BIRHISSƏLI SIMFONIK
ƏSƏRLƏRDƏ PROQRAMLILIQ

Aytən BABAYEVA
 

       Azərbaycan musiqisində birhissəli simfonik əsərlərdə, o cümlədən poema, uvertüra və lövhə nümunələrində proqramlılıq mühüm əhəmiyyət kəsb edərək, əsərlərin janr yönümündə, müəyyən bir məzmuna malik olaraq istiqamətlənməsində əsas amildir. Milli musiqimiz Avropa musiqisindən daxil olan birhissəli əsərlərin malik olduğu proqramlılıq artıq əhatə dairəsini genişləndirərək, milli ruha, çalarlara boyanmışdır. Azərbaycan bəstəkarlarının yaradıcılığında musiqi dili səviyyəsində yeniləşən birhissəli simfonik janrların proqramlı məzmunu milliləşmiş şəkildə büruzə verilir. Belə ki, birhissəli simfonik əsərlərin proqramlılığı hər şeydən əvvəl özünü Şərq təfəkkürünün yetişdirdiyi mövzularla əhatədə, yeni mühitin ab-havasına, tələblərinə, qanunauyğunluqlarına tabe olaraq inkişaf etməsində göstərir. Milli musiqimizdəki birhissəli simfonik janrlarda proqramlılıq müxtəlif istiqamətlərdə nəzərə çarpır. Tarixi və ədəbi-lirik, siyasi və ictimai, əmək və qəhrəmanlıq mövzuları ilə istiqam ətlənən bu proqramlılıq milli musiqimizdə çox maraqlı, geniş inkişaf yoluna malikdir. Proqramlılığın istifadəsinə istər ümumi, istərsə də xronoloji tərəflərdən yanaşsaq, burada həmişə bir cəhət diqqətimizi cəlb edir. Bu da bəstəkarlarımızın birhissəli simfonik janrların milli musiqimizə daxil olduğu dövrdən başlayaraq, daim diqqəti cəlb edən, yüksək bədii əhəmiyyət kəsb edən proqramlı məzmunlu əsərlər yaratmasıdır. Milli musiqimizdə birhissəli simfonik əsərlərin proqramlılığı rəngarəngliyi, müxtəlifliyi ilə seçilir. Yəni əvvəldə qeyd etdiyimiz tarixi və ədəbi-lirik, siyasi və ictimai, əmək və qəhrəmanlıq kimi proqramlılıq növləri ilə yanaşı, bunların da daxilində təsnifat vardır. Təsnifat barədə sonradan söhbət açılsa da, nəzərə çatdırmaq istərdik ki, bu proqramlı məzmunun hərtərəfliyini bir daha sübüt edir.

       Ümumiyyətlə, Azərbaycan musiqisində proqramlı əsərlərin istifadəsi yalnız simfonik poema, uvertüra və lövhə nümunələri ilə bağlı deyil. Belə ki, milli simfonizmdə artıq simfonik əsərlərə müraciət edərkən proqramlılıq nəzərə çarpır. Istər birhissəli simfonik janrların digər növlərində yazılmış ilk nümunələrdə, istərsə də süitalarda proqramlılıqdan istifadə görünür.

       Proqramlılıq nəzərdən keçirdiyimiz simfonik poema, uvertüra və löhə janrlarında isə parlaq əksini tapmışdır. Burada müxtəlif tərəflərdən açılan proqramlılıq hər bir janrda özünəməxsus ifadəsini almışdır. Janrın imkanlarına, ifadə formalarına uyğunlaşan proqramlılıq, eyni zamanda öz məcrasında bütün vasitələrindən istifadə edərək məzmunun, musiqi fikrinin dinləyiciyə aşılanmasında mühüm rol oynayır. Digər tərəfdən, hər bir bəstəkarın da yaradıcılığında proqramlılıq özünü fərdi surətdə mənimsənilmiş şəkildə büruzə verir. Belə ki, istənilən mövzuya özünəxas surətdə yanaşan bəstəkarlar bunu müxtəlif baxışlarda, fikir birləşmələrində ifadə etməyə çalışırlar. Lakin qeyd etmək lazımdır ki, bəstəkarlarımızın müəyyən dövrlərdə mühitin təsirinə məruz qalaraq əsərlər yaratması proqramlılığın inkişafına bilavasitə təsirini göstərmişdir. Belə ki, müxtəlif onilliklərdə müxtəlif ideya və fikirlərin üstünlük təşkil etməsi proqramlı musiqidə öz əksini tapmışdır. Sosialist real izmi metodunun yaranması və formalaşaraq inkişaf etməsi milli proqramlı əsərlərə də öz təsirini göstərmişdir.

       Incəsənətin, mədəniyyətin, o cümlədən musiqinin siyasiləşməsini qarşısına bir məqsəd kimi qoyan bu dövrün siyasəti özünəməxsus proqramlılıq prinsipi yaratmağa başlamışdı. Siyasi durumu, siyasi fikirləri özündə əks etdirən bu yeni proqramlılıq növü işıqlı gələcək haqqında olan arzuları bir növ insanların beyninə yetirmək istəyirdi. Bu baxımdan yaranan hər bir əsərdə siyasi proqramlılığın tələb etdiyi mövzuların işıqlandırılması musiqidə siyasi əhval-ruhiyyə yaradaraq, xatırlatma funksiyası daşıyırdı. Kommunist Partiyasının, onun ideyavericilərinin, daha dəqiq desək, Lenin, Stalin adlarının ilahiləşdirilməsi, onların fəaliyyətlərinin bəşəri səviyyəyə yüksəldilməsi siyasi proqramlılığın əsas məğzi idi. Eyni zamanda sosializm quruluşundakı insanların xoşbəxt həyat tərzini göstərmək üçün mütləq digər xalqların acınacaqlı yaşayışından bəhs edən əsərlər yazmaq tələb olunurdu. Bu baxımdan məzlum, yazıq, səfalət içində yaşayan Afrika xalqları ilə bağlı mövzular daha ön də dururdu.1 Həmin dövrdə yazıb yaradan hər bir sənətkar mütləq dövlətin yürütdüyü bu siyasi prinsiplərə riayət etməli idi. Əks təqdirdə, açıq şəkildə olmasa da, gizli, hiss edilməyəcək surətdə həmin şəxs siyasi dairələr tərəfindən sıxışdırılaraq, yaradıcılıq fəaliyyətinin təqib olunması ilə üzləşə, qarşılaşa bilərdi. Məhz buna görə də yaradıcılığının digər tərəflərini qoruyub saxlamaq məqsədilə sənətkarlar siyasi mövzulara müraciət edərək onu qabartmağa çalışırdılar və bunun da arxasında öz baxışlarını, düşüncələrini müəyyən dərəcədə də olsa, ifadə edirdilər. Beləliklə, müxtəlif onilliklər boyu, daha dəqiq desək, sovet hakimiyyətinin mövcüd olduğu illərdə yaradıcılıqları siyasi təsirlərə məruz qalan bəstəkarlarımızın bu səpkili əsərləri musiqini siyasiləşdirirdi. Daim təbliğ olunan siyasi mövzulu əsərlər üçün incəsənətin bütün sahələrində, məcazi mənada desək, «yaşıl işıq» yanırdı. Heç bir maneə ilə qarşılaşmayan bu əsərlər müəllifləri üçün də sakit, dinc həyat şəraiti vəd edirdi. Musiqinin qarşısında duran siyasi proqramlılıq onu siyasiləşdirirdi. Proqramlılıq isə daha çox birhissəli növlərdə, o cümlədən simfonik poema, uvertüra, lövhə nümunələrində istifadə olunduğu üçün bunlarda siyasilik daha çox nəzərə çarpırdı. Müxtəlif mövzuları əhatə edən bu janrlarda siyasi təsir mövzu seçimində daim büruzə verilirdi. Beləliklə, milli musiqimizdə uzunmüddətli bir dövrü əhatə edən siyasi proqramlılıq birhissəli simfonik janrların inkişafı tarixində yeni səhifəni açdı və bu siyasi rənglə, siyasi çalarla boyanmış bir dövr idi.

