«ARŞIN MAL ALAN»
ADLI SƏNƏT INCISI

Səadət QARABAĞLI
 

       Böyük Türk dünyasının mütəfəkkir oğlu, dahi bəstəkar Üzeyir bəy Hacıbəyovun sayca üçüncü operettası olan «Arşın mal alan» əsərinin 20 yaşı tamam oldu. Dünya şöhrəti qazanmış bu operettanın mövzusu doğma Qarabağımızın tacı sayılan qədim Şuşa şəhərindən alınsa da, əsəri Üzeyir bəy Sankt-Peterburqda konservatoriyada oxuyarkən qələmə almışdı. Böyük bəstəkar 1938-ci ildə yazdığı «Arşın mal alan» haqqında qeydlərim» adlı məqaləsində göstərirdi ki, «Arşın mal alan» 1913-cü ildə Peterburq konservatoriyasında oxuduğum zaman yazılmışdır. Onun sujeti Qarabağın Şuşa şəhərinin həyatından alınmışdır. «Arşın mal alan» yazılıb qurtardıqdan sonra mən çar senzurasından əsərin çap edilməsi və oynanılması üçün icazə almağa çox vaxt sərf etdim, çox əziyyətlər çəkdim».

       «Arşın mal alan»ı Bakıya yola salmamışdan əvvəl Üzeyir bəy Hacıbəyov aktyor Hüseynqulu Sarabskiyə Sankt-Peterburqdan məktub göndərmişdir. Üzeyir bəy yazırdı:
       Bəradərim Hüseynqulu!
       Mən dəxi bu halda bir tərəfdən dərs oxumaqda və bir tərəfdən də «Arşın mal alan»ı yazmaqdayam. Amma çox qəribə operetta olacaqdır. Inşallah sentyabrda göndərərəm ki, əvvəlcə onu qoyasınız.

       …Mənim də bu qədər əlləşməyim odur ki, gələcəkdə teatr işini elə bir hala salaq ki, nəinki təkcə bir Bakı və ya Qafqaz, bəlkə hər bir yerdə və hər bir şəhərdə teatr verməyə imkanımız olsun.
       Ancaq bir qədər vaxt gözləmək və zəhmət çəkmək lazımdır. Mən Bakıda olarkən öz əsərlərimin qədrini bilmirəmmiş, amma burada bilirəm ki, mənim əsə-rim gələcəkdə böyük bir iş görəcəkdir.

Bəradərin Üzeyir.
30 iyul 1913-cü il. Peterburq.



       O zaman gənc bəstəkar olan Üzeyr bəy Hacıbəyov necə olmuşdu ki, ope-retta janrına müraciət etmişdir? Məlumdur ki, «Arşın mal alan»dan əvvəl Ü.Hacıbəyov «Ər və arvad» (1909). «O olmasın, bu olsun» (1910) adlı operettalar yazmışdır. Operetta yaratmaq zərurəti barədə isə Üzeyir bəy belə yazırdı: «Musiqinin gücünə inanaraq musiqi vasitəsi ilə ictimai-məişət qüsurlarını qamçılamaq, Azər-baycan ziyalılarının qabaqcıl hissəsinin ətalət və mədəniyyətsizliyə qarşı mübarizəsini musiqidə əks etdirmək arzusunda olmaq məni komik musiqi janrı – operetta yaratmaq fikrinə sövq etdi».

       Ü.Hacıbəyov «Arşın mal alan» operettasını tamamladıqdan sonra onu ilk dəfə Sankt-Peterburq konsevatoriyasının direktoru, görkəmli rus bəstəkarı A.Qlazunova çalmışdır. A.Qlazunov əsəri çox bəyənmiş və onu bütün Rusiyada ilk operetta adlandırmışdır. «Arşın mal alan»a verilən yüksək qiymətdən sonra Üzeyir bəy əsərin partiturasını və librettosunu vəd etdiyi kimi Bakıya, dostlarına göndərir. Onlar da operettanı tamaşaya hazırlayırlar.

