INTERNET SƏHIFƏLƏRINDƏ...
.
 



       «Musiqi Dünyası» nəşriyyat mərkəzi eyni adı daşıyan pəşəkar jurnalın dövrü nəşrindən başqa milli musiqi mədəniyyətini dünya miqyasında təbliğ edən müxtəlif mövzulu elektron WEB saytlarını hazırlamaqla da müntəzəm və ciddi şəkildə məşğul olur. Indiyə qədər dünyanın geniş oxucu kütləsi həmin INTERNET səhifədəri ilə tanış olmuşlar.

       Ötən ildən başlayaraq mərkəz rəqəmli informasiya vasitələrindən istifadə etməklə daha bir iri layihəni həyata keçirməyə başlamışdır. Bu layihə «Harmoniya» adlı beynəlxalq elektron musiqi-kulturoloji jurnalın nəşrindən ibarətdir. Artıq jurnalın iki nömrəsi INTERNET şəbəkəsinə buraxılmışdır (http://harmony.musigi-dunya.az).

       Sənətşünaslıq doktoru, professor Tariyel Məmmədovun şəxsi təşəbbüsü və əməli səyləri ilə ərsəyə gəlmiş yeni jurnalın redaksiya heyətinə Azərbaycan musiqişünaslarından, sənətşünaslıq namizədləri S.Bağırova, A. Əmrahova və F. Xalıqzadə, Pererburq konservatoriyasının dosenti T.Braslavskaya, Tbilisi Musiqi Mərkəzinin direktoru sənətşünaslıq namizədi T. Kaxidze, Özbəkistanın tanınmış musiqi xadimi A. Cumayev, Qazaxıstanın gənc istedadlı musiqi tarixiçisi S. Daukeyeva da daxildirlər.

       Son zamanlar humanitar sahədə çalışan bədii sənət və mədəniyyət üzrə mütəxəssislərimiz, xüsusilə də musiqişunaslarımız beynəlxalq əlaqələrin xeyli dərəcədə zəifləməsindən, Sovet Ittifaqının dağılmasından sonra meydana gəlmiş yeni müstəqil dövlətlər arasındakı əlaqələrin qırılmasından tez-tez gileylənirlər. Həqiqətən də bu gün yaxın və uzaq xaricin istər musiqi təcrübəsində, istərsə də musiqi elmində gedən prosesləri izləmək imkanı çox azalmış, yaradıcılıq əlaqələri xeyli məhdudlaşmış və milli məktəblər az qala özünə qapanmalı olmuşlar. Bir tərəfdən qabaqcıl musiqişünaslıq məktəblərinin vəziyyəti böyük maraq döğurur, digər tərəfdən isə biz özümüz də nailiyyətlərimizlə dünyaya açılmaq, elmi nəticələrimizə qarşı oyana biləcək maraq və iradlarlarla tanış olmaq istəyirik. Və Azərbaycan milli musiqişünaslığının bu yolla irəliləməsini arzu edənlər, şübhəsiz, haqlıdırlar.

       Redaksiya adından yazılmış ön sözdə (müəllifi — professor T. Məmmədovdur) kompyuter texnologiyasının sürətlə inkişaf etdiyi bir şəraitdə musiqi, incəsənət və, ümumiyyətlə, mədəniyyətin tədqiqatçıları qarışısında duran mühüm vəzifələr və yeni əməkdaşlıq formaları haqqında oxuyuruq:

       «Bəşər mədəniyyəti zəngin və rəngarəng bir aləmdir. Bu rəngarənlik ahəngdarlığı, insanların və özünəməxsus mədəniyyətlərin üzvi yanaşıyaşamasını təmin edir. Mədəni plyuralizm cəmiyyətin demokratikləşməsi ilə sıx bağlı olub bədii mübadilələri bəsləyən bir mühiti əmələ gətirir, seçim imkanlarını genişləndirir. Mədəniyyətdə rəngarəngliyin rəhnini isə informasiya vasitələrinin çoxcəhətliliyi, çoxdillilik, bədii və elmi-texniki biliklərin, (o cümlədən rəqəmli formalarda) bərabər əldə olunması təşkil edir».

