RADIONUN MUSIQI
VERILIŞLƏRI REDAKSIYASI:
DÜNƏN, BU GÜN, SABAH

Ramiz MIRIŞLI
 

       Hər bir xalqın formalaşmasında, özünü dərk etməsində, estetik tərbiyəsinin biçimlənməsində musiqinin xidməti danılmazdır. Ana laylası ilə başlayan musiqi yolumuz həyatımızı tərk edənə kimi bizi müşayiət edir. Musiqi insanda ali hisslərin saflıq, təmizlik, ülvilik, vətənpərvərlik, qəhrəmanlıq və b. keyfiyyətlərin güclənməsinə zəmin yaradır. Insanın həyat tərzi, yaşadığı mühit, gündəlik yaşantısı, maddi təminatı və sosial vəziyyətindən asılı olmayaraq musiqi hər bir fərdi öz əhvalına uyğun şəkildə duyğulandırır, onun ovqatına uyğun şəkildə müsbət təsirini göstərir. Mənəvi cəhətdən insanı yüksəldən musiqi cəmiyyətin özünü də tərbiyə edir. Musiqi xalqın mənəvi dəyərləri sırasında təsir dairəsinin yayılması, ürəklərə yol tapması və populyarlığı baxımından heç vaxt birinciliyi əldən verməyib.

       Özünün çox çeşidliliyi və rəngarəngliliyilə Azərbaycan musiqisi heç bir xalqın musiqisilə müqayisə edilə bilməz. Təsadüfi deyil ki, musiqi mütəxəssisləri də buna laqeyd qala bilməyiblər. Etnoqrafik törənlərimizlə bağlı mahnılar, xalq mahnıları, qəhrəmanlıq nəğmələri, zəngin muğamlarımız, qərinələrin o üzündən yol başlayan aşıq musiqimiz məhz xalqımızı ömür boyu müşayiət edən ən dəyərli sərvətlərimizdir. Belə zəngin sərvətdən bəhrələnən Üzeyir bəy Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Arif Məlikov kimi böyük sənətkarlar pleyadasını xatırlasaq, Azərbaycan musiqisinin dünəni, bu günü və sabahı haqqında aydın təsəvvür yaratmış olarıq.

       Musiqi xalqın mənəvi sərvətidir, bu öz yerində. Musiqi həm də sərhəd tanımayan geniş imkanlı güclü ünsiyyət vasitəsidir. Bir sözlə, musiqi xalqın mənəvi güzgüsüdür. Bu güzgünü təhlükədən, ləkədən, qaranlıqdan qorumaq vəzifəsi isə onu öyrədənlərin, tədqiq və təbliğ edənlərin üzərinə düşür. Onu da etiraf etməmək olmaz ki, bu işdə indiki durumda televiziya və radio xüsusilə çox iş görür.

       Azərbaycanda radio yaranan gündən onun gündəlik proqramlarında həmişə musiqinin təbliği işinə geniş yer verilib. Neçə-neçə musiqiçi nəslinin populyarlaşmasına, sevilməsinə Üzeyir Hacıbəyovdan başlanan bəstəkarlıq məktəbimizin onlarca nümayəndəsinə dünya şöhrəti qazanmasında Azərbaycan radiosu az iş görməyib. Radio həm də bir çox dünya bəstəkarlarını neçə-neçə dinləyici nəslinə tanıdıb, sevdirə bilmişdi. Şübhəsiz ki, radiomuzun 77 illik uzun bir yolu barədə musiqi təbliğatı ilə məşğul olan tədqiqatçılar öz sözlərini deyəcəklər.

