IV VIDA NƏĞMƏLƏRI
1920-ci illərin əvvəlləri idi. Respublikamızda mədəni inqilab şüarları altında maarif komissarı Mustafa Quliyev başda olmaqla milli ənənələrə qarşı, tar, kamança kimi milli musiqi alətlərinə qarşı ciddi kompaniya, mübarizə aparılırdı. «Proletkultçular köhnəliyin, avamlığın, geriliyin qalıqları» kimi tarı tamamilə ləğv etmək, kamançanı isə skripka ilə əvəz etmək istəyirdilər.
Mikayıl Müşfiqin «Oxu tar» şeri bu səhv cəhdlərə kəskin etiraz idi.
Bu dövrdə yalançı mədəni inqilabçılar, yəni proletkultçular «proletar mədəniyyəti yaratmaq uğrunda mübarizə» şüarı altında keçmiş nəsillərin bütün mədəni nailiyyətlərinə qələm çəkirdilər.
Onlara qarşı çiddi müqavimət göstərən mütərəqqi cəbhə Üzeyir bəy Hacıbəyov və Müslüm Maqomayevin başçılığı ilə fəaliyyət göstərirdi. Babam da bu cəbhədə mütərəqqi ideallar naminə mübarizə aparırdı.
Babam yaşının yetmişi keçməsinə baxmayaraq çox qocalmamışdı. Onun yalnız saçı ağarmışdı, gözü yaxşı görürdü, eynək taxmırdı, bütün dişləri də yerində idi. Nə qədər ki, onun canından artıq sevdiyi, onunla nəfəs alıb yaşadığı tarına toxunmamışdılar.
Lakin tarı keçmişin, geriliyin bir qalığı kimi rədd etməyə çalışan nadan, proletkultçu fikirli adamlar babamın sakit həyatında bir fırtına yaratdılar. Odur ki, o, ruhdan düşdü. Babam bilirdi ki, ömrünü artıq başa vurmaq üzrədir. O, tarı və onunla birlikdə tarda olduğu qədər heç bir musiqi alətində çalınması mümkün olmayan zəngin xəzinəmizi-muğamlarımızı da itirməkdən qorxurdu. Axı, illər boyu təkmilləşdirilmiş bu alət gələcək nəsillərə də çatdırılmalıdır.
Tar ətrafında keçirilən qızğın mübahisəli yığıncaqlardan sonra babam bir neçə həmkarı ilə evə gələrdi. Ikinci və əsl yığıncaq bizim evdə davam edərdi. Uzun mübahisələr və həyəcanlı söhbətlər hamını hövsələdən çıxarırdı. Heç unuda bilmirəm. Belə müzakirə günlərindən birində babam əsəbi halda tarı əlinə aldı və yoldaşlarına müraciətlə dedi: «Onları mən tarımın böyük çanağından salıb kiçik çanağından çıxardaram! Mənim tarım və muğamatım yaşamalıdır!». Mən onun belə əsəbi vəziyyətini heç vaxt görməmişdim. Ona çox acıyırdım. Halbuki o vaxt cəmiyyətimizdə nələr baş verdiyini bilmirdim. Ancaq hiss edirdim ki, vəziyyət çox gərgindir. Tarı itirmək qorxusu yaranıbmış. Yəqin ki, hələ ona görə də Mirzə Fərəc həmin günlərdə tarına daha da çox bağlanmışdı. O, bütün günü həzin-həzin, çalırdı, çalmayan vaxtlarda isə daxili iztirablar keçirirdi. Nə haqdasa uzun-uzadı düşünür, əsəbiləşir, dodaqlarını qan çıxana qədər dişləyirdi. Bu vərdiş onda artıq gündəlik bir adətə çevrilmişdi. Bir müddətdən sonra onun alt d
odagında balaca bərk bir şiş əmələ gəldi.
Axır vaxtlarda o elə hövsələsiz və bədgüman olmuşdu ki, tar haqqında yaxşı bir fikir söyləyən adama da inanmırdı. Ona şübhə ilə baxırdı. Ona elə gəlirdi ki, hamının məqsədi tarı məhv etməkdir. Babam o günlər olduqca gərgin psixoloji sarsıntılar keçirirdi. Həmkarları onun yanında olmayanda o gah çalardı, gah da uzanardı, evdə özünə yer tapa bilməzdi. Dodağındakı şiş də ona əziyyət verməyə başlamışdı. Daha işlədiyi musiqi texnikumuna gedə bilmədi. «Tarın məhkəmə»sində iştirak edə bilmədi. Dostları onun nigaran olduğunu bilirdilər. Ona görə yığıncaqda olan söz-söhbəti gəlib evdə ona danışırdılar, təsəlli də verirdilər.
79 yaşından sonra babama fərdi pensiya təyin etdilər. Ömrü uzunu gümrah, nikbin, işgüzar həyat tərzi keçirmiş babam heç güman etməzdi ki, belə çıxılmaz bir vəziyyətə düşəcək. Onu Mədəniyyət nazirliyindən Moskva şəhərinə göndərmək istədilər. Ancaq nənəm icazə vermədi. O, doğru elədi, çünki babam ağır cərrahi əməliyyata dözə bilməzdi. Onun «əgər məni bu xərçəng xəstəliyi tutmasaydı hələ çox yaşayacaqdım» sözləri mənim indi də qulaqlarımdadır. Getdikcə halı pisləşirdi. Əzizimizi itirirdik. Bunu o özü də hiss etmişdi. Bir gün anamı yanına çağırıb dedi ki, Ağabacını mən sənə tapşırıram. Onu heç vax ərə verməzsən. Əgər bunlarla bacarmasan (o nənəmi və atamı nəzərdə tuturdu) onda heç olmazsa onu evdən kənara vermə, öz yanında saxla, gözün üstündə olsun. Onun o zərif əlləri iş görmək üçün yaranmayıb. O sözünün ardını deyə bilmədi, ağladı. Mən o nikbin babamı birinci dəfə idi ki, ağlayan gördüm. Ağabacını – o əziz nəvəsini nə dərəcədə sevdiyini təsəvvür etmək çətindir.
Babam çox nikbin idi. Uşaqlıqdan yetim qalsa da, mollaxanadan qovulmuş olsa da dayısının arzusunun əksinə olaraq ruhani yox, musiqiçi olmaq ehtiyacını özündə hiss edib. Bu sahədə rəhbərsiz, böyüksüz, çox çətinliklə yüksək istedada malik olması ilə özünə yol açıb. Qürurlu xasiyyəti ilə, dərin biliyə malik olması ilə xalqına bir ustad kimi özünü sevdirmişdi.
Çox maraqlıdır ki, babam bütün foto şəkillərində gülümsəyir. Bu daxildən gələn bir fərəhmi idi, yoxsa həyatdan razılıq hissimi deyim, bilmirəm. Hətta xəstə vaxtında ən axırıncı şəklində də bu vəziyyət özünü göstərir. Eldən ayrılmazdı, onun əksinə hərəkət etməzdi. Deyərdi ki, «Elnən qara gün bayramdır». Ehsan aylarında ehsan verərdi. Matəm aylarında toya getməzdi, oruc tutardı. Hər iftar vaxtı süfrə başında ərəbcə oxuduğu dualarını da eşitmişəm. Xalqın, elin bütün adət-ənənələrinə hörmət edərdi, odur ki, el onu çox sevərdi.
Qayğısız və babamlı uşaqlıq yaddaşıma qara hərflərlə həkk olmuş ilk həyat zərbəsi məni elə sarsıtdı. Ancaq bir dəqiqəliyə gözlərimi yumuram. 75 il bundan əvvəl olduğu kimi, o kədərli mənzərəni gözlərim önündə canlandırıram. Mən o ilə, o evə, o dəmə qayıdıram.
Babamın ölümündən bir gün əvvəl 1927-ci ilin 25 martında elə bil bir qüvvə məni zorla qaldırıb babamın xəstə yatdığı otağa itələdi. Nədənsə nənəm neçə gün idi heç birimizi o tərəfə keçməyə qoymurdu. Burada gördüyüm mənzərə məni çaşdırdı. Nənəm "dostu" adlandırdığımız qadınla birlikdə babam uzanmış çarpayının ayaq tərəfində əyilib onun ayaqlarına həna qoyurdular. Bu mənə çox qəribə gəldi. Axı o ağır xəstə idi, heç səsi də çıxmırdı. Nənəm belə hənanı həmişə bir Novruz bayramında, bir də ki, bağa köçən günü orada mənimlə Ağabacının ayağına qoyardı ki, ayaqyalın qum üstündə gəzəndə qum dərini incitməsin. Bəs indi... babamın yanına yaxınlaşıb dayandım. Nənəmin başı qarışıqdı, görmədi. Həssas babam mənim gəlməyimi necə də hiss etmişdi, axı üzü, çənəsi, böyük sarğı ilə bağlı idi. Birdən onun çox zəif səsini eşitdim. O deyirdi: «qaydadır, insan dünyadan köçəndə ayaqlarına həna qoyarlar». O, bu sözləri mənə dedi ki, bu qəribə ayinə təəccüb etməyim.