       Xalqın firavan yaşadığını, quruculuq işlərinin yüksəlişlini göstərmək bu dövrdə proqramlı simfonizmin qarşısında duran əsas tələblərdən idi. Eyni zamanda qeyd etdiyimiz kimi, müxtəlif bəstəkar yanaşmalarında da proqramlılıq özünü müəyyən tərəflərdə büruzə verir. Bu da hər bir bəstəkarın fərdi üslubu, dəst-xətti ilə bağlıdır. Bu mənada Q.Qarayevin proqramlılığa müraciəti maraqlıdır. Biz bəstəkarın digər proqramlı simfonik nümunələrini deyil, məhz bu sahədə əvəzsiz olan «Leyli və Məcnun» simfonik poemasını qeyd etmək istərdik. Proqramlılığı lakonik, lakin bunun daxilində geniş ideyaları, hissləri, bəşəri əhəmiyyətli mövzuları ifadə edən bəstəkar özünəxas proqramlılıq prinsipini yaratmışdır. Söylənilənləri qismən də olsa, proqramlılığa müraciət etmiş digər bəstəkarlara da şamil etmək olar. Azərbaycan musiqisində proqramlılıq özünəməxsus inkişaf məcrası almışdır.

       Tarixi və ədəbi-lirik obrazlara həsr olunan simfonik poema nümunələri birhissəli simfonik əsərlər sırasında çoxluq təşkil edərək, müxtəlif cəhətləri, xüsusiyyətləri birləşdirlməsi ilə seçilir. Xalqımızın tarixi keçmişinə, ədəbi aləminin ən incə zövqlü sənətkarlarına müraciət, lirizmin ən səciyyəvi xüsusiyyətlərini özündə əks etdirən mövzuların işıqlandırılması, müxtəlif dövr şəxsiyyətlərinin ədəbi-musiqili obrazlarının canlandırılması birhissəli janrların, daha dəqiq desək, simfonik poemaların əsas mövzu dairəsini təşkil edir. Maraqlıdır ki, tarixi və ədəbi-lirik məzmunlu əsərlər simfonik poema janrında yazılmışdır. Bu da təbiidir. Axı məzmunun genişliyi, mövzu dairəsinin əhatəli olması digər birhissəli janrların, o cümlədən simfonik lövhə və uvertüranın həcmində qeyd etdiyimiz obrazların ifadəsinə şərait yaratmır. Tarixi və ədəbi-lirik mövzuya həsr olunmuş simfonik poemalar da öz daxilində təsnifata bölünmüşlər. Belə ki, burada doğma Vətənimizin – Azərbaycan ın tərənnümü ilə bağlı, təbiət təsvirli, dahi sənətkarlarımızın obrazlarının təcəssümü, ədəbiyyat aləminin seçmə nümunələrinin işıqlandırılması diqqəti cəlb edir. Bu nümunələrin müxtəlif bəstəkar baxışlarında, fərdi üslublarında əks olunması ən çox diqqətə çarpan cəhətlərdəndir. Qeyd edək ki, tarixi mövzuya həsr olunmuş simfonik poemalar Azərbaycanımızın tərənnümü ilə əlamətdardır. Bu baxımdan Ə.Abbasovun «Şuşa» simfonik poeması Vətənimizin dilbər guşələrinin 40-ci illər dünyasından parlaq ifadəsidir. Ümumiyyətlə, təsviri xarakterli olan Q.Burşteynin «Abşeronun səhəri» və T.Bakıxanovun «Səhər» simfonik poemaları da bu baxımdan diqqətəlayiqdir. I.Hacıyevun «Odlar yurdu», Y.Mirişlinin «Azərbaycan», L.Quliyevanın «Azərbaycan» simfonik poemaları bu janrda yazılmış maraqlı nümunələrdəndir.

       Lakin qeyd etdiyimiz kimi, ədəbi obrazlarla bağlı mövzular daha çox üstünlük təşkil edir. Bu mövzuda yazılmış əsərlər janrın müxtəlif cəhətlərini özündə əks etdirir. Bu baxımdan F.Əmirovun «Nizaminin xatirəsinə» (1941), «Nəsimi dastanı», kamera orkestri üçün «Vaqif» poemaları diqqəti cəlb edir. F.Əmirov yaradıcılığının özünəməxsus cəhətlərini, orkestr üslubunu, səslənmə tərzini, fərdi musiqi dili xüsusiyyətlərini özündə birləşdirən bu nümunələr müxtəlif onilliklərdə yazılaraq püxtələşən bəstəkarın yaradıcılıq imkanlarını əks etdirir. Xüsusilə, bəstəkarın yaradıcılığının zirvə dövründə yazılmış «Nəsimi dastanı» poeması daha çox diqqətəlayiqdir. Belə ki, bu simfonik poema yığcamlığı, məzmunun tam şəkildə ifadəsi elementlərinin zənginliyi ilə diqqəti cəlb edərək, Nəsimi obrazının açılmasına şərait yaratmışıdır. Qeyd edək ki, poemanın musiqi dili cəhətdən dolğunluğu, məzmunun əhatəli əks olunması əsərin xoreoqrafik şəkildə ifasına səbəb olmuşdur. Ümumiyyətlə, qeyd etməliyik ki, Azərbaycan musiqisində bu səpkidə, yəni şəxsiyyətlərin musiqili obrazları ilə bağlı əsərlər dərin fəlsəfi fikirləri özündə əks etdirir. Belə ki, dahi şairlərimizin, mütəfəkkirlərimizin daxili, mənəvi dünyalarına yanaşarkən, onlar yaratdıqları, ifadə etdikləri obrazı hərtərəfli açmağa, dinləyiciyə tam, bölünməz şəkildə çatdırmağa çalışırlar. Şairlərin iç dünyalarına vararkən, onların həm lirik aləmləri, həm dünya-görüşləri, həm fəlsəfi düşüncələri və həm də, ən əsası bir insan kimi canlandırılması nəzərə çarpır. Biz az əvvəl qeyd etdiyimiz kimi, F.Əmirovun «Nizaminin xatirəsinə», «Nəsimi dastanı» simfonik poemaları ədəbi dünyamızın bu parlaq simalarının hərtərəfli şəkildə açılmalarıdır. Obrazlara bu növ yanaşma tərzi A.Məlikovun «Fizuli», R.Musta-fayevin «Fizulinin xatirəsinə», M.Mirzəyevin «Sədini oxuyarkən», A.Rzayevin «Nəsimi», R.Əliyevin «Hüseyn Cavid - 111», Ə.Əzizovun «Nəsimi» simfonik poemalarında da müşahidə olunur. Bu xətt gənc bəstəkar R.Ramazanovun «Nəimi» dramatik musiqisində də rast gəlinir.

