YARADICILIQ...
.
 

GÖRKƏMLI TARZƏN, PEDAQOQ, ALIM



       Bu il Azərbaycan Milli Konservatoriyasının xalq çalğı alətləri kafedrasının professoru, sənətşünaslıq namizədi, görkəmli tarzən-pedaqoq, muğam bilicisi Oqtay Quliyevin anadan olmasının 65, yaradıcılıq fəaliyyətinin 40 illiyi tamam oldu.

       O.Quliyev Ağdam şəhərində dünyaya göz açmışdır. O, ibtidai musiqi təhsilini də bu şəhərdə almışdır. Onun tar ixtisası üzrə yüksək pedaqoji təcrübəyə malik müəllimləri – həm not iztisası, həm də muğam sənəti üzrə sirlərini Oqtaya məmnuniyyətlə öyrətmişlər. Və müəllimlərinin məsləhətilə o, Bakıya gəlmiş və A.Zeynallının adını daşıyan Bakı Musiqi Texnikumuna daxil olmuşdur. 4 ildən sonra həmin məktəbi fərqlənmə diplomu ilə bitirir. 1957-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində yeni kafedra – Azərbaycan xalq musiqisi kafedrası açılır. Bu kafedra iki bölmədən ibarət idi: xalq musiqisi nəzəriyyəsi və tarixi, xalq çalğı alətləri orkestrinin dirijorluq sinfi. Oqtay dirijorluq sinfini seçir. O vaxtlar bu sənət sahəsində oxuyanlar I və II kurslarda xalq çalğı alətləri ixtisası üzrə təhsil alır, III kursdan başlayaraq dirijorluq ixtisasına yiyələnirdilər. Oqtay əvvəl S.Rüstəmovun tar ixtisası sinfində iki il təhsil alır və sonrakı illərdə dirijorluq sahəsində püxtələşir və həmin sinifi müvəffəqiyyət lə bitirir. Xatırladaq ki, dirijorluq üzrə onun ixtisas müəllimi görkəmli bəstəkar və dirijor Süleyman Ələsgərov olmuşdur. O.Quliyev isə dirijorluq sinfinin ilk yetirmələrindəndir.

       Oqtay hələ gənc yaşlarından bir tar çalan kimi tanınmışdı. Belə ki, 1957-cı ildə 20 yaşında ikən bir mahir tarzən kimi Moskvada keçirilən Ümumittifaq festivalın müsabiqəsində qızıl medala layiq görülmüşdü. O zaman respublika mətbuatı – jurnal və qəzetlər, radio və televiziya vasitəsilə Oqtayla müsahibələr aparılır, o, konsertlərdə çıxışlar edir, genc ifaçının parlaq gələcəyi haqqında rəylər söylənilirdi. Oqtay respublikamızın adını Ümumittifaq miqyasda tanıtdırmışdı. O da məlum idi ki, bu müsabiqədə xalq çalğı alətləri üzrə keçmiş SSRI-nin bütün respublikalarından seçilmiş çoxlu ifaçı Moskvaya gəlib öz sənətlərini nümayiş etdirmişlər, görkəmli ixtisasçılardan düzəlmiş münsiflər heyəti hər bir ifaçıya yüksək tələblər və meyarla yanaşmış və nəticədə təkcə Oqtay qızıl medala layiq görülmüşdü.

       Əlbəttə, bu, Azərbaycan musiqisinin qələbəsi idi. Biz onun həmkarları kimi çox sevinirdik ki, bizim yaxın dostumuz belə bir yüksək mükafat alıb. Və o zaman mərkəzi künələrdə gəzintəyə çıxarkən, ictimai yerlərdə olarkən onu radio və televiziya vasitəsilə tanıyanlar Oqtaya yaxınlaşıb səmimi təbrik edir, ona xoş sözlər deyir, yeni uğurlar diləyirdilər. Biz isə, əziz dostumuz Oqtayla fəxr edir, qürur hissi keçirirdik.

       Oqtay haqqında təkcə bizim respublikamızın mətbuatında deyil, həmçinin Moskvada buraxılan «Sovetskaə muzıka» jurnalında, «Sovetskaə kulğtura» qəzetində bu festivalla bağlı xüsusi buraxılmış məcmuələrdə, kitablarda müsbət, tərifedici rəylər çap olunurdu. Bu mənada, görkəmli yazıçı Vasili Ardamatskinin «Beş ləçək» adlı kitabından bir fraqmenti tərcümədə veririk: «Sovet musiqiçisi Oqtay Quliyev qədim musiqi aləti olan tarın nəyə qadir olduğunu sənətkarlıqla nümayiş etdirdi. Münsiflər heyətinin xarici ölkələrdən olan nümayəndələri gənc sovet musiqiçisinin sinəsində dil açan tara, onu dilləndirən bu bəstəboy oğlanın məharətinə heyran qalmışdılar».

       O zaman böyük tərkibli münsiflər heyətinin bir üzvü də Azərbaycandan idi. O, görkəmli bəstəkarımız, Azərbaycan Teleradio Verilişləri şirkətinin xalq çalğı alətləri orkestrinin baş dirijoru və bədii rəhbəri Səid Rüstəmov idi. Əlbəttə, söz yox ki, hamıdan çox Oqtayın müəllimi və yetirməsi kimi Səid Rüstəmov sevinirdi. O, mətbuat səhifələrində öz yetirməsi haqqında belə yazır: «Gənc tarzən O.Quliyevin maraqlı proqramla çıxış etməsi özünün yüksək istedad sahibi olduğunu göstərməklə yanaşı, həm də xalqımızın qədim musiqi aləti olan tarın olduqca kütləviləşdiyini bar daha sübut etdi. O, münsiflər heyəti qarşısında «Orta Mahur», H.Xanməmmədovun «Konsert»ini, Ü.Hacıbəyovun «Koroğlu» operasından rəqsi çaldıqdan sonra Qlinkanın «Ivan Susanin» operasından valsı ifa etdi. Elə münsiflər heyətini də valeh edən bu klassik əsərin xalq musiqi alətində gözəl səslənməsi idi».

       Yeri gəlmişkən onu da xatırladaq ki, Ümumittifaq müsabiqəsindən uğurlar qazanan Oqtay Beynəlxalq müsabiqəyə də vəsiqə alır. Və olduqca çətin olan bu yarışdan da o, alnı açıq çıxır, Beynəlxalq mükafata da layiq görülür.

       Oqtay Beynəlxalq müsabiqədən sonra həm Azərbaycan, həm rus, həm də Qərbi Avropa bəstəkarlarının əsərlərini radio dalğalarında, mavi ekranda, açıq konsertlərdə tez-tez təfsir və təbliğ edirdi. O, məhz bu kimi proqramla ilk məşğul olan tarzənlərdəndir. Açığını deyək ki, Oqtay bu sahədə birincilərdəndir.

       Sonrakı illərdə Oqtayın müvəffəqiyyətlərindən ruhlanan gənc istedadlı tarzənlər onun bəstəkar yaradıcılığını təbliğ etmək sahəsində təqdirəlayiq işini davam etdirir, açıq konsertlərdə, mavi ekranda və radioda tez-tez çıxışlar gərc ifaçı-tarzənlər nəsli yetişir və professional bəstəkarlarının əsərlərini şövqlə təfsir və təbliğ edirlər.

