Xalq mədəniyyəti qədim dövrlərdən möhkəm köklərə əsaslansa da, hal-hazırda çox mürəkkəb və geniş əhatəli təsir bağışlayır. O, müasir çoxtəbəqəli mədəniyyətin ən müxtəlif cərəyanlarının təsirinə məruz qalır və onun ənənəvi elementləri geniş surətdə assimilyasiya olunur. Buna görə də ümumqəbulolunmuş anlayışlara uyğun gəlmir.
Xalq mədəniyyəti (xüsusilə «xalq») anlayışı ən müxtəlif assosiasiyalarla bağlıdır, əksər hallarda maddi-mənəvi dəyərləri əks etdirsə də, bəzən onun sırf populist yönlü şərhləri özünü göstərir. Ümumi şəkildə qeyd etmək olar ki, ictimai təfəkkürdə xalq mədəniyyəti adının qarşısında istifadə olunan «xalq» epiteti bir çox anlayışları və obyektləri ehtiva edir. Mədəniyyətimizdə və dilimizdə onlar çox geniş təmsil olunur: məsələn, xalq yaradıcılığı, xalq incəsənəti, xalq müdrikliyi, xalq ənənələri, xalq rəvayətləri, xalq sənətkarları, xalq təbibləri, xalq müğənniləri, xalq musiqisi, şifahi ənənəli xalq professional musiqi və s. Digər Avropa dillərində də analoji mənzərəni müşahidə etmək olar. Belə ki, burada latın dilindəki «populus» və ya alman dilindəki «folk» (xalq) sözləri ilə bağlı sözbirləşmələri geniş təmsil olunmuşdur. Müxtəlif kontekstlərdə götürülmüş bu sözlər iki məna daşıyır: birincisi, insanların çoxluğu, adamlar, əhali; ikincisi isə insanların ümumiliyi, qru
pu, birliyi.
Birinci mənada, şübhəsiz, populyarlıq, cəmiyyətdə geniş tanınmaq, müasir pop-mədəniyyət, müvafiq olaraq ölkədə yaşayan xalqın mədəniyyəti, xalq kütlələrinin mədəniyyət abidələrinə münasibəti nəzərdə tutulur. Təsadüfi deyil ki, «xalq» sözü yüksək keyfiyyət nişanəsinə, xüsusi münasibət göstəricisinə çevrilmiş, buna görə də fəxri adlarda da öz əksini tapmışdır: məsələn, xalq artisti, xalq rəssamı, xalq teatrı, xalq şairi, xalq özfəaliyyət kollektivi və s.
«Xalq» anlayışının ikinci mənası Avropa dillərində etnik və ya ərazi üzrə ictimai təbəqə şəklində qruplaşmış, tarixin müəyyən həlledici anında, məsələn, milli azadlıq müharibələri dövründə cəmiyyətin mühüm hissəsinə çevrilmiş insanların birliyi deməkdir. Belə birliyin nümayəndələrinin mentalitetindəki ümumi cəhətlər onların subyekti və daşıyıcısı olduqları mədəniyyəti xüsusi ideyalarla, məna və simvolika ilə zənginləşdirir. Buradan da, hər şeydən əvvəl, dildə mədəniyyət və tarixlə bağlı müxtəlif «xalq gerçəkliyi» geniş surətdə öz əksini tapır.
Fikrimizcə, bu halda biz müəyyən dərəcədə vahid mədəniyyətə malik fərdlərlə rastlaşırıq. O, öz dünyagörüşünü folklorun bu və digər formasında və ya folklora yaxın mədəni təcrübədə simvolik işarə vasitələrilə təcəssüm etdirir ki, bunun da kökləri qədim dövrlərlə bağlı olur və professional çərçivədən kənarda lokal cəhətlər kəsb edir. O, həmçinin müasir yaradıcılıq fəaliyyətinin müxtəlif istiqamətlərində öz ifadəsini tapır, həm gündəlik planda, həm ənənəvi etnomədəniyyətlərin yaşayan və həyata qaytarılan elementlərində, həm də keçmiş mədəni irsə bu günki müraciətlərdə əks olunur.
