QIYMƏTLI NƏŞR
Azər ABDULLAYEV
 

       Respublikanın mədəni həyatında mühüm hadisə baş vermişdir: 10 cildlik fundamental nəşr kimi nəzərdə tutulmuş «Azərbaycan xalq musiqisinin antologiyası»nın ilk iki cildi çapdan çıxmışdır. Belə bir irihəcmli işin nəşr olunması faktı təkcə bizim respublikamız üçün deyil, həmçinin, bütün MDB məkanı üçün diqqətəlayiqdir, çünki bu ölkələrdə onun analoqu hələ ki, yoxdur.

       Azərbaycan xalq musiqisi nümunələri xüsusi özünəməxsus lad əsasına, rəngarəng poetik forma və məzmuna malik olub, xalqımızın yaratdığı və qədim dövrlərdən bəri bizə gəlib çatmış yüksək bədii sənət əsərləridir.

       «Antologiya»nın I cildində 300-dən artıq mahnı, II cildində 170-dən çox rəqs toplanmışdır. Bunlar lirik, məişət, tarixi mahnı və rəqs janrlarına aid olub, həm solo, həm də kollektiv şəkildə ifa olunur. Qəribədir, bir çox tarixi keşməkəşlərdən çıxmış Azərbaycan xalqı öz musiqi və poetik yaradıcılığının incilərini müasir dövrə kimi necə qoruyub saxlamışdır. Bu incilər bu gün də bizi öz zəngin melodikası, janr rəngarəngliyi və xalq müdrikliyi ilə valeh edir. Burada söhbət 2 cilddə toplanmış xalq musiqisi nümunələrindən gedir. Növbəti 8 cilddə isə bir çox mərasim mahnıları, muğamlar və aşıq havaları çap olunacaq.

       «Antologiya»da xalq arasında məşhur olan və uşaqdan böyüyə kimi hər bir azərbaycanlının dilinin əzbəri olan xalq mahnı və rəqsləri toplanmışdır. «Küçələrə su səpmişəm», «Bəri bax», «Qubanın ağ alması» mahnılarını, «Vağzalı», «Uzundərə», «Şalaxo» rəqslərini kim bilmir. Bu, nəşr olunmuş xalq mahnı və rəqslərinin kiçik bir hissəsidir. Lakin qeyd etdiyimiz iki cilddə az tanınmış və hətta ilk dəfə çap olunan mahnılar da var ki, bu da folklorşünaslıq üçün çox qiymətlidir.

       Azərbaycan xalq musiqisi XIX əsrdən başlayaraq, xarici etnoqraf alimlərin, musiqişünasların və musiqi həvəskarlarının diqqətini cəlb etmişdir. Onlar keçmiş rus imperiyasının ərazisində, o cümlədən, Azərbaycanda «şərq musiqisi» nümunələrini toplamış, nota yazmış və vaxtaşırı çap etdirmişlər. Bu sahədə xüsusilə I.Dobrovolski, I.Şopen, A.Xodzko, P.Siyalski, A.Koreşenko kimi tanınmış alimlər fərqlənmişlər.

       Lakin belə bir mühüm və çətin işi Azərbaycanın böyük bəstəkar və maarifçiləri Ü.Hacıbəyov, M. maqomayev və Z. Hacıbəyov öz çiyinlərinə götürərək, onun elmi əsasını qoyurlar. Məhz onlar hələ XX əsrin əvvəllərində, lap gənc yaşlarından Azərbaycanın müxtəlif regionlarından xalq musiqisi nümunələrini mütəmadi olaraq toplamağa, onları janr və üslub xüsusiyyətlərinə görə sistemləşdirib öyrənməyə başlamışlar. 1927-ci ildə ilk xalq mahnıları məcmuəsi nəşr olundu ki, bura həmin bəstəkarların toplayıb nota yazdıqları 33 nümunə daxil idi. Sonrakı illərdə isə onların başladığı xalq mahnı və rəqslərinin toplanması və nota yazılması işini yeni bəstəkarlar nəsli – o zaman gənc olan S.Rüstəmov, T.Quliyev, Z.Bağırov və bir çox başqaları davam etdirdi, bu məqsədlə çoxsaylı ekspedisiyalar təşkil olundu.

       Keçən əsrin 60-cı illərində xalq mahnı və rəqslərinin çapı xüsusilə geniş vüsət aldı. Bu nəşrlərin əsasını Ə.Bakıxanovun, B.Hüseynlinin, Ə.Isazadənin, N.Məmmədovun və başqalarının not yazıları təşkil edirdi.

