Aşıq Şəmşir Azərbaycan aşıq sənətinin ən görkəmli nümayəndələrindən biridir. O, Qurbani, Aşıq Ələsgər, Xəstə Qasım, Aşıq Qurban, Abbas Tufarqanlı kimi böyük sənətkarlarımızın ən layiqli, ən kamil davamçısı, klassik aşıq sənəti ilə müasir aşıq sənəti arasında körpü yaradan «ustad aşıq» kimi dəyərləndirilir. Aşıq Şəmşir hələ yaşadığı dövrdə «dədə» kimi yüksək bir ad qazanmışdır. Bu, çoxlarına nəsib olmayan bir addır. Bu adı Aşıq Şəmşir öz müdrik şerləri, çoxşaxəli yaradıcılığı, həyata baxışları, yaşam tərzi ilə qazanmış və böyük şərəflə yaşamışdır.
Aşıq Şəmşirin yaradıcılığı hərtərəfli və genişdir. O, aşıq şer formalarının, demək olar ki, hamısında gözəl əsərlər yarada bilmişdir. Gəraylı, qoşma, təcnis, divani, müxəmməs və s. formalarda şerlər yazmış, dastanlar qoşmuşdur. Ədəbiyyatşünaslar, ilk növbədə Aşıq Şəmşirin ustadnamələrini, nəsihətnamələrini, böyük ustalıq tələb edən təcnislərini vurğulayır. Bu şerlər ustad aşığın yüksək sənətkarlığını, həyata fəlsəfi baxışlarını, dərin fikir söyləmək, ümumiləşdirmək qabiliyyətini üzə çıxarır. Yaradıcılığının ilk dövrlərində haqsızlığa, ədalətsizliyə, zamana qarşı çıxan və bu yöndə böyük cəsarət, üsyankarlıq göstərən, həqiqət carçısı kimi çıxış edən Aşıq Şəmşir sonralar daha çox Vətən, gözəllik, təbiət vurğunu kimi məhəbbət dolu, romantik ruhlu şerlər yazır, mərd-mərdanə deyimlər, hikmətli sözlər, müdrik kəlamlar söyləyir. Aşıq Şəmşir «şerdən-şerə sənətkarlığı cəhətdən təkmilləşir, şerlərində məna dərinləşir, məzmun daha dolğunlaşır, bədii ifadə tərzi gözəlləşir, vəzn, ahəng, qafiyə
, rədif – hamısı öz yerini alır, xüsusilə, səslər düzümü səliqəsi gün-gündən püxtələşir».1
Səməd Vurğunun «kəşfi» adlandırılan Aşıq Şəmşir dağlar qoynunda doğulub, boya-başa çatmış, atası Aşıq Qurban onun yaxın dostu, böyük ustad Aşıq Ələsgərin həyat məktəbini keçmişdir. Uşaqlıq illərindən sazla, sözlə böyüyən Aşıq Şəmşir ilk xeyir-duasını da Aşıq Ələsgərdən almışdır. Ilk dəfə olaraq, məhz Aşıq Ələsgər Şəmşirin səsi olduğunu, getdikcə açılacağını, qocalanda da yaxşı oxuyacağını uzaqgörənliklə qabaqcadan xəbər vermişdir. Öz şerlərində Aşıq Ələsgəri «pak ustad», «sənətinin qibləgahı, idrakının mehri, mahı» adlandıran Aşıq Şəmşir bütün ömrü boyu böyük sənətkarın tövsiyyələrini yerinə yetirmiş, ənənələrinə sadiq qalmışdır.
Aşıq Şəmşir böyük ustad sənətkara xas olan bütün keyfiyyətləri özündə toplamış, söz söyləmiş, saz çalmış, oxumuş, dastan, «açmış» mahnı, qoşmuş, müəllimlik etmişdir.