Beləliklə, xalq mədəniyyəti kifayət qədər geniş anlama malik olub, tarixi dövrlərin retrospektiv müqayisələri ilə məhdudlaşmır. O, həmişə bu və ya digər dərəcədə ənənəvi sinkretik mədəniyyət olub, bilavasitə kommunikasiya vaxtı ünsiyyət vasitəsilə ötürülür. Keçmiş zamanda o, cəmiyyətin həyat fəaliyyətinin bütün aspektlərini müəyyən edir və normalaşdırırdı: həyat tərzi, təsərrüfat fəaliyyəti, adətlər, ayinlər, uşaqların tərbiyəsi, yaşayış yerinin xarakteri, əhatə edən aləmin dərk olunması, geyim tərzi, kulinariya, rəvayətlər, inanclar, müxtəlif səs təbiətinə malik mədəni mətnlərin toplusu olan folklor və s.
Bu mədəniyyət bizim dövrümüzə qədər xalq yaradıcılığının müxtəlif janr və formalarında: musiqi, mahnı, rəqs, söz, teatr, yaradıcılığın vizual-plastik folrmalarında gəlib çatmışdır. Bədii xalq ənənəsinin mühüm hissəsini dekorativ tətbiqi sənətlər, xüsusilə xalq sənətkarlığı təşkil edir ki, bunlar da son dövrlərdə dünya birliyinin, o cümlədən, dünya xalqlarının mədəni irsinin qorunması siyasəti yürüdən fondların xüsusi diqqət obyektinə çevrilmişdir.
Ənənəvi mədəniyyətlərin konkret formaları – ictimai mexanizmlər, onların transmissiyası keçici tarixi xarakter daşıyır. Xalqın normativ-dəyər baxımından həyat fəaliyyətini təmin edən bütöv sistem fraqmentlərə bölünür ki, bunlar da tədricən funksional məna tutumunu itirir. Bununla yanaşı, xalq mədəniyyətinin ümumi ideyaları və dəyərləri aktual olaraq qalır və müxtəlif yönümlü mütəxəssislərin professional fəaliyyət sahəsinə çevrilir. Lakin sonradan o, yenidən kütlə tərəfindən dərk olunaraq, dəyişilmiş şəkildə xalq mədəniyyətinin bir hissəsi kimi təzahür edə bilər. Belə bir proses hazırkı dövrdə Azərbaycanda, o cümlədən də digər ölkələrdə baş verir və ənənəvi mədəniyyətə (erkən formaları da daxil olmaqla) maraq çox artmışdır. Bu halda şifahi ənənəli mədəniyyət ayrı-ayrı ictimai təbəqələrdə və qurumlarda lokallaşaraq bütün cəmiyyəti əhatə etmir və onun ümumilikdə normativ – dəyər sisteminin təmsilçisi olur.
Ictimai təbəqələrə bölünmüş cəmiyyətdə mədəniyyət çoxlaylı olub, submədəniyyətlərlə zənginləşir. Folklor isə özünün əvvəlki universal vəziyyətini itirərək, submədəniyyətlərlə fəal surətdə qarşılıqlı əlaqəyə girir. Bu zaman, o, bir tərəfdən, mədəniyyətin müasir formalarını yaradır, digər tərəfdən isə mədəni irs mahiyyəti kəsb edir.
Irsi ötürülmənin ənənəvi mexanizmindən başqa, parallel olaraq, mədəniyyətin ötürülməsi, kanon əhəmiyyəti daşıyan bədii mətnin yazılması və qorunması, həmçinin, onun ictimai təyinatı üsulları da formalaşır. Bu prosesə xidmət edən və ona təsir göstərən texniki vasitələr yaranıb, geniş yayılmaqla bərabər, müxtəlif ictimai texnologiyalar da meydana gəlmişdir ki, bunlar da tədris, translyasiya və ictimailəşmə ilə bağlıdır. Eyni zamanda, ictimai institutlar, müxtəlif səviyyəli təşkilatlar şəbəkəsi də yaradılır.
Lakin müasir cəmiyyətdə yüksək inkişaf etmiş informasiya texnologiyalarının mövcudluğu, bütün fəaliyyət sahələrinin ixtisaslaşdırılması şəraitində, həmçinin, qeyri-professional mədəni təcrübə sinkretik formalarda yaşamağa davam edir. O, müasir mədəniyyətin çoxtəbəqəli binasında xüsusi professional sahələrlə yanaşı mövcuddur. Qədim xalq mədəniyyətinin klassik formaları (məsələn, müxtəlif xalqlarda epik janrlar) tədricən unudulur, onları folklorun və postfolklorun vizual kiçik folrmaları əvəz edir.
