AZƏRBAYCANIN ƏNƏNƏVI
XALQ MUSIQISI
ATLASI

(ilk ekspedisiyanın ümumi icmalı)

Fəttah XALIQZADƏ
 

GIRIŞ

2003-cü ilin yayından etibarən «Musiqi dünyası» böyük və məsiliyyətli bir layihənin təməl daşını qoydu – Azərbaycanın ənənəvi musiqisi atlasını gerçəkləşdirmək məqsədi ilə respublikamızın müxtəlif bölgələrinə ekspedisiyalar silsiləsi başlandı. Bu iri miqyaslı və çoxşaxəli işin nəticələrini multimediya vasitələri ilə (səs, təsvir, hərəkət, mətn, qiraət) internet səhifələrinə çıxarıb bütün dünyaya bəyan etmək layihənin əsas məqsədini təşkil edir. Şübhəsiz, onun rəngarəng materiallarından qonşu sahələrin mütəxəssisləri-tarixçi, etnoqraf, mədəniyyətşünaslar, habelə musiqi həvəskarları da faydalana biləcəklər.

Atlas Azərbaycanın Açıq Cəmiyyət Institutu Yardım Fondunun dəstəkləri ilə «Musiqi Dünyası» nəşriyyat mərkəzi tərəfindən həyata keçirilir. Layihənin elmi rəhbəri sənətşünaslıq doktoru, professor, jurnalımızın baş redaktoru Tariyel Məmmədovdur. Yay ekspedisiyalarında sənətşünaslıq namizədləri Tahirə Kərimova, Fəttah Xalıqzadə, folklor yaradıcılığının bilicisi, bəstəkar Həsən Adıgözəlzadə, «Musiqi dünyası» jurnalının operatoru Xalid Məmmədov, «Intellektual mülkiyyət» elektron jurnalının baş redaktoru Ilqar Isayev iştirak etdilər. Şəki ekspedisiyası zamanı yerli xalq musiqisinin təcrübəli toplayıcısı, S. Peterburq Dövlət Universitetinin dosenti, sənətşünaslıq namizədi Faiq Çələbiyev də öz yardımlarını əsirgəmədi.

Yeni musiqi atlasının geniş əhatəli olbuğunu nəzərə alan yaradıcı qrup şifahi ənənəli musiqi yaradıcılığının peşəkar və dini formalarını buraya daxil etməməyi qərara aldılar. Buna baxmayaraq, həmin təşəbbüs məhəlli və etnik cəhətdən rəngarəng olan bir çox folklor mədəniyyətlərini cəmləşdirmək məqsədini daşımaqla çox böyük qüvvə, bacarıq və vaxt tələb edir. Birillik atlas layihəsində Azərbaycan musiqi folklorunun Naxçıvan, Qarabağ, Şəki, Şirvan, Abşeron, Gəncə, Lənkəran, Quba və başqa məhəlli növlərindən əlavə respublikamızda yaşayan milli azlıqların (rus, tatar, yəhudi, gürcü, avar, ləzgi, talış, saxur, türk, udi və b.) xalq musiqisi təxminən iyirmiyə qədər bölmə əmələ gətirməli və layihə üç dildə (Azərbaycan, ingilis və rus dillərində) hazırlanmalıdır.

Hələ Azərbaycan musiqi folklorşünaslığının atdığı ilk addımlardan başlayaraq, daha doğrusu ötən əsrin 30-cu illərində ölməz Bülbülün rəhbərlik etdiyi Elmi tədqiqat Musiqi Kabinetinin qızğın ekspedisiya fəaliyyəti zamanı Azərbaycanın müxtəlif bölgələrinin (Qarabağ, Lənkəran, Gəncə, Şəki, Quba və b.) xalq musiqisi ilə yanaşı milli azlıqlardan da (məsələn, kürd, erməni, ləzgi, talış) müəyyən folklor nümunələri qeydə alınmışdı. Lakin o zamanlar belə axtarışlar məqsədyönlü xarakter daşımamış, azsaylı xalqların musiqisini toplamaq xüsusi bir vəzifə kimi irəli sürülməmişdi.

Qeyd etmək lazımdır ki, müxtəlif bölgələr üzrə Azərbaycanın musiqi folkloru atlasını yaratmaq sahəsində milli musiqişünaslığımızda əvvəllər də təşəbbüs göstərilmişdi. Məlum olduğu kimi, XX əsrin ikinci yarısında, yəni respublikamızda musiqi folklorşünaslığının ikinci inkişaf mərhələsində xalq musiqisinin məhəlli «ləhcələrinin» toplanılıb araşdırılması yeni həvəslə davam etdirilirdi. Bu istiqamətdə professorlar B.Hüseynli, Ə. Isazadə, bəstəkar N. Məmmədovun fəaliyyəti qeyd olunmalıdır. Təəssüf ki, milli folklor atlası ideyası qismən həyata keçirildi, ayrı-ayrı bölgələrin və lokal janrların müxtəlif yönlərdən araşdırılması vahid və bütöv musiqi atlasının meydana gəlməsi ilə nəticələnə bilmədi. Bu sanballı işin uğurla başa çatdırılmamasında subyektiv və obyektiv səbəblər (məsələn, Sovet dövrünün müəyyən əngəlləri) vardısa, sistemin dağılması və, xüsusilə də, Qarabağ munaqişəsinin kəskinləşməsi, müharibə vəziyyəti onları daha da gücləndirdi, hətta əsrin sonuna yaxın ictimai-siyasi böhr an iri miqyaslı folklor ekspedisiyaları fəaliyyətini, demək olar ki, iflic vəziyyətinə saldı.