       Vaxtilə ədəbiyyat, uşaq, gənclər və musiqi şöbələrini birləşdirən baş redaksiyada mərhum jurnalist H.Hüseynov baş redaktor kimi fəaliyyət göstərib. Baş rejissor Rauf Kazımovskinin hazırladığı veriliş və konsert proqramları bu gün də öz bədii dəyərini, estetik əhəmiyyətini qoruyub saxlayır. 1950-ci ildən musiqi redaksiyası ayrıca struktur kimi fəaliyyətə başlayıb və rəhbərliyi T.Şahverdiyevə etibar edilib. Bu illər Tələt Şahverdiyev, Rəhim Nağıyev, Qulam Qasımov, Boris Raxkin, Çingiz Süleymanov kimi sənət adamlarının təşəbbüsü ilə ayrıca fəaliyyətə başlayan musiqi redaksiyası gündən-günə axtarışlar və yeniliklər hesabına nəzərə çarpacaq dərəcədə irəliləyişə nail olur.

       Bir qədər sonra musiqi redaksiyasına baş redaktor Kamil Məmmədov, onun müavini bəstəkar Telman Hacıyev təyin olunur. Və musiqi redaksiyası öz kadrlarını ətrafına toplayır. Ümumittifaq radiosu musiqi redaksiyası ilə əməkdaşlıq aylıq planlarda öz yerini tapır. Az sonra təkcə Moskva Radiosu ilə deyil, bir sıra sosialist ölkələrinin radiosunda Azərbaycanın musiqi həyatı işıqlandırılır. Redaksiyanın əməkdaşları Oqtay Manaflı, Qüdrət Vahabova, Aslan Əfəndiyev, Valid Səfərov, Leyla Misirzadə, Nəriman Əliyev, Nəriman Rzayev efirə yüksək xidmət vəzifələrini ləyaqətlə yerinə yetirirdilər. Bəziləri elə hazırda da iş başındadırlar.

       Bu gün Azərbaycan radiosunun musiqi verilişləri redaksiyası mövcud iki proqramla 18-20 saat veriliş və konsertlərlə efirə çıxır. Bu da ümumi proqram yükünün 70 faizini təşkil edir. Tarixi ənənəsinə sadiq qalaraq musiqi redaksiyası son illərdə Azərbaycan xalq musiqisinə, muğamlarımıza və ayrı-ayrı bəstəkarlarımızın yaradıcılığına geniş yer verir. Bu musiqi proqramlarında fonotekamızda saxlanılan ölməz xanəndə və muğənnilərimizin, vokal ifaçılarımızın, el aşıqlarımızın bu gün xatirəyə çevrilmiş lent yazıları tez-tez səsləndirilir. Bu silsilə musiqi proqramları bu gün efirdə vaxtaşırı «Səs xəzinəmizdən», «Fonotekamızın rəflərində», «Unudulmaz ifalar», «Gözəl səslər» başlığı ilə efirə çıxır.

       Artıq bu gün özləri xatirələrdə yaşayan, ancaq ifaçılıq sənətimizdə müstəsna xidmətləri olan Cabbar Qaryağdı oğlu, Qurban Pirimov, Bülbül, Şövkət Ələkbərova, Rübabə Muradova, Rəşid Behbudov, Zülfü Adıgözəlov, Xan Şuşinski, Seyid Şuşinski, Ağabala Abdullayev, Bəhram Mansurov, Əhməd Bakıxanov, Əhsən Dadaşov, Əliağa Quliyev, Gülağa Məmmədov, Şakir Hacıyev, Pənah Pənahov, Hüseyn Saraclı, Mikayıl Azaflı və bu kimi sənət və söz adamlarının lent yazılarını səsləndirməklə sənətin dünəni ilə bu günü arasındakı varislik əlaqələrini bərpa edən musiqi redaksiyası bu günkü istedadların da üzə çıxmasında və geniş xalq kütləsi tərəfindən tanınmasında az iş görmür.

       Musiqi redaksiyasına Azərbaycan Dövlət Konservatoryasının məzunu, musiqişünas Hacı Məmmədov rəhbərlik edir. Onun radio işini bilməsi və öz şəxsi təşəbbüskarlığı sayəsində musiqi redaksiyasında işi bu günün tələblərinə cavab verə bilən səviyyədə qurulmuşdur.

