XX ƏSR AZƏRBAYCAN MUSIQI TARIXI – TOTALITAR ZAMAN KƏSIYINDƏ
Fərəh ƏLIYEVA
 

SÖZGƏLIŞI

       Totalitar mədəniyyət və musiqi. “Musiqi dünyası” jurnalında Ş.Hüseynov və N.Kərimovanın bu başlıqla çıxmış məqaləsi elə adı ilə də diqqəti cəlb etdi [1]. Totalitar cəmiyyətdən ayrıldığımız az bir zaman müddətini, bu cəmiyyətin müəyyən mənada yetişdirdiyi və formalaşdırdığı bir neçə nəslin hələ də yaşadığını, mənim də bu nəsillərdən birinə aid olduğumu nəzərə alsaq, marağın səbəbi aydınlaşar. Totalitar cəmiyyətdə musiqi yaradıcılığı, ifaçılığı, elmi hansı meyarlarla yaşayırdı? Bu meyarlar nə ilə, kim tərəfindən diqtə edilirdi? Onların total tətbiqi özünü hansı formada, nədə büruzə verir? Sovet Imperiyasının “mərkəzində” və “yerlərdə” vəziyyət eyni idimi? Qeyd edək ki, rus musiqişünaslığında artıq bu cəhdlər XX əsrin 80-cı illərinin sonlarından edilirdi və tanınmış alimlərdən Q.Qolovinski (2), L.Qenina (3), D.Jitomirski (4), V.Zaderatski (5), L.Maksimenkov (6,7), Y.Platekin (8,9) və başqalarının məqalələri böyük əks-səda doğurdu. Əlbəttə, biz yalnız bir neçə parlaq publisistik-elmi məqalənin adını çəkdik : Azərbaycan musiqi tarixində isə bu səhifələr hələ də yazılmamış qalır. Bu sualla­ra cavab axtarmağın məncə, zamanı yetişib. Oxuduğum məqalə isə, məsələnin bir qədər bəsitləşdirilmiş həlli variantını təqdim edir. Axı, totalitar musiqi mədəniyyətinin ən parlaq nümunəsi bu və ya digər bəstəkarın mahnısının mətni deyil. Ən azı ona görə ki, bu mətn bəstəkara deyil, şairə məxsusdur. Mətndəki məna yükünü musiqiyə yükləyib, onu necə totalitar musiqi adlandırmaq olar?! Belə çıxır ki, mahnının sözlərini dəyişib, onu demokratik dəyərlərə həsr olunmuş sözlərlə oxusaq “demokratik musiqi” yaranacaq? Məqalədə bir sıra müddəalar (məsələn, opera və simfoniya ilə bağlı fikirlər) da qeyri-dəqiqdir. Mahnıdan bir parça musiqi göstərib, onun hansı meyarla totalitar xarakter daşıdığını müəyyənləşdirmək olar? Ümumiyyətlə totalitar adlandırdığımız bir dövrün musiqi tarixinin bir çox səhifələrini necə qiymətləndirməliyik? Bu xüsusda geniş diskussiya açmayaraq bir sitat gətirmək istərdik. Vladimir Poznerin bir suala cavabı problemin zənnimcə daha ədalətli görümünü əks etdirir. Müxbirin «Misal üçün I.Dunayevskinin «Vətən haqqında mahnısını» götürək: əgər mətni atsaq və yalnız gözəl musiqi haqqında danışsaq, bu gün o nəyə layiqdir- qınanmağa? bağışlanılmağa? Belə əsərlərin mədəniyyət tarixində həyatı davam edəcəkmi?» sualına Pozner belə cavab verir: «Əgər insan nəyisə ürəkdən, inancdan, inamdan edirsə, onda bunu, mənim fikrimcə, başa düşmək olar… Bu mahnı nə vaxt yazılıb? Yəqin ki haradasa 30-cu illərdə. Və mən fikirləşdim- görəsən ola bilərdimi ki , insan bunu yazsın və yalan danışdığını anlamasın? Axı o, gərək heç olmasa hiss edəydi ki burada heç də azad nəfəs alınmır! Və əgər hiss edirdi və yenə də yazırdısa, onda bu sənət deyil, vicdansızlıqdır. Əgər səmimi qəlbdən inanırdısa, qiymət də başqa olmalıdır. O dövrdə yaşamış və yaratmış insanları mühakimə etmək – mən bunu edə bilmirəm və etmək də istəmirəm» (10, s.5-6). Sovet dövrü musiqi mədəniyyətinin bəzi deyilməmiş reallıqlarını, varlıq məqamlarını, olaylarını bəlkə pafosdan uzaq musiq i tarixi baxımından açıqlamaq daha məqsədəuyğundur.


* * *

       Totalitar cəmiyyətdə musiqi mədəniyyətinin bir sıra tipik olayları var. Azərbaycanın sovet dövrünə aid tarixi inkişaf mərhələsində bu tipik ifadə formaları bütün təfsilatı ilə üzə çıxır. Onları - aşkar, məxfi, qeyri-rəsmi, rəsmi, səmimi inam və məcburi itaətkarlıq zəminində yarananları – üzə çıxarmaq, onların siyasi-ideolojı müstəvidən şüalanaraq sırf musiqi ifadə vasitələri, forma, janr, üslub, mündəricə kateqoriyalarına təsirinin nəticələrini araşdırmaq musiqi tarixi üçün elmi baxımdan daha dəyərli və düzgündür. Musiqi əsərlərinin ideya-bədii konsepsiyasının, bəstəkarların yaradıcılıq niyyətlərinin, təşəbbüslərinin, axtarışları və maraqlarının “istiqamətləndirilməsi”, musiqi sənətinin qiymətləndirilməsi meyarları və, nəhayət, musiqinin dövlət ideolojısı proqramına uyğunlaşdırılması metodlarına diqqət yetirək.


* * *

       XX əsr Azərbaycan musiqi mədəniyyətinin böyük bir mərhələsi sovet dövrünə düşür. Bu dövrün, ümumiyyətlə, Azərbaycan tarixində qiymətləndirilməsi hələ də tam obyektivlikdən uzaqdır: sovet illərini yalnız qara rəngdə görənlər də, bu dövrü yalnız möhtəşəm yüksəliş illəri kimi vəsf edənlər də eyni dərəcədə haqlı, eyni dərəcədə, yanlış düşünürlər. 80 illik zaman kəsiyində elm, maarif və incəsənətin dövlət himayəsi nəticəsində əldə etdiyi yüksək inkişaf səviyyəsi paradoksal şəkildə bu sahələrdə əvəzedilməz itkilər, mənəvi və fiziki repressiyalar, kobud müdaxilələrlə müşayiət olunan dəhşətli olaylarla yanaşı mövcud olmuşdur. Total saxtalaşdırmalar, ağ ləkələr, dəhşətli astarlar... Dövlət himayəsinin müsbət nəticələri ilə paralel bədii yaradıcılıq, elmi axtarışlar sahəsinə siyasətin nüfuz etməsi, total nəzarət. Fikir plüralizminin mümkünsüzlüyü, formaca milli, məzmunca sosialist qəlibinin diktatı. Zaman-zaman formasını, rəngini, gücünü dəyişən dəyişməz postulatlar. Ümumiyyətlə, musiqi sənətini məhz totalitar s iviliyasiyanın kontekstində araşdırmaq lazımdırmı?! Yəqin ki, lazımdır, çünki, Azərbaycan musiqisi XX əsrdəki inkişaf yolunu artıq üç, özünəməxsus kodeksləri olan tarixi-siyasi və mədəni sivilizasiyalarda keçmiş, onların hər biri öz möhürünü bu sənətə basmışdır: «qalib gəlmiş sosializm» ölkəsində incəsənətin taleyi, onun tarixi təkamülünün taleyi həm də totalitar çivilizasiyanın tarixini əks etdirir [ 5. s.6]. 30-40-cı illərin totalitarizmi 50-ci illərin ikinci yarısından SSRI-nin süqutuna qədər siyasi strukturun avtoritar idarəçilik və ya o dövr üçün işlədilən inzibati-amirlik sistemi ilə əvəz olunur. Bu da təbiidir ki, mədəniyyət proseslərinin xarakter və inkişafına təsir göstərirdi.

