Bu gün «Musiqi Dünyası»nın qonağı Azərbaycan musiqi mədəniyyətində özünəməxsus yeri olan, tanınmış dirijor Ramiz Məlikaslanovdur. Hal-hazırda o, Türkiyədə çalışır və respublikamızın hüdudlarından kənarda Azərbaycan mədəniyyətinin təbliği naminə böyük işlər görür. Biz ondan öz yaradıcılığı, fəaliyyəti, gələcək planları barədə məlumat verməsini, ümumiyyətlə, dirijorluq sənətinə dair fikirlərini bölüşməsini xahiş etmişik. Jurnalın baş redaktoru T.Məmmədovun R.Məlikaslanovla eksklüziv müsahibəsini diqqətinizə təqdim edirik.
Tariyel Məmmədov: - Ilk sualım sizin nəsliniz, soy-kökünüz haqqında olacaq. Çünki bu nəsil Azərbaycanda çox məşhurdur. Siz də həmin nəslin davamçısısınız. Şübhəsiz ki, sizin bir şəxsiyyət kimi formalaşmağınızda soy-kökünüzlə genetik bağlılıq böyük rol oynamışdır.
Ramiz Məlikaslanov: - Hələ uşaqlıqdan yadımdadır, əmim Xosrov Məlikaslanov danışırdı ki, Azərbaycan tarixi muzeyində, təxminən iki əsr bundan əvvəlki dövrə aid bir kitabda bizim soy-kökümüz haqqında yazılara rast gəlmişdir. Indi də bir sıra nəşr olunan məqalələrdə həmin kitaba istinad olunur. Mənim taleyim belə gətirib ki, ailədə atamla-anamdan daha çox mən nənəmin tərbiyəsi altında böyümüşəm. Nənəm həmişə babam Xudadat bəy Məlikaslanov haqqında danışardı. Xudadat bəy Məlikaslanov Azərbaycanda ilk texniki elmlər doktoru, professor idi. O, Azərbaycan Demokratik Respublikası hökumətinin tərkibində rabitə yolları, poçt və teleqraf naziri vəzifəsini tuturdu. Sovet dövründə də o, Dövlət plan komitəsinin sədri vəzifəsində çalışıb, Azərbaycan Neft Akademiyasının təşkilatçılarından biri olub. Lakin 1931-ci ildə onu həbs etdilər və 1935-ci ildə o, öldürüldü, ailə başsız qaldı. Nənəm isə uzun ömür sürmüşdür. Mən 1942-ci ildə anadan olmuşam və 23 yaşına çatanda nənəm vəfat edib. Demək olar ki, gözümü açandan
yetkinlik yaşına kimi həyatım nənəmlə bağlı olub. O, mənə şahidi olduğu bir çox hadisələri təfsilatı ilə danışırdı, bunlar indi də mənim yaddaşımdadır. Məsələn, belə hadisəni nənəmdən eşitmişəm ki, erməni-müsəlman qırğını təkcə Bakıda deyil, Tiflisdə də baş vermişdi. Babam Xudadat bəy Məlikaslanov hökumət nümayəndəsi kimi Tiflisə getmiş, erməni katalikosu ilə birgə faytonla küçələri gəzmişlər. Bu iki şəxs xalq arasında o qədər böyük nüfuza malik idi ki, onların birlikdə görünməsi, mehribanlığı hər iki xalqa böyük təsir göstərmiş, bununla da qırğın yatırılmışdır.
T.M.: - Təhsiliniz, müəllimləriniz barədə bir qədər danışardız.