Dədə Şəmşir gözəl səsə malik aşıq olmuşdur. Əsl müğənnilərə xas olan vacib xüsusiyyətlər – güclü səs, geniş nəfəs, xüsusilə gözəl zilə malik böyük səs diapazonu, sözlərin dəqiq və dürüst tələffüzü, oxunan havanın hər bir səsinin, sözünün mənalandırılması və bir çox digər xüsusiyyətlər onun «boğazına» xas olan xüsusiyyətlər idi. Onun səsi «coşğun, qüdrətli səs», «ürəyəyatımlı», bəzən «titrək və həzin səs» kimi anılır, gözəl zəngulələri haqda söhbət açılır. Aşıq Şəmşirin 70-80 yaşlarında ifası belə xatırlanır: «Kişi (Aşıq Şəmşir – I.K.) illərin ağır qocalıq yükünü üstündən atıb, qızılquşa döndü. Bir anda çuxasını çıxarıb, sözün əsl mənasında nərilti ilə səhnəyə tullandı… Bir «Dəli Koroğlu» başladı, nə başladı. Bu sənətkarın möcüzəsi idi. Bəli, Dədə Şəmşir təlatümə gəlmişdi. cavanlıqdan gizlənib qocalığa qalan coşğunluq ehtirası bütünlüklə üzə çıxmışdı. Sanki qəvi pəhlivan meydanda dayanıb, rəqib gözləyirdi…. cavanlığında ev damlarında məclis keçirən Dədə Şəmşir nərə çəkərkən, nəfəsi
ilə havanı ehtizaza gətirib, otuzluq çıraqları söndürdüyünə dair görənlərin xatirələrinə əvvəllər inanmazdıq. Indi möcüzə göz önündə idi.»2
Aşıq Şəmşir aşıq sənətinin bütün incəliklərinə dərindən bələd idi, aşıq şerləri, onların forma və quruluşu, mətnin düzgün seçilməsi, sözlə musiqinin uyğunluğu məsələlərinə də böyük məsuliyyətlə yanaşmışdır. O deyirdi: «Bəzən havalara uyğun söz seçə bilmirlər, «Ayaq divani»ni çalıb, «Misri» oxuyan da görmüşəm, «Misri» çalıb, «Gəraylı» oxuyan da. Axı «Misri» on bir hecalı, «Gəraylı» isə 7-8 hecalı şer istəyir»3. O, saz havalarının saflığına can atır, özü yalnız aşıq mahnılarına xas «boğaz»lar, «gəzişmə»lər edir, «saz havalarına muğamın qarışması»na melodiyalara həddən artıq «çox gül vurulması»na, «əndazədən çıxarılması»na4 qarşı çıxırdı. O, «Şərili», «Baş Sarıtel», «Qaytarma», «Kərəm şikəstəsi» və başqa havaları böyük məharətlə ifa etmişdir. Xüsusilə «Ayaq divanı» oxumağı sevdiyini, bu havanın «Koroğlu cəngisi» kimi zərblə və zildə oxunduğu5 üçün, yəni zil səsinin gücünə və texniki imkanlarına daha yaxın olduğu üçün sevdiyini söyləmişdir.
Aşıq Şəmşir sazda da gözəl çalırdı. Sazın bütün sirləri və incəliklərinə, kök və pərdə düzümlərinə, texniki və bədii ifadə vasitələrinə dərindən bələd idi.
Sanki sazla birlikdə doğulan, hələ körpə yaşlarında sazda çalırmış kimi ətrafındakılara «konsert» verən kiçik Şəmşir sonralar həm möhkəm, həm yumşaq, həm də iti barmaqlara, gözəl təzanə tutmağı bacaran güclü biləyə malik, sazın bütün registrəlrini, pərdələrini eyni məharətlə dilləndirməyi bacaran mahir saz ustasına çevrilmişdir. Ə.Eldarova da özünün «Azərbaycan aşıq sənəti» kitabında Aşıq Şəmşirin sazda «virtuoz ifa tərzinə malik olmasını»6 qeyd etmişdir.
Hər bir ustad aşıq kimi Aşıq Şəmşir də çoxlu sayda – 39 şagird yetişdirmişdir. O, öz şagirdlərinə övladları kimi baxaraq, öz evində saxlamış, onlara təmənnasız müəllimlik etmiş, sənətlə yanaşı öz sevgisini də bəxş etmişdir, bu böyük sənəti başqa millətlərə də öyrətməyindən fəxr duyduğunu söyləmişdir. O, öz ana dilinin vurğunu olmuş, Vətənə, doğma dilə məhəbbət hissi, milli qürurla, «Füzuli dili gərək dünya dili olaydı. Dili saydıran, sevdirən dilin sahibidir»7 demişdir. O, başqa millətdən olan, «bu dildə qüdrətli söz abidələri yaradacaq qədər kamilliklə, incəliklə8 öyrənən» şagirdlərinə öz doğma dilini sevdirə bilmişdi. Aşıq Şəmşir mahnılar da qoşmuşdur. Onun «Şəmşiri» və «Səmədi» adlı iki mahnısı məlumdur. Aşıq həm də «Şəmşir və Sənubər» dastanınn yaradıcısıdır.