       Biz onu da xatırladaq ki, hal-hazırda Milli Konservatoriyanın istər bakalavr, istərsə də magistr pillələrində tarzənlərimiz, həmçinin digər xalq çalğı alətləri ifaçıları dünya klassiklərinin, eləcə də Azərbaycan bəstəkarlarının müxtəlif janrlı əsərlərini tədris və konsert proqramlarına salır və bu sahənin inkişafı üçün raktorat və müəllim heyəti bir çox əməli işlər görürlər.

       35 il bundan əvvəl O.Quliyev indiki Bakı Musiqi Akademiyasının əlaçı məzunu kimi öz taleyini bu Ali musiqi ocağı ilə bağladı. 35 ildir ki, o, dərs deyir, elmi-metodik işlər yazır, yeni-yeni bacarıqlı tarzənlər yetişdirir. O, BMA-nın Səid Rüstəmovdan sonra ikinci professor vəzifəsini almış bir pedaqoqdur. 10 ilə yaxın bir dövrdə o, BMA-nın xalq çalğı alətləri kafedrasının müdiri kimi geniş fəaliyyət göstərmişdir.

       Elə bunu demək kifayətdir ki, Bakıda keçirilən xalq çalğı alətləri üzrə Ü.Hacıbəyov adına Ümumittifaq musabiqədə onun 6 tələbəsi və yetirmələri laureat adına layiq görüldülər. Tar ixtisası müəllimlərinin arasında təkcə O.Quliyevin ağır zəhməti və tələbkarlığı nəticəsində onun tələbə və məzunları əvvəl respublikamızda keçirilən müxtəlif mərhələli turlardan sonra müsabiqəyə buraxıldılar və hamısı laureat adını qazandılar. Söz yox ki, bu nailiyyət əsil pedaqoq üçün böyük iftixardır.

       Oqtay müəllim özünün dərs vermək metodikasını, tələbələrə aşılamaqla kifayətlənmir. O, bir neçə metodik tövsiyə və göstərişlərini, tədris proqramlarını yazıb, çap etdirmiş və bu işlər müəllimlər üçün qiymətli dərs vəsaitlərinə çevrilmişlər.

       Bunlardan başqa Oqtayın muğam ixtisası üzrə müəllimi görkəmli pedaqoq-tarzən Ə.Bakıxanovun təşəbbüsü ilə Moskvada «Melodiya» firması tərəfindən «Muğam məktəbi» seriyasını buraxdırdıqda bu işdə O.Quliyev də yaxından iştirak etmişdi. Əsas məqsəd məktəb proqramına uyğun muğamların kütləvi şəkildə öyrənilməsi idi. Iki valdan ibarət bu seriyada O.Quliyevin ifasında «Şur», «Segah», «Cahargah» dəstgahları, «Bayatı-Kürd», «Şahnaz» kimi kiçik həcmli muğamlar, «Heyratı» zərbi-muğamı daxil edilmişdi.

       O.Quliyev Azərbaycan xalq çalğı alətləri orkestrinin tarixinin də ilk tədqiqatçısıdır. O, bu təqdirə layiq işlə bir neçə il məşğul olmuş və «Azərbaycan xalq çalğı alətləri orkestri» mövzusunda dissertasiyasını Tiflisdə müdafiə etmiş və sənətşünaslıq namizədi alimlik dərəcəsini almışdır. Sonra isə onun bu mövzuda Bakıda, "Işıq" nəşriyyatında monoqrafiyası çap olunmuşdur.


       Bu mövzuya müraciət etmək niyyəti nədən ibarət idi? Hər şeydən əvvəl onu deyək ki, Oqtay sənətə tar ilə gəlmiş, əvvəl Bakı Musiqi texnikumun xalq çalğı alətləri orkestrində tarzən-solist vəzifəsini tutmuşdur. Bu kollektivdə o, 10 ildən artıq bir dövrdə çalışmış, həm dirijorlardan (S.Rüstəmov, S.Ələs-gərov, H.Xanməmmədov) çox şey öyrənmiş, həm də orkestrdə çalışan məşhur tarzənlərlə yanaşı oturan Oqtay onlardan da bəhrələnmişdir. Bununla əlaqədar Oqtay əvvəl orkestr, onun keçdiyi yaradıcılıq yolu barədə maraqlı bir dillə oxucuları cəlb edən məqalələr, resenziyalar yazmışdır. Bu iş bir növ onu böyük monoqrafiya yazılmasına səvq etmişdir.

       Monoqrafiyada müəllif keçən əsrin 30-cu illərinin əvvələrindən 80-cı illərə qədər olan dövrdə orkestrin keçdiyi yolu izləmiş, bu dövrdə yaranmış məşhur əsərlərin təhlilini vermiş, qastrol fəaliyyətindən, dinləyicilərin estetik zövqünün inkişafında orkestrin rolundan ətraflı söz açmışdır. Bu işi görmək üçün O.Quliyev mövcud olan ədəbiyyat, arxiv materiallarını, gecəli-gündüzlü öyrənmiş, kollektivdə uzun illər işləmiş muçiqiçilərlə söhbətlər aparmış, fono və foto materialları isə ona yardımcı olmuşdur.

       Nəticədə «Azərbaycan xalq çalğı alətləri orkestri» haqqında dəyərli monoqrafiya işıq üzü görmüşdür.

       Hazırda da bu əsərdən musiqişünaslar, bəstəkarlar, ifaçılar, orta və ali musiqi məktəblərinin müəllim və tələbələri faydalanır, özləri üçün çox şey əxz edirlər.

       Məncə, artıq çoxdan vaxtı çatmış bir məsələni qeyd etmək istərdim. Məlumdur ki, Ü.Hacıbəyovun təşəbbüsü ilə yaranmış indiki S.Rüstəmov adına xalq çalğı alətləri orkestri bütün şərq aləmində ilk kollektivdir. Bu kollektivin haqqında 2000-ci ilə qədərki yaradıcılıq dövrünü əhatə edən bir monoqrafiya mütləq olaraq latın əlifbasında Azərbaycan dilində, rus və ingilis dillərində çap olunub xarici ölkələrə göndərilməlidir. Bu təqdirəlayiq və bu günümüz üçün vacib olan bir işdir. Bu vasitə ilə 72 yaşlı kollektivin təşəkkülü və inkişaf yolu barədə məlumatlarla xarici ölkə oxucuları yaxından tanış olar, bizim milli musiqimizin yüksək səviyyəliyi də əməli işlə sübuta yetirilər.

       Belə bir monoqrafiyanın ərsəyə gəlməsi üçün bilavasitə O.Quliyevə sifariş verilməlidir.