R.M.: - Mən altı yaşından Isaak Mixayloviç Turiçin sinfində violonçel ixtisası üzrə təhsil almışam. O, çox böyük violonçel çalan və pedaqoq idi. Onun adı o dövrdə Rastropoviç və Şafran kimi violonçel çalanlarla birgə çəkilirdi. 6-cı sinifdən isə mən I.M.Turiçin tələbəsi Sabir Əliyevin sinfində məşğul olmuşam. S.Əliyev də mənim həyatımda böyük rol oynayıb. O, cavan yaşlarından artıq Azərbaycanda milli violonçel məktəbinin yaradıçısı kimi tanınmışdı, həm görkəmli violonçel çalan, həm də nüfuzlu müəllim idi. Mən konservatoriyada da onun tələbəsi olmuşam. Daha sonralar isə biz həm də yaxın qohum olduq. Böyük maestro Niyazini də mən özümə müəllim hesab edirəm. Düzdür, mən ondan bilavasitə dirijorluq dərsləri almamışam. Lakin onunla çox səmimi münasibətlərimiz vardı. Baxmayaraq ki, o, məndən yaşca böyük idi, lakin biz dostluq edirdik. Onunla sənət haqqında söhbətlərimiz, mübahisələrimiz mənim üçün əsil məktəb idi.
<>T.M.: - Bəs dirijorluğa necə gəldiniz?
R.M.: - Dirijorluğa həvəsim konservatoriyada oxuyarkən yaranmışdı. 1966-cı ildə konservatoriyanı bitirib Leninqrad Konservatoriyasının opera və simfonik orkestr dirijorluğu fakültəsinə daxil oldum. O vaxt 73 nəfər imtahan verirdi, yalnız 2 nəfəri qəbul etdilər – məni və Rusiyadan bir nəfəri. 5-ci kursda oxuyarkən mən Azərbaycan Opera və Balet teatrına dirijor assistenti vəzifəsində çalışmağa başladım. Həmin il «Qırmızı papaq» uşaq operasını tamaşaya hazırladım. Leninqradda təhsilimi başa vurduqdan sonra isə məni Azərbaycan Radio və Televiziya verilişləri Şirkətinə dəvət etdilər. Bədii rəhbər Cahangir Cahangirov mənə Radio və Televiziyanın simfonik orkestrini yaratmağı tapşırdı və mən baş dirijor təyin olundum. 1970-77-ci illər ərzində mən bu orkestrlə fəaliyyət göstərdim. 1973-74-cü illərdə biz konservatoriyada silsilə konsertlər verirdik. Burada gənc bəstəkarların bütün yeni əsərlərini ifa edirdik. Həmin illərdə artıq orkestrin ifaçılıq səviyyəsi də yüksəlmişdi. Lakin radio və televiziya v
erilişləri komitəsinin rəhbərliyi ilə mənim aramda konflikt yarandığı üçün mən bu orkestri tərk etdim.
Sonra Misirdən Qahirə konservatoriyasına dəvət aldım və bu ölkəyə işləməyə getdim. Qahirə konservatoriyasında tələbələrin və gənc müəllimlərin qüvvəsilə müqavilə əsasında simfonik orkestr təşkil etdim.
Bu orkestrlə işləmək mənim üçün böyük bir məktəb oldu. Onu da deyim ki, Qahirə konservatoriyasının rektoru çox gözəl təşkilatçı idi. O, orkestrin ifaçılığını yüksək qiymətləndirdi və Avropa ölkələrində orkestrin konsertlərini təşkil etməyə başladı. Biz Ingiltərədə, Italiyada, Yuqoslaviyada, Almaniyada, Avstriyada, Şotlandiyada bir çox festivallarda iştirak etdik. Bunlar elə festivallar idi ki, burada dünyanın bir çox görkəmli dirijorları və ifaçıları çıxış edirdi. Misal üçün, təkcə, Edinburq festivalında iştirak edən Rixter, Qilels, Svetlanov, Bravinski kimi sənətkarların adını çəkmək kifayətdir.
T.M.: - Bəs repertuar hansı əsərlərdən ibarət idi?
R.M.: - Repertuarı mən özüm tərtib edirdim. Əsasən klassik əsərlərə üstünlük verilirdi. Lakin onu da deyim ki, bir ölkədə orkestr yaradılırsa, həmin orkestr üçün əsərlər də meydana gəlməyə başlayır. Mən orada yerli bəstəkarların demək olar ki, bütün əsərlərini repertuara daxil edirdim.