       Totalitar cəmiyyətdə mədəniyyət proseslərinin axarı 20-50-ci illərin II yarısınadək radikal-aqressiv metodlarla tənzimlənirdi. 20-ci illərdə keçmişin mədəni irsinə inkarçı münasibət, 30-cu illərdə repressiyalar dalğası, 40-ci illərdə dəqiq ideoloji və bədii ölçüləri müəyyənləşdirən, mənəvi repres­si­ya­lara start verən qərarlar; 50-ci illərdən başlayaraq əvvəlki illərin xofu və dərsi ilə tərbiyə­lənmiş ciddi “daxili senzura” mexanizmi, 60-ci illərin mülayimləşməsindən sonra isə ədəbiyyat və incəsənətdə, xüsusilə musiqidə rəsmi dəyərlərə müxalif yeni istiqamətlərin mövcudluğunun mümkünlüyü. Bu proseslər, əslində, cəmiyyyətin bütün ziyalı təbəqəsinin həyatını müşayiət edirdi. Musiqi mədəniyyəti də bu proseslərdən kənarda qalmamış, totalitarizmin bütün “ləzzətini” dadmış və yaşamışdır. Musiqi sahəsində bu prosesləri xronoloji qaydada sıralamağa çalışaq. Qeyd edək ki, bu sxem əlbəttə ki, müəyyən mənada şərtidir.


       - Keçmişin mədəni irsinin inkar edilməsi kampaniyası kontekstində.
       - Muğam operaları və tara qarşı hücumlar.
       - Üzeyir Hacıbəyova qarşı mənəvi terror və ittihamlar.
       - 1937-1938-ci il repressiyalarının musiqi hədəfləri və qurbanları, repressiya kampaniyasının musiqi sənəti ilə səsləşən məqamları.
       - 1948-ci ilin bəstəkar yaradıcılığına həsr olunmuş məlum partiya qərarı onun əsas müddəaları ilə əlaqədar geniş miqyaslı kampaniya.
       Nəhayət, totalitar kommunist ideologiyasının mövzu, obraz və ideyalarının təcəssümü (siyasi idolların, ideyanın, şəxsiyyətlərin tərənnümü, müasir həyatdan götürülmüş sinfi nöqteyi-nəzərdən düzgün mövzular, müxtəlif mövzulara da sosialist realizmi baxımından əl qəzdirilməsi, rəsmi mövzulara məcburi müraciətlər və s.).Bu, Azərbaycanda sovet sisteminin ilk günündən süqutuna qədər qırmızı xətt kimi bütün bədii yaradıcılıq sahələrini “nişan”layan işarədir.

       20-ci illərdə bütün sovet bədii məkanında Proletkult ideologiyası və ifrat solçuluq təmayülü baş alıb gedirdi. Düzdür, sovet rəsmi dairələri ən yüksək səviyyədə Proletkultun mədəniyyət siyasətini kəskin tənqid etdi və dövlətin baş ideoloqu V. I. Lenin partiyanın adından bu mövzuda xüsusi bir məqalə də yazdı [11]. Lakin proletkultun əsas tezisi – «proletariatın mədəniyyəti… sinfi mədəniyyətdir» formasını dəyişsə də dəyərlər sisteminin təməl daşı olaraq qaldı. Milli respublikalarda bu siyasət təkcə mədəniyyət işi deyil, gələcək siyasi məqsədlərə tuşlanmış mühüm strategiyanın kifayət qədər yaşarlı taktikası oldu. Keçmişləri, mədəni irsi, səviyyəsi, bədii mentaliteti müxtəlif olan insanları ümumi məxrəcə gətirərək vahid sosialist, proletar mədəniyyəti yaratmaq üçün məhz keçmişlər, köklər mütləq təftiş olunmalı idi. Bu isə, 20-30-cu illərdə mədəniyyət, o cümlədən, musiqi sahəsində gedən proseslərdə də təzahür edirdi. Onları təsnifləşdirməyə çalışaq. Musiqi yaradıcılığı və ifaçılığını da elə bu kontekstdə - 20-30-cu illərin siyasi-mədəni kontekstində, tarixi olaylar baxımından işıqlandıraq.

       - Keçmişin mədəni irsinin, ümumiyyətlə sovet dövrünə qədərki irsin inkar edilməsi. Bu inkarın sinfi, siyasi nöqteyi-nəzərdən, sinfi münasibətlər meyarı ilə əsaslandırılması.

       - Azərbaycan mədəniyyətinin ümumşərq, müsəlman incəsənəti ilə bağlı səhifələrini iran-fars adı ilə cırıb atmaq təşəbbüsləri

       - Dövlətin ideoloji nəzarətini həyata keçirmək metodologiyasının - partiya qərarları, rəhbər mövqeyini açıqlayan baş məqalələr, ictimai rəyin lazımi istiqamətdə düzlənməsi taktikası (kifayət qədər aqressiv atmosferdə keçən müzakirələr, iclaslar, ictimai məhkəmələr, zəhmətkeş məktubları və s.).

       - Milli kadrlara, xüsusilə də, yaradıcılığa sovetləşmədən əvvəl başlamış, böyük nüfuza malik şəxsiyyətlərin rolunun kiçildilməsi, kəskin sıçrayışla, “yeni mədəniyyət” yaratmaq istəyində milli musiqi kadrlarına etinasiz münasibət.

