2003-cü ildə Azərbaycan Bəstəkarlar Ittifaqının təşkil etdiyi və iki böyük konsert proqramından ibarət olan Festivalı bütövlükdə xor musiqisinə həsr olunmuşdu.
Mayın 5-də Bakı Musiqi Akademiyasının Böyük zalında festivalın açılışı və ilk konserti oldu. Onun proqramında musiqi məktəblərinin uşaq xor kollektivlərinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri səsləndi. Konsertdə Bülbül adına Orta Ixtisas Musiqi Məktəbinin «Qız qalası» (rəhbəri Dilarə Əliyeva) və «Səda» oğlanlar xoru (rəhbəri Məryəm Babayeva), 35 saylı Orta Ixtisas Musiqi Məktəbinin xoru (rəhbəri Svetlana Qriçeşkina), habelə 4 saylı Uşaq Musiqi Məktəbinin (xormeyster Elmira Mənsurova), 22 saylı Uşaq Musiqi Məktəbinin (xormeyster Nəzakət Mövsümzadə) və 32 saylı Uşaq Musiqi Məktəbinin Balaxanı filialının (xormeyster Ədilə Mehdiyeva) uşaq xorları iştirak etdilər. Onlar Tofiq Quliyev, Vasif Adıgözəlov, Aqşin Əlizadə, Rəşid Şəfəq, Azər Dadaşov, Cəlal Abbasov, Adilə Yusifova, Ilham Abdullayevin əsərlərini ifa etdilər.
Iyunun 24-də Bakı Musiqi Akademiyasının Böyük zalında festivalın ikinci konserti oldu. Azərbaycan Dövlət Xor Kapellasının iştirak etdiyi bu konsertdə Sərdar Fərəcovun acapella xoru üçün «Diptix» əsəri, Azər Dadaşovun «Şükürlər olsun sənə» və «Kim allahı sevər» miniatürləri, Oqtay Rəcəbovun «Segahsayağı»sı, Şəfiqə Axundovanın Ü. Hacıbəyova həsr olunmuş «Yaşadacaq el səni» odası, Rauf Əliyevin «Nə dilərsən ürəyim», Məmməd Cəfərovun «Yuxulama, oğuz oğlu» kantatası və Faiq Nağıyevin solist və acapella xoru üçün Q.Qarayevin xatirəsinə Konserti səsləndi. Xorun bədii rəhbəri Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Gülbacı Imanova, xormeyster Yulizana Kuxmazova idi.
Iyunun 25-də Bəstəkarlar Ittifaqında Festivalın nəticələrinə həsr olunmuş müzakirə keçirildi. Müzakirədə bəstəkarlar, musiqişünaslar və media nümayəndələri iştirak etdilər. Aşağıda müzakirənin bəzi məqamlarını oxucularımızın nəzərinə çatdırırıq.
Ramiz Zöhrabov
Azərbaycan Bəstəkarlar Ittifaqı Idarə Heyətinin Katibi, sənətşünaslıq doktoru, professor:
Xor musiqisi festivalının 2 gün keçirilməsi təsadüfi deyildi. Birinci konsertdə 4, 22, 32 və 35 saylı Uşaq Musiqi Məktəblərinin və Bülbül adına Orta Ixtisas Musiqi Məktəbinin birləşmiş xor kollektivləri, ikinci konsertdə isə Azərbaycan Xor Kapellası iştirak etdi. Proqrama həm iri, həm də kiçik həcmli xor əsərləri daxil edilmişdi. Xüsusilə, iri həcmli əsərlər içərisində Faiq Nağıyevin xor üçün Konsertini qeyd etmək lazımdır. Iri həcmli əsərlər sırasında Məmməd Cəfərovun «Yuxulama, oğuz oğlu» Kantatası, Oqtay Rəcəbovun «Segahsayağı»sı (7 hissəli), Rauf Əliyevin «Nə dilərsən, ürəyim» mahnısı rəğbətlə qarşılandı.
Festivalın proqramına daxil edilmiş bütün əsərlər Bəstəkarlar Ittifaqının «Vokal-simfonik musiqi» bölməsində diqqətlə seçilərək ifaçılara təqdim edilmişdi. Həm xor kapellası, həm də uşaq xor kollektivləri bu əsərlərin hazırlanmasına ciddi yanaşaraq yüksək ifaçılıq səviyyəsi nümayiş etdirdilər.
