YARADICILIQ...
.
 

TANIDIĞIMIZ, HƏM DƏ TANIMADIĞIMIZ SƏNƏTKAR



       Yaşadığımız dövr olaylarla zəngindir. Bu zənginliklər içində çoxsaylı fikirlər söylənilir, fikirlər haçalanır, toqquşur və mübahisələr ara vermir. Və bu çoxsaylı fikir toqquşmaları içərisində bizi ən çox narahat edən bir sual domokl qılıncı kimi varlığımızı daim duyğulandırır: bizim musiqi mədəniyyətimizin keçmişi, bu günkü durumu və bu günkü durumun gələcəyə doğru irəliləyişi. Çatızmazlıqlara, naqisliklərə, acınacaqlı böhranlara baxmayaraq milli musiqi mədəniyyətimiz Böyük Üzeyirdən başlayaraq bu günlərədək heç bir zaman şəxsiyyətlər sarıdan korluq çəkməyib və onlar arasında dirijorlarımızın çoxsaylı yeri görünür. Biz heç zaman unuda bilmərik ki, Böyük Üzeyirlə yanaşı adı çəkilən ən görkəmli şəxsiyyətlərimizdən birincisi məhz ilk diijorumuz Müslüm Maqomayevdir.

       Niyazi kimi dahilərlə dünyanın istənilən xalqı yalnız fəxr edə bilərdi. Yaşlı nəsl dirijorlardan Əşrəf Həsənov, Çingiz Hacıbəyov, Səid Rüstəmov, Nazim Rzayev, Əhəd Israfilzadə, Kazım Əliverdibəyov, daha sonrakılardan Ramiz Məlikaslanov, Faiq Mustafayev və Rafiq Kərimovun danılmaz xidmətləri var. Sənət azmanı Rauf Abdullayev bu gün musiqi mədəniyyətimizin aparıcı qüvvələrindən biridir desək, yanılmarıq. Çağdaş diijorlar sırasında Vaqif Süleymanov, Cavanşir Cəfərov, Yalçın Adıgözəlov, Teymur Göyçayev, Nəriman Əzim Gəncəli və nəhayət Müstəqil Azərbaycan Respublikası Hərbi orkestr xidmətinin özülünü qoymuş, albay Yusif Axundzadənin də öz yerləri var.

       Ən nahəyət isə bu il 70 yaşı tamam olan əməkdar incəsənət xadimi Yaşar Imanov artıq 45 ildir ki, dirijor pultu arxasında sənət ümmanını gəzib-dolaşır.

       Hörmətli oxucularımız bu adı və bu yaşı eşitdikdə heç də təəccüb etməsinlər. Yaşar Imanov adlı musiqiçimiz ömrünün çox-çox illərini bizlərdən uzaqlarda, Vətənimizin və Millətimizin adlarını ucaltmağa sərf etmişdir. Yaşar Əbdül Xalıq oğlu Imanov 1933-cü il martın 21-də Bakıda dünyaya göz açmışdır. 1944-cü ildə Suvorov adına hərbi-musiqiçi yeniyetmələr hazırlayan məktəbə daxil olub, 1947-ci ildə oranı bitirmiş və təhsilindəki uğurlarına görə məktəbdə təlimatçı-müəllim vəzifəsində saxlanılmışdır.

       1949-cu ildə o, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası yanında 10 illik musiqi məktəbinə qəbul olunsa da, daha sonra qısa vaxt ərzində Asəf Zeynallı adına Musiqi Texnikumunu bitirir və təhsilini artırmaq üçün Moskvaya yollanır.

       1958-ci ildə Yaşar Imanov P.I. Çaykovski adına Moskva Dövlət Konservatoriyası hərbi dirijorlar fakultəsini bitirərək Suxumi şəhərinə təyinat alır. Onu da vurğulamalıyam ki, konservatoriyada oxuduğu illərdə o, D.D.Şostakoviçin sinfində fakultativ bəstəkarlıq kursunu keçmişdir.