       Birhissəli simfonik janrların yarandığı, formalaş-dığı mühitdən fərqli olaraq, Azərbaycan musiqisində yeni obraz, məzmun aləmilə zənginləşməsi ən çox nəzərə çarpan cəhət olub, ədəbi əsərlərin musiqili versiyasında da davamını tapır. Milli ədəbi əsərlərin Avropa janrlarında sığışaraq yeni ab-hava yarat-ması həm bu janrları zənginləşdirir, həm də milli musiqimizin ümumdünya musiqisi səviyyəsinə çatdırılmasına səbəb olur. Bu sahədə bir çox əsərlər yaradılmışdır. Bunların içərisində dramaturji imkanlarına görə daha çox parlayanı ilə yanaşı zamanın axarlarından sakit, səssiz-küysüz keçən əsərlərə də rast gəlinir.

       Bəstəkarlarımızın müraciət etdiyi ədəbi mənbə-lərin əhatə dairəsi çox genişdir. Burada daha çox Nizami irsi üstünlük təşkil etmişdir. Simfonik musiqidə Nizami obrazı lazımınca işıqlandırılmışdır. Şairin yaradıcılığı isə müxtəlif onilliklər boyu müxtəlif janrlar çərçivəsində açılmışdır. Lakin simfonik musiqinin bir sahəsi olan birhissəli janrlarda Q.Qarayevin «Leyli və Məcnun», M.Əhmədovun «Bəhram-Gür», Q.Məmmədovun «Nüşabə və Iskəndər» simfonik poemaları yaranmışdır.




       Bu əsərlərdə Nizaminin həmişəyaşar «Xəmsə»sinin rəngarəng obrazları, süjetləri işıqlandırılaraq, müxtəlif bəstəkar baxışlarında, fikirlərində ifadə olunur. Lakin Q.Qarayevin «Leyli və Məcnun» simfonik poeması nəinki bu sahədə, eləcə də, ədəbi-lirik mövzulu əsərlər sırasında əvəzsiz, şedevr nümunə hesab olunur. Q.Qarayev təfəkkürünün, musiqi istedadının parlaq məhsulu olan bu əsərdə Nizaminin «Leyli və Məcnun»da aşkar və gizli şəkildə ifadə etdiyi ideyalar, fikirlər həyatın reallıqlarına fəlsəfi yanaşma münasibəti bütün dərinliyi ilə qabardılaraq, birhissəli formanın çərçivəsinə sığışdırılır. Maraqlıdır, birhissəli formanın imkanları daxilində bəstəkar dramaturgiyanı elə qurmuşdur ki, burada obrazlar və onların daxili aləmi, əhatə olduğu mühit və onun qanunları, eybəçərlikləri, ən əsas olan yüksək məhəbbət hisslərinin fonunda cərəyan edərək, dinləyicini bir növ həmin dövrə bağlayır.2

       Ədəbi-lirik əsərlərin sırasında R.Hacıyevin H.Cavidin eyniadlı dramı üzrə yazdığı «Şeyx Sənan» əsəri də diqqəti cəlb edir. Bu sahədə bəstəkarların şəxsi lirik hisslərindən, münasibətlərindən yaranan əsərlərə də rast gəlmək olar. Bu baxımdan R.Hacıyevin kamera orkestri üçün «D.Şostakoviçin xatirəsinə» poeması, «M.Maqomayevin melodiyası üzrə poema-ekspromt», A.Rzayevin «Atamın xatirəsinə», R.Mirişlinin «Gənclik» poemaları diqqətəlayiqdir. A.Məlikovun «Xatırlayın», T.Bakıxanovun «Xatirə» simfonik poemaları bu cərgəni təşkil edir. Bundan başqa, romantik musiqinin bəzi janrları ilə qovuşaraq yaranan birhissəli əsərlərə də rast gəlirik. Bu xətt daha çox M.Mirzəyev və M.Quliyev yaradıcılığında təsadüf olunur. M.Mirzəyevin «Romantik vals-poema», «Truba və orkestr üçün poema-noktürn», M.Quliyevin «Poema-rekviyem» əsərləri buna nümunədir. Eyni zamanda xalq dastan, nağıl süjetlərinin də işıqlandırılmasına rast gəlinir. A.Məlikovun «Nağıl», I.Quliyevin «Nağıl», Ə.Rəhmətovanın «Dədə Qorqud» simfonik poeması , S.Ibrahimovanın «Əsli və Kərəm» simfonik dastanı bu qəbildəndir. Bu prinsip N.Osmanovun «Məhəbbət əfsanəsi» poemasında da davam etdirilmişdir.

       Siyasi və ictimai hadisələri əks etdirən simfonik poema və uvertüralar birhissəli simfonik əsərlərin inkişaf yolunda xüsusi bir mərhələ təşkil edir. Bu da təbiidir. Çünki bu mövzu ilə bağlı olan əsərlər bilavasitə zamanın, dövrün tələblərilə yaranaraq, özündə ictimai-siyasi quruluşun mövcud qanunlarını, dövlətin yürütdüyü siyasətin prinsiplərini əks etdirirdi. Bu mütləq hər bir yazıb yaradan sənətkar qarşısında qoyulan əsas məqsəd idi.

       Qeyd edək ki, sosialist realizmi haqqında söhbət açarkən, biz mədəniyyətin, incəsənətin bütün sahələrində olduğu kimi musiqidə də cəmiyyətdə baş verən proseslərin işıqlandırılması xüsusiyyətlərindən bəhs etmişdik və buna görə bu barədə ətraflı məlumata lüzum duymuruq. Müxtəlif onilliklər boyu yaranan simfonik poema və uvertüra nümunələri getdikcə dəyişən, müxtəlifləşən, yeniləşən siyasi prosesləri əks etdirərək öz fərdi baxışları məcrasından bunu qiymətləndirmişlər. Təsadüfi deyil ki, birhissəli simfonik əsərlərin, o cümlədən simfonik poemanın milli musiqimizdə ilk nümunəsi olan Ə.Bədəlbəylinin «Bütün hakimiyyət Sovetlərə» əsəri məhz ictimai-siyasi quruluşun yetişdirdiyi, bilavasitə yeni yaranmış siyasi mühitin tələblərilə formalaşan birhissəli simfonik nümunə kimi qəbul edilə bilər.

