MƏNASI VAR HƏR BIR KƏSIN…
Zümrüd DADAŞZADƏ
 

       Bu yaxınlarda Almaniyada nəşr olunan MGG (bu abreviatura belə açıqlanır: Musiqi tarixdə və müasirlikdə) ensiklopediyası mənə bəstəkar Ibrahim Məmmədov haqqında məqalə yazmaq xahişi ilə müraciət etdi. Bilgilər sorağında Bakı Musiqi Akademiyasının kitabxanasına baş çəkəndə material qıtlığı ilə üzləşdim: bəstəkarın partituraları çap olunmayıb, kamera əsərlərinin notları isə kitabxana fondunda yoxdur. Dadıma I.Məmmədovun oğlu Elçinin mənə təqdim etdiyi qrammofon valı və romanslar məcmuəsi, habelə bir neçə qəzet məqalələri çatdı.

        Ibrahim müəllimin tərcümeyi-halı ilə maraqlandım. O, 1928-ci ildə Bakıda dünyaya göz açıb. Valideynləri musiqiçi olmayıb, ancaq anası musiqi duyumu ilə fərqlənib, qarmonda çalmağı bacarıb. Görünür, musiqi iste’dadını Ibrahim müəllim məhz anasından əxz edib.

        Ilk təhsilini Bakı Musiqi Texnikumunda tar sinfi üzrə alan I.Məmmədov hətta bir müddət Azərbaycan Filarmoniyasının xalq çalğı alətləri orkestrində çalışıb. 1949-54-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şö’bəsində təhsil alıb. Burada ustadı B.I.Zeydman olub. Xatırladım ki, həmin professoru sinfini müxtəlif illərdə F.Əmirov, S.Hacıbəyov, S.Ələsgərov, C.Cahangirov, Ə.Hüseynzadə və başqaları bitirib. 1954-cü ildən A.Zeynallı adına Bakı Musiqi Texnikumunda, sonra isə 1961-ci ildən ömrünün sonunadək Bakı Musiqi Akademiyasının musiqi nəzəriyyəsi kafedrasında çalışıb. 1982-ci ildə professor elmi rütbəsini, 1990-cı ildə isə xalq artisti fəxri adını alıb.

       I.Məmmədov sənət aləminə 50-ci illərin ortalarında gəlib. Bu, Azərbaycan bəstəkarlıq məktəbinin təşəkkülündə sözün həqiqi mə’nasında qızıl dövr idi. Musiqi səmasında Q.Qarayev, F.Əmirov, C.Hacıyev, S.Hacıbəyovun ulduzları parlayırdı. «Yeddi gözəl», «Gülşən», «Sevil», «Sülh uğrunda», neçə-neçə başqa mərhələvi əsər məhz həmin əlamətdar 50-ci illərin məhsuludur.

       Bu ulduzların gözqamaşdırıcı şüaları altında gənc müəllifə öz sözünü söyləmək necə də çətin idi! Lakin elə ilk cəhdlər mütəxəssislərin diqqətindən yayınmadı, bəstəkara uğur gətirdi. Mən ilk əvvəl violino və böyük simfonik orkestr üçün yazılmış Simfonik variasiyaları qeyd edərdim. Bu əsər sonralar Q.Qarayevin «Alban rapsodiyası» və R.Hacıyevin Violino konserti ilə bahəm vala da yazıldı. Sanballı qonşuluqdur, deyilmi? Ifaçılar – maestro Niyazi və Azad Əliyevin adları da kifayət qədər reprezentativdir. Variasiyalar I.Məmmədovun peşəkarlığına, forma duyumuna, orkestr vasitələrindən məharətlə istifadə etmək bacarığına dəlalət edir. Sadə, aydın mövzu böyük səriştə ilə işlənir: burada tokkatavarı, rəqsvarı, lirik obrazların ən’ənəvi ardıcıllığında bəstəkar ölçü hissi, zövq nümayiş etdirir, ilk əvvəl solistlə orkestrin dialoqunu ustalıqlar «təşkil» edə bilir. Orkestr heç də müşayiətçi deyil, «söhbət»in tamhüquqlu iştirakçısıdır. Onu da deyim ki, A.Əliyevin təfsirində musiqi birə on gözəlləşir: ifanın t exniki kamilliyi, violinonun e’cazkar səslənməsinin cazibəsi altına düşməmək qeyri-mümkündür.