       «Harmoniya» elektron jurnalının rubrikaları muasir musiqi tədqiqatlarının müxtəlif məsələlərini əhatə etməklə mütəxəssislərin səylərini həmin istiqamətlərə yönəldir: Irs, Musiqi tarixi, Musiqi nəzəriyyəsi, Mədəniyyət barədə dialoqlar, Mənbəşünaslıq, Mədəniyyətşünaslıq, Etnomusiqişünaslıq, Din və musiqi kimi sırf elmi məzmunlu bölümlərlə yanaşı müxtəlif ölkələrdəki elmi və ictimai-mədəni hadısələrə işıq tutan Biblioqrafiya, notoqrafiya, diskoqrafiya, saytoqrafiya; Konfranslar, Portretlər və Yeniliklər də özünə yer tapır.

       Qeyd olunan rubrikalar üzrə «Harmoniya»nın ilk nömrəsində 20, ikincisində isə 26 olmaqla, cəmi 46 sanballı elmi məqalə və məlumat şəbəkəyə buraxılmışdır. INTERNET-in oxucuları burada Rusiyanın görkəmli musiqişünas alimlərindən V.Xolopovanın, M. Aranovskinin və başqalarının, mədəniyyətşünas Knabenin, dinşünas Ş. Şükürovun, Özbəkistandan A. Cumayevin, N. Hasanovanın, K. Akilovanın, Tacıkistandan Ə.Nizomovun, Qazaxıstandan B.Amanjolun, S. Daukeyevanın, Qızğızıstandan A. Anarkulovanın məqalələri ilə tanış ola bilərlər.

       Müasir musiqinin nəhəng simalarından biri olan alman bəstəkarı K. Ştokhauzenin «Vebernin 9 alət üçün Konserti or. 24» adlı məqaləsini öz tərcuməsində təqdim etmiş, sonra da onu xüsusi bir məqalədə dərin təhlil etmiş Y. Xolopovun «Harmoniya» ya töhfəsi də çox önəmlidir.

       Rusiyanın bir sıra görkəmli mütəxəssisləri ilə dialoqların uğurlu alınmasında və ümumiyyətlə, bu ölkə ilə sıx elmi əlaqələrin yaradılmasında elektron jurnalımızın redaksiya heyətinin üzvü sənətşünaslıq namizədi A. Əmrahovanın əməyi də xüsusi vurğulanmalıdır. Yaxın xaricdən göndərilmiş məqalələrin hamısını sadalamaqdansa, hörmətli oxucularımızın şəbəkəyə girib həmin yazılarla şəxsən tanış olmalarını arzu edərdik.

       «Harmoniya» Azərbaycanın musiqişünaslarına, xüsusilə də rus dilli mütəxəssislərimizə məxsus elmi əsərlərin INTERNET-də yayımlanması üçün böyük imkanlar açır. Sevindirici haldır ki, alimlərimiz bu təklifə etina göstərərək jurnalla fəal əməkdaşlığa başlamış və respublikamızı layiqincə təmsil edən maraqlı məqalələr hazırlamışlar. Zəngin musiqi irsimizin tədqiqi və nəşri məsələləri (Z. Səfərova), keçmişin ustad tarzənlərindən Mirzə Fərəcin fəaliyyəti (S. Bağırova), Azərbaycanın Opera və Balet teatrının tarixi (S. Qasımova), dahi Q. Qarayev barədə yeni tədqiqata rəy (Z. Dadaşzadə), görkəmli pianoçu F. Bədəlbəylinin portreti (R. Həsənova), muasir mədəni siyasət (N. Axundova) öz-özlüyündə bu məqalələrin mövzu rəngarəngliyi barədə kifayət qədər aydın təsəvvür oyadır. Bundan başqa Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin direktoru A. Bayramovanın, əməkdar artist E. Isgəndərovun, sənətşünaslıq namizədi G. Mahmudovanın məqalələri də qeyd olunmalıdır. Bu məqalələr m əhz «Harmoniya» elektron jurnalının səhifələrində ilk dəfə işıq üzü gösmüşdür.