Aşıq Şəmşirin Azərbaycan musiqi mədəniyyəti qarşısında ən böyük xidmətlərindən biri, onun çoxlu sayda aşıq havalarını lentə yazdırmasıdır. 1956-cı ildə o, aşıq musiqisinin gözəl tədqiqatçısı Ə.Eldarovanın dəvəti ilə konservatoriyada olmuş, 73 aşıq havasını lentə yazdırmışdır. «cümlə aşıqların dəftəriyəm mən» deyən ustad bu addımı ilə dediklərini sübuta yetirmiş, aşıq musiqisinin canlı ensiklopediyası olduğunu tarixə yazmışdır. Indi həmin lent yazıları aşıq musiqisinin öyrənilməsi və tədqiqində əvəzolunmaz xəzinədir.
Böyük ustad kimi aşıq sənəti problemləri onu daim narahat etmişdir. O, Azərbaycanda mövcud olan müxtəlif aşıq məktəbləri, onların fərqli xüsusiyyətlərinin öyrənilməsi, bu mühitlər arasında əlaqələrin gücləndirilməsi, aşıq sənətinin daha dərindən öyrənilməsi, təbliği və bu kimi problemlərlə maraqlanmışdır. O, mühüm məsələləri, çətinlikləri həll etmək üçün Aşıqlar Birliyinin yaradılması, aşıqlar qurultayı və məclislərinin çağırılması təkliflərini irəli sürmüşdür. O, saz aləti istehsal edən sexin açılmasını arzulamış, bir çox qədim aşıq havalarının unudulduğunu ürək ağrısı ilə qeyd etmişdir. O, «Səməndəri», «Həcəri», «Məhəmmədi», «Kolanbəyli», «El arzusu» havalarının son zamanlar artıq oxunmadığını təəssüf hissi ilə söyləmişdir.
Osman Sarıvəlli yazır: «Unutmaq olmaz ki, aşıq poeziyası sazla yanaşı, aşıq musiqisi ilə həmahəng inkişaf edib boy atmışdır. Yaradıcı aşıqların şerlərinin əksəriyyəti şəkli cəhətdən, havacat üzərində qurulmuşdur. Odur ki, aşıq ürəkli şair, şair ürəkli aşıq – Şəmşirin yaradıcılığına sazla sözün birliyi mövqeyindən baxmaq lazımdır.»9 Bu baxımdan Aşıq Şəmşirin şerləri timsalında bu problemlər üzərində dayanmaq istəyirəm. Aşağıda Aşıq Şəmşirin «Birdi» gəraylısı, «Yıxa bilməz» qoşması, «Olmasa» divanisi və «Şah dağı» müxəmməsinin ilk iki bəndi misal gətirilmişdir.
