«XIDIR ILYAS» XALQ BAYRAMI HAQQINDA
Solmaz MƏHƏRRƏMOVA
 

Hər bir xalqın özünəməxsus bayramları vardır. Azərbaycan mənəvi mədəniyyətinin tərkib hissəsi olan bayramlar xalqımızın həyatında mühüm yer tutur. Araşdırmalar göstərir ki, bu gün xalqımızın məişətində mövcud bir sıra bayramların başlanğıcı eramızdan əvvəlki minilliklərə söykənir. Bayramlar öz məzmununa görə dini və dünyəvi bayramlara bölünür. Azərbaycanda Ramazan (Orucluq) bayramı, Qurban bayramı kimi dini bayramlarla yanaşı «Xıdır Ilyas» (Xıdır Nəbi), Novruz kimi xalq bayramları da mövcuddur.

       Qədim tarixə malik olan və el arasında geniş yayılmış bayramlardan biri də Xıdır Ilyas və ya Xıdır Nəbi adlandırılan mərasimdir. Bu bayram bir-birindən cüzi fərqlərlə demək olar ki, Azərbaycanın bütün bölgələrində keçirilir. Xıdır Ilyas adətən təbiətin oyanması, otların cücərməsi, axar suyun təmizlənməsi və s. təbii proseslərlə müşayiət edilir. Tədqiqatlarda Xıdır Nəbi bir şəxsiyyət olaraq «suyun, külək və havanın himayəçisi» kimi təqdim olunur,1 Xızır peyğəmbərlə eyniləşdirilir.

        «Kitabi – Dədə Qorqud» dastanının «Dirsə xan oğlu Buğac xan boyu”nda Dirsə xanın öz oğlu Buğacı yaralayıb Qazlıq dağında qoyub getdiyi səhnəsində oxuyuruq: «Oğlan orada yıxılanda Boz atlı Xızır oğlanın yanında hazır oldu. Üç dəfə yarasını əliylə sığallayıb: «Oğlan, qorxma, sənə bu yaradan ölüm yoxdur. Dağ çiçəyi ilə ananın südü sənin yarana məlhəmdir»- deyib yox oldu.2»

        Professor Pənah Xəlilov yazır: «Folklorumuzda Xızır qədim xeyirxah-sehrli qüvvədir. Sonralar Islam dini əfsanəsinə qarışıb Xızır Ilyas kimi məşhur olmuşdur. Xızır Ilyas sehri (möcüzəsi) bir daha təsdiq edir ki, bu boy ən qədim dastanlardan su içir, tarixən islamın yayıldığı dövrlərin əfsanələrinin təsirindən də kənara qalmır.»,3

        Xıdır Ilyas bayramının təsadüf etdiyi günlər haqqında tədqiqatçılar arasında müxtəlif fikirlər vardır. Onlardan bəziləri bu bayramın böyük çillədən dörd və kiçik çillədən üç gün olmaqla yeddi gün davam etdiyini bildirir.,4 Görkəmli folklorçu Əhliman Axundov isə həmin mərasimin kiçik çillənin onuncu günündə qeyd edildiyini göstərir.,5 Folklorşünas alim Bəhlul Abdullanın fikrincə, kiçik çillənin «Xıdır Nəbi» adlanan birinci ongünlüyü fəslin ən sərt, çovğunlu, dondurucu çağı sayılır. Xıdır Nəbinin şərəfinə icra olunan ayinlər Xıdırın yaşıllıq, su hamisi sayılan Xızırla əlaqəsini göstərir.,6 Digər bir tədqiqatçı, professor Məhərrəm Qasımlı «Xıdır Nəbi» bayramının hər il qış yarı olanda Böyük çillə ilə kiçk çillə arasında keçirildiyini bildirir.,7 Professor, Azərbaycanın xalq yazıçısı Əzizə Cəfərzadə «Xıdır Ilyas» mərasiminin kiçik çillənin qurtardığı son üç gündə – təxminən fevralın 25-28-i arasında keçirildiyini göstərir.,8< /a> Azərbaycanın görkəmli etnoqraflarından biri Ə.Ələkbərov da «Xıdır Nəbi» mərasiminin kiçik çillənin birinci ongünlüyündə qeyd edildiyini göstərmişdir. Ə.Ələkbərovun fikrincə, bu bayrama hazırlıq işləri qadınlar tərəfindən aparıldığı üçün daha çox qadın bayramı hesab etmək olar.,9

        «Azərbaycan mərasim folkloru» mövzusunda tədqiqat aparmış Afaq Xürrəmqızının da «Xıdır Nəbi» bayramı ilə bağlı maraqlı mülahizələri vardır.