Mən festivalın müzakirəsinə həsr olunmuş iclası açıq elan edirəm və Sizdən xahişim odur ki, festivala öz münasibətinizi bildirəsiniz və xor musiqisi sahəsində olan çatışmazlığa, ifaçıların səviyyəsinə, bəstəkarlarımızın xor janrlarında yaratdığı əsərlərə tənqidi yanaşıb, mülahizələrinizi söyləyəsiniz.
Zümrüd Dadaşzadə
musiqişünas, sənətşünaslıq namizədi, dosent:
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Azərbaycanda xor musiqisinin zəngin ənənələri var. Ü.Hacıbəyovun operalarından başlayaraq Azərbaycan bəstəkarlarının yaradıcılığında xor elementlərindən istifadə edilmişdir. 60-cı illərədək Azərbaycan bəstəkarlarının yaradıcılığında xor musiqisi ön planda idi. 60-cı illərin sonu 70-ci illərin əvvəlində bu sahədə əsas nailiyyətlər əldə edilir: C.Cahangirov, A.Əlizadə, R.Mustafayev və b. bəstəkarların xor əsərləri meydana çıxır. Lakin o dövrdə simfonik musiqi, musiqili-səhnə əsərləri, kamera əsərləri daha çox diqqət mərkəzində idi. Indiki dövrdə vəziyyət dəyişməkdədir. 90-cı illərdən başlayaraq Azərbaycan dünya mədəniyyətinə, iqtisadiyyatına inteqrasiya olunur. Azərbaycan bəstəkarlarının əsərləri bu gün beynəlxalq festivallarda tez-tez fəal ifa edilir. Sevindirici haldır ki, bəstəkarlarımızın xor əsərləri xarici ölkələrin konsert salonlarında səslənir. Vasif Adıgözəlovun «Çanaqqala» oratoriyası Türkiyədə, Fərhəng Hüseynovun «Bu dünyada sülh olsun» oratoriyası ABŞ-da,
Firəngiz Əlizadənin «Əbədiyyətə səyahət» oratoriyası Isveçrədə böyük müvəffəqiyyət qazanmışdır. Hal-hazırda Azərbaycan xor musiqisində müəyyən irəliləyişlər, müsbət tendensiyalar özünü göstərməkdədir.
Bu festivalda əsərlərin məzmunu ilk növbədə həyatımızla səsləşirdi. Onlar zahiri pafosdan uzaq olub, bizim duyğularımızı əks etdirən əsərlər idi. Həqiqətən də, bəstəkarlarımız onları narahat edən məsələlərə – mənəviyyatla, vətənpərvərliklə bağlı məsələlərə üz tutublar. Burada müxtəlif həcmli əsərlər – kantata, xor konserti, mahnı və s. səsləndi. Bu əsərlər sırasında mənə daha çox təsir bağışlayan Azər Dadaşovun «Şükürlər olsun» və «Kim allahı sevər» adlı 2 xor miniatürü oldu. Onlardan ikincisi (M.Füzulinin sözlərinə) daha çox diqqəti cəlb etdi. Yəni, bəstəkarın sözə varmaq, onu musiqi dilinə köçürmək bacarığı göz qabağında idi. Burada artıq uzun illər xor üçün yazmış, püxtələşmiş bəstəkar qələmi hiss olunurdu.
Eyni zamanda M.Cəfərovun «Yuxulama, oğuz oğlu» kantatasını qeyd etmək istərdim. Bu əsəri bəstəkar stereotiplərdən qaçmaq iqtidarı ilə yazıb: böyük bir ehtiyac duyduğumuz vətənpərvərlik mövzusu çox səmimiyyətlə həll olunmuşdu. Bütün hissələri təzad prinsipi üzrə quran bəstəkar nəticədə əsas məqsədə – yüksək duyğuları, vətənpərvərlik hisslərini dinləyici auditoriyasına aşılamağa nail olmuşdur.