Lakin təxminən 90-cı illərin ortalarından siyasi vəziyyətin sabitləşməsi şəraitində folklorşünaslığın müəyyən təcrübəyə malik orta nəsil nümayəndələri yenə də həmin sahəyə üz tutdular, Bakıda yaşayan qaçqınlardan müəyyən məlumat əldə edildi, ara-sıra ekspedisiyalar təşkil olundu, hətta xarici mütəxəssislər də Azərbaycan xalq musiqisi ilə yaxından maraqlanmağa başladılar.

Beləliklə, yeni minillik özü ilə birlikdə milli etnomusiqişünaslığın üçüncü inkişaf dalğasını gerçəkləşdirmək vəzəfəsini də gətirdi. Sahə ekspedisiyalarını işiqlandırmağa çalışdığımız «Azərbaycanın ənənəvi xalq musiqisi Atlası» XXI əsrin ilk sanballı təşəbbüsü kimi böyük ümidlər doğurur və bir sıra özəllikləri ilə buna bənzər əvvəlki çalışmalardan fərqlənir.

Qeyd olunduğu kimi, hazırlanmaqda olan atlas həm daxili mündəricəsi, həm də forma vasitələri baxımından yenidir. Müasir informasiya texnologiyasının tətbiqi həm musiqi ifalarının, həm də onların audio və video yazılışlarının yüksək səviyyədə yerinə yetirilməsini tələb edir. Bütün materialların elmi şəkildə işlənilməsində və layihənin bütövlüyünü təmin etməkdə kulturoloji aspekt ön plana çıxmaqdadır. Respublikamızda yaşayan müxtəlif etnos və xalqların tarixi, mədəniyyəti, etnoqrafiyası, etnopsixologiyası rəngarəng musiqi folkloru mədəniyyətlərinin tədqiqi üçün mühüm bir şərt olmaqla qeyd olunan aspektin xeyrinə olacaqdır. Layihə ilə bağlı işlərin uğurla aparılması müxtəlif xalqların mədəni cəmiyyətləri ilə sıx əməkdaşlığı tələb edir və gələcəkdə hətta bəzi qonşu ölkələrin mütəxəssisləri ilə əlaqalərin yaradılması da istisna edilmir.

Yeni musiqi atlası ilə əlaqədar keçirilən ekspedisiyalr silsiləsi respublikamızın Şimal-Qərb regionundan başlandı və dörd rayonu əhatə etdi – Balakən, Zaqatala, Qax və Şəki. Vaxtikən böyük bəstəkarlarımız Q.Qarayev, C. Hacıyev, S. Hacıbəyov, ustad musiqişünaslarımız M.S. Ismayılov, B. Hüseynli, habelə sonrakı nəslin nümayəndələri S. Abdullayeva, T. Kərimova, A. Ozan (Kərimli), A. Abduləliyev, F. Xalıqzadə və başqaları müxtəlif illərdə bu coğrafi əraziyə dəfələrlə səfər etmişlər. Onlar əsasən Azərbaycan xalq musiqisini toplasalar da, bu tükənməz el xəzinəsini, təbii ki, sonuna qədər yığıb-yığışdıra bilməmiş, meydana gəlmiş məqalə, məcmuə və digər vəsaitlər isə toplamaların az bir qismini əks etdirə bilmişdi. Azsaylı xalqlardan avar, saxur, yengiloy, gürcü və rutulluların musiqi forklorunun öyrənilməsi isə indiyə qədər, demək olar ki, yox dərəcəsində idi. Halbuki ərazinin rəngarəng etnik musiqisinin tam mənzərəsini yaratmaq etnomusiqişünaslıq elminin çox mürəkkəb və çətin məsələlərin dən biridir. Buna görə də daha səmərəli müqayisəli araşdırmalara nail olmaq üçün elə əvvəldən düzgün istiqamət lazım idi. Belə bir baxış nəinki arsaylı xalqların, həmçinin regionda sayca böyük üstünlük təşkil edən azərbaycanlı əhalisinin xalq musiqisini öyrənməkdən ötrü də çox vacibdir. Təəssüf ki, indiyə qədər milli folklorumuzun bu məhəlli üslubuna qarşı hətta mütəxəssislər arasında belə birmənalı münasibət yaranmamışdır.