        «Xıdır Ilyas» mərasiminə xüsusi hazırlaşırdılar. Xalq arasında belə inam vardır ki, əgər Xıdır Nəbi Boz atında gələrkən evlərdə bayram əhval-ruhiyyəsi görmədikdə küsüb gedirdi. Xıdırın küsüb getməsi isə ruzi-bərəkətin yox olmasına səbəb olar, baharın gəlməsi gecikər. Buna görə də hələ kiçik çillənin birinci günündən başlayaraq bayram tədarükü görülürdü. «Xıdır Nəbi» mərasimi süfrəsinin əsas atributları səməni, qovurğa, qovut, boyadılmış yumurta, xəşil, düyüdən hazırlanmış yeməklər idi. «Xıdır Nəbi» mərasimində kökə və kömbə də bişirilib. Bayram süfrəsi üçün buğda qovurulurdu, qovurulmuş buğdadan qovut çəkilirdi. Qovut ayrıldıqdan sonra qovurğanın «yarmalıq» adlanan digər iri hissəsi ayrı qaba yığılar. Bayramdan bir gün əvvəl evin kiçik övladı (oğlan uşağı) bağ-bağçadan alma çubuqları gətirər. Gətirilən şövlər üç tərəfdən səliqə ilə pambığa sarınıb yağda qızardılar. Axşam evin böyüyü ana şövləri bir-bir götürüb niyyətlərini sadalayır. Hər şöv bir niyyət üçündür.,10 Yurdun abadlığı, ail ənin salamatlığı, malqaranın məhsuldarlığı, bağ-bostanda barın çoxluğu, toy-düyün və s.niyyətlər edirlər.,11 Üyüdülmüş qovutu məcməyinin içində nazik yayırlar. Bəzən qovutdan başqa məcməyiyə un da yayırlar. Gecə düşəndə həmin dəstələnmiş çubuqları şam kimi yandırırlar. Özü yanıb keçənədək ona toxunulmaz. Səhərə qədər məcməyidəki qovut və ya una əl vurulmaz. Çünki əvvəlcə Xıdır Nəbi gəlib öz payını götürməlidir.,12 Belə hesab edirdilər ki, bu zaman evin ruzi-bərəkəti artar, bolluq olar. Yalnız bundan sonra həmin qovutdan yemək olar. Axşam şər qarışanda isə cavanlar və uşaqlar dəstələnib evləri qapı-qapı gəzərək «Xıdır» nəğməsini oxuyar və bayram payı yığardılar. Hansı qapıdan içəri girsələr əvvəlcə dəstədən bir adam irəli çıxıb avazla oxuyardı:

                Mən Xıdırın quluyam,
                Göy atının quluyam.
                Ağzının arpasıyam
                Ayağının nalıyam.12


        1. Kitabi – Dədə Qorqud. Yazıçı. 1988.s.137
        2. Izvestiə Azerbaydcanskoqo arxeoloqiçeskoqo komiteta. Baku. 1926. s.19
        3.Pənah Xəlilov. “Kitabi – Dədə Qorqud” intibah abidəsi. Bakı. Gənclik. 1993. s.107
        4.Toy və halay mahnıları (tərtibçi B.Şahsoylu). Bakı. Gənclik. 1990.s.11
        5.Azərbaycan folkloru antologiyası. II kitab (toplayanı Ə.Axundov) Bakı. Azərbaycan EA nəşriyyatı. 1968.s.11
        6. Bəhlul Abdullayev. Haqqın səsi. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı 1989. s.111
        7. El güzgüləri, elat söyləmələri. (toplayan və tərtibçi Məhərrəm Qasımlı) Azərbaycan Dövlət Nəşriyyatı. Bakı. 1993. s.40
        8. Ə.Cəfərzadə Unudulmuş əziz günlərimizdən. Azərbaycan jurnalı, 2001, ¹19. s.162
        9. Azərbaycan MEA Tarix Institutunun elmi arxivi. F.I.C.I. Qovluq ¹128. 1935
        10.Gəlinin cehiz kitabı (müəllif və tərtibçi Əkrəm Əylisli) Bakı. Yazıçı. 1994.s.133
        11. Bəhlul Abdullayev. Göstərilən kitabı. s.13
        12. El düzgüləri, elat söyləmələri. s.40