Faiq Nağıyevin xor konserti heç kimi laqeyd qoymadı. Bu, Qara Qarayevin xatirəsinə ithaf edilmiş əsərdir. Adətən, belə əsərlər Avropada dini mövzulara yazılır. Məsələn, xor musiqisində Passionları xatırlamaq olar. Bizim bəsətəkarlar da bu janrların təməlinə qayıtmağa çalışırlar. Amma onlar bizim islam dininin motivlərini xor musiqisinə gətirmək istəyirlər. Bu baxımdan F.Nağıyevin əsəri yaxşı düşünülmüşdü. Bəstəkar hissələrin ardıcıllığını emosional crescendo üzrə qurmuşdur: Ağı, Əlvida, Fəryad. Burada vokaliz, avazla oxumaq deyil, hansısa bir deklomasiya ünsürlərindən istifadə edilib. Bəstəkar Azərbaycanda yeni, işlənilməyən bir mövzuya müraciət edib. Bəstəkarlar belə mövzulara ehtiyatla yanaşmalıdırlar. Çünki burada xüsusi nüanslar var. Mən Fərəc Qarayevin «Xütbə, muğam, surə» əsərini təhlil edərkən islam dini üzrə bir çox mütəxəssislərlə (məsələn, professor Vasim Məmmədəliyev və b.) məsləhətləşdim: islamda olan qanunları musiqiyə gətirmək nə dərəcədə mümkündür? Əlbəttə, bəstəkarlar buna ehtiyatla ya
naşmalıdırlar. Zənnimcə, F.Nağıyev buna nail olub. O, böyük bəstəkar Q.Qarayevin itkisindən doğan hissləri musiqidə çox gözəl ifadə edə bilmişdir. Bu, bizim musiqimizin də müəyyən mənada uğurudur.
Eyni zamanda Rauf Əliyevin acapella xoru üçün «Nə dilərsən, ürəyim»mahnısı bəstəkarın xorun bütün xüsusiyyətlərini duymaq, səslər arasında nisbəti, balansı düzgün qurmaq baxımından çox uğurludur. Bu, xor kollektivinin daimi repertuarına daxil olmaq iqtidarına malik bir əsərdir.
Əlbəttə, Şəfiqə Axundovanın «Yaşadacaq el səni» əsəri səriştəli bir bəstəkar qələmindən çıxan yüksək səviyyəli əsər idi.
Sərdar Fərəcovun xor üçün «Diptix» (Ü.Hacıbəyova ithaf) əsərinin yalnız ikinci hissəsi səsləndiyinə görə həmahənglik yox idi. Ifada da müəyyən qüsurlar hiss olunurdu. Etiraf etmək lazımdır ki, əsər tam hazır deyildi.
Ən çox məyus edən Oqtay Rəcəbovun «Segahsayağı»sı oldu. Bu əsər xor üçün bəsit işlənmə təəssüratı doğurdu. Müəllif xorun imkanlarını nəzərə almalı idi. Həm intonasiya səviyyəsində, həm də xoru təşkil etmək nöqteyi-nəzərindən əsər zəif idi.
Prinsip etibarilə mən, bu konserti yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bizim xor kapellası öz işində irəliləyişlər etməyə çalışır. Xorun yalnız ənənəvi deyil, onun sonor imkanlarından da istifadə etmək lazımdır. Lakin bizim xorun ifaçılıq qüvvələri buna hələ imkan vermir. Amma xor kapellası belə müntəzəm şəkildə çalışarsa, gələcəkdə daha mürəkkəb əsərləri də ifa edə bilər.
Qeyd etmək lazımdır ki, uşaq repertuarı üçün yazılmış xor əsərləri çox vacib bir sahəni təşkil edir. Məktəblərdə oxunan xor repertuarına çox böyük ehtiyac var. Bu baxımdan Azər Dadaşovun «Yeni Azərbaycan» marşı, Rəşid Şəfəqin «Müqəddəs ocaq» mahnısı, Adilə Yusifovanın «Vokaliz»i çox maraq doğurdu. Inanıram ki, bu əsərləri uşaqlar sevə-sevə oxuyacaqlar.
Mən Bəstəkarlar Ittifaqına və ifaçılara belə gözəl tədbirin keçirilməsində öz minnətdarlığımı bildirirəm.
Məmməd Cəfərov
bəstəkar
Mən öz adımdan, həm də Bəstəkarlar Ittifaqının adından Xor Kapellasının kollektivinə öz minnətdarlığımı bildirirəm. Çünki onlar əsərlərin hazırlanmasında çox əziyyət çəkdilər. Mən tez-tez məşqlərə gedirdim və digər müəlliflərlə də rastlaşırdım. Lakin bəzi bəstəkarlar əsəri ifaçıya təqdim edib, yalnız konsertə – artıq hazır əsərə qulaq asmağa gəlirlər. Bəstəkar mütləq məşqlərdə iştirak etməlidir.