Bu, babamdan eşitdiyim axırıncı sözü oldu. Görünür bu onun həyatda da elə son cümləsi olub. Onu da eşitmək mənə qismət oldu. Bu çümlə, bu səs mənim ürəyimə iynə kimi sancılıb qaldı və əbədi olaraq qalacaq, nə qədər ki, sağam. Mən indi də hərdən o səsi eşidirəm. O otaq, o səssizlik, o çarpayı, başının üstündə divardan asılmış «Şir-Xurşid» nişanlı sədəfli tarı, babamın ağarmış üzü, ağappaq sif saçları, sinəsinin üstünə qoyduğu uzun barmaqları, nənəmin qızarmış göy gözləri, bir də ki, həna qoyan «Dostu»nun1 bozarmış əsəbi üzü gözlərim qarşısındadır. Heç ağlıma gəlməzdi ki, bu görüş mənim əziz, unudulmaz babamla son görüşümüzdür.
Babamın ölümü ilə əlaqədar bir əhvalatı heç vaxt unutmuram. Bizim novruz bayramımız yasa çevrildi. Birinci dəfə idi ki, bayramda Ağabacı ilə mənim üçün qırmızı paltar tikilmədi. Əziz babam bizi əbədi olaraq tərk etdi. Özü ilə bərabər evimizin sevincini, xoşbəxtliyini, şənliyini də apardı.
Bakıda Dağüstü park düzələndə orada olan qəbiristanlıq söküldü. Ona görə babamın və qardaşı Nəsir əminin sümüklərini çıxarıb Maştağada Xonxar məhəlləsinin Məmmədbağır qəbiristanlığında hər ikisini bir qəbirdə basdırdılar. Baş daşında yazılıb: «Tarzən Mirzə Fərəc Rza oğlu Rzayev. 1847-1927».
Can verməkdə olan adamların ayaqlarına həna qoyulması ayinini qardaşım, sənətşünaslıq doktoru Nəsir Rzayev belə izah edirdi:
«Bu tədbir Tunc dövründən miras qalmışdır. O dövrün Günəş və ölülər kultu ilə bağlı olmuş ən mühüm ayinlərindən biridir. O dövrdə oxra qırmızımtıl boyalar simvolik olaraq Günəşi təmsil edirmiş. Guya yalnız Günəşlə təmasda olan varlıqlar yaşaya bilərmişlər. Onlar ölülərə ölü kimi yox, öz həyatlarını davam etdirmək məqsədilə müvəqqəti həyatdan daimi həyata, axirət dünyasına köçmüş canlılar kimi baxırdılar. Ona görə də axirət evi hesab edilən qəbirlər, oraya qoyulmuş avadanlıq Günəşin təsviri rəmzləri ilə bəzənirdi».
Gərək babam heç olmazsa beş il geç vəfat edəydi. Azərbaycan xalqının sevimli tarının, muğamların qorunub saxlanması yolunda dahi bəstəkarımız Üzeyir bəyin apardığı mübarizənin parlaq nəticəsini görəydi. Babam bu qələbəni özü görmüş olsaydı onda onun musiqisini təsnifləri, mahnıları, oyun havalarını nota salmaq istəyən Niyaziyə, Asəf Zeynallıya: – «Mən ölürəm, qoy mənim musiqim də mənimlə bərabər ölsün» deməzdi. Notun ilahi qüvvəsinə inanardı. Ancaq musiqi aləmi inqilab dövrü keçirirdi. Səksən yaşlı babam isə buna şübhə ilə baxırdı.
Indi bizim «Kürd Ovşarı»nın səsi Nyu-Yorkun, Bostonun konsert salonlarından gəlir. Tarımız bütün dünyanı dolaşır. Üzeyir bəyin arzuları həyata keçir. Azərbaycan bəstəkarları tar üçün böyük formalı əsərlər yaradırlar. Tarı simfonik orkestr müşayiət edir.
Indi mən tar deyəndə, muğam deyəndə gözlərim qarşısında əziz babam, özünün, şir-xurşidli, sədəfli tarı ilə canlanır.
V. AILƏDƏ SƏNƏT
ƏNƏNƏLƏRI DAVAM EDIR
Mirzə Fərəcin əvvəl bir qızı olur. Uşaq körpə ikən ölür. Sonra tezliklə 1889-cu il iyun ayının 8-də bir oğlu olur. Adını Ismayıl qoyurlar.
Mirzə Fərəc haram-halal məsələsinə çox ciddi fikir verərdi. Odur ki, oğlu Ismayıl əli təmiz ürəyi düz, yalan bilməyən qayğısız böyümüşdür. Hamıya həmişə yaxşılıq etmişdir.
Babam özü vaxtilə təhsil ala bilmədiyi üçün oğlunu ən əvvəl balaca yaşda mollaxanaya qoyur. O, bir il mollaxanada əvvəl çərəkə, sonra da quranı oxuyub qurtarır. Həyat göstərir ki, əvvəl mollaxanada təhsil almış uşaqlar çox savadlı olurlar. Ən birincisi köhnə əlifbanı yaxşı öyrənirlər. Məktəbdə çətinlik çəkmirlər.
Mollaxanadan sonra Ismayıl 8 yaşında əvvəl Bədəlbəyin məktəbində iki il oxuyur. Sonra Soltan Məcid Qənizadənin məktəbində təhsil alır, daha sonra da Bakıda məşhur olan Mirzə Həbib Mahmudbəyovun «rus-teatr məktəbində» təhsili başa vurur. Ancaq nənəm ərköyün böyütdüyü yeganə oğlunu gözündən iraq buraxmaq istəməyir. Odur ki, atamı Bakıdakı mühasibat kursuna qoyurlar ki, mühasib olsun. Bu o vaxta təsadüf edir ki, yuxarıda dediyim kimi Mirtağı artıq neftxuda olmuşdur. Aramyandan aldığı böyük yaraşıqlı malikanədə yerləşmişdi (indiki Azneft, məşhur bina). Binanın ikinci mərtəbəsində özü ailəsilə yaşayırdı. 1910-cu il oktyabrın 1-dən Mirtağı atamı öz «neft sənayesi ticarət firmasında» mühasib kimi işə götürür2. Baş mühasib Erriko idi. Kaqner isə Mirtağının inanılmış köməkçisi.
Mirtağı babamdan bir həmkar kimi ayrılsa da bu dəfə dostluğu atamla davam etdirir.
Mirtağı atamdan xahiş edir ki, onlara gələndə tarını da götürsün. Çal-çağır, yemək içməkdən sonra qonaqlar gedir. Mirtağı atamla öz əvvəlki səadətli dünyasına, muğamlı dünyasına qayıdır. Ürəklə çalıb-oxuyurlar. Görünür ki, Mirtağı hələ öz sevimli sənətilə bir dəfəlik vidalaşmayıbmış. Əksinə onunla yaşayırmış. Intəhası xalq arasına çıxmırmış. Tale onu bu yerə çatdırmışdı. Ancaq dövlətindən xalqa xidmət etmək üçün pay ayırmağı da unutmayırmış. 1914-cü ildə Qori seminariyasının müəllim və tələbələrinin böyük qrup şəkli çəkilmişdir. Mirtağının şəkli ortada verilmişdir. Şəkil tarix muzeyindədir. Bunu ona görə etmişdi ki, azərbaycanlı uşaqlar Qori seminariyasına asan qəbul olunsunlar. Mirtağı Hacı Zeynalabdının təşəbbüsünə-xeyriyyə məqsədilə varlılardan pul toplanmasına hər dəfə məmnuniyyətlə qoşulmuşdur. Kasıb ailələrə yardım etmək üçün Mirtağının pul ayırmasının atam özü şahidi olmuşdur.
Mirtağı alicənab, qəlbi təmiz, ürəyi açıq, sədaqətli, xəbislikdən çox uzaq nəcib bir insan kimi atamın ürəyində özünə möhkəm yer tutmuşdu. Onların dostluğu babamdan da artıq olubmuş.
Babamın yaşı keçirdi. Ona görə də yeganə övladı olan Ismayılı tez evləndirmək qərarına gəlir ki, nəvə arzusuna da çatsın. Odur ki, Güləndam nənəmin dayısı nəvəsi gözəl-göyçək Xırdaxanıma çox təntənəli bir nişan aparırlar. Qız çox gözəl, olduqca ağıllı olduğundan qorxurlar ki, başqasına qismət olar. Beş il nişanlı qalırlar. Nəhayət 1911-ci ilin mart ayında Novruz bayramı ərəfəsində böyük toy mərasimi başlayır (onda Novruz bayramını martın 9-da edərmişlər; anam belə deyərdi). Toyu rəsmi aparmaq üçün dəvət olunur tarzən Qurban Pirimov, xanəndə Cabbar Qaryağdı oğlu, kamançaçı Saşa Oqanezaşvili və oynayan gürcü qızı Marusya. Toy məclisi yeddi gün davam edir. Babamın bütün tanıdığı həmkarları növbə ilə bu toyda oxuyub çalırlar. Belə qeyri-adi toyun söz-sorağı çox uzaqlara yayılır. Qonaqların sayı-hesabı olmayır. Çağrılmayanlar da iştirak edirlər. Babamın ürəyincə olan çox dəbdəbəli, təntənəli keçən bu toyun 7-ci günü ondan xahiş edirlər ki, oğlunun toyunda bir şey çalsın. Babam razı olur və bir dəstg
ah başlayır. Bu vaxt toyda iştirak edən milyonçu Mirtağı Mirbabayev özünü saxlaya bilməyir. Mirzə Fərəclə oxuyub çaldığı unudulmaz günlər ürəyini lərzəyə gətirir, qeyri-adi bir sevinclə oxumağa başlayır. Çoxdan bəri eşidilməyən səsi ilə məclisdəkiləri valeh edir. Bu gecə hamı üçün bir bayrama çevrilir. Hər kəsdən artıq isə çox sevdiyi sənətindən məcburiyyət qarşısında ayrı düşmüş böyük sənətkar Mirtağı üçün. O, bu gecə ürəyini boşaldır, yəqin özü-özlüyündə mənəvi bir təskinlik tapır. Görünür, buna onun çox ehtiyacı varmış. Bu elə bir oxuyub çalmaq olur ki, ondan sonra məclisdəki musiqiçilər deyirlər ki, belə bir oxuyub çalmaqdan sonra bizim çalğımız daha ləzzət etməz. Biz belə bir sənətkarların qarşısında nə karəyik. Odur ki, məclis əhli toya yekun vurmağı təklif edir. Gəlin dalınca getməyə hazırlaşırlar.