       Hərbi dirijorluğu ilə yanaşı 1967-ci ildə Yaşar Imanov Suxumi Opera və Balet Teatrında P.I. Çaykovskinin «Yevgeni Onegin» və S.Raxmaninovun «Aleko» operalarını tamaşaya qoymuşdur, daha sonra – 1969-da Z.Paliaşvillinin «Daisi» operasını tamaşaya qoyur. Bu tamaşalar, hətta Tbilisi və Soçi televiziyaları ilə transilyasiya olunmuşdur.

       Elə həmin 1969-cu ildə həmyerlimiz yenicə yaradılmış Abxaziya Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru təyin olunur. Eyni zamanda bir neçə il ərzində o, Abxaziya Dövlət Xor Kapellasına da başçılıq edir, Ümumittifaq çağdaş musiqi festivallarında həm dirijor, həm də bəstəkar kimi çıxış edirdi. Yeri gəlmişkən yada salmalıyam ki, 1972-ci ildə o, Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsertlər təşkil etmiş, 1974-cü ildə isə maestro Niyazi tərəfindən Bakıya qastrola dəvət olunmuşdur. O zamanlar Abxaziya Dövlət Simfonik Orkestrinin repertuarında çətin ifa olunan klassik örnəklər geniş yer tuturdu. Abxaziyada işlədiyi illər boyu Yaşar Imanov Abxaz folklorundan faydalanaraq «Hilal gecəsi» operasını yazmış, simfoniya, simfonik poema, instrumental konsertlər (fortepiano, skripka, avaz), eləcə də çoxçeşidli kamera janrlarında qələmini sınamışdır. O, həm də geniş pedaqoji fəaliyyət də göstərmişdir.

       1992-ci ildə Abxaziyada tüğyan edən vətəndaş müharibəsi Yaşar Imanovu ailəsi ilə birlikdə Bakıya gəlməyə məcbur edir. Lakıin Bakıda o, ruhdan düşmür. Konservatoriyada müəllimliklə yanaşı Niyazi adına Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin Simfonik Orkestrinə dirijorluq edir.

       1994-1998-ci illlərdə Yaşar Imanov Qara Qarayev adına Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışır və həmin kollektivlə Moskvada Füzulinin 500 illiyinə həsr olunmuş yubileydə və Azərbaycan Respublikasının Rusiyada Mədəniyyət günləri tədbirlərində çıxış edir.

       Nəhayət, 1998-cu ildən başlayaraq Yaşar müəllim Dövlət Televiziya və Radio Verilişləri Şirkəti Niyazi adına simfonik orkestrinə başçılıq edir və bu vəzifədə Azərbaycan bəstəkarlarının bir sıra yeni əsərlərinin ilk ifaçısı kimi tanınır. Ayrıca vurğulayım ki, F.Bədəlbəyli, V.Kraynev, A.Qavrilov, L.Timofeyeva və bir çox başqa tanınmış musiqiçilərlə birgə çıxışları ilə yanaşı, bizim gənc solistlərimizə ilk xeyir-duanı verən də məhz Yaşar Imanov olmuşdur.

       Bakıya gəldiyi ilk günlərdən o, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Nümunəvi Nəfəs Alətləri Orkestrinin məsləhətçisi vəzifəsində çalışır və həmin orkestrin, eləcə də digər hərbi kollektivlərin repertuarlarının yaradılması və getdikcə genişlənməsi yönündə əlindən gələni əsirgəmir.

       Yaşar müəllim təkcə bədii rəhbər, baş dirijor və pedaqoq deyil, o, həm də musiqiçilər ailəsinə başçılıq edir. Onun həyat yoldaşı Bakı Musiqi Akademiyası konsertmeystr ustalığı kafedrasının müəllimidir; böyük oğlu qaboy, kiçik oğlu viola çalır; gəlinlərindən biri pianoçu, digəri isə xormeysterdir.