       Beləliklə, elə başlanğıcda I.Məmmədov axtarışlarının səmti müəyyənləşir: onu instrumental musiqinin miqyaslı janrları – simfoniya, poema, uvertüra, orkestrin geniş imkanları özünə cəlb edir. Əvvəlcədən deyək ki, I.Məmmədovun əsas nailiyyətlərini forma və ya musiqi dili səviyyəsində axtarmaq məqsədəuyğun deyil. Burada o, kifayət qədər mühafizəkardır. Bəstəkar sabit kompozisiya strukturları ilə işləməyə, milli melos və ladların xüsusiyyətlərini musiqi sintaksisinin qərarlaşmış normaları ilə uzlaşdırmağa üstünlük verir. Mütəmadi surətdə qəhrəmani-epik obrazlara – dövrün saxta pafos aşılanmış tələblərinə uyğun olaraq – müraciət edən I.Məmmədov mövzuların lapidar, qabarıq alınmasına xüsusi fikir verir, ritmik müntəzəmliyi, ostinatlığı ön plana çəkir.

       Lakin söhbət orkestrləşmədən gedərsə, Ibrahim müəllimin sənətkarlığından vaz keçmək heç cür mümkün deyil. O, böyük hey’ətləri idarə etməyi sevir, müxtəlif qrupları, tembrləri cəsarətlə bir-birinə calayır, palitradan səxavətlə istifadə edir, əgər belə demək caizsə, yağlı, qatı boyalarla işləməkdən həzz alır. Kulminasiyalarda mis nəfəs alətlər necə də vüqarla, əzəmətlə, parlaq səslənir!

       Eyni zamanda Ibrahim müəllimin musiqi peyzajları da valehedicidir, əsrarəngizdir. Şübhəsiz, bəstəkar Vaqnerdən də, rus klassiklərindən də, yeri gələndə impressionistlərdən, qısa desək dünya təcrübəsindən nə isə əxz edir. Lakin onun orkestri duymaq, hər bir alətin xüsusiyyətlərini incəliklərinə qədər bilmək bacarığına söz ola bilməz. Təsadüfi deyil ki, Niyazi I.Məmmədovun müasir orkestr palitrasına bələdliyini, orkestr vasitəsilə səlis, eyni zamanda emosional, parlaq musiqi forması yaratmaq bacarığını xüsusən yüksək qiymətləndirirdi.

       Konkret janrlara, konsert prinsiplərinə dayaqlanmaq, orkestr vasitələri ilə görümlü obrazlar yaratmaq bacarığı I.Məmmədov musiqisinin proqramlılığını şərtləndirir. Yuxarıda mən bəstəkarın əsərlərinin obraz tərəfini dövrün atmosferi ilə əlaqələndirdim. Lakin eyni zamanda e’tiraf etməliyəm: I.Məmmədov naturasına xas nikbinlik, enerji, həyatsevərlik bir çox yaratmanın romantik abi-havasını müəyyənləşdirən amillər sırasında deyilmi? Yə’ni müəllifi təkcə dəbə uyğunlaşmaqda və ya qeyri-səmimlikdə suçlamaq haqsızlıq olardı. Digər tərəfdən, Böyük Vətən müharibəsində həlak olmuş qəhrəmanların xatirəsinə həsr olunmuş «Planetimizdə sülh olsun» poemasında I.Məmmədovun yaratdığı dramatik lövhə müasir dünyada bəşəriyyətin taleyinə görə narahatlıq, təşviş hissi ilə aşılanıb.

       Bəstəkarın əsərlərinin siyahısı o qədər də geniş deyil. Burada üç simfoniya (Birinci – «Qəhrəmani» adlanır), sözügedən poema, «Bayram» uvertürası, fortepiano və orkestr üçün Poema-tokkata", bir sıra kamera opusları, romanslar diqqəti cəlb edir. Lakin ayrı-ayrı yaratmalar öz əhəmiyyətini bu gün də mühafizə etməkdədir. Götürək «Tülkü və Alabaş» opera-baletini (1963). Bu əsər Azərbaycan musiqi teatrı üçün yeni bir janrda, opera-nağıl, opera-təmsil kimi təcəssüm olundu. Mətbuat materialları ona dəlalət edir ki, bu səhnə əsəri mütəxəssislərin də, tamaşaçıların da nəzər-diqqətindən yayınmadı, onun məziyyətləri də, bə’zi qüsurları da müzakirə mövzusuna çevrildi. Ilk əvvəl opera-baletdəki orkestr epizodları təqdir olundu. Doğrudan da, bəstəkar meşə sakinlərinin bir-birindən fərqli, bə’zən orijinal tapıntılardan, təsviri anlardan belə məhrum olmayan rəqslərini, geniş vüs’ət aşılanmış dan yerinin sökülməsi lövhəsini, parlaq valsı rəngarəng, dolğun boyalardan istifadə edərək böyük bacarıqla yaradır.

