YETMIŞ YAŞLI BIR MƏKTƏB VAR ŞUŞADA
Mir Kamil AĞAMIROV
 



       Ölməz şairimiz Səməd Vurğunun «musiqimizin beşiyi» adlandırdığı Şuşada təbiət özü nəğmə pıçıldayırdı, musiqi yaradırdı. Bahar və yay ayları səs-səsə verən quşların şaqraq cəh-cəhi təbiətin ürəkaçan simfoniyasına qarışır, ana laylası kimi şirin bir nəğməyə çevrilirdi. Şuşa Azərbaycan vokal sənətinə Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd, Seyid Şuşinski, Islam Abdullayev, Xan Şuşinski, Bülbül kimi nadir istedadlar bəxş etmişdir. Azərbaycan opera sənətinin banisi Üzeyir Hacıbəyovun sənət dünyasının ilk qığılcımları, həzin musiqi çalarları Şuşa təbiətindən, Qarabağın ab-havasından qidalanmışdır. Yaxşı deyiblər ki, Şuşa musiqi sevən, nikbin təbiətli xalqımızın, Azərbaycanın konservatoriyasıdır.

       Şuşada musiqi məktəbinin yaradılması hələ XIX əsrin ortalarına təsadüf edir. O zaman burada qabaqcıl fikirli adamların təsiri ilə çal-çağır dünyasının özünəməxsus dəstələri formalaşmağa başladı. Bir neçə il sonra Xarrat Qulu Məhəmməd oğlu (1823-1883) Şuşada musiqi məktəbi açdı. O, bu məktəbdə özü düzəltdiyi tütək, davul, dümbək və s. alətlərdə uşaqlara çalmaq öyrədirdi. Şuşanın görkəmli xanəndələri Cabbar Qaryağdıoğlu, Hacı Hüsü, Keçəçioğlu Məhəmməd, Əbdülbaqi (Bülbülcan), Məşədi Isi və bir sıra başqaları bu məktəbin yetirmələridir. Məktəbin tar sinfində oxuyanlardan Sadıqcan (Məşədi Sadıq Əsəd oğlu, 1846-1902) məşhur novator tarzən kimi tanınmışdır.

       XIX əsrin 80-ci illərində muğam aşiqi olan Kor Xəlifə şəhərdə yeni musiqi məktəbi açır. O, burada tələbələrə muğam oxumağı, tar və kamança çalmağı öyrədirdi. Kor Xəlifənin vəfatından sonra musiqi məktəbi də öz fəaliyyətini dayandırır.

       90-cı illərdə Azərbaycanın görkəmli alimi, musiqi nəzəriyyəçisi, məşhur rəssam Mir Möhsün Nəvvabın (1833-1918) təşəbbüsü ilə yeni musiqi məktəbi təşkil edilir. Bu məktəbin təsiri ilə musiqi ifaçılığı və vokal sənəti aləmində bir canlanma əmələ gəlir… XX əsrin əvvəllərində dağlar gözəli Şuşanın çiçəklənməsi, elm, mədəniyyət və incəsənətin sürətli inkişafı üçün geniş imkanlar yarandı. Xoş avazı, gözəl səsi ilə bütün Şərqdə, Avropanın bir sıra ölkələrində böyük şöhrət qazanmış görkəmli sənətkarlarla yanaşı, gənclər arasında da nadir istedadlar yetişməyə başladı və Şuşada musiqi sənətinin inkişafı üçün daha güclü təkan oldu.

       Beləliklə 30-cu illərin əvvəllərində Azərbaycan vokal sənətinin banisi, görkəmli müğənni, həmyerlimiz Bülbülün təşəbbüsü ilə Azərbaycan SSR Xalq Maarif Komissarlığının 10 oktyabr 1932-ci il tarixli qərarına əsasən rəsmi olaraq Şuşa Musiqi Məktəbi yaradıldı (bu həm də Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi idi). Məktəbə rəhbərlik Həsənov soyadlı şəxsə tapşırıldı. Məktəb Xan qızı Natəvanın evi olmuş binada fəaliyyətə başladı.