Mirtağının Bakıda uzun müddət fasilədən sonra belə bir təntənəli toy məclisində oxuması təsadüfi bir xoşbəxtlik olur. Həm özü üçün, həm də onu dinləyənlər üçün. Bunun əsl tarixi əhəmiyyəti isə onda idi ki, öz doğma şəhərində təntənəli bir məclisdə böyük sənətkar axırıncı dəfə oxuyub ürəyini boşaltdı. Elə bil ürəyinə dammışdı ki, bu fürsət ona ömürlük daha qismət olmayacaq. 9 ildən sonra öz doğma şəhərilə belə dost-aşinalarilə sənət həmkarları ilə ömürlük vidalaşacaq. Qürbətə gedəcək. Yəqin sonrakı illərdə ömrünün axırına qədər usta xanəndə-neftxuda bu qeyri-adi gecəni heç vaxt unutmamışdır. Necə ki atam ömrünün axırına qədər əziz dostunu – Mirtağını unuda bilmirdi. Həmişə onun yolunu gözləyirdi. Deyirdi ki, sahibkar gələcək. Adı çəkiləndə ürəyi zərif atamın gözləri yaşarırdı. 50-ci illər idi. «bir dəfə atam evə gəlib çox sevinclə xəbər verdi ki, xaricə gedən turistlərdən biri Mirtağını görmüş». O ən əvvəl məni soruşub. Ağabacının isə bəstəkar olmasını bilirmiş, xəbəri varmış. Mirtağı xaricə ged
əndə Ağabacı 8 yaşında idi. Yəqin efirdən onun musiqilərini də eşidibmiş. Atam uzun müddət bu xoş xəbərin təsiri altında yaşadı. Tez-tez onu yada salıb onunla keçirdiyi musiqili gecələri təkrar-təkrar xatırladı.
Səməd babam əvvəldən bir şərt qoymuşdu, qızı aparmağa gələndə mənim qapıma musiqiçilər yox, dərviş gəlsin. Qız üçün köhnə müsəlman qaydasında tikilmiş paltarlar gəlsin. Bütün bunlar nəzərə alınır. Babamın adamları gəlin dalınca gedəndə musiqiçiləri yarı yolda qoyub ucadan oxuyan dərvişi müşayiət edərək indiki Müstafa Sübhi küçəsindəki 159 nömrəli evə çatırlar. Gətirdikləri ən qədim milli Azərbaycan zərli baftanı, tikilmiş paltarları, qırmızı başlıqları və s. gəlinə geyindirirlər. Başına o vaxt dəbdə olan naz-naz örpəyi salırlar (Qırmızı rəngində çox nazik zərif qaz parça üstündə zərli saplarla işlənmiş yaraşıqlı örpək). evdən küçəyə çıxanda isə gəlin görünməsin deyə naz-naz örpəyin üstündən bir də qalın orpək salırlar. Bu örpəyin hər tərəfində ağır qırmızı rəngində zərli güllər həkk olunmuşdu.
Gəlin üçün tikilən Avropa qaydasında olan ağ paltarlar, ağ dikdaban ayaqqabı, uzun ağ gipur əlcəklər, başa sancmağa qaşlı sancaqlar və s.i. maşında qoyulubmuş. Qapıdan aralanından sonra dərviş gedir. Yolda gözləyən musiqiçilər dəstəsi gəlinin dəstəsinə qoşulur. Faytona oturub bütün yolu çalırlar. Maşında gəlinin paltarlarını dəyişirlər, təntənə ilə Aşağı priyut küçəsi 99/101 nömrəli (Kamo 95) evə çatırlar. Küçədən ta gəlin otağına qədər gəlinin ayağı altında zərli qırmızı payandaz salınır.
...1912-ci il dekabr ayının 15-də babamın səbirsizliklə, nigarançılıqla gözlədiyi ən xoşbəxt bir günü çatdı. Ilk qız nəvəsi dünyaya göz açdı. Babam dünyadan tez köçmüş, çox sevdiyi və anasını əvəz etmiş bacısının – Ağabacının adını ilk nəvəsinə qoydu.
Körpə Ağabacı dünyaya ilk gəlişilə 65 yaşlı babaya dünyalar qədər də sevinc bağışlayır. Bütün ailə bu uşağın üstündə əsir. Soyuq dəyməsin, ağlamasın. anam danışırdı ki, Ağa tez-tez uşaq yatan otağa gəlir, üzünə baxıb onu iyləyir, sonra də məmnun halda gülümsəyib gedirdi (babamı hamı evdə Ağa çağırırdı). Babam həmişə tapşırardı ki, uşağı iylərlər, süd iyi verər, öpməzlər. Çünki onun üzünün qurdu ölər, rəngi sapsarı olar. Uşağı çimizdirmək üçün isə buxardan dönmə su gətirdərmiş. Rəsmi surətdə uşağa ad vermək üçün böyük məclis düzəlir, üç gün davam edir. Çoxlu adamlar çağrılır. Birinci gün molla çağrılır. Belə qayda vardı ki, əgər uşağa ölmüş adamın adını verirsənsə onda molla olmalıdır. Çalmaq olmaz. Süfrə yığışandan sonra molla yasin oxuyur ölən adamçün. Uşağı alır qucağına, adını deyir qulağına, üç dəfə təkrar edir. Sonra verir sağ yanındakına, o da bu ayini təkrar edir, uşağı ötürür sağındakına. Beləlielə bütün oturanlardan sonra ən axırda uşaq verilir anasının qucağına.
Anam danışırdı ki, gələn qonaqlar hərə bir qızıl hədiyyə xonca ilə gətirmişdilər (aypara şəklində, ay ulduz, pəncə (barmaqlı əl). Bu qızılları hamı gəlib uşağın papağına, köynəyinə, qundağına sancırdılar. Uşaq bütün qızıl içində idi (qayda belə idi). Nənəmin sancdığı göz muncuğu da qızıla alınmışdı. Xoşbəxt ailənin ən xoşbəxt körpəsi olmuşdu Ağabacı.
Atalarda bir misal var: «Gəlin ocağa çəkər» deyərlər. Bu böyük sənət ocağına düşmüş gəlin demə sənətin başqa bir növünə yiyələnibmiş. Səkkiz yaşda olarkən anası ona iş tikməyi öyrədib. Sonra da həyətlərində yaşayan Imanqulu dayısının arvadı Bilqeyis xanımdan əvvəl rəngli saplarla, sonra da Güləbatın sapla işləməyi səylə öyrənir. Anamın çox qabiliyyətli barmaqları olub. Tikdiyi güləbatın işləri çox zərif, səliqəli tikmələrdi. Onlardan mən gördüklərim 30 dənə arağçın idi. Tirmə üzərində güləbatın butalar salınmışdı, tənbəki qabı (kisəsi) saat qabı, möhür qabı, daraq qabı, sürmədan, bığ bağı (guya bığa həna qoyandan sonra üstündən bağlamaq üçün), noğul kisəsi (o vaxt adamları toya çağıranda indiki kimi yazılı dəvətnamələr yox idi. Belə yaraşıqlı, balaca kisəyə noğul töküb verərdilər məhəllənin tanınmış bir kasıb qadınına. O da qapı-qapı gəzib balaca nəlbəkidə 3-4 dənə noğul verib toya dəvət edərmiş. Ev yiyəsi də noğulu götürüb özünə görə içərisinə pul qoyarmış. Bu yığılan xırda pullar həmin qadına
çatarmış).
Bütün bu zərif əl tikişləri on yaşında qızın əlinin səliqəsi idi. Bunları o özü üçün cehiz hazırlayıbış. Bu işləri səliğə ilə parçaya büküb saxlayırdı ki, güləbatın qaralmasın.