Gəraylı
Birdi
Dava günü mərd iyidə v
Bərk də birdi, boş da birdi. a
Günüm yaxşı keçən zaman v1
Yay da birdi, qış da birdi a
Hər mətləbi tez qanana c
Mənasını düz qanana c
Işarədən söz qanana c
Göz də birdi, qaş da birdi a
Qoşma
Yıxa bilməz
Köklü bir ağacı, Nizami dilini v
Görsə yüz külək, yel yıxa bilməz a
Rişəsi torpağa işləyib onun v1
Araz, Kür qarışan sel yıxa bilməz a
Həqiqət axtaran gələcək yola c
Onunçün hər barat layiqdi ola c1
El kömək duranda qula, yoxsula, c2
Onu şir, gərgədan, fil yıxa bilməz. A
Divan
Olmasa
Heç kim sənə namərd olmaz,
qəlbindən dar olmasa, a
Sözü xəlqə şirin gələr, o dil azar olmasa a
Ikiüzlülük eyləməsə, hamı inanar ona v
Dostlarına yalan satıb bietibar olmasa a
Xoş o kəsin əhvalına kəskin ola iqbalı, c
Insana tale lazımdı, puçdu dünyanın malı. c1
Nadanla həmdəm olanı tez aparar saqqalı c2
Mərd iyidin gər özünə münasib yar olmasa a
Müxəmməs
Şah dağı
Elimizdə, obamızda var adın, sanın,
Şah dağı! a
Yaz olanda sel gözləyir səndən aranı,
Şah dağı! a
Qış günündə əskik olmaz qarın, boranın,
Şah dağı! a
Daşlarında kəklik olur, düzdə ceyranın
Şah dağı! a
Ovçular ov bərəsində qurur komasın,
Şah dağı! a
Bahar olcaq, çəmən üstə lalə, nərgiz,
güllər açır, v
Bənövşələr, yel əsəndə, hər tərəfdə
ətir saçır, v1
Daşqın axan çaylarından gözəllər karvan
keçir, v2
Bilirsənmi neçə mahal sərin bulağından
içir? v3
O səbəbdən olmur sənin xəstə yatanın,
Şah dağı! a
gəraylı:
I bənd vav1a
II bənd cc1c2a
III bənd dd1d2a və s.
qoşma:
I bənd vav1a
II bənd cc1c2a
III bənd dd1d2s və s.
ddda - da mümkündür
divani:
I bənd aava
II bənd cc1c2a
III bənd dd1d2a və s.
müxəmməs:
I bənd aaaaa
II bənd vv1v2v3a
III bənd c cI c2 c3 a
a – bünövrə misrasıdır. Rədif kəlməsi misranın sonunda yerləşir. Başqa sözlə, misra rədiflə sona yetir. Rədif bəndin ən vacib sözü olaraq əsas məna daşıyıcısıdır. Göründüyü kimi, rədif gəraylı və qoşmanın I bəndində iki, divanidə üç, müxəmməsdə isə beş dəfə təkrarlanır. Bu təkrarlıq tək quruluş xatirinə mövcud deyil, ilk növbədə şerin I bəndinin ümumi çəkisinin dəyərini göstərən bir xüsusiyyətdir. I bənddə şerin əsas ideyasının bünövrəsi qoyulur. Bu bünövrə həm forma və quruluşun əsasını qoyur, həm də burada mövzu və obrazların açılışı verilir, şerin əsas ovqatı vurğulanır. Rədif qafiyələri, şerin misra qurumları və s. bünövrə misrasını möhkəmlədir, xüsusilə rədifi daha qabarıq edir.
II, III və s. bəndlər (ara bəndlər) şerin yeni bir mərhələsidir, inkişaf prosesinin yeni bir qoludur. Burada yeni obrazlar, yeni ovqat meydana çıxır, bununla əlaqədar maraqlı qafiyələr, söz düzümləri yaranır. I, II və III misraların qafiyələri bu obraz və ovqatın yaradılmasına xidmət edir. IV misra isə əvvəlkilərdən fərqlənərək, rədif kəlməsinə qayıdır (v, v I, v 2, a). Rədif şerin bütün bəndlərini bir-birinə bağlayır, şerə tamlıq və bütövlük gətirir.