       20-ci illərdə milli musiqi ənənələrinə – muğam operası, tar alətinə münasibət Azərbaycan türklərinin bədii-milli təfəkkürünü, yaddaşını, əski, çoxəsrlik qaynaqları, kökləri ilə bağlayan əlaqə tellərinin ən möhkəmləri – dil, din və mədəniyyətdə varisliyin qırılmasına qarşı yönəlmiş siyasətin təzahürü idi. «Yoxdan var yaratmaq», «köhnə dünyanı dağıdıb, onun xarabalıqları üzərində yenisini – köksüz, keçmişsiz, yaddaşsız bir insan və mədəniyyət tipi yaratmaq» konsepsiyasının həyata keçirilməsi üçün bu üç güclü kök qırılıb atılmalı, məhv edilməli idi. Dinlə mübarizə qəddarcasına, ən radikal üsullarla aparılır və bu istiqamətdə kommunist rejimi heç nədən və heç kimdən çəkinmirdi. Dinlə mübarizənin əks-sədası klassik poeziyanın, hətta musiqi əsərlərinin bu mövqelərdən təftiş olunmasında özünü büruzə verirdi. Azərbaycan ədəbiyyatının M.Füzuli, M.P.Vaqif, M.V.Vidadi, Seyid Əzim Şirvani, A.Səhhət, M.Ə.Sabir, M.Hadi kimi nümayəndələri «dinçi, mövhumatçı» adlandırılır. Hətta şıfa hi xalq yaradıcılığı nümunələrində güya dini təbliğ edəcək motivlər axtarılırdı. Seyid Əzim Şirvaninin məşhur «Aslan və iki öküz» təmsili mövhümatçılığı əks etdirən əsər kimi qiymətləndirirdi [12]. Mövhumatla mübarizə kampaniyasından musiqi xadimləri, operalar da kənarda qalmır. S.Rüstəm də öz xatirəsində bu illəri xatırlayaraq yazırdı: «O vaxt opera teatrının solistlərindən birini baş repertuar komissiyasının sədri qoymuşdular. Həmin komitədə kitabxanalardakı kitabları yoxlamaq üçün komissiya yaratmışdılar. Mən də komissiyanın üzvü idim. Bir gün Sabir kitabxanasındakı kitabları yoxlayırdıq. Yəqin bilərsiniz, köhnə kitablar, klassikləri­mizin əsərləri. Qədim əlyazmalar bismillahi-ərrahmani-rəhim kəlamıyla başlanır. O, bu kitabların hansını əlinə götürür, qışqırır - «Yandırılsın!». Mən Ruhulla Axundovla danışdıqdan sonra bu cür tədbirlərin qarşısı alındı» (13. s.11). Ü.Hacıbəyovun «Əsli və Kərəm» operasında bu məqsədlə aparılan mühüm ideoloji «dəyişiklik» haqda razılıqla xəbər verilirdi: «Bu operanın övham (yə ni mövhumat – Ə.F.) üzərində qurulmuş bir çox hissələri var idi ki, çoxdan kəsib atmaq, yaxud dəyişdirmək vaxtı çatmışdı. 1925-ci il mövsümü bu islahatı yapmış və operanı bizə yeni bir surətdə təqdim etmişdir. Ən mühüm hissəsi olan – «təyyiməsafə möcüzü», «Şeyxin nagahani zühuru» buraxılaraq həqiqi həyatda mümkün olan bir şəklə salınmışdır. Bu dəfə Şeyx qeybdən zühur etməyərək dağlar arasından keçən bir yol ilə gedir. Və bu yolçulara təsadüf etdikdə «yum gözünü!» komandası ilə bir an vahiddə 600 verst təyy etmək əvəzində «Adətən, Hələb şəhərini tanımayırsansa, odur Hələb şəhəri» - deyə nişan verir» [14]. Göründüyü, kimi aşıq dastanından gəlmə, nağıl estetikası ilə bağlı məqamların (ikinci, bəlkə də üçüncü dərəcəli) mövhumatın ifadəsi kimi, qələmə verilərək dəyişdirilməsi «mühüm addım» kimi qabardılır. Azərbaycan Opera və Balet teatrında işləyən rus vokalçıların həm də kilsədə xorda oxuması siyasi səbatsızlıq kimi qiymətləndirilir, onlar mətbuatda tənbeh edilir, «müqəssirlər» elə mətbuat vasitəsilə «gün ahlarını» etiraf edirdilər.

       Keçmişin mədəni irsinin aradan götürülməsinin təftiş edilməsinin, sinfi ,siyasi meyarlar baxımından əsaslandırılması 20-ci illərdə xüsusilə populyar idi. Xalq şairi Süleyman Rüstəmin bir xatirəsi bu baxımdan maraqlıdır: «Xanəndələr Füzulinin şerini oxuyurdular: «Yarəb, bəlayi eşq ilə qil aşına məni… Net, ponovomu nado. Ponaşemu. Yoldaş, bəlayi-eşq ilə qil aşına məni» [13]. Gənc şairlərin qəzəl yanrına müraciəti də ideoloji baxımdan səhv addım kimi qiymətləndirilirdi. Klassik və XX əsr Azərbaycan ədəbiyyatının yeni sistemləşdirilmə qaydaları yaradılmağa başlanılır. Çıxış nöqtəsi isə «Aprel inqilabına qədərki Azərbaycan ədəbiyyatının artıq dərəcədə fikri və bədii kasıblığı» ideyası idi. Ən geniş yayılmış inkarçı fikirlər isə bu ruhda idi: «Azərbaycan klassik ədəbiyyatı Şərqin fəzalarında sönüb getmişdir... Bu günə qədər Azərbaycan mədəniyyətinin əsas ruhu və mahiyyəti milli, dini, sxolastik orta əsr sayağı olmuşdur... Əsas ruh dini zehniyyət, əsas fəlsəfə təsəvvüf, mist ikadan ibarətdir. Bu xüsusda Mirzə Fətəli, Sabir və Molla Nəsrəddini nəzərə almamış olsaq, Füzulidən başlamış bu günə qədərki ədəbiyyatdan bu quruluşa (yəni sovet quruluşuna – Ə.F.) lazım olan qədər istifadə mümkün deyildir» [15. s.80]. Ə.Nəzminin dövrün ideoloji təlimatlarını əks etdirən məqaləsində M.P.Vaqif «saray zadəganlığı şairi», S.Ə.Şirvani «burjua ruhlu liberal ruhani şairi», Q.Zakir «mühafizəkar mülkədar şairi», M.F.Axundov «çar dövlət qurucusu olan liberal dünyagörüşlü yazıçı» kimi qiymətləndirilirdi. Klassik irsə bu cür münasibət ümumən mədəniyyət şahəsindəki tipik əhvali-ruhiyyəni əks etdirirdi.

       Çığırdaşlar, «xırda burjua yazıçıları» – H.Cavid, Y.V.Çəmənzəminli, Ə.Cavada bu ad verilirdi. Bəs ilk Azərbaycan bəstəkarları necə... «Ü.Hacıbəyov və M.Maqomayev burjua bəstəkarlarının yaradıcılığıdır. Buna biz başqa cür qiymət verə bilmərik» [16]. O dövrdə yaşayan və bolşevik ideologiyasının təsiri ilə düşünən insanların öz yazdıqlarına tarixi fakt kimi müraciət edək. Onda Ü.Hacıbəyov, onun misilsiz əsərləri, onun həyatı və taleyi haqda adət etdiyimiz tarixi-elmi mənzərə necə də dəyişir. Sözü yazıları verək.

       - «Onun (yəni Hacıbəyovun – F.Ə.) bütün operaları və operettaları mistik və idealist motivlər ilə doldurulmuşdur. Əsərlərinin əsasında fatalist dünyagörüşü hakimdir» [16].

       - Varlı tacirlərin, insaflı mülkədar məişətini təsvir edən Nuh əyyamından qalma «Arşin mal alan» operettasının sosializm mədəniyyəti ilə nə kimi əlaqəsi ola bilər?» [17].

       - «Kollektivləşmə vaxtı kəndlilərə... «Şah Abbas və Xurşud banu» kimi əksinqilabı operalar göstərilir» [18].

       - «Adətən bu əsərə («Şah Abbas və Xurşud banu» operası nəzərdə tutulur – Ə.F.) «ədalətli padşah» örnəyi gözü ilə baxılmışdır. Fəqət məncə bu baxış özü yanlışdır. Ona görə də haman nöqteyi-nəzərlə qurulan tamaşa başdan-ayağa yanlış olunur» [ 19 ].

       - «Əsli və Kərəm» kimi çürük məzmuna malik operalar bizə yabançıdır. Biz təzliklə xuliqanlığı artıran operaların (başda «Əsli və Kərəm» olmaq üzrə) səhnədən çıxarılmasını tələb edirik» [20].

       - «Truppa utanmadan bu yaxınlarda «Leyli və Məcnun» kimi luzumsuz, mənasızvə zərərli operanı oynadı» [17].