Anamın çox səliqəli geyinməsi, gördüyü işlərdə, bişirdiyi xörəklərdə bacarığı onun yüksək estetik zövqə malik olmasını göstərirdi. Kəskin zehni vardı, yüzdən çox bayatı bilirdi. Çoxlu qəzəl əzbərləmişdi. Əski əlifbanı quran oxuyanda öyrənmişdi. Sonra atam ona rus əlifbasını öyrətmişdi. 1932-ci ildə «mədəni hücum» vaxtında bir qız bizim evə gəlib anama dərs verərdi. Bir də qonşuluqda Alman qadını yaşayırdı. Anna adında. O gəlib anamın Ağabacının paltarlarını tikər, eyni zamanda onlarla Alman dili dərsi keçərdi. Bir az danışmağı öyrənmişdi. Rus dilində isə sərbəst danışırdı. Bir dəfə vəfatından bir az əvvəl bizə dedi ki, kağız, qələm götürün bildiyim bayatıları deyim yazın, məndən yadigar qalsın sizə. Ancaq nədənsə səsini maqnitafona yazmağa qoymadı. Yəqin bilib ki, özündən sonra onu səsləndirsək bizə çox ağır təsir edər. Yaxşı nağıllar bilirdi. Bir dəfə özü xəstə yatırdı, onda xahiş etdim ki, bir nağıl danışsın başı qarışsın. «Padşağ oğlu və dərzi qızı»nın nağılını söylədi. Maqnitafonu o biri ot
aqda qoyub bir təhər yazdıq. Ancaq özü bilmədi. Indi ondan yeganə səsdir ki, yadigar qalıb, qoca və xəstə vaxtının səsi.
1975-ci ilin mart ayının 10-da 77 yaşında ikən anam vəfat etdi. O mart ayında anadan olmuşdu. Novruz bayramı ərəfəsində toyu olmuşdu. Nəhayət, vəfatı da martda oldu. Ancaq o bilmədi ki, 3 ay yarım sonra əziz xələf, ən çox sevdiyi ilk övladı Ağabacı dünyadan köçəcək. Yaxşı ki, o, bu ağrını görmədi, davam gətirməzdi. Ancaq vəfatından bir gün əvvəl bir bayatı dedi:
Əzizim qalasız
Şəhər olmaz qalasız
Mən gedəri oldum
Siz sağlıqla qalasız.
bunu dedi və ağladı.
Uşaq vaxtımdan bizim evdə həmişə bayatı, qəzəl, atalar sözləri, nağıllar eşitmişəm ki, özümün də dilimin əzbəri olub. Ilk dəfə babamdan eşitdiyim «o qədər əhənglər yanında dolçalar sınıb ki» atalar sözü olub. nənəmin isə bütün sözü-söhbəti atalar sözünün iştirakı ilə olurdu.
Atam bir müddət Mirmahmud Kazımovski ilə bərabər məktəblərdə nəğmə dərsləri aparırdı.
1913-18-ci ilə qədər Opera teatrında Üzeyirbəy və Müslüm Maqomayevlə işləyib. Müğam operalarında orkestrdə çalıb. Həm də səhnədə oxuyanları müşayiət edib. Bu Sarabski işləyən vaxtlarda olub. Odur ki, bizə tez-tez gələrdi, məşq edərdilər. Bu münasibətlə «Leyli və Məcnun», «Arşin mal alan» tamaşalarının dəftərə köçürmüşdü. Mən onları Mərkəzi Incəsənət arxivinə vermişəm.
Tar atamın bütün həyatı demək idi. Ən xoşbəxt və ən qəmli, kədərli vaxtlarında ona yeganə təsəlli verən sirdaşı idi. Baxmayaraq ki, babam ölən vaxtında cətinliklə də olsa ona vəsiyyət edib demişdi ki, «Sən tarın yox, qələmin dalınca get». Ancaq atam tarla vidalaşa bilmirdi. Onu da deyim ki, atamı 80 yaşa qədər tar yaşatdı. Heç yadımdan çıxmayır. Babamın vəfatından sonra 1929-cu ildə iyul ayında ikinci qardaşım Əsəd 8 yaşında dizinteriya xəstəliyindən bağda vəfat etdi. Atam dəfn mərasimi keçiriləndən sonra şəhərə gəlir (onda pambıq idarəsində mühasib işləyirdi). Işdən evə gəlir, tək, ailə bağda gözəl-göyçək bir oğlunu torpağa basdırıb, kədər ona üz verir, tarı əlinə alıb çox ürəklə, qəmli muğam dəstgahı çalır. Kücə pəncərəsindən səsi eşidən qonşular gəlib təəccüb edirlər ki, cavan oğlunu basdırmış ata tar çalır?! Onlar nə başa düşürlər ki, atam ürək ağrılarını, o böyük kədərini əziz oğlunun torpaq altına vaxtsız gömülməsini, öz ürəyinin naləsini, fəryadını anca
q ona sədaqətli olan bu tarın sarı simləri vasitəsilə ifa edə bilərdi. O, tarla dərdini söyləyirmiş demə. Kənardan baxan onu nə başa düşərdi!
Babam vəfat edəndən sonra atam mənə və Ağabacıya tarda çalmağı öyrətdi. Əvvəllər babam sağ ikən bu işə icazə verməyirdi. Atam isə çox xeyirxah iş görmüşdü. Bunun Ağabacıya çox köməkliyi oldu.
1929-cü ildə Ağabacı Bakı Pedaqoji Texnikumunu bitirib kəndə müəllimə işləməyə getdi. O illərdə Bakı kəndlərində də nəinki qızları, hətta oğlanları da dərsə buraxmırdılar. Qoçular deyirdilər ki, biz oxumamışıq, yaşamırıq (?) balalarımız da bizim kimi. Ağabacı əvvəl bir il Saray kənd məktəbində, ikinci il Sovet hökümətinə qarşı düşmənçilik edən, kolxoza, məktəbə qarşı mübarizə aparan qaçaq və qoçuların yuvası olan Kürdəxanı kəndində çox qorxu və əziyyət çəkdi. Lakin iki qız uşağını məktəbə cəlb edə bildi ki, bu da onun qələbəsi idi (Onu da yaddan çıxarmıram ki, xalam Hökumə Fətullayeva da Ağabacı ilə bərabər qurtarmışdı, o da bu kənddə işləyirdi. Bir dəfə o sinifdə dərs deyən yerdə küçədən qəbirstanlıq tərəfdən ona güllə atmışdılar. Xoşbəxtlikdən güllə üzünün yanından keçib divara dəymişdi. Bu kənd elə kənd idi). 3-cü il Maştağa kəndinə köçürüldü. Bu kənd Qala-Maştağa rayonunun mərkəzi olduğu üçün bir qədər mədəni kənd idi. Məktəbə az da olsa qızlar gəlirdi. Or
ada MTS maşın traktor stansiyası, qadınlar klubu açılmışdı. Aktiv qadınlar vardı. Ağabacı komsomolçu olduğundan burada özək katibi seçildi. Maştağadan şəhərə şose yolu çəkilməyə başladı. Hər istirahət günü Ağabacı öz komsomolçularilə bu yolda işləyir, daş-torpaq daşıyırdılar. Ictimai işlər həddən artıq idi. Savadsızlıq kursu açılmışdı. Orada da axşamlar pulsuz dərs verirdi. Başqa dərslərlə bərabər şərqi dərslərini də aparırlı. 1933-cü il idi. Bu il Maştağada radio qovşağı təşkil olundu. Hər gün bir müəyyən saatda kənd camaatı gəlib naxır bulağının üstünə toplaşıb (indiki böyük bağ olan yer) hündür şalbandan asılmış güclü reproduktor cihazına qulaq asırdılar. Son xəbərlər verilirdi. Qəzetlərdən oxuyurdular. Ancaq evlərdə hələ radio yox idi. Ağabacı tək məktəbin deyil, kəndin də ictimai həyatında fəal iştirak edərdi. O, çox yaxşı bir təşəbbüs irəli sürdü. Səsi yaxşı olan uşaqlardan xor dəstəsi düzəltmişdi. Özü də tarda onları müşayiət edirdi. Məktəb nəğmələri, el havalarını onlara öyrətmişdi. Hər gün onları rad
io qovşağına gətirib son xəbərlərdən əvvəl konsert verərdilər. Bu təşəbbüsü hamı bəyənmişdi. Istər rəhbər təşkilatlar, istərsə də kənd camaatı. Beləliklə, 1933-cü ildə Ağabacının radioda verdiyi ilk konsertlər Maştağa kəndinin tarixinə qeyd olunmalıdır. Bu il eyni zamanda Ağabacının özünün tarla, musiqi ilə əlaqədar fəaliyyətinin bünövrəsini qoydu. Babasından nəvəyə keçmiş tar nəvənin əlində düz 45 il sevilərək çalındı. Əvvəl özü öyrəndi çaldı, sonra da tələbələrinə öyrədib çaldırıb. Sonra isə bir bəstəkar kimi bu qədim sehkar tar üçün bir sıra əsərlər yazıb. Bütün bunlar üçün yenə də atama minnətdaram.
Atam əvvəlki qayda ilə Üzeyir bəylə heç vaxt əlaqəni kəsməyirdi. Vaxtaşırı görüşürdü.
1934-cü ilin avqust ayı idi. Atam şəhərdən bağa gəldi (bizim bağ Maştağada – Güladüzüdə idi). Xəbər verdik, Üzeyir bəy möhkəm tapşırıb ki, sabah sizi şəhərə onun yanına aparım. Yoxlasın və musiqi məktəbinə yazsın. Bütün günü tarda çaldıq, hazırlaşdıq. Sabahısı şəhərə gəldik. Maksim Qorki adına küçədə yerləşən konservatoriyanın böyük zalında (sonrakı Asəf Zeynallı adına musiqi məktəbi) xeyli adam vardı. Üzeyir bəy, Səid Rüstəmov, professor Semyon Bretanitski, Əmirulla Məmmədbəyli, Xosrov Məlikov, Mirzə Mənsur və başqaları.