Məsələnin mürəkkəbliyini və yeniliyini nəzərə alaraq, bu məqalədə hələlik üç rayonda (Balakən, Zaqatala, Qax) əldə olunmuş folklor materiallarından bəhs olunacaqdır. Bir sıra mühüm xüsusiyyətləri – inkişaflı şəhər musiqi mədəniyyəti, muğam sənətinin yayılması və əsasən vahid milli üslubu ilə seçilən Şəkinin musiqi mədəniyyəti isə (əlbəttə, rutul musiqisi istisna olunmaqla) aşağıdakı icmala daxil edilməmiş və ayrıca bir tədqiqatın mövzusunu təşkil edə bilər.

Əsas diqqət hələlik dörd rayondan üçünə yönəldilsə də, müxtəlif növ materialların təsnifatı və işlənilməsində ən müvafiq prinsip tapılmalı, janrlara, etnoslara və ərazilərə görə bölgü növləri bir-biri ilə həmahəng şəkildə uzlaşdırılmalıdır.

Eyni zamanda əhalinin milli tərkibi əsasında həmin rayonların folkloru arasında üzə çıxan müəyyən xətləri də asanlıqla görmək olar. Belə ki, avarlar özlərinin xalq musiqisi ilə yaşadıqları Balakən və Zaqatalanı, saxurlar Zaqatala ilə Qaxı, yengiloylar Qax ilə Balakəni, rutullular Qax ilə Şəkini, azərbaycanlılar isə bütün qeyd olunan rayonları birləşdirirlər. Digər tərəfdən ayrı-ayrı rayon və kəndlərdə yaşayan soydaşlarımızın mənşəyi ilə əlaqədar onların folkloruna daha zərif lokal nüanslar da xasdır. Bu baxımdan regionun etnik və yerli folklor mədəniyyətlərinin oxşar və fərqli üslub cəhətləri ciddi müqayisəli təhlillərin aparılmasını tələb edir. Bu məqalədə məsələ ilə bağlı olaraq yalnız ayrı-ayrı müşahidələrimizi oxucularımızla paylaşmaq istərdik.

Beləliklə, respublikamızın Şimal-Qərb kəsimində yerləşən rayonlar Azərbaycanın ən beynəlmiləl ərazisilərindən biri olmaqla maraqlı etnomusiqişünaslıq araşdırmalarına və yeni tədqiqat üsullarının yoxlanılmasına yol açır. Regionun folklor ənənələrinin öyrənilməsi xüsusilə gənc mütəxəssislərin yetişməsi üçün yaxşı bir məktəb rolunu oynaya bilər.


Ekspedisiyanın gedişatı və
ilkin nəticələri haqqında


Cari ilin yayında (5-20 iyul) Şimal-Qərb regionuna etdiyimiz ilk ekspedisiya öz işinə Bakıdan ən üzaq ərazidə, 471 km aralıqda yerləşən Balakəndən başladı. Rayon mədəniyyət şöbəsinin müdiri Ruqiyyə Seyidovanın işi başından aşsa da o, müxtəlif etnosların yaşadığı Ititala (yengiloy), Şambul (avar), Şambulbinə kəndlərinə səfərlərimizi təşkil etdi. Bundan başqa Qazma və Tülü kəndlərindən olan azərbaycanlı tamburçalanlarla da görüşüb ifalarını təsbit etdik, rayon kitabxanasının müdiri, folklor həvəskarı Gülarə Muradovadan maraqlı məlumatlar toplaya bildik.

Ümumiyyətlə, ekspedisiyaların gərgin, narahat və öncədən planlaşdırılması mümkün olmayan «aritmik» iş rejimini bütün təfərrüatı ilə anlatmağa lüzum yoxdur. Lakin çox vaxt bizi təqib edən qəribə, hətta paradoksal bir vəziyyəti qeyd etmək istərdim. Toplayıcı bilaixtiyar meydana gələn və ona real müddətindən qat-qat uzun, usandırıcı görünən boş-bekar dayandıqca nə qədər yorulursa, fəal, qızğın iş saatlarının səmərəsini gördükdə bir o qədər rahatlıq tapır.

Nə isə, Balakəndən nəinki maraqlı musiqi materialları ilə qayıtdıq, həmçinin orada «Atlasın» mövzusuna uyğun olan bir araşdırma prinsipini də sınaqdan keçirə bildik. Deməli, sonra gələn rayonların musiqi folkloru da etnoslar üzrə öyrəniləcək və yeri gəldikcə, daxili ərazi bölğüsü də aparılacaq imiş. Belə ki, Balakəndə yerli və gəlmə azərbaycanlıların, Qaxda yuxarı və aşağı kəndlərin, Zaqatalada isə az qala qonşu kəndlərin folkloru arasında müəyyən fərqlər yerindəcə üzə çıxarılmalı, indiki və gələcək axtarışlara düzgün istiqamət verməliymiş.

