kimi püxtələşməsində, şübhəsiz ki, atası ilə yanaşı, Molla Ibrahimin böyük rolu olmuşdur. Eyni zamanda o, öz çalışqanlığı sayəsində sənətini təkmilləşdirir, görkəmli xanəndələrin ifasını dinləyir, muğamın sirlərini daha da dərindən öyrənməyə çalışırdı.

       Bahadır artıq 20 yaşından bir xanəndə kimi Qarabağ məclislərində məşhurlaşmışdı. Onu tez-tez Şəkiyə, Şirvana, Gəncəyə, Irəvana, Tiflisə, hətta Irana dəvət edirdilər. Toy məclislərindən başqa, o, həmçinin Şuşada və Ağdamda keçirilən Şərq konsertlərində çıxış edirdi.

       Bahadır Mehralı oğlu usta xanəndə kimi geniş səs diapazonuna malik idi. O, bütün muğamları pəsdə və zildə asanlıqla oxuyurdu. F.Şuşinskinin yazdığına görə o, Qarabağ məktəbinin bütün ifaçılıq qaydalarına ciddi riayət edər, hər şeyi ölçüb-biçər, artıq xallar vurmazdı. Bahadır guşəxanlıqda, söz seçməkdə, qəzəlxanlıqda usta idi. Səsi o qədər cingiltili və qaltanlı idi ki, çox uzaq məsafədən eşidilərdi. Püxtələşmiş xanəndə tarın bütün pərdələrində asudə gəzişər, xüsusilə Heydəri kimi coşğun zəngulə tələb edən muğamı çox sərbəst oxuyardı. Deyilənlərə görə Bahadır Mehralı oğlu Şuşada Çanaqqalada Qarabağ Şikəstəsini oxuyanda şəhər bulvarında çıxış edən Xan Şuşinski onun səsini eşidib Qarabağ Şikəstəsini oxumağa başlardı. Aralarındakı uzaq məsafəyə baxmayaraq, hər iki xanəndə səs-səsə verib zəngulələr vurarmış. (Azərbaycan gəncləri, 28 aprel, 1984.)

       Bahadır Mehralı oğlu bir sıra görkəmli sənətkarlarla- xanəndələrdən Seyid Şuşinski, Zülfü Adıgözəlov, Xan Şuşinski, Pəsxan Cəlil, tarzənlərdən Abbasqulu Ağa, Isi Əliyev, Allahyar Cavanşirov, qarmonçalanlardan Lətif Əliyev, Abutalıb Kərbəlayı Muxtar oğlu, Yusif Yusifovla çiyin-çiyinə çalışmış, neçə- neçə el şənliklərini, toyları, konsertləri birgə keçirmişlər.

       O, dəfələrlə Azərbaycan və Zaqafqaziya miqyasında təşkil olunan musiqi və xalq yaradıcılığı olimpiadalarında iştirak etmiş, fəxri fərman və mükafatlara layiq görülmüşdür. 1936-1945-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur.

       Bahadır Mehralı oğlu həm də gözəl müəllim idi. 1930-cu illərdə Ağdamda hələ musiqi məktəbi olmadığı bir dövrdə şəhər pionerlər evinin nəzdində xanəndəlik dərnəyi təşkil etmiş və ətraf kəndlərdən də istedadlı uşaqları bu dərnəyə toplamışdır. Bununla da Ağdamda ilk musiqi təhsilinin demək olar ki, təməlini qoymuşdur.

       1958-ci ildən ömrünün sonuna kimi o, Ü. Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbində xanəndəlik sinfinin müəllimi olmuşdur.

       Ustad xanəndə Bahadır Mehralı oğlu Qarabağda çox sayda musiqiçilər yetişdirib tərbiyə etmişdir ki, onların adı mədəniyyətimizin görkəmli nümayəndələri sırasında çəkilir. Əbülfət Əliyev, Qədir Rüstəmov, Aydın Məmmədov, Niqay Bayramov, Barat Fərhadov və b. onun yetirmələridir. Sara Qədimova, Mütəllim Mütəllimov, Hacıbaba Hüseynov, Fatma Mehralıyeva, Rəhilə Həsənova, Şövkət Ələkbərova, Şahmalı Kürdoğlu, Paşa Əsədov, Hafiz Sədrzadə kimi görkəmli müğənni və xanəndələrimiz Bahadır Mehralı oğlunun muğam yolundan bəhrələnmişlər.