Üzeyir bəy bizi görüb çox məmnun halda gülümsədi, əl verib dedi ki, Mirzə Mənsurun tarında bir şey çalın, qulaq asaq. Əvvəl Ağabacı, sonra da mən «Kürd-Şəhnaz» çaldıq. Sonra Üzeyir bəy atama dedi ki, tarda bir şey çal, Ruqiyyə oxusun. Atam yenə «Kürd-Şəhnaz» çaldı. Mən oxudum. Dalısınca isə o ildə yenicə dəbə düşmüş «Aman ovçu» mahnısını oxudum. Üzeyir bəy bizi təbrik etdi və dedi ki: «Nu vot qoçaq qızlarsız, yaxşı çalırsız. Hələ sən yaxşı da oxuyursan, gur səsin var, xoşuma gəldi. Görürsüz, heç kim qızını musiqi məktəbinə qoymayır. Qoy əvvəl özümüzünkülər gəlsin, sonra özgələri də onları görüb həvəsə düşərlər». Sonra Üzeyir bəy Ağabacını Mirzə Mənmurun sinfinə yazdı. Məni isə vokal sinfinə yazdı. Bu mənim ürəyimcə olmasa da heç danışmadım, utandım.
Mən vokal sinfində az oxudum. Professor biləndə ki, yaşım azdır, Üzeyir bəyə dedi, məni də Mirzə Mənsurun sinfinə keçirdilər. 2-ci il isə Üzeyirbəy mənə dedi ki, məktəbdə kamança sinfi açırıq, səni ora keçirirəm. Qoy bir bacı tar, o biri kamança çalsın, bu yaxşıdır. Mənə əvvəlcə Qaraxanov dərs dedi, sonra o. Tiflisə köçdü və Qılman Salahovu dəvət etdilər. Biz Qılman müəllimlə yaxın qonşu idik. Ona görə dərsi həmişə evində keçərdim. Qılman babamı yaxşı tanıyırdı. Həm qonşu kimi, həm də özü konservatoriyada kamança dərsi alanda (L. Qaraxanovdan) babam orada tar dərsi verərdi. Odur ki, dərs keçməzdən əvvəl babam haqqında danışardı. Qılman Salahov haqqında kitabın başqa fəslində məlumat verəcəyəm.
Ağabacını 1935-ci ildə Üzeyir bəy radioda təşkil etdiyi 1-ci notlu xalq çalğı alətləri orkestrinə işə götürdü. Ağabacı həm də radioda musiqi redaktoru kimi işləyirdi. Musiqi Məktəbində muğamdan Mənsur Mənsurovun, notdan isə Səid Rüstəmovun sinfində dərs keçirdi. Ağabacı axırıncı kursda olanda isə1939-cu ildə ona məktəbdə tələbələr də verdilər. Not sinfi aparırdı.
1938-ci ildə Moskvada keçirilən Azərbaycanın birinci incəsənət ongünlüyündə iştirak etdik. Biz orkestrdə çalırdıq. Bizim orkestr Üzeyir bəyin məşhur «Arşın mal alan» musiqili komediyasını müşayiət edirdi. Onu da deyim ki, «Arşın mal alan» Moskvada müvəffəqiyyət qazandı. Bülbül, Sona Mustafayeva, Səltənət Quliyeva, Elmira Axundova, Hüseynağa Hacıbababəyov, Həqiqət Rzayeva, Əhməd Anatollu, Münəvvər Kələntərli çox böyük məharətlə oynadılar.
Mən musiqi məktəbi ilə bərabər Diş həkimliyində oxuyurdum. 1939-cu il idi. Oktyabr bayramı münasibəti ilə həkimlər evində böyük bir bayram konserti təşkil olundu. Bizim məktəbdən orada çalmaq üçün müdiriyyət məndən xahiş etdi. Mən Bayatı-Şiraz muğamını seçdim. Babamın ən sevimli muğamı olan «Bayatı-Şirazı». O, buna «Ərus musiqi» deyərdi, özü də olduqca lirik, yanıqlı çalırdı. Konsertin aparıcısı elan etdi: «Bayatı-Şiraz», solo kamançada çalır Moskvada keçirilən Azərbaycanın birinci incəsənət dekadasının iştirakçısı 3-cü kurs tələbəsi Ruqiyyə Rzayeva».
Həkimlərlə dolu olan bu böyük salonda tam sakitlikdi. Əlbəttə, mən çox həyəcan keçirirdim. Nəhayət özümü ələ alıb bir nöqtəni seçdim. Orada babamın yaşarmış gözlərini, tarın çanağına əyilmiş sıx, ağ saçlı başını görürdüm. O, mənim yadımda belə qalmışdı. Birdən salonda qopan gurultulu alqış səsləri məni bu xəyaldan ayırdı. Bu dəfə «Bayatı-Şiraz»ı mən sanki Fərəc babamın iştirakı ilə çalmışdım. Ruhu şad olsun.
Vaxtilə Ramanada klubda Mirzə Fərəc ilk dəfə olaraq 1923-cü ildə tar dərnəyi təşkil edibmiş. Sonralar 1941-ci ildə atam həmin klubun dərnəyində tar dərsi vermişdir.
Müharibənin qorxusu Bakıya da yaxınlaşırdı. Bakını düşməndən müdafiə etmək üçün Nasosnu tərəfdə müdafiə qazıntı işləri gedirdi. Bakılılar bu işdə can-başla iştirak edirdilər, yer qazırdılar. Atam da bu ictimai işdən geri qalmadı. O konsert biriqadası ilə əsasən məzəli kupletlər yazan hənifə Şəfi ilə (o 1929-da Ağabacı ilə pedaqoji texnikumu bitirmişdir) birlikdə qazıntı işləri gedən yerlərdə konsertlər verirdilər. Çox vaxt orada qalırdı. Onlan başqa xanəndə Bilal Əliyevlə, Məmmədhənifə Qasımzadə, bəzən də Islam dayı ilə (Islam Abdullayev) hospitallara gedərdilər. Yaralılar qarşısında konsertlər verərdilər. Atam deyərdi ki, Bircə oğlum var, o da bütün əsgərlər kimi Vətəni faşistlərdən qoruyur. Neçə illərdir üzünə həsrətəm. 1939-da əsgər getdi. 3 illiyə. Müharibə başladı onu buraxmadılar. Bəs mən evdə necə oturum. Bu yaşlı vaxtımda mənim də silahım tarımdır. Yaralılara heç olmasa mənəvi köməyim dəysin. Onlar musiqiyə qulaq asanda ağrılarını unudurlar. Bundan sav
ab nə ola bilər.
Bəlkə hələ ona görə 8 ilə yaxın xidmətdə başı cürbəcür bəlalar çəkmiş qardaşım sağ-salamat 1946-da evə qayıtdı.
Atam tarı tək özü çalmaqla kifayətlənmirdi. O, istəyirdi ki, hamı çalmağı bacarsın. Ən istedadsız adama belə tarı səy ilə öyrədərdi, təki tar çalsın. Qonşudakı uşaqları həvəsləndirərdi. Onlara öyrədərdi çalmağı. Qonşu Mirzə Baba Almas-zadəyə (sonra rəssam oldu), Əliağa Abbaszadəyə (yazıcı Hüseyn Abbaszadənin böyük qardaşı idi. O, müharibədən qayıtmadı) və başqalarına çox həvəslə tar çalmağı öyrətmişdi. Ancaq nədənsə öz sevimli iki nəvəsinə – Hikmətə və Raminə təsir edə bilmədi. Atam ömrü uzunu buna təəccüb edərdi.
Mən Əbilov adına 38 nömrəli 7 illik qız məktəbində oxuyurdum. Atam, "Atalar şurası"nın üzvü idi. Məktəbimizdə tez-tez müsamirələr keçirilərdi. Hər dəfə atam tar ilə iştirak edərdi. Məktəbin müdiri ilk qadın müəllimlərindən biri Rəhilə xanım Hacıbabəyova-Terequlova idi. Müsamirədə onunla riyaziyyat müəllimimiz Ismayıl Zərgərlinin uzun müddət yarışa girib tərəkəmə havasında oynamaqları heç yadımdan çıxmayır. Eləcə də Ağabacı Pedaqoji texnikumda oxuyanda 1928-29-cu illərdə orada verilən konsertlərdə atam fəal iştirak edərdi. Onun tələbəsi Məhərrəm Haşımova Kürd-Şəhnaz çaldırıb oxutması da yadımdadır. Həmin tələbə M. Haşımov sonralar respublikamızın incəsənətində çox görkəmli bir xadim kimi məşhur oldu. Texnikumda məzəli şerlərilə konsertlərdə çıxış edən tələbə Əlili isə sonralar və indi də kino sənəti sahəsində çalışmışdır.
Dərviş Mirzə Əliqulunun çox gözəl, məlahətli səsi vardı. O, muğamların ən düzgün ifaçısı kimi atamın nəzər diqqətini cəlb etmişdi. Ona görə də onun ailəsi ilə 1943-44-cü illərdə səmimi dostlaşmışdı.