Təbii ki, Zaqatala rayonunda da ekspedisiyanı həmin səmtə yönəltməyə çalışdıq və bu işdə yerli Mədəniyyət Şöbəsinin müdiri Səfər Ramazanov, şöbə müfəttişi Şirin Qəlbinurun səmimi xeyrxahlıqlarını vurğulamaq istərdim. Biz Talada olduq, Muxax və Bəhmətlidə yerli aşıqlardan bir sıra mümunələri və maraqlı məlumatları əldə etdik. Bundan başqa, Yeni Suvagildə saxurlardan, Dardoqqaz, Danaçı və Makovda isə avar əhalisindən xalq musiqi nümunələrini lentə yazdıqdan sonra Qaxa yollandıq.

Rayon Mədəniyyət Şöbəsinin müdiri Nəzir Ömərovun təşkilatçılığı sayəsində nadir bir göstərici əldə olundu – bir günün içində rayonun 4 məntəqəsində (Ilisu, Ağçay, Qax, Qum) audio və video yazılışları getdi, hələ axşamçağı Ləkit kəndinə çatıb rahatca dincəldik.

Qax rayonunun özündə və eləcə də Ilisu, Ağçay və Almalı kəndlərində əsas üstünlük Azərbaycan folkloru üzərinə düşsə də, Qum və Ləkitdə həmçinin saxur xalq mahnılarının yeni nümunələri ilə tanış olduq. Nəhayət, Şəki rayonunun Şorsu və Göybulaq kəndlərində özümüz üçün (və yəqin bir çoxları üçün də) yeni olan daha bir etnik folkloru – rutul musiqisini kəşf etdik. Əvvəlcədən nəzərdə tutmadığımız həmin yaşayış məntəqələrini seçib oraya getməyimizi Şəki Mədəniyyət Evinin müdiri, təcrübəli işçi Vaqif Kərimov təşkil etmişdi.

Əlbəttə, vaxtın darlığından (2 həftəni dörd rayona və cəmi, 22 məntəqəyə bölün!) və obyektiv səbəblərdən, məsələn, qızğın çöl işləri getdiyindən bütün niyyətlərimizi tam həyata keçirə bilməsək də, bir səfər zamanı toplaya bildiklərimiz çox maraqlı oldu. * * *

Ilk axtarışların aparıldığı Şambul (Balakən) avar kəndi olduğundan icmalımıza bu xalqın musiqi folklorundan başlamaq istərdim. Avar folkloru ilə bir Zaqatalanın biz sıra kəndlərində də qarşlaşdıq.

Avarlar Şimali Qafqazın ən qədim və nisbətən çoxsaylı xalqlarından biridir. Qədim türk, rus və çin mənbələri onlar barədə apar, obr, abar adları ilə xəbər verirlər. Təxminən VI əsrdə Mərkəzi Avropada Avar xaqanlığı adlı güclü dövlət yaranmışdı.

Hazırda avarların böyük əksəriyyəti Dağıstanda yaşayır və muxtar respublika əhalisinin təxminən 24%-ni təşkil edir. Azərbaycan avarları (ümumi sayı 50 mindir) Zaqatala (Car, Makov, Dardoqqaz, Danaçı, Mazıx, Çardaqlar) və Balakən (Qabaqçöl, Mazımçay, Kortala, Xalatala, Şərif, Yenişərif, Qaysa, Meşəşambul) rayonlarında məskunlaşmışlar.

Xalq musiqisi avarların həyat və məişətində mühüm yer tutur. Toy və yas mərasimlərində, dini ayın və iməciliklərdə, adi məişət şəraiti və bayramlarda musiqinin müxtəlif janr və formalarına rast gəlmək olar. Ekspedisiya zamanı 4 yaşayış məntəqəsindən – Balakənin Şambul (14), Zaqatalanın, Dardoqqaz (8), Danaçı (12) və Makov (7) kəndlərindən təqribən 40 folklor nümunəsi əldə edildi. Həmin materiallara şən mahnı sədaları və rəqslərlə bəzənmiş iməcilik səhnəsi və Danaçı Mədəniyyət Evində göstərilən Avar milli toyu da daxildir.

Avar xalq mahnıları janr və mövzu etibarı ilə müxtəlif olub ictimai həyatı hərtərəfli şəkildə əks etdirir. Toy mərasim nəğmələri – «Nusay yeçcena» («Gəlin gəlir») «Barkala» («Alqış»), dini oxumalar, əmək və mövsüm nəğmələri, epik və lirik mahnılar buna misal ola bilər. Maraqlıdır ki, bəzi digər xalqlarda olduğu kimi, avarlarda da laylay qismində zikr havaları oxunur.