       Hacıbaba Hüseynov Bahadır Mehralı oğlu haqqında deyirdi: O, çox savadlı və şəxsiyyətli bir xanəndə idi. O, gələndə biz istər-istəməz ayağa qalxırdıq.

       Bahadır Mehralı oğlu sənətdə öz yolunu açmış xanəndə idi və onun xidmətlərindən biri də o idi ki, bu yolun davamçılarını yetişdirə bilmişdi. Bahadır Mehralı oğlundan sonra isə bu sənəti davam etdirmək və sələflərinin adını yaşatmaq kimi şərəfli bir vəzifə övladı Məşədi Nərimanın çiyinlərinə düşdü.

       Məşədi Nəriman 1916-cı ildə Şuşada anadan olmuşdur. 6 yaşında ikən o, əmilərilə Məşhəd şəhərinə ziyarətə getmiş və Məşədi titulu qazanmışdır. 1925-ci ildən isə onların ailəsi Ağdama köçmüş və həmin vaxtdan da onun həyatı bu şəhərlə bağlanmışdır.


       O, ilk musiqi təhsilini atasından almışdır. Uşaqlıqdan musiqini özünə sənət seçərək tütəkdə, sazda, qavalda, tarda çalmağı öyrənir, lakin tara daha ürəkdən bağlanır.

       Məşədi Nərimanın uşaqlıq dostları və qonşuları xatırlayırlar ki, o uşaqlıqda taxtadan üçbucaq şəklində özünə bir tar düzəltmişdi. Cəmi 4 simi olan bu alətlə məşq edir, gözəl mahnılar və oyun havaları çalırdı. Ona tar alınan gün əsil bayrama çevrilmişdi. Həmin gündən daha çox çalışır və çalğısını təkmilləşdirirdi. Xüsusilə atasından öyrəndiyi muğamları getdikcə mahiranə ifa edirdi.

       O, lap gənc yaşlarından atasını tarda müşayiət etməyə başladı. Beləcə ata-oğul sənət yolunda qoşa addımladılar.

       Toy məclislərində, konsertlərdə Məşədi Nəriman xalq tərəfindən böyük rəğbətlə qarşılanırdı. O, gözəl tarzən, yanar ürəkli bir sənətkar idi. Hər bir muğamda və ya təsnifdə canlı obraz yaratmağa nail olurdu. Tar onun əlində dil açıb danışırdı. Tarzən üçün lazım olan gözəl texnikası, iri barmaqları, güclü biləyi vardı. Onun iti barmaqları simlərdə gəzişəndə hamını heyran edirdi. Sədəfli tarı məharətlə çalması çox gənci musiqiyə həvəsləndirmişdi.

       Məşədi Nərimanın yaradıcılığı çoxcəhətli idi. O, həm solo muğam ifaçısı idi, həm də muğam üçlüyünün tərkibində məharətli müşayiətçi kimi tanınırdı.

       Məşədi Nərimanın ifasında Xaric Segah, onun mayəsində vurduğu barmaqlar xüsusilə diqqətəlayiq idi. Orta Mahur muğamını da çox gözəl, özünəməxsus bir tərzdə ifa etmişdir. Azərbaycan radiosunun fondunda Məşədi Nərimanın ifasında Xaric Segah və Mahur Hindi muğamlarının lent yazıları saxlanılmaqdadır. Onun sənətində diqqəti cəlb edən cəhətlərdən biri də xalq musiqisini və muğamlarımızı yad təsirlərdən qorumağa çalışması, milli qaynaqlara arxalanması idi.