Xalq mədəniyyətinin müxtəlif sahələri geniş əhatə dairəsinə malik humanitar və ictimai fənlər vasitəsilə öyrənilir: folkloristika, sənətşünaslıq, mədəniyyət tarixi, etnologiya, etnolinqvistika, estetika, etnomusiqişünaslıq, mədəni antropologiya, mədəniyyətin sosiologiyası və i.a. Müxtəlif vaxtlarda folklorçuların və digər mütəxəssislərin verdikləri xasiyyətnamələrdə xalq mədəniyyətinin bir-biri ilə bağlı iki fundamental xüsusiyyəti çox mühüm əhəmiyyət kəsb edir:
-geniş mənada sinkretizm - kollektiv təfəkkür və davranış üçün səciyyəvi olan bilik və etiqadların, etika, estetika və məişətin, mədəniyyətin bədii və qeyri-bədii cəhətlərinin, dünyagörüşü və fəaliyyət dairəsinin qovuşmuş şəkildə birgə mövcudluğu deməkdir.
- ənənəvilik xalqın genetik yaddaşından kənarda mövcud olan ənənəyə istinad deməkdir ki, bu da müxtəlif zaman və məkan miqyasında cəmiyyətin ictimai təcrübəsinin kollektiv hərəkət-verici qüvvəsi kimi çıxış edir. Bu halda zaman və məkan ölçüsü – bir neçə ildən yüzilliklərədək, kiçik səciyyəvi ictimai birlikdən (tələbələr, sənətkarlar) etnos, millət, meqaetnos anlayışlarını ehtiva edən xalqlara qədər, ərazi baxımından isə region, ölkə və hətta bir neçə ölkədə yaşayan xalqlara kimi götürülür.
Ənənənin miqyası çox müxtəlif ola bilər. Bəzi hallarda o, bir neçə nəsli əhatə edərək, onilliklərlə və yüzilliklərlə davam edir. Biz bunu klassik tipli folklorda izləyə bilərik. Bəzən isə ənənə yaranaraq, bir neçə müddətdən sonra aradan çıxır, öz yerini başqasına verir (məsələn, lətifələr, mahnılar, müharibələrlə, təbii fəlakətlərlə bağlı şayiələr və s.). Lakin belə kiçik ənənələr də böyük ənənələr kimi, mədəniyyətin və ictimai təcrübənin stereotipləşməsinə xidmət edir, obraz – məna baxımından, simvolik ifadə baxımından yeni-yeni stereotiplərin yaranmasına təkan verir. Eyni zamanda da region masştabında müəyyən zaman çərçivəsində xalq mədəniyyəti ünsürlərinin möhkəmləndirilməsinin və ötürülməsinin texnologiya və üsullarını meydana gətirir.
Bütün bunlara əsasən, əlbəttə, demək olmaz ki, ənənəvi mədəniyyətdə bir həyat-məişət durğunluğu hökm sürür, eyni hadisələr, bədii mətnlər, ictimai formalar dairə üzrə təkrarlanır. Dəyişikliklər, transformasiyalar, köhnənin qalıqları üzərində yeni formaların yaranması da həmçinin özünü göstərir. Lakin xalq mədəniyyətinin daşıyıcılarının şüurunda mədəni standartların, hətta bəzi hallarda tarixi-mədəni prosesin real gedişinə əks olaraq,qorunub saxlanılması fikri hökm sürür. Bu istiqamətdə cəmiyyətin müxtəlif nəsillərini birləşdirən kollektiv, tayfa, anonim başlanğıc hökm sürür ki, bu da qədim tarixi və nüfuzlu şəxsiyyətlərin mövcudluğu baxımından əhəmiyyət kəsb edir.
Xalq mədəniyyətinin göstərilən iki keyfiyyəti bir-birilə çox sıx əlaqədədir. Xalq mədəniyyəti üçün səciyyəvi olan, dünya ilə qarşılıqlı münasibətlərin sinkretik baxımından differensasiya olunmamış formaları məhz bilavasitə kommunikasiya zamanı ötürülə və fəal surətdə mənalandırıla bilər. Bu, mütəşəkkil elmi formalarla bağlı olmayan ənənəvi ictimailəşmə üsuludur.