       Hər təzə iş həftəsi planlaşdırmadan başlayır. Baş redaktor üzümüzə gələn həftə üçün konsert və musiqi verilişlərinin gündəlik efir variantlarını təsdiqləyir. Mövzu seçimi, efirə çıxan hər bir musiqi nömrəsi və ya veriliş baş redaktorun müzakirəsinə və təsdiqinə verilir. Yalnız bundan sonra efirə vəsiqə alır.

       Dövlət radiosu efirində səslənən musiqi nömrəsi, başqa sözlə desək, yeni əsərlər, bu əsərlərin yüksək keyfiyyətlə efirə çıxmasında dinləyici rəğbəti qazanmasında baş redaktor Hacı Məmmədovun bilik və təcrübəsi, ən başlıcası isə özünə və iş yoldaşlarına tələbkarlığı, eyni zamanda insani keyfiyyətləri mühüm rol oynayır. Onun hər iş günü ayrı-ayrı redaktorların gün üçün planlarıyla tanışlıqla başlayır. Yeni lent yazılarına qulaq asmaq, studiyanın qonaqları ilə görüşmək, verilişin redaktoruna tövsiyyələri söyləmək baş redaktorun iş prinsipi belədir.


       Redaksiyada gündəlik işlər 3 bölüm üzrə yerinə yetirilir:
       – Xalq musiqisi;
       – Klassik və dünya musiqisi;
       – Bədii materiallar və musiqi proqramlarının redaktəsi;
       Onu da deyək ki, ədəbi redaktorlardan başqa kollektivin təxminən bütün üzvləri Musiqi Akademiyasını bitirmiş gənclərdir. Efirdə eşidilən rəngarəng musiqi proqramlarını hazırlayıb dinləyicilərə çatdıran onlardır.

       «Xalq musiqisi» şöbəsi əməkdaşlarının gərgin əməyi sayəsində vaxtaşırı hazırlanan «Muğam saatı», «Muğam axşamı», «Sizin istəyinizlə», «Aşıq havaları», «Qəhrəmanlıq nəğmələri», «Muğam ustalarımız» və bu kimi veriliş və konsert proqramları dinləyici ürəyinə geniş yol tapmışdır.

       Redaksiyada son illər vətənpərvərlik və hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi ilə bağlı tələb və göstərişlərlə və əlaqədar bu sahədə nəzərə çarpacaq dərəcədə irəliləyiş əldə etmişdir. Teleradio Şirkəti rəhbərliyinin bu sahəyə gündəlik nəzarəti aşağıda sadalanan konsert və verilişlərin meydana çıxmasına təkan vermişdir. Həmin musiqi proqramlarına bir daha nəzər salaq:

       1. «Əsgər istəyi»
       2. «Azərbaycan əsgəri»
       3. «Əsgər andı»
       4. «Nəğmə də bir silahdır»
       5. «Azərbaycan ordusu»
       6. «Vətənin keşiyində»
       7. «Qəhrəmanlıq nəğmələri»
       8. «Hünər-zəfər nəğmələri» (veriliş və konsert)
       9. «Sizin üçün Vətən oğulları.

       «Əsgər istəyi» hərbi hissələrdə əsgərlər arasında hazırlanır. Müəllifi Rəhman Quluzadənin hərbi hissələrə hər bir səfəri əsgərlərimizlə hər bir görüşü hərbi-vətənpərvərlik tərbiyəsinin inkişaf etdirilməsi üçün uğurlu addımlardan biridir desək, səhv olmaz. Bu verilişdə əsgərlərin təkcə hansı musiqi nömrəsini səsləndirmək istəyi özünü tapmır. Müəllif bacardıqca əsgərlərin həyat tərzini, onların gündəlik qayğılarını da göstərir, gənc Vətən keşikçilərinin arzu və istəklərini, onların öz dili ilə, öz səsi ilə səsləndirir. Bu verilişlə əlaqədar redaksiyaya çoxlu əsgər və valideyn məktubu gəlir.

