BIZƏ YAZIRLAR... Istambuldan
.
 

KOSMOSDA MUĞAM
(Inteqral Yoqa konfransından sonrakı düşüncələr)

       Daxili hallarımızın ifadə edilməsində dilin məhdudluğu, çoxdan bəridir ki, müəyyən edilmişdir. Və bu, bəlkə də belə bir ifadənin digər vasitələrinin – poeziya, musiqinin - meydana gəlməsi səbəblərindən biri olmuşdur... Görkəmli rus musiqi tənqidçisi A.Serovun “Musiqi – qəlbin dilidir” sərrast və dərin ibarəsi, digər xüsuslardan başqa, musiqinin, qəlbin hərəkətlərini sözə nisbətən daha uyğun bir şəkildə çatdırmaq (ifadə etmək) qabiliyyətinə dəlalət edir. Tamamilə uyğun bir biçimdən söhbət etmək doğru olmazdı... Qəlbimizdəki hərəkətlər dinamikası.... Daha geniş baxsaq: ruhi axtarışların dinamikasi... Həyatı dərk etməyə çalışan şəxsiyyətlər, o cümlədən, məqsədləri Allahla qovuşmaq olan yoqlar tərəfindən yaşanan halların toplamıdır...

       Yoqa ilə təxminən 25 yaşından məşqul oluram... Yəqin ki, ona, ardı-arası kəsilməyən suallarıma 80-ci illərdə tək mümkün olan ideologiya və ədəbiyatda cavabları tapa bilmədiyim üçün rast gəldim. Əvvəllər bu Xatxa-yoqa idi... Özümü o vaxtlar nə qədər yaxşi hiss etdiyimi hələ də xatırlayıram... Sonra Radja-yoqaya can atmağa cəsarət etdim. 5-ci dərəcəyə qədər gəlib çıxdım... Quru olmadan daha irəli gedə bilmədim... Fəqət, Djnana-yoqa ilə hər vaxt məşğul oldum. Ağıl və dərrakə ilə dünyanı dərketmə prosesi heç bir vaxt dayanmadı. Bunu, yaxınlarımın və ətrafdə olan insanların, mənə tez-tez: bunlar sənin nəyinə lazımdır axı? Həyat necə, sən də elə yaşa... (Hətta nişan mərasimim-də (!) nişanlım məni məzəmmət etməyə məcbur qaldı... Öz nişanımda dostumla, Kainat qanunlarının əsl Yaradıcısı kimdir... deyə, mübahisəyə girmişdim.

       Təqribən 15 il bundan əvvəl Tale mənə Inteqral Yoqadan bəhs edən bir mənbə bəxş etdi (Satprem. “Şüurun sərgüzəştləri”). O gündən bəri illər keçdi... Sonralar mən anladım ki, məhz bu Yoqa - mənim Yoqam, bu yol da əsl mənim yolumdur. Indi də bu yolun yolçusuyam, Şri Aurobindo və Ana (Mirra Rişar) tərəfindən açdığı yolun yolçusu oldum...

       Dostlar sağ olsun, bunu bilib, Qatçinaya (Sankt-Peterburqdan 35 km aralı), Avqust ayının 15-17-də keçirilən Birinci Aurokonfransda (Rusca: Vserossiyskaə Aurokonferenüiə) iştirak üçün məni də‘vət etdilər. Konfransın iştirakçıları, keçmiş Sovet Ittifaqının bir çox ölkələrindən, Bolqarıstan-dan (Mən oraya Istanbuldan getdim) gəlmişdirlər. Onlar Şri Aurobindo və Ananın idealları altında birləşən insanlar idi. Onlara, bir musiqişünas olaraq, mən nədən bəhs edəcəyəm, deyə düşünürdüm. Yəqin ki, az-çox bildiyim şeylərdən: musiqidən, onun yoqada, xüsusilə Inteqral Yoqada yeri və rolundan. Əlbəttə, bu olduqca ümumi bir mövzu idi və mən, onun sadəcə bir aspektində - musiqinin xüsusi hallarda (meditasiya, yuxu) yaradılması üzərində dayanmaq qərarına gəldim. Iş burasındadır ki, bu yoqa, inkişafın müəyyən mərhələsində yaradıcılıq qabiliyyətinizin əngəlsiz təzahürünü ortaya çıxara bilər. Belə ki, onun davamçılarının bir çoxu sonralar, tanınmış şair, bəstəkar, rəssam oldular. Bu Yoqanın yaradıcısı isə - Şri Aurobindo - əsrin ən böyük şairlərindən biri idi. Konfransda həm də Azərbaycan muğamatının kosmik həyəcanları ifadə edə biləcəyindən danışmağa hazırlaşırdım. Dostlarıma bir mə‘lumatı da xatırlatdım ki, 80-90-cı illərdə başqa planetlərdə mövcud ola bilən varlıqlarla kontakt qurmaq məqsədilə kosmosa, planetimizdəki insanlar haqqında bəhs edə biləcək son dərəcə rəngarəng mə‘lumat, o cümlədən, Azərbaycan muğamları göndərilmişdir.