       Şuşa Musiqi Məktəbinin açılması təbiətən musiqiyə bağlı olan şuşalı gənclərin və onların valideynlərinin böyük sevincinə səbəb oldu. Buna görə də məktəbə kütləvi axın başladı. Şagirdlər böyük səylə müxtəlif musiqi alətlərində çalmağın sirrini öyrənirdilər. Məktəbdə tar, kamança, fortepiano, skripka və vokal şöbələri fəaliyyət göstərirdi. Musiqi məktəbi tez bir zamanda Şuşanın mədəniyyət və incəsənət mərkəzinə çevrildi.

       1933-cü ildə məktəbin ilk rəsmi direktoru Həmzə Əliyev oldu (məşhur skripkaçalan, respublikanın xalq artisti Azad Əliyevin atası). Respublikanın bir neçə görkəmli musiqi müəllimi, o cümlədən, bəstəkar Qəmbər Hüseynli, əməkdar müəllim Fatma Zeynalova, Saleh Əbdürrəhimov, Nikolay və Polina Sergeyevlər, Lətif Əliyev, Aleksey Raxmanov, Zoya Vladimirovna və başqaları Şuşa Musiqi Məktəbində dərs demişlər.

       O dövrün məşhur tarzəni Rəsul Əsədov gənc nəslə tar çalmağın sirrini böyük həvəslə öyrədirdi. Hər iki ayağının iflic olması ona yeriməyə imkan vermirdi. Lakin buna baxmayaraq şagirdləri Rəsul müəllimi qucaqlarında məktəbə gətirir, dərslərini keçir və sonra da eyni qayda ilə evə aparırdılar. Bu, yenicə açılan bir məktəbdə müəllimlərin və şagirdlərin işə, dərsə necə böyük bir məsuliyyətlə yanaşmalarının parlaq təzahürü idi. Istedadlı tarzən Isi Abbasov, Imran Şəfiyev, Aslan Qaraşarov (hər üçü Böyük Vətən müharibəsində qəhrəmanlıqla həlak olmuşlar), bəstəkar, Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatı laureatı, professor Süleyman Ələsgərov, respublikanın xalq artisti, sənətşünastlıq namizədi, professor Əşrəf Abbasov, istedadlı dirijorlar Kamal Məmmədov, Kamal Abbasov və başqaları onun ilk şagirdləri olmuşlar.

       1982-ci ildə məktəbin 50 illik yubleyi ilə əlaqədar yazı hazırlayarkən məktəbin yetirmələri, sevimli bəstəkarlarımız Süleyman Ələsgərov və Əşrəf Abbasovla görüşüb söhbət etmişdim. «ŞUŞA» qəzetinin 1982-ci il 25 fevral tarixli sayında dərc olunmuş məqaləmdəki həmin qeydləri bir daha möhtərəm oxucularımızın diqqətinə çatdırıram.

       «… Süleyman Ələsgərovun dediklərindən:
       - O illəri indi də yaxşı xatırlayıram. Şuşada musiqi məktəbinin açılması biz gəncləri hədsiz sevindirdi. Böyük həvəslə təhsil almağa başladıq. Məktəbimiz bir sıra görkəmli bəstəkarların, dirijor və musiqiçilərin, şair və yazıçıların diqqətini cəlb etmişdi. Görkəmli bəstəkar Reynqold Qliyer, məşhur tarzən Qurban Pirimov, görkəmli şair Mikayıl Müşfiq bu təhsil ocağının qonağı olmuşlar. O illərdən söhbət düşəndə həmyerlimiz, yaxın dostum, istedadlı tarzən mərhum Isi Abbasovu minnətdarlıq hissi ilə xatırlayıram. O, həqiqətən gözəl musiqiçi idi və məktəbi bitirdikdən sonra Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində təhsilini davam etdirmiş, 1939-cu ildə Şuşaya qayıdaraq bir müddət doğma məktəbdə müəllim işləmiş, 1940-1941-ci illərdə isə direktor olmuşdur. 1938-ci ildə Moskvada Azərbaycan Incəsənəti ongünlüyü keçirilən zaman I. Abbasov da nümayəndə heyətinin tərkibində olmuş, Ü. Hacıbəyovun «Koroğlu» operasının tamaşası zamanı orkestrdə tar partiyasını ifa etmişdir. Təəssüf ki, amansız müharibə qaynar t əbiətli, gözəl istedada malik olan bu gənci aramızdan vaxtsız apardı…