       Bu gün mən, «Musiqi dünyası» jurnalının səhifələrində maestro Yaşar Imanovu təkcə öz adımdan deyil, bütün Azəbaycan musiqiçiləri adından təbrik etməyi özümə borc bilirəm. Mən çox şadam ki, bizim Vətənimiz və mədəniyyətimiz, hətta ən çətin günlərində belə öz sənətkar-şəxsiyyətləri ilə fəxr edə bilər.

Azad ZAHID


GÖRKƏMLI MUSIQIŞÜNAS, TƏCRÜBƏLI PEDAQOQ



       Azərbaycan musiqişünaslığında özünəməxsus dəst-xətti olan Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, P.I.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının dosenti Davud Məmmədbəyovun 70 yaşı tamam oldu.

       D.Məmmədbəyov Bakı şəhərinin Şağan kəndində anadan olmuşdur. Uşaq yaşlarından musiqiyə həvəs göstərən Davud 7 yaşında ikən musiqi məktəbinə məhz tar ixtisası sinfi üzrə daxil olmuş və oranı müvəffəqiyyətlə bitirmişdir. O, təhsilini davam etdirmək üçün 1948-ci ildə A.Zeynallı adına Bakı Dövlət orta ixtisas musiqi məktəbinin tar sinfinə daxil olmuşdur. Davud tar üzrə ixtisas dərsini tanınmış tarzən pedaqoq Adil Gəraydan, muğam fənnini muğam bilicisi və pedaqoq Əhməd Bakıxanovdan almışdır.

       Bu illərdə o, təkcə tar sənətinin sirlərini öyrənməyə çalışmamış, o, eyni zamanda musiqi tarixi və nəzəriyyəsini dərindən mənimsəmiş və bu sahədə ixtisasçı olmaq üçün müəllimlərinin təkidi ilə 1952-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının musiqişünaslıq bölməsinə uğurla daxil olmuş və bir il sonra o, dünyanın ən qabaqcıl konservatoriyalarından olan P.I.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının II kursuna köçürülmüşdür.

       Əlbəttə, o zaman tar üzrə savad almış bir musiqiçinin Moskva Konservatoriyasında musiqi nəzəriyyəçisi kimi təhsil alması çox məsuliyyətli bir iş idi. Buna baxmayaraq Davudun gecəli-gündüzlü çalışqanlığı, tarixi və nəzəri fənlərə olan həvəsi və bir musiqiçi kimi fitri istedadı professor-müəllim heyətinin diqqətini cəlb edir. O, 5-ci kursu bitirəndə 1957-ci ildə «Q.Qarayevin «Yeddi gözəl» baleti» mövzusunda diplom işini müvəffəqiyyətlə müdafiə edir və aspiranturada təhsilini davam etdirməyə göndərilir. Aspiranturada onun elmi rəhbəri görkəmli musiqişünas-alim, professor, Rusiya Respublikanın əməkdar incəsənət xadimi V.Protopopov olmuşdur. Aspiranturanı bitirəndən sonra D.Məmmədbəyov musiqişünaslığın müstəqil yoluna qədəm qoyur. O, bir sıra elmi və elmi-publisistik işlər və məqalələr yazıb çap etdirir. Bu qəbildən olan işlərdə o, artıq elmi baxımdan maraqlı müddəa və nəticələrə gəlir. Biz D.Məmmədbəyovun bəzi çap olunmuş işlərinə nəzər yetirək. D.Məmmədbəyovu n «Muğam ustası Əhməd Bakıxanov» (Bakı, 1966) monoqrafiyasında Azərbaycanın görkəmli tarzəni və pedaqoqu, Azərbaycan Respublikasının xalq artisti Əhməd Bakıxanovun həyat və yaradıcılıq yolu izlənilir.