       «Bədii materiallar və musiqi proqramlarının redaktəsi» şöbəsinin hazırladığı proqramlar da son illərdə məzmun və mündərəcəsi ilə seçilir. Tanınmış radiojurnalistlərinin hazırladıqları bu verilişlər intellektual səviyyəsi, dinləyici ürəyinə yol tapması və aktuallığı ilə xarakterikdir. Belə proqramlara «Bu gün sizinlə» (müəllifi və aparıcı əməkdar jurnalist Fəridə Aslanbəyli), «Ovqat» (müəllifi və aparıcı Gülsüm Əhmədqızı), «Sarıtel» (müəllifi və aparıcı filologiya elmləri namizədi, folklorşünas Elxan Məmmədli), «Gözəlləmə» (müəllifi əməkdar incəsənət xadimi, yazıçı Mövlud Süleymanlı), «Axşam görüşləri» (müəllifi və aparıcı professor Rəfael Hüseynov), «Yeni lent yazıları» (müəllifi musiqişünas Hacı Məmmədov), «Ustad xanəndələrimiz» (müəllifi Maşallah Xudubəyli) və bu kimi musiqili proqramlarını qeyd etmək olar.

       Bu proqramlar və müəlliflərilə yaxından tanış olaq: «Bu gün sizinlə» Respublika Jurnalistlər Birliyinin «Qızıl qələm» və «Xan qızı Natəvan» mükafatlarının sahibi, əməkdar jurnalist Fəridə Aslanbəyli 45 ildir ki, taleyini Dövlət Teleradio Şirkətinə bağlayıb. Hazırladığı «Bu gün sizinlə» 45 dəqiqəlik həftəlik müəllif proqramı az müddətdə geniş dinləyici auditoriyası toplayıb. Bu gün respublikanın bir çox rayonları ilə məktub əlaqəsini telefon zəngləri əvəz edir. Şənbə və təkrarı cümə axşamı efirə gedəndən sonra dinləyicilər ürək sözlərini, fikir və rəylərini söyləyirlər. «Bu gün sizinlə» proqramının məqsədi musiqi xadimləri, muğam bilicilərilə, sənətə ilk addımlarını atan gənc istedadlarla dinləyiciləri görüşdürməkdir. Bu proqramlarda söhbət musiqimizin bu günündən gedir, gənclərə məsləhətlər verilir. Dünyasını dəyişmiş sənətkarlar yad edilir. Əməkdar müəllim Nəriman Əliyevin, Nadir Axundovun, Bəhruz Zeynalovun, Gülağa Məmmədovun, Izzətalı Zülfüqarovun sənət dünyasına həsr olunmuş verilişlər belə lərindəndir. Ustad sənətkarlar Əlibaba Məmmədov, Ağaxan Abdullayev, Alim Qasımov, bəstəkar Arif Məlikov, xalq artisti Zeynəb Xanlarova, Ilhamə Quliyeva, Səkinə Ismayılova, Mələkxanım Əyyubova və başqa sənət adamları ilə efirə çıxmaq, dinləyici ilə 45 dəqiqə ünsiyyətdə olmaq ənənəyə çevrilib.

       «Yeni lent yazıları» ayda iki dəfə dinləyicilərə təqdim olunur. Bu konsert icmalın müəllifi artıq 30 ildən də çox iş stajı olan musiqişünas Hacı Məmmədovdur. Adından göründüyü kimi, əsas məqsəd bədii şuradan keçmiş və fond fonotekasına qəbul olunmuş lent yazıları ilə tanışlıqdır. Bir qayda olaraq lent yazısı ilə tanış olduğumuz sənətkar, istər bəstəkar olsun, istər xanəndə və müğənni studiyaya dəvət olunur, bu lent yazıları barədə canlı söhbət gedir.