       - Azərbaycan operaları «tamamilə luzumsuz bir şey olaraq köhnə əlifba, çadra və sairə dərəbəyliklər və töküntülərlə bir yerdə muzeyə verilməlidir» [21].

       Bu hucum və ittihamlara Ü.Hacıbəyov, M.Maqomayev, M.S.Ordubadi, sonralar Ə.Şərif, Ə.Bədəlbəyli, A.Zeynallı cavab verirdi. Ü.Hacıbəyovun bu illərdə apardığı böyük işlər səmərəsiz qalmadı.

       Azərbaycan muğamlarının güya iran-fars musiqi mədəniyyətinin bir hissəsi kimi qiymətləndirilərək, «lazımsızlığı» fikri də mədəniyyət ənənələrinin bir qisminin Azərbaycan xalqına mənsub və məxsus olmayan, köhnəlmiş ənənələrin mövcudluğu ideyasının musiqidə təzahür forması idi. Muğam operalarına və tara qarşı planlı şəkildə aparılan əks-təbliğat kampaniyası haqda Azərbaycan musiqi tarixinin bu dövrünü işıqlandıran elmi işlərdə məlumat verilir [22, 23]. “Muğam operası və tar mühakiməsi” haqda Azərbaycan musiqişünaslığında geniş yazıldığından bu mövzu ilə əlaqədar bəzi məqamları, sadəcə, yada salmaq istərdik. Öz çıxışlarında dövlətin əsas mədəniyyət ideoloqu M.Quliyev dəfələrlə muğam operalarını tənqid edərkən «Iran Çahargahı» ifadəsini neçə dəfə söyləyirdi. Məqalələrin birində isə o, məsələni daha kəskin şəkildə qoyur: «Hazırki musiqimizin formaları, şəkli və məzmunu gündən-günə tərəqqi edən iqtisadiyyatımız ilə uyğun qəlməyir. Havalarımızın çoxu Iran havalarıdır». 1929- cu ildə "Kommunist" qəzetində Opera və Balet Teatrında keçiriləcək "Tarın məhkəməsi" adlı məlumatda deyilir:" tarın musiqi aləti olmaq üzrə lazım olub-olmaması haqqında böyük müzakirə və mübahisə məclisi çağırılır. Müzakirədə Xalq Maarif Komissarı M.Quliyev və musiqi mütəxəssisləri iştirak edəcəklər". Tar haqqında fitvaya Mustafa Quliyev qol çəkir. «Işlətdiyimiz tar da Iran musiqi alətidir… Tar bir el aləti olaraq Azərbaycanda inkişaf edə bilərmi?! Tar Irandan gəlmişdir». Tarın mürəkkəb (yəni kamil – Ə.F.) alət olduğu fikrinə onda cərək tonların mövcudluğuna əsaslanaraq gələn M.Quliyev belə bir nəticəyə gəlir: «ancaq musiqi və maarifin «ali» cəmiyyətlərinin zövgünə xidmət etdiyi bir zamanlarda bu cür mürəkkəb alətlərə ehtiyac var idi: kütlənin belə mürəkkəb alətlərə heç bir ehtiyacı yoxdur. Bundan başqa tarın heç bir qələcəyi yoxdur və ola da bilməz… dərəbəylik mirası olan bu alət yaşaya bilməz. Buna görə də bu aləti müdafiə etmək gülüncdür… Tar öz-özünə həyat səhnəsindən çıxacaqdır [24. s.27].


       Onun ardınca poeziyada böyük bir tar çəkişməsi başlanır. «Kəs səsini, Ötmə tar! Ötmə dedim, ötmə tar, Istəməyir proletar, səndə çalınsın qatar». S.Rüstəmin bu şeri M.Quliyevin yeritdiyi «qərbçilik», milli sərvətə etinasızlıq dəyirmanına su tökürdü. Tar əleylinə yazılmış daha bir şeri – M.Rahimin «Tar» şeri isə qəribə məntiqli tənqidə məruz qalır. Lirik, şairanə bir tərzdə tara qarşı yazılmış bu şer, sən demə, əslində tara maraq oyadırmış. «Tarı söyməyin» ictimai sifariş olduğunu söyləyən tənqidçi gənc şairin öz məqsədinə çatmadığını qeyd edir:

       Xanəndənin səsindəki vərəm dolu hüzündən
       Mənim gəldi xatirimə köhnə zalım axınlar
       Hələ qanlı əsərlərin gizli, mənfur izində
       Bu ölkənin çalğısında göz yaşı var, ələm var

       Toxunduqca gəmli mizrab
       Fəğan dolu dərdli simə
       Könlüm kibi bağlı gördüm
       Çoxlarını bu tilsimə».

       Şair bu misralarla tarın mənfi səciyyəsini tərif etmək istəmişdir. Həqiqətdə isə meydana tamamilə başqa bir şey çıxır. Şerin lirik tonu, köhnə leksikonu və «qəmli» epitetləri tardan iz döndərməkdən ziyadə, oxucuda tara qarşı bir maraq oyadır» [25. s. 28]. Lakin S.Rüstəm, M.Rahim üçün bu ötəri dumanlanma oldu və sanki, neçə illər sonra yazdığı «Tarı səsə qoymaq olmaz» şeri ilə S.Rüstəm sanki tərcümeyi-halının bu səhifəsinə yenidən nəzər salmaq istəyirdi. Tarı “özəlləşdirməyə” çalışan Şərq konservatoriyası və onun professoru S.Ohanezaşvili, Ü.Hacıbəyova qarşı etikadan uzaq bir tərzdə hucum edir, tar üzrə «baş mütəxəssis və ekspert» statusunu bərqərar etməyə çalışırdı [26. s. 11], erməni tarçalanı S. Kasparov Azərbaycan tarzənlərini hətta yarışa çağırırdı [27]. Sovet dövründə yazılan tədqiqat əsərlərində təbiidir ki, çox məqamlar açıq şəkildə söylənilə bilməzdi: çünki, bu tipli çıxışlar, addımlar o dövrdə rəsmi mədəniyyət siyasətini ifadə edən dövlət məmurlarının təhriki və göstərişi ilə yeridilir, təşkil olunur və istiqamətləndirilirdi. “Bəziləri” kimi ümumiləşdirilənlər - adi, sıravi fikir söyləyənlər deyil, yüksək səlahiyyətlərə malik dövlət xadimləri, məmurlar idi. Onların təsiri altına düşən­lər arasında isə əsasən gənc, yaradıcı nəslin nümayəndələri idi. Gənclik maksimalizmi, yenilik təəssübkeşliyi - bu gənclərin yaşı və təcrübəsizliyi ilə bağış­lanıla bilər. Onların çoxu bu prolektkultçuluq azarından təz bir zamanda qurtuldular. Musiqiçilər arasında Üzeyir Hacıbəyovun qələcəyinə böyük ümidlərlə baxdığı Asəf Zeynallının fikir və bədii dünyagörüşünün təkamülü qənc Ə. Bədəlbəylinin prinsipiallığı bu baxımdan simptomatikdir. Ü.Hacıbəyov özü bunu qeyd edirdi: “Asəf xüsusi mübariz RAPM-çıların (Rusiya Proletar Musiqiçilər Cəmiyyəti – Ə.F.) şövq və ehtirasla dolu fəaliyyətinə aludə olur. O, Leninqradda musiqi istiqamətinə RAPM-çıların baxışının təsiri altına düşür. Bundan sonra Asəf keçmişin irsi və APM-ə mənsub olmayan bəstəkarların əsərləri haqqında mənfi möv qe tutmağa başlayır, bunların hamısını dəbdən düşmüş və musiqi sənəti sahəsində inqilabi dəyişikliklərin tələblərinə cavab verməyən əsərlər həsab edir. O, Azərbaycan Dövlət Konservatoriyasınqın nəzdində xalq çalğı alətləri şöbəsinin də olmasına bu cür münasibət bəsləmişdi... Mən Asəflə olan söhbətində hiss etdim ki, keçmişin irsi probleminə onun əvvəlki məhdud və yanlış baxışları xeyli dəyişmişdir; artıq o, keçmişin irsini əsassız olaraq inkar etmir” [28, s.157]. Tarın müdafiəçiləri arasında gənc A.Zeynallı və Ə.Bədəlbəylinin mövqeyi prinsipial idi. A.Zeynallının tarın müdafiəsinə yönəldilmiş çıxışından bəzi fikirlərə diqqət yetirək: «Qurultayda iştirak edən maarif naziri nümayəndələrin yay mövsümündə Avropa simfonik musiqi konsertləri ilə yanaşı, Şərq simfonik konsertlərini də təşkil etmək təklifindən çox bərk əsəbiləşdi. Necə yəni biz burada bü­tün qüvvəmizlə səy göstəririk ki, fars muğamından, tardan yaxamızı qurtaraq, burada isə onun təbliğatı, kütləviləşdirilməsi məsələsi qoyulur.