       Yeri gəlmişkən, biz onu da qeyd edək ki, O.Quliyevin pedaqoji fəaliyyətinə qiymət verən Türkiyə Universitetləri onu 90-cı illərdə ölkəyə dəvət edirlər. O, Trabzon Universitetini seçir. Və 1994-2002-ci illərdə o, Trabzon şəhərindəki Qara Dəniz Texnik Universitetində professor vəzifəsində çalışmışdır. O, bu illər ərzində Universitetin musiqi fakültəsində tar sinfini açmış, bacarıqlı ifaçılar yetişdirmişdir. Bundan başqa o, solfecio, musiqi tarixi, orkestrə aid fənləri böyük həvəslə tələbələrə aşılamışdır. Onun yetişdirdiyi tələbələr arasında bakalavr, magistr dərəcəsi alan istedadlı, kamil ifaçılar var. Hazırda belə ifaçılar öz müəllimlərinin təcrübəsinə və metodikasına əsaslanaraq Universitetdə dərs aparırlar.

       Bunu demək kifayətdir ki, Türkiyənin musiqi mütəxəssisləri dövri tətbuatda dərc etdirdikləri yazılarda O.Quliyevin çoxşaxəli fəaliyyətini, müəllim kimi əməyini yüksək qiymətləndirir, onun professor-müəllim, tələbə heyəti arasında böyük hörmət və nüfuza malik olmasını xüsusi vurğulayırlar.

       Heç də təsadüfi deyil ki, Türkiyədə çap olunmuş «Musiqi egimimi bölümü məzunları» kitabında (Trabzon, 1997) onun tələbələri, sevimli müəllimi professor O.Quliyev haqqında ürək sözlərini belə ifadə etmişlər: «Musiqi bölümünə gəldiyiniz ilk zamandan bizləri tar deyilən bir alətlə tanış etdiniz. Bundan çox məmnun olduq. Müəllimlərimizin verdiyi konsertlərdə çaldığınız əsərlər, o cümlədən Azərbaycan və Türk xalq mahnıları Sizin ifanızda başqa bir gözəllik qazanırdı. Bizləri hər zaman heyran qoyurdunuz. Azəri xalqının istiqanlılığını, insanpərvərliyini, gözəlliyini Sizinlə tanıdıq, duyduq. Sizləri çox sevirik və əsla unutmayacağıq. Yapdığınız və bizdən sonra yapacağınız hər şey üçün Sizə təşəkkür edirik».

       Keçən ildən O.Quliyev Vətənə qayıdıbdır. O, hal-hazırda Milli Konservatoriyada tar ixztisası sinfi üzrə professor vəzifəsində çalışır. Artıq Milli Konservatoriyada bir neçə tələbə və magistr O.Quliyevin sinfində təhsil almaq üçün rektorata ərizələr də vermişlər. Bu onu göstərir ki, Oqtayın bir müəllim kimi yüksək professionallığını, təcrübəsini, tələbəyə olan qayğıkeşliyini indiki gənc nəsil də yaxşı bilir, ona inanır ki, bundan sonra da hərtərəfli biliyə, çalğı texnikasına malik istedadlı tarzənlər yetişdirəcəkdir.

       Biz də inanırıq ki, yüksək istedada malik, bacarıqlı müəllim, professional tədqiqatçı-alim O.Quliyev harada çalışarsa-çalışsın o, öz əməyini, təcrübəsini, biliyini, müəllimlik metodikasını heç bir tələbədən əsirgəməyəcək.

       Oqtay Quliyevə bundan sonrakı həyat yolunda, pedaqoji-metodik fəaliyyətində möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik və uzun ömür diləyirik.

Ramiz ZÖHRABOV


IFAÇILIQ SƏNƏTIMIZIN UĞURLARI



       Ötən əsrin 20-ci illərinin əvvəlində Ü.Hacıbəyov yazırdı: «…Azərbaycan türkləri ümumi musiqini elm və sənətimizdə öyrənməlidirlərmi, yoxsa buna heç bir ehtiyac hiss edilməyib, yalnız Şərq musiqisi ilə iştiğal etmək kifayətmiş? Digər ibarə ilə biz Azərbaycan türklərinə «Ala franğa» yaxud bizlərdə «Yevropeyski» deyilən musiqini də öyrənmək lazımdırmı?

       Bəli, lazım və vacibdir; yəni o gədər vacibdir ki, bizim öz musiqimizin tərəqqisi bundan asılıdır… Ümumi musiqi sənəti bizim də aramızda intişar taparsa, o halda biz mədəniyyətin hər bir qismində iştirak etmiş olarıq… Bizim aramızda ümumi musiqi sənəti tərəqqi taparsa, bizim də xalq özündə musiqiyə olan bütün istedadını aləmə göstərməyə qadir olar. Bizlərdən də kompozitorlar, pianistlər, artistlər əmələ gəlməklə biz də öz mədəniyyət borcumuzu insaniyyət bazarına çıxara bilərik …» (Vəzifeyi – musiqiyyəmizə aid məsələlər – «Sənayei-nəfisə» jurnalı, 1921, ¹ 1).1

       Bəstəkarlıq və ifaçılıq sənətimizin bu gün gəlib çatdığı peşəkarlıq səviyyəsi, milli musiqimizin əldə etdiyi uğurlar baxımından, «kompozitorlar, pianistlər və artistlərimizin» beynəlxalq miqyasda tanındığı və geniş şöhrət qazandığı bir şəraitdə 80 il bundan əvvəl dahi Üzeyir bəyin böyük problem kimi irəli sürdüyü məsələlərin çoxdan öz həllini tapdığını və sənət korifeyimizin arzularının gerçəkləşdiyini, həqiqətən də «öz mədəniyyət borcumuzu insaniyyət bazarına çıxardığımızı» fəxrlə qeyd edə bilərik. Üzeyir Hacıbəyovun bu barədə yazdıqlarını xatırlamağım isə «Kapellhaus» Alman-Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən konsertlərdən biri ilə bağlı idi. Həmin axşam konsert zalının səhnəsində üç ifaçımız dinləyicilər qarşısında bir növ yaradıcılıq hesabatı ilə çıxış edirdi. Bakının son vaxtlar böyük canlanma ilə səciyyələnən musiqi həyatında növbəti tədbirlərdən biri olan bu konsert bir neçə maraqlı cəhəti ilə diqqəti dəlb edirdi. Həmin axşam dinləyicilər qarşısında çıxış edən musiqiçilər – fleytaçı, əmək dar artist Müzəffər Ağamalızadə, violaçı Tofiq Aslanov və pianoçu Əfqan Salayev həm solist, həm ansambl iştirakçısı kimi öz məharətini bir daha nümayiş etdirirdi. Bu musiqiçilərin sənət yolu püxtələşib inkişaf etmək üçün zəruri olan bütün mərhələlərdən keçib. Onların hər üçü Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) yetişdirməsidir. Tofiq Aslanovun ifaçılıq fəaliyyəti Dövlət Estrada Orkestrindən başlayıb, daha sonra Dövlət Simfonik Orkestrində və Kamera Orkestrində davab edib; Müzəffər Ağamalızadə opera və balet teatrının orkestrində, daha sonra Dövlət Simfonik orkestri və Kamera orkestrində çalışıb.Əfqan Salayev Q.Qarayev adına Kamera orkestrinin direktoru olub.


