AZƏRBAYCANIN
OPERA MÜĞƏNNISI
FATMA MUXTAROVA
(anadan olmasının 110
illiyi münasibəti ilə)

Nuridə ISMAYILZADƏ
 

Azərbaycanın tanınmış opera müğənnisi Fatma Muxtarovanın peşəkarlığa, şöhrətə aparan həyat və yaradıcılıq yolu çox mürəkkəb və ağır olmuşdur. Fatma xanımın parlaq şəxsiyyəti misilsiz istedadı və qeyri-adi xarici gözəlliyi bəstəkar və musiqişünasların, eləcə də musiqisevərlərin diqqət mərkəzində olmuşdur.

Teatr sənəti muzeyində Fatma Muxtarova haqqında müxtəlif vaxtlarda yazılan kifayət qədər materiallar vardır. Bunların arasında görkəmli bəstəkar Ə.Bədəlbəylinin “Mahir opera müğənnisi” adlı böyük məqaləsi, R.Hüseynovun “1002 gecə” kitabında həsr edilmiş bölmə, “Ədəbiyyat və incəsənət” qəzetində musiqi tənqidçilərinin “Unudulmaz opera müğənnisi”, “Bənzərsiz Karmen”, “Füsünkar sənətkar” məqalələri diqqətəlayiqdir.

Lakin hələ 1929-cu ildə Bakıda nəşr edilən, qayğı ilə qorunub saxlanılan “Fatma Muxtarova” adlı çox əhəmiyyətli bir kitabça da var. Buna görə Fatma Muxtarovanın nəvəsi Svetlana Kuroçkinaya sonsuz dərəcədə minnətdarıq. Burada Fatma Muxtarovanın çətin həyat yolu ilə yanaşı, o zaman yalnız Bakı opera teatrının səhnəsində deyil, həm də Rusiyanın bir çox şəhərlərinin səhnələrində çıxış edən bu gözəl müğənninin sənəti barədə mətbuatda nəşr edilən yazılar işıqlandırılır.

Fatma Abbas qızı Rzayeva 1893-cü ildə Cənubi Azərbaycanın Urmiya şəhərində doğulmuşdur. Məlum olduğu kimi inqilaba qədər azərbaycanlılar Cənubi Azərbaycandakı ağır həyat şəraitilə bağlı acından ölməmək üçün ailələri ilə birgə qazanc dalınca ya Şimali Azərbaycana, ya da Rusiyanın müxtəlif şəhərlərinə gedirdilər. Rzayevlər ailəsi də 1905-ci ildə Volqa boyundakı şəhərlərdən birinə köçmüşdür (Saratov yaxınlığında). Fatma uşaqlıqdan musiqi istedadına malik olmuş, yaxşı oxuyub və rəqs etmişdir. Atasının ölümündən sonra, onun atalığı Səttar Muxtarov öz nəğmə və rəqsləri ilə insanları cəlb edərək qəpik-quruş qazanan qızı qazanc dalınca demək olar ki, küçələrə qovurdu. Zaman keçir və Fatma böyüyürdü. Artıq o, (qatarda gizlənərək) Volqa boyunun Həştərxandan tutmuş Yaroslavla qədər bütün şəhərlərini müstəqil olaraq gəzə bilirdi. Bir qədər pul toplayaraq o, özünə xalq arasında nəvazişli “katerinka” adlandırılan şarmanka alır. Elə məhz buna görə də şarmançı Fatma Muxtarovanı Katya Muxtarova çağırmağa başladılar.

