Məmməd Quliyev haqqında
A. Kərimli.
 


        Məmməd Quliyev haqqında yazmaq!.. Həm çətindir, həm asan. Hansını seçim?.. Bəlkə götürqoy edim, nə olar-olar?!
        Başlayaq birincidən:"Məmməd Quliyev haqqında, – daha doğrusu, onun musiqisi haqqında yazmaq asandır". Asanından da asanı. Niyə? Ona görə ki, "Məmməd Quliyev", el deyimi ilə desək, "dolu bəstəkardır, yaradıcılığı tutumludur, – istər opera, istər dürlü-dürlü simfoniyalar; istər fortepiano üçün, – istər çətin yaxud asan çalınan, – kefin istəyən pyeslər; istər xor, solistlər və orkestr üçün sanballı silsilələr, istərsə də romanslar, kamera ansamblları və hətta, ... orkestr üçün "Çağırtılar!" Azdırmı?
        Məmməd Quliyev haqqında yazmaq asandır: ona görə ki, onun totalitar quruluşu xatırladan yaradıcılığı və totalitar, – qələmimi deyək?
dəsti xəttimi deyək?
yazısımı deyək?
– keçmişlərin, çağdaş dövrün və, qəribə səslənsə də, gələcəyin nəbzi ilə vurur. Burada indiyədək biz bildiyimiz bütün bəstəkarlıq məktəbləri, bütün bədii axarlar və cərəyanlar, dil-üslublar, bəstəkarlıq "dəmirçi kürəsində" – yaradıcılıq təfəkküründə ağlasığmaz dərəcələrdə, ölçülərdə, uyğunluqlarda ağlasığmaz və gözlənilməz ərinti çeşidlərinə çevrilərək, yenə də onun dəmirçi zindan-çəkici vəzifəsi daşıyan qələminin ucundan yeni, eşitmədiyimiz səslənmələr və səsləşmələr, polifonik xəttlər və gözlənilməz həmahəngliklər (harmoniyalar), hətta ayrı-ayrı alətlər və orkestr bölümlərindən gözlənilməz və qeyri-adi faydalanmalar, və həmin faydalanmaların yerli-yersizliyinin məntiqi şəklində dinləyicini duyğulandırır. Özü də çoxçeşidli duyğulandırır; bircə laqeydliyə, sayğısızlığa və saymazyanalığa yer yoxdur. Onun ağırından da ağır əməyinə dodaq büzənlər də az deyil, lakin laqeydlərinə rast gəlməmişəm. Məgər bəstəkar yaradıcılığını dəyərləndirən, bəlkə də, ən başlıca me'yar bu deyilmi?
        Nəhayət, bütün yüxarıda deyilənlərin sonucunda Məmməd Quliyev haqqında yazmaq olduqca asandır. Təkcə bir şərtlə: ya onu zirvələrə qaldırmalı, ya da pisləməlisən. Hər ikisi olduqca asandır. Lakin gərəkdirmi?
        Keçək ikinciyə: "Məmməd Quliyev haqqında yazmaq çətindir"... Çətindən də çətini. Nə üçün?.. Ona görə ki, Məmməd Quliyev gözbağlıcadır. Onun dil-üslubu, dəsti-xətti haqqında indiyədək bütöv bir anlam biçimlənməyib. Bəlkə də özündən öncə gələnlərin bütün üslublarını çox mükəmməl duyub-anlayıb, lakin qeyri-adi, sırf özümlü şəkildə mənimsədiyinə görə. Və mənimsədiyindən çox özəl, tam açımı olmayan şəkildə, tam yozumu olmayan yollarla faydalandığına görə. Axı, kim nə deyirsə-desin, lakin və hətta hər bir oxşarsız, təkrarsız, lap seçmə bəstəkar belə öz içində çox gözəl anlayır ki, insaniyyətin ən öncül, ən gözəl və, eyni zamanda, ən kübar qazanclarının, bəlkə də, ən birincisi olan və sonsuzluğa doğru yüksəldikcə yüksələn, tikintisi insanlıq yaşadıqca bitməyəcək musiqi adlı Məbədin divarına hörülən və hörüləcək, olsa-olsa, yaxşı yonulmuş qaya parçasıdır. Və təkcə yazı deyil, qavrama, düşünmə və duyğulanma, yozma və quraşdırma, ən nəhayət, öncəgörmə mədəniyyətlərinin daş ıyıcısı və ötürücüsüdür.