       Görünür ki, Xalq Komissarı Şərq Simfonik Konsertləri işinin əleyhinədir.
       Xalq komissarının əqidəsinə görə, ansamblın tərkibində tar ola bilməz. Xalq komissarı bizdə Avropa musiqi mədəniyyətinin bərqərar olması naminə bizim milli alətlərimizi qurban verməyi təklif edir.

       Lakin tar öz konstruksiyasına görə xalq yaradıcılığını və muğamatı düz və dəqiq ifadə edən yeganə alətdir. Deməli, tarı məhv etməklə, biz nəinki xalq musiqisi haqqında aydın təsəvvürdən məhrum oluruq, həm də xalq yaradıcılığı təfəkkürü texnikasına, bəlkə də təfəkkürün forma və məhsullarına təsir edirik.

       Xalqın öz Muğamatı var, xalq onunla yaşayır. Xalqın tarı var, tar onun mənəvi aləmi, dilidir. Biz bunu inkar edə bilmərik, eləcə də bizim xalqın özünəməxsus təbii əmlakını təftiş etməyə heç bir haqqımız yoxdur.

       Xalq komissarları idarəsinin türk mühitində Avropa musiqisini populyarlaşdırmaq, yaymaq kimi xoş məramına, tarın mövcudluğu heç bir halda mane olmayacaq, əksinə, əvvəl dediyimiz kimi, hətta, bəzi təsir göstərə bilər. Xalq Maarif Komissarlığı gələcəkdə də tara özünün mənfi münasibətini bildirəcəksə gələcəkdə arzuolunmaz nəticələr alına bilər.

       Biz Azərbaycanda Avropa musiqi imperializmi əleyhinəyik. Əgər biz Avropanın təsirinə məruz qalsaq, bu o demək deyil ki, biz dönüb avropalı olacağıq, biz Avropa libası geysək də, türklüyümüzdə qalacjağıq. Tarın roluna və əhəmiyyətinə daha şüurlu yanaşmaq lazımdır. Əgər biz keçmişi laqeydliklə dağıtsaq, yenini tikmək bizə çox böyük zəhmət və çətinliklərlə başa gələcək» (29 ). 22 yaşlı Əfrasiyab Bədəlbəyli "tarı muzeyə göndərmək təşəbbüsü yanlışdır. Tarın tərəqqi yolunu kəsməməli" çağırışı ilə mətbuatda çıxış edir.

       Dövlət rəsmilərinin zaman-zaman qızışdırdıqları əvvəlcə mənəvi “qətliam” tonqalını Azərbaycanın böyük maarifçi şəxsiyyətləri, musiqiçiləri - Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Hüseynqulu Sarabski, Bülbül, Məmməd Səid Ordubadi, Əhməd Cavad, yeni nəsl - Asəf Zeynallı, Qubad Qasımov ,Əfrasiyab Bədəlbəyli, Səid Rüstəmov, Mikayıl Müşviq ilkin mərhələdə söndürə bilirdi. Bu tonqala atılması nəzərdə tutulan mənəvi sərvətlər uğrunda sarsılmadan mübarizə aparılır, opponentlər inandırılır, nadanlıq, aqressiv bisavadlıq və ruslaşdırılma cəhdlərinə cavab verilirdi. Tarın və muğam operalarının, elə muğamların, operettaların repressiyasının qarşısı alınır. 30-cu illərdə totalitar hakimiyyət qətliamın ikinci, daha dəhşətli - fiziki məhvetmə mərhələsinə keçdi. “Ipəsapa yatmayan”, əqidə və yaradıcılığında, əməli fəaliyyətində milli azadlıq, millətçilik ideallarını saxlayanlar məhv edildi. Ən qəribəsi bu idi ki, ittiham olunanlarla birlikdə, ittihamçılar da məhv edilirdi. Iz iti rilir, rejim "ədalətli tərəzi" illüziyası yaradırdı.



* * *

       Totalitar cəmiyyətdə dövlətin mədəniyyət siyasətindəki ən radikal aləti - repressiyalar dalğası oldu. Sözlə yeridilə bilməyən, sözün gücü çatmadığı bir məqamda qətliam metodları işə düşdü. Bu, artıq bolşeviklərin sınanmış üsulu idi – «insan özü yoxdursa, deməli onunla bağlı problem də yoxdur». Azərbaycanda qətliamın alovlandırdığı tonqalda məhv olmuş ziyalılar haqda ilk elmi araşdırmalar aparan, müasirlərinə və gələcək nəsillərə sovet repressiyalarının – qırmızı terrorun əsl miqyası haqda məlumat verən böyük alim-vətəndaş, akademik Ziya Bünyadov yazırdı: «Milli kadrları tamamilə məhv etmək, ilk növbədə, dünyaca məşhur, daim düşünən, mütaliə edən, yeni fikirli alimləri, mütəfəkkür və intellektualları aradan götürmək – 30-cu illərdə ölkəni idarə edən rəhbər klanın, qabaqcıl olan hər şeyi caynaqlayan qara əllərin niyyəti belə idi» [21,88]. Z.Bünyadov iki ilə yaxın bir müddətdə 70 minə yaxın ziyalının həbs edilib güllələnməsini qeyd edir. Onlar arasında alimlər, yazıçılar, şairlər, mühəndislər, incəsənət x adimləri, müəllimlər, maarif və mədəniyyət müəssisələrinə rəhbərlik edən dövlət, partiya məmurları var idi. Düzdür, repressiya dalğası elm, ədəbiyyat sahəsi ilə müqayisədə musiqi sahəsində kütləvi xarakter almamışdı. 1937-ci il qurbanları arasında hələlik bizə məlum olan iki musiqiçi vardır: Xədicə xanım Qayıbova və Sergey Paniyev.

       X.Qayıbovanın faciəli taleyi haqda Z.Bünyadov (30),R.Hüseynov (31), S.Gəncəli (32),G. Mirzə (33) söz açmışlar. Milli Təhlükəsizlik Nazirliyinin Arxivində onun istintaq işi saxlanılır.