       «Ovqat». Psixoloqların rəyinə görə, insan gün ərzində bir saat gərginliyi azaltmalı, müsbət emosiyalar almalıdır. Bu işdə milli radiomuzda 1994-cü ildən yaranan «Ovqat» proqramı da onlara az kömək etmir. 40 dəqiqə ərzində dinləyici bir az qayğılardan uzaqlaşır, səmimi söhbətlərdən xoş əhval yaranır. Bu xoş əhvalı yaradan verilişin müəllifi və aparıcı Gülsüm Əhməd qızıdır. Bir qədər yumor, bir qədər öyrədici söhbətlərilə çoxlu dinləyici rəyi qazanan müəllif 30 ildir ki, taleyini doğma musiqi redaksiyasına bağlayıb.

       Səmimiyyət üzərində qurulan «Ovqat» verilişi ilk gündən dinləyici auditoriyasını ələ alıb. Evdar qadından akademikə qədər hamı bu proqramı müntəzəm izləyir, yolunu səbirsizliklə gözləyir. Sübh tezdən yaranan nikbinlik gün boyu davam edir. Insan nikbin olanda özünü gümrah hiss edir, ətrafdakılara da xoş təsir bağışlayır. «Ovqat» verilişi həm əyləndirir, həm də maarifləndirir.

       «Muğam dünyamız» 60 dəqiqəlik bu proqramı Bakı Musiqi Akademiyasının məzunu, musiqişünas Səadət Təhmiraz qızı hazırlayır. Kollektivin ən gənc üzvü olmasına baxmayaraq dinləyiciləri elə ilk çıxışlarından ələ ala bilib. Ustad sənətkarların iştirakı ilə hazırlanan «Muğam dünyamız» musiqi proqramında söhbət və müzakirələr canlı ifa ilə müşayiət olunur. Ulu muğamlarımızın yaşaması, xanəndəlik məktəbinin davam etdirilməsi, xüsusilə yeniyetmə və uşaqların bu əvəzsiz musiqi janrına həvəs göstərməsi işində radio verilişinin xidməti göz qabağındadır.


       «Sarıtel» musiqi proqramı. 1992-cı il dekabr ayından efirdə səslənməyə başlayıb. Bu verilişi böyük peşəkarlıqla aparan filologiya elmləri namizədi, folklorçu Elxan Məmmədlidir.

       Aşıq sənətinin problemlərindən bəhs edən «Sarıtel»də dinləyicini maraqlandıran sənət məsələlərinə cavab tapılır. Məsələn, verilişdə aşıq məktəbi, aşıq mühiti, bunlar arasındakı fərq və ya oxşarlıq; aşıq üslubu, sənətdə fərdi və ümumi üslub, aşıq sənətinin qolları; Saz havaları və onların təsnifatı; Sazın kökləri, pərdə düzümü, kök sistemi kimi nəzəri məsələlərlə yanaşı dinləyicilər aşıqlarımızın ifalarını və onlar haqqında məlumatları dinlədikcə, bu verilişə gündən-günə maraqları artır. Elxan Məmmədli daim öz dinləyicilərilə təmasdadır. «Sarıtel»in ünvanına gələn çoxsaylı dinləyici məktubları, sözsevərlərlə fərdi görüşlər və ya telefon danışıqları, bir daha sübut edir ki, «Sarıtel» bundan sonra hələ neçə il fəaliyyət göstərməyə borcludur.

       «Gözəlləmə» musiqi proqramı əsasən aşıqlardan bəhs edir. Bu proqramda dinləyiciyə təqdim olunan bir sənətkarın tərcumeyi-halı ilə bağlı bilgi verilir. Onun sənət dərsi, ustadı, mühiti və ifaçılıq məharəti haqqında məlumat verildikdən sonra, həmin sənətkarın ifası səsləndirilir. Veriliş həftədə bir dəfə 60 dəqiqə həcmində efirə çıxır.