Dəstə isə xorla oxuyardı:
                Xıdırı-Xıdır Ilyas,
                Özünü yetir Ilyas.13

        Yenə bir nəfər oxuyardı:
                Xıdır gəldi hayınan
                Bir balaca dayınan.
                Dayça batdı palçığa
                Çıxartdıq hay-hayınan.14

        Dəstə xorla:
                Xıdırı – Xıdır Ilyas,
                Özünü yetir Ilyas.

        Dəstədən bir nəfər:
                Qara toyuq qanadı
                Kim vurdu, kim sanadı.
                Qapı-qapı gəzməkdən
                Baldırım it daladı.15

        Dəstə xorla:
                Xıdırı-Xıdır Ilyas,
                Özünü yetir Ilyas.

        «Xıdır payı»ndan ertəsi günü yağla kömbə bişirər, qovut çəkilər və dəstənin üzvləri arasında bölünərdi.

        Kiçik Qafqazın cənub-şərq rayonlarında (Laçın, Qubadlı, Zəngilan, Kəlbəcər, Cəbrayıl və Füzuli rayonları nəzərdə tutulur) «Xıdır Ilyas» bayramı özünəməxsus mərasimlərlə qeyd olunurdu. Rus tədqiqatçısı T.F.Aristova Laçın, Qubadlı və Zəngilan rayonlarında bu bayramın qeyd edilməsi prosesləri haqqında maraqlı məlumat verir. Qışın ortalarında keçirilən bu bayramda azərbaycanlı qadınlar ailəsinin salamatlığı üçün sacda qovurğa qovurar, çay və bulaq kənarında müxtəlif rənglərlə bir neçə yumurta qoyaraq niyyət edirdilər. Ertəsi gün yumurtalara baxırdılar. Əgər yumurta qırmızı rəngə boyanmışdırsa yaxşı, qara boyanırdısa pis əlamət yozurdular.16

        Kəlbəcər rayon sakini Əhməd Fətəliyev məlumat verdi ki, Qılıncı kəndində kiçik çillənin çıxmasına 15 gün qalanda «Xıdır Ilyas» bayramı qeyd olunardı. 10-15 nəfərlik dəstələrlə qapı-qapı gəzib bayram hədiyyəsi yığardıq. Hər evə çatanda xor ilə «Xıdır» nəğməsi oxuyar və oynayardıq. Əvvəlcə bir neçə nəfər oxuyardı:
                Xıdır gəlir haynan-huynan
                Altında bir qara daynan.
                Qara day palçığa batdı,
                Xıdır yanında yatdı.
                Dəsmal verin bağlayaq.

        Yenə dəstədən bir nəfər:
                Xıdır Nəbi, xan Ilyas,
                Açdı çiçək, gəldi yaz.
                Mən Xıdırın quluyam,
                Boz atının çuluyam.

        Xor təkrar edirdi:
                Xıdır Ilyas, Xıdır Ilyas,
                Açdı çiçək, oldu yaz.

        Dəstədən daha bir nəfər:
                Xıdır getdi hayınan,
                Bir balaca dayınan.
                Dayı palçığa batdı,
                Xıdır yanında yatdı.

        Xor:
                Xıdır Ilyas, Xıdır Ilyas,
                Açdı çiçək, gəldi yaz.



       13. Yenə orada.
       14. Yenə orada.
       15. Yenə orada.
       16. T.F.Aristova. Kurdı Zakavkazğə. M., Nauka. 1966.s.177.