       Muğam üçlüyünün üzvü kimi fəaliyyətə öz atası Bahadır Mehralı oğlu ilə başlayan Məşədi Nəriman sonradan Seyid Şuşinski, Xan Şuşinski, Musa Şuşinski, Şövkət Ələkbərova, Fatma Mehralıyeva, Ildırım Həsənov, Barat Fərhadov, Paşa Əsədov, Isa Rəhimov, Şelli Məhəmməd, Əbülfət Əliyev, Yaqub Məmmədov, Bakir Haşımov, Arif Babayev, Qədir Rüstəmov, Mütəllim Mütəllimov, Şahmalı Kürdoğlu, Aydın Məmmədov, Hafiz Sədrzadə, Əlisəfa Hüseynov, Əfətli Əkbər, Ağabala Abdullayev, Bəylər Nəcəfov, Niqay Bayramov kimi xanəndələrlə çalışmışdır. Müxtəlif yaş nəslinə və yaradıcılıq dəst-xəttinə malik bütün bu ustad sənətkarları müşayiət etmək bir tarzən kimi onun bacarığının göstəricisidir.

       Xanəndələrdən bəzilərinin xatirələrinə görə, Məşədi Nəriman istər toylarda, istərsə də konsertlərdə oxuyanın səs diapazonunu nəzərə alaraq, musiqini xanəndənin səsinə çox ustalıqla uyğunlaşdırardı. Eləcə də muğam-dəstgahda araçalğıya, rənglərə, diringələrə çox yer verdiyindən xanəndə yorulmazdı. O, necə deyərlər, xanəndənin nəbzini tutmağı bacarar, xanəndə oxutmaq kimi çox çətin bir işin öhdəsindən məharətlə gələrdi.

       Deyilənə görə, Seyid Şuşinski hələ çox gənc olan Məşədi Nərimanın musiqi istedadını qiymətləndirərək, onu özü ilə toya aparır. Toyda S.Şuşinskidən Humayun muğamını oxumasını xahiş edirlər. Bu zaman Məşədi Nəriman əyilib xanəndə Seyidin qulağına deyir: bu muğamı hələ çala bilmirəm. O da halını pozmadan cavab verir ki, nə oxusam, onu da çalarsan. Tarçalana yol göstərərək öz təsirli ifası ilə elə bir Humayun oxuyur ki, dinləyiciləri məftun edir. Sonralar Məşədi Nəriman bu hadisəni xatırlayaraq, xanəndəlik aləmində misli bərabəri olmayan ustalıq kimi qiymətləndirirdi. Ümumiyyətlə, xanəndənin tarzəni öyrətməsi ifaçılıq sənətində çox nadir təsadüf olunan hadisədir.

       Muğam ifasının müvəffəqiyyəti tarzənin xanəndə ilə yanaşı, sazəndə dəstəsilə də ansambl yaratmaq bacarığından asılıdır. Bu baxımdan Məşədi Nəriman çox təcrübəli sənətkar idi. O, kamançaçı Rasim Şirinovla, Imran ağa və Əkbər ağa Həsənovlarla, Elman Bədəlovla, Şirin Həsənovla, qarmonçalan Yusif Yusifov, Əli (Kor Əli), qoşanağara çalan Xanlar, klarnetçalan Hüseyn, Şirzad, qavalçalan Abutalıb, Sərdar Ələkbərov və başqaları ilə çox gözəl dil tapırdı.

       Respublikada bir çox tanınmış sənətkarlar onun çalğısını bəyənmiş və ondan bəhrələnmişlər. Bəhram Mansurov Məşədi Nəriman haqqında deyirdi: Analar belə tar çalan yetirməyib. Hətta belə bir hadisə yaddaşlarda qalıb ki, görkəmli tarzən Əhsən Dadaşov Məşədi Nərimanın Orta Mahur və Xaric Segah ifa etməsini dinlədikdən sonra onun əlini öpərək demişdir: Əgər buralara toya, konsertə gəlsəm, gərək gəlib səndən icazə alıb sonra tar çalam. Sonralar həqiqətən də, Əhsən Dadaşov, Hacı Məmmədov, Məmmədağa Muradov və başqaları Ağdama gələndə, ilk növbədə, Məşədi Nərimanın yanına gələr, onun çalğısına qulaq asar, sonra xeyir-dua alıb dəvət olunduqları yerdə çıxış edərmişlər. Çox zaman isə xanəndə və sazəndələr xüsusi olaraq, onu dinləmək üçün Bakıdan qonaq gələr və onun çalğısından böyük zövq alardılar. Görkəmli sənətkarların görüşü əsil sənət bayramına çevrilərdi.