Mirzə Əliqulunun oğlu Məmmədəli isə məlahətli, hər adamda olmayan lirik, orijinal bir səsə sahib idi. Əvvəlcə dram dərnəklərində fəaliyyətə başlayan Məmmədəli 1946-cı ildə Əhməd Bakıxanovun ansamblında çıxış edir, eyni zamanda 1946-68-cı ilə qədər isə Əzizbəyov adına dram teatrında işləyirdi. Onun, dram əsərlərinə yazılmış mahnıları ürəklə, öz nadir səsilə oxuması, əsəri tamaşaçıya daha da sevdirirdi. Onu deyə bilərəm ki, Məmmədəlinin gözəl, lirik, ürəklərə təsir edən səsini eşitmək üçün bir əsərə dönə-dönə baxmış olurdular. Hüseyn Cavidin «Şeyx Sənan» dramında Kor Ərəbin rolunda oynayarkən oxuduğu ürəkləri yandıran mahnısı kimi valeh etməyib?! Hələ onun 300-ə qədər yazdığı qəzəllər, müxəmməslər, təmsillər, qoşmaları demirəm. Çox təəssüf ki, bu yazılar çap olunub öz oxucularını tapmayıb. Məmmədəli həyatdan göçdü, öz ecazkar səsini də özü ilə apardı. Yaxşı ki, Fikrət Əmirovun təkidi ilə Rauf Kazımovski bu mahnını ayrıca kinolentinə çəkibmiş. Fikrət də Amerika s
əfərinə gedərkən lenti özü ilə aparıbmış. Mənəvi təsəlli idi.
Mirzə Əliqulunun bir qızı da atasının muğam sənətini davam etdirən, ürəklərə yatan, orijinal zəngulələrilə efirdə hamının ürəyinə tez yol açan Töhfə Əliyeva idi. O, 1942-ci ildə, ilk dəfə, 22 yaşında ikən geniş tamaşaçı zalında səhnəyə çıxmışdır.
Töhfə 40-cı illəri xatırlayıb deyir: «Biz mərhum Ağabacı ilə çox səmimi, bacı kimi idik. O, 1943-cü ildə məşhur «Ey pəri» mahnısını yazdı. Əhmədxan müəllimin ansamblına öyrətdi. Mən onda ansamblın solisti idim. Ağabacı mənimlə də məşq elədi. Beləliklə bu mahnının ilk ifaçısı mən olmuşam. Özü də çox uğurlu mahnı oldu. Dildən-dilə düşdü».
Mənim yadıma düşür ki, o məşhur «Ey pəri» mahnısı demək olar ki, hər gün, hər evin qonağı idi. Radioda hər gün oxunardı. Şövkət Ələkbərova da çox gözəl ifa edərdi. Hələ müharibə illəri idi. Bu mahnı repertuardan çıxarıldı. «Qadağan» edildi. Ağabacıya demişdilər ki, bilirsən, çox qəmli mahnıdır. O oxunanda camaat ağlayır, belə məsləhət gördülər ki, verilməsin». Nə demək olar belə ağılsız qərara. Beləliklə, mahnı uzun müddət eşidilmədi. (Belə bir məzəli əhvalat olmuşdu. Ağabacı «Yağ ey yağış yağ» mahnısını uşaqlar üçün yazmışdı. Sözləri Hüseyn Abbaszadənin idi. 1957-də onu tez-tez efirdə verirdilər. Bir dəfə repertuardan çıxarıldı. «Yuxarıdan» tapşırıq verilmişdi: «Nə edirsiz, rayonlarda yağış ara vermir, məhsul zay olur, yığa bilmirlər, Siz də gündə oxutdurursunuz ki, yağ ey yağış yağ»).
Bir dəfə Irandan verilən konsertə qulaq asırdım. Elan olundu ki, Iran xalq tmahnısı «Ey pəri». Bunu Iran müğənnisi özünə məxsus ləhcə ilə oxuyurdu. Mən qulaqlarıma inana bilmədim. Ancaq yaxşı ki, belə oldu. Iranlılar görüblər ki, belə gözəl mahnımızdan özümüz imtina edirik, onlar onu özlərininki etmişdilər. Belə məzəli əhvalatın nəticəsi o oldu ki, radioda ağıllı təəssübkeş adam tapıldı və «Ey pəri» mahnısını yenidən efirdə oxutmağa başladı. Bu günkü günə qədər bu xoşbəxt mahnı repertuardan çıxarılmır. Hətta mərhum unudulmaz bəstəkarımız, Azəraycan caz musiqisinin allahı demək olar ona, Vaqif Mustafazadə də bu mahnıya müraciət etdi. Eləcə də Afdandil Israfilov lentə yazdırdı. Indi bu mahnının ən gözəl ifaçısı isə məşhur müğənimiz Tükəzban Ismayılovadır. Çox qəribədir ki, belə əhvalatlar həmişə Ağabacının başına gəlib.
Babam vəfat edəndən iki ay sonra bir bacım dünyaya gəldi – Rəfiqə. O da bu ailədə olan musiqi ənənəsini davam etdirib Asəf Zeynallı adına Bakı ixtisas musiqi məktəbini bitirib, musiqinin nəzəriyyəsi üzrə iki il Maştağada, sonra da 30 il 2 ¹-li musiqi məktəbində dərs verib. Rəfiqə xatırlayıb deyir ki. «Mən musiqi məktəbində oxuyanda Mirzə Mənsur bizə muğamdan dərs deyərdi. O muğamı tarda çalır, mən də o çalanı pianinoda çalıb notunu yazardım. Hər dəfə deyərdi ki, bax, bu müğamda bu xallar sənin baban Mirzə Fərəcindir Təsniflər çalardı, deyərdi ki, bunu baban düzəldib.
Qardaşım Nəsir də bir nəzəriyyəçi kimi babamdan bəhrələnmişdir. O, Azərbaycanın ən qədim dövrünün mədəniyyətini tədqiq edir. Bu sahədə respublikada məşhur sənətşünas olub, elmlər doktoru dərəcəsin layiq görülüb. Babam özünün bəzi xasiyyətlərini də ona verib. Onlardan az danışmağını, vaxtını səmərəsiz keçirməməsini, poetik istedadını, haqsızlıqlara qarşısinə gərməsini, kövrəkliyini, hazırcavablılığını göstərmək olar.
Nəsirin həyat yoldaşı Məsumə xanım da ailə ənənələrimizə sadiq idi. Respublikamızda o, ilk kinoşünas qadın, sənətşünaslıq namizədi idi.
VI. MUASIRLƏRI
MIRZƏ FƏRƏC HAQQINDA
Mirzə Fərəcin vəfatından 37 il sonra yaddan çıxmış bu tarzən haqqında mətbuatımızda ilk dəfə olaraq tarixçi musiqişünas, qocaman alim Qubad Qasımov məlumat vermişdir. Qubad müəllim 1964-cü il 28 oktyabrda «Bakı» qəzetində «Görkəmli tarzən» adlı məqalə çap etdirmişdir. Bu məqalədə o, Mirzə Fərəcin yaradıcılığına yüksək qiymət verərək yazır: «mahir tarzənin ifasında «Segah» dəstəgahının tərkibində bir çoxlarına məlum olmayan «Rühül-ərvah», «Naleyi-zənburi», «Rəhabənd», «Orta Mahur» dəstəgahının tərkibində isə «Xavəran», «Tizək», «Üç həzin», «Rak Əbdüllahi» kimi melodiyalar səslənmişdir.
Mirzə Fərəc öz xatirələrində göstərir ki, XIX əsrin ikinci yarısında «Baba Tahiri» adlı dəstagah musiqiçiər arasında çox yayılmışdı. Bizə məlum olan «şəhnaz»ları («Kürd-şəhnaz», «Şur şəhnaz», «Şəhnaz-xari», «Şəddi-Şəhnaz», «Şahi-Şəhnaz») Mirzə Fərəc «Şək-şəhnaz» ilə zənginləşdirir. «Kəsmə şikəstə»nın Bakı və Şirvan mahallarında «Sarı torpaq» adlanması Mirzə Fərəc xatirələrinin ritmik muğamlar hissəsində təsdiq olunur».
Qubad müəllim Mirzə Fərəci yaxından görüb onun yaradıcılığı ilə tanış olduğundan ürək dolusu danışır.
1964-cü il 18 iyunda Azərbaycan dilində olan təqvimdə Mirzə Fərəcin şəkli və həyatı haqqında vəfatından 37 il sonra məlumat verilir.
1973-cü ilin iyul ayı idi. Həyat yoldaşım ilk Azərbaycan türkoloqü Yusif Bağırovla Mərdəkanda müalicə olunurduq.
Nənəmin dayısı nəvəsi respubliknın xalq artisti Hacağa Abbasov da orada idi.