Aşıq şer formalarının bu xüsusiyyətlərini musiqi formaları və onların inkişaf prosesi ilə müqayisə etmək və onlar arasında müəyyən eyniliklər tapmaq mümkündür. Gəlin, muğam dəstgahının quruluşuna nəzər salaq. Məlumdur ki, dəstgah özünəməxsus inkişaf xəttinə malikdir: maye, şöbə, zil şöbə, ayaq – sadə şəkildə, təqribən belə bir ardıcıllığı izləyə bilərik. Ilk növbədə, mayeyə diqqət yetirək. «Maye» - musiqi əsərinin ən vacib hissəsidir. Burada əsərin lad – intonasiya, tematizm, ideya və obrazlarının əsası qoyulur. Müxtəlif inkişaf üsulları, «gəzişmələr», kadensiyalar və s. vasitəsilə maye dəfələrlə təsdiq olunur. «Maye» pilləsi, ümumiyyətlə, bütün dramaturji xətt boyu «maye»nin əsas aparıcı rolu dəfələrlə vurğulanır. Bu baxımdan, «maye»ni şerin I bəndi ilə müqayisə edə bilərik: şerdə I bənd, musiqidə «maye» - bütün əsər üçün eyni funksiyanın daşıyıcısıdır. Musiqidə özünü göstərən təkrarlıq - qafiyələrdə, kadensiyalar, ayaq, mayeyə qayıdış, ümumiyyətlə, «maye» funksiyası - «rədif»lər
də özünü büruzə verir. Yəni hər ikisi əsas məna, obraz daşıyıcısıdır. «Maye» sözünün bir mənasının «təməl demək olduğunu», rədifin isə bünövrə misrasında yerləşdiyini nəzərə alsaq, dediklərimiz bir qədər də qüvvətli və inandırıcı görünər.10
Şerin ara bəndlərini isə «şöbə»lərlə müqayisə edə bilərik. Hər muğam şöbəsi yeni inkişaf mərhələsi deməkdir və hər biri yeni istinad pilləsində öz əksini tapır, hər yeni şöbə dramaturji xəttin yeni – kulminasiyaya doğru yeni pilləsi kimi qavranılır. Beləliklə, hər şer bəndinin üç qafiyələnən misrasını şöbə və onun qanunauyğunluqları ilə müqayisə edə bilərik.
Hər şöbənin sonunda isə yenidən maye pilləsinə qayıdış xüsusiyyəti müşahidə olunur. «Onun (mayenin – I.K.) vasitəsilə şöbənin sonunda mayeyə qayıdılır ki, maye, necə deyərlər, «təsdiq» olunur və şöbənin melodiyası öz məntiqi yekununu əldə edir».11 Bu isə rədif qafiyələrdə və rədif kəlməsində öz əksini tapır.
Beləliklə, həm rədif şeri bütövlükdə, həm də maye dəstgahı həm quruluş, həm ideya və məzmun cəhətdən qanuni bir çərçivəyə salır, ona tamlıq və bütövlük gətirir.
Bütün bunlar aşıq şerinin, ümumiyyətlə, Azərbaycan şerinin, Şərq klassik şerinin formalaşmasında musiqinin aparıcı rolunu bir daha qeyd edir.
Biz burada, daha aydın olsun deyə, müqayisə üçün muğam dəstgahının formasından istifadə etdik. Lakin, məlumdur ki, aşıq havaları içərisində deklamasiya – reçitativ xasiyyətli havalar çoxdur və öz intonasiya və tematizminin inkişaf tərzinə görə improvizasiya tiplidir. Bu növ aşıq havalarında biz eyni prosesi izləyə bilərik.
Aşıq musiqisinin gözəl tədqiqatçısı Ə.Eldarova özünün «Azərbaycan aşıq sənəti» kitabında aşıq şerinin, fikrimcə çox dəqiq təsnifatını vermişdir. O, aşıq şerinin növlərini a)tematik, b)leksik, v)fonetik, q)formayaradıcı və s. bölümlərə ayırır.12
Q punktuna musiqişünas Ayaqlı qoşma, cığalı təcnis, cığalı müxəmməs və s. aid edir. Bu sıraya, fikrimizcə M.Həkimovun «Aşıq şerinin növləri» əsərində qeyd etdiyi – «nəqəratlı», «sallama», «qaytarma» şəkilli şer formalarını da əlavə etmək olar. Bu şer şəkillərinin nəzəri təhlili, onların məhz musiqi ilə bağlı olaraq yarandığını söyləməyə əsas verir.
Beləliklə, bir çox tədqiqatçıların araşdırmalarına əsaslanaraq, əminliklə demək olar ki, Azərbaycan aşıq şerinin müəyyən forma və şəkilləri məhz musiqi ilə bağlı olaraq yaranmışdır. Osman Sarıvəlli demişdir ki, «hər bir yeni şer şəkli öz dövrünün bədii kəşfi olmuşdur»13. Bu fikri əsas tutaraq, deyə bilərik ki, bu poetik şəkillərin bir çoxunu məhz Azərbaycan aşıqları yaratmış, kəşf etmişlər, bununla da, Azərbaycan musiqisi ilə yanaşı, Azərbaycan şerini də zənginləşdirmişlər.
Gəlin Aşıq Şəmşirin «Mənimsən» adlı cığalı müxəmməsinə diqqət yetirək:
Cığalı Müxəmməs
Məni sən
Insaf et, sevgili yar, salmısan haldan məni sən.