       Məşədi Nərimanın sənətkarlığı musiqişünas alimlərin də diqqətini cəlb etmişdir. Sənətşünaslıq namizədi B.Hüseynli Məşədi Nərimanın ifasında 42 mahnı, rəqs, təsnif və unudulmuş bəzi muğam hissələrini lentə almış və nota köçürmüşdür. Sənətşünaslıq doktoru Ə.Isazadə və musiqişünas F.Əbdülqasımov Məşədi Nərimanla görüşüb, onun ifasını dinləyəndən sonra yazırdılar: indi oxumasını eşidə bilmədiyimiz Çoban Bayatı, Şüştər muğamlarını, eləcə də Zabul Segahın mayə şöbəsini, Osmanı ritmik muğamını, hazırda bir çox muğamlarda səslənməyən bəzi hissə və guşələri eşitməyimiz bizdə zəngin təəssürat yaratdı (Ə.Isazadə, F.Əbdülqasımov Musiqi sərvətimizin beşiyi. Mədəni-maarif işi jurnalı ¹2 (39), 1977, səh.27).

       Məşədi Nərimanın fəaliyyət dairəsi çox geniş idi. 1930-cu illərdə Ağdam Dram Teatrında Ü.Hacıbəyovun, Z.Hacıbəyovun, S.Rüstəmovun operettaları tamaşaya qoyulurdu. Bu tamaşalara xanəndə Bahadır Mehralı oğlu ilə bərabər müşaiyətçi kimi Məşədi Nəriman da dəvət olunurdu. Onlar həm də dram tamaşalarında fasilə zamanı konsertlər verirdilər. Bu teatrda gözəl aktyor ansamblı fəaliyyət göstərirdi. Qaflan Muradov, Mürşüd Həşimli, Heydər Şəmsizadə, Ibrahim Ibrahimov, Narınc Məlikova kimi aktyorlarla sənət ünsiyyəti nəticəsində ifaçılıq sənətinin yaddaqalan nümunələri meydana gəlirdi.

       Sonrakı illərdə Məşədi Nəriman respublika miqyasında keçirilən kütləvi tədbirlərdə, festivallarda və musiqi bayramlarında da böyük şövqlə çıxış edirdi. Xüsusilə Qurban Pirimovun anadan olmasının 100 illik yubileyində onun Mahur-Hindi muğamını ifa etməsi dinləyiciləri riqqətə gətirmişdi. 1982-ci ildə Ağdamda ilk dəfə keçirilən Natəvan qızlar bayramında da çaldığı muğamlar böyük alqışlarla qarşılanmışdı.

       Məşədi Nəriman müəllimliyi çox sevir və gənc musiqiçilər nəslinin yetişməsində əlindən gələni əsirgəmirdi. Qeyd etdiyimiz kimi 1930-cu illərin sonunda Ağdamda pionerlər evinin nəzdində musiqi dərnəkləri fəaliyyət göstərirdi (rəhbəri Rəhim Bədəlov idi). Bu dərnəklərə uşaqlar böyük həvəslə gəlirdilər. Onların arzusu Bahadır Mehralı oğlunun və Məşədi Nərimanın ecazkar sənətinin sirlərini öyrənmək idi. Bu iki böyük sənətkar, ata-oğul uşaqlarla çox ciddi məşğul olurdular. Respublikanın xalq artisti Əbülfət Əliyevə sənətin sirlərini Bahadır Mehralı oğlu, qaval çalmağı isə Məşədi Nəriman öyrətmişdi. Məşədi Nərimanın fikrincə, xanəndənin mühüm keyfiyyətlərindən biri onun qaval çalmaq bacarığı idi. Onu da qeyd edək ki, Məşədi Nəriman uzun müddət tarda Əbülfət Əliyevi müşayiət etmişdir. Bu həmçinin onların yaxın dost olmasını göstərir.