1912-ci ildə Saratovda musiqi məktəbinin bazasında Konservotoriya yaradılmışdır. Musiqi təhsili almaq üçün Katya Muxtarova Konservatoriyaya müraciət etməyi qərara alır. «Saratov konservatoriyasının bütün professorları, mənim yeddi notdan ibarət şaxta və istidə oxumaqdan xırıldayan səsimdən bir şey çıxmayacağını deyərək, məni öyrətməkdən imtina etdilər».1 Yalnız professor M.Y.Medvedyev qızla məşğul olmağı və nəticəni bir aydan sonra aydınlaşdırmağı qərara alır. Möcüzə elə göz qabağında baş verirdi, təbiətən istedadlı olan qız heyrətləndirici müvəffəqiyyətlər əldə edir, hər iki gündən bir diapazonda növbəti not meydana gəlirdi. “Artıq iki həftədən sonra Mixail Yefimoviç məni öyrətməyi öhdəsinə götürdü və mən hələlik xəzinə hesabına oxumağa qəbul edildim”.2 Dərs ilinin sonunda o Rubinşteynin “Çöllər qızı” operasından ariyanı oxuyurdu. Konservotoriyanın tələbəsi olduğu müddətdə, Fatma hələ öz ailəsi ilə yaşayırdı. Yay tətillərində Fatma Muxtarova konservatoriyadan qovulma q təhlükəsi altında qazanc dalınca müxtəlif antreprenyorlarla “Qaraçı romansları və rus mahnıları ilə” qastrollara getməyə məcbur idi. Bakı ona müstəsna müvəffəqiyyət gətirir və burada ona xüsusi diqqət yetirirlər. Belə gəlişlərdən biri haqqında 21 iyun 1913 il tarixli “Kaspi” qəzeti xəbər verir: “Dünən Həştərxandan Bakıya yolüstü Zakaspiysk və Türküstan diyarında, Pavoljyedə məşhur olan xalq müğənnisi Muxtarova, xalq müğənnisi Anikina, xalq müğənnisi Kamil Mutıqi Tuxvatullin gəlmişlər. Müğənnilər yalnız cəmi bir konsert verməyi təxmin edirlər. Povoljye qəzetləinin yazdıqlarına görə onlar hər yerdə çox böyük müvəffəqiyyətə nail olurdular. Konsert rus və tatar dillərində veriləcək”.3 Bir neçə gündən sonra “Kaspi” qəzetində yenə bir elan verilmişdir. “Məşhur müğənni Katya (Fatma xanım) Muxtarova yenə bir konsert verəcək (kontralto)».4 Konsertlə bağlı şəhərdə vurulan afişalarda şarmankanın sədaları altında süzən qəşəng qız təsvir edilmişdir. Bakıda verilən konsertlərlə yanaşı, povoljye artistlərinin vokal çıxışları xüsusi yer tuturdu, onlar müsəlmanların vokal sənətinə cəlb edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edirdilər. Ancaq, Katya Muxtarovanın çıxışına, müğənninin vokal qabiliyyətləri və səhnə ustalığı kifayət qədər təfsilatla təhlil edilən musiqi tənqidçisinin rəyi həsr edilmişdir. Resenzent yazırdı: «Xanım Muxtarovanın vokal vasitələri nə qədər zəngindirsə, zövqü bir o qədər yoxsuldur. Bu onun bizə təqdim etdiyi repertuardan bəllidir. Repertuarda xalq mahnıları və qaraçı