       «Axşam görüşləri» musiqi proqramı 20 ilə yaxındır ki, dinləyicilərin sevimli verilişinə çevrilib. Müəllif və aparıcı tanınmış alim, yazıçı, filologiya elmləri doktoru, professor Rəfael Hüseynovun dadlı-duzlu danışığı, onun elmi intellektual səviyyəsi «Axşam görüşləri»ni dinləyicilərin sevimlisinə çevirib. Verilişi cəsarətlə Azərbaycan musiqi mədəniyyətinin radio salnaməsi adlandırmaq olar. Illər boyu Azərbaycan dinləyicisi məhz «Axşam görüşləri»ndən çox gizli mətləbləri anlayıb. Hamının tanımadığı neçə-neçə sənət korifeyinin adını eşidib. Verilişdə müəllifin ürək yanğısı ilə axtarıb üzə çıxardığı neçə-neçə insanın bu və ya digər sənətkarlarımız haqqında xatirələri də öz əksini tapıb. «Axşam görüşləri»ndə 20-ci əsrin son dərəcə ziddiyyətli, bəzən faciəli, bəzən sevincli anları, sənətin və sənətkarların başına açılan oyun və müsibətlər müəllif təxəyyülündən keçirilərək dinləyici qəlbinə yol tapır.

       «El sənətkarlarımız» – artıq Azərbaycan efirində öz ünvanı olan musiqi verilişidir. Müəllifi Maşallah Xudubəylidir. Folklorumuzun müxtəlif sahələrini əhatə edən bu verilişlərdə klassik aşıqlarımızdan və el şairlərimizdən söhbət açılır, onların yaradıcılığı ətraflı təhlil edilir, dinləyicilərə qaranlıq qalan tərəflər araşdırılıb, təhlil edilir. Muğamlarımızın, vokal sənətimizin və ümumiyyətlə, mədəniyyətimizin ən zəngin sahəsi olan musiqimizin təbliği naminə əməkdaşlarımızın açdıqları rubrikalar artıq efirdə özünə layiqli yer tutub.

       «Nəğməli ömürlər» - müxtəlif vaxtlarda fəaliyyət göstərən müğənnilərimizin həyatından, sənət fəaliyyətindən ətraflı söhbət açır. Onların sənət xüsusiyyətləri dərindən təhlil edilir. Bu sıradan ustad sənətkarların müasir gənclər arasında müğənniliyə meyl edənlərə dəyərli tövsiyyələri, məsləhətləri verilir.

       «Ustad xanəndələrimiz», «Ustad müğənnilərimiz» musiqi proqramlarında milli mədəniyyətimizin ən dəyərli incilərindən olan muğamlarımızın mahir ifaçılarından, onların keçdiyi sənət yolundan, bu sahədə qazandıqları uğurlardan söz açılır. Kamil sənət adamları haqqında müsahibələr, portret oçerklər böyük dinləyici rəğbəti qazanıb.

       «Unudulmaz ifalar» silsilə verilişlərdəndir. Əməkdaşlarımız dünyasını dəyişmiş ustad xanəndələr barədə onları tanıyanları axtarıb tapır, xatirələrini lentə alır və fonotekada olan yazılardan istifadə edirlər.

       «Nəğməli səhər» musiqi proqramının məqsədi səhər tezdən dinləyicidə xoş əhval oyatmaqdır. Verilişin müəllifləri və aparıcıları Musiqi Akademiyasının məzunları, musiqişünaslar Zemfira Əliyeva və Kürsüm Dadaşova səhər 6.20-də dinləyiciləri musiqi aləminin yenilikləri ilə tanış edir və xoş əhvallı mahnı və rəqslərlə onlara bütün günü xoş ovqat arzulayırlar.

       Son illərdə doğma torpaqlarımızın düşmən təcavüzünə məruz qaldığı vaxtlardan milli musiqimizin, ifaçılarımızın dilində, bəstəkarlarımızın notlarında çağırış nidaları ilə bağlı əməkdaşların hazırladıqları silsilə verilişlər xüsusi maraqla dinlənilir, zamanın nəbzini tutur. «Vətən nəğmələri», «Ana torpaq», «Darıxma ana», «Nəğmə də bir silahdır», «Vətənin keşiyində», «Əziz vətən oğulları, sizin üçün» musiqi proqramları bu işə xidmət edir.