       Hər üçü bu günə kimi pedaqoji fəaliyyətlə də məşğul olur: professor T.Aslanov hazırda BMA-da simli alətlər və kamera ansamblı kafedralarında M.Ağamalızadə nəfəs və zərb alətləri kafedrasında, Ə.Salayev isə ixtisas fortepiano kafedrasında çalışırlar. Nəhayət, hər üç musiqiçi Azərbaycan ifaçılıq məktəbinin beynəlxalq miqyasda ləyaqətli təmsilçisi olmuşdur. M.Ağamalızadə və T.Aslanov hələ ötən əsrin 70-ci illərində Əlcəzairdə ifaçı və müəllim kimi fəaliyyət göstərmişlər; 90-cı illərdə isə onların da, Ə.Salayevin də yaradıcılığı qardaş Türkiyə ilə bağlı olmuşdur: M.Ağamalızadə Bilkənt Universitetinin orkestrində işləmiş, sonra isə müəllimlik etmişdir. T.Aslanov və Ə.Salayev isə Türkiyənin Edirne şəhərində işləmişlər.

       Hər üç musiqiçi keçmiş Sovet ölkəsinin müxtəlif şəhərlərində də, uzaq xaricdə də dəfələrlə qastrol konsertləri ilə çıxış etmişlər.
       Sadaladığım quru faktlar əslində bu musiqiçilərdən hər birinin bütöv bir yaradıcılıq ömrünün mərhələləri, sənət həyatının səhifələridir. Onların indiyədək keçirdiyi həyəcanları, onlarca uğurlu konsertdən sonra yaşadıqları sevinc və fərəh hissini, görkəmli dirijorlarla əməkdaşlıqdan, dünyanın tanınmış ifaçıları ilə yaradıcılıq təmasından və ABŞ-dan tutmuş Avropa və Afrikanın müxtəlif ölkələrinədək yayılmış geniş bir məkanı əhatə edən coğrafiyası ilə heyran qoyan qastrol səfərlərindən aldıqları təəssüratı sözlə ifadə etmək mümkün deyil.

       Bütün bü sənət uğurları bir də ona görə qiymətlidir ki, bunlardan hər biri təkcə ayrılıqda hər bir ifaçının deyil, bütövlükdə Azərbaycan ifaçılıq məktəbinin yaradıcılılıq müvəffəqiyyəti, milli musiqimizin dünya səviyyəsində əldə etdiyi peşəkarlıq səviyyəsinin təsdiqidir… "Kapellhaus"dakı konsert zamanı istər-istəməz fikrimdən gəlib keçənlər diqqətimi musiqidən bir neçə dəqiqəliyə ayırıb, yenidən konsert zalına qaytardı. Səslənən musiqi ağzınadək dolu olan zaldakı başqa dinləyiciləri də xəyallara qərq etmişdi. Bax, Mosart, Veraçini, Lekler, Morlakki, Alyabyev, Şopen, Qodar, Debüssi, Dvarionasın əsərlərini təqdim edən musiqiçilər həm solo ifaçısı, həm ansambl üzvü kimi çıxış edirdilər. Ifaçının çalğı alətinin səs palitrasına nə dərəcədə bələd olmasını üzə çıxaran, eyni zamanda ondan ən yüksək texniki hazırlıq, incə zövq, mükəmməl üslub duyğusu, bir sözlə, kamil sənətkarın malik olduğu əsl ustalıq, peşəkarlıq tələb edən əsərlərin ifası həqiqətən də bu peşəkarlığı nümayiş etdirirdi.

       Baxın «Adajio»su, Veraçininin «Larqo»su, Dvarionasın «Variasiyalar»ı (T.Aslanov), Morlakkinin «Isveçrə təranələri», Alyabyevin «Bülbül»ü, Qodarın «Vals»ı (M.Ağamalızadə), Baxın «Tokkata və fuqa»sı, Şopenin cis-moll Noktürnü, Debüssinin Prelüdü (Ə.Salayev) məhz belə təsir bağışladı. Ifa olunmuş ilk əsər – Leklerin D-dur Sonata-Triosu və konsertin yekun akkordu kimi səslənən Mosartın 7 saylı Es-dur Triosu isə onların simasında bir-birinə alışmış və instrumental üçlük kimi təsdiqini tapmış ahəngdar ansamblımızın - instrumental trionun çox gözəl «formada» olduğunu nümayiş etdirdi.

       Konsert zamanı dinləyici auditoriyasının ifa olunan əsərlərə «canlı» reaksiyasını xüsusi qeyd etmək istərdim. Həmin axşam "Kapellhaus"a gələnlər içərisində tanınmış bəstəkar, ifaçı və musiqişünasları, yazıçı və jurnalistləri görmək olardı. Eyni zamanda, konsertə çoxlu həvəskar da toplaşmışdı. Və bu rəngarəng auditoriya özünün musiqi dinləyiçisi kimi yaxşı təcrübəyə, zövqə, səslənən musiqini incəliklərinədək başa düşüb ayırd etmək qabiliyyətinə malik olan çox hazırlıqlı bir auditoriya olduğunu büruzə verirdi. Şübhəsiz ki, bu da ilk növbədə, ifaçılıq sənətimizin yüksək səviyyədə olduğunun daha bir təzahürüdür, belə ki, inkişaf etmiş musiqi mədəniyyəti olmadan belə bir dinləyici auditoriyasını qazanmaq, tərbiyə etmək mümkün olmazdı. Bunları düşündükcə, yenə də Üzeyir bəyin sözlərini xatırlayırdım: «…Ümumi musiqi sənəti bizim də aramızda intişar taparsa, o halda biz mədəniyyətin hər bir qismində iştirak etmiş olarıq… Ümumi musiqi sənətini dəxi öyrənərsək, alim mus iqişünaslarımız, musiqarlarımız, orkestrlərimiz və opera artistlərimiz də olmaqla, mədəniyyətin sənayei-nəfisə qismində dəxi iştirak etmiş olarıq». Bəli, artıq arzu olunan həmin zamana gəlib çatmışıq. Bu gün haqqında söz açdığımız musiqiçilərə – bu zamanın yetişdirmələri, müasir Azərbaycan musiqiçisinin ən gözəl cəhətlərini öz simasında təcəssüm etdirən ifaçılara yeni sənət uğurları arzulayırıq.

ƏDƏBIYYAT:

       1. Sitat «Üzeyir Hacıbəyov. Seçilmiş əsərləri» kitabından götürülmüşdür. – Bakı, 1985, s.174-175.

Şəhla MAHMUDOVA




HƏYATI DUYĞULARLA GÖRƏN SƏNƏTÇI



       Müasir tar ifaçılığı sənətinin istedadlı nümayən-dələri öz sələflərinin ənənələrini yaşadaraq, layiqincə davam etdirirlər. Onlardan incə qəlbçi tarzən, pedaqoq, bəstəçi, bacarıqlı təşkilatçı Murtuz Mehdiyevin də adı hörmətlə çəkilir.