Qahirədən qayıtdıqdan sonra 1980-87-ci illərdə mən yenidən Azərbaycan Teleradiosunun orkestri ilə çalışmağa başladım. Bu illər ərzində orkestr əsil yüksək səviyyəli professional kollektivə çevrildi.
O zaman biz hər hansı bir əsəri çox qısa müddətdə hazırlayıb ifa edirdik. Orkestrin lent yazılarında sənətkarlıq səviyyəsi və ifaçılıq keyfiyyəti aydın görünür.
1988-ci ildə mən Irakdan Milli simfonik orkestrinin baş dirijoru vəzifəsinə dəvət aldım. Iki il bu ölkədə fəaliyyət göstərdim. Vətənə qayıtdıqdan sonra isə Fərhad Bədəlbəylinin təklifi ilə Bakı Musiqi Akademiyasında Opera hazırlığı kafedrasının müdiri vəzifəsində çalışmağa başladım. Bir müddət sonra isə Dövlət Kamera orkestrinin baş dirijoru təyin olundum. Lakin Mədəniyyət Nazirliyi ilə konfliktlər yarandığı üçün mən yenidən işimi atıb xarici ölkəyə – Türkiyəyə getdim.
Mən burada bəzi məsələləri qeyd etmək istəyirəm. Belə hesab edirəm ki, Mədəniyyət Nazirliyinin siyasəti kökündən dəyişməlidir. Bütün dünyada belə bir qayda var. Simfonik orkestr həftədə 1 və ya 2 konsert verir və hər həftə dirijor və solist dəyişilir. Əks halda, eyni cür təfəkkür tərzi insanları yorur. Dinləyicini cəlb etmək üçün alternativlik, variantlıq olmalıdır. Indi deyirlər ki, simfonik musiqiyə qulaq asan yoxdur. Mənə elə gəlir ki, simfonik musiqini şou-konsertlər kimi təbliğ etmək lazımdır. Təəssüf ki, indi simfonik konsertlər üçün sponsor tapmaq çətindir. Onlar pullarını itirməkdən qorxurlar. Deməli, dövlət özünün beynəlxalq mədəni imici haqqında düşünməlidir. Bu iş Gürcüstanda və Ermənistanda başqa səviyyədədir. Onlar beynəlxalq miqyasda öz mədəni imiclərini yarada biliblər. Onlar dirijorların dəvət olunması üzrə dünya sisteminə qoşulublar. Bununla onlar Avropada, Amerikada mədəni xalq kimi özlərini tanıdırlar. Bu vasitə ilə onlar dünya mədəniyyətinə daxil olmaq istəyirlər. Mən düşünürəm ki,
Qarabağ münaqişəsi yalnız siyasət və silahla həll oluna bilməz. Bu məsələdə mədəniyyətin böyük rolu var. Məncə, bəzən biz ona görə uduzuruq ki, xaricdə mədəniyyət baxımından azərbaycanlıların imici erməni imicindən aşağıdır. Əslində isə bu, belə deyil. Yalnız biz mədəniyyətimizi layiqincə təqdim edə bilmirik. Məsələn, xarici ölkələrdə Azərbaycan mədəniyyəti günləri keçirilərkən, Mədəniyyət Nazirliyi ora rəqs ansamblını göndərir. Kamera orkestri isə belə tədbirlərdə iştirak edəndə ya rəqqasələri müşayiət edir, ya da xalq çalğı alətlərini. Belə olmaz. Bu iş kökündən dəyişilməlidir. Biz, ilk növbədə, simfonik musiqimizlə dünya səhnəsinə çıxmalıyıq. Buna bizim hər cür imkanımız var. Lakin bu çətin bir iş olduğuna görə heç kim ona baş qoşmaq istəmir.