Konsertdə səslənən əsərlər içərisində ən çox xoşuma gələn F.Nağıyevin xor konserti oldu. Bu, son illərdə xor sahəsində bəlkə də yenilikdir. R.Əliyevin xor üçün mahnısı da çox gözəl təsir bağışladı.
Bu gün bizim musiqimizdə insan problemi, mənəviyyat problemi əsas yer tutur. Bunu canlandıran hər hansı bir bədii əsər, musiqi əsəri alqışa layiqdir. Hesab edirəm ki, xor musiqisi festivalı çox uğurlu keçdi. Mən Bəstəkarlar Ittifaqından xahiş etmək istəyirəm ki, bizim əsərlərimizin Mədəniyyət Nazirliyi tərəfindən alınmasında köməklik göstərsin.
Adilə Yusifova
bəstəkar, sənətşünaslıq namizədi, dosent:
Mən, F.Nağıyevin xor konserti haqqında öz subyektiv fikrimi bildirmək istəyirəm. Ümumiyyətlə, «konsert» sözünün etimologiyası «yarış» deməkdir. Burada biz solist ilə xor arasında açıq-aşkar yarış görmədik. Əlbəttə, mən mövcud olan ənənəvi instrumental konsert janrı ilə müqayisə etmək istəmirəm. Lakin xor konserti təəssüratı yaranmadı. Prinsip etibarilə bu əsər öz mövzusuna uyğun olaraq qapalı, kamera salonunda ifa edilsəydi, daha effektli səslənərdi. Eyni zamanda qeyd etməliyəm ki, harmonik dili çox dolğundur. Dörd səsli şaquli harmonik səslənmə çox aydın eşidilirdi.
Məmməd Cəfərovun əsəri çox gözəl təəssürat bağışladı. Onun bu əsərini orkestrləşdirmək yaxşı olardı. Bu əsərin məhz azərbaycanlı bəstəkar tərəfindən yazıldığı aydın hiss olunurdu. Xorun səsləri çox gözəl təşkil olunub.
Qeyd etməliyəm ki, xor kapellası bu konsertin sonuna qədər tonallığı saxlaya bildi. Son zamanlar kapellanın konsertlərində isə tonallığın yarım ton təhrif olunmasını hiss edirdik. Həqiqətən, kapella qısa müddət ərzində belə çətin əsərlərin öhdəsindən layiqincə gəlmişdir.
Faiq Nağıyev
bəstəkar:
Bəstəkarlar Ittifaqı və Xor Kapellasına öz minnətdarlığımı bildirirəm. Çünki bu xor festivalının təşkil edilməsində Bəstəkarlar Ittifaqının rəhbərliyi, həmçinin Gülbacı Imanova (Dövlət Xor Kapellasının rəhbəri) çox səy göstərmişlər. Lakin qeyd etmək istərdim ki, belə iri miqyaslı tədbirlərin hazırlanması üçün kifayət edəcək vaxt müddəti planlaşdırılmalı idi. Mən bir müəllif kimi hesab edirəm ki, əsərlərin hazırlanmasına bir qədər çox vaxt sərf olunsaydı, daha da yaxşı nəticə əldə etmək olardı.
Konsertdə səslənən əsərlər içərisində A.Dadaşov, M.Cəfərov, R.Əliyevin əsərlərini xüsusi qeyd etmək istərdim.
Öz əsərimə gəldikdə, deməliyəm ki, bu, Qara Qarayevin xatirəsinə həsr olunmuş xor konsertidir. Instrumental konsertlərdən fərqli olaraq, burada yarış yoxdur, çünki solist yalnız II hissədə iştirak edir. Konsert janrının əsas etibarilə inkişaf xüsusiyyətlərinə istinad edilib: I hissə – Ağrı; II hissə – Əlvida; III hissə – Fəryad adlanır, yəni matəm mərasiminin ardıcıllığı öz əksini tapıb.