       Bu monoqrafiyada müəllif Ə.Bakıxanovun yaradıcılıq fəaliyyətini bir neçə mövqedən – muğam ifaçısı, muğam müəllimi, çoxtərkibli xalq çalğı alətləri ansamblının bədii rəhbəri və muğam bilicisi kimi səciyyələndirir. Onun ifaçılığı haqqında müəllif yazır: «Əhməd Bakıxanov bir tarzən kimi xüsusi mövqe tutur. Həssas dinləyici tarın səsindən, tembrindən və mizrabın vurulmasından çalanın Əhməd Bakıxanov olduğunu hiss edir».1 (s.5).

       Məlumdur ki, Ə.Bakıxanov klassik muğamlarımızın bütün sirlərini, dərinliklərini mənimsəmişdi. O, gözəl muğam bilicisi idi. Dahi bəstəkarımız Üzeyir Hacıbəyov xalq professional ifaçıları – xanəndə və sazəndələri canlı ensikplopediya sayırdı. Bu baxımdan Ü.Hacıbəyov başqa tarzənlər kimi, Ə.Bakıxanovun ifasından da çox şey əxz etmişdir. Məsələn, «Bayatı-Şiraz», «Humayun», «Nəva» dəstgahlarını, «Nəva-Nişapür», «Dəşti» və «Əbu-Əta» muğamlarını məhz Ə.Bakıxanov Ü.Hacıbəyov üçün onun xahişi ilə dəfələrlə çalmışdı. Xüsusilə dahi bəstəkar və musiqişünasın «Azərbaycan xalq musiqisinin əsasları» kitabını yazarkən Ə.Bakıxanovun canlı ifaçılığı bir əyani nümunə kimi Ü.Hacıbəyov üçün yardımçı olmuşdur. Ü.Hacıbəyovun təklifi ilə Ə.Bakıxanov muğamlarımızın yeni tədris proqramını tərtib etmişdi. Əgər əvvəllər tələbələrə cəmi beş muğam – «Rast», «Çahargah», «Şur», «Bayatı Şiraz», «Segah» öyrədilirdisə, Ə.Bakıxanovun yeni proqramına «Mahur-Hindi», «Bayatı Qacar», «Dügah», «Huma yun», «Nəva», «Rəhab», «Şahnaz», «Bayatı Kürd», «Dəşti», «Mirzə Hüseyn Segahı» və «Zabul Segah» kimi muğamlar da əlavə olunur.

       Yeri gəlmişkən, kitabda Davud Məmmədbəyov ayrı-ayrı xalq və şifahi ənənəli professional musiqi janrlarından, xüsusilə muğamların quruluş xüsusiyyətləriindən, tədris prosesində Ə.Bakıxanovun təlim prinsiplərindən, yetirdiyi tələbələrdən söz açır.

       D.Məmmədbəyov kitabda Ə.Bakıxanovun ifaçılıq məziyyətlərini də, onun çalğısının əsas cəhətlərini və xüsusiyyətlərini özünəməxsus dəst-xətlə, bütün təfsilatı ilə açıqlayır.

       Müəllif Ə.Bakıxanovun mahir müşayiətçi kimi xanəndəni yaxşı oxutmaq bacarığına malik olmasını da xüsusi qeyd edir.

       Ə.Bakıxanovdan söz açarkən, müəllif onun xalq çalğı alətləri ansamblının bir istedadlı rəhbəri kimi rolunu da bu kitabda müəyyənləşdirir. O yazır: «Əhməd Bakıxanovun ifaçılıq fəaliyyətinin ən parlaq səhifələrindən birini, şübhəsiz, onun xalq çalğı alətləri ansamblındakı işi təşkil edir – o, uzun illər ərzində bir sıra musiqi ansamblları təşkil etmişdir.

       Onların ən əhəmiyyətlisi Azərbaycan radiosunun nəzdindəki xalq çalğı alətləri ansamblıdır» (s.31)

       Bəli, 1941-ci ildə Ü.Hacıbəyovun təşəbbüsü ilə özünə təşəkkül tapmış Azərbaycan xalq çalğı alətləri ansamblı böyük yaradıcılıq yolu keçmişdir. Bu ansamblın yaradıcılığında, klassik muğamlarımızın təfsirində və təbliğində, repertuarının rəngarəngliyində Ə. Bakıxanovun rolundan söz açılır.