T.M.: - Bir qədər də sizin Türkiyədəki fəaliyyətiniz barədə məlumat vermənizi istərdik.
R.M.: - Türkiyədə əvvəlcə Ankara Opera və Balet Teatrında bir mövsüm çalışdım. Daha sonra isə məni Istambul konservatoriyasına dəvət etdilər. Burada konservatoriyanın rektorunun yaxından köməyi ilə mən tələbə və aspirantlardan ibarət simfonik orkestr təşkil edə bildim. Artıq bir neçə ildən sonra orkestr öz professionallığı ilə tanınmağa başladı. Məsələn, belə bir hadisəni qeyd edim. Çalışdığım konservatoriya Istambul universitetinin tərkibinə daxildir. Hər tədris ilinin başlanması burada böyük təntənə ilə qeyd edilir. Amerikanın, Fransanın, Italiyanın, Almaniyanın bir çox şəhərlərindən bura universitet rektorları dəvət olunur. Belə bir tədbirdə konservatoriyanın simfonik orkestri ciddi proqramla çıxış edərək, hamını heyran qoydu.
T.M.: - Bethoven festivalında iştirakınız necə oldu?
R.M.: - Bu, beynəlxalq müsabiqədir. Yanvarın əvvəlində xəbər verdilər ki, ayın 20-də münsiflər heyəti 4-5 ölkədən sonra Türkiyəyə gələrək, simfonik orkestrlərə dinləyiş keçirəcək.
Türkiyədə də 6 orkestrə qulaq asdıqdan sonra Bethoven festivalında iştirak etmək üçün qalibi müəyyən edəcək. Mən müsabiqənin şərtlərini öyrənib, orkestrlə işə başladım. 10 gün ərzində böyük bir proqram: Bethovenin Beşinci simfoniyasını, «Koriolan» uvertürasını, Bizenin «Arlezianka» əsərindən iki süitanı və bir türk bəstəkarının əsərini hazırladıq. Təyin olunan gün biz həmin proqramla münsiflər heyətinin qarşısında çıxış etdik. Ümumiyyətlə, zalda dinləyici də çox idi və böyük alqışlarla qarşılandıq. Bundan iki ay sonra biz Almaniyadan beynəlxalq müsabiqənin qalibi olduğumuz haqqında rəsmi məktub aldıq. Bethoven festivalının proqramı da göndərilmişdi.
T.M.: - Festivalda daha hansı orkestrlər iştirak edirdi?
R.M.: - Nyu-York Filarmoniyasının orkestri, Israildən simfonik orkestr və s., Zubenmet, Xaytinq kimi görkəmli dirijorların adını çəkmək kifayətdir.
T.M.: - Festivalın keçirilmə müddəti nə qədər idi?
R.M.: - Festival bir ay müddətində keçirilirdi. Biz orada 10 gün iştirak etdik, dörd konsert verdik. 1-ci konsert əsas konsert idi, mənim dirijorluğumla oldu. 2-ci konsertdə Benderetski özünün III simfoniyasına dirijorluq edirdi. Konsert zamanı orkestrin ifasını dayandıraraq, öz qeydlərini və şərhlərini zaldakı dinləyicilərə izah edirdi. 3-cü konsertdə məşhur bethovenşünas – dirijor Piter Qülike Bethovenin V simfoniyasına dirijorluq edirdi. O, Bethovenin eskizləri ilə dinləyiciləri tanış edərək, əsərin müəyyən hissələrini bir neçə variantda ifa edirdi: ilkin və son variantda. Bu, çox maraqlı idi. 4-cü konsertdə Baxın əsərlərinin ən məşhur ifaçılarından biri dirijor Helmut Riil orkestrə rəhbərlik edirdi. Onun idarəsi ilə Baxın orkestr üçün I süitası və Mendelsonun I simfoniyası səsləndirildi.