Validə Əlixanova
musiqişünas, sənətşünaslıq namizədi, dosent:
Bəstəkarlar Ittifaqını, müəllifləri və ifaçıları təbrik edirəm. Festivalda səslənən əsərlər haqqında deyilən fikirlərlə razıyam. Lakin, F.Nağıyevin əsəri haqqında deməliyəm ki, bu, müəllifin öz şəxsi təxəyyülünün məhsuludur. O, dahi bəstəkarın itkisi ilə bağlı düşüncələrini, duyğularını məhz belə təsəvvür etmiş və dinləyicilərə çatdırmağa çalışmışdır.
Cəmilə Həsənova
musiqişünas, sənətşünaslıq namizədi, dosent:
Festivalın konsertləri çox yaxşı təsir bağışladı. Belə gözəl əsərlərə görə bəstəkarlara, xor kollektivlərinə öz minnətdarlığımı bildirirəm. Yalnız F.Nağıyevin əsəri ilə əlaqədar iradım var – bu əsərdə «Q.Qarayevə ithaf» özünü nə dərəcədə doğruldur? Sonuncu hissə daha çox dini musiqi təsiri bağışladı. Zənnimcə, dahi bəstəkarın xatirəsinə daha işıqlı obraz yaratmaq olardı. Bu mənim subyektiv fikrimdir.
Nərgiz Şəfiyeva
musiqişünas:
Bu xor konsertindən aydın oldu ki, bəstəkarlarımız xor musiqisinin əsas yazı texnikasını, ifadə xüsusiyyətlərini nə dərəcədə bilirlər? Hər bir bəstəkar öz istedadını, məqsəd və ideyasını müxtəlif istiqamətlərdə ifadə edə bilmişdi. F.Nağıyev, M.Cəfərov, R.Əliyev gözəl əsərlər nümayiş etdirdilər. Ş.Axundovanın əsəri xoş təsir bağışladı. Çünki o, xor yazı üslubunun incəliklərinə dərindən bələddir.
Lakin bəzi əsərlər yaxşı təəssürat bağışlamadı. O.Rəcəbovun «Segahsayağı» əsərinin harmonik dili segah ladının istinad pərdələrinə uyğun gəlmirdi. Bu əsər instrumental səslənmə təəssüratı yaratdı.
Rauf Əliyev
bəstəkar:
Bəstəkarlar Ittifaqının xor musiqisi festivalının keçirilməsi çox əlamətdar bir hadisə oldu. Belə tədbirlərin keçirilməsi xor musiqisi sahəsindəki nailiyyətlərin və yeniliklərin aşkara çıxarılması, inkişaf yollarının müəyyən edilməsi baxımından çox əhəmiyyətlidir. Lakin yaxşı olardı ki, bu tədbirlərdən sonra konfranslar, dəyirmi masa arxasında müzakirələr keçirilsin. Bu müzakirələrdə müəlliflərin iştirakı ilə ifa olunmuş əsərlər daha geniş, detallarla araşdırıla bilər.
Lalə Hüseynova
musiqişünas,
Azərbaycan Bəstəkarlar Ittifaqının Məsul Katibi:
Ittifaqımızın xor musiqisinə həsr olunmuş növbəti tədbiri festival adı altında keçirildi. Bu da təsadüfi deyildi. Iki böyük konsert proqramı özündə müxtəlif nəsil bəstəkarlarının həm səslənmiş və məşhurlaşmış, həm də ilk dəfə ifa olunan əsərlərini bir araya gətirmişdi. Nəticədə, xor musiqimizin əlvan mənzərəsi alındı. Festivalın yaxşı cəhətlərindən ümdəsi o idi ki, bütövlükdə bir konsertdə yalnız şagirdlərdən ibarət xor kollektivləri iştirak etdilər. Əlbəttə, onların hamısı eyni səviyyəli deyildi. Bəzilərinin hazırlıq dərəcəsi daha qənaətbəxş göründü və hiss olunurdu ki, bu kollektivlərdə xormeysterlər xüsusi şövqlə işləyir və öz peşələrinin vurğunudurlar. Bu baxımdan ilk növbədə Bülbül adına Orta Ixtisas musiqi məktəbinin «Qız qalası» xorunu və onun bədii rəhbəri Dilarə Əliyevanın xidmətlərini xüsusi qeyd etmək lazımdır. Bu xor yarandığı gündən gözəl nəticələr nümayiş etdirir və onun özünəməxsus simasının formalaşmasında bəstəkar Ilham Abdullayevin böyük zəhməti vardır. O, dövrün intonasiyasını, nəbzi
ni, ruhunu öz mahnılarında uğurlu tapıb və buna görə də uşaqlar bu əsərləri həvəslə ifa edir.