       «Yürüş»də Q.Qarayevin («Yeddi gözəl»), Qlinkanın («Ruslan»dan «Çernomorun marşı») əks-sədası eşidilsə də, müəllifin ixtiraçılığı istər intonasiya səviyyəsində – muğamdan irəli gələn qəfil dönümləri qeyd edək, – istərsə də tembrlərlə davranmaq səviyyəsində özünü bariz göstərir.

       Təəssüf ki, operanın vokal nömrələri ilə tanış ola bilmədik. Tənqidçilər burada canlı insan nitqi ilə bağlı vasitələrin ifrat tətbiqini – uşaq operasında isə sadə mahnıvarı başlanğıca daha geniş yer ayırmaq məqsədəuyğun olardı – müəllifə irad tuturlar (bax: Danilov D. Novaə opera. Qaz. «Baku», 9 marta, 1963 q.).


       Lakin başlıcası odur ki, uşaq auditoriyasına ünvanlanan bu əsərdə güzəşt deyilən münasibətdən əsər-əlamət belə yoxdur. Əlbəttə, müəllif balacalarla aydın, anlaşıqlı dildə danışmağa çalışır, lakin sadələşdirilmiş bədii təcəssümə də uymur. Partituranın bütün detalları bəstəkarın məs’uliyyətindən, səriştəsindən, yüksək peşəkarlığından xəbər verir.

       Eyni sözləri tanış olduğum vokal nümunələrə də aid edərdim. Topluya (Bakı, «Işıq», 1978) daxil olan mahnılardan hər biri obrazca orijinaldır, məxsusi dinamik formada şərh olunub, təravətli harmonik boyaları ilə seçilir. Fortepiano sadəcə olaraq müşayiətçi deyil, vokal partiyanı dolğunlaşdıran, bədii tamın yaranışında iştirak edən vacib vasitədir.

       Coşğunluq ruhu ilə aşılanmış «Bir gün səni görməyəndə», incə valideyn duyğularını əks etdirən nurlu «Sevimli oğlum», təbiətin və həyatın gözəlliyini tərənnüm edən vals – «Həyat badəsi» – hər biri öz-özlüyündə gözəldir.

       «Əmək mahnısı» isə (sözləri Novruz Gəncəlinindir) vaxtilə respublika müsabiqəsində III mükafata layiq görülmüş, böyük Bülbül tərəfindən ifa olunmuşdur.

       Lakin I.Məmmədovun vokal yaradıcılığının tacı «Inciməsin» romansıdır. Həyatın mə’nası haqda həzin, kövrək düşüncələri aşılanmış şer mətnini (sözləri – T.Mütəllibovdur) I.Məmmədov lirik boyalarla, ilk növbədə ifadəli harmonik vasitələrlə təcəssüm etdirir.

Mə’nası var hər bir kəsin,
Insan oğlu qoy can desin,
Yaxın bizdən inciməsin,
Uzaq bizdən inciməsin.

       I.Məmmədovun pedaqoji fəaliyyətinə də toxunmaq gərəkdir. Axı o, ömrünün böyük bir hissəsini müəllimlik edib, Bakı Musiqi Akademiyasında 30 ildən artıq çalışaraq, Konservatoriyaya daxil olan musiqişünas və bəstəkarlara «partituranın oxunuşu» fənnindən dərs deyib. Açıq deyim ki, musiqi məktəbində klavirlə işləməyə vərdiş edən biz, birinci kurs tələbələri, birdən-birə orkestrin çeşidli rənglərini əks etdirən partitura ilə üzləşəndə bir qədər karıxır, çətinlik çəkirdik. Lakin Ibrahim müəllim səriştəsizliyimizə göz yumur, çoxsaylı səhvlərimizə yumorla yanaşır, təmkinlə, səbrlə orkestrin sirlərini, ayrı-ayrı alətlərin imkanlarını tələbələrinə açıqlayırdı. Beləliklə, tədricən, asta-asta birinci kursun sonuna doğru biz mürəkkəb partituralarla davranmaq vərdişi qazanırdıq.