       Görkəmli bəstəkarlarımızın yaradıcılıq yolundan bəhs edən «Bəstəkarlarımızın portreti», «Bəstəkarlarımızın iş otağında» konsert icmallar, «Musiqi dünyamız» proqramları da diqqəti cəlb edir.

       «Azərbaycan kino musiqisi» konsert icmalında dinləyicilər kino sənəti, Azərbaycan kinosunun yaranma tarixi və onun inkişaf mərhələləri, kinoda musiqinin rolu, musiqinin filmin digər komponentlərilə əlaqəsi söhbətlərinin şahidi olurlar. Bu məqsədlə verilişə bəstəkarlar, rejissorlar, ssenari müəllifləri dəvət olunurlar. Söhbətlə, şərhlə yanaşı kinofilmlərdən fraqmentlər səslənir. Indiyə qədər Niyazi, Q.Qarayev, T.Quliyev, X.Mirzəzadə, A.Məlikov, E.Sabitoğlu və başqa bəstəkarların kino yaradıcılığı ayda bir dəfə milli radiomuzun efirində öz əksini tapır.

       «Musiqi dünyamız» (aylıq veriliş) adından göründüyü kimi, həm milli, həm də professional musiqinin bugünkü və dünəni, musiqimizdə mövcud problemlər geniş yer tutur. Bəstəkarlarımızın xalq musiqisindən bəhrələndiyi, xalq musiqisilə bəstəkar musiqisinin əlaqəsi məsələsi şərh olunur.

       Hər bir sənətin fədailəri var və onlar seçdikləri yolda yorulmadan çalışırlar. Nəriman Rzayev 40 ildən çoxdur ki, taleyini milli musiqimizlə, məhz radionun musiqi redaksiyası ilə bağlayıb. Musiqi təhsilini başa vurandan sonra S.Rüstəmovun rəhbərlik etdiyi XÇA orkestrində çalışıb, tarzən olub. Sonra isə redaksiyaya keçib. Gün ərzində efirdə səslənən konsertlərin tərtibində Nəriman müəllimin xidmətlərini inkar etmək mümkün deyil. Bu sözləri Asəf Zeynallı adına musiqi texnikumunun yetirməsi musiqi redaktoru Kamran Ismayılov haqqında da demək yerinə düşər. Çünki xalq musiqisi şöbəsində bütün günü fəal iş gedir, bu, milli radionun ən işgüzar və ən çox diqqət mərkəzində olan musiqi redaksiyasıdır. Redaksiyanın şöbələrindən biri də klassik və müasir dünya musiqisi şöbəsidir. Bu şöbənin əməkdaşları klassik Azərbaycan bəstəkarlarının musiqisilə yanaşı dünya xalqlarının musiqisinə də geniş yer verirlər. Konsert proqramları ilə yanaşı mətnli veriliş və kompozisiyalar da hazırlanır.

       «Yubileylər, portretlər», «Dünya musiqi xəzinəsindən», «Dünya estrada ulduzları» bu qəbildəndir.
       Milli konservatoriyamızın məzunları bəstəkar Azad Zahid, musiqişünaslar Zemfira Əliyeva və Kürsüm Dadaşovanın gündəlik əməyi efirdə öz əksini tapır. Bu qızlar istər kompakt disklərin, istər dinləyici istəyilə hazırlanan konsert proqramlarının günün tələbi səviyyəsinə cavab verməsinə çalışırlar.

       Şöbə əməkdaşlarının təşəbbüsü ilə Fransa, Yunanıstan, Israil dövlətlərinin Bakıdakı səfirlikləri ilə əlaqə nəticəsində həmin xalqların musiqisi əldə edilir. Şöbə müdiri bəstəkar – Azad Zahidin təşəbbüskarlığı sayəsində Fransa səfirliyinin mədəniyyət üzrə fəaliyyət göstərən əməkdaşları demək olar ki, hər ay əldə etdikləri lent yazılarını və disklərini təmənnasız radioya bağışlayırlar. Paris şəhərində yerləşən «Radio internasional» şirkətinin istehsal etdiyi yeni kompakt disklər təbii ki, dinləyiciləri də razı salır və konsert proqramlarının rəngarəng olmasına şərait yaradır. Bu kompakt disklər yalnız fransız musiqisindən ibarət deyil, burda həm də müasir dünya estradasından nümunələr Avropa, Hindistan və Ərəb ölkələri bəstəkarlarının əsərləri də var.