Belə bir sınaqdan sonra orkestr indi çox asanlıqla müxtəlif proqramların öhdəsindən gəlir. Onu da deyim ki, mən bu orkestrlə Bakıda konsert vermək istəyirəm. Bu haqda danışıqlar gedir. Istambul universitetinin rektoru kollektivin yol xərcini ödəməyi öz üzərinə götürür, bu, 21 min dollara başa gəlir. Orkestrin Bakıda 5-6 gün qalması üçün isə 10 min dollar da lazımdır və bu vəsaiti Bakıda əldə etmək mümkün deyil. Keçən mövsümdə mən bu orkestrlə F.Əmirovun «Kürd-Ovşarı» simfonik muğamını ifa etmişəm. Inandırıram sizi, Bakıda hələ həç kim bu vaxta qədər «Kürd-Ovşarı»nı belə təfsirdə eşitməyib. Dinləmək istəyirsinizsə, orkestri dəvət edin.
T.M.: - Bu festivaldan qayıtdıqdan sonra orkestr haqqında çıxışlar oldumu? Reklam kompaniyası necə təşkil edildi?
R.M.: - Əlbəttə ki, təbriklər, çıxışlar oldu. Ancaq Azərbaycanda bu haqda heç bir informasiya verilmədi. Mən Almaniyada olarkən festivalın təşkilatçıları ilə söhbət apardım. Onlar hər dəfə yeni regionları əhatə etmək məqsədilə müxtəlif ölkələrə gedir. Məsələn, 2004-cü ildə Gürcüstan simfonik orkestri dəvət olunacaq. Mən Azərbaycan simfonik orkestrini tövsiyə etdim. Onlar bu orkestri dinləməyi 2005-ci ilin planına daxil etdilər. Ancaq festivalın şərtinə görə orkestrin üzvləri 23 yaş həddində olmalıdır. Mən Fərhad Bədəlbəyli ilə danışdım və təəssüf ki, bizdə belə cavan orkestr yoxdur.
T.M.: - Pedaqoji fəaliyyətiniz haqqında bir qədər danışardız.
R.M.: - Hal-hazırda Istambul konservatoriyasında dirijorluq üzrə bir neçə aspirantım var. Onlar əsasən gənc bəstəkarlardır. Onlar həm bəstəkarlıqla, həm də dirijorluqla məşğuldurlar.
T.M.: - Azərbaycan dirijorlarından kimlər indi Türkiyədə fəaliyyət göstərirlər?
R.M.: - Istambul Oprea və Balet Teatrında Elşad Bağırov və Yalçın Adıgözəlov, Izmir konservatoriyasında Kazım Əliverdibəyov, Izmir Opera teatrında Fəxrəddin Kərimov, Əskişəhər konservatoriyasında Nazim Rzayev fəaliyyət göstərir, mən də Istambul konservatoriyasında çalışıram. Beləliklə, altı azərbaycanlı dirijor Türkiyədədir. Məncə, bu, o qədər də kiçik rəqəm deyil. Nəzərə alsaq ki, onların yaş həddi 45-80 arasındadır və yeni nəsil yetişmir, fikirləşməyə dəyər.
T.M.: - Yəqin ki, kafedra yaratmaq lazımdır.
R.M.: - Bilirsiz, dirijorluq kafedrası yaratmaq o qədər də asan iş deyil. Onun nəzdində opera studiyası, simfonik orkestr olmalıdır. Peterburq konservatoriyasında dirijorluq fakültəsi onun həcminin 3/4 hissəsini təşkil edir. 1/4 hissəsini isə o biri fakültələr tutur. Burada dirijorların praktikası üçün iki simfonik orkestr, opera studiyası var. Bu, həm də vokalçıların təcrübə keçməsi üçün vacibdir. Mənim fikrimcə, bizim konservatoriyada da təhsili yeniləşdirmək lazımdır. Əsas üç fənn birinci yerdə durmalıdır: ixtisas, kamera ansamblı və orkestr. Harmoniya və solfecio da olmalıdır.
T.M.: - Perspektiv planlarınız barədə bir qədər ətraflı danışmağınızı xahiş edərdim.