       Əşrəf Abbasovun dediklərindən:
       - O illər indiki kimi yadımdadır. Süleyman, Isi və mən çox möhkəm dost idik. Demək olar ki, günümüz bir yerdə keçirdi. Musiqi məktəbində oxuduğumuz illər ömrümüzün ən gözəl çağları idi. Təəssüf ki, Isini çox tez itirdik. O, bu gün sağ olsaydı Azərbaycanın ən görkəmli musiqi xadimlərindən biri olacaqdı…. Bu gün isə estafet sizdədir. Arzu edirəm ki, doğma Şuşamızın musiqi şöhrətini öz istedadınızla daha uca zirvələrə qaldırasınız…»

       Illər bir-birini əvəz etdi. Şuşa Musiqi Məktəbində təhsil alanların sorağı tezliklə respublikamızın hər tərəfinə yayıldı. Musiqi aləmində yeni ümidverici addımlar atıldı.

       «KOMMUNIST» qəzetinin 1945-ci il yanvar nömrələrindən birində bu məktəbdən bəhs edən şəkil verilmişdi. Şəkilaltı yazıda oxuyuruq: «…Məktəb çoxlu gənc və istedadlı qüvvələr hazırlamışdır. Məktəbin vokal şöbəsində məlahətli səsə malik 25 nəfər gənc təhsil alır. Bunlardan 6 nəfəri Bakıya gəlmişdir. Bunlar bir neçə gün burada qalacaq, Dövlət Konservatoriyası və musiqi məktəbləri ilə tanış olacaq, müsamirələrdə çıxış edəcəklər. Şəkildə: SSRI Xalq artisti Bülbül məktəbin şagirdləri Isa Rəhimov, Şamil Məmmədov, Tofiqə və Şəfiqə Abdullayevaların səsini yoxlayarkən» (qəzetdəki həmin şəkil hal-hazırda Bülbülün ev muzeyində saxlanılır).

       Həmin müsabiqənin iştirakçısı, hal-hazırda məktəbimizin muğam-səs şöbəsinin müəllimi Isa Rəhimov o günləri belə xatırlayır:


       Həmin günlər Bakıda gənc ifaçıların baxış – müsabiqəsi keçirilirdi. Məktəbimizin direktoru Əlipaşa Daşdəmirov və səs müəllimimiz Abış Həsənovun rəhbərliyi ilə biz Bakıya gəldik. Əvvəlcə görkəmli müğənnimiz Bülbül bizim səsimizi yoxladı və öz tövsiyyələrini verdi. Məhz onun qayğısı və obyektivliyi sayəsində müsabiqənin qalibi olduq. Filarmoniyada konsert verdik. Konsertdən sonra Bülbül bizimlə şəkil çəkdirdi və səsimizi yaxşı qorumağı tapşırdı. Xüsusilə mənim səsimin zil olduğunu görüb tapşırdı ki, xanəndəlik sənəti ilə daha yaxşı məşğul olum. Biz onun tövsiyyəsi ilə Dövlət Konservatoriyasında və başqa yerlərdə daha bir neçə konsertlər verdik. Mən indi də həmin günləri xoş bir xatirə kimi unutmuram…".