       Konfrans iştirakçılarının diqqətinə, tərəfimdən meditativ halda bəstələnən və kompakt-diskə yazılan, dahiləri vəsf edən 3 dəqiqəlik bir orkestr miniatürü təqdim edildi. Ondan sonra royal başına oturub (konfrans, əsas e‘tibarilə Aleksandr sarayında keçirdi və orada mükəmməl bir alman royalı vardır, sadəcə köklənməsi lazım idi, onu da həyata keçirmək mənə nəsib oldu) Bayatı-Şirazın bir neçə şö‘bəsini, o cümlədən Bayati-Isfahanı da, onun təsnifini də çaldım. Tonikanı, həm dinamik, həm də registr vasitəsiylə vurğuladım. Barmağımı kontroktavanın Sol notundan nəhayət ayırdım...

       Zala sükut dalmışdır... Həmişəki alqış səsi eşidilmədi... Bu nə xoşbəxtlik! Demək, musiqi qəlblərə toxuna bildi, - deyə düşündüm. Bəli, elədir ki var, çünki artıq bir neçə saniyə sonra dinləyənlər, əvvəlcə yavaş, sonra getdikcə daha gur bir şəkildə əl çalmağa başladılar... Sonra? Sonra daha heyrətamiz bir şey: daha, daha bir şey çalın, - deyə hər yerdən eşidilirdi... Məsələn nə? – deyə onlardan sordum. Bilirsinizmi, cavabları nə oldu: “Ona bənzər bir şey, ənənəvi musiqi, inoplanetyanlar üçün” (?!.) ...

       Əlbəttə, mənim nə qədər sevindiyimi təsəvvür edə bilərsiniz. Əksəriyyəti rus olan dinləyicilər (amma doğrusunu demək lazımdır, qeyri-adi ruslar – yoqlar) məndən... muğam çalmağımı xahiş edirdilər... Təbii ki çalmaya bilməzdim... Bu axşam, onlar, Şur, sonra Segah və hətta Humayunu (əlbəttə, bütün şö‘bələri deyil, sadəcə ilk bir neçə şö‘bəni, onların qavrama qabiliyyətini gərginləşdirməmək üçün daha rahat anlaya biləcəkləri təsnif və rəngləri də çaldim) eşitdilər. Şur muğamını çalarkən isə, özümü saxlaya bilməyib “Sarı gəlin” mahnımızı oxudum... Və hər dəfə onlar, süni olmayan bir maraqla dinləyirdilər, həm də necə dinləyirdilər!..

       ...Bütün bunları sizlərə niyə danışdım? Məni son zamanlar maraqlandıran və diqqətimi çəkən məsələyə görə: son vaxtlarda dinləyə biləcəyim musiqi (klassik musiqidən bəhs etmirəm, o, daima istənilən və sevilən oldu), sadəcə dini, ruhi musiqidir və bir də muğamlarımız... Düşündüyüm isə bu idi: muğam, təkcə insan qəlbindəki son dərəcə incə hərəkətlərin çalarlarını deyil, hətta kosmosun dinamikasını da ifadə edə bilər. Məgər belə deyil? Bu konfransdakı dinləyicilərin məftun baxışlarla dolu üzlərinə, onların Kosmosun sonsuz fəzasına zillənən gözlərinə daha dərin baxsaydınız, eyni cür düşünməyə məcbur olacaqdınız...

Namig ABDULLAYEV











Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70