Məcnun tək zay elədin əql, kamaldan məni sən,
Gözlərin min can alır, saxla zavaldan məni sən
Gəl qurtar, bir məni ölüm bu qeylü qaldan məni sən
Tovlayıb salma kənar eldən, mahaldan məni sən.
Təzə cavan
Qaşı kaman
Şirin zəban
Öldüm aman!
Halım yaman.
Bir şux cavansan, pərim!
Gözəl, göyçək dilbərim!
Uzun boylu ərərim!
Ətrim, mişkü ənbərim!
Dildə şirin əzbərim!
Cismdə bir can kimi,
Ağılda ümman kimi,
Tutiyi-imran kimi,
Hüsnü də qılman kimi,
Çöllərdə ceyran kimi,
Ovçunam, salma uzaq, gözəl qəzaldan məni sən!
Tamamilə yeni forma, yeni quruluş. Osman Sarıvəlli bunu belə izah edir: «Müxəmməslərə bu əlavə bəndlər, bu cığalar nə üçündür? Nəzərə almaq lazımdır ki, divani və müxəmməs şəklində yazılmış şerləri eyni adlarda olan «Divani» və «Müxəmməs» havalarından ayrı götürmək, ayrı təsəvvür etmək çətindir. Bu saz havaları nəzərə alınmadıqda bu şer formaları da bir növ anlaşılmaz olur… 7 bəndlik, hər misrası da 16 hecadan ibarət şeri aşıq ifa etdikdə çox yorucu olur… Belə bir vəziyyətdə cığalar ifaçıların köməyinə gəlir. Musiqi («Müxəmməs») havası əlavə xallarla, yeri gəldikdə öz ahəngini dəyişir, havanı yeknəsək olmaqdan qurtarır. Beləliklə, götürülmüş böyük bir mövzu, geniş bir məzmun dinləyiciləri yormadan ifa olunur.»14
Əlavə olaraq, deyə bilərik ki, cığa şeri və musiqi formasını bəzəməklə15, yeniləşdirməklə bərabər, ona çeviklik və dinamiklik gətirir. Şer formalarının dəyişməsi (müxəmməs, təsnif, bayatı) musiqidə metro-ritm dəyişkənliyi, melodik və intonasiya rəngarəngliyi, obraz və ovqatın çoxplanlığı xüsusiyyətini yaradır.
Çox təəssüf ki, professional Azərbaycan musiqisində cığalardan demək olar ki, istifadə olunmur. Bu bir çox musiqiçilərin Azərbaycan xalq musiqisinin rəngarəng çeşidlərini bilmədiklərindən irəli gəlir. Yalnız ölməz bəstəkarımız Üzeyir Hacıbəyov «Koroğlu» operasının IV pərdəsində aşıq musiqisinin bu maraqlı formasından istifadə etmişdir. Buradakı aşıq şikəstəsinin poetik mətni belədir:
Nazlı yarım, vəslə çatdım, keçdi hicran günləri
Aşiqəm mən, küyi-dilbər, vəsli canan istərəm
Vəsli canan
Keçdi hicran
Zülfi reyhan
Qəlbi viran
Zülfi reyhan, qəlbi viran, dil pərişan günlərim.
Düzdür, «bu tipik cığalı» forma olmasa da, mətnin quruluşu melodiyanın musiqili şərhi zamanı ifadə olunan inkişaf tərzi bu fikri yürütməyə əsas verir.
Təəssüf hissi doğurur ki, əvvəllər aşıq şikəstəsi adlandırılan bu nömrə sonralar aşıq mahnısı kimi təqdim edilmişdir. Mətndə isə dəqiq deyilir:
Ehsan paşa: Aşıq, bir şikəstə
Koroğlu: Oxuyaram, baş üstdə.
Bununla da xalq musiqisinin zəngin janr və formaları təbliğ olunmaq əvəzinə unudulmuşdur. Bu faktın özü Ü.Hacıbəyovun xalq yaradıcılığına nə qədər dərindən bələd olmasını, onun ölməz yaradıcılığının nədən bəhrələndiyini bir daha aydın şəkildə sübut edir. Aşıq Şəmşir də bu dahi şəxsiyyəti yüksək qiymətləndirmiş, onun sənətinə, hərtərəfli yaradıcılığına pərəstiş etmiş və böyük təvazökarlıqla öz qoşmasında «Üzeyir adına şagirdəm ancaq» söyləmişdir.