       Sonrakı illərdə də məktəb öz fəaliyyətini yüksək səviyyədə davam etdirmiş, məktəbi yüzlərlə gənc bitirmiş və onlar respublikanın musiqi həyatında mühüm rol oynamışlar.

       Ayrı-ayrı illərdə məktəbin direktorları olmuş Həmzə Əliyev, Isi Abbasov, Əlipaşa Daşdəmirov, Məmməd Nəbiyev, Qaraş Hacıyev, Əlikram Hüseynov, Xuduş Ismayılov, Səid Hacıyev və Zöhrab Bayramovun məktəbin inkişafında müstəsna xidmətləri olmuşdur.

       1958-1963-cü illərdə məktəbin direktoru olmuş, hazırda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Musiqi Təhsili Üzrə Tədris Metodika Kabinetinin direktoru vəzifəsində çalışan, Respublikanın Əməkdar Mədəniyyət işçisi Səid Hacıyev o illəri belə xatırlayır:

       "Məktəbə direktor təyin olunanda mənim cəmi 20 yaşım var idi. Lakin buna baxmayaraq, işə çox böyük həvəslə başladım. Axı mən özüm də bu məktəbin yetirməsi olmuşam. Mən ilk öncə məktəbi istedadlı və bacarıqlı kadrlarla komplektləşdirməyə, musiqi alətləri ilə təmin etməyə çalışdım. Tədrisin keyfiyyətini yaxşılaşdırmaq üçün Bakıdan görkəmli mütəxəssisləri köməklik göstərmək üçün məktəbə dəvət etdim. Onlardan Kövkəb xanım Səfərəliyeva, Adil Gəray, Orxan Orxanbəyli, Ulduz Hacıyev və başqaları dəfələrlə məktəbdə olaraq pedaqoji kollektivə böyük köməklik göstərmişlər. Görkəmli xanəndə Qulu Əsgərov da məktəbin bir-neçə dəfə qonağı olmuş və maraqlı konsert proqramları ilə çıxış etmişdir…".

       Təəssüf ki, məlum Qarabağ hadisələri məktəbimizi də yerindən-yurdundan elədi. 1992-ci ildən biz öz fəaliyyətimizi Bakıda davam etdiririk. Mədəniyyət naziri P. Bülbüloğlunun sərəncamı ilə 16 saylı musiqi məktəbinin binasında məskunlaşmışıq. Mən yeri gəlmişkən, bizə göstərdikləri köməkliyə və qayğıya görə həmin məktəbin direktoru Rəna xanım Aslanovaya və məktəbin pedaqoji kollektivinə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.

       Məktəbə 40 ilə yaxındır ki, gözəl insan, bacarıqlı mütəxəssis Oktay Allahverdiyev rəhbərlik edir. Bu illər ərzində o, öz bilik və bacarığını məktəbin daha böyük nailiyyətlər qazanmasına sərf etmişdir.

       Oktay Allahverdiyevin dedikləri:
       - 1965-ci ildən bu məktəbdə direktor işləyirəm. Ötən illər ərzində məktəbi yüzlərlə şagird bitirmişdir. Onlar təhsillərini davam etdirərək respublikanın ayrı-ayrı musiqi məktəblərində çalışırlar. Hal-hazırda məktəbimizdə 300-ə yaxın şagird təhsil alır. Burada şagirdlərin şagirdlərin musiqi – estetik tərbiyəsi ilə 60 nəfərlik pedaqoji kollektivimiz məşğul olur. Onların demək olar ki, hamısı öz məktəbimizin yetirmələridir. Biz bu gün məktəbimizə göstərdikləri qayğıya görə Mədəniyyət Naziri, cənab P. Bülbüloğluna, mədəniyyət nazirliyinin bütün əməkdaşlarına, Şuşa rayon Icra Hakimiyyətinin başçısı, cənab N. Bəhmənova, onun müavini E. Ələkbərova və mədəniyyət şöbəsinin müdiri Z. Abbasova kollektivimiz adından öz təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Biz məhz onların köməkliyi sayəsində çətinliklə də olsa fəaliyyətimizi davam etdirə bilirik. Lakin yerimizin darısqal olması və məktəbin şuşalıların əsasən məskunlaşdıqları Yeni Yasamal massivindən uzaqda yerləşməsi işimizi günün tələbləri səviyyəs ində qurmağa imkan vermir. Müəllimlərimiz şagirdlərlə, əsasən məskunlaşdıqları yerdə və evlərdə məşğul olurlar. Bu isə tədrisin keyfəyyətinə mənfi təsir göstərir. Mən əlaqədar təşkilatlardan xahiş edərdim ki, imkan daxilində Yeni Yasamalda məktəbimiz üçün yer ayrılmasına köməklik göstərsinlər...