       1958-ci ildə Ağdamda Üz.Hacıbəyov adına orta ixtisas musiqi məktəbinin açılması rayonun həyatında əlamətdar hadisə oldu. Məktəbin direktoru Əlipaşa Daşdəmirov bu ustad sənətkarları - Bahadır Mehralı oğlunu və Məşədi Nərimanı dərs demək üçün dəvət etdi. Məşədi Nəriman həm tar ixtisası üzrə dərs aparır, həm də atasının rəhbərlik etdiyi xanəndəlik sinfində müşayiətçi kimi çalışırdı. Atasının vəfatından sonra o, Seyid Şuşinskinin, Musa Şuşinskinin, Şelli Məhəmmədin siniflərində müşayiətçi oldu.

       Əlbəttə ki, Məşədi Nərimanın yetişdirdiyi musiqiçilərin adını ayrıca qeyd etmək lazımdır. Indi onlardan çoxu adlı-sanlı sənətkarlardır, musiqimizin görkəmli nümayəndələridir, Azərbaycanın müxtəlif şəhərlərində ifaçılıq və pedaqoji fəaliyyətlə məşğul olurlar. Professor Vaqif Əbdülqasımov, xalq artisti, professor Ramiz Quliyev, məşhur gitaraçalan Rafiq Hüseynov (Rəmiş), Mustafa Ismayılov, Fərhad Paşayev, Nadir Rüstəmov, Yusif Abbasov, Xosrov Fərəcov, Rafiq Nəcəfov, Ilham Babayev, Əkrəm Əsədov, Yusif Vəliyev, Tahir Haqverdiyev, Hamlet Fərəcov, Zülfüqar Muradov (Zili), cabbar Bayramov və başqaları Məşədi Nərimanın yetirmələridir. Onlar öz müəllimlərinin adını həmişə fəxrlə çəkir və yaşadırlar. Məşədi Nəriman tələbələrinə qarşı çox həssas idi. Sənətə təzəcə qədəm basmış musiqiçilərə həvəslə məsləhətlər verər,öz təcrübəsini, biliyini əsirgəməzdi. Tələbələrinin yaddaşına onun qiymətli tövsiyyələri həkk olunmuşdur. Sənətdə onun yolunu davam etdirən oğlu Aydına və başqa gənclərə həmişə deyərdi: əgər tar çalan olacaqsansa, yıxılanda əllərini göyə tut ki, barmaqlarına heç nə olmasın. Və yaxud: xalqı ələ almaq istəsən,ancaq segah çal. Segah bizim xalqın əzab-əziyyətli keçmişini xatırladır. O dönə-dönə deyirdi ki, əgər tələbələrim yaxşı çalarsa,muğamatımızı qoruyub saxlayarsa, bu mənə hər şeydən əzizdir.

       Məşədi Nərimanın fəaliyyətinin bir cəhəti də Ağdamın Şur xalq çalğı alətləri ansamblı ilə bağlı idi. Bu ansamblın rəhbəri elə Məşədi Nərimanın yetirməsi olan Xosrov Fərəcov idi. Ansambl nəinki Ağdamda, həmçinin, respublikada və keçmiş sovetlər məkanında məşhur idi. Ustad tarzən ansamblın məşqlərində iştirak edər, onlara dəyərli məsləhətlər verərdi. Məşədi Nərimanın bir tövsiyyəsi xüsusilə böyük rezonansa səbəb olmuşdu. Şur ansamblı Bakıda keçiriləcək bir festivala hazırlaşdığı ərəfədə Çahargah muğamının məşqləri gedirdi. Məşədi Nəriman ansambl üzvlərinə Mənsuriyyədən sonra Segah muğamından bir guşə ifa etməyi öyrədir. Bu, əslində yenilik yox unudulmuşun bərpası idi. Bu cür ifanı yalnız muğama dərindən bələd olan ustad bir tarzən yadda saxlaya bilərdi. Məhz Məşədi Nərimanın göstərdiyi yol ilə Şur ansamblının Bakıdakı çıxışlarından sonra bir çox tanınmış xanəndələr Mənsuriyyədən sonra Segah oxumağa başladılar. Məşədi Nərimanın tələbəsi olmuş,sonralar isə onu nla çiyin-çiyinə müəllim kimi çalışmış Lentruş Orucovun da maraqlı bir xatirəsi bu baxımdan diqqəti cəlb edir. 1958-1959 -cu illərdə metodik göstərişlər vermək məqsədilə görkəmli tarzən Kamil Əhmədov Ağdama gəlmişdi. O, nadir halda ifa olunan muğamlar haqqında müəllimlərə danışır, sonra sözünü tarla deyirdi. Məşədi Nəriman onu yoxlamaq məqsədilə sual verir ki, Çahargah muğamında Mənsuriyyə oxuyandan sonra Segaha keçmək olarmı və bu, necə səslənər? Kamil Əhmədov bu suala ətraflı cavab verərək, tarda çalıb göstərir. Bundan məmnun qalan Məşədi Nəriman: adınız da Kamildi,özünüz də kamil sənətkarsınız - deyə, K.Əhmədova təşəkkürünü bildirir.