       Murtuz Mehdiyev 1943-cü il oktyabrın 5-də Tərtər rayonunun Düyərli kəndində anadan olmuşdur. Musiqi fəaliyyətinə gec başlasa da, onun bu sahədə qabiliyyəti uşaqlıqdan özünü birüzə verir. Murtuz Mehdiyev nəql edir ki, ilk dəfə tütək çalmağa səy etmiş və həmin alətdə bir neçə melodiyanın ifasını öyrənmişdir.

       Dünya işığını qəlbində hiss edən bu insan Bakıya gələrək 1958-66-cı illər ərzində Respublika üzrə kor uşaqlar üçün orta internat məktəbində təhsil almışdır.


       O, bu haqda belə deyir: «Mən ilk dəfə tar çalmağı 1959-cu ildə orta məktəbdə oxuyarkən yuxarı sinif şagirdi olan Lətifov Bahadurdan öyrənmişəm. Orasını da qeyd edim ki, bu şəxs mükəmməl texniki ifaçılıq imkanlarına malik idi. Mən o dövrdə şagirdlərdən ibarət heyət yığıb ansambl düzəltmişdim. Demək olar ki, təşkil etdiyim bu ansambl məktəbin ictimai tədbirlərində həvəslə çıxış edirdi. Məndə olan tar çalmaq həvəsi 1963-cü ildə Bakı xalq konservatoriyasına gətirdi. Və bıranı 1965-ci ildə bitirdim. Xatırladım ki, Xalq Konservatoriyasında ixtisas müəllimim gözəl sənətkar, tarzən Kamil Ibrahimov olmuşdur.

       Murtuz sənətdə ilk addımlarından istedadlı tarzən kimi 1960-cı illərdə korlar mədəniyyət evində ansambl dərnəyi aparan görkəmli peda-qoq, tarzən, bəstəkar, respublikanın əməkdar artisti Adil Gəray Məmmədbəylinin diqqətini cəlb edir. 1965-ci ildə həmin kollektivin tərkibində, o, Gürcüstana qastrol səfərinə gedir. Murtuz Mehdiyev burada solo konsert proqramına daxil etdiyi R.Laqidzenin «Tbilisi haqqında mahnı»sını ifa edir. Konsertdə uğurlu çıxışına görə tarzən Gürcüstan korlar cəmiyyətinin fəxri-fərmanına layiq görülür. Beləliklə, Murtuz Mehdiyev 1966-cı ildə orta məktəbi bitirərək Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akakdemiyası) xalq çalğı alətləri şöbəsinin tar sinfinə qəbul olunur. Onun tar ixtisası üzrə müəllimi görkəmli bəstəkar, dirijor, respublikanın xalq artisti, professor Səid Rüstəmov idi. 1971-ci ildə isə o, təhsilini uğurla başa çatdırır.

       Murtuz Mehdiyev ali təhsil illərində sənətin sirlərinə daha dərindən yiyələnir. O, konservatoriyada sevimli müəllimimiz, Səid Rüstəmovun sinfində musiqi dünyagörüşünu genişləndirmiş, ifaçılıq mədəniyyətini, bəstəkar əsərlərinin təfsir xüsusiyyətlərinin, çalışqanlığı və istedadı sayəsində dərindən mənimsəmişdir. Elə təkcə onu demək kifayətdir ki, o, «xüsusi yazı» və eşitmə ilə Ü.Hacıbəyov, A.Zeynallı, S.Rüstəmov, H.Xanməmmədov, S.Ələsgərov, V.Adıgözəlov, xarici bəstəkarlardan M.Qlinka, P.Çaykovski, V.Mosart, N.Budaşkin və başqaları-nın əsərlərini tədris prosesində müvəffəqiyyətlə öyrənmiş, unudulmaz müəlliminin təşəkkürünü qazanan tələbələrdən biri olmuşdur. Indi də solo konsertlərində, Murtuz Mehdiyev bəstəkar əsərlərini yeri gəldikcə təbliğ edir.

       Konservatoriyada təhsil aldığı illərdə Murtuz Mehdiyev o zaman Azərbaycan Dövlət filarmoniyasında görkəmli tarzən, virtuoz ifaçı, respublikanın xalq artisti Hacı Məmmədovun yaratdığı ifaçılıq studiyasının üzvülüyünə müsabiqə yolu ilə qəbul edilir. O, burada Hacı Məmmədovun ifaçılıq sirlərini, çalğı manerasını birbaşa öyrənmək imkanına malik olur. Bu ünsiyyət Murtuz Mehdiyevin bir muğam ifaçısı kimi yetişməsinə, püxtələşməsinə böyük təsir göstərir. Qeyd edək ki, Murtuz Mehdiyev keçmiş muğam müəllimlərindən Əyyub Babayevin adını da iftixarla çəkir (o, muğam ifaçılığımızın görkəmli xadimi, respublikanın xalq artisti Əhməd Bakıxanovun tələbəsi olmuşdur).

       Murtuz Mehdiyev 40 ilə yaxın ifaçılıq dövründə aşağıdakı istiqamətlərdə fəaliyyət göstərmişdir. 1) solo-ifaçı; 2) ansambl rəhbəri; 3) müəllim; 4) bəstəçi; 5) təşkilatçı və s. Təbii ki, bu yaradıcıllıq sahələri Murtuz Mehdiyevin qabiliyyət diapazonunun genişliyinə dəlalət etsə də, o, sözsüz ki, ən öncə peşəkar tarzəndir. Tarzənin 1968-ci ildən bu günə qədər Azərbaycan televiziya və radio şirkətinin fonduna «Orta segah», «Şur», «Orta mahur», «Xaric segah», «Bayatı-Şiraz», 1980-cı illər ərzində «Rast», «Çoban bayatı» muğamlarının lent yazıları daxil edilmişdir. Və bu muğamlar vaxtaşırı radio dalğalarında səsləndirilir. Onun muğam ifaçılığını dinləyərkən belə qənaətə gəlirsən ki, ifaçı məzmunla formanı ustalıqla uzlaşdırır. O, muğamlarımızın zəngin mənbəyin-dən yaradıcılıqla istifadə edir. Eyni zamanda, muğamlarımızın ifaçılıq ənənələrini zənginləşdirən sənətkarlardan bəhrələnərkən şablona yol vermir. Yəni ustadlarımızın ənənəsinə əsaslanaraq muğama öz ifaçılıq münasibətini ön plana çəkir. Murtuz M ehdiyev klassik muğam ifaçılıq xüsusiy-yətlərini dərindən mənimsəmiş bir musiqiçidir. O, klassik muğamlarımızı ifa edərkən hər şeydən əvvəl dinləyiciləri, xalq musiqiçiləri arasında deyildiyi və ifadə edildiyi kimi «Şirin barmaqlar»ın sehrinə sala bilir. Bunlarla yanaşı Murtuz Meh-diyevin ifaçılığına virtuozluq xüsusiyyətləri də xarakterikdir. Məsələn, o, «Xaric segah» muğa-mında «yanıqlı» ifa tərzi nümayiş etdirirsə, «Orta mahur» muğamını isə özünəməxsus virtuozluqla ifa edir.