       Bəli, çətin şəraitdə işləsək də şagirdlərimiz bu gün də məktəbə böyük arzu, istək və həvəslə gəlirlər. Günlər, aylar ötdükcə şagirdlərin musiqi duyumu da öz axarına, məcrasına düşür. 7 səsin düzümü, 7 səsin ahəngi musiqiyə çevrilib ürəklərə axır. Hər birinin də öz sevimli musiqi aləti var: piano, tar, kamança, qarmon və s. Onlar hələ öyrənirlər. Ü. Hacıbəyov, Q. Qarayev, F. Əmirov, S. Ələsgərov, Ə. Abbasov, T. Quliyev, V. Adıgözəlov, eləcə də Bax, Bethoven, Qlinka, Motsart, Şopen, Çaykovski, Şostakoviç, və onlarla digər klassik, müasir dahi bəstəkarların fikirlərini, hisslərini, düşüncələrini dərk etməyə çallışırlar. Əksəriyyəti də «əla» və «yaxşı» qiymətlərlə oxuyur.

       Məktəbimizdə tez-tez maraqlı tədbirlər keçirilir. Burada bayram şənlikləri, musiqi məktəbləri kollektivləri ilə görüşlər, həmçinin şagirdlərin valideynlər qarşısında çıxışları təşkil edilir. Mədəniyyət Nazirliyinin keçirdiyi Respublika müsabiqələrində və festivallarında məktəbimizin şagirdləri müvəffəqiyyətlə iştirak edirlər.

       Şagirdlərin musiqi duyumunu cilalamaq, fantaziyasını təkmilləşdirmək üçün pedaqoji kollektivimiz əlindən gələni əsirgəmir. Bu işdə müəllimlərdən M. Hüseynova, T. Əliyeva, V. Həsənov, N. Abbasov, I. Rəhimov, S. Yusifova, I. Abbasov, H. Ələsgərova, S. Əhmədova və başqalarının əməyi xüsusilə böyükdür.

       Mədəniyyət Nazirinin razılığı ilə bu ilin noyabr ayında məktəbimizin 70 illik yubleyi təntənə ilə qeyd olunacaq. Buna görə biz hörmətli nazirimiz Polad müəllimə dərin hörmət və böyük ehtiramla təşəkkürümüzü bildirir və kollektivimizin bir neçə təklifinin nəzərə alınmasını xahiş edirik.

       Yeri gəlmişkən, Şuşa Musiqi Məktəbinin yaranma tarixi ilə bağlı arxiv sənədlərinin əldə olunmasında bizə yaxından köməklik göstərdiyinə görə Azərbaycan Dövlət Arxivinin rəhbərliyinə, əməkdaşlarına və xüsusilə şöbə müdiri Sima xanıma öz təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

       Bəli, 70 yaşlı Şuşa Musiqi Məktəbinin gözəl ənənələri vardır. Məktəbin müəllim və şagird kollektivi bu ənənələri ləyaqətlə davam etdirirlər. Illər bir – birini əvəz etdikcə onlar qədim Şuşanın musiqi şöhrətini daha da artıracaqlar. Gün o gün olsun ki, məktəbimizin gələcək yubileylərini öz doğma Şuşamızda qeyd edək.










Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70