coşğunluğu ilə ifa edilən romanslar üstünlük təşkil edir. Ceyran otu kimi injə kontralto reqistrlərini nümayiş etdirmək imkanı olan yerdə, müğənni şübhəsiz öz səsinin zənginliyini dəyərsizləşdirərək boğaz səsinə keçir».5 Daha sonra Muxtarovanın ünvanına (onun gəlməsinin əsil səbəbini anlamadan) o, Saratov konservotoriyasındakı sistematik təhsilini konsert səhnəsinə çox erkən dəyişdi, deyə məzəmmət səslənirdi. Məlum olduğu kimi vokalda bir əsas qayda mövcud idi: oxumaq öyrənənlərə romansların, xüsusilə d ə oxumaq tərzinə özünəməxsus çalar verən qaraçı romanslarının ifa edilməsi qadağan edilirdi. “Şübhəsiz müğənninin müvəffəqiyyətləri qeyd edilir və Muxtarovanın gözəl keyfiyyətlərə malik olması heç bir vəchlə şübhə yaratmır».6 Həqiqətən də Fatma Muxtarovanın konsertinə Azəbaycan incəsənətinin qabaqcıl xadimləri (M.Maqomayev və H.Sarabski) diqqət yetirirlər və gənc müğənninin ağır vəziyyəti barədə xəbər tutaraq ona kömək etməyi qərara alırlar «Hələ onda müğənninin yaradıcılıq mahiyyətini duyan H.Sarabski bu işdə çox enerji və işgüzarlıq göstərir. Fatma Muxtarovanı H.Z.Tağıyevin bağına gətirirlər, o bağın təmtərağına heyran qalır və H.Z.Tağıyev üçün akkompanement altında bir neçə mahnı oxuyur. Ancaq, Ş.Məmmədovanın ilə Italiyada təhsil alması üçün əvvəlcə təqaüd ayırmış, sonralar isə kəskin tənqidlərə görə yardımını kəsməyə məcbur olmuş Tağıyev acı təcrübədən sonra gənc müğənniyə Saratov konservotoriyasında təhsil haqqını ödəməkdə yardım göstərməkdən imtina edir».7 Onda H.Sarabski digər Bakı mesenatına Fatmanın eyni soyadlısı Murtuza Muxtarova müraciət etməyi qərara alır. Burada F.Muxtarova Bakı neft millioneri və onun xanımı Liza xanımla tanış olur. M.Muxtarov Bakı neft istehlakçısı kimi deyil, həm də öz xalqının rifahı üçün yardım göstərən səxavətli insan kimi tanınmışdı. Onun «Nicat» müsəlman xeyriyyə cəmiyyətinin sədri qismində rolu yaxşı məlumdur (o, 1909-cu ildə, 2 iyun 1915-ci ildə fəxri sədr seçilmişdir). Cəmiyyətin məqsədləri Azərbaycan incəsənətinin inkişafına yardım etmək və mədəniyyətin demokratikləşməsi prosesini gücləndirmək idi. Özü xalq arasından çıxan bir insan olduğu üçün o, gənc müğənniyə imtina edə bilmədi və Muxtarovanın təhsilini davam etdirməsi üçün hər ay Saratova təqaüd göndərməyi öhdəsinə götürdü. M.Süleymanovun “Eşitdiklərim, gördüklərim” kitabında yazılır ki, “M.Muxtarov Katya Muxtarovanı qızlığa götürür”. Lakin, onun nəvəsi bu faktı inkar edərək, söhbətin M.Muxtarovun istedadlı aktrisaya etdiyi hamilikdən getdiyini deyir.