       Xədicə Osman qızı Qayıbova 1893-cü ildə Tiflisdə anadan olmuşdur. Ana tərəfdən o, Terequlovlar nəslindən idi. Atası Osman Müftizadə qızına mükəmməl təhsil vermək arzusunda idi, ona görə də ailənin maddi vəziyyətinin imkan verdiyi vasitədən istifadə edir. Qafqaz canişinliyinə yazılmış ərizəyə əsasən Xədicə xanım püşkatma üsulilə Tiflisdə Müqəddəs Nina qızlar məktəbinə daxil olur. Uşaq yaşlarından musiqi istedadı ilə fərqlənən X.Qayıbova ilk musiqi təhsilini elə burada alır, elementar musiqi nəzəriyyəsi, fortepianoda çalmağı öyrənir. Onun müəllimləri özünün yazdığı kimi L.N.Knini və Truskovski olmuşdur. 1911-ci ildə məktəbi bitirdikdən sonra mühəndis Nadir Qayıbovla ailə qurur. Bir müddət X.Qayıbova Tiflisdəki tatar (yəni azərbaycan) məktəbində dərs demişdir.1919-cu ildə Qayıbovlar Bakıya köçür. Xədicə xanım artıq bu dövrdən konsertlərdə çıxış etməyə başlayır. O, fortepianoda xalq mahnıları, muğamlar əsasında improvizasiyalarla çıxış edirdi. Sovet dövründə X.Qayıbova musiqi mədəniyyətində daha fəa l iştirak etməyə başlayır, pedaqoji sahədə bir sıra proyektlərlə çıxış edir. Onun bu istiqamətdə fəaliyyəti maarifçilik missiyalı idi. X.Qayıbova Xalq Maarif Komissarlığında Şərq musiqi şöbəsinin müdiri təyin edilir. Onun təşəbbüsü ilə « qısa müddətli Şərq musiqi kursları» təşkil edilir, uşaq xoru yaradılır. «Şərq musiqi kursları» ləğv edildikdən sonra X.Qayıbova 1927-ci ildə ali musiqi təhsili almaq üçün Azərbaycan Dövlət Konservatoriyasında nəzəriyyə və bəstəkarlıqdan (L.Ab) dərs alır. 1933- cü ildə casusluqda ittiham edilərək həbs olunan X.Qayıbova tezliklə heç bir sübüt, dəlil olmadığına görə həbsdən azad edilir. 1934-cü ildən istedadlı musiqiçinin professional fəaliyyəti ADK nəzdində Elmi Tədqiqat Musiqi Kabinəsi ilə bağlı olmuşdur. O, xalq dastanları, mahnı və muğamların toplanması ilə məşğul olur. X.Qayıbova enerjili, nikbin, təşəbbüskar bir qadın idi. Onun evində mütəmadi olaraq musiqi məclisləri keçirilir. Musiqi salonunun sahibi kimi o, ziyalıları – musiqiçiləri, şair və yazıçıları, elm xadimləri, a ktyorları toplayırdı. Bu salonun qonaqları arasında dövlət xadimləri, Bakıya qastrola gələn ifaçılar, müxtəlif tədbirlərdə iştirak edən xarici qonaqlar, xususilə də Türkiyədən alimlər, şairlər var idi. Bu axşamlara Ü.Hacıbəyov, R.Qliyer, L.Rudolf, L.Ab, M.Pressman, H.Sarabski, Bülbül, V.Qorovits, N.Milşteyn, F.Köprülüzadə, Ismayıl Hikmət və başqaları təşrif buyururdular. 1937-ci ildə X.Qayıbova yenidən xalq düşməni kimi tutulur [34]. Bu dəfə əri – Rəşid Qayıbov da satqın kimi həbs edilmişdi. Xədicə xanımı Türkiyə lehinə casusluqda, müsavatçılara rəğbət bəslədiyinə görə ittiham edirlər. Onun həbsinə rəvac verən bəhanə (səbəb deyil məhz bəhanə) – XDIK-da saxlanılan, döyülərək yüzlərlə insanların cinayətkar kimi adına imza atmağa vadar edilən Ə.Fərəczadənin ifadələri oldu. Buradan isə qəribə «zəncir» başlanır; Ə.Fərəczadə Xədicə Qayıbovanın adını artıq həbs edilmiş Dadaş Bünyadzadədən eşitdiyini söyləyir, Dadaş Bünyadzadə isə heç bir dindirilmədə musiqiçinin adını çəkməmişdi. Lakin 1937-ci ildə «satqın və casus ovunda» X.Qayıbova ideal hədəf idi. Xarakteri etibarilə aktiv, ünsiyyətsevər bir insan olduğundan X.Qayıbovanın evində Cumhuriyyət dövründə də, sovet illərində də türk zabitləri, xarici qonaqlar çox olurdu. 1937-ci ildə musiqi axşamları siyasi kontekstdə yad edilməyə başlandı. 1937-ci ildə həbs edilmiş Əli Kərimovun istintaq işində şahid qismində dindirilən məhbus M.Məmmədovun rast gəldiyimiz ifadəsi; «Qayıbovanın evində salonu var idi; burada məsul işçilər-hökumət üzvləri- Bünyadzadə, M.Quliyev, Baba Əliyev, Ə.Kərimov, türkiyəli qonaqlar, Küprülüzadə görüşürdülər. Əli Kərimov 1930-cu ilədək mənimlə olan söhbətlərində Qayıbovanın məclislərində olduğunu söyləyirdi. Qayıbovanın birinci ərinin qardaşı… müsavatın Istanbuldakı nümayəndəliyində katib olmuşdur» (35. s.38). X.Qayıbovanın adı müstəntiqlərin diqtəsi ilə başqa tutulanların da «yadına düşür». R.Axundov guya Əli Kərimovun sözlərindən X.Qayıbovanın əksinqilabi, casusluq fəaliyyətini qeyd edir. B.Çobanzadə yenə də guya Zeynallının dediklərini yada salır və istintaqa məlumat verir: «Zeynallı mənə həm də deyirdi, əksinqilabçı millətçi təşkilat X.Qayıbovanın türk əlaqələrindən də istifadə edir. «Ittihadi-Tərəqqi» partiyasının lideri Şükrübəy Azərbaycan SSR-dən yolüstü keçərkən Qayıbova ilə görüşmüşdür» [36]. Xədicə Qayıbova ona qarşı sürülən qondarma ittihamlara görə cəzalandırılacağını bilirdi, lakin heç ağlına belə gətirmirdi ki onu güllələyəcəklər. «Xalq düşməni»nin arvadı kimi tutulmuş S.M. Əfəndiyevin həyat yoldaşı Zivər Əfəndiyeva onu belə xatırlayırdı: «Dustaqxana qadınlarla dolmuşdu. Onlar ərlərinə görə tutulmuş vəzifəli şəxslərin, hərbiçilərin arvadları idilər. Mənim olduğum kamerada gözəl musiqiçi Xədicə xanım Qayıbova və başqa, 30 nəfərdən çox qadın vardı. Xədicə xanım çox iradəli, şux qadın idi. Özünü şux aparır, hərdən mahnı zümzümə edir, rəqs edirdi. Bir dəfə o dedi: «Mən incəsənət adamıyam. Mənim musiqi dünyam yasa batıb. Mən gərək özümü qoruyam, sarsılmayam, Eybi yoxdur, lap sürgünə də göndərsələr məhv olan deyiləm, lap orada da musiqi klubu düzəld ib rəqs edəcəyəm, oxuyacağam, çalacağam… Qoy onlar sevinməsinlər». Xədicə Qayıbovanın məhkəməsi cəmi 15 dəqiqə çəkdi və ona güllələnmə hökmü kəsildi. Hökm 1938-ci ildə oktyabrın 27-də icra edildi. 1956-cı ildə repressiyanın qurbanlarından olan X.Qayıbova bəraət aldı, onun günahı yox idi.