       1913-cü il oktyabr ayının 25-də Bakıda H.Z.Tağıyevin teatrında «Arşın mal alan» operettasının premyerası olmuşdur. Ilk tamaşanın yaradıcı heyəti belə idi: Əsgər – H.Sarabski, Gülçöhrə – Ə.Ağdamski, Soltan bəy – Ə.Hüseynzadə, Süleyman – H.Terequlov, Asya – Gülsabah xanım, Telli – Olenskaya. Əsərin rejissoru – H.Sarabski, dirijor – M.Maqomayev.

       «Arşın mal alan»ın ilk tamaşasından dərhal sonra mətbuatda həm müsbət, həm də mənfi rəylər dərc olundu. Məsələn, 3 noyabr 1913-cü il tarixli «Sədayi həqq» qəzetində yazılmışdır: «Müsəlman bəstəkarı Üzeyir bəy Hacıbəyovun təzə operettası «Arşın mal alan» camaata çox xoş gəlib, təkrar oynanmasını xahiş etdiklərinə görə cümə günü noyabrın 8-də ikinci dəfə oynanacaqdır. Soltan bəy rolunda camaatın hüsni-təvəccöhünü qazanmış Ələkbər Hüseynzadə çıxış edəcəkdir».

       Bəziləri isə operettanı qəbul edə bilmirdi. 27 oktyabr 1913-cü il tarixli «Iqbal» qəzetində Hacı Ibrahim Qasımov adlı teatr tənqidçisi yazırdı: «…«Arşın mal alan» operettası bir dərəcə «fars» (lağ-lağı, məsxərə) tamaşalarına oxşayır – desək zənn edirik ki, xəta etməmiş olarıq. Belə tamaşaları müsəlmanlara göstərmək xətadan xali deyildir. Belə tamaşalar millətin əxlaqını pozar, onu indiki halından betər bir hala salar».

       Üzyeir bəy Hacıbəyov özü bu məsələlərlə bağlı «Arşın mal alan» haqqında qeydlərim məqaləsində yazırdı: «Bu əsər birinci dəfə oynandığı zaman, Bakı burjuaziyasının «Kaspi» qəzeti tərəfindən son dərəcə hörmətsizlik və nifrətlə qar-şılanmışdır. Əsər haqqında yazılmış «tənqiddə» avtor söyülürdü. Onlar bu əsəri «qızlarımızı pis yola çağırmaqda töhmətləndirirdilər. O zamanlar azərbaycanlı qızlar ən elementar hüquqlardan belə məhrum edilmişdilər. Bu komediyanı yazmaqdan da məqsəd səhnə musiqili əsər vasitəsilə qadın azadlığına yardım etmək, köhnə adət və ənənləri ifşa etmək idi».

       Başqa bir resenziyada isə görkəmli ictimai və siyasi xadim, yazıçı Nəriman Nərimanov (1916-cı il 16 mart tarixli «Yeni iqbal» qəzeti) yazırdı: «…Doğrusu gör-düyüm operettalardan «Arşın mal alan» mənə xoş gəldi. Həm musiqi, həm məna cəhətdən…

       «…«Arşın mal alan» operettasında bir ideya var, desək yarar. Nədir o ideya? Qızı görməmiş almaq olmaz. Cənab Əsgərbəyin fəlsəfəsində arvad mal kimi bir şeydir. Malı görüb almaq kimi, qızı da gərək əvvəl görəsən, sonra alasan. De-mək ki, Əsgərbəyin fəlsəfəsilə arvad almaq üçün bir süfətini görmək tamamdır. Şəksiz bu bir tipdir, ağılları gözündə olan adamların tipidir…

       Üzeyir bəy cənabları oxuduğu elmin səbəbinə daha gözəl operalar meydana gətirəcəkdir. Hər halda qeyri əsərlərə nisbət hal-hazırda Üzeyir bəyin əsərləri bö-yük yolu açır. Bu yolda Üzeyir bəyin daha artıq tərəqqi etməyini səmimi qəlbdən istəyirik».

Doktor N.Nərimanov.