H.Z.Tağıyevdən fərqli olaraq M.Muxtarov bu məsələdə daha davamiyyətli olur və müntəzəm olaraq Saratova təqaüd göndərir. F.Muxtarova Saratov konservotoriyasını müvəffəqiyyətlə bitirərək Moskvaya köçür, orada o, ərinin qohumlarının köməyi və məsləhəti ilə məşhur rus müğənnisi Şalyapinlə görüşmək imkanı əldə edir. “Gənc müğənnini dinləyən F.I.Şalyapin onun vokal imkanları barədə çox yüksək fikir söyləyir və onu Moskva opera teatrlarından birinin sahibkarı S.Ziminlə tanış edir».8 Fatma xanımın yaradıcılıq fəaliyyətində dönüş nöqtəsi, baş rolda Şalyapinin çıxış edəcəyi, V.Serovun “Yudif” operasında ona Oloferni partiyasını ifa etməyi tapşıranda baş verdi. Bu, Fatmanın peşəkar müğənni kimi opera səhnəsində ilk çıxışı idi və onun taleyi bu kiçik roldan asılı idi. “Səhnəyə çıxandan sonra o, özünü yüngül və sərbəst hiss edir tamaşanın bütün iştirakçılarının diqqətini cəlb edən metso–soprano səsini bütün gözəlliyi ilə nümayiş etdirməyi bacarır. Fasilədə onu alqışlayanlar a rasında Şalyapin də var idi».9 Bu tamaşadan sonra o, Rusiya və Qərbi Avropa operalarında müxtəlif partiyaları ifa edərək, 1917-ci ilə qədər teatrda işləyir. «Əgər dünya vokal üslubu haqqında məsələyə tarixi nöqteyi-nəzərdən yanaşsaq, onda görərik ki, Yaxın və Uzaq Şərq ölkələri arasında vokal üslubunu mənimsəyənlər sırasında məhz Azərbaycan müğənniləri birincidirlər. Bu məsələdə nadir ifa edilən partiyaların seçilməsində Azərbaycan müğənnisi Muxtarovanın nümayiş etdirdiyi cəsarət qiymətsizdir».10 Tembrinə görə çox xoşagələn, eyni zamanda qüvvətli metso-soprano səsin sahibi, Muxtarova bu cür səs üçün yazılan çətin partiyaların öhdəsindən çox gözəl gəlirdi. Bunlardan “Qaratoxmaq qadın” operasından Polinanın partiyası, “Mazepa” operasından Lyubovun partiyası, “Çereviçki” operasından Saloxanın partiyası, “Qar qızı” operasından Baharın partiyası, “Çar gəlini” operasından Lyubaşanın partiyası, “Xovanşina” operasından Marfanın partiyası, “Faust” operasından Zibelin partiyası və bir çox baş qaları qeyd oluna bilər. Ancaq müğənninin yaradıcılığında Azərbaycan səhnə sənəti tarixinə daxil olan “Karmen” obrazı xüsusi yer tutur. «Bir dəfə 1923-cü ildə Bakıya gələn gözəl rus rəssamı I.Brodski opera teatrında J.Bizenin “Karmen “ tamaşasında iştirak etmişdir. Karmen rolunu Muxtarovanın ifasında dinləyərək o, F.Muxtarovanı dünyanın ən gözəl Karmeni adlandırmışdır.”11 Azərbaycan teatr səhnəsində 15 il ərzində Fatma Muxtarova ilə çıxış edən artist Ağababa Bünyadzadə (Eskamilio rolunun ifaçısı) öz xatirələrində yazırdı. «Fatma xanım Karmen rolunu ifa etdikdən sonra mən bu rolun çoxlu ifaçılarını görmüşəm. Lakin, onun yaratdığı obraz mənim ürəyimdə əbədi iz qoyub getmişdir. Bütün varlığı ilə səhnədə oynayan F.Muxtarova, qəhrəmanın daxili aləmini açıqlayırdı. Onun baxışları həmişə dediyi sözlərlə uyğun gəlirdi. Onun iri qara gözlərində məhəbbət və nifrət eyni dərəcədə güclü idi».12 “Karmen” operası ilk dəfə Azərbaycan dilinə gözəl Azərbaycan şairəsi – Nigar Rəfibəyli tərəfindən tərcümə edi lmişdir və Fatma Muxtarova 1946-cı ildə Opera Teatrında “Karmen”i Azərbaycan dilində oxuyan yeganə şəxs idi. Bu tamaşada olan məşhur Azərbaycan bəstəkarı Q.Qarayev, “Karmenin” Azərbaycan dilinə tərcüməsinə yüksək qiymət vermiş, eyni zamanda F.Muxtarovanın vokal və səhnə ustalığını yüksək qiymətləndirmişdi. F.Muxtarovanın nadir ifa edilən partiyaların seçimində cəsarəti barədə danışanda Sen-Sansın “Samson və Dalila” operasından Dalilanın partiyası nəzərdə tutulur. Gürcü rejissoru I.Kvaliaşvili öz xatirələrində yazırdı ki, “Sen-Sansın “Samson və Dalila” operası bizim opera səhnəmizdə həddən az qoyulurdu. Yəqin ki, buna səbəb Dalila rolunun ləyaqətli ifaçısının olmaması idi. F.Muxtarova sanki bu rol üçün yaranmışdır. Onun insanı heyran edən ahəngdar səsi, gözəl xarici görkəmi sanki ona təbiət tərəfindən bu rolu ifa etmək üçün bəxş edilmişdir”.13 Aktrisanın böyük xidməti ondadır ki, nə ona qədər, nə də ondan sonra mistik və dini mövhumatı kənara qoyaraq Dalilanın əsl, canlı obrazını yaratmağa kimsə nail ola b ilməmişdir. Hətta Dalilanın səhnədə yarımçılpaq vəziyyətdə göründüyü məqamları da aktrisa yüksək estetik və bədii taktla oynayırdı.