«Qız qalası» xorunun son vaxtlar çıxışı onun kifayət qədər mürəkkəb üslublu və irihəcmli əsərlərin də öhdəsindən gəlmək iqtidarına malik olmasından xəbər verir. Yeri gəlmişkən, bu ilin mart ayında bəstəkar Adilə Yusifovanın müəllif gecəsində «Yaz nağılı» kantatasının ifasını vurğulamaq istərdim. Hazırki festivalda da «Qız qalası» xoru kantatanın 3-cü «Bulaqlar» adlı hissəsini səsləndirdi. Əvvəla onu deyim ki, bu kantata, ümumiyyətlə, Azərbaycan musiqisində uşaqlar üçün yazılmış bu qəbildən olan ilk və zənnimcə uğurlu əsərdir. Həm musiqi dili, həm mövzuya orijinal yanaşma baxımından kantata maraq doğurur və uşaqların ənənəvilikdən uzaq müasir oxuma tərzinə yiyələnməsi nöqteyi-nəzərindən də diqqətəlayiqdir. A.Yusifovanın «Vokalizi» isə elə ifa zamanı balaca dinləyicilərin hüsn-rəğbətini qazandı.
«Bülbül» adına Orta ixtisas musiqi məktəbi festivalda daha bir xor kollektivini də nümayiş etdirdi. Bu kollektiv yalnız oğlanlardan ibarət idi. Bununla da məktəbin nəinki qızları, habelə oğlanları da festivala qatılmış oldular. Ümid edirik, bu kollektivin ömrü uzun olacaq.
Nəzəri cəlb edən bir kollektivin də adını çəkərdim: bu da, 32 saylı Uşaq Musiqi Məktəbinin Balaxanı filialının xoru idi. Onunla əməkdaşlıq edən bəstəkar Azər Dadaşovun məsləhəti ilə xorun rəhbəri Ədilə Mehdiyeva Bəstəkarlar Ittifaqına müraciət etmişdi. Öz növbəsində biz çox sevindik ki, kənd məktəbinin uşaqları da bizim tədbirlərimizdə iştirak edəcək. Hiss olunurdu ki, xormeyster məsuliyyətlə işinə yanaşır və çətinliklərə baxmayaraq uşaqları xora həvəsləndirib. Onlar Tofiq Quliyevin məşhur «Dostluq mahnısı»nı kifayət qədər təmiz, düzgün intonasiya ilə oxudular. Zənnimcə, bu kollektivləri gələcəkdə də müxtəlif uşaq tədbirlərinə cəlb etmək lazımdır.
Digər məktəblərin çıxışları da bu, və ya digər dərəcədə qənaətbəxş idi. Bir nüansı da diqqətə çatdırmaq istərdim. Yaxşı olardı ki, əsərləri səslənən bəstəkarlar kollektivlərlə əlaqə saxlayıb, bəzi məşqlərdə iştirak etsin. Bu zaman balaca ifaçılar müəllif qayəsini daha düzgün anlaya bilər. Bu məsələdə məktəblərin özləri təşəbbüs göstərməli və bəstəkarlara müraciət etməlidir. Bütövlükdə isə I konsert istər ifaçılar, istərsə də dinləyicilər tərəfindən böyük maraqla qarşılandı və yaxşı əks-səda doğurdu.
Bu günkü müzakirəmizdə festivalın daha çox ikinci - son konserti barədə fikir mübadiləsi yürüdüldü və xor musiqisində mövcud tendensiyalar, mövzular araşdırıldı. Mən bir çox deyilənlərlə razıyam və müəllifləri təbrik edirəm.
Icazə verin, sonda həm bəstəkarlara və musiqişünaslara, həm də Ittifaqımız adından bu çətin işin öhdəsindən gəlmiş kollektivlərə və ilk növbədə Azərbaycan Dövlət Xor Kapellası və onun bədii rəhbəri Gülbacı Imanovaya öz dərin təşəkkürümüzü bildirək və arzulayaq ki, belə tədbirlərimiz öz davamını daim tapa bilsin.
Materialı hazırladılar:
Lalə HÜSEYNOVA və Sevda ƏLIQIZI
p align>
|