       «Harmoniya»nın bütun dünya üzrə daxil ola bilmədiyi kompyuter yoxdur. Buna görə də jurnal indiyə qədər heç bir yerdə çap olunmamış, tamamilə yeni yazılarla yanaşı başqa məcmuə və dərgilərin dəyərli materiallarını da öz səhifələrində yerləşdirərək onların qlobal miqyasda yayılmasını təmin edir.

       Lakin yayılma məkanı dil faktoru ilə də sıx bağlıdır. MDB və Şərqi Avropa hüdudlarını aşmaq məqsədi ilə «Harmoniya» jurnalının digər rəsmi dili ingiliscədir. Başqa qitələrlə dialoqun qurulması istiqamətində artıq ilk nömrədə müəyyən addımlar atılmış, T. Məmmədov, R. Hacınskaya, A. Cumayev, A. Axundova, L. Fərəcova, D. Ismayılova öz yazılarını ingilis dilində təqdim etmişlər. Bu işi davam etdirmək və Qərb mutəxəssislərinin də diqqətinə layiq görülmək redaksiya heyətinin mühüm strateji vəzifələrindən biridir.

       Ötən ildən yayımlanmağa başlamış elektron jurnalı hələlik yaxın xaricdəki mütəxəssislərin icmasını meydana gətirmiş, onların bir yerə yığışıb elmi konfrans keçirməsi üçün təşəbbüs göstərmiş və bu tədbir Açıq Cəmiyyət Institutunun dəstəyi ilə 2002-ci ilin noyabr ayında Bakıda keçirilmişdir. Musiqi mədəniyyətinin tədqiqi ilə məşğul olan mütəxəssislərimiz belə bir elmi məclis üçün yamanca darixmışdılar. «Qloballaşma dövründə mədəni irsin və ənənəvi biliklərin qorunub saxlanılması» mövzusunda keçirilmiş Beynəlxalq. Elmi Konfransa folklorçu və mədəniyyətşünaslar da dəvət olunmuşdu Konfransın materialları «Harmoniya» jurnalının ikinci sayına daxil edilmişdir.

       Dünyamızın bütün kompyuterlərini birləşdirən şəbəkələr şəbəkəsi INTERNET Azərbaycanda 90-ci illərdə meydana gəlmişdir. Lakin yeni informasiya texnologiyası yaşlı nəslin nümayəndələri arasında hələ istənilən dərəcədə rəğbət qazanmamışdır. Ümüd edirik ki, bir sıra qiymətli elektron WEB saytlarının yaradılması ilə yanaşı «Harmoniya» adlı Beynəlxalq Elektron musiqi-mədəniyyətşünaslıq jurnalının uğurlu fəaliyyətə başlaması bu texnologiyaya qarşı marağın genişlənməsinə səbəb olacaq, musiqişünaslığımızın inkişafında mühüm bir amilə çevriləcəkdir.

       Redaksiyanın ünvanı: Azərbaycan, Bakı, 370014, Ş.Bədəlbəyli küçəsi, 98. BMA, Opera studiyası info@musigi-dunya.az

        «Harmoniya» jurnalına məqalələr rus və ingilis dillərində qəbul olunur və redaksiya şurasının rəyinə verilir. Məqalələrin mətni WORD proqramında təqdim olunmalıdır. Aşağıdakı məlumatların verilməsi zəruridir.

       1. Müəllifin tam adı və soyadı.

       2. Iş yeri, vəzifəsi, alimlik dərəcəsi və elmi adı.

       3. Telefon, faks, elektron poçtun ünvanı.

Fəttah XALIQZADƏ











Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70