Yığılmış bayram payını götürüb uşaqlardan birinin evinə toplaşıb bayram edirik. Yığışdığımız ev damında da (qaradam nəzərdə tutulur-S.M.) ev sahibinin bayram süfrəsində oturar bayram yeməkləri yeyərdik.

        «Xıdır Ilyas» mərasimini bölgədə qışın yarısının yola salınması münasibətilə keçirirdilər.

        Kəlbəcər sakini Ələmdar Səlimovun məlumatlarından aydın oldu ki, Dərəqışlaq kəndində «Xıdır Nəbi» mərasimini kiçik çillənin qurtarmasına beş gün qalmış keçirirdilər. Bu mərasimə «Məmmədqulu Xıdır Nəbisi» deyirdilər. Kənddə çoxlu tonqallar yandırardılar. Hamı evindən çölə çıxırdı. Tonqallara «çobandarağı» adlanan bitkinin qozasını atırdılar. Qoza ocaqda yanıb partlayırdı. Çobandarağı bitkisinin qozası tikanlıdır. Onu əlcəklə toplayırdılar.

        Ə.Səlimovun dediklərindən: «Xıdır Nəbi» bayramında yumurta döyüşdürülürdü. Hansı yumurta sınsa, sahibi uduzmuş hesab olunurdu. Ələmdar Səlimov bildirdi ki, bu bayramda qapıpusma mərasimi də keçirilirdi. Qulaqlarımızı barmağımızla yumaraq niyyət tutur və «filan evə qapı pusmağa gedirəm»- deyirdik. Həmin qapıya çatanda qulağımızı açırdıq, niyyətimizi eşitdiyimiz ilk sözlə sınayardıq. Buna görə də anamız bayram vaxtı bizə deyərdi ki, yaxşı söz danışın, qapımızı pusan olar. Qovurğanı məcməyiyə yayıb boş otaqda səhərədək saxlayırdıq. Əgər səhər qovurğanın üzərində əl izləri görünsəydi, deməli, Xıdır Ilyas evimizə gəlmişdir, yeni il ailəmiz üçün xoşbəxt il olacaqdır».

        Bölgənin ərazisində maldarlıqla məşğul olan əhali arasında «Xıdır Ilyas» mərasimini çox vaxt «qurdların bayramı» adlandırırlar. Qubadlı rayon sakini Oruc Şəkərəliyev məlumat verdi ki, «Xıdır Ilyas»ı fevral ayının ortalarında 3 gün dalbadal qeyd edirik. Bu bayram qurdların bayramıdır. Həmin vaxt hava çox soyuq olur, güclü külək əsir, hətta qar çovğunları da baş verirdi. Belə havada ac qalan qurdlar mal-qoyuna hücum edirdilər. «Xıdır Ilyas» sovuşanda bayram edirdik. Yəni xətadan qurtarırdıq.

        Qubadlı rayon sakini Kübra Şəkərəliyevanın məlumatına görə, «Xıdır Ilyas»- «qurdların bayramı»nda xəşil və düyü yeməkləri bişirilirdi. Xəşil isti yemək olduğu üçün soyuqda bədənə istilik gətirir. Xəşili un, yağ, bəhməz və ya şəkər tozu ilə hazırlayırdılar. Bundan başqa, «Xıdır Ilyas» mərasimində qurudlu xəşil hazırlayırdılar. Qurud xəşilini hazırlamaq üçün əvvəlcə qurudu suda əridərək sıyıq halına salırdılar. Soğanı yağda qızardıb üzərinə əvvəlcədən hazırlanmış sıyığı töküb yeyirdilər.

        Düyüdən hazırlanan «Xıdır Ilyas» bayram yeməyini hazırlamaq üçün undan umac edirdilər. 1 stəkan düyünü qazanda qaynayan duzlu suya əlavə edərək bişirirdilər. Bir müddətdən sonra umacı da buraya qatırdılar. Hər iki ərzaq qaynayıb qatılaşır və bərkiyirdi. Bayram süfrəsində yeyilirdi. Unu isə iri dayaz qaba ələyir, ayrı otağa qoyurdular. Səhərisi gün unun üzərində iz əmələ gəlirdisə, bunu bərəkət rəmzi və Xıdır Ilyasın əlinin izi hesab edirdilər.