       Müəllif belə qənaətə gəlir ki, Ə.Bakıxanovun ansamblı dinləyicilərdə yüksək musiqi zövqü tərbiyə etməklə kifayətlənməmişdi. Ansambl, burada çalan gənc musiqiçilər üçün böyük təcrübə məktəbi idi. Qocaman müəllimin xeyirxah təsiri həm çalanlara, həm də xanəndəyə musiqi biliyini artırmaqda, ifaçılıq sənətinə daha dərindən yiyələnməkdə kömək etmişdir.» (s.39).

       Beləliklə, «Muğam ustası Əhməd Bakıxanov» monoqrafiyası görkəmli musiqiçi haqqında dəyərli tədqiqatdır. Onun müəllifi – D.Məmmədbəyov bu iş üzərində böyük zəhmət çəkmiş maraqlı və diqqəti çəkən elmi-populyar bir monoqrafiya ərsəyə gətirmişdir.

       D.Məmmədbəyovun elmi-publisistik yaradıcılığında F.Əmirov və E.Nəzirovanın ərəb mövzusularında fortepiano ilə orkestr üçün «Konserti»nə həsr olunmuş kitabçası da maraqlı əsərlərdəndir. Burada oxucu konsert janrının yaranma tarixi, Azərbaycan musiqi sənətində konsertin təşəkkülü və inkişafı ilə tanış olur. Sonra D.Məmmədbəyov bu «Konsert»in məqsədini belə açıqlayır: «Elmira Nəzirova və Fikrət Əmirov qarşılarına belə bir məqsəd qoymuşlar ki, ərəb xalqlarının azadlıq və milli müstəqillik uğrunda mübarizəsini göstərərək onların muasir həyatının musiqi obrazını yaratsınlar».

       Müəllif «Konsert»in bütün hissələrini nəzəri təhlillə səciyyələndirir. O, əsərin ayrı-ayrı hissələrinin orkestr dili və fortepiano fakturasını araşdırır.

       Xüsusilə, konsertin fortepiano üslubu onun kadensiyasında özünü bariz şəkildə nümayiş etdirir. Müəllif qeyd edir ki, F.Əmirov və E.Nəzirova tərəfndən klassik priyomlarla fortepiano fakturasının yeni priyomlarından da istifadə olunur. Buradakı bəzi priyomlarla müəlliflər ərəb musiqi alətlərinin səslənmə tərzinin simfonik orkestr alətləri vasitəsilə açıb göstərə bilirlər. Ələlxüsus ərəblərin qanun alətinin dalğavari inkişafı fortepianoda tez-tez təcəssümünü tapır.

       D.Məmmədbəyov xalq musiqisinin təsirini konsertdə variasiya prinsipindən bol-bol istifadədə görür. Bu ümdə xüsusiyyəti müəllif çox maraqlı dəlillərlə açır.

       Bu Konsert Azərbaycan Bəstəkarlar Ittifaqında müzakirə olunduqdan sonra dahi bəstəkar Dmitri Şostakoviç demişdir ki, əla yazılmış fortepiano partiyası çoxlu maraqlı tapıntılarla və şəffaf orkestrləşdirmə ilə dolu olan partitura – bu konsertin əsas məziyyətlərindəndir.»

       Müəllif sonra yazır ki, ümidvarıq ki, E.Nəzirova və F.Əmirovun «Konsert»i zəngin və dərin özünəməxsusluğuna görə ifaçıların diqqətini cəlb edəcək və əsər konsert estradalarında populyarlıq qazanacaq.

       D.Məmmədbəyovun sözü düz oldu. Yarandığı gündən bu günümüzə qədər həmin konsert ən məşhur pianoçuların repertuarından düşmür. Həmçinin ali və orta ixtisas tədris proqrramlarına daxil edilərək hal-hazırda da tələbələrin sevə-sevə ifa etdikləri əsərdir.