       Siyasi-ictimai mövzu ilə bağlı əsərlər özündə bir sıra xüsusiyyətləri əks etdirmişdir. Burada xalqımızın yaxın keçmişi ilə, əsrin əvvəllərində Azərbaycanda qurulan yeni hakimiyyəti, xoşbəxt həyat tərzini əks etdirən təntənəli mövzularla yanaşı, siyasi şəxsiyyətlərin obrazlarının təcəssümü ilə bağlı, artıq ümumbəşəri əhəmiyyət kəsb edən, xalqların azadlıqları naminə mübarizələrini, çarpışmalarını əks etdirən, dünyada sülhün bərqərar olması üçün aparılan mübarizə yolunu büruzə verən əsərlərlə rastlaşmaq mümkündür. Bu əsərlərin hər biri həm məzmunundan, həm də musiqi dili xüsusiyyətlərindən irəli gələn cəhətləri ilə milli musiqimizdə özünəməxsus mövqeyə malik olmuşlar. Ə.Bədəlbəylinin «Bütün hakimiyyət Sovetlərə» simfonik poemasında sonra müxtəlif onilliklərdə yaranan digər nümunələr bu əsərdən doğan prinsipləri müxtəlif tərəflərdən işıqlandırmağa çalışmışlar. Bu əsərlər içərisində əks etdirdiyi mövzunu bütün qabarığlığı ilə nəzərə çarpdıran maraqlı, əvəzsiz nümunələrə də rast gəlinir. C.Hacıyevin «Sosialist Azərbaycanı» (1936), N.Məmmədovun «Komsomol» (1962) əsərləri, bu baxımdan diqqətəlayiqdir. Digər tərəfdən xalqımızın yaxın keçmişi ilə bağlı olan, artıq tarixi-siyasi mövzular adlandırıla biləcək birhissəli nümunələrə də rast gəlmək mümkündür. I.Quliyevin ikiyə bölünmüş Azərbaycanımızın taleyini əks etdirən «Arazın sahilində» (1953), A.Məlikovun vətənimizdə Sovet hakimiyyətinin qurulmasına etiraz edən, müqavimət göstərən qüvvələrin dağıdılmasını əks etdirən «Axırıncı aşırım» (1971) simfonik poemaları da nəzəri cəlb edir. Yaranan birhissəli simfonik nümunələr içərisində siyasi baxışlı tarixi simalarla bağlı əsərlərə də rast gəlinir. S.Ələsgərovun «Lenin», C.Cahangirovun S.Ələsgərovla birlikdə yazdığı «Lenin haqqında poema» əsərləri respublikamızda uzun müddət hakim olan Kommunist Partiyasının rəhbəri V.I.Leninin bir siyasi obraz kimi musiqidə təcəssümü ilə bağlıdır.

       Qeyd edək ki, sosialist realizminin tələbləri ilə yazılan bu əsərlər yarandığı zaman mühitinə uyğunlaşdırılmışdır. Siyasi obrazlara müraciət müasir dövrümüzdə yazılan əsərlərdə də əks olunmuşdur. Lakin bu o demək deyil ki, bəstəkarlarımız bunu hər hansı bir məcburiyyət qarşısında qalaraq yazırlar.

       Son dövrlərdə respublikamızda baş verən bir sıra hallar, o cümlədən Qarabağ hadisələri uzun illər mövcud olmuş siyasi durumu dəyişdirdi. Insanların həyata baxışları, münasibətləri, yaşadığı dövrü qiymətləndirmələri artıq yeni səviyyədə təşəkkül tapdı. Əhatə olunduğu mühiti olduğu kimi, hər bir sənətkarın qavradığı tərzdə, başa düşdüyü şəkildə, öz düşüncələri baxımından işıqlandırması, artıq heç bir siyasi təsirə məruz qalmadan sənətkarların əsər yazmaları yeni mühitin yaranması ilə formalaşmışdır. Müasir dövrdə demokratiyanın üstün olduğu bir cəmiyyətdə artıq bu səpkili əsərlər bəstəkarların şəxsi istəklərindən, arzularından doğaraq yaranır. Bu baxımdan V.Allahverdiyevin Azərbaycan Respublikası prezidenti H.Əliyevə həsr etdiyi «Ömür yolu» simfonik poeması diqqətəlayiqdir. Bəstəkar H.Əliyevi yalnız siyasi şəxsiyyət kimi deyil, həm də incə lirik duyğulara malik bir insan kimi əks etdirərək, onu müxtəlif tərəflərdən işıqlandırmaqa çalışmışdır.

       Dünyada sülhün bərqərar olmasına çalışan, bəşəriyyətin sakit, dinc həyat şəraitinə malik olaraq yaşaması bütün dövrlərdə bəstəkarları daim özünə cəlb edən maraqlı, aktual mövzulardan olmuşdur. Bu baxımdan C.Hacıyevin «Sülh uğrunda» (1951), Q.Hüseynlinin «Sülh uğrunda» (1951) simfonik poemaları diqqətəlayiqdir. Xüsusilə daha çox ümumbəşəri ideyaları əks etdirən, eyni zamanda bəstəkarın fərdi qabiliyyəti, istedadı ilə qovuşaraq yazılan C.Hacıyevin «Sülh uğrunda» poeması daha mühüm əhəmiyyət kəsb edərək, müəllifi dünya səviyyəsində sülh ideyalarının carcısı kimi qiymətləndirmişdir. Sülh mövzusuna müxtəlif tərəflərdən yanaşan bəstəkarlarımız bunu xalqların apardığı mübarizə yolları ilə də açmağa çalışmışlar. Bu baxımdan C.Hacıyevin «Sibirə məktub», V.Adıgözəlovun «Afrika mübarizə edir» simfonik poemaları xüsusilə nəzərə çarpandır. Müasir dövrdə Afrikada yaşayan xalqların acınacaqlı həyatından, onların azadlıqları uğrunda apardığı mübarizələrdən bəhs edən V.Adıgözəlovun «Afrika mübarizə edir» poema sı mövzunun aktuallığına, musiqi dilinin, ritmikasının zənginliyinə görə diqqəti cəlb edir. Bəstəkarın poemasının simfonik musiqimizdə malik olduğu mövqe, gətirdiyi yeniliklər, xüsusiyyətlər haqqında I.Əfəndiyeva «Vasif Adıgözəlov» adlı monoqrafiyasında işıqlandırdığı üçün biz qısa məlumatla kifayətlənirik.3


       Siyasi və ictimai mövzuya həsr olunmuş uvertüraların süjet xətlərini bəstəkarlar xalqın xoşbəxt həyat tərzini, bayram əhval-ruhiyyəsini ifadə edən məzmun üzərində qurmuşlar. Müxtəlif illərdə müxtəlif bəstəkar nəsillərinin yaradıcılığının məhsulu olan bu əsərlərdə mövzuya, proqrama fərdi musiqi duyumu baxımından yanaşma hiss olunsa da, başlıq, sərlövhə uvertüraları bir-birinə yaxınlaşdırır. Belə ki, S.Ələsgərovun, V.Adıgözəlovun, A.Rzayevin, I.Məmmədovun «Bayram uvertüra»ları, O.Kazıminin, M.Quliyevin «Təntənəli uvertüra»ları eyni başlığa malik olsalar da, siyasi və ictimai mövzunu işıqlandırılması baxımından musiqi dili səviyyəsində müxtəlifliyə malikdirlər. Coşğun, enerjili səslənişə malik bu uvertüralarda dövrün ab-havası, təsiri, yarandığı vaxtda mövcud olan üslub təmayülləri duyulsa da, əsərlərin hər biri özünəməxsus fərdi bəstəkar istedadlarının müəyyən bir sahəsinə malikdir. Bu mövzuda O.Zülfüqarovun «Şənlən, mənim xalqım» və «Şənlik» uvertüraları da nəzəri cəlb edir. Yaşadığı dövrün insanlarının həyat tərzinin müəyyən bir hissəsini əks etdirən bu uvertüralarda yüksək enerjili səsləniş, zəmanənin qaynar inkişafı diqqəti cəlb edir. T.Bakixanovun «XXII qurultaya həsr olunmuş uvertüra»sı isə sırf siyasi mövzunu qabardır. Uzun illər ölkəmizdə hakim olmuş Kommunist Partiyası və onun ideyalarını qabardan bu əsər dövrün tələbi ilə yaransa da, musiqi dili, bəstəkar dəst-xətti baxımından diqqəti cəlb edir. Mövzunun konkret ifadəsi üçün əlverişli janr olan uvertüralarda ictimai – siyasi mövzu özünün daha bir ifadəsini tapdı və yeni inkişaf yoluna qədəm qoydu. Beləliklə, birhissəli simfonik janrda siyasi-ictimai mövzuya nəzər saldıqda bir sıra maraqlı cəhətlər diqqətimizi cəlb edir. Belə ki, bu növdə yazılan əsərlər daha çox yarandığı dövrün tələblərinə, siyasi mühitin ab-havasına uyğunlaşan bir sıra prinsiplərə, o cümlədən mövcüd olmuş sovet hakimiyyətinin vəsfinə, xalqın fivaran həyat tərzinə malik olduğunu əks etdirməyə cavab vermişlər. Bu əsərlər bilavasitə sosialist re alizminin incəsənətin bütün sahələrində olduğu kimi musiqidə də qarşıya məqsəd kimi qoyulan tələblərinə uyğun olaraq yazılmışdır. Lakin siyasi ictimai mövzulu elə birhissəli simfonik əsərlərə rast gəlinir ki, onlar ümumbəşəri əhəmiyyətli mövzular üzərində öz proqramlarını qurmuşlar. Bu mənada C.Hacıyevin «Sülh uğrunda», V.Adıgözəlovun «Afrika mübarizə edir» poemaları xüsusi əhəmiyyət kəsb edən birhissəli simfonik poema nümunələri içərisində əvəzsiz mövqeyə malikdir. Son vaxtlar bəstəkarlar yaşadığımız dövrə uyğunlaşaraq, daim dəyişən, yeniləşən siyasi-ictimai mövzuları artıq dövlətin, hakimiyyətin yürütdüyü siyasəti, siyasi baxışları artıq xüsusi tələblə deyil, öz şəxsi fikirləri, düşüncələri baxımından, özünəxas tərzdə qavradığı şəkildə ifadə etməyə çalışır və buna nail olurlar.