Xalq mahnıları ifa formaları etibarı ilə də müxtəlifdir. Solo, duet və bəzən xor şəklində təqdim olunan vokal oxumalar bir sıra hallarda tambur aləti ilə də müşaiyət oluna bilər.

Başqa Qafqaz xalqları kimi, avar milli xarakterinin bədii ifadəsində rəqs sənətinin rolu çox böyükdür. Ən geniş yayılmış və bütün Qafqaz xalqlarının musiqi və rəqs simvoluna çevrilmiş «Ləzgi həngi» vəzni asta, orta və iti templərdə tətbiq edilərək müxtəlif əhval-ruhiyyələri təcəssüm etdirə bilir. Qeyd etmək lazımdır ki, eyni vəzn mahnı yaradıcılığının da canına hopmuş və vokal partiyalarda şer və musiqinin özünəməxsus münasibətlərinin əsasını təşkil etmişdir. Avar xalq musiqisində bir sıra xanə ölçülərinə (məsələn, 6/8, 3/4, 2/4) və müxtəlif ritmik şəkillərə təsadüf olunur. Bununla əlaqədar olaraq qeyd etmək istərdik ki, avarlar «Cəngi»ni xatırladan 2/4 ölcülü musiqi ritminə uyğun olaraq qıvraq ayaq hərəkətləri ilə çox gözəl oynayırlar. Açıq havada keçirilən bayram və toy şənliklərində rəqs havaları adətən zurna və nağara alətlərində ifa olunur.

Azərbaycanda yaşayan avarlar arasında ikidillilik adi bir hadisə hesab olunur, hətta yerli nəğməkarlar xalq mahnılarının müəyyən bəndlərini Azərbaycan dilində də səlis oxuya bilirlər. Buna baxmayaraq, qeyd olunan cəhət, (ikidillilik) avar milli musiqi üslubunda, demək olar ki, öz əksini tapmır. Belə ki, 8 və 11 hecalı Azərbaycan şer mətnlərinin özüəməxsus musiqi-ritmik ifadəsi aşıq havalarımızın və el mahnılarımızın üslubundan dərhal fərqlidir. Bundan başqa, azərbaycanlıların ən sevimli «segah» məqamının avar xalq musiqisində təsadüf olunmaması da bu baxımdan əlamətdardır. Eyni zamanda mədəni-etnoqrafik təsirlər nəticəsində «Qodu-qodu» ovsun nəğmələrimizin «Qordi-qordi» şəklinə düşməsi və eyni məqsədlərlə tətbiqi də diqqəti çəkir.

Azərbaycanın Şimali-Qərb regionunun müəyyən məntəqələrində – Ititala (Balakən), Mosul, Əlabad (Zaqatala), Qaxbaş, Əlibəyli və Alatemirdə (Qax) yengiloylar yaşayırlar. Onlar gürcü dilində danışan müsəlmanlar olmaqla özlərində iki qonşu xalqın əlamətlərini birləşdirirlər. Məişətdə gürcü və azərbaycan dilləri yayıldığı kimi, məktəblərdə də (məsələn, Ititalada) tədris iki dildə aparılır.

Azərbaycan Sovet Ensiklopediyasında yengiloylar barədə oxuyuruq: «Təqribən 10-12 əsrlərdə dil cəhətdən gürcüləşdikləri ehtimal edilir. 16 əsrin sonlarında Islam dinini qəbul etmiş və «yengiloy» («yeni dinə keçmişlər») adlanmışlar» (ASE, c.V, 119). Bu tarixi məlumatlara baxmayaraq, yengiloyların etnik mənşəyi məsələsi hələ tam aydınlaşdırılmamışdır.

Yengiloy musiqi folklorunun ümumi koloritinə və üslub xüsusiyyətlərinə gəlincə, deməliyik ki, əsrlər boyu doğma dil kimi qəbul edilmiş gürcü dili müvafiq təsirlərin də güclənib ön plana çıxmasına səbəb ola bilərdi.

Ekspedisiya zamanı Balakən rayonu ərazisində yerləşən Ititala adlı yengiloy kəndində dəyərli musiqi materialları toplanıldı, bir sıra xalq rəqs nümunələri video-aparata yazıldı. Yengiloyların ənənəvi musiqisində xor oxumaları olmasa da öz koloritinə görə gürcü mədəniyyətinə daha yaxındır, Azərbaycan folkloru ilə əlaqələr isə bəzi cizgilərlə məhdudlaşır. Populyar Qafqaz rəqslərindən olan «Ləzginka» yengiloyların da musiqisində geniş yayılmışdır.

Nəinki instrumental rəqs melodiyalarında, həmçinin xalq mahnılarının ritmik əsasında da həmin rəqsin açıq-aşkar təsirləri müxtəlif temp şəraitində qabarıq şəkildə üzə çıxır. 6/8 xanə ölçüsünün bir qədər fərqli şəklini, özü də vurğuların yer dəyişməsi şərti ilə, «Qurcaani» oyun havasında görmək mümkündür.