Müxtəlif ictimai və humanitar fənlərdə mədəniyyətin tədqiqi üzrə metodoloji baxımdan iki mühüm istiqaməti qeyd etmək vacibdir. Birincisi ondan ibarətdir ki, bəşəriyyətin və insan fəaliyyətinin nəticəsi kimi qiymətləndirilən maddi və mənəvi abidələr mədəniyyətə aid edilir. Ikincisində isə ictimai varlıq kimi insan fəaliyyətinin bütün formaları, yəni fəaliyyət üsulları, biliklər və s. onların dəyərindən asılı olmayaraq, mədəniyyətə daxil olunur.
Birinci halda, mədəniyyət, mahiyyət etibarilə, zamanın sınağından çıxmış maddi obyektlər, əşyalar, incəsənət əsərləri kimi təqdim olunur ki, onların da dəyəri danılmazdır, yəni burada əbədi ideallar, etnik, dini və estetik prinsiplər öz təcəsümünü tapır. Belə yanaşma tərzi,birmənalı olaraq, mədəniyyətin şedevr kolleksiyası kimi təqdim olunmasına gətirib çıxarır.
Ikinci yanaşma tərzi isə digər bir cəhəti qabardır ki, bu da mədəniyyət sahələrinin genişləndirilməsi ilə bağlıdır. Belə ki, insanların gördüyü işlər, onların fikirləşdikləri, tikdikləri nə varsa, hamısı bura daxildir. Bu halda mədəniyyət fəlsəfə, təbabət, texniki elmlərlə, kənd təsərrüfatı ilə qovuşur.
Bütün bu müstəvidə mədəniyyət fermentini üzə çıxarmaq həm nəzəri, həm də metodoloji baxımdan çox çətin məsələdir. Onun həlli üçün mədəniyyət haqqında ümumi təsəvvürləri konkretləşdirmək lazımdır ki, bu da insanın təhtəlşüuru ilə bağlıdır.
Bizim təqdim etdiyimiz yanaşma tərzi, hər şeydən əvvəl, normativ – dəyər sisteminin, ideyaların, məqsədlərin, bilgilərin təhlili ilə əlaqədardır. Burada həmçinin, onların rəngarəngliyini və qarşıdurmasını müxtəlif dövrlərdə və mədəniyyətlərdə simvolik işarələrlə təcəssüm etdirmə üsulları nəzərdə tutulur. Mədəniyyətin bu mühüm komponentlərinin, onun semantikasının və simvolikasının formalaşması bu prosesin baş verdiyi ictimai cəmiyyətdə inteqrasiya olunmağa, özünü ictimai baxımdan tam varlıq kimi dərk etməyə, müəyyən tarixi dövr ərzində öz həyat fəaliyyətini saxmağa imkan verir.
Mədəniyyətin məhz bu məzmun və işarə-əşya tərkibi geniş mənada, bədii mətn əhəmiyyətinə malik olur və adətən, ənənəvi-humanitar yönümlü tədqiqatlarda, o cümlədən, publisist işlərdə araşdırma obyektinə çevrilir. Bədii mətn ümumiyyətlə, çox vaxt mədəniyyətin özü ilə eyniləşdirilir və folklorçuların və sənətşünasların əsas diqqət mərkəzində dayanır.
Lakin daha bir aspektə də nəzər yetirmək lazımdır, bu da bilavasitə ictimai – mədəni prosesin xarakteri ilə müəyyən olunan bədii mətnin vəzifələri ilə bağlıdır. Belə aspekt verilmiş cəmiyyətin mədəni sistemində yaradılan simvolların, mənaların, dəyərlərin təcrübədə istifadəsi üçün ictimai texnologiya və üsulların təhlilini, onun nəsildən – nəslə ötürülməsi və saxlanılması, həmçinin yeniləşməsi və transformasiyası formalarını nəzərdə tutur.
Qayda – dəyər – məna – simvol bloku və onları tarixən qidalandıran ictimai transmissiya mövcudluq formaları bloku arasındakı əlaqələrin təhlili mədəniyyətə, dövri şəkildə dəyişən laylarla və texnologiyalarla bağlı olan və daim hərəkət edən tamamlanmamış proses kimi baxmağa imkan verir ki, bu da müasir baxışlara uyğundur. Buradan da görünür ki, xalq mədəniyyətində əsas parametr kimi qeyd etdiyimiz sinkretizm daha çox semantik blokla bağlıdır, ikinci parametr – ənənəvilik isə bədii mətnin mövcud icrası ilə təyin olunur.