       Əmək və qəhrəmanlıq mövzusu ilə bağlı birhissəli simfonik əsərlər milli musiqimizdə əhəmiyyətli mövqelərdən birini tutmuşdur. XX əsrdə Azərbaycan simfonik musiqisinin yetişdirdiyi əmək mövzusu və onunla bağlı bu sahədə yaranan maraqlı nümunələr xüsusilə diqqətəlayiqdir. Simfonik musiqiyə əmək mövzusu 50-ci illərdə daxil olsa da, onun milli musiqimizdə təbliği, tərənnümü əvvəlki onilliklərdə də mövcud olmuş və müxtəlif janr sahələrində əhəmiyyətli nümunələr yaranmışdır. Təkcə, onu qeyd etmək kifayətdir ki, S.Hacıbəyovun «Gülşən» baleti əmək mövzusu ilə bağlı sanballı bir əsərdir. Simfonik musiqidə əmək mövzusunun məhz 50-ci illərdə geniş vüsət alaraq təmsil olunması eyni zamanda mühitin, cəmiyyətin tələbləri ilə də səsləşirdi. Belə ki, ölkədə baş verən quruculuq işləri, müharibədən sonrakı dövrdə insanların xoşbəxt həyat qurmaq qaminə çalışmaları, halal zəhmətə arxalanaraq, rəşadətli işlər görmələri mədəniyyətin qarşısında duran əsas məsələlərdən idi. Ümumiyyə tlə, 50-ci illərin mövzu bolluğunda əmək mövzusunun özünəməxsus mövqe tutaraq təbliğ olunması bu baxımdan diqqətəlayiqdir.

       Simfonik musiqidə əmək mövzusu A.Hüseynzadənin «Sosialist Əməyi Qəhrəmanlarına» (1951) poeması ilə təcəssüm olunmuşdur. Artıq poemanın sərlövhəsi məzmun, əsərin obrazlar aləmi haqqında təəssürat yaradır. Belə ki, dövlət tərəfindən əməyi yüksək qiymətləndirilən və fəxri ada layiq görülmüş insanların simfonik poema janrının hüdudları çərçivəsində işıqlandırılması maraqlıdır. Axı, simfonik poema janrının həcmi, mövzunun açılma tərzi, ifadə imkanları 50-ci illərin digər mövzuları kimi, əmək mövzusu üçün də əlverişli idi. Bu baxımdan A.Hüseynzadənin «Sosialist Əməyi Qəhrəmanlarına» poeması janrın yeniləşməsi ilə diqqəti cəlb edir. Ilk dəfə olaraq əmək mövzusunu birhissəli formalara, daha dəqiq desək, simfonik poemaya gətirən A.Hüseynzadə musiqi dilinin də sadəliyinə, ümümanlaşıqlı şəkildə qavranılmasına çalışaraq, milli musiqimizin imkanlarından, ifadə vasitələri sistemindən sənətkarlıqla istifadə etmişdir.

       N.Əliverdibəyovun «Mingeçevir» simfonik poeması (1952) artıq mövzunun konkretliyi baxımından nəzərə çarpır. Mövzunun müəyyən bir obraz çərçivəsində – Mingeçevir şəhəri və onun quranların timsalında çəmləşməsi bəstəkarın fərdi üslub xüsusiyyətləri ilə qovuşaraq əsərin musiqi dilinin maraqlı, yaddaqalan olmasına şərait yaratmışdır.

       Uvertüra janrına gəldikdə isə qeyd etməliyik ki, əmək mövzusunda yaılmış yeganə nümunə O.Zülfüqarovun «Eşq olsun quruculara» əsəridir. O.Zülfüqarovun yaradıcılığı üçün xarakterik olan oynaqlıq, şən əhval-ruhiyyə, həyat eşqinin yüksəlişi ifadəsi uvertürada da əksini tapmışdır. Klassik forma, quruluş çərçivəsində müasir dövrün mövzusunu müasir musiqi dili ilə təcəssüm etdirən bəstəkar milli köklərə sadiq qalaraq, onu daim xatırlatmağa çalışmışdır. Bir daha qeyd edək ki, O.Zülfüqarovun «Eşq olsun quruculara» uvertürası onun digər «Şənlən, mənim xalqım» uvertürası ilə səsləşərək, bir növ vəhdət yaratmışdır.

       Əmək mövzusunun milli simfonik musiqimizdə ifadəsi simfonik lövhə janrında da özünü büruzə vermişdir. Ş.Axundovanın «Pambıq yığımı» (1956) simfonik lövhəsi bu mövzuda yazılmış əsərlərin sırasını zənginləşdirdi. Təsviri xarakterli janr olan simfonik lövhədə yeni milli mövzunun işıqlandırılması bu janrın hüdudlarını genişləndirərək onun müasir tələblərə cavab verməsini təmin etmiş oldu. Digər tərəfdən, bu dövrdə yaradıcılığının erkən çağlarını yaşayan Ş.Axundova üçün də belə bir əsərin yazılması təqdirəlayiq idi. Belə ki, bəstəkar burada öz fərdi üslubunu, özünəməxsus musiqi dilinin cizgilərini qabardaraq, maraqlı bir əsər yaratmağa çalışmış və buna müəyyən dərəcədə nail olmuşdur. Qeyd etməliyik ki, əsərin həm məzmunu, həm də musiqi dili 50-ci illərin mühiti ilə səsləşirdi. Belə ki, bu dövr üçün xarakterik olan musiqi ifadə imkanlarından istifadə prinsipləri «Pambıq yığımı» simfonik lövhəsində müşahidə edilir.