        Məmməd Quliyev haqqında yazmaq ona görə çətindir ki, bəstəkar bütün yaradıcılıq addımlarında, gedişlərində "mövhumatçılıqdan" uzaqdır. Məhz bunun sonucunda bizim (bizimmi?) "şanlı", "ay aman, biz Avropadan (yaxud da Şərqdən?) geridə qalmışıq!" şüarı ilə vurnuxan və həmin arası kəsilməz şüar-düşüncədən arasıkəsilməz "utanan", özü də Bibliyadakı Isanın şagirdlərinin çəkdiyi əzablardan da dəhşətli əzablar çəkən "avanqardçılar" da onu bəyənmir. Niyə?<> Nə üçün? Çünki Məmməd Quliyev azad nəfəs alan sənətkardır, onun məsləki də, mənəviyyatı da, yaratdığı çeşid-çeşid əsərlər də çağdaş düşüncələri, duyğuları, yaşantıları, bəlkə də bütün Yer kürəsini zəncirləməkdə zəfər yerişi yeriyən cürbəcür və min dona düşən "izmlərdən", "yevrostandartlardan" və çox-çox digər standartlardan, basmaqəliblərdən tam azaddır. Məmməd Quliyev nə Qərbin köləsidir, nə də Şərqin, o türk dünyasının öncəgörənidir.
        Və bütün bu deyilənlərin sonucunda Məmməd Quliyev haqqında yazmaq son dərəcə çətindir, çünki öz dəsti-xətti ilə, özəl həyatı, düşüncələri, yerişi-duruşu və danışığı ilə seçilən bu insanı heç cür "gurultulu bəstəkar" adlandırmaq olmaz. Yuxarıda sadaladığımız Məmməd Quliyev intonasiyaları, Məmməd Quliyev quraşdırma və quruluşları, Məmməd həmahənglikləri və səsləşmələri, Məmməd Quliyev dramaturgiyası, – bütün bunların hamısı və hamılıqla, necə deyərlər, cığır-bağır və tozanaqlar qoparmır. Sonuncu deyimin yalnız bu günümüzlə yaşayan sənətə aidiyyəti var. Onun musiqisi, – daha doğrusu, onun arzuları isə gələcəyə tuşlanıb. Ilk növbədə öz xalqının gələcəyinə. Bu anda Yunus Imrənin sözlərini xatırlamaq yerinə düşər:
        – "Eşq oduna varmı əvəz?
        – Ona yanan "yandım!" deməz!".
        Son nəhayətdə isə deyə bilərəm ki, şəxsən mənim üçün Məmməd Quliyev haqqında yazmaq həm asandır, həm çətin. Qalmışam ikisinin arasında. Asandır, –ona görə ki, şəxsiyyətinə hörmətim var, sevimli bəstəkarımdır. Çətindir, – ona görə ki, üzərimə götürdüyüm yükün ağırlığını anlayıram. Hələ yuxarıda demişdim ki, Məmməd Quliyevin yaradıcılığı nəzəri və musiqişünaslıq baxımından heç də "ipə-sapa yatanlardan" deyil. Və bunun sonucunda onu çağdaş bəstəkar kimi qələmə vermək yalnız zövq və düşüncə dayazlığından irəli gəlir. Indiyədək Məmməd Quliyev intonasiyaları və onlardan bütöv quruluşu quraşdırma yolları haqqında sanballı yazmalar belə söylənməyib. Bunun isə bir neçə səbəbi var.
        Birincisi, M. Quliyevin musiqi mövzusu anlamının çox geniş yozumu var. Bir sıra əsərində quruluşun biçimlənməsi mikrointonasiya sayıla biləcək ən xırda səsli buğumların – seqmentlərin sıx birləşmələri səviyyəsində həyata keçirilir. Bu baxımdan onun 2001-ci il fevralın 7-də 65 illik ildönümü ilə bağlı konsertində ifa olunan VII simfoniyası daha maraqlı göstəricidir.