       Repressiya illərində adi bir anonim məktub, xəbərçilik nəticəsində tutulanlar da az deyildi. Repressiya qurbanlarından biri - Bakıda Rus Işçi Teatrında musiqi şöbəsinə rəhbərlik edən bəstəkar Sergey Georgiyeviç Paniyevin həbs tarixçəsi və bədbəxt taleyi buna əyani sübutdur. S.Paniyev 1884-cü ildə Rusiyanın Tula quberniyasında anadan olmuşdur. 1902-ci ildə o, Peterburqda Saray Kapellasına daxil olmuş, burada musiqi təhsili almışdır. 1907-ci ildən musiqiçi və bəstəkar kimi Tiflisdə, Bakıda yaşayıb-yaratmışdır. Özünün yazdığı kimi türk, rus, erməni teatrlarında çalışmışdır. 1907-1911-ci illərdə Bakıda musiqili-teatr dərnəklərinin təşkilatçısı və rəhbəri kimi fəaliyyət göstərmiş, musiqi təşkilatları və məktəblərində dərs demişdir. S.Paniyev Bakıda Rus Musiqi Cəmiyyəti nəzdində təşkil edilmiş Musiqi siniflərində pedaqoji fəaliyyətlə məşğul olur, orkestr alətləri siniflərinin ümumi rəhbəri idi. 1920-ci ildən o, X.Qayıbovanın təşkil etdiyi qısa müddətli «Şərq musiqi kurslarında» dərs demiş, 1930-1936-c i illərdə Bakı Rus Işçi Teatrında musiqi şöbəsinin müdiri olmuşdur. S.Paniyev 20-dən artıq tamaşalara musiqi yazmış, Molyerin, Şekspirin, Ostrovskinin, Çexovun, Qriboyedovun, Qorkinin, Poqodinin. Kirşonun əsərlərinə musiqi tərtibatı vermişdir. S.Paniyev 1930-cu ildə Azərbaycan Bəstəkarlar Ittifaqının təşkilat bürosunun sədri seçilmişdi [37.s.26]. «Trotskiçi-zinovyevçi əksinqilabi təşkilatın» ifşa edilməsi kampaniyasında S.Paniyev Stalin, partiya, hökümət haqda söylədikləri lətifələr, etdiyi zarafatlar ucbatından həbs edilir. Onun barəsində həbs qəti imkan tədbirinin seçilməsi haqqında arayışda deyilirdi. «Azərbaycan XDIK DTI-də olan məlumatlara əsasən müəyyən olunmuşdur ki, Bakı Işçi Teatrının bəstəkarı, 1884-cü il təvəllüdlü, milliyyətcə rus Paniyev S.G. partiyaya qarşı mütəmadi olaraq antisovet əksinqilabçı fikirlər söyləyir. 1936-ci ilin iyulunda «Yeni Avropa» mehmanxanasının restoranda olarkən o, yoldaş Stalin ə qarşı terrorçu münasibət göstərmiş, yeməkpaylayana pul verərək restoranda olan digər şəxslərin yanında «Al, bu 5 manatı götür, və get, elə indicə Stalini öldür». S.Paniyevin əksinqilabçı kimi fəaliyyəti Bakı Işçi Teatrının aktyor kollektivinə çox mənfi təsir göstərir. Ona görə də S.Q.Paniyevin həbs olunmasını zəruri sayırıq» [38]. Qeyd etməliyik ki, Paniyev XDIK tərəfindən həbs edilməsindən bir neçə gün əvvəl həm də Bəstəkarlar Ittifaqının üzvlüyündən, teatrdan işdən çıxarırlar, mətbuatda da bu haqda xəbər verilir. Paniyevin əsl məhkəməsindən əvvəl «ictimai məhkəməsi» də o illərin demaqogiyası ruhunda təşkil edilir: «Uzun müddət BIT-da özünü «qəribə adam» kimi qələmə verən, çürüyən teatr mühitinin nümayəndəsi olan Paniyev antisovet təbliqatı aparırdı. Indi antisovet təbliqatı ilə teatr ictimaiyyətini hiddətləndirən Paniyev teatrdan qovulmuş və Bəstəkarlar Ittifaqından çıxarılmışdır». Paniyev dövlət qarşısında bağışlanılmaz səhvi onun lətifələri, atmacaları oldu. Istintaq materiallarında bəstəkarın əksinqila bi fəaliyyətinə sübut kimi gətirilən delillər indii təbəssüm doğurur: Şahid qismində dindirilənlərdən birinin ifadəsi: «Bir dəfə biz, Paniyev də bizimlə idi, Baksovetin yeməkxanasında nahar edirdik. Paniyev şorbanın çox dadsız olduğunu nəzərdə tutaraq dedi ki, Şorba partiyanın proqramı ilə hazırlanıb». Şahid kimi dindirilən BIT-nın aktyoru Romin isə Paniyevin «əksinqilabi mövqelərdə» durmasını sübut edən daha «tutarlı fakt» gətirir: «Yadıma qəlir ki, 1936-ci ilin əvvəllərində «Pravda» qəzetində Şostakoviç haqqında çıxmış məqalə ilə əlaqədar Paniyev öz hiddətini, kəskin etirazını bildirir və partiyanın mətbu orqanının ünvanına əksinqibali çıxışlar edirdi». Paniyevə qarşı irəli sürülən digər bir ittiham onu «rus şovinizmində» təqsirli bilirdi. Bəstəkarın Fatma Qədri və Ülvi Rəcəbə qarşı etdiyi etikadan uzaq çıxışlar da yada salınır. Maraqlıdır ki, Paniyevin işində şahid kimih şeç bir azərbaycanlı aktyor keçməmişdir. S.Paniyev də bütün həbs olunanlar kimi Mircəfər Bağırova məktub yazır, günahlarını boynuna alır, mərhəmət istəyir. Ona doğrudan da «rəhm edirlər»: S.Paniyevə 6 illik həbs cəzası verilir. Yalnız 1989-cu ildə onun işində cinayət tərkibi olmadığı üçün iş xətm olunur və o da reabilitasiya alır. Paniyevin həbsdən sonrakı həyatı haqda məlumat yoxdur.

       Üzeyir və Zülfüqar Hacıbəyov qardaşlarının opera və operetta truppasına 1916-ci ildən rejissor kimi dəvət olunan , musiqili teatrın inkişafında aktyor və rejissor kimi danılmaz xidmətləri olan Abbas Mirzə Şərifzadə də xalq düşməni kimi güllələnmiş incəsənət xadimlərindən idi. A.M.Şərifzadə Ü.Hacıbəyovun, M.Maqomayevin əsərlərində təkcə rejissor kimi deyil, həm də aktyor kimi çıxış edirdi. O, «Əsli və Kərəm»də Paşa, «Arşın mal alan»da Soltan bəy, «O olmasın, bu olsun»da hambal, "Şah Ismayıl"da Ibn-Tahir obrazlarını yaratmışdır. A.M.Şərifzadə 1928-ci ildən Azərbaycan Dövlət Opera Teatrının Azərbaycan bölməsinin baş rejissoru olmuşdur. O, Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", «Əsli və Kərəm», Z.Hacıbəyovun «Aşıq Qərib», M.Maqomayevin «Şah Ismayıl» operalarını yeni quruluşda tamaşaya qoymuş, H.Şərifov və D.Slavinskinin "Mehr və Mah", "Tahir və Zöhrə" operalarının rejissoru olmuşdur. 1937-ci ildə A.M.Şərifzadə Türkiyə, Iran casusu millətçi, Sovet hakimiyyətinə qarşı mübarizə aparan şəxs kimi həbs edi lir (39). O zaman xaricdə yaşayan qardaşı Qulamrza Şərifzadənin fəal müsavatçı olması da onun həbs edilməsinə təsir göstərən amil idi. Azərbaycan mədəniyyəti daha bir ulduzunu, böyük istedad sahibini beləcə itirdi.