       Ümumiyyətlə yuxarıda söylənilənləri adlarını sadaladığımız digər nümunələrə də şamil etmək olar. Beləliklə, əmək mövzusunda yazılmış birhissəli simfonik əsərlərə nəzər salaraq, onlara ümumi baxışdan diqqət yetirərkən, belə bir nəticəyə gəlmək olar ki, müxtəlif janr növlərində, yəni simfonik poema, uvertüra və lövhə janrında yazılan əsərləri belə bir amal birləşdirir: bu onların eyni mövzunu müxtəlif bəstəkar baxışlarında işıqlandırması, eyni mövzunun hər bir janrın imkanlarına tabe olaraq, müxtəlif tərəflərdən ifadəsidir. Beləliklə, nəinki milli simfonik musiqimizdə, həmçinin, Avropa mənşəli birhissəli janrlarda yeni olan əmək mövzusu musiqimizin ifadə imkanları ilə qovuşaraq, yeni tipli, yeni məzmunlu, obrazlı əsərlərin meydana gəlməsinə təkan vermiş oldu.

       Qəhrəmanlıq mövzusu milli musiqimiz üçün artıq çoxdan tanış idi. Belə ki, qəhrəmanlıq mövzusu milli musiqimizdə elə xalqımızın bu mövzuda yazılmış şifahi ənənəli janrlarından məlum idi. Simfonik musiqiyə daxil olana qədər isə, qəhrəmanlıq mövzusu digər janrlarda, o cümlədən Ü.Hacıbəyovun «Koroğlu» operasında kifayət qədər təmsil olunmuşdur.4 Adətən, birhissəli janrlarda hər hansı bir mövzunun istifadəsindən danışarkən əvvəlcə simfonik poema janrına diqqət yetiririk. Bu dəfə isə bir qədər fərqli olaraq, uvertüra janrından başlamaq istərdik. Bu da təsadüfi deyil. Çünki, qəhrəmanlıq mövzusu professional musiqimizdə ilk qədəmlərini məhz uvertürada, daha dəqiq desək, Ü.Hacıbəyovun «Koroğlu» operasına müqəddimədə atmışdır. Yığcam, dinamik xarakterli coşğun, hərəkətli, arasıkəsilməz inkişafa malik «Koroğlu» operasının uvertürası milli musiqimizdə bu janrın formalaşması üçün yeni imkanlar açdı ki, bu da gələcək milli uvertüranın taleyini bir növ həll etmiş oldu.


       Ümumiyyətlə, birhissəli simfonik janrlarda qəhrəmanlıq mövzusu özünü iki tərəfdən büruzə vermişdir. Yazılan əsərlərdən bəzilərində qəhrəmanlıq mövzusu ümumiləşmiş şəkildə ifadə olunur. Yəni hər hansı bir konkret obrazla bağlılıq, həmahənglik nəzərə çarpmır. Bu xüsusiyyət M.Əhmədovun «Qəhrəmani uvertüra» (1946), I.Quliyevin «Qəhrəmani uvertüra» (1964), V.Adıgözəlovun «Qəhrəmani poema» (1958), O.Nikolskayananın «Qəhrəmani uvertüra» (1940), Niyazinin «Qəhrəmani poema»sı kimi birhissəli nümunələrində büruzə verilir.

       Böyük Vətən mühirabəsi qəhrəmanlarına həsr olunmuş əsərlər qəhrəmanlıq mövzusunun ikinci tərəfini müəyyən edir. Bu mövzuya müraciət təbii idi. Dövrün yetişdirdiyi qəhrəmanların vəsfi, onların daim xatırlanması bu sahədə çoxluq təşkil edən əsərlərdə təcəssüm olunmuşdur. Eyni zamanda müharibə qəhrəmanlarına həsr olunmuş əsərlərdə də mövzunun müəyyən istiqamətlərdə bölünməsi nəzərə çarpır. Belə ki, burada həm cəbhədə şücaət göstərən insanların əziz xatirələrinə həsr olunmuş əsərlərə (F.Əmirovun «Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə» (1944) poeması, Fanya Nauxoviç-Lomakinanın «Sevastopol qəhrəmanlarına həsr olunmuş poema»sı, həm konkret olaraq qəhrəman şəhərlərə həsr olunan əsərlərə (X.Cəfərov «Leninqrad üzərində» (1953), həm də müharibənin yetişdirdiyi milli qəhrəmanları-mıza, o cümlədən H.Aslanov və M.Hüseynzadəyə həsr olunmuş əsərlərə rast gəlmək mümkündür.

       Qeyd edək ki, sonuncu cəhət üzrə yazılmış əsərlər müxtəlif bəstəkar baxışlarında daha çox təmsil olunaraq, əhəmiyyətli mövqe tutmuşdur. S. Ələsgərovun «Böyük Vətən müharibəsi qəhrəmanı H.Aslanovun xatirəsinə poema» (1944), T.Bakıxanovun «Uzaq sahillərdə» (1959) (M.Hüseyn-zadəyə həsr olunub), O.Kazımovun «Mehdi Hüseynzadə haqqında poema» (1979), R.Hacı-yevin «Həzi Aslanov» (1984) poeması müxtəlif onilliklərdə yazılaraq, müharibə mövzusunun daim yaddaşlarda xatırlanmasını sübut edir. Eyni zamanda, bu əsərlər məzmun cəhətdən birləşsə də, xronoloji cəhətdən müxtəlif onilliklərə mənsub olması, onların musiqi dilində nəzərə çarpır. Belə ki, hər bir onillik öz musiqi dilinin xüsusiyyətlərini, bu mühitdə formalaşan bəstəkar üslubunun fərdiliyini, özünəməxsusluğunu yaranan əsərlərə hondurur. Müharibə ilə bağlı qəhrəmanlıq mövzulu əsərlər hər bir bəstəkarın bu səpkili mövzulara fərdi münasibətlərini də əks etdirir.

       Qeyd etməliyik ki, qəhrəmani məzmunlu əsərlərdə xalqımızın keçmişindən gələn məzmunlara, obrazlara demək olar ki, müraciət edilməmişdir. Bu mövzuda əvvəl qeyd etdiyimiz kimi, XX əsr müharibəsinin yetişdirdiyi qəhrəmanların təcəssüm etdirilməsi əsas yer tutur. Belə ki, yaranan əsərlərin, daha dəqiq desək, uvertüraların başlığı müxtəlif bəstəkar yaradıcılığlarında oxşarlığı, eyniliyi ilə diqqəti cəlb edir. M.Əhmədovun, I.Quliyevin, I.Məmmədovun «Qəhrəmani uvertüra» adlı birhissəli simfonik nümunələri bu baxımdan maraqlıdır. M.Əhmədovun «Çəngi» uvertürası müəyyən bir istisna təşkil edir. Belə ki, milli qəhrəmanlıq, döyüş rəqsinin simfonik musiqidə işıqlandırılması bəstəkarlarımızın milli köklərə bağlılığını bir daha sübut edir.

       Ümumiyyətlə, Vətən müharibəsinin törətdiyi faciələr, ağrı-acılar bəstəkarlarımızın yaradıcılığında dərin iz qoymuşdur. Təsadüfi deyil ki, milli musiqimizdə ilk simfonik lövhə nümunələri məhz bu mövzuya həsr olunmuşdur. Niyazinin qəhrə-mani ruhlu «Döyüşdə» və «Xatirə» simfonik lövhələri qəhrəmanlıq mövzusunun musiqi irsimizdə dərin köklərə malik olduğunu təsdiqləyir.