        Dördbölümlü, "Xəmsədən damlalar" başlıqlı VII simfoniyanın başlanğıcımı deyək? nüvəsi, toxumu, dölü, əsasımı deyək? – böyük sekunda intervalının çevrələdiyi üçsəsli gedişlərdən, – daha doğrusu, üçtonlu (səsli, pilləli) seriyadan ibarətdir. Həmin seriya və onun sonsuz saylı şəklidəyişmələri simfoniyanın "tikintisində" başlıca materialdır – desək, yerinə düşər. Ilk sayda isə bu deyim I və IV bölümlərə aiddir. Burada ayrıca vurğulanmalıdır ki, "seriya" anlamının qəti şəkildə Şönberq və onun özülünü qoyduğu Yeni Vyana məktəbinə aidiyyəti yoxdur, bəlkə də uzaq qohumluğu var. M. Quliyevin "seriyası" tam baxımsız, daha azad şəkildə cilddən-cildə düşür, daha genişmiqyaslı səviyyələrdə quruluşyaradıcı amil kimi çıxış edir.
        Yeri gəlmişkən, hər bölümün məzmun yozumu da bunun oxşarı duyğusu yaradır. Məsələn, 1-ci bölümdə "Bayquşların söhbəti" büsbütün təsvirçilikdən uzaqdır, heç bir "görüntü" belə yaratmır. Burada üçtonlu seriyadan total faydalanma sonucunda məzmunun, – Nizami "Xəmsə"sinin "bir damlasının" bəstəkar yaşantılarında əksi açıqlanır. 2-ci bölümdə isə Iskəndərlə Nüşabənin qarşıdurmasının özü deyil, qarşıdurmanın sərtliyi, gərginliyi öz əksini tapıb. Bəstəkar bu bölümdə başlanğıcda səslənən nəfəslilərin "tezisindən", altıgedişli ostinato və son dərəcə kiçildilmiş tetraxordun və zərb alətlərinin ritmik fiqurları qovuşuqluğundan böyük xalını xatırladan tikmələrini quraşdırıb. 3-cü bölüm – "Fərhad və Şirin", – simfoniyanın lirik mərkəzi də "tikmələr" yolu ilə yerinə yetirilib. Tikmə materialı kimi, ilk növbədə beşgedişli trixorddan faydalanan bəstəkar, yenə də, 1-ci bölümdəki kimi, üçtonlu seriyasını köməyə çağırıb, lakin burada həmin seriya səs xətlərinin ayrılmaz, hətta "gözə görünməz" ünsürü kimi çıxış edir. Ən, nəhayət, "Xeyir və Şər" başlıqlı, simfoniyanın amansız qarşıdurma – döyüşü andıran 4-cü bölümündə bu seriya yenə də ən başlıca, bütün bölümü öz sonsuz, – həm şaquli, həm üfqi mənada, – şəklidəyişmələri ilə çulğalayaraq "dəmir axın" görüntüsü ilə simfoniyanı başa vurur. Daha doğrusu, başa vurmur. Insanlıq yaşadıqca, Xeyirlə Şər çarpışacaq. Və bəstəkar Məmməd Quliyev həmin sarsılmaz sonucu öz bədii təxəyyülü ilə, əgər bəstəkarlıq tarixini nəzərə alsaq, neçənci dəfədir ki, bizlərə aşılamaqdadır. Lakin özümlü, oxşarsız şəkildə, özünün yeni bədii deyimləri – tapıntıları ilə. Yəqin ki, hörmətli oxucu anlayır ki, kiçik bir jurnal yazısında belə sanballı əsərlərin bütün çalarlarını araşdırmaq imkanı yoxdur. Məsələn, M. Quliyevin özəl polifoniyasının özü, həm də polifoniyanın VII simfoniyadakı yeri də tutumlu araşdırma mövzusudur. Ədəbi-bədii əsərlərin bəstəkar yozumu da ayrıca söhbətdir, özü də təkcə tutumlu əsərlər deyil, hətta ayrı-ayrı şe'rlər səviyyəsində. Nəzəri çəkən odur k i, ədəbi-bədii mövzular bəstəkarın yaradıcılığında təsvirçilikdən, görüntü yaratmaq həvəsindən uzaq, abstrakt şəkildə öz əksini tapır. Daha sonra vurğulamaq olar ki, bu "əksinitapma" gedişində mövzunun özü tam deyil, onun bəstəkar yaşantı-düşüncələrini ən artıq dərəcədə duyğulandıran ünsürü daha qabarıq, daha önəmli əhəmiyyət kəsb edir.