       Ü.Hacıbəyov özü də operettadakı tipləri belə səciyyələndirərək yazırdı: «Bəziləri Əsgəri idealizə edərək onu açıq fikirli, yenilik tərəfdarı, kultura müdafiəçisi kimi göstərirdilər. Halbuki bu tamamilə yalnış və saxta bir fikir idi. Əsgər hər şeyə bir tacir kimi baxan adamdır. O, əgər qızı görüb almaq istəyirsə, bu onun yeni həyat tərəfdarı olduğu üçün yox, tacir olduğu üçün idi. O, alacağı qızla arşını 12 qəpiklik çiti eyni dərəcədə qiymətləndirir: çitin safı, çürüyü olduğu kimi, qızın da koru, çopuru və ona layiq olmayanı da ola bilər. Məhz bunun üçün də tacir «malı» görüb almaq istəyir. Həm də Soltan bəy kimilərinin qızını! Yoxsa Əsgərdən ideya gözləmək onu açıqfikirli bir cəmiyyət nümayəndəsi kimi göstərmək tamamilə yalnış fikirdir. Əsgərin yoldaşı Süleyman da tacir oğludur. Təfavüt bunun bir qədər daha çevik və qulaqkəsməkdə, iş düzəltməkdə, kələk qurmaqda daha mahir ol-masındadır.


       Soltan bəy adi Qarabağ bəylərindən biridir. Onun hər bir sözü, hərəkəti sinfi mənsubiyyətini açıq təsvir edir. Konservatizm Soltan bəydə o dərəcəyə çatmışdır ki, o, hətta injener, doktor və uçitelləri belə bəyənmir.

       Gülçöhrə və Asiya çadra altında və dörd divar arasında, savadsız, biliksiz, sevmək və sevilməkdən məhrum edilmiş bir şəraitdə yaşayan azərbaycanlı qızlarıdır. Həyatın zövqlərini (oxumağı, kulturanı, ictimai vəzifə və sairəni) bütün varlığı ilə dərk etməkdən məhrum edilmiş bu gənc nəsil nümayəndələrini ən çox maraq-landıran məsələ evlənmək, ərə getmək məsələsidir.

       Gələcəkdə həyat yoldaşı kim olacaqdır?
       Keçmişdə azərbaycanlı qızların həyatını qara günlərə çevirən «ərlər» onları həmişə bu məsələ üzərində düşündürürdü. Ekonomik cəhətdən ailənin yiyəsi olan ərlərin yaxşılığı xoşbəxtlik, pisliyi bədbəxtlik sayılırdı. Buna görə də Gülçöhrə qə-dər bir az düşüncəli qızlarımız, heç olmazsa, bu gələcək həyat yoldaşını görməyi arzu edirdilər.

       Asya, Telli və xalalar isə tamamilə baxtabaxt, təvəkkül və elçilərin yardımı ilə yaşayırdılar.
       Indiki azərbaycanlı gənclər bu həyata yalnız tarixi bir hadisə kimi baxırlar. In-di həyatımızda arşınmalçılar olmadığı halda, belə bir əsər tamaşaçını maraqlandırır. Məncə, bunun səbəbi əsərin reallığı və məzmununun maraqlı olmasıdır».

       Doğrudan da «Arşın mal alan» bütün dövrlərdə maraqla qarşılanmış, sevilmiş, dünya səhnələrində böyük müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur.
       Hələ Üzeyir bəyin özünün sağlığında bu əsər şöhrət tacına sahib olmuş, müxtəlif dillərə tərcümə edilmişdir. Ü.Hacıbəyov bu barədə yazırdı ki, «Arşın mal alan» birinci tamaşaya qoyulduğu günlərdən bir neçə ay sonra demək olar ki, SSRI xalqlarının hamısının o cümlədən rus, gürcü, erməni, özbək, tacik, yunan, fars, ingilis, fransız dillərinə tərcümə edilərək oynanılmışdır.

       Hazırda isə «Arşın mal alan»ın dünya şöhrəti daha geniş miqyas almış 67 xarici dilə çevrilmiş, 50 ölkədə, 120 teatrın səhnəsində tamaşaya qoyulmuş, Amerikanın 13 ştatında, Polşanın 16 şəhərində, Çinin 4 şəhərində, Çexo-Slovakiyada, Bolqarıstanda, Fransada, Türkiyədə, Yunanıstanda, Iranda və başqa ölkələrdə oynanılmışdır.

