ARFA FƏRƏC QARAYEVIN
«QOBUSTAN KÖLGƏLƏRI»
BALETININ PARTITURASINDA

Qənirə HÜSEYNOVA
 

       Arfa musiqi alətini müasir tərzdə, müxtəlif fakturada partituralarına daxil edən Fərəc Qarayevin əsərləri ifaçılıq baxımından böyük maraq doğurur.

       Azərbaycan bəstəkarlarının 1960-70-ci illər nəslinə mənsub istedadlı nümayəndəsi Fərəc Qarayev yaradıcılığının ilk dövründən ciddi ideyaları ilə diqqəti cəlb etmişdir. F.Qarayevin əsərləri qeyri-adi yazı üslubu, dəst- xətti və musiqi dili ilə xarakterizə olunur. Bəstəkarın orkestr dilinin özünəməxsus xüsusiyyətləri maraqlıdır. F.Qara-yevin orkestr yazısına olan həssas münasibəti onun musiqi alətlərindən istifadə metoduna təsir göstərməyə bilməzdi. Müəllif partiturada istifadə etdiyi musiqi alətlərinin (eləcə də arfanın) texniki imkanlarını, tembr-səs palitrasını genişləndirərək böyük ixtiraçılıqla yeni ifa üsulları, səslənmə yaratmağa çalışır. Araşdırmamızın başlıca mövzusunun arfa aləti ilə bağlı olması bəstəkarın arfaya olan münasibəti üzərində daha çox dayanmağa əsas verir.

        Bəstəkarın «Qobustan kölgələri» baletinin musiqisində keçmiş ilə bu günün sintezi yeni baxımdan mənalandırılır. Baletdə müasir insanın birdən-birə keçmişə dönüşü və burada canlanan kölgələrə onun gözləri ilə baxış əsərə fəlsəfi məna verir. Baletin musiqisində folklor musiqisi fərdi yaradıcı şəkildə istifadə olunmuşdur. Bəstəkarın səs, tembr, texniki strukturaya olan fərqli münasi-bəti əsərin özünəməxsus dramaturgiyasına uyğun şəkildə cərəyan edir. Birpərdəli «Qobustan kölgələri» baleti orijinal quruluşa malikdir. Balet dörd kiçik novelladan ibarətdir. Baletin rəngarəng, bənzərsiz partiturası müasir yazı üsullarına güclü meyli ilə seçilir.

        Böyük simfonik orkestr üçün yazılmış baletin süitasının partiturasında iki arfaya yer verilir. Burada ilk növbədə arfanın əsərin partiturasına olduqca təbii və üzvi şəkildə daxil edildiyinin şahidi oluruq. Sanki musiqinin səslənməsini arfasız təsəvvür belə etmək mümkün deyil. Burada hətta arfanın hansı funksiyanı – müşayiət, yaxud əsas melodik xətt funksiyasını yerinə yetirdiyini göstərmək qeyri-mümkündür. Əslində, arfanın partiyası əsərin musiqi toxumasının əsas tərkib hissəsidir. Bəstəkarın prinsiplərinin daha bariz şəkildə təsvir edildiyi arfa partiyaları musiqi ideyalarının aydın təqdimatına yardım edir. Müəllif orkestrin hər bir qrupuna dəqiq «tapşırıq» verməklə musiqi ideyalarının qabarıq şəkildə təqdim edilməsinə nail olur. Bu hansı yolla əldə edilir? Ilk növbədə, bəstəkar arfaya köməkçi musiqi aləti kimi yanaşmır, arfa orkestrin bütün alətləri ilə eyni hüquqlu yer tutur. Orkestrin başqa alətlərinə nisbətən daha zərif səslənən arfa güzəştə gedilərək arxa planda qalmır, yeri gəldikdə solo aləti kimi də musiqi xəttini davam etdirir. Əslində ən zərif səslənən musiqi aləti belə bacarıqlı bəstəkarın əlində lazımi rakursda, yerində və peşəkarlıqla istifadə olunarsa kifayət qədər qabarıq səslənə bilər. Onu da qeyd edək ki, geniş registr dairəsi olan arfa orkestrdə özünəməxsus səs prinsipləri və ifa üsulları ilə kifayət qədər bariz səslənmə imkanlarına malikdir. Burada bəstəkarın orkestrin ayrı-ayrı qruplarından olan musiqi alətlərini bir arada, həmahəng səs-ləndirə bilməsini görməmək mümkün deyil. Fərqli orkestr qrupları və laylarını təşkil edən alətlərə müəllifin həssaslıqla yanaşa bilməsi, yeni, qeyri-adi «səs relyefi»ni yaratma bacarığı əsərin bütün musiqi toxumasına nüfuz edir.

       Süitanın Moderato tempində gedən birinci hissəsində birinci və ikinci arfaların partiyalarını izləyək: üçüncü və dördüncü fleytanın yavaş və bir qədər gərgin səslənən mövzusundan sonra qəfildən (ff ilə) amiranə kontrast xarakterli fraza iki arfa, silofonopiano ilə səsləndirilir. Fərqli qruplardan olan bu musiqi alətlərinin (silofono - zərb, piano – klavişli, zərb, arfa – simli, dartımlı) birlikdə yaratdıqları səslənmədə tembr uyumu son dərəcə təbii və yekcins duyulur. Maraqlı texniki üsulların istifadə olunduğu faktura sayəsində vahid, tam musiqi «orqanizmi» effekti əldə edilmişdir.