       I.Məmmədovun iki övladı – Elçin və Emil də atalarının yolunu davam etdirirlər. Elçin BMA-nı həm pianoçu, həm də bəstəkar kimi bitirib, Bülbül adına orta ixtisas musiqi məktəbində nəzəri fənlərdən dərs deyir. Emil isə professional dairələrdə rəğbətlə qarşılanan gənc iste’dadlı cazmenlərdən biridir. Onun 2003-cü ildə «Caspian Jazz & Blues Festival»da çıxışını həmin forumun yaddaqalan epizodları sırasına aid etmək olar.

       Məqalənin yazılışı əsnasında mən vaxtaşırı Elçinlə əlaqə saxlayırdım. Təbii olaraq, belə bir sualla ona müraciət etdim: «Sənin peşə seçimində atanın nə kimi rolu olub?»

       - Əlbəttə, çox böyük, - deyə Elçin həvəslə söhbətə başlayır. – Bilirsinizmi o, musiqi ilə yaşayırdı, adi həyat hadisələrini, sədaları, küyləri belə musiqidə təcəssüm etdirmək iqtidarında idi. Mən məktəb, konservatoriya müəllimlərimə çox minnətdaram. Amma eyni zamanda e’tiraf etməliyəm ki, atamın harmoniya, polifoniya, alətləşdirmə üzrə verdiyi praktik məsləhətlər bə’zi hallarda mənim üçün daha əhəmiyyətli vıə faydalı idi. O, ən mürəkkəb mətləbləri çox əyani, aydın şəkildə başa salmaq bacarığına malik idi. Konservatoriyanın tələbələri – onların arasında bəstəkarlar da olurdu – məsləhət almaq üçün gizlincə atama müraciət edirdilər.

       Fortepiano və orkestr üçün Poema-tokkatada solo partiyanı Elçin səsləndirib. Mən ondan atası ilə bahəm yaradıcılıq işi barədə danışmağı xahiş edirəm.

       - Vaxtilə bu əsəri geniş virtuoz imkanlara malik Ədilə Əliyeva çox parlaq ifa edirdi, - deyə Elçin xatırlayır. – 1989-cu il idi. Ibrahim müəlllimin yaradıcılıq gecəsinə hazırlıq gedirdi. Həmin konsertə az müddət qalmış pianoçu əsəri çalmaqdan imtina etdi. Atam möhkəm əsəbiləşmişdi. Elə bu zaman mən onu sakitləşdirmək məqsədilə öz xidmətlərimi təklif etdim. Maestro R.Abdullayev çalğımı dinləyib, qısaca «məşq etmək olar» söylədi.

       Bir neçə gündən sonra Poema-tokkatanı Filarmoniyada çaldım. Özü də necə! Texniki imkanlarımın son həddində, coşğun, temperamentlə. Atam həmin axşam çox xoşbəxt idi.

       Sonra Poema-tokkata bir neçə başqa simfonik əsərlə birlikdə vala yazıldı. Yadımdadır, həmin yazılış prosesində R.Abdullayev çox ciddi idi. O, işə başlamazdan əvvəl musiqiçilərdən tam diqqət səfərbərliyi tələb edib: «Bu gün işimiz çox olacaq» – dedi…

       Atamda bir keyfiyyət məni həmişə təəcübləndirər və valeh edərdi, - deyə Elçin söhbətini davam etdirir. Ən çətin dəqiqələrdə belə – hamı bilirdi ki, o, ağır xəstədir – bu insanı inam, nikbinlik tərk etmirdi. Ümumiyyətlə, Ibrahim müəllim üçün həyatda çıxılmaz vəziyyət yox idi. O, tükənməz, aşıb-daşan enerji sahibi idi. «Con fuoco» – bu musiqi termini, məncə, onun fəaliyyətinə yaxşı uyğun gəlir.

       …Musiqi Akademiyasında mühazirələrarası fasilədə I.Məmmədovun əsərlərini dinləyirəm. Eşitdiklərini açıq-aşkar bəyənən tələbələr müəllifin adını tapmağa cəhd göstərirlər. Alınmır. Bəlli olur ki, bu gənclər – onların arasında isə bəstəkarlar da var – Ibrahim Məmmədovun adını ilk dəfə eşidirlər. Acınacaqlı haldır. Kimdir müqəssir? Biz hamımız. Axı XALQ artisti I.Məmmədovun Azərbaycan musiqisində xidmətləri kifayət qədərdir. Yaxşı olardı ki, biz həmkarlarımız olan sənətkarları yubileydən-yubileyə yox, mütəmadi xatırlayaq. Gündəlik dərslərdə, mühazirələrdə. Bu məqamda bəstəkarın «Inciməsin» romansından aşağıdakı misra yerinə düşərdi: «Mə’nası var hər bir kəsin…».










Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70