       1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadası zamanı oynanılan «Arşın mal alan» operettası haqqında Moskva mətbuatında bir-birindən maraqlı, əhəmiyyətli resenziyalar dərc olunmuşdur. Məqalələrin birində «Arşın mal alan» haqqında belə yazılmışdır: «Azərbaycanlılar nə gözəl «gülüş» ustalarıdırlar. Bu tamaşada o qədər həqiqi iti fikir və gülüş, həm artistlərin oyununda, həm orkestrin melodiyalarında, həm rəssamın ürək açan və parlaq dekorasiyalarında çoşğun şənlik vardır ki, «Arşın mal alan» tamaşasına baxarkən tamaşaçı qəşş edircəsinə gülür».

       Resenziyanın sonunda müəllif yazırdı: «Bizim rus komediya teatrlarımız («Satira» teatrı, Operetta) «Arşın mal alan»dan özləri üçün çox şey götürə bilərlər».
       Moskvada keçirilən dekadada «Arşın mal alan» operettasının uğurlu tama-şaya qoyulması barədə Ü.Hacıbəyov belə qeyd edirdi: «Böyük teatrda əməkdar artist rejissor Hidayətzadə yoldaşın verdiyi quruluş «Arşın mal alan»ın keçmiş quruluşlarının hamısından üstündür. Rejissor əsərin məzmunu və ideyasını düzgün mənimsədiyi üçün, onun traktovkası da doğru çıxmışdır.

       Yeni quruluşun bədii tərtibatında gənc rəssam Ədhəm Sultanov yoldaş az əmək sərf etməmişdir. Rəssamın quruluşundakı bütün işləri gözəl təsir buraxır. Xüsusilə perspektivada verdiyi Şuşa şəhərinin mənzərəsi həm bədii, həm gözəl, həm də düzgündür.

       Artislərimizin oynamasına gəldikdə, demək lazımdır ki, əməkdar artist Bülbülün Əsgər rolunu oynaması ampula cəhətcə bir az qəribə görünsə də, o, bu vəzifənin öhdəsindən gələ bilir. Bülbül ustalıqla böyük formalı opera səhnəsindən musiqili komediya roluna keçə bilmişdir.

       Kələkbaz Süleyman rolunu əməkdar artistimiz H.Hacıbababəyov gözəl ifa edir. Gülçöhrə rolunda Sona Mustafayeva və Səltənət Quliyeva, Asiya rolunda Aliya Terequlova və Elmira Axundova öz rollarını yaxşı oynayırlar.

       20 ildən çox Soltanbəy rolunu oynayan Ələkbər Hüseynzadə qoca artist olmasına baxmayaraq bu rolu oynamaqda şöhrət qazanmış və əvvəlki məharətini olduğu kimi saxlaya bilmişdir. Bu sözləri Vəli rolunda çıxan Anatollu haqqında da demək lazımdır, çünki o, Vəli rolunda keçmişdə göstərdiyi bacarıq və temperamentini indi də göstərir. Həqiqət Rzayevanın yaratdığı Telli keçmiş qulluqçuların həqiqi tipidir».

       Zənnimizcə «Arşın mal alan» operettasının tamaşaları haqqında Üzeyir bəyin verdiyi təhlil hər dövrün rejissor, rəssam, aktyor nəsilləri üçün proqram xarakteri daşımalıdır.

       «Arşın mal alan» əsəri 90 ildir ki, dünya səhnələrini dolaşır. Operetta bu illərdə teatrlarda uğurla tamaşaya qoyulmaqla yanaşı, həm də hələlik dörd dəfə ekran həyatı yaşamışdır. 1917-ci il inqilabından əvvəl Piron qardaşlarının «Filma» səhmdar cəmiyyətində işləyən rejissor B.Svetlov bu əsər ilə maraqlanmış, onu lentə çəkmişdir. «Arşın mal alan» filminin ilk tamaşası 3 yanvar 1917-ci ildə olmuşdur. Filmdə H.Sarabski (Əsgər), Ə.Ağdamski (Gülçöhrə), Ə.Hüseynzadə (Soltan bəy), Y.Nərimanov (Jahan xala), M.Əliyev (Süleyman), A.Olenskaya (Asya), H.Terequlov (Vəli), Y.Olenskaya (Telli) çəkilmişdilər. O illərdə filmlər səssiz olduğu üçün əsərin musiqisindən əsər-əlamət yox idi. Ümumiyyətlə, film zəif alınmışdır. Üzeyir bəy Hacıbəyovun tələbi ilə, müəllifdən icazəsiz çəkildiyi üçün film qadağan edilmiş və ekrandan çıxarılmışdır.