       Məşədi Nəriman geniş dünyagörüşünə, yüksək mədəniyyətə, gözəl insani keyfiyyətlərə malik bir şəxsiyyət idi. Milli musiqimizin inkişafı uğrunda yorulmadan çalışan, bu sahədə əvəzsiz xidmətləri olan ustad sənətkarın yolunu bu gün onun oğlu Aydın Mehralıyev davam etdirir.

       Aydın Məşədi Nəriman oğlu Mehralıyev 1946-cı ildə Ağdam şəhərində dünyaya göz açıb. Böyüdüyü ailədə o kimləri görməyib, kimlərin ifasına qulaq asmayıb- babasının və atasının dostları Seyid Şuşunski, Musa Şuşunski, Ildırım Həsənov kimi mahir ifaçıları saatlarla dinləyib. O ilk musiqi təhsilini Ağdam uşaq musiqi məktəbində Lentruş Orucov və con Əliyevdən almışdır. 1962-66-cı illərdə Ağdam musiqi texnikumunda təhsil alıb. Bu məktəbin açılışından burada işləyən babasının ruhu, atasının varlığı gənc Aydının sənətə yiyələnməsinə məsuliyyətini daha da artırırdı. O, tarzən Xosrov Fərəcovun sinfində oxumuşdur. Təhsilini başa vuran kimi məktəbin direktoru Xosrov Fərəcov gənc Aydını tar ixtisası üzrə texnikuma müəllim qəbul edir. O, 1968-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur, professor Oktay Quliyevin sinfində təhsil alır. 1977-ci ildən hal-hazıra kimi Ağdam 2 saylı uşaq musiqi məktəbinin direktoru vəzifəsində çalışır.

       Tar ixtisasını notla tədris edən Aydın Mehralıyev muğam ifaçılığında atasının barmaqlarını yaşadır. O uzun illər Ağdam Şur ansamblının fəal üzvü olmuşdur. 1982-ci ildə Natəvan qızlar bayramında, 1990-91-ci illərdə Xarı Bülbül beynəlxalq folklor festivalında ifaçı kimi iştirak etmişdir. 1991-ci ildə atası Məşədi Nərimanın anadan olmasının 75 illiyi münasibətilə keçirilən xatirə gecəsi Mehralıyevlər ailəsinin və Ağdam ictimaiyyətinin xatirində əbədi yaşayacaqdır. Bu gecədə Aydın Mehralıyev Qədir Rüstəmovun oxuduğu Mirzə Hüseyn Segahını məhz Məşədi Nərimanın yolu və ştrixlərilə müşayiət etməsi musiqisevərlərin yaxşı xatirindədir. Müharibə vəziyyətində yaşayan Ağdamda Məşədi Nərimanın yubileyinin keçirilməsi xalqın ustad sənətkarına bəslədiyi məhəbbətin, ehtiramın bariz nümunəsi idi.

       Bəli, milli musiqi mədəniyyətimizdə öz yeri olan qüdrətli sənətkarlar nəslinin-Mehralıyevlər sülaləsinin zəngin irsi dərindən öyrənilməyə və tədqiq olunmağa layiqdir.









Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70