       Azərbaycan simfonik əsərlərindən söz düşəndə F.Əmirovun üç simfonik muğamı xüsusi vurğulanır. Bu da təsadüfi deyil. O, Azərbaycanda iki musiqi janrının yaradıcısıdır. Simfonik muğam və muğam-poema janrlarının.

       Bəstəkarın simfonik muğamlarını xüsusi qeyd etməliyik. Çünki o, məhz simfonik muğam vasitəsilə dünyada tanınmışdır.

       F.Əmirovun simfonik muğamlarına istər görkəmli rus musiqişünasları, istərsə də görkəmli Azərbaycan musiqişünasları müraciət etmiş və hər bir kəs öz yaradıcılıq istedadı çərçivəsində bu şedevr əsərlərə qiymət vermişlər. Bu qəbildən olan əsərlər haqqında D.Məmmədbəyov da kitabçalar çap etdirmişdir. O, bu əsərləri belə qiymətləndirir: «Azərbaycan bəstəkarlarının əsərləri arasında milli özünəməxsusluğu, novatorluğu və yüksək ifadəliliyi ilə seçilən əsərlər vardır. Onlar arasında F.Əmirovun «Şur», «Kürd-Ovşarı», «Gülüstan-Bayatı-Şiraz» simfonik muğamları əlahiddə yüksək səviyyəsi ilə diqqəti cəlb edir. Onun simfonik muğamlar haqqında iki kitabı çap olunmuşdur.

       Müəllif kitabçalarının əvvəllərində xalq musiqisi janrlarından söz açır, muğamların struktur xüsusiyyətlərini səciyyələndirir, Ü.Hacıbəyovun yaratdığı lad konsepsiyasını açıqlayır. Bir növ oxucunu bu tədqiqat üçün ciddi yazırlayır. Sonra muğamların ardıcıllığında dəstgahın komponentlərini təşkil edən dəraməd, rəng, təsnif janrlarının əsas xüsusiyyətlərini oxuculara çatdırır.

       Sonrakı bölmədə müəllif muğamla əlaqədar opera, fantaziya əsərlərindən söz açır, onların Azərbaycan professional musiqisində əhəmiyyətini izah edir.

       Birinci kitabda müəllif iki muğama – «Şur» və «Kürd Ovşarı»ya müraciəit edir. Müəllif qeyd edir ki, «Şur» xalq arasında çox yayılmış muğam dəstgahıdırsa, «Kürd-Ovşarı» köməkçi muğamlar kateqoriyasına aiddir. Müəllif doğru bir fikir söyləyir ki, «Şur» təyinedici vəziyyət kəsb edirsə, «Kürd-Ovşarı» isə əsas «Şur» muğamına tabe olaraq onun təbii davamıdır. Müəllif «Şur»dan «Nişibi-faraz»ı çıxarıb, «Iraq» isə «Rast»a aid olduğuna baxmayaraq «Şur»a daxil etmişdir.

       Sonra müəllif «Şur» simfonik muğamının müqəddimə mövzusundan, «Mayeyi-Şur» şöbəsindən (onun ritmik xüsusiyyətlərindən, kadans dönmələrindən, ondan sonra səslənən təsnifin lad-melodik çalarlardan, ağac nəfəsli alətlərə əsaslanan şəffaf orkestrləşdirmədən söz açır. Təsnifdən sonra muğamın «Şur-Şahnaz» bölməsinə keçilir. Üçhissəli quruluşa malik «Şur-şahnaz»da D.Məmmədbəyov xüsusilə sərbəst muğam səciyyəsində qurulmuş kənar hissələr mahnıvari orta bölmə ilə kontrastlıq yaratdığını göstərir. Bu keyfiyyətli o, maraqla açıqlayır.