       Tarzənin maraqlı ifalarından biri də, fikrimizcə, onun lentə aldırdığı «Çoban bayatı» muğamıdır. «Çoban bayatı»nın ifa xarakteri tarzəndən güclü biləng, möhkəm iti barmaqlar, alt mizrab ştrixinin intensiv işlədilməsi və bir də güclü emosional hisslər tələb edir. Sadaladığımız bu keyfiyyətləri tarzən yüksək peşəkarlıqla interpretisiya etməklə həmin muğama eyni zamanda fərdi ifa tərzi ilə yanaşmışdır. Məlumdur ki, «Çoban bayatı» muğamının tar instrumental variantı ilə bərabər tütəkdə çalınma variantı mövcuddur. Adından göründüyü kimi bu muğam çobanların məişətində səslənən melodiyadır. Bu melodiya tütəyin səs prinsiplərinə uyğun olduğuna görə onda daha orijinal və təbii səslənir. Murtuz Mehdiyev hər iki variantı öz ifaçılığında birləşdirərək tütək variantına üstünlük vermişdir. Yəni tütəkdə olan muğam nəfəslərini tarın imkanlarına yaxınlaşdıraraq, muğama tarda yeni boyalar və rəngarəng səs tembrləri daxil edir. Nəticədə tarzənin ifa etdiyi bu muğam yeni interpretasiya səciyyəsi alır.

       Murtuz Mehdiyevin solo ifaçılıq fəaliyyəti həm də keçirilən müsabiqələrdə iştirakı ilə bağlıdır. Qeyd edək ki, ifaçılıq müsabiqələri sənətin ahəngdar inkişafına baxış olmaqla bərabər, ifaçının ustalığının artmasını, dinləyicilər qarşısında məsuliyyətini artırır.

       Belə müsabiqələrdən biri 1998-ci ildə Bakıda keçirilən əlillərin Respublika müsabiqəsi olmuşdur. Murtuz Mehdiyev bir ifaçı kimi 1-ci dərəcəli diploma – laureat adına layiq görülmüşdür. Bu qəbildən olan ikinci yaradıcılıq imtahanı 2002-ci ildə Moskva şəhərində «Filantrop» adlı beynəlxalq qurumun baxışında olur. Mötəbər komissiyadan ibarət olan üzvlər Murtuzun ifaçılıq və yaradıcılıq qabiliyyətinə (o, müsabiqədə həm bəstəkar, həm mətn müəllifi kimi də iştirak edirdi) müsbət qiymət verir. O, 2004-cü ildə dünya əlillərinin yaradıcıllıq festivalında iştirak etmək təklifini alır.

       Murtuz Mehdiyevin bir pedaqoq, təşkilatçı kimi də kollektiv arasında layiqli nüfuzu vardır. Pedaqoji fəaliyyətinin əsas hissəsi Azərbaycan Korlar Cəmiyyətilə bağlıdır. O, 1965-80-cı illərdə cəmiyyətin müxtəlif təşkilatlarında, müəllim, orkestr, ansambl rəhbəri kimi çalışmış onun mədəni kütləvi tədbirlərində yaxından iştirak etmişdir. Nəhayət, cəmiyyətin nəzdində 1980-cı ildə ixtisaslaşdırılmış musiqi məktəbi açılır və Murtuz Mehdiyev məktəbə müdir təyin edilir. Xatırladaq ki, 1993-cü ildən bu təhsil ocağının 38 saylı musiqi məktəbi kimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı şəhər mədəniyyət idarəsinin sərəngamına keçirilməsi onun gələcək fəaliyyətinə geniş imkanlar açır.


       Cəmiyyətdə ilk ali musiqi təhsili almış kadr kimi Murtuz Mehdiyevin bir təşkilatçı, müəllim olaraq fəaliyyətinin səmərəsi onda olmuşdur ki məktəbin bir neçə məzunu ali musiqi təhsili almışdır. Belə məzunlar sırasında Əsab Əliyev (Respublika müsabiqəsi laureatı), Əliyusif Imaməliyev (Respublika müsabiqəsi laureatı), Qorxmaz, Arif Nəcəfov qardaşları və digərlərini göstərə bilərik. Onun gördüyü işlər Bakı Icra Hakimiyyətinin rəhbərliyi və onun Mədəniyyət idarəsi tərəfindən daim razılıqla qarşılanır. Bunu biz tanınmış ifaçı, dirijor, əməkdar incəsənət xadimi, Bakı şəhər mədəniyyət idarəsinin rəisi Həsənağa Qurbano-vun ona təqdim etdiyi fəxri fərman və teleqram-larında görə bilərik. Respublikanın əlamətdar günlərində Bakı şəhər icra hakimiyyətinin başçısı, Hacıbala Abutalıbovun Murtuz müəllimə göndərdiyi şəxsi təbrik teleqramları isə onun nə qədər lazımi diqqətə layiq olduğuna dəlalət edir.

       Murtuz Mehdiyevin pedaqoji fəaliyyətinin paralel olaraq 15 ili Bakı Musiqi Akademiyası ilə bağlıdır. O, bu illərdə bəstəkarlıq və nəzəriyyə kafedrasının tələbələrinə muğamları praktik surətdə tədris etmişdir. Onun tələbələri sırasında indi tanınmış sevilən bəstəkarlardan əməkdar incəsənət xadimi Cavanşir Quliyev, Eldar Mənsurov, Rahilə Həsənova, Elnarə Dadaşova, Zabitə Məmmədova, Nazim Mirişli, Nadir Əzimov, Rəna Qədimova, Nazim Qəmərlinski və başqalarının adını çəkə bilərik.

       Onun ansambl rəhbəri kimi də fəaliyyəti önəmlidir. Murtuz Mehdiyev məktəbə başçılıq etdiyi vaxtdan burada xalq çalğı alətləri ansamblı yaradır. Həmin ansamblın üzvləri məktəbin keçmiş məzunları, eləcə də orada təhsil alan şagirdlərindən təşkil olunmuşdur. Ansamblın uğurlarından biri təzə yarandığı vaxtlarda cəmiyyətdə keçirilən müsabiqənin (1982-ci il) qalibi olmasıdır. Daha sonra Murtuz Mehdiyev 1985-ci ildə məktəbdə Üzeyir Hacıbəyovun 100 illiyinə həsr edilmiş yubiley tədbirinə, məktəbin 5 illiyinə həsr olunmuş tədbirlərə görkəmli bəstəkar, xalq artisti, professor S.Ələsgərovu dəvət edir. Və ansamblın çıxışları, məktəbdə görülən işlər S.Ələsgərov tərəfindən yüksək qiymətləndirilir. Nəzərə çatdıraq ki, bura spesifik kollektiv olduğuna görə ansambl yaratmaq heç də asan məsələ deyil. Tək solo ifa etmək asandırsa 15-20 üzvlü spesifik kollektivdə musiqiçiləri birlikdə idarə etmək bir qədər çətindir. Xüsusilə ifanın başlanğıcında. Murtuz Mehdiyev bunlar üçün xüsusi bir yolla – ansambl üzvlərinin bi rlikdə başlanması üçün asta nəfəs alaraq ansamblın başlamasına işarə edir. Məhz bu metod Murtuz Mehdiyevə məxsusdur.