       «Arşın mal alan» ikinci dəfə 1937-ci ildə ABŞ-da lentə alınmışdır. Erməni əsilli Amerika kinorejissoru R.Mamulyan bu əsəri ekranlaşdırmış və heç yerdə də Ü.Hacıbəyovun adı göstərilməmişdir. Yalnız filmin Şərq motivləri əsasında çəkildiyi vurğulanmışdır.

       Bəs, bu operetta ABŞ-ya necə gedib çıxmışdır?
       1915-ci ildə Tiflisdə yaşayan Sedrak Maqalyan isimli bir erməni Üzeyir bəy Hacıbəyovun yanına gələrək, onun «Arşın mal alan» əsərini erməni dilinə tərcümə etmək istədiyini bildirmişdir. Hətta, Üzeyir bəylə müqavilə də bağlamışdır. O, ope-rettanı erməni dilinə çevirib, səhnəyə qoymuşdu. Əsər Gürcüstanda, Bakıda və b. şəhərlərdə göstərilmişdir. 1921-ci ildə Gürcüstanda Sovet hakimiyyəti qurul-duqdan sonra S.Maqalyan xaricə mühacirət edir. Gedərkən özü ilə «Arşın mal alan»ı da aparır. O, əvvəlcə Türkiyədə, sonra Yunanıstanda yaşayır və «Arşın mal alan» operettasının hesabına dolanır. Daha sonra o, ABŞ-ya köçür. Orada da bu əsəri tamaşaya qoymaqla külli miqdarda qazanc əldə edir. Bu operettadan qa-zandığı çoxlu pulların sayəsində o qədər varlanır ki, çoxmərtəbəli bir otel tikdirir və ona «Arşın mal alan» adını verir.


       1925-26-cı illərdə Üzeyir bəy ABŞ-dan Okorokov familiyalı bir bakılı musiqi-çidən məktub alır. Okorokov vaxtilə Bakıda violonçelçalan olmuşdur. Məktubda o, Üzeyir bəyə bildirir ki, burada Maqalyan familiyalı birisi Sizin «Arşın mal alan» operettanızı özəlləşdirərək çoxlu pullar qazanır. Mənə vəkalətnamə göndərsəniz, halal pullarınızı alıb Sizə yollayaram.

       Lakin o dövrün təzadları üzündən Okorokovun məktubu cavabsız qalır. Ermənilər isə daha da azğınlaşaraq, ABŞ-da tamaşaya qoyduqdarı «Arşın mal alan»ı həyasızcasına «erməni operettalarının kraliçası» adlandırırlar.

       1942-ci ildə, ikinci Dünya müharibəsi dövründə Azərbaycanın tanınmış ədəbiyyat və incəsənət xadimləri Iranda olarkən, ermənilər tərəfindən Amerikada çəkilmiş həmin «Arşın mal alan» filminə baxırlar. Titrlərdə Üzeyir bəy Hacıbəyovun adına rast gəlmədiklərindən hiddətlənir, Bakıya dönüncə bu xəbəri Üzeyir bəyə çatdırırlar. Ü.Hacıbəyov bundan çox mütəəssir olur və müəllif hüquqlarının müdafiəsi üçün Azərbaycanın o zamankı rəhbəri Mir Cəfər Bağırova məktub göndərir. M.C.Bağırov məktubu alan kimi Üzeyir bəyə zəng çalır və bildirir ki, bu məsələnin həlli üçün Moskvaya müraciət etmək lazımdır. Ü.Hacıbəyov dərhal SSRI-nin xarici işlər naziri Molotova məktub yazır. Aradan bir neçə gün keçdikdən sonra, gecə vaxtı Üzeyir bəyin evinə Moskvadan zəng edilir. Molotovun köməkçisi olduğunu bildirir və Ü.Hacıbəyovdan belə gec telefon açdığı üçün üzrxahlıq edərək söyləyir ki, Molotov yoldaş Sizin məktubunuzla tanış oldu və tapşırdı məlumat verim ki, SSRI müəllif hüquqlarının müdafiəsi üzrə Beynəlxalq konvensiyay a daxil olmadığı üçün Sizin hüquqlarınızı müdafiə etmək iqtidarında deyilik.