       Burada müəllif F.Əmirovun orkestrləşdirmədə bir yeniliyini – iki oktava məsafəsində melodiyanın ikiləşməsini (kiçik fleyta və bas-klarnet alətlərin ifasında), göstərir ki, o da öz növbəsində «şərq» koloriti yaradır.

        «Şur-şahnaz» bölməsinin sonunda verilmiş «Ay qadası» mahnısının melodiyası əsasında rəng şöbəni yekunlaşdırır. Müəllifin yazdığı, kimi onun melodiyası özündə rəqslə mahnını uzlaşdırır».

       Yeni şöbə Bayatı haqqında lad və tematik cəhətdən onu demək olar ki, burada «Çoban bayatı»sından istifadə olunur. Bayatıdan sonra səslənən «Evləri var xana-xana» məşhur Azərbaycan xalq mahnısıdır.

       D.Məmmədbəyov bu şöbənin musiqisini belə səciyyələndirir: «Əgər musiqi əvvəl muğam improvizasiyası üslubunda qurulmuşdursa, gələcəkdə inkişaf zamanı musiqi mahnı ilə müqayisə oluna bilər».

        «Iraq» şöbəsi isə öz xarakterinə görə epik səciyyədədir. D.Məmmədbəyov göstərir ki, burada ifadəli-musiqi vasitələri mərdlik, igidlik məzmunlu musiqiyə qulluq edir.

       Məlumdur ki, F.Əmirov «Iraq» şöbəsindən sonra nə təsnifdən, nə də rəngdən istifadə edib. Onları məhz ciddi, dəqiq metroritmə söykənən «Simayi-şəms» şöbəsi əvəz edir. Müəllif yazır: «Bu, simfonik muğamda son şöbədir. O, özünün fərqləndirici cizgiləri ilə cəlb edir. Hər şeydən əvvəl o, «Şur»un, daha doğrusu «Mayeyi-şur»un oktava yuxarı keçirilməsidir. Beləliklə, muğamda reprizalıq yaranır. Və müəllif iki tipli «Səmayi Şəms»dən söz açır. Və belə qənaətə gəlir ki, zərbin dəqiq müşayiətilə xanəndə tərəfindən oxunan muğamı işləməklə F.Əmirov ilkin folkloru inkişaf etdirir. Bəstəkarın qısa, ikixanəli motivi ora tədbiq edilməklə o, bütün şöbəni əhatəyə alır.

       O da qiymətlidir ki, F.Əmirov burada maraqlı polifonik üsulunu şöbə formasının ümumi dinamikliyi ilə çox ustalıqla birləşdirməyə nail olmuşdur.

       Simfonik muğamın yekun şöbəsi «Nişibi Fəraz» vasitəsilə əvvəlki tematik materiala, yəni «mayeyi şura» qayıdılır.

       Sonda kitabçada oxuyuruq: «Şur» muğamı giriş mövzusu ilə bitir. Bu əlamət əsərdə bütövlük, tamlıq yaradır. Sonda səs azalır, violaların, skripkaların, fleytaların flajoletləri ilə bas-klarnet son dəfə mövzunu şərh edir».

       Beləliklə, F.Əmirovun «Şur» simfolnik muğamı ardıcıllıqla, şöbə-şöbə, həm tarixi, həm də nəzəri təhlillə rövnəqlənmişdir. Müəllif özü tar çalan olduğu üçün təhlilləri xalq professional musiqiçilərin ifaçılıq xüsusiyyətləri ilə əlaqəli şəkildə apararaq düzgün və maraqlı nəticələr əldə etmişdir.