       Azərbaycan teatrının daha bir aktyoru Panfiliya Tanailidi də xəbərçilik nəticəsində tutulan 1937-ci il qurbanları sırasındadır. P.Tanailidi 1992-ci ildə Zəngəzurda Baş kənddə anadan olmuşdur. Özünün yazdığı kimi, 1905-ci ildən səhnədə çıxış edirdi. Milliyyətçə yunan olan aktrisa Azərbaycan dilini təmiz bilirdi. Tiflisdə Azərbaycan dram truppasında aktrisası kimi məşhur idi. O, N.Nərimanovun, C.Cabbarlının, Ə.Haqverdiyevin Şekspirin, dramlarında, eləcə də Ü.Hacıbəyovun əsərlərində müvəffəqiyyətlə çıxış edirdi. Hacıbəyov qardaşlarının opera və operetta truppasının üzvü idi. Onun məlahətli səsi var idi, gözəl rəqs edirdi. Ü.Hacıbəyovun «Arşın mal alan» operettasında yaratdığı Asya, Telli obrazları ən uğurlu səhnə işləri sırasında idi. P. Tanailidi 1916-cı ildə Tiflisdə M.C. Əmirovun "Seyfəlmülük" operasının ilk tamaşasında Badıül Camal obrazını yaratmışdır. Tanailidinin Azərbaycan artistlərinin truppası ilə Iranda qastrollarda çıxışlarını M.Mərdanov da işıqlandırmışdır [40]. 1917-1918-ci illərdə P. Tanailidi H.Sarabski, M.Mərdanov, M.A.Əliyev, H.Hacıbababəyov ilə Irana getmiş və bu qastrolda göstərilən dram və operettalarda çıxış etmişdir. 1919-cu ildə H.Hacıbəyovun təşəbbüsü ilə Bakıda opera teatrında P.Tanailidinin benefisi keçirilmiş, aktrisa «Arşın mal alan»da Telli rolunda alqışlanmışdır. Tanailidi kinofilmlərə də çəkilmişdi (41). 1924-cü ildə Tiflis Azərbaycan teatrının rejissoru A.Tuqanov Azərbaycan dram teatrının baş rejissor təyin edilir və onun dəvəti ilə P.Tanailidi də Bakıya köçür və Azərbaycan Dövlət Teatrında işə başlayır. Qeyd edək ki, 1937-ci ildə «xalq düşməni» kimi güllələnmiş Ülvi Rəcəb də onunla birlikdə Tiflisdən Bakıya gəlmişdi. Vaxtilə Iranda qastrol səfərlərində çıxış edən aktrisa Irana casusluq və antisovet təbliğatı apardığına görə həbs edilir: aktrisanın aktyor həmkarlarına iran siqaretlərini tərifləməsi, hədiyyə etməsi, Bakıda Iran vətəndaşı olan köhnə bir tanışı ilə təsadüfi görüşməsi ona çox baha başa oturdu [42]. S.Rüstəm onun faciəli taleyini xatırlayaraq yazırdı: «Tanail idi adında Tiflisdən gəlmə yaşlı bir aktrisa var idi. Əla sənətkar idi, xarakter rolları çox gözəl oynayırdı. Onu nəyin üstündə tutdular. M.A.Əliyevin sabiq arvadı Tehrandan gələrkən səfərüstü bir neçə gün Bakıda qalmışdı. Artistlər onun şərəfinə qonaqlığa toplaşırlar. Tehrandan gələn qadın məclisdəkilərə tütün paylayır. Tanailidi də pay verilən tütünü tərifləyir: yoxsa. Bizimki? Zibildi. Çəkmək olmur. Artistlərdən kimsə bu sözü lazımi yerə çatdırır» (13. s. 12). Istintaqda onun guya casusluq məqsədilə Iran vətəndaşı Gövhər xanımla görüşməsi faktı əsas ittihamlardan biri idi. Tanailidinin görüşdüyü bu qadın onun köhnə rəfiqəsi, aktrisa Gövhər xanım Göyərçin idi. Bir müddət Tiflisdə , Bakıda onlar bir truppa tərkibində oynamışdılar. Əlbəttə, P.Tanailidinin həbs olunmasının əsas səbəblərindən biri də - xalq düşməni kimi həbs edilmiş və sonralar özünü həbsxanada asmış Əhməd Triniç ilə yaxın dost olması idi. P.Tanailidinin işində cəmi 4 nəfərin – Dram Teatrının aktyorlarının şablon ifadələri var. Onların müstənti qin diqtəsi ilə yazılması şübhə doğurmur. Heç bir sübut, fakt yoxdur. Buna baxmayaraq cəmi 15 dəqiqə davam edən məhkəmə iclasının qərarı ilə P.Tanailidiyə güllənmə hökmü kəsilir və o, 1938-ci ilin oktyabrın 15-də güllələnir. Tanailidi axıradək özünün günahsız olduğunu söyləyir. 1957-ci ildə yüzminlərlə bəraət alanlar arasında P.Tanailidi də var idi.

       O dəhşətli dövrün ölüm nəfəsini çoxları hiss edirdi. Adi bir söz, hərəkət ölümə surükləyən dəmir dəlilə çevrilə bilərdi. Azərbaycanın bir çox musiqiçiləri də tutulanlardan olmazın işqəncələr nəticəsində alınan ifadələrin qurbanı ola bilərdilər. Məsələn, xalq düşməni kimi tutulan, qəddarcasına döyülən Əli Kərimov müstəntiqin «incəsənət xadimlərindən olan millətçi-əksinqilabçıların adını çəkin» tələbində canını qurtarmaq üçün Həqiqət Rzayevanın, Zülfüqar Hacıbəyovun, Xanlar Haqverdiyevin adlarını çəkirdi. Istintaq materiallarında aktyorlardan tez-tez Mirzəağa Əliyevin, Hacıağa Abbasovun adlarına rast gəlirik. «Xalq düşmənləri»nin istintaq materiallarında tez-tez kiminləsə dostluq edən, hansısa ziyafətlərdə, məclislərdə iştirak edən musiqiçilər də nəzarətə götürülə bilərdi. Adları çəkilən tanışlar, dostlar, iş yoldaşları da «yuxarılarda» saf-çürük edilir, Bagırova lazım olanlar gələcək işlər üçün aktiv işlənilirdi. Həbs olunmuş Bəkir Çobanzadə « müsavat üzvü olmuş Cabbar Məmmədovun evində Ə.S.Qasımov, H.Ş axtaxtinski, Q.Əfəndiyev, S.M.Qənizadə ilə yanaşı Bülbülün də daima olduğu» haqda ifadəsində onların tez-tez əksinqilabi mövzuda millətçilik ruhunda fikir mübadiləsi etdiklərini «açıqlayır».

(ardı var)








Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70