       Beləliklə, sadaladığımız bütün bu nümunələrə diqqət yetirərkən belə bir cəhət diqqəti cəlb edir. Belə ki, milli bəstəkarlıq məktəbimizin nümayəndələrinin yaradıcılığında təmsil olunan əmək və qəhrəmanlıq mövzusu birhissəli simfonik janrları əsasən, məzmun və musiqi dili baxımından zənginləşdirir. Milli musiqi intonasiyalarından istifadə bu əsərlərin yaddaqalan, maraqlı və anlaşıqlı olmasını təmin edir. Simfonik poema və uvertüra janrları ilə müqayisədə lövhə janrına milli simfonik musiqidə nisbətən az müraciət edilmişdir. Bu janrda yazılan əsərlər rus musiqisindən gələn ənənələri davam etdirməklə yanaşı, eyni zamanda da, müəyyən dərəcədə öz imkanlarını, ifadə vasitələrini milli musiqimizdə zənginləşdirməyə çalışmışdır. Bu baxımdan Azərbaycan musiqisində yeni məzmun, musiqi dili imkanlarına malik olan simfonik lövhələr özünəməxsusluğu ilə fərqlənir. Milli musiqimizdə simfonik lövhə nümunələri zəngin, hərtərəfli məzmun aləminə malikdirlər. Burada qəhrəmanlıq, tə biət təsvirli, tarixi, ədəbi-lirik mövzulu simfonik lövhələrlə qarşılaşmaq mümkündür.

       Müxtəlif dövrlərdə yazılaraq, formalaşan bu əsərlər içərisində daha çox parlayanı, özünəməxsus mövqeyə malik olub nəinki təmsil etdiyi janr çərçivəsində, eləcə də birhissəli simfonik janrlar daxilində daimi yer tutan S.Hacıbəyovun «Karvan» simfonik lövhəsi xüsusilə fərqlənir. Borodinin «Orta Asiyada» simfonik lövhəsinin milli musiqimizdə birbaşa davamı kimi yaranan bu əsər janrın inkişafında mühüm əhəmiyyətə malikdir. Əsəri dərindən təhlil etmiş E.Abasova hər iki bəstəkarın mövzuya yanaşma tərzini göstərərək qeyd etmişdir ki, S.Hacıbəyov üçün lövhəvarilik əsas başlanğıc deyil, o, insan obrazının açılması ilə bağlı olan cəhətdir. Insanın gözəlliklə bağlı valehedici hisslərini göstərən S.Hacıbəyov üçün əsərin bədii dəyəri də məhz bununla əlaqədardır. E.Abasova əsərin maraqlı, yüksək bədii tələblərə cavab verməsini bir sıra xüsusiyyətlərlə, o cümlədən əsərin məzmunun zənginliyi, ifadə olunan obrazların tam və dərin surətdə açılması, orkestrləşdirmə üsüllarının rə ngarəngliyi, eyni zamanda orkestr səslənişində şərq ruhlu effektivliyin yaradılması və ən əsası, bəstəkarın məhz şərq təfəkkürünə, şərq düşüncə tərzinə və musiqi duyumuna malik olması ilə əlaqələndirir.5

       «Karvan» simfonik lövhəsi birhissəli simfonik janrların inkişafı tarixində əbədi mövqe tutmuş və sonralar yaranan əsərlər onun təsirindən doğan hisslərə bir növ məruz qalmışlar. Doğrudur, bu əsərlər digər mövzulara malik olaraq, müxtəlif bəstəkar qələmlərinin məhsuludur. Lakin «Karvan»ın qoyduğu dərin iz daim simfonik lövhə janrına müraciət edən sənətkarlar üçün ornək olacaqdır.

       Əsrarəngiz təbiətin çalarlarını özündə əks etdirən A.Əlizadənin «Şirvan lövhələri» və «Abşeron lövhələri» bu janrın inkişafında daha bir səhifəni açmış oldu. Xüsusilə, XX əsrin sonuncu onilliyində simfonik lövhə janrı yeni mövzu aləminə qədəm qoydu. Cəmiyyətdə baş verən hadisələr və onların musiqidə inikası bu dövrdə yaranmış simofnik lövhə nümunələrində ifadəsini tapdı. O.Kazımovun «Ədirnə fəthi» (C.Cabbarlının əsəri əsasında) və S.Fərəcovun «Matəm harayları» simfonik lövhələri bu baxımdan maraqlıdır. Beləliklə, Azərbaycan musiqisində simfonik lövhə janrı fərdi, lakin çox maraqlı inkişaf yolu keçərək, özünəməxsus mövqeyə malik olmuşdur.

       Birhissəli simfonik əsərlərin proqramına nəzər yetirərkən, onun əsas həlledici janr xüsusiyyətinə malik olduğunu bir daha dəqiqləşdirdik. Belə ki, milli musiqimizdəki birhissəli simfonik janrlara proqramlılıq nöqteyi-nəzərindən yanaşdıqda mövzu bolluğu, məzmun rəngarəngliyi və bundan irəli gələrək, musiqi dilinin zənginliyi diqqəti cəlb edən əsas xüsusiyyət oldu. Milli musiqimizə daxil olan hər bir Avropa janrı kimi, birhissəli simfonik əsərlər də, o cumlədən simfonik poema, uvertüra və lövhə janrları da milli musiqimizin çalarlarına boyanmış, yeni məzmun, mövzu dairəsi və musiqi sistemi əldə etmişlər.


       Qeyd etdiyimiz kimi, Azərbaycan musiqisində birhissəli simfonik əsərlər daha çox mövzu yeniliyinə məruz qalmışlar. Bu da təbii idi. Çünki milli musiqimizdə istifadə olunan birhissəlilər artıq onun qanunauyğunluqlarına müəyyən dərəcədə tabe olmalı idi. Bu isə özünü daha çox məzmun və musiqi dilində büruzə vermişdir. Beləliklə, birhissəli simfonik əsərlər milli musiqimizdə çox zəngin mövzu aləmilə qarşılaşdı. Ədəbi-lirik, tarixi, əmək və qəhrəmanlıq, siyasi və ictimai mövzuları birhissəli simfonk janrların proqramlı məzmununda əsas həlledici amil oldu. Göstərilən istiqamətlər üzrə yaranan simfonik poema, uvertüra və lövhə nümunələri bu mövzulara digər musiqi mədəniyyələrində malik olsa da, burada yeni nəfəs, yeni təravət əldə etdi. Bu özünü milli musiqimizin, milli proqramlılığın Şərq ruhuna, Şərq düşüncə tərzinə malik olmasında büruzə verirdi. Beləliklə, milli musiqimizdə birhissəli simfonik janrlar 3 əsas proqramlı istiqamət üzrə inkişaf etməyə başladı:

       1) Tarixi və ədəbi-lirik mövzulu;
       2) Siyasi və ictimai mövzulu;
       3) Əmək və qəhrəmanlıq mövzulu.