«Onunla çox məclislərdə olmuşam. O, məclis yaraşığı idi. Tağıyevin şənlik məclisləri onsuz olmazdı. Onun adı elə çıxmışdı ki, varlılar həmişə çalışırdılar ki, onların məclisində özlərinə layiq ustad çalıb oxuyan olsun. Bu bir şan-şövkətdi. Əgər bir kənddə toy olacaqdısa xəbər qonşu kəndlərə ildırım kimi yayılırdı ki, toyda Mirzə Fərəc (bəzən də ona Usta Fərəc deyərdilər) çalacaq. Hamı axışıb gələrdi. Onda böyük toyxana açardılar, toy üç gün əvəzinə 4-5 gün uzanırdı. O vaxtlar çalanın, oxuyanın böyük hörməti vardı. Ustad sənətkar az idi. Odur ki, Mirzə Fərəcin toy aparması üçün bir neçə ay əvvəl sifariş alınardı. Hamı istəyirdi ki, onun toyunu məşhur tarzən aparsın. Bu böyük fəxr idi. Indi baxıb görürsən ki, çalan, oxuyan ucuz olub, onlara əvvəlki hörməti qoymurlar. Bir də ki, hamı çalır. Toyda oxuyana qulaq asmırlar, bu hörmətsizlikdir. Odur ki, oxuyanlar da ağızlarına gələni oxuyurlar.
Bir dəfə Mirzə Fərəc öz dəstəsi ilə məşhur sahibkarın evində idilər. Böyük qonaqlıqlarda mən həmişə iştirak edərdim. Bəzən məni dəvət də edərdilər, özümə görə hörmətim vardı. Yazdığım kupletlər hamının xoşuna gələrdi. Onlar «Bayatı-Şiraz» dəstgahını çox gözəl oxuyub çaldılar. Bütün məclis, eləcə də ev sahibi sehirlənmişdi. Heç kimin cınqırı da çıxmırdı, musiqinin qüvvəsinə bir bax. Demə Fərəcgili Iranın Şiraz şəhərində keçirilmiş yarış müsabiqəsindən təzəcə gəliblərmiş. Çalğı qurtarandan sonra hamı elə bil yuxudan oyandı. Sahibkar üzünü onlara tutub dedi ki, mən heç bilmirəm bu gözəl çalğının əvəzində sizə necə təşəkkür edim. Bu vaxt Mirzə Fərəc tarı qoydu yerə və dedi: «Biz Şiraz şəhərinə elə bu «Bayatı Şiraz»ı aparmışdıq. Bu muğam orada çox tərifləndi, mükafat aldı, yenə də Bakıya qayıtdıq. Bu həmin «Bayatı Şiraz»dır ki, sənin xoşuna gəldi. Mənim bir xahişim var. Ona da sən əməl elə. Xanəndənin sənə çoxlu borcu var, onu ödəyə bilmir, nə olar, sən onun borcun
dan keç. Mirzə Fərəcin bu sözü məclisdəkilərin də ürəyindən oldu. Ev sahibi bu sözün qarşısında heç nə demədi, adam göndərib vekselləri gətirtdi, hamının gözü qarşısında onları ləğv elədi...».
1979-cu ildə bir məclisdə xalq artisti Ağasadıq Gəraybəyli də babam haqqında xatirələrindən birini qardaşım Nəsirə danışıb: «1925-ci ildə Işçi-kəndli tetrında (keçmiş Tənqid-təbliğ teatrı) «Dəli dərviş» pyesini hazırlayırdıq. Bizə bu dramada müğamatı çox yaxşı ifa edən bir tarzən lazım oldu. Hamı ancaq Mirzə Fərəci dəvət etməyi məsləhət gördülər. 78 yaşında olan tarzən razı oldu. Yaxşı ki, Mirzə Fərəc sifarişimizi qəbul etdi. Çox gözəl, təsirli çalğısı ilə tamaşamızı müşayiət etdi...».
Musiqişünas Vəli Məmmədov özünün «Muğam, söz, ifaçı»kitabında («Işıq» – 1981) Bakının musiqi məclisləri haqqında maraqlı məlumat verir. O, yazır ki, Mirzə Fərəc keçən əsrin 80-ci illərində Bakıda yaranmış «Məcmuə üş-şüəra»nın üzvü olan Ağakərim Salikin Hüçrəsində toplanmış şer – musiqi məclisinin ən yaxın iştirakçısı idi. Salik şair və həm də musiqişünas olub. Bu məclisdə muğamlar haqqında maraqlı müzakirələr keçirilərmiş. Vəli Məmmədov həmin kitabla 76-cı səhifədə Mirzə Mənsura aid yazılarında yazır ki, «Tarzən usta Fərəcdən muğamların yaranma tarixini əxz edir».
Onu mən çox yaxşı bilirəm ki, babam poeziya vurğunu idi. O qəzəllərin muğamlara görə seçilməsində xanəndələrə kömək edərdi. Babam qəzəlləri əzbərdən deyib yazdırardı və xanəndələrə paylardı. Özü də yeri gələndə söz qoşmağı vardı. Yaza bilmədiyinə görə hər şeyi sinə dəftərində saxlayırdı. O vaxt elə zaman idi ki, heç kimin ağlına gəlmirdi ki, belə adamlar bir vaxt həyatdan köçəcək. Onların dediklərini, bildiklərini yazıb saxlamaq lazımdır.
Babamın dövründə yaşamış və onu çox yaxşı tanıyan, sənətinə qiymət verən Azərbaycanın ilk musiqişünası Üzeyir bəyin dayısı Ağalar bəy Əliverdibəyovun (bəstəkar Nazim Əliverdibəyovun atası) qiymətli bir əlyazma kitabı Azərbaycan. SSR Elmlər Akademiyasının Əlyazmalar Institutunda saxlanır. Nəfis şəkildə tərtib olub gözəl xətlə yazılmış «Azərbaycanın musiqi tarixi» (inv. ¹ 5007) adlı bu əlyazmanın 276-cı səhifəsində babam haqqında dəqiq məlumat verilir: «Bakı tarçalanlarından məşhurları:
1 – Məşhur mümtaz və məruz tarzənlərdən birisi Mirzə Fərəc Rzayev ədd olunur. Bu zat bisavad olmağına baxmayaraq, çox musiqişünas, gözəl çalan olub, buna ustadi-əzəm adı vermək olar. Bu da Mirzə Səttarın şagirdlərindən olub musiqinin nəzəriyyəsini fövqəladə dərəcədə bilirmiş»3. Yazının axırında babamın ömrünün axırında çəkilmiş bir şəkli də verilmişdir. Evdə olmayan bu şəkli də bizim üçün həmin yazı qədər qiyməti vardır.
Qaldı Mirzə Fərəcin tərcümeyi halı, atam onun sağlığında yazmışdı. O dəftərlər indi tarix muzeyində elm şöbəsində və mərkəzi incəsənət arxivində saxlanır. O vaxt atam heç güman etməmişdi ki, bir vaxt gələcək, illərin birində onların heç birinin həyatda olmayan vaxtında nəvə öz babası haqqında xatirə kitabı yazacaq. Bunu heç mənim özüm də bilmirdim. Atam bu dəftərdə yazmadığı, qələmə almadığı çox şeylər danışardı, mən əhəmiyyət verməzdim. Atam musiqi aləminin yaxından iştirakçısı olduğu üçün çox şey bilirdi ki, indi o məlumatlar bizim gərəyimiz olardı və babam haqqında daha müfəssəl bir kitab yazmaq olardı.
Atam yazdığı tərcüməyi halda aydın göstərir ki, Mirzə Fərəc 14-15 yaşında ilk dəfə tarı əlinə alır. Onun ilk tar ustadlarını adları çəkilir. Əli Şirazi (ilk müəllimi), Hüseynqulu xan, Bəylər.
Rafael Hüseynov «Min ikinci gecə» kitabında bir sıra dəyərli məlumatlar verir. Səh. 19-da Məşədi Süleyman Mirzə Fərəc haqqında yazır: «Mirzə Fərəc çox yaxşı tar çalardı. Xanəndələr onu çox istəyərdilər. Çünki yaxşı oxuyardı, yaxşı müşayiət edərdi. Bakıda hər nə böyük toylar, ya qonaqlıqlar olsaydı Fərəc ora çağrılardı. Fərəcdən cəmi tarçalanlar qorxardılar. Çünki biliyi çox idi».
Səh. 39-də isə oxuyuruq: «Məşədi Süleyman 1930-cü ilin oktyabr ayında qələmə aldığı bir parça kağızda «şur»un 28 şöbə və guşəsini göstərir. Dəraməd, zirkeş, Səlmək, Gülriz, Bozorg, Dübeyt, Qəcər, Qürur-şur, Bayatı-kürd», Bayatı-türk, Ruh ül-ərvah, Zəminxarə, Hicaz, Sarənc, Əbu Əta, Siyəxi, Kəbri, Dəşti, Laləki, Kabili, Əfşari, Hacı Yuni, Bidbuni, Qərəcə, Rezəvi, Aşıq kut, Qatar, Şəhraşub.
Məşədi Süleyman bunu da yazır ki, həmin şöbələrin çoxunu ilk dəfə məhz Mirzə Fərəcin ifasında eşidib. Mirzə Fərəc xanəndəni müşayiət edərkən «Simayi-Şəms»dən qabaq mütləq «şəhraşub» guşəsini ifa edərmiş. Həm də «şəhraşub»da Füzulinin.
«Aşıq oldum yenə bir tazə güli-rənayə
Ki salır al ilə hərdəm məni yöz qovğayə»
qəzəlini oxumağı məcləhət görərmiş. Bir gün «niyə məhz bu qəzəli oxumaq lazımdır» – deyə sual etdik. Mirzə Fərəc: «çünki bu şer həm vəzncə «şəhr aşub» şöbəsinə uyğun gəlir. Ikincisi də başmaqçıya həsr edilib».