       1940-cı ildə C.Qaryağdıoğlunun ifasından yazılmış «Kürd Ovşarı» simfonik-muğamında əsasən zərbi muğamlara əsaslanaraq müəllif ardıcıl olaraq aşağıdakı şöbələrin: «Ovşarı», "Təsnif", "Şahnaz", «Kürdü» «Mani» şöbələrinin orkestr təfsirində səciyyəvi cəhətlərinin icmalı ilə oxucunu tanış edir. O, muğamların qısa təhlilini edəndən sonra belə bir dəyərli nəticəyə gəlir ki, xalq muğamlarına müraciət edən F.Əmirov mürəkkəb bir yaradıcılıq məsələsini həll etmişdir. O, öz məzmunu cəhətdən dərin, musiqi dili və orijinal forması baxımından xəlqi əsər yaratmış və özünəxas yaradıcılıqla musiqi sənətinin yeni janrla ilə – simfonik muğam janrını zənginləşdirmişdir».

       Moskvada Dövlət Konservatoriyasının tarix və nəzəriyyə kafedrası tərəfindən çap olunmuş «F.Əmirovun «Gülüstan-Bayatı-Şiraz» simfonik muğam" kitabçasında isə D.Məmmədbəyov əvvəl simfonik muğamların yaranma tarixini, sonra «Gülüstan Bayatı-Şiraz» muğamının şöbə ardıcıllığı ilə qısa şəkildə icmalını verir. Bu kitab əyani vasitə kimi not nümunələri ilə təchiz edilmişdir.

       Müəllif yazır: «Gülüstan Bayatı-Şiraz» epik-dramatik poemaya aid parlaq nümunədir. Bu əsərdə muğamın nağıl-poetik atmosferi öz gözəl təcəssümünü tapmışdır. Əsər Şərqin böyük şairi Sədi və Hafizin lirik poeziyası ilə bəzənmişdir. Milli simfonik yaradıcılığın məşhur əsərlərindən olan F.Əmirovun bu muğamı bu günümüzə qədər öz bədiiliyini saxlamış, konsert estradalarında (bəstəkarların festival, plenum və qurultaylarında, konsertlərdə – R.Z.) şövqlə səslənir və təkcə bizim ölkəmizdə deyil, onun xaricində də böyük uğurla qarşılanır».

       D.Məmmədbəyov «Azərbaycan xalq lirik mahnıları»nın toplayanı və nota köçürənidir. Bu məcmuə 1965-ci ildə Moskvanın «Muzıka» nəşriyyatında çap olunmuşdur. Əvvəl nota yazılmış mahnılarla yanaşı, həmçinin, D.Məmmədbəyovun nota yazdığı 15 xalq mahnısı və 7 xalq rəqsi məcmuəyə daxil edilmişdir.

       D.Məmmədbəyov kitab və kitabçalarla yanaşı 50-dən artıq elmi məqalənin müəllifidir. Bu məqalələrdə bəstəkarların yaradıcılığı, onların yaradıcılığında xalq musiqisindən istifadə məsələləri və başqa aktual problemlər öz dolğun əksini tapmışdır.

       D.Məmmədbəyov 50 ildən artıqdır ki, Moskva Dövlət Konservatoriyasının müəllimi, baş müəllimi, hal-hazırda isə dosentidir. O, bu 50 il ərzində konservatoriyanın musiqi nəzəriyyəsi kafedrasında dərs deyir, nəzəri fənlərdən mühazirələr oxuyur. Mən dəfələrlə bu kafedrada təcrübə keçmiş, doktorluq dissertasiyamı məhz bu kafedrada müzakirə etdirmişəm. Və hər dəfə D.Məmmədbəyov haqqında öz həmkarlarından çox müsbət fikirlər eşitmişəm və onunla fəxr etmişəm.

        Bu il Davud Məmmədbəyovun 70 yaşı tamam olur. Onun həm elmdə, həm də pedaqoji fəaliyyətində yeni-yeni planları var. Mən respublikanın musiqi ictimaiyyəti adından Davud Məmmədbəyovu anadan olmasının 70, elmi pedaqoji fəaliyyətinin 55 illliyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona can sağlığı, uzun ömür, elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar diləyirəm.

Ramiz ZÖHRABOV

       1. D.Məmmədbəyov. Muğam ustası Əhməd Bakıxanov. B., 1966, səh.18.










Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70