       Lakin aradan iki həftə keçdikdən sonra gecə saat 1-də Üzeyir bəyin evinə Moskvadan yenə də zəng olur. Bu dəfə SSRI kinematoqrafiya komitəsinin sədri Bolşakov gecə vaxtı narahat etdiyi üçün, Üzeyir bəydən üzr diləyərək bildirir ki, indicə I.V.Stalin yoldaşın yanından gəlirəm. Yoldaş Stalin Sizin məktubunuzdan xəbərdardır və göstəriş verdi Sizə çatdıram ki, müəllif hüquqlarınızı müdafiə etmək məqsədi ilə təcili olaraq Bakı kinostudiyasında «Arşın mal alan» filmi çəkilməli və bütün dünya ekranlarına göndərilməlidir.

       Elə də edirlər. 1943-cü ildə ikinci Dünya müharibəsinin qızğın çağında «Arşın mal alan» filmi üzərində gərgin iş başlayır. Nəhayət, 1945-ci ildə S.Rəhmanın ssenarisi əsasında R.Təhmasibin və N.Leşşenkonun rejissorluğu ilə eyniadlı film üçüncü dəfə lentə çəkilir və planetin hər guşəsində böyük müvəffəqiyyətlə göstərilir. Beləliklə də Üzeyir bəyin müəllif hüquqları bərpa edilir və bütün dünyada «Arşın mal alan»ın əsl müəllifi hamıya bəlli olur.

       Onu da qeyd edək ki, «Arşın mal alan» filmi çox maraqlı və uğurlu alınmış, Üzeyir bəyin özü tərəfindən yüksək qiymətləndirilmişdir. Bu filmdə çox dəyərli aktyor ansamblı toplanmışıdır. Dünya şöhrətli müğənni Rəşid Behbudov (Əsgər), Leyla xanım Bədirbəyli (Gülçöhrə), Ələkbər Hüseyzadə (Soltan bəy), Münəvvər Kələntərli (Cahan xala), Ismayıl Əfəndiyev (Süleyman), Lütfəli Abdullayev (Vəli), Fatma Mehrəliyeva (Telli), və b. çəkilmişlər. Filmin operatorları Əlisəttar Atakişi-yev və Muxtar Dadaşov olmuşlar.

       1946-cı ildə «Arşın mal alan» filminə görə Ü.Hacıbəyov, R.Təhmasib, N.Leşenko, R.Behbudov, L.Bədirbəyli, Ə.Hüseynzadə, M.Kələntərli, L.Abdullayev Stalin mükafatına layiq görülmüşlər.

       «Arşın mal alan» filminin çəkilişi üçün Dövlət beş milyon rubl ayırmışdır. Bu filmin ekranlarda nümayişindən isə o zamankı araşdırmalara görə Dövlətə bir milyard iki yüz min rubl məbləğində gəlir gəlmişdir. Valyuta hesabı isə sirr olduğu üçün açıqlanmamışdır.

       1966-cı ildə «Arşın mal alan» əsərinə yenə də müraciət edilərək, T.Tağızadənin rejissorluğu ilə dördüncü dəfə rəngli film çəkilmişdir. Burada əsas rolları H.Məmmədov (Əsgər), L.Şıxlinskaya (Gülçöhrə), H.Yagizarov (Süleyman), A.Qurbanov (Soltan bəy), N.Məlikova (Cahan xala), S.Ibrahimova (Telli) və b. oynamışlar.

       Azərbaycan mədəniyyəti tarixində xüsusi yerə məxsus «Arşın mal alan» adlı sənət incisi bütün cahanı fəth edərək, Azərbaycanımızı dünyada tanıtdı. Bu, mədəniyyətimizin əlçatmaz, ünyetməz zirvəsi olan Üzeyir bəy Hacıbəyovun bəşəri, həmişəyaşar yaradıcılığının bariz nümunəsidir. Dünya durduqca Üzeyir bəy də, onun həmişə yeni və ölməz irsi də var olacaqdır. Şöhrət tacı isə «Arşın mal alan»ın başı üstündən heç vaxt enməyəcəkdir.

«ARŞIN MAL ALAN» OPERETTASININ
TAMAŞAYA QOYULDUĞU

ŞƏHƏRLƏRIN QISA SIYAHISI










Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70