Yengiloy musiqisində nadir Azərbaycan təsirlərini də göstərmək olar. Belə ki, «Ititala» rəqsinin müqəddiməsi «Dilbərim» adlı Azərbaycan xalq melodiyasının nəqaratı üzərində qurulmuşdursa, anaya həsr olunmuş «Deda» mahnısında Azərbaycan musiqisinə heç də yabançı olmayan bir melodik formul özünü göstərir. Zənnimızcə, gələcəkdə tapılacaq yeni materiallarda da bu tipli təsirlər çox olmayacaqdır.

Bir cəhəti də vurğulamaq lazımdır ki, bir sıra xalq mahnılarını özünün panduri muşaiyəti ilə oxumuş Taliko Tamazaşvili əslən Qax rayonundan olub, (1952) sonradan ititalaya köçmüşdür. Milliyyətcə gürcü olan T.Tamazaşvili yerli Mədəniyyət Klubunun ən fəal üzvlərindən biri kimi panduri alətinin yayılmasında fəal səy göstərir. Həmin alətin nümunələri buraya adətən Gürcüstandan gətirilir.


Lad təfəkküründə minor təmayüllü ladlar (dorik, frigik, eolik) böyük üstünlük təşkil edir. Yalnız Talikonun oxuduğu «lav-nana» adlı laylay mahnısı majora əsaslanır. Ititalada üslubca vahid, janr və ifa forması etibarı müxtəlif olan yengiloy xalq musiqisinin nümunələri ilə qarşılaşdıq. Mahnılar həm solo, duet, trio kimi sırf vokal formalarda, həm də panduri alətinin müşaiyət ilə ifa olunur.

Regionda yaşayan milli azlıqlardan saxurlar da qeyd olunmalıdır. Orta əsrlərin yazılı mənbələrində bu xalq haqqında muəyyən tarixi məlumatlar verilir. Saxur dili Dağıstan xalqlarından ləzgi dili qrupuna aiddir.

Saxurlar Dağıstanın Rutul rayonunda, habelə Azərbaycanın Zaqatala (Əli Bayramlı, Yeni Suvagil, Gözbarak, Mamrıx kəndləri) və Qax (Qum, Ləkit) rayonlarında yaşayırlar. Onlar arasında qeyd olunan ikidillilik hadisəsi (Saxur və Azərbaycan dilləri) müəyyən mənada musiqi folkloruna da şamil edilə bilər. Saxurların xalq musiqisində tambur, tütək, zurna, sipsi, nağara, dəf alətlərindən istifadə olunur. Rəqs musiqisinin ifasında zurnaçı dəstəsi başlıca rol oynayır.

Xalq mahnıları öz ifa formasına görə müxtəlifdir. Solo və xor oxumalardan başqa bir sıra hallarda tamburla və ya dəflə müşaiyət edilən mahnılara da rast gəlmək olar.

Dörd il öncə saxur musiqi folkloru Zaqatalanın Yeni Suvagil kəndində macar etnomusiqişünası Dr. Yanoş Şipoş və bu sətirlərin müəllifi tərəfindən toplanılmışdı. Daha sonralar Qax rayonunun Ağçay, Qum, Ləkit kəndləindən və Zaqatalının Yeni Suvagil kəndindən yeni nümunələr də əldə edildi.

Saxur xalq mahnılarını toy mərasin nəğmələri, lirik mahnılar, eləcə də layla, bayatı və ağılar kimi növlərə ayırmaq olar. Dini ayın və yaslarda tez-tez zikr havaları oxunur. Qeyd etmək lazımdır ki, saxur el havaları müxtəlif şer mətnlərinə oxunduqda başqa-başqa adlar daşıya bilər. Lakin müəyyən melodiya tipləri xalq tərəfindən aydın dərk olunur və «həng» termini ilə ifadə olunur. Eyni adı daşıyan muxtəlif həngləri bir-birindən ayırmaq üçün mütəxəssislər saylardan istifadə edə bilər (məsələn, «Ay lilay-1» və «Ay lilay-2» müxtəlif havaları bildirir).

Məsələ ondadır ki, regionda yaşayan qonşu xalqlar ümumi melodik tiplərə malikdirlər Müştərək havaların müyyənləşdirilməsi və fərqli cəhətlərin üzə çıxarılması çoxsaylı materialların ciddi təhlil olunmasını tələb edir. Bununla belə saxur musiqisində rast gəldiyimiz bəzi fərqli xüsusiyyətləri də qeyd edək.

Saxur mahnılarından biri metroritmik xüsusiyyəti ilə seçilir. «Ay lilay-2» adlı həmin mahnıda 2/4 və 5/8 ölçülərinin müntəzəm şəkildə əvəzlənməsi misrada son hecanın üçqat uzudılması ilə baş verir 2/4 5/8. Buna bənzər nümunəyə Qaxın Ləkit kəndində yaşayan saxur qadınlarının duetində də rast gəldik.