Bu mövqelərin ifadə olunması və ictimai sistemdə bədii kontekstin qavranılması üçün bir neçə xarakteristikanın kompleks təhlili nəzərdə tutulur. Onlardan ən mühümlərini qeyd edək:
1. Bədii mətn, geniş mənada semantika və onun işarə – əşya – simvolik təcəssümüdür, yəni burada ideyalar, mənalar, musiqi, hərəkət, akustik ifadə vasitələri daxildir.
Şifahi – eşitmə xüsusiyyətlərinə əsaslanan xalq mədəniyyəti üçün həm semantik, həm də işarə baxımından qarışıq, sinkretik qurumlar xüsusilə aktualdır. Xalq mədəniyyəti müxtəlif təzahür istiqamətlərində bədii mətnin müxtəlif mövcudluq üsullarını nümayiş etdirir: məna və formaların saxlanılması, ixtisarı və transformasiyası, qarışıq ənənələrdə yeni mətnlərin yaranması, müxtəlif folklor mətnlərinin qarşılıqlı əlaqəsi, professional sahələrin (musiqi, poeziya və s.) təsiri.
2. Şifahi mədəniyyətin ictimai daşıyıcısı, onun icraçısı və onun sayəsində yaşayan şəxs. Mədəni subyektlərin tipləri müxtəlif cür ola bilər: şəxsiyyət, qrup, ictimai mühit, cəmiyyət, xalq, millət.
3. Mədəniyyətin fəaliyyətinin ictimai mexanizmi, onun qorunması və nəsildən – nəslə ötürülməsi.
Ümumilikdə mədəniyyət, xüsusən də müasir mədəniyyət ictimai informasiya texnologiyalarının böyük arsenalına malikdir. Həmçinin, mədəniyyətə münasibətdə ictimai mexanizmlər rolunu oynayan ictimai institutlar da bura aiddir. Ənənəvi mədəniyyətin ötürülmə üsullarından biri kimi canlı ünsiyyət yəni bilavasitə kommunikasiya aktı xüsusi əhəmiyyətə malikdir. Xalq mədəniyyətinin mühüm cəhətlərindən biri olmaqla yanaşı, bu üsul bizim zəmanəmizdə bədii mətnin fiksasiyasının müxtəlif formaları ilə zənginləşir. Eyni zamanda, xüsusi texnologiyalardan, tədris metodikasından istifadə olunur ki, bu da bilavasitə bədii mətnin xarakterinə, mədəniyyət aləmində onun yerinə və roluna birbaşa təsir göstərir.
4. Mədəniyyətin ictimai funksiyası və ya cəmiyyətin inteqrasiyasında mədəniyyətin rolu. Xalq mədəniyyətinin qlobal sistemlərə, məsələn, cəmiyyətə, ümumilikdə mədəniyyətə münasibətdə ictimai funksiyalarının təhlili onun müasir təzahürlərinin bir sıra mühüm xüsusiyyətlərini aşkar etməyə imkan verir. Xüsusilə də ənənəvi formalara münasibətdə onun əsl universal funksiyalarının fəaliyyət dairəsinin məhdudlaşdırıldığı özünü göstərir: dünyanın bütöv mənzərəsinin formalaşması, tayfanın, cəmiyyətin və fərdin həyatının qanun və dəyərlərinin tənzimlənməsi bura aiddir. Əsasən dekorativ-estetik funksiyaların qüvvətlənməsi özünü büruzə verir, yəni cəmiyyətdə mədəni irsin qorunması çərçivəsində ailənin, nəslin, əcdadların keçmişinin yaddaşlarda qorunub saxlanılması funksiyası gücləndirilir.
Ümumiyyətlə, xalq mədəniyyətinin tədqiqində müasir baxışlar irəli sürülən sualları cavablandırmağı tələb edir: bədii mətn nədir; mədəniyyətin daşıyıcısı, subyekti kimdir; daşıyıcının, yaradıcının, istifadəçinin, qoruyucunun bədii mətnə müraciətinin forma və üsulları hansılardır. Sualların bu şəkildə qoyuluşu xalq mədəniyyətinin bütövlükdə, onun ayrı-ayrı sahələrinin bu və ya digər cəmiyyətdə, müəyyən tarixi dövrdə mövcud durumunun kifayət qədər tam sistemləşdirilmiş lövhəsini yaratmağa imkan verir.
p align>
|