       Əsərin ilk müşahidəsi bizim musiqi materialının sabit səs sırası əsasında (seriya) qurulduğu haqda fikrimizi təsdiqləyir. Şaquli və üfiqi istiqamətdə də uyğunlaşa bilən bu səs sırası əsərin bütün səs toxumasını təşkil edir. Ayrılıqda üç alətdən hər birinin öz səs bloku vardır. Bu blok əsas səs sırasınınn (seriyanın) istər ardıcıl, istərsə də harmonik vəziyyətdə götürülmüş səslərindən qurulur. Silofono partiyasının səs bloku bu notlardan təşkil olunur: fa-la bemol-sol-fa

       Birinci və ikinci arfa partiyalarının təməli birinci blokun (silofono) səslərinə iki yeni səsin əlavə edilməsi ilə qurulur: fa-la diyez-fa diyez-la bemol-si bemol .

        Piano partiyasının əsası sanki dəfələrlə təkrarlanan blokun əlavə səslərlə genişlənməsi ilə törəyir. Bütün bu səslər modal dəyişmələr əsasında yeni interval və akkord birləşmələrinə çevrilir.

       Bəstəkarın arfa partiyalarının musiqi materialına yaradıcı surətdə yanaşması, onların ustalıqla əlaqələndirilməsi son dərəcə maraqlıdır. Eyni səs bloku arfalar arasında elə bölünür ki, birinci arfa partiyasında ritmik variantda yerləşdirilən səslər ikinci arfa partiyasında triol şəklinin zaman çərçivəsində dartılmasıyla kontrapunkt təəssuratı doğurur. Qeyd etməliyik ki, musiqinin bu bölümündə tətbiq edilən belə bir texniki üsul hər üç alətin partiyasının bir-biri ilə kontrapunkt təşkil etdiyi təsəvvürünü canlandırsa da, əslində burada istifadə olunan musiqi materialı təzadlı olmayaraq yekcindir (vahidzamanlı imitasiya).

       Musiqinin bu bölümündə dinamik qöstərişlər diqqəti daha çox cəlb edir – ff – mp. Arfaların bu cür tembr birləşməsi və səs balansında kifayət qədər effektli səsləndiyini söyləyə bilərik.

       Musiqinin növbəti bölümündə – Tempo I (Moderato) 5 rəqəmində arfa fakturası bir qədər fərqli ifadə olunur. Burada musiqi son dərəcə yavaş, sakit səslənməsinə baxmayaraq (p – pppp) gərgin xarakter daşıyır. Orkestrin bütün qruplarının səslənməsinin musiqi toxuması tersiya aralığında kiçik sekunda birləşmələri ilə qurul-muşdur. Partiturada iki müxtəlif istiqamətə hərəkət edən sekundaların birləşməsindən yaranan blokun səslənməsi eyni anda, ritmik cəhətdən müxtəlif şəkillərdə dəyişilir. Bu orkestr üsulu ilə bəstəkar özünəməxsus effektə – eyni anda «donmuş» və «nəfəsli», hərəkətli fakturaya nail olur. Belə hərəkətli fakturada «nəfəs» hoboyun birinci skripkalarla səsləndirdiyi punktirli motivlə verilir. Tədricən bu punktirli motiv görünüşünü dəyişərək hoboylarla davam etdirilən tematik frazaya çevrilir. Burada arfa piano ilə birlikdə birinci hissənin başlanğıc bölümündəki fleyta fakturasını təkrarlayır. Birinci arfada rəvan hərəkət iki kiçik sekunda ilə qurulan blokun əvvəlcə aşağı, sonra tersiya aralığı ilə dərhal yuxarıya dönüşü ilə uzlaşır. Piano partiyasında isə biz sekundaların xromatik nizamla enişinə baxmayaraq hərəkətin «dönüş effektini» izləyirik.

       Beləliklə, burada arfa və pianonun yaratdığı səs layını fon kimi qiymətləndirmək mümkün deyil. Bu daha çox ümumi səs «tikinti materialı»ndan yetişən kontrapunkt və mövzudur. Eyni üsulla da birinci hissənin sonundakı arfa partiyaları yazılmışdır.

       Süitanın ikinci hissəsində musiqinin dinamik yöndən qatılaşdığını müşahidə edirik. ff - ya qədər gərginləşdikdən sonra yenidən sakitləşən musiqidə hər iki arfa ostinato şəklində oktavalarla verilir. Maraqlıdır ki, bəstəkar burada arfa partiyasını bas açarında, orkestrin bas alətləri ilə birlikdə aşağı registrdə verir: Cl.b.,Fg+C.fg., Tuba, Timp. Bu zaman ağac nəfəslilər birinci və ikinci skripkalarla birlikdə yuxarı registrdə səslənir.

        Arfa üçün ənənəvi olmayan bu üsul arfanın belə bir rakursda zərb alətləri ilə birlikdə səsləndirilməsindən ibarətdir.

       Zənnimizcə, bəstəkar partituranın məhz aşağı layını arfanın bu registrdəki uğultulu tembri ilə zənginləşdirməyə çalışmışdır. Əlbəttə, müəllif tərəfindən istifadə olunan bu üsul müəyyən dramaturji prinsiplərin tətbiqi üçün nəzərdə tutulur.

       Beləliklə, Fərəc Qarayevin musiqisində arfanın əsərin musiqi materialının formalaşmasında əhəmiyyətli rol oynadığı açıq-aşkar görünür.










Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70