Lakin daha yaşlı olan Şahsənəm xalanın (1925, Yeni Suvagil) oxumaları özünün dərin köklü saf koloriti ilə daha çox diqqəti cəlb edirdi. Bunun üçün onun ifasına məxsus artikylyasıya, «müsiqi təcəffüzü» özüllikləri ayrıca nəzərdən keçirilməlidir.

RF Dağıstan Muxtar Respublikasında və Azərbaycanın bəzi şimal məntəqələrində yaşayan rutullular da arsaylı xalqlardan hesab olunur.(Onların sayı 1979-cu ildə cəmi 15 min idi). Respublikamızda Qaxın Üzümlü və Xırsa kəndləri və Şəkinin Şorsu Göybulaq, Şin və Aydınbulaq kəndlərində yaşayırlar. Rutul dili Dağıstan dillərinin ləzgi qrupuna daxil olduğu kimi, bu xalqların musiqi folklorunda da oxşar cəhətlərin olması olduqca təbiidir. Rutul musiqi folklorunun Şorsu və Göybulaqdan əldə olunmuş nümunələri janr və forma rəngarəngliyi ilə seçilir. Bu janrlar içərisində çox sevilən rəqs sənəti nümunələri adətən zurnaçılar dəstəsi tərəfindən müşaiyət edilir (2 zurna, kos nağara, bala nağara). Xalq mahnılarının müşaiyətində akkordeon və nağaradan, ayrıca olaraq balabandan da istifadə olunur. Xalq vokal musiqisinin solo, duet və xor şəklində oxumaları yayılmışdır.

Lakin rutulluların rəqs sənətinə bəslədikləri böyük rəğbəti heç nə ilə müqayisə etmək olmaz. Şorsu kəndinin oğlanlardan ibarət «Abay» rəqs kollektivi müxtəlif vəznli rəqsləri böyük bir şövq və qıvraqlıqla təqdim etdilər. Rəqslərin bəziləri üç-üç («Məhərrəmkənd», «Akuşinka», «Koroğlu qaytarması») və ya iki-iki («Cürni-cürni» və «Arzuruqay») birləşməklə kiçik silsilələr əmələ gətirirlər.

Göründüyü kimi, rutul rəqslərində qonşu xalqların folklorundan iqtibaslar da vardır. Müştərək cəhətləri və melodik tipləri xalq mahnı yaradıcılığında da görmək olar: "Lilay", "Ceyranım", "Maralxanım" və s. Hətta bəzi havalar yalnız Azərbaycan dilində oxunur.

Ekspedisiya zamanı müştərək havalardan olan «Ceyranım» mahnısının maraqlı bir rutul variantını eşidib videoya yazdıq.

Musiqi nümunələrinin hamısı olmasa da, əksəriyyəti doğma dildə adlandırılır. Yuxarıda adları cəkilənlərə başqalarını da əlavə etmək olar: «Can abay», «Parukay», «Dəydiriş» (rəqsin və instrumental melodiyanın adıdır), «Akuşinka» avarlarda da rast gəlinən tək kişi rəqsinin adı ilə bağlıdır («akuşa»). Bir sıra janrların adını bildirən terminlər də məlumdur. «Muk» – rəqs, «muk abın» – rəqs etmək, «calbi» – mahnı deməkdir. «Avazaxan» isə sərbəst ritmli improvizə üslubu ilə muğamları xatırladır və Azərbaycan müğam şöbələrindən istifadəni şərtləndirir. Eyni zamanda, «avazaxan»ın sırf rutul folkloruna aid ənənəvi milli nümunələrinə də rast gəlinir.

Nəhayət, ekspedisiya zamanı apardığımız bir sıra müşahidələr əsasında Azərbaycan musiqi folklorunun məhəlli ləhcəsi məsələsinə də bir qədər toxunmaq istərdik. Bu məhəlli folklor yaradıcılığı özünəməxsus xüsusiyyətləri ilə fərqlənsə də, onun mövcudluğunu danmaq və, daha betər, həmin sərvəti kifayət qədər əsas olmadan, yalnız fərqli rənglərinə görə başqa mədəniyyətlərə yazmaq gerçəkliyə zidd olardı.

Doğrudur, regionda muğam sənətinin yayıl-maması təbii olaraq onun lad-intonasiya təsirlərini xeyli məhdudlaşdırmış, xanəndə sənətində cilalanmış xalq mahnılarının dildən dilə düşməsinə mane olmuşdur. Dəgər tərəfdən isə aşıq sənəti ənənələri nə qədər zəifləmiş olsa da, hələ də öz nüfuzunu qorumuş və folklor havalarının canına da hopmuşdur.