        Bəstəkarın ildönümü konsertində səslənənlər sırasında solistlərin iştirakı ilə xor və simfonik orkestr üçün yazılmış son illərin əsərləri də ayrı-ayrılıqda araşdırılmağa və tutuşdurulmağa layiqdirlər. Vaxtı ilə eşitdiyimiz soprano, iki fleyta, simli orkestr və royal üçün Nizami Gəncəvinin sözlərinə "Qəzəl" lirik poemasından savayı, biz daha üç kantata səpkili yaxud kantatasayağı əsərlə tanış olduq: şair Fikrət Qocanın sözlərinə bariton, soprano, xor və simfonik orkestr üçün "Dədə Qorqud diyarı" birhissəli kantatası; yenə də həmin şairin sözlərinə, "20 yanvar" şəhidlərinə həsr olunmuş metso-soprano, xor və simfonik orkestr üçün üçbölümlü "Rekviyem" və, nəhayət, böyük simli orkestrlə qarşıq xor üçün M. Fizulinin sözlərinə "Şəbi-hicran" lirik poeması. Bütövlükdə götürsək, adı çəkilənlər Məmməd Quliyevin, – VII simfoniyanı üstə gəlmək şərtilə, – son illərdə bədii axtarışları yönünün göstəricisidir. Və bütövlükdə, qısa şəkildə həmin yönün, həmin göstəricinin açımı, – əlbəttə, mənim yozumumda, – "polifonik maraq çevrəsinin genşilənməsi, seqmentasiya və mikrostrukturlardan faydalanmanın üstünlüyü və bunun sonucunda quruluşda birbaşa gəlişməyə (inkişafa) keçid". Sonuncu VII simfoniyanın hər bir bölümündə özünü daha qabarıq göstərsə də, vokal-simfonik əsərlərdə də bu yöndəki çoxsaylı gedişlərə az rast gəlmirik. Daha sonra "Şəbi-hicran" poemasında Fizuli qəzəlinin bədii və ritmik yozumunun yeniliyini vurğulamaq istərdim: burada səs polifoniyası ilə yanaşı ritmin polifoniyası kimi başlıca və çox maraqlı quruluşyaradan və biçimləyən amildən danışmaq olar. Üçbölümlü "Rekviyemdə" polifonik gediş bölümlərin keçidlərini belə şərtiləşdirir. "Dədə Qorqud diyarı"nda da bunun başqa səpgidə oxşarını görürük. Və "bir hissəli kantata" anlamı əslində "poema" kimi qavranılır.
        Ən nəhayət, bəstəkarın 65-ci ildönümündə səsdənən "Cağırtılar" quruluşuna görə mövzunun 5 şəklidəyişməsindən ibarət "piramida" görüntüsü yaradır. Şəklidəyişmələrin sıralanması "duruluqdan" (I) böyük orkestrin "əzəmətinə" (III) və daha yeni çalarda duruluğa (V) qayıdış prinsipi üzrədir. Bəstəkar həmin partituranı bizim milli radio üçün yaradıb.
        Məmməd Quliyev bu gün, yəni 65-ci yaşam ilində də, ilk dəfə onu görüb, ən sanballı ilk əsərlərindən birini, – Rasim Abdullayevin və N. Rzayevin rəhbərliyi altında kamera orkestrinin ifasında violonçel konsertini dinlədiyim zaman da, elə bil ki, eynidir, dəyişməzdir. Doğrudur, saçları ağarıb, lakin hətta ən çətin, ən tutumlu, ən gərgin əməyi sonucunda tamamlanan əsərlərinin zəfərli ifasından sonra alqışlarla qarşılanarkən üzündən eyni, bəlkə də laqeydlik və təmkin əskik olmayan, bir qədər soyuq körkəmi ilə bizə yanlış duyğu bağışlayan gözbağlıcamı deyək, yaxud onu sırf bəstəkar deyil, bəstəkarlığın memarlığla qovuşuqluğu kimi qeyri-adi, bəlkə də gələcəyin özəl olaylarından birinin ilki, yaxud elçisimi sayaq, –bu insan gündən-günə, təmkinini pozmadan, yorulmadan, yerişini yavaşıtmadan yaradır. "Yaratmaq" isə məcazı mənada Ümid və Inam deməkdir. Hər ikisi bəşəriyyətə, insanlığa gərəklidir. Ilk sayda isə xalqımıza, bizlərə və daha ilk sayda cavanlara və gənclərə. Məh z bunun üçün, yenə də ilk sayda, biz Məmməd Quliyevə minnətdar olmalıyıq.









Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70