R.M.: - Bilirsiniz, mənim menecerim yoxdur, konsertlər və qastrollarla bağlı bütün məsələlərlə mən özüm məşğul oluram. Artıq 2005-ci ilə kimi konsertlərimin planı var. Son illərdə Bolqariya, Sloveniya, Makedoniya, Serbiya kimi ölkələrdə ilk dəfə konsert vermişəm. Bu il Peterburqda da olmuşam, Italiya və Amerikaya getməyi planlaşdırıram. Musiqi mədəniyyətimizi tanıtmaq naminə hər halda mən əlimdən gələni eləyirəm. Məsələn, mənim təklifimlə Azad Əliyev, Fərhad Bədəlbəyli Makedoniyaya səfər ediblər, bu yaxınlarda Murad Hüseynov da gedəcək. Rizvan Sədirxanovu Istambula dəvət etmişəm. Almaniyada təhsil alan Anar və Fuad Ibrahimovlar bu il Istambulda konsertlər verib. Mənim elektron ünvanım var, Internet vasitəsilə mənimlə əlaqə yarada bilərsiniz.
T.M.: - «Musiqi Dünyası» haqqında nə fikirdəsiniz? Bu səpkidə jurnal Türkiyədə yoxdur. Bizim Internetdə saytlarımız da var. Sonuncu saytımız «Arşın mal alan»dır.
R.M.: - Üzəyir Hacıbəyovun «Koroğlu»sunu, Niyazinin «Xosrov və Şirin»ini səsləndirmək lazımdır. «Koroğlu»nun plastinkası var, onu kasetə və CD-yə köçürüb xalq arasında və xaricdə yaymaq lazımdır ki, qoy operanı bütövlüklə eşitsinlər. «Koroğlu»nun uvertürasından başqa, əsərin digər parçalarını çox az adam bilir.
Təsəvvür edə bilərsinizmi ki, Italiyada Verdinin operalarını səhnəyə qoymurlar və ya tanımırlar. Nəyə görə «Koroğlu» səhnəyə qoyulmur. Mən başa düşürəm ki, Ü.Hacıbəyov Koroğlunun partiyasını Bülbülün səsinə uyğun yazıb. Onun çox özünəməxsus səsi var idi və ən yüksək səsləri götürürdü. Indi tenorlarda bu cür yüksək səslər yoxdur. Lakin Koroğlunun partiyasını yarım ton aşağı oxumaq olar, əsərin yeni redaksiyasını hazırlamaq olar. F.Əmirovun «Sevil» operası yeni redaksiyada tamaşaya qoyulub və yaxşı alınıb. «Koroğlu»ya da yenidən baxmaq lazımdır. Elə Verdinin operalarında düzəlişlər etməyi heç kim qadağan etmir.
Məni bir məsələ də narahat edir. Bakıda çox gözəl bir not mağazası vardı. Bu, bütün Azərbaycanın fəxri idi. Görün, indi bu mağaza nə vəziyyətdədir? Burada satılan kitabların ondan doqquz hissəsi musiqiyə aid olmayan kitablardır. Vitrinin ən gözəgəlimli hissəsini isə «Antoloqiə azartnıx iqr» adlı kitab bəzəyir. Bu, Azərbaycanın mərkəzi musiqi mağazasıdır. Mədəniyyətdən danışmağa dəyərmi?
Mən hər dəfə Bakıdan Türkiyəyə qayıdanda məndən yeni materiallar, kassetlər, notlar istəyirlər. Bu istəkləri çox vaxt yerinə yetirə bilmirəm. Bu dəfə sizin internet saytlarınızın ünvanlarını onlara çatdıraram. Inanıram ki, maraqlananlar çox olacaq.
T.M.: - Sizə müsahibəyə görə təşəkkür edirik və yaradıcıllığınızda yeni uğurlar arzulayırıq. Sağ olun.
Materialı hazırladı:
Cəmilə HƏSƏNOVA.
p align>
|