       Bundan əlavə, bu şöbənin xəttilə efirdə bir sıra dinləyici ürəyinə yol tapan musiqi proqramları səslənir.

       «Musiqi ekspresi» (ayda bir veriliş – 60 dəqiqə). Dinləyicilər dünya estrada ulduzlarının yeni albomları, yeni mahnıları, onların yaradıcılığı və həyatı ilə tanış olurlar.

       «Məşhur türk bəstəkarları» – (aylıq 60 dəq). Türkiyənin klassik bəstəkarları və yeni dövr bəstəkarları haqqında silsilə verilişlərdir. Dinləyicilər bu bəstəkarların yaradıcılığı və bəzi əsərlərilə yaxından tanış olublar.

       «Azərbaycanın musiqi aləmində» (aylıq 60 dəq) – adından göründüyü kimi ölkəmizdə və onun hüdudlarından kənarda baş verən musiqi tədbirləri, Azərbaycan musiqiçilərinin nailiyyətləri haqqında söhbət açılır.
       «Musiqi təqvimi» – ay ərzində 2 veriliş keçirilən tədbirlər xatırlanır. (ayda 20 dəq).
       «Dünya musiqi xəzinəsindən» klassik bəstəkarların həyat və yaradıcılığına həsr olunur.
       Efirdə hər gün kompakt disklər səslənir.
       «Translyasiyaların izilə» aylıq proqram yubiley tədbirlərilə əlaqədar konsertlərin canlı yayımla efirə verilməsidir.

       Musiqi redaksiyasının proqramları sırasında Ü.Hacıbəyov, F.Əmirov, Q.Qarayev, T.Quliyev, A.Məlikov kimi dünya şöhrətli bəstəkarların yubileylərindən hazırlanmış silsilə verilişlər dediklərimizi təsdiq edir. Təqvim günlərilə bağlı konsert proqramlar dinləyici rəğbəti qazanıb. Hər ayın 14-ü Rəşid Behbutovun, 26-ı Bülbülün, 18-i Ü.Hacıbəyovun və M.Maqomayevin günü efirdə qeyd olunur.

       Folklorşünas E.Məmmədlinin təşəbbüsü ilə şəhər və rayonlarda keçirilən aşıq yubileyləri haqqında silsilə verilişlər hazırlanır. Qarayazıda aşıq Alqayıt Qarayazılının (1996), Gədəbəydə aşıq Isfəndiyarın (1997), Salyanda aşıq Pənahın (1996), Şəmkirdə və Bakıda Aşıq Ələsgərin 175 illik yubileylərindən də verilişlər hazırlanıb.

       Radionun musiqi redaksiyasının qızıl fondda saxladığı neçə-neçə ölməz sənətkarın lent yazıları, uzun illər yaddaşlarda qalan verilişlər taleyini efirlə bağlayan jurnalistlərin və musiqişünasların bugünkü işidir. Belə ki, bu gün radionun fondu Azərbaycan musiqisinin inkişafında əvəzsiz xidmətləri ilə seçilən sənətkarların – bəstəkar, xanəndə və müğənnilərin, ifaçıların lentləri ilə zənginləşir. Və biz əminik ki, bu fond daim gözəl səslər və ifalarla zənginləşəcək.

       Musiqi redaksiyasının əməkdaşları bundan sonra da musiqinin müxtəlif janrlarını əhatə edən rəngarəng konsert proqramları və verilişlər hazırlamaqla daha əzmlə çalışacaqlar. Bu da redaksiyanın günün tələbi ilə ayaqlaşmasına imkan verəcəkdir.









Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70