       Hazırkı «Antologiya»nın hər bir cildi professor Ə.Isazadənin maraqalı və geniş məzmunlu giriş sözü ilə açılır ki, bu da kitabdan ustifadə edən oxucuya əsil şedevrlə zəngin olan xalq musiqisinin gözəlliyini qavramağa kömək edir.

       Bu dəyərli məcmuənin müəllifləri Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və Incəsənət Institutun Xalq musiqisinin tarixi və nəzəriyyəsi şöbəsinin əməkdaşlarıdır. Şöbə müdiri, əməkdar elm xadimi, sənətşünaslıq doktoru, professor Əhməd Isazadənin başçılıq etdiyi müəllif kollektivinə musiqişünas-alimlər, bu işin əsil peşəkarları daxildir. Məcmuənin redaktoru Azərbaycan xalq artisti, Dövlət mükafatı laureatı, Milli EA müxbir üzvü, Bakı Musiqi Akademiyası bəstəkarlıq kafedrasının müdiri, professor Arif Məlikovdur.

       Biz bu məcmuəni əhatə dairəsinin genişliyinə, elmi dəyərinə görə musiqi sənətimizin əsil xəzinəsi adlandıra bilərik.

       Professor Ə. Isazadəyə xüsusi təşəkkürümü bildirmək istərdim. Böyük mədəniyyətə və qeyri-adi təvazökarlığa malik olan bu insan rəhbərlik etdiyi kollektivlə birgə heç bir maneəyə baxmayaraq, belə böyük bir işi – «Antoloqiyanın ilk iki cildi üzərindəki işini başa çatdırmağa müvəffəq olmuşdur. Məcmuə ən yüksək poliqrafik səviyyədədir.

       Istərdim ki, məcmuənin nəşrilə bağlı arzularımı da bildirim, gələcək cildlərin çapı zamanı onlar gərəkli ola bilər. Əvvəla, məcmuənin tirajı barədə: 200 nüsxə belə bir nəşr üçün çox azdır. Əgər biz xalq musiqimizin müxtəlif ölkələrin peşəkar musiqiçiləri və musiqisevərləri arasında geniş yayılmasını istəyiriksə, məcmuənin tirajı, əlbəttə ki, dəfələrlə bundan artıq olmalıdır. Ikincisi, məncə, mahnı və rəqslərin adının və poetik məzmununun rus və ingilis dillərinə tərcüməsi (sətri tərcümə də mümkündür) məqsədəuyğun olardı. Çünki musiqi ilə tanış olmaq istəyən şəxsin mahnının məzmunu haqqında da təsəvvürü olmalıdır. Rus dili MDB məkanında millətlərarası ünsiyyət vasitəsi olduğuna görə, ingilis dili isə xarici ölkələrdə daha çox istifadə edildiyinə görə «Antoloqiyaya» geniş yayılma imkanı yarada bilər. Əlbəttə, istərdik ki, bizim özünəməxsus, rəngarəng xalq musiqimiz müxtəlif ölkələrdən olan mütəxəssislərin və musiqisevərlərin, o cümlədən, bizim xaricdəki diasporamızın diqqətini daha çox cəlb etsin .

       Bu, hazırkı mürəkkəb şəraitdə çox vacibdir. Məlumdur ki, bizim qədim mədəniyyətimizi sübüt edən bir çox memarlıq abidələri, muzeylər işğal olunmuş ərazilərdə məhv edilir, adları dəyişdirilir, xalq mahnı və rəqslərimiz isə bədnam qonşularımız tərəfindən mənimsənilir. Buna görə də «Antoloqiyanın» işıq üzü görməsi mühüm patriotik və siyası əhəmiyyətə malikdir.

       Daha bir tövsiyəm də var ki, bu da məcmuədəki mahnıların ad göstəricisi ilə bağlıdır. Yaxşı olardı, lazımlı mahnı və ya rəqsi tez tapmaq üçün hər bir cildin sonunda əlifba sırası ilə ad göstəricisi verilsin.

       Sonda qeyd etmək istərdim ki, belə bir monumental işin nəşri «Azərbaycan mədəniyyətinin dostları» fondunun Prezidenti Mehriban xanım Əliyevanın yaxından köməyi sayəsində həyata keçirilmişdir. Əlbəttə ki, Azərbaycan musiqisini sevən hər bir kəs onlara öz minnətdarlığını bildirir.











Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70