       Ansambl 1993-cü ildən «Duyğu» adı ilə fəaliyyət göstərir. Uğurlu çıxışlarına görə «Duyğu» ansamblı Respublika Mədəniyyət Nazirliyi tərəfindən xalq kollektivi adına layiq görülmüşdür.

       Yubilyarın bəstəçilik fəaliyyətindən danışarkən onu demək olar ki, o, hələ musiqi ilə məşğul olduğu qısa bir müddətdən sonra melodiyalar bəstələməyə həvəs göstərir. Onun bəstələmələrindən «Mübarək olsun» (sözləri Emil Mehdiyevindir), «Bakı haqqında mahnı» və başqa mahnıları (sözləri Əli Tudənindir) xalq artisti, professor Arif Babayev, əməkdar artist Nisə Qasımova, Məhəb-bət Kazımov kimi sənətkarlar öz konsert proqra-mına daxil edib, onları efirdə səsləndirmişlər. «Bakı haqqanda mahnı» isə 1969-cu ildə Zaqafqaziya uşaq mahnıları festivalında əməkdar incəsənət xadimi Əfsər Cavan-şirovun rəhbərlik etdiyi «Bənövşə» uşaq xorunun ifasında səslən-dirilmişdir. Solist hazırda gözəl müğənnimiz Nisə Qasımova idi. Bəstəçilik fəaliyyətinin göstəriçiləri tək konsert repertuarı kimi deyil, eyni zamanda onların müsabiqələrdə istifadə edilməsidir. Murtuz Mehdiyev mahnı müəllifi kimi «Qönçə» 2002-ci il müsabiqəsində Bakı şəhəri mədəniyyət idarəsi tərəfindən fəxri fərmanla təltif olunmuşdur.

       «Duyğu» ansamblının ifasında Murtuz Mehdiyev 10-a qədər «Rast», «Şur», «Segah», «Bayatı-Kürd» muğam rəngləri, 12-yə qədər mahnıları radionun fonotekasında saxlanılır. Ümumiyyətlə o, «Bayram süitası»nın (xalq çalğı alətləri orkestri üçün), 15-ə qədər muğam rənglərinin, tar ilə fortepiano üçün pyeslərin, 50-yə qədər mahnıların müəllifidir. Hətta bir çox mahnılarının mətnini müəllif özü yazmışdır. Bunlardan: «Həydər baba» (mahnı möhtərəm prezidentimiz Həydər Əliyev cənablarına həsr edilmişdir), «Gənc məktəblilər marşı», «Səfərbərlik», «O may günü», «Vətən» mahnıları diqqətəlayiqdir. Habələ Azərbaycan şairlərinin sözlərinə yazılmış: «Payız» (sözləri N.Xəzrinindir), «Neyçün» (sözləri B.Vahabzadənindir), «Qışın sovqatı» (sözləri Ə.Ziyatayındır), «Qızlar» (sözləri Kərim Faiqindir), «Axtar məni» (sözləri O.Hacıyevanındır) mahnılarını göstərə bilərik.

       Murtuz Mehdiyevin müxtəlif muğamlar üzərində bəstələdiyi rənglər, mahnılar, rəqslər mütamadi olaraq televiziya ekranlarında, efir dalğalarında səsləndirilir (eyni zamanda «Duyğu» ansamblı Azərbaycan bəstəkarlarının əsərlərinin təbliqli sahəsində həvəslə çalışır). Onun bəstələmələrində vətən məhəbbəti, gözəllik, mərdlik, səmimi duyğular kimi xarakterlər önəmli yer tutur. Onun bəstələmələri yadda qalan, gözəl melodiyalar, ritmik boyalar, ahəngdarlığı ilə diqqəti cəlb edir.

       Murtuz Mehdiyevin melodiyalarında cəlb edilən cəhətlərdən biri də odur ki, o, Azərbaycan muğam sənətinin lad qanunauyğunluqlarını intuitiv olaraq dərindən duyur. Murtuz Mehdiyev hər bir melodiyasında musiqimizin milli lad səciyyəsinə, incəliyinə, ritmik xüsusiyyətlərinə əsaslanır. Sonda onu da deyək ki, indiyə qədər onun fəaliiyəti, yaradıcılıq istedadı bir çox məqalə, kitablarda işıqlandırılmışdır. Onun haqqında «Sarı simin işığı» adlı sənədli film çəkilmişdir (rejissor tanınmış sənətçi Xalis Muradovdur).

       M.Mehdiyevin 60 yaşı tamam olur. Onun qəlbi həmişə olduğu kimi yaradıcılıqla döyünür. Biz yubilyarı təbrik edərək ona yeni yaradıcılıq nailiyyətləri arzulayırıq.

       Məqalənin sonunda tanınmış şair Kərim Faiqin «Murtuzun tarı» adlı şerini dərc etməklə Murtuz Mehdiyevin 60 illik yubileyini bir daha təbrik edirik.

Kərim Faiq
Murtuzun tarı
Qəlbi əfsunlayır, hər səslənəndə
Sanki sehrkardı Murtuzun tarı
Dilsizə dil verir, həvəslənəndə
Sahib-ixtiyardı Murtuzun tarı.

Bülbül sevdası var hər çalarında
Zəhmət dünyası var hər çalarında
Dərin mənası var hər çalarında
Fərəh, iftixardı Murtuzun tarı.

Hər dilsiz pərdənin öz ahəngi var
Şikəstə, bayatı, segah, cəngi var
Hər simin özünəməxsus rəngi var
Elə bil bahardı Murtuzun tarı.

Vaxt olur köksündə çaylar çağlayır
Leyli nalə çəkir, Məcnun ağlayır.
Göydə uçan quşlar qanad saxlayır,
Bəli, belə tardı, Murtuzun tarı.

Onda məhəbbətin xoş sevdası var
Oğul məğrurluğu, qız ədası var,
Can qədri bilənə, can fədası var,
Belə lütfkardı, Murtuzun tarı.

Mahnılar müxtəlif, sətr-sətrdi,
Hər telin ahəngi bir cüt ətirdi,
Axır sahibinə həmdəm gətirdi,
Gör nə vəfadardı Murtuzun tarı.

Mizrab toxunduqca hər sarı simə,
Kərim Faiqi də salır tilsimə,
Kimə məlum deyil, a dostlar kimə,
Sevgiyə açardı Murtuzun tarı.

Afət NOVRUZOV


BIR MUSIQIÇININ HƏYAT ƏHVALATI

       Güllü Haqverdiyevanın adı bu gün, demək olar ki, əsasən yaşlı nəsil musiqiçilərə və bir də uşaq musiqi təhsili sistemində çalışanlara tanışdır. Qojaman musiqiçi və pedaqoq həmkarları arasında uzun zamandan bəridir ki yaradıjı, təşəbbüskar, özünə və başqalarına qarşı tələbkar bir insan kimi rəğbət qazanmışdır.