Regionun xususi etnik-mədəni muhiti şəraitin-də formalaşan Azərbaycan məhəlli musiqisi qonşu etnosların təsirinə məruz qalmaya bilməzdi. Bundan başqa, respublikamızın digər zonalarından fərqli olaraq, Balakən, Zaqatala və Qaxın azərbay-canlı kəndlərinin etnoqrafik-mədəni müxtəlifliyi üzündən onların xalq musiqisi də vahid bir üslubda yox, müxtəlif üslub çalarlarında çıxış edir. Məsələnin araşdırılması üçün həmin ərazidə yaşayan soydaşlarımızın mənşəyi xüsusi şəkildə öyrənilməlidir.

Soykökünün müxtəlifliyinə və üslubi özəlliklərin təfərruatına varmadan, regionun Azərbaycan musiqi folklorunu ümumi şəkildə iki qismə ayırmaq olar.

1. Ümumi Azərbaycan milli üslubunu aydın şəkildə büruzə verən bəzi məntəqələrin yerli folkloru; məsələn, Almalı (Qax), Şambul binə (Balakən), Zaqatala aşıqları.
2. Azərbaycan və digər Qafqaz xalqları musiqi folkloru yaradıcılığından bəhrələnmiş yerli üslub.
Ikinci növə münasibətdə birtərəfli mövqe tutmaqla, şübhəsiz, real həqiqətdən uzaqlaşmaq olar. Belə ki, yaxın qönşuların musiqisində (məsələn, avarlar və yengiloylarda) təsadüf olunmayan «Segah» və bəzən «Şüştər» nəfəslərini Ilisuda (Qax) və ya Talada (Zaqatalada) eşidəndə bunu neçə qulaq ardına vurmaq olar? Bu və başqa cəhətlər Qafqaz xalqlarının musiqisinə qarışmış olsa belə, milli cizgiləri ifadə edən vasitələr kimi olduqca diqqətəlayiqdirlər.

Qeyd olunan təmayülləri eyni rayonun, daha doğrusu, Qaxın toy mərasim folkloruna aid iki nümunədə görmək olar. Məsələn, «Göydə göyərçin naz eylər» sonralar xanəndə və müğənnilərin ifaları vasitəsi ilə geniş şöhrət qazanmış «Ay bəri bax» xalq mahnısının köhnə variantlarından biri olmaqla sırf milli üslubdadırsa, «Qardaş adına qurban» mahnısında sözlə musiqinin uzlaşma qaydası yad təsirlərdən xəbər verir.

Balakənin Tülü və Qazma kəndlərindən olan Nizami Dabaqov və Ərəbiddin Hacıyevin tambur çalğısında Orta Asiya və Anadolu türkləri-nə məxsus xallar isə müxtəlif xalqların folkloru ilə muqayisəli araşdırmaların aparılmasını, onların coğrafi məkan və tarixi zaman hüdudlarını xeyli genişləndirməyi tələb edir. Bəlkə də, aşıq musiqi yaradıcılığının indi «şur» adlanan ən başlıca məqamı ilə bütün Qafqaz xalqlarında geniş yayılmış minor yönümlü ladların uzaq keçmişlərdə eyni bir ana kökü olmuşdur ?


SON

Müxtəlif müşahidələr nəticəsində, belə qənaətə gəlmək olur ki, xalq musiqi mədəniyyətlərinin tarixinə onların qarşılıqlı münasibətlərinin tarixi kimi də baxmaq olar. Hər bir etnik musiqi folkloru özünün daxili potensial imkanlarını gerçəkləş-dirməklə yanaşı yaxın-uzaq qonşularının bədii ənənələrindən də bəhrələnir. Beynəlmiləl səciyyə daşıyan musiqi sənəti nəğmələrin quş qanadların-da pərvaz edərək hər cür milli, inzibati və dövlət sərhədlərini asanlıqla aşır, xalqları bir-birinə bağlayan körpü rolunu oynayır. «Azərbaycanın ənənəvi xalq musiqisi Atlas» layihəsinin icrasına başlayar-başlamaz onun işıq saçan parıltıları biliklərimizin üfüqlərini xeyli genişləndirdi.

Xalqların iç dünyasını, onların nəğmələri vasitəsi ilə öyrənməklə həmin dünyanın ecazkar və bənzərsiz gözəlliklərini də duyub anlamaq olur. Respublikamızda yaşayan müxtəlif etnik qrupların musiqi folklorunun toplanılması və təbliği onlar arasında səmimi munasibətlərin möhkəmlənməsində böyük rol oynayır. Bu fəaliyyət mütəxəssislərin püxtələşməsi baxımından da əvəzsiz əhəmiyyət kəsb edir. Hələ çox gənc olan Azərbaycan etnomusiqişünaslıq elminin inkişafına güclü təkan verə biləcək müqayisəli araşdırmalar-dan ötrü heç də uzağa getmək lazım deyil – doğma Vətənimizin çeşid-çeşid, rəng-rəng musiqi folkloru xəritəsinə baxsanız buna tam əmin olarsınız.









Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70