        Cəbrayıl rayon sakini Zöhrə Mustafayeva «Xıdır Nəbi» bayramının fevral ayının axırıncı həftəsində keçirildiyini qeyd etdi. Həmin gün qızlar çox duzlu kökə bişirib yeyər, su içməzdilər. Qıza yuxuda hansı oğlan ona su versə və ya hansı həyət və məhəllədən su içsə, qisməti hesab olunurdu. «Xıdır Ilyas» günü bütün evlərdə xəşil və kömbə bişirirdilər. Qurdların bayramını qeyd edirdilər.

        Bu mərasim ilin şaxtalı gününə təsadüf etdiyi üçün el arasında belə deyər və oxuyardılar:
                Xıdır girdi, qış girdi,
                Xıdır çıxdı, qış çıxdı.




Füzuli rayon sakini Miniş Ismayılovanın məlumatından aydın olur ki, «Xıdır Ilyas» bayramında xəşil bişirilir, buğda qovurulur, qovut çəkilirdi. Bununla yanaşı, niyyət tutub bir sıra ayinlər də icra edirdilər. Qızlar başlarını qara yaylıqla bürüyüb güzgüyə baxırdılar. Bu zaman güzgüdə gələcəkdə ailə quracaqları oğlanların sifətlərini görürdülər. Qulaqlarının ikisini də barmaqları ilə qapayıb qapı pusmağa gedirdilər. Nəzərdə tutduqları qapıya çatanda qulaqlarını açıb evdən gələn danışığa qulaq asar, bununla da sanki gələcək talelərini müəyyən edərdilər.

        Qovurğanı sacda qovuranda ürəklərində niyyət edirdilər: Məsələn, əgər buğdadan 7 ədədi kənara sıçrasa, belə hesab edərdilər ki, niyyət yerinə yetəcək.

        Laçın rayonunda da «Xıdır Ilyas» bayramı xüsusi təmtəraqla keçirilirdi. Quba Həsənova öz məlumatında bildirdi ki, uşaqlar qarğı çubuğunu at minirmiş kimi ayaqlarının arasına qoyaraq çapırdılar. Ağac atları ilə çapıb hər qapını döyərək nəğmə oxuyar və «Xıdır payı» yığardılar. Dəstədən bir nəfər irəli çıxıb avazla oxuyardı:

                Xanım, ayağa dursana,
                Dağarın ağzın açsana,
                Torbanı doldursana,
                Xıdırı yola salsana.

        O biri uşaqlar isə xorla oxuyardılar:

                Mən Xıdırın quluyam
                Boz atının çuluyam.

        Qeyd etmək lazımdır ki, bölgə ərazisində «Xıdır Nəbi» bayramı paylarını uşaqlar torba götürüb yığırdılar. Un, buğda və digər məhsulları o dövrdə əsasən dəridən hazırlanmış dağara yığıb ağzını bağlayardılar. Buradakı «dağarın ağzın açsana» müraciəti-yəni dağarın ağzını açıb bizə un və ya buğda və s. ver demək idi. Bu rayonda da «Xıdır Ilyas» bayramında evlərdə xəşil çalınar, qovurğa qovurular, qovut düzəldilər və heç kəsi paysız yola salmırdılar. Belə inam var idi ki, elə Xıdır Ilyasın özü də uşaqların içindədir. Pay verilməsə Xıdır Ilyas küsər, atını çapıb gedər, ruzi-bərəkəti də özüylə aparar. Pay verildikdə isə Xıdır Ilyas – Xıdır peyğəmbər atını çapıb həmin evlərin hamısına ruzi paylaya-paylaya gedər. Həmin gecə külək əsərsə belə hesab edirdilər ki, Xıdır Ilyasdır. Əsən külək isə atın kişnərtisidir. Burada da qovuta və ya una Xıdır Ilyasın əl basmasına inam güclü idi.

        Beləliklə, məlum olur ki, «Xıdır Ilyas» mərasimi xalq bayramı olmaqla yanaşı, həm də mifik bir obrazın – Xıdır Ilyasın mövcud olduğu və mərasimlərdə şəxsən iştirak etdiyi barədə fikri yaddaşlarda möhkəmləndirir.








Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70