1928-ci ilə qədər Fatma Muxtarova öz istedadının pərəstişkarlarını, eləcə də dostlarını sevindirmək üçün hərdən Bakıya da gələrək Rusiyanın müxtəlif şəhərlərinə qastrol səfərlərini davam edirdi. Sizin nəzərinizə 20-30-cu illərdə müxtəlif qəzet səhifələrində çap edilən, “Fatma Muxtarova” haqqında kitabçadan götürülən bəzi partiyaların ifa edilməsi haqqında bir neçə rəyi təqdim etmək istəyirik:

1. “Muxtarovanın Karmeni xalq içindən çıxan, ehtiraslı temperamentə, kəskin xarakterik hərəkətlərə, gah yuxarıya can atan, gah da pıçıltı kimi donub qalan səsə malik əsl qaraçı qızıdır. («Perm»)

2. Karmen – səliqəli fransız müğənnisi (Bizedə), Muxtarovanın ifasında əsl qaraçı qızına çevrilir. Bu ənənədən ayrılma və Merimenin Karmen obrazına qayıtma fövqəladə dərəcədə qiymətlidir. (Rostov “Izvestiya”)

3. “Amneris partiyasında Muxtarova birinci dərəcəli dramatik aktrisanın həsəd apara biləcəyi dramatik gərginlikli fiqur yaradır, məhkəmə səhnəsində aktrisanın böyük temperamenti hər bir musiqi kəlməsini, hər bir fasiləni məzmunla doldurur». (Aşağı Novqorod)

4. «Muxtarovanın Amnerisi canlaşdırılmış Misir freskası olmayıb, canlı və səhnədə insanı həyəcanlandıran insandır». (Odessa, “Izvestiya”) və s.

Yalnız 1928-ci ildə F.Muxtarova daimi yaşamaq üçün Bakıya köçür və Azərbaycan opera səhnəsinin ən parlaq şəxsiyyətlərindən biri kimi bir-birinə bənzəməyən obrazlar yaradaraq, 1953-cü ilə qədər dövlət opera teatrında işləyir. Sonralar Muxtarova bir çox mükafatlara, o cümlədən Azərbaycan SSR Xalq artisti fəxri adına layiq görülmüşdür. Buna baxmayaraq, onun nəvəsi Svetlana Kuroçkinanın sözlərinə görə, Fatma xanım ömrünün son günlərinə qədər nə öz dostlarını (Müslüm Maqomayevi, Hüseynqulu Sarabskini), nə ən ağır günlərində onun köməyinə gələnləri, nə də öz hamisi – Murtuza Muxtarovu (Murtuza Muxtarov öz ölümünə qədər 1919-cu ilədək daimi maddi köməyini ondan əsirgəməmişdi) unutmurdu.


ƏDƏBIYYAT

1. «Fatma Muxtarova», s. 16.
2. «Fatma Muxtarova», s. 16.
3. «Kaspi» qəzeti, 21 iyun, 1913-cü il, ¹ 138.
4. «Kaspi» qəzeti, 25 iyun, 1913-cü il, ¹ 141.
5. «Kaspi» qəzeti, 28 iyun, 1913-cü il, ¹ 144.
6. «Kaspi» qəzeti, 28 iyun, 1913-cü il, ¹ 144.
7. Fatma Muxtarovanın nəvəsi S.Kuroçnikanın sözlərindən.
8. Bədəlbəyli Ə. Mahir opera müğənnisi (75 illiyinə həsr olunur). 1968, s. 12 .
9. «Füsunkar sənətkar». «Bakı» qəzeti. 7 mart 1968-ci il.
10. Elə orada.
11. «Karmen». «Ədəbiyyat və incəsənət» qəzeti. 1945, s. 4.
12. Rafael Hüseynov. «1002 gecə», s. 110-111.
13. Rafael Hüseynov. 1002 gecə. s. 115.










Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70