       Zamanlar da var idi ki, bu ad müəyyən poetik bir obraz doğururdu – arfaçalan Azərbayjanlı qız. 1950-ji illərdə, Sovet ideologiyası mühərrikinin daima yaydığı güvvətli, iradəli, plakatsayağı sərt və sadə obrazlarının hökm sürdüyü bir dövrdə, insanlarda sanki nəjib və lətif simalara ehtiyaj var idi. Nə səbəbdən isə – bəlkə kütləvi informasiyalarının o vaxtlar o gədər kütləvi və çoxsaylı deyildi, bəlkə onlarda indi olduğu kimi həddindən ziyadə sayda adlar və simalar dövr eləmirdi – amma Güllü Haqverdiyevanın adı curnal və qazetlərdən, kinoxronika və radio çıxışlırından qısa zamanda çoxlarına tanış olmuşdu. Məzəli təsadüfdən, başqa bir injəsənət xadiminin da adı Güllü Haqverdiyeva idi (görkəmli rəssam sonralar Güllü Mustafayeva kimi tanınır) və bəzi adamlar səhv salıb, rəssamdan soruşurdular ki, bəs Siz arfada da çalmaqla da məşgul olursuz, və əksinə.

       Hələ uşaqikən, məktəb illərində Güllü Haqverdiyeva arfanın jazibəli səsinə valeh olub, fortepiano sinfindən keçir sevdiyi alətə – əvvəljə Anatoli Dargeviçin, sonralar isə Aida Abdullayevanın sinfinə. Aida Abdullayeva – ilk Azərbayjanlı arfaçı, Moskva konservatoriyasında məşhur Kseniya Erdelinin sinfini bitirib Bakıya gəlmiş və öz sinfini yaradanda, Güllü Haqverdiyeva onun ilk tələbələrindən olmuşdu, və indiyədək də Aida xanım bu tələbəsinin adını sevgi və qürurla çəkir. Hələ konservatoriyada oxuyarkən, Güllü xanım öz həssas, zərif, eyni zamanda yetkin və mənalı ifası ilə arfanı Bakının musiqi həyatında solo alət kimi yaşada bilmişdir. Dövlət Radio şirkətinin arxivində 1956 ilə aid konservatoriyanvn məzunu Güllü Haqverdiyevanın yeganə lent yazısı bu günədək saxlanılmışdır. Bu Zakir Bağırovun «Çahargah» əsəridir – bəstəkər onu məhz konkret ifaçını nəzərdə tutub yazmışdı. Bu gün belə, üstündən yarıməsrə yaxın ötmüş olsa də, bu nadir lent yazısını dinləyərkən ifanın bu gədər kamil və məft unediji olmasına indi də heyrətlənirsən – zamanın uzaqlıqına heç bir güzəşt olunmadan. Ən başlıjası isə odur ki, bu köhnə yazıdan belə duyursan ki, bu əsl istedaddır!

       Rəşid Behbudov, 1957-ji ildə özünün ilk konsert ansamblına musiqiçiləri yığarkən, o, əsasən gənj və ən perspektivli musiqiçilərə üz tutmuşdu. O zaman, o, artıq Güllü Haqverdiyevanın çalqısı ilə tanış idi, və o, mütləq istəyirdi ki, bu məhir ifaçı , və eyni zamanda xüsusi bədii simaya malik gənj qız onun musiqi kollektivinin yaraşığı olsun. Ansambl Moskvada keçirilən Ümüdünya Gənjlər və Tələbələr Festivalında iştirak etməyə, onun ardınja da SSRI-nin iri şəhərlərinə qastrol səfərinə hazırlaşırdı... Təklif özünü başqa ifaçılıq fəaliyyətinə hazırlaşan musiqiçi üçün həm gözlənilməz, həm də maraqlı idi, və o, razılaşdı. Hamıya indi də tanış olan kinolentdə Rəşid Behbudovla birlikdə çıxış edən musiqiçilər arasında yeganə qadın – arfaçı Güllü Haqverdiyeva ümumi sıradan kənar, xüsusi hündürlükdə əyləşib... Bu gün də o, bir il-yarımlıq bu qısa bir müddəti həyatının ən parlaq və qaygısız dövrü sanır.

       Sonra isə Opera teatrında işləməyin sırası gəldi. Opera və balet tamaşalarının çoxunda arfa solo ifa edən , xüsusi məsuliyyətli alətdir, lakin, bəlkə öz peşəsini dəlijəsinə sevdiyinə görə, bu iş də Göllü xanımda gərginliksiz alnırdı. Görkəmli diricorlarımız Niyazi, Əfrasiyab Bədəlbəyli, həmişə arfaçı Güllü Haqverdiyevanın yüksək peşəkarlıq və işə sadiqliyini qeyd etmişlər. Lakin illər keçdikjə, məşqlər, tamaşalar, qastrolların sıx jədvəlini ailə öhdəlikləri ilə uzlaşdırmaq getdikçə çətinləşirdi. Ələlxüsus ona görə ki ifaçının heç vaxt evində özünün aləti olmayıb. Görünür, hər bir qadının həyatında belə bir an olur ki, o, peşəsi ilə ailəsi arasında seçim etməli olur. Güllü xanım ikinjisini seçməli oldu, ürək ağrısıyla da olsa belə. Sadəjə o, özünə rəva bilə bilməzdi ki, sevimli işi ilə alayarmçıq məşğul olsun. Eynilədə, heç təsəvvür belə edə bilməzdi ki, uşaqlarının tərbiyyəsini və təhsilini başlı-başına buraxsın.

       Bu gözəl, röyaya bənzəyən əhvalat beləjə bitməli oldu. Bənzərsiz və sanki xülyadan gəlmiş arfaçı qız adi musiqi məktəbində adi fortepiano müəlliminə döndü. Çoxları kimi müəllim olub , əsl qiymətini almayan müqəddəs zəhmət sahibinə çevrildi. Hər dəfə məktəbi yetirən şagirdlərin əvəzinə yeniləri gələndə sanki sıfırdan başlayan zəhmət. Güllü Haqverdiyeva qırx ilə yaxındır ki, öz həssas musiqiçi duyğusunu və işə məsuliyyətli yanaşma mövqeyini onun yanına dərsə gələn uşaqlara əsirgəmir. Bakının 16 saylı musiqi məktəbində onun haqqında deyirlər ki, o, möjüzərə etməyə qadirdir: ən fərsiz, vergisiz uşağı belə ən azından ovsunlayıb onda musiqiyə maraq oyadır, öz səviyyəsindən yuxarı gözlənilmədən yuksəlməyə vadar edir. Soruşmaq olar - yaradıjılıq zirvələri, hörmət və şöhrət gördükdən sonra bu kiçik nailiyyətlər onun nəyinə gərəkdir? Gərək ki, ona görə ki, o, başqa jür yaşaya bilmir – bir işi öhdənə götürürsənsə, onu tam qüvvənlə, zövglə, istedadla gör. Yeri gəlmişkən, şagirdlərlə məşqdər jəd vəlində indi Güllü xanımın nəvələri üçün də saatlar ayrılmışdır – başqa jür ola da bilməzdi, onlar mütləq musiqi təhsili almalıydılar. Ən jiddi meyarlarla, özü-özünə yanaşdığı kimi.

Tariyel Məmmədov







Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70