«Yaxşı, şerin başmaqçıya həsr edilməsinin mətləbə nə dəxli var?» – deyə bir də soruşduq.
Mirzə Fərəc bu suala müfəssəl cavab verdi: «Köhnə fars, türk şairləri sənət, peşə sahibləri haqqında silsilə şerlər yazar, onlara «şəhraşub» ünvanı qoyardılar. Əsnaf toylarda «şur» muğamı çalınıb-oxunanda heç vaxt bu şöbə yaddan çıxmazdı. Hətta Tiflis aşıqları «şəhraşub» adında saz havası da düzəldiblər».
Yenə orada səh. 19-da oxuyuruq:
Bülbül «Azərbaycan oxuma məktəbi» adlı məqaləsində göstərir ki, vaxtilə Bakıda Ala Palas oğlu və Mirzə Səttar muğamı yaxşı bilən nəzəriyyəçilər kimi şöhrət qazanmışdılar. Sonralar Bakıda tarzən Mirzə Fərəc və həvəskar xanəndə Ağabala Ağasəid oğlu məşhur olmuşlar4.
13 sentyabr 1985-ci ildə «Ədəbiyyat və incəsənət» qəzetində bir məqalə oxudum: «Yaddaşımda qalanlar». Bu məqaləni mərhum Bəhram müəllim qəzetin redaksiya heyətinin xahişi ilə yazıbmış. Özünün vəfatından sonra evdə olan bu məqaləni oğlu Eldar Mənsurov redaksiyaya təqdim etmişdir. Bu məqalədə yazılmışdı ki, 1920-ci ildə Bakıda Şərq konservatoriyası açılıb. Orada müdir. S. Oqanezaşvili olub, müavin isə gözəl pianoçu Xədicəxanım Qayıbova imiş. Konservatoriya indiki «Qoqol» küçəsi ilə «Tolstoy» küçəsinin tinindəki evin 3-cü mərtəbəsində yerləşirdi. Sonra məqalədə qeyd edir ki, hər gün əmim Mənsurun tarını onun üçün mən aparırdım. Orada Azərbaycan xalq musiqisinin düzgün imirovizə edilməsi üçün konsert-baxış təşkil edirdilər. Məsələn, Cabbar-Qurban-Saşa, Ələsgər-Şirin-Levon, Mirzə Fərəc-Ağabala-Qulu və başqaları. Hər dəstə bir dəstgah çalıb oxuyurdu.
Bu məqalədən məlum olurdu ki, Bəhram müəllim Mirzə Fərəci nəinki görməmişdi, hətta onun çalğısına da hər gün konservatoriyada qulaq asmışdı.
Asəf Zeynallı adına musiqi məktəbinin tar muğam sinfinin baş müəllimi, əməkdar mədəniyyət işçisi Kamil Əhmədovun Mirzə Mənsurun tələbəsi və yaxın dostu olmasını bildiyim üçün güman etdim ki, bəlkə vaxtilə sağlığında Mirzə Mənsur babam haqqında ona danışıb. O, musiqi məktəb-lərində keçilən muğam dərsləri üçün yeni tərtib etdiyi dərs proqramı haqqında danışanda dedi: «Mən bu proqramı Üzeyir bəy Hacıbəyov tərəfindən Mirzə Fərəcin iştirakilə 1923-cü ildə tərtib edilmiş ilk dərs proqramının əsasında düzəltmişəm. Kamil müəllim sözünə davam edərək, çox həyəcanlı halda təəssüflə qeyd etdi: «Gözəl tarzən Mirzə Fərəc haqqında musiqişünaslarımız demək olar ki, heç nə yazmamışlar. Mən Mirzə Fərəci görməmişəm. Mirzə Mənsur onun haqqında həmişə deyərdi ki, Mirzə Fərəc muğam mənbəyi idi. Onun çalğısı və biliyi heç bir sənətkarda yoxdur və mən ondan çoxlu muğam və şöbələr öyrənmişəm. Əlinə tarı alıb bir «Xocəstə» çalardı və həmin şöbədə mürəkkəb gəzişmələr edərdi ki, adam heyran
qalardı. Mən Mirzəyə bu gözəl çalğı üçün təşəkkür edərdim. O, soruşardı: Xoşuna gəldimi? Indi heç özüm onun kimi yarada bilmirəm. O, başqa aləm idi. Kamil müəllim bu yerə çatanda qeyd etdi ki, mən də zəng simdə həmin gəzişmələri və ya lal barmaqları çalışardım Mirzə Mənsurdan öyrənəm, doğrusu Mirzə Mənsur Mirzə Fərəc haqqında dediyi kimi, mən də həmin çalğıları Mirzə Mənsur kimi yarada bilmirdim. Indi görün, müəllimdən müəllimə nə qədər təfavüt varmış, ustalıq nə qədər azalırmış.
Bir gün Mirzə Mənsurgilə getmişdim. Divarda əlində tar, papaqlı bir kişi şəkli gördüm. Mirzədən soruşdum: bu kimin şəklidir. O, cavab verməmişdən əlini üzünə aparıb salavat çevirirmiş kimi dodaqları bir xeyli tərpəndikdən sonra mənə dedi: Bu ustadlar ustası, müəllimim Mirzə Fərəcin şəklidir. Həmişə ona rəhmət oxuyuram. Mən heç təəccüblənmədim, çünki Mirzə Mənsur çox təvazəkar adam, təmiz qəlbli, gözəl insan və bilikli müəllim olmuşdu.
Müğamların «Şikəsteyi-fars» pərdəsində harada çalınmasından asılı olmayaraq, misal üçün «Rast»da «re» pərdəsində, «Mahur hindi»də «sol» pərdəsində, «Orta mahur»da «Do» pərdəsində, «Şur»da «Fa» pərdəsində çalınmaqdan başqa Mirzə Mənsur həmin pərdələrdə bir «Xocəstə»də çalardı və deyərdi ki, bu «Xocəstə»ni Mirzə Fərəcdən öyrənmişəm. Onun özünə məxsus gəzişmələri, ürəkləri lərzəyə gətirən lirik musiqi cümlələri, xalları vardı. Mirzə Fərəcdən başqa Xocəstəni» çalan olmayıb. Oradakı şirin barmaqlar onunkudur.
Mirzə Fərəc oğlu Ismayıla heç kəsin çalmadığı şöbələri öyrətmişdi. Bir dəfə tələbələri ilə məşğul olan zaman Fərəc onlara sual verir ki, «Cahargah»ın «Hasar» şöbəsindən «Məxlud müxalif»ə necə keçmək olar? Bu şöbə çox qəliz şöbədir. «Orta segah»ın «Mi» pərdəsinə düşür, «Hasar» isə «Sol» pərdədədir. «Sol»dan «Mi»yə düşmək üçün sənətkarlıq lazımdır. Bu vaxt Mirzə Mənsur həmin keçilən pərdəni göstərib deyib ki, belə keçmək olar. Mirzə Fərəc tez başa düşüb ki, bunu Mirzə Mənsura onun oğlu Ismayıl öyrətmişdir. Odur ki, Fərəc bu vaxt oğluna tərs-tərs baxıb mənalı-mənalı gülümsəmişdir. Kamil müəllim sözünə davam edib deyir ki, Mirzə Fərəc «Segah»da «Taxdagih» çalardı. O, şöbəni heç kim bilmir və çalmayır. Mirzə Mənsur Mirzə Fərəcdən öyrənib, mən də ondan öyrənmişəm. Indi mən də bütün bunları öz tələbələrimə öyrədirəm və deyirəm ki, bu şöbələr mənə üzünü görmədiyim Mirzə Fərəcdən – Mirzə Mənsur vasitəsilə yadigardır. Kamil müəllim Mirzə Mənsurun 100 illik yubileyi müna
sibətilə «Ədəbiyyat və incəsənət» qəzetində yazdığı məqaləsində (9 yanvar 1987-ci il) göstərir ki, Mirzə Mənsur öz müəllimi Mirzə Fərəcin adı gələndə həmişə ayağa qalxar, onun sənəti qarşısında ehtiramla baş əyərdi.
Balam xoşbəxt tarzən idi: Tar onun əlində təkcə çalmırdı, həm də oxuyurdu.
«Oxu tar, oxu tar!
Səsindən ən lətif şeirlər dinləyim
Oxu tar, bir qadar...
Nəğməni su kimi alışan ruhuma çiləyim. Oxu tar!
Səni kim unudar?....».
(ardı var)
1. «Dostunun» əsl adı Anaxanım idi. Bakıda XIX əsrin ikinci yaransında yaşamış ilk məşhur nağaraçılardan Gülünün həyat yoldaşı idi. Bu barədə başqa fəsildə yazılıb.
2. Bu şirkətdə işləməsi haqqında vəsiqə tarix muzeyinin elm şöbəsində saxlanır. Inv. ¹ 386 Vəsiqənin bir üzü ev arxivində qov. ¹ 49 saxlanır.
3. «Azərbaycanın musiqi tarixi» AzərbaycanMilli EA-nın. Əlyazmalar Institutu. Td inv. ¹ 5007. Ağalarbəy Əliverdibəyov. Səh. 276.
4. Rafael Hüseynov «Min ikinci gecə» 1988. «Işıq». Səh. 19.
p align>
|