2003-cü ilin son aylarında Azərbaycan Bəstəkarlar Ittifaqında keçirilən diqqətəlayiq tədbirlərdən biri də bəstəkar, Azərbaycanın əməkdar incəsənət xadimi, professor Sevda xanım Ibrahimovaya həsr edilmiş, musiqişünas, sənətşünaslıq namizədi, professor Imruz Əfəndiyevanın «Sevda Ibrahimovanın yaradıcılığında uşaq musiqisi» kitabının təqdimat mərasimi oldu. Tədbiri ön sözlə Azərbaycan Bəstəkarlar Ittifaqının katibi, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov açdı. Çıxış edənlər - xalq artistləri, bəstəkarlar Vasif Adıgözəlov, Şəfiqə Axundova, Tofiq Bakıxanov, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, sənətşünaslıq namizədləri, dosentlər Fərəh Əliyeva, Ceyran Mahmudova Sevda xanımın yaradıcılığı barədə maraqlı fikirlər, ürək sözlərini söylədilər. Mərasimdə Sevda Ibrahimovanın əsərləri Bakı Musiqi Akademiyasının müəllimləri Ülviyyə Hacıbəyova, Töhfə Babayeva, Gülnarə Səfərova, Murad Adıgözəlzadə, Səbinə Əsədova, habelə Bülbül adına Orta Ixtisas Musiqi Məktəbi və Respublika Incəsənət Gimnaziyası
şagirdlərinin ifasında səsləndi.
Təqdimat mərasiminin həsr olunduğu kitabda yaradıcılığı ilə pedaqoji fəaliyyəti sıx bağlı olan görkəmli bəstəkar Sevda Ibrahimovanın əsərlərinin bədii emosional xarakteristikası və musiqili stilistik təhlili öz əksini tapmışdır.
Yaxşı məlumdur ki, Sevda xanım istedadlı bəstəkar olmaqla yanaşı həm də gözəl müəllimdir. Imruz Əfəndiyevanın monoqrafiyasında da Sevda Ibrahimovanın yaradıcılığının məhz bu istiqaməti tədqiq olunur.
Bundan əlavə, kitabda Sevda Ibrahimova yaradıcılığına yüksək qiymət verən, onu Azərbaycanın ən bacarıqlı və istedadlı qadın bəstəkarı kimi qiymətləndirən respublikanın xalq artisti, Bəstəkarlar Ittifaqının birinci katibi Vasif Adıgözəlovun fikirləri də öz əksini tapıb: «Sevda Ibrahimova Azərbaycan qadınları arasında ən istedadlı bəstəkardır. Onun yaradıcılığı Azərbaycanın milli-mədəni ənənələri ilə sıx bağlıdır. O, Mirzə Ibrahimov kimi görkəmli bir ziyalımızın ailəsində böyüyüb başa çatıb, dahi Q.Qarayevin bəstəkarlıq məharəti məktəbini keçib. Tale Sevdanı istedadla, təmiz və açıq ürəklə mükafatlandırıb. Onun yaradıcılığı, məzmunlu daxili aləmi ahəngdar milli-üslublu mövzularla, dərin psixoloji obrazlarla zəngindir. Biz Sevda xanımdan yeni-yeni yaradıcılıq uğurları gözləyirik».
Sevda Ibrahimovanın uşaqlarla iş prosesi barədə mülahizələri çox maraqlıdır. O, qeyd edir ki, uşaqlarda musiqini duyma qabiliyyətini artırmaq üçün onların eşitdiklərini şəkildə çəkə bilmələri çox vacibdir. Əgər mümkün olarsa, çalınan pyesin musiqisini səslə oxumaq da yaxşı olardı.
Monoqrafiyada bəstəkarın uşaqlar üçün yazdığı fortepiano musiqisi, mahnılar, habelə opera əsərinin təhlili də öz əksini tapıb. Uşaqlar üçün ayrı-ayrı illərdə yazılan səhnə əsərləri ətraflı təhlil edilib. Uşaq operası olan «Nənəmin nağılları» əsərinin təhlilinə xüsusi diqqət yetirilib.
Məlumdur ki, kitabın müəllifi və musiqişünas Nəzakət Qasımova 1985-ci ilin martında adı çəkilən operanın premyerasında iştirak etmək üçün Səmərqəndə ezam olunmuşdular. Öz kitabında Imruz xanım tamaşadan sonra uşaqların bəstəkarın ətrafına toplaşmasından və ən çox xoşlarına gələn melodiyanı həvəslə oxumalarından ağızdolusu söhbət açır, «zənnimcə, bəstəkar üçün bundan qiymətli hədiyyə ola bilməz» deyir.
Onu da qeyd etmək yerinə düşər ki, Sevda Ibrahimovanın Səmərqənd Opera və Balet Teatrının səhnəsində göstərilən bu operası həm rus, həm də özbək dillərində tamaşaya qoyulmuşdur. Təəssüf etmək olar ki, bu gözəl uşaq operası indiyə qədər bəstəkarın vətənində, öz doğma dilində səhnə üzü görməyib. Yalnız 1986-cı ildə Bakı Musiqi Akademiyasının məktəb-studiyasında, studiyanın direktoru, professor T.Ə.Seyidovun təşəbbüsü və orta ixtisas musiqi məktəbi şagirdlərinin səyi nəticəsində bu operanın sadələşdirilmiş və ixtisar olunmuş variantı «Biri vardı, biri yox» adı altında səhnələşdirilmişdir (rejissor, professor Ulduz Əliyeva). Əsərin müəllifi Sevda xanım isə orkestr partiyasını fortepianoda ifa etmək məcburiyyətində qalmışdır.
S.Ibrahimova öz üslubunu uşaq musiqisində də tapmış, uşaq mahnılarında öz canlı, dəqiq və bədii dəsti-xəttini yaratmışdır. O, öz mahnılarında dostluğu, vətənə, təbiətə və əməyə məhəbbəti təcəssüm etdirir. Məsələn, «Mehriban bacılar», «Mən baharam», «Bakı», «Mənim doğma Vətənim» və s. kimi mahnılar bu qəbildəndir.
Kitabda S.Ibrahimovanın müxtəlif illərdə uşaqlar üçün yazdığı fortepiano əsərləri – «Uşaq rəsmləri», «Fortepiano və orkestr üçün konsertino» (Bu əsər beynəlxalq müsabiqələr laureatı, professor F.Bədəlbəylinin tələbəsi Murad Adıgözəlzadəyə həsr olunub), «Azərbaycanın xalq mahnı və təsnifləri mövzusunda fortepiano üçün 15 pyes»i haqqında da məlumat verilir.
Kitabın son fəslində müəllif 1999-cu ilin dekabrında keçirilən, bəstəkarın 60 illiyinə həsr edilmiş konsert proqramını oxucuların diqqətinə çatdırır. Bununla əlaqədar qeyd etmək istərdik ki, yubiley tədbirinin təşkilində Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycanın xalq artisti, professor F.Bədəlbəylinin böyük əməyi olmuşdur.
S.Ibrahimovanın yaradıcılığı bir çox məqalələrdə və metodiki rəylərdə işıqlandırılmış, bir çox musiqişünas alimlərin dissertasiyalarında bütöv bir fəsil ona həsr olunmuşdur.
Fikrimcə, musiqişünas I.Əfəndiyevanın kitabı ölkə hüdudlarından kənarda tanınan istedadlı bəstəkarımız S.Ibrahimova yaradıcılığının monoqrafik tədqiqində ilk təcrübə kimi musiqi elmimizə verilən layiqli töhfədir.
p align>
|