       Bu istiqamətlərin hər birində milli məzmunlu mövzular əsas ifadəsini tapmışdır. Burada istər milli ədəbi irsimizdən seçmə nümunələrlə, istər dahi şəxsiyyətlərin obrazlarının canlandırılması ilə istər müasir dünyanın problemlərinin əks olunması ilə istər insanların saf hisslərinin tərənnümünə və istərsə də digər mövzularla qarşılaşmaq olar. Məhz bu mövzu bolluğu qeyd etdiyimiz istiqamətlərin də təsnifatında mühüm rol oynayaraq, bir növ onların taleyini həll etmiş oldu. Əsərin hər hansı bir mövzu bölümünə aid olması və bu bölmədə də müəyyən bir hissəyə daxili onun daha da zəngin-ləşməsinə səbəb olmuşdur. Nəzərdən keçirdiyimiz mövzu istiqamətlərində daha çox birhissəli simfonik əsərləri özündə birləşdirən tarixi və ədəbi-lirik mövzudur. Göründüyü kimi, böyük bir tarixi inkişafı və ədəbi dünyanın zəngin irsini özündə birləşdirən bu bölmədə mövzu müxtəlifliyi nəzərə çarpır. Burada bir neçə mövzu aidiyyəti vardır:

       1) Vətəni tərənnüm edən;
       2) Təbiət təsvirli;
       3) Ədəbi simaların obrazları;
       4) Ədəbiyyat aləmindən seçmələr;
       5) Tarixi obrazların canlandırılması bölmələri diqqəti cəlb edir. Bu bölmələrə aid yaranan əsərlərdə seçilən mövzulara hərtərəfli yanaşma tərzi, məzmunu dərindən açmaq xüsusiyyəti xarakterikdir. Burada mövzuya həm tarixi, həm də lirik baxımdan müraciət etmə diqqəti cəlb edən xüsusiyyətdir.

       Siyasi və ictimai mövzulu istiqamətdə yazılan əsərlər daha çox zamanın tələblərinə, yaşanılan dövrün qanunauyğunluqlarına tabe olunmuşdur. Əvvəldə qeyd etdiyimiz sosialist realizminin prinsipləri, bəstəkarlar qarşısında qoyulan məqsədlər daha çox ifadəsini tapmışdır. Burada mövzu bir neçə bölmədə inkişaf vetmişdir:

       1) Xalqımızın yaxın keçmişi ilə bağlı;
       2) Sovet hakimiyyətinə həsr olunmuş;
       3) Siyasi şəxsiyyətlərin obrazları ilə bağlı;
       4) Sülh mövzusu və onun təbliği;
       5) Müxtəlif xalqların azadlığına həsr olunmuş mövzular.

       Müxtəlif onilliklər boyu yaranan hər bir əsərdə zamanın, siyasi hakimiyyətin yeritdiyi siyasətin prinsipləri əksini tapsa da, burada hər bir bəstəkarın fərdi dəst-xətti, üslubu təcəssüm olunmuşdur. Bu əsərlərə ifadə etdiyi mövzu baxımından deyil, bədii dəyəri, musiqi dili keyfiyyəti baxımından yanaşmaq daha düzgün və ədalətli olardı.

       Əmək və qəhrəmanlıq istiqaməti ilə bağlı birhissəli simfonik nümunələr adından da bəlli olduğu kimi daha çox insan xarakteri, insan əməyi və şücaəti ilə bağlıdır. Qeyd edək ki, əmək mövzusu birhissəlilərin inkişafı tarixində yeni idi və bu mövzu haqqında söhbət açılan janrların məzmun dairəsinə 50-ci illərdə daxil olmuşdur. Əmək mövzusu XX əsrdə milli musiqimizin birhissəli simfonik əsərlərə bəxş etdiyi yenilik idi. Mövzu daxilində, sosialist realizminin tələbi ilə yaranan bir sıra cəhətlər, o cümlədən insan əməyinin qüdrəti, rəşadəti, şücaəti əks olunmuşdur. Bu baxımdan əmək mövzusu, bir sözlə, dövrün tələbləri, zamanın ifadəsi ilə daha çox uyğunlaşırdı.

       Qəhrəmanlıq mövzusu isə öz köklərini şifahi ənənəli musiqimizdən götürərək birhissəli simfonik janrlara daxil olanda artıq püxtələşmiş idi. Burada daha çox müasir dövrün yetişdirdiyi mövzular öz əksini tapmışdır. Böyük Vətən müharibəsi və onun qəhrəmanlıqlarına həsr olunmuş qəhrəmani məzmunlu birhissəli simfonik janrlarda iki cəhət diqqəti cəlb edir:

       1) Vətən müharibəsi mövzusunun ümumiləşmiş şəkildə, «qəhrəmanlıq» başlığı altında cəmlənməsi;
       2) Vətən müharibəsinin yetişdirdiyi qəhrəmanların, daha dəqiq desək, H.Aslanov və M.Hüseynzadənin obrazının canlandırılması.

       Xüsusilə müharibədə şücaət göstərmiş və adlarını sadaladığımız obrazların tərənnümü daha çox əhəmiyyət kəsb etmiş və müxtəlif bəstəkar yaradıcılıqlarında parlaq ifadəsini tapmışdır. Qəhrəmanlıq mövzusu ilə bağlı əsərlərdə ruh yüksəkliyi, coşğun enerjili musiqi diqqəti daha çox cəlb edir.

       Simfonik lövhə janrında isə bəstəkarlarımız rus musiqisi ənənələrini davam etdirərək, milli zəmində bir sıra maraqlı əsərlər yaratmışlar. Milli simfonik lövhələrin sayca məhdudluğuna baxmayaraq, müxtəlif mövzu aləminə malik olması onların əsas xüsusiyyətlərindəndir. Burada həm ədəbi-lirik, həm matəm ruhlu, həm təbiət təsvirli, həm də qəhrəmani məzmunlu simfonik lövhələrlə rastlaşmaq mümkündür. Daha çox musiqi dili səviyyəsində yeniləşən bu janrın milli nümunələrində şərq bəstəkarlarının düşüncə tərzi, fikir zənginliyi, milli lad sisteminin rəngarəngliyi nəzərə çarpır.

       Beləliklə, milli musiqimizdə simfonik poema, uvertüra və lövhə nümunələrinin təsnifatına diqqət yetirdikdə bir sıra cəhətlər özünü büruzə verir. Bu, birhissəli simfonik janrların çox zəngin mövzu dairəsi və musiqi dilinə malik olmasından ibarətdir. Bu baxımdan daim inkişaf edən və yeniləşən simfonik poema, uvertüra və lövhə janrları milli musiqimizdə əbədi olaraq əvəzolunmaz mövqe tutacaqdır.

       Bundan əlavə, qeyd etmək istərdik ki, müxtəlif məzmunlu birhissəli simfonik əsərlər yaradan Azərbaycan bəstəkarları yaradıcılıq yollarını, üslublarını, dəst–xəttlərini milli professional musiqi ənənələri üzərində formalaşdırmışlar. Belə ki, Ü.Hacıbəyov zirvəsindən sonra professional musiqimizdə özünəməxsus mövqe tutan Q.Qarayev məktəbinin ənənələri bir çox bəstəkar yaradıcılıqlarında davamını tapmış, onların yaradıcılıq yollarının istiqamətlənməsində mühüm amil olmuşdur.

ƏDƏBIYYAT
1. Gfendiev L. Razvitie soüialistiçeskoqo realizma v Azerbaydcane. Baku, Azerneşr, 1971, s. 151.
2. Abezqauz I. Simfoniçeskaə pogma K.Karaeva «Leyli i Medcnun». M., Sov. Kompozitor, 1958, s. 22
3. Gfendieva I. Vasif Adiqezalov. Baku, Şur, 1999, 323 s.

4. Ü.Hacıbəyovun «Koroğlu» operasının uvertürası musiqişünaslar tərəfindən təhlil olunduğu üçün bu barədə ətraflı söhbət açılmır.
5 Abasova G. «Karavan» i «Uvertöra» Sultana Qadcibekova (poəsnenie). Baku, Azqosmuzizd, 1964, s. 40






Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70