Qoşayarpaq, qoşaqafiyəli şerləri də musiqi ilə bağlı şəkillərə aid etmək olar. Çünki «bu cür şerlər olduqca ahəngdar olur, həm də bunlar saz havaları üstündə oxunduğu vaxt daha yeni bir musiqi, yeni bir ahəng kəsb edir»16. Aşıq Şəmşirin öz yaradığılığında şerin bu çətin şəklinə də müraciət emişdir. Əsasən, bütün bənd boyu səkkiz dəfə qoşa-qoşa qafiyələnən, ahəngdar sözlər sanki təbii surətdə melodiyanın da axarlığına təminat verir.
Fikirlərimi yekunlaşdırıb yenə də Aşıq Şəmşirin sözlərinə qayıdıram. Babasının müdrik, «qəribə, ağlasığmaz» sözlərini özününküləşdirən «qıyıq otuna meh əsəndə qulaq assan, çox şey eşidərsən, o səsi bir şeyə salasan, «böyüdəsən», onda görərsən ki, nə deyir. Səhərin öz zəngi var, alatoran vaxtı çıxıb qulaq asasan, dan yerinin sədasını, hənirtisini, uyğusunu eşidərsən.»17
Özünün isə, «el dağdan köçəndə həmişə qəmlənirəm. Suyu sovulmuş dəyirman kimi dağlar yiyəsiz qalır. Bir də payızda, yarpaqlar töküləndə, qəmlənirəm, adamın onlara yazığı gəlir»18 sözləri həssas duyğulu, kövrək qəlbli, incə, romantik ruhlu, daxilən körpə tək pak bir insandan xəbər verir. Heç kimin görmədiyini görən, eşitmədiyini eşidən, sezmədiyini sezən belə bir müdrik insan yalnız şer yazmalı, sazda çalmalı, oxumalı, bir sözlə Dədə Şəmşir adını tarixə yazmalı idi.
ƏDƏBIYYAT
1. M.H.Təhmasib, El sənətkarı. «Dədə Şəmşir yaddaşlarda», Bakı 2000, s.68.
2. Məmməd Aslan. El aşığı, - elin yaraşığı. «Dədə Şəmşir yaddaşlarda». Bakı 2000, s.45.
3. Yenə orada. s.38
4. Yenə orada. s.37
5. Aşıq Şəmşir. Kəklikli daşlardan xəbər al məni. «Dədə Şəmşir yaddaşlarda». Bakı 2000, s. 37.
6. Ə.Eldarova – «Azərbaycan aşıq sənəti» (rus dilində). Bakı 1984, s. 49.
7. Məmməd Aslan. Ustad görməyənin işi xam qaldı. «Saxla izimi, dünya», Bakı 1989, s.121.
8. Yenə orada. s.121
9. O.Sarıvəlli. Aşıq ürəkli şair, şair ürəkli aşıq. «Dədə Şəmşir yaddaşlarda». Bakı 2000, s.98.
10. R.Zöhrabov. «Muğam». Bakı 1991, s. 94
11. Yenə orada. s.99.
12. Ə.Eldarova. «Azərbaycan aşıq sənəti» (rus dilində). Bakı 1984, s.36.
13. O.Sarıvəlli. Aşıq ürəkli şair, şair ürəkli aşıq. «Dədə Şəmşir yaddaşlarda». Bakı 2000, s.98.
14. O.Sarıvəlli. Aşıq ürəkli şair, şair ürəkli aşıq. «Dədə Şəmşir yaddaşlarda». Bakı 2000, s.114.
15. M.Qasımlı. cığa-bəzək, yaraşıqlı anlam daşıyır. «Aşıq sənəti» Bakı 1996, s.248
16. O.Sarıvəlli. Aşıq ürəkli şair, şair ürəkli aşıq. «Dədə Şəmşir yaddaşlarda». Bakı 2000, s.112.
17. Aşıq Şəmşir. Kəklikli dağlardan xəbər al məni. «Dədə Şəmşir yaddaşlarda». Bakı 2000, s.34.
18. Yenə orada. s.37
p align>
|