AZƏRBAYCAN FOLKLORU NÜMUNƏLƏRININ HÜQUQI QORUNMASI HAQQINDA AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU
.
 

Bu Qanun Azərbaycanın mədəni irsinin tərkib hissəsi olan milli folklor nümunələrinin əqli mülkiyyətin xüsusi növü kimi hüquqi qorunması, istifadəsi və müdafiəsinin təminatı ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.

I fəsil
Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar

       

       1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
       1.0.1. Azərbaycan folkloru nümunələri (bundan sonra- folklor nümunələri) – Azərbaycan xalqı, onun ayrı-ayrı fərdləri tərəfindən yaradılan və qorunub saxlanılan, Azərbaycan xalqının ənənəvi-bədii dəyərlərini, dünyagörüşünü, ümid və arzularını bədii irsin xarakterik xüsusiyyətlərini özündə əks etdirən şifahi şəkildə yaradılan söz sənəti nümunələri, xalq musiqisi,oyunları və rəqsləri, xalq sənətkarlığı və tətbiqi sənət nümunələri (maddi formada olan və olmayanlar), eləcə də digər xalq yaradıcılığı nümunələri;
       1.0.2. Folklor nümunələrinin hüquqi qorunması – folklor nümunələrinin hər hansı qeyri-qanuni istifadədən və onlara zərər vuran digər hərəkətlərdən qorunması;
       1.0.3. Folklor nümunələrindən qeyri-qanuni istifadə – folklor nümunələrindən kommersiya məqsədilə ənənəvi və adi olmayan istifadə hallarında bu Qanunla müəyyən edilən tələblərin pozulması;
       1.0.4. folklor nümunələrinə zərər vuran hərəkətlər – folklor nümunələrinə bu Qanunla müəyyən edilən istifadə hallarında onun mənbəyinin, həmçinin yarandığı yerin coğrafi adının və (və ya) mənsub olduğu xalqın (cəmiyyətin) adının dəqiq göstərilməməsi;
       1.0.5. folklor nümunələrindən ənənəvi istifadə –təbii mahiyyət, məzmun və forma xüsusiyyətləri saxlanılmaqla folklor nümunələrindən cəmiyyətin uzunmüddətli təcrübəsinə əsaslanan istifadə;
       1.0.6. folklor nümunələrindən adi istifadə – folklor nümunələrindən cəmiyyətin gündəlik tələb və ehtiyaclarına uyğun istifadə.
       1.0.7. folklor nümunələrindən ənənəvi və adi olmayan istifadə - folklor nümunələrinin təbii mahiyyət, məzmun və ya məqsəd, təyinat, və bədii formasının dəyişdirilməsi ilə istifadə;
       1.0.8. folklor nümunələrindən kommersiya məqsədilə istifadə - gəlir götürmək məqsədilə folklor nümunələrinin dərc olunması, surətçıxarılması, nüsxələrin yayılması, kütləvi deklamasiyası və ifası, efirlə və ya kabellə verilməsi, habelə kütləyə çatdırılmaq üçün hər hansı kütləvi bildiriş formasında istifadə;



Maddə 2. Qorunan folklor nümunələri

       

       2.1. Bu Qanunda qorunan folklor nümunələri bədii xalq yaradıcılığı, xalq sənətkarlığı və tətbiqi sənət nümunələrindən ibarət olan aşağıdakı əsərlərdir:
       2.1.1. bədii söz sənətinə aid olan əmək, mərasim və uşaq folkloru nümunələri, miflər, əfsanələr, rəvayətlər, nağıllar, dastanlar, lətifələr, xalq dramları, atalar sözləri, zərbi-məsəllər, tapmacalar, xalq və aşıq poeziyası nümunələri, bayatılar və başqa şifahi söz nümunələri;
       2.1.2. xalq mahnıları və rəqs melodiyaları, xalq professional musiqisinə aid aşıq havaları, muğam-dəstgahlar, zərbi-muğamlar, təsniflər, rənglər və başqa folklor musiqisi nümunələri;
       2.1.3. xalq rəqsləri, yallılar, oyunlar, mərasim və bayramlar və başqa hərəkətli nümunələr;
       2.1.4. Duyulan tətbiqi sənət və xalq sənətkarlığı nümunələri, o cümlədən: qrafik sənət-şəkillər, rəsmlər, silsilə təsvirlər, kölgə rəsmləri, döymə və oyma işləri, heykəltəraşlıq, keramika, gil mə`mulatı, mozaika, metal üzərində işləmə, mis və bürünc tökmə məmulatları, ipəkçilik, xalçaçılıq, misgərlik, zərgərlik, dabbaqçılıq, tikmə, səbəthörmə sənəti işləri, gəbələr, butalar, geyimlər kimi folklor sənəti nümunələri, ornamentlər, naxışlar, musiqi alətləri, xarratlıq, me`marlıq işləri, bu qəbildən olan başqa nümunələr.
       2.2. Bu Qanunun 2.1-cı maddəsində göstərilən qorunan folklor nümunələrinin yaranması zamanla və məkanla məhdudlaşmır, yeni yaranan folklor nümunələri də qorunanların sırasına daxil edilir və onların hüquqi qorunması müddətsizdir.



Maddə 3. Folklor nümunələrinin hüquqi qorunması haqqında
Azərbaycan Respublikasının qanunvericiliyi

       

       3.1. Folklor nümunələrinin hüquqi qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər hüquqi aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
       3.2. Bu Qanunla Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq olunur.




Maddə 4. Qanunun tətbiq sahəsi

       Bu Qanun Azərbaycan xalqı və ya onun ayra-ayrı fərdləri tərəfindən yaradılan və qorunub saxlanılan bu Qanunun 2-ci maddəsində göstərilən folklor nümunələrinə şamil edilir.

Maddə 5. Folklor nümunələrinin hüquqi qorunması sahəsində dövlət siyasətinin əsas istiqamətləri
       

       5.1. Folklor nümunələrinin hüquqi qorunması sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır:
       5.1.1. folklor nümunələrinin qorunub -saxlanılması , inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılması;
       5.1.2. folklor nümunələrinin hüquqi qorunmasını təmin edən qanunvericilik bazasının yaradılması;
       5.1.3. Azərbaycan xalqına məxsus folklor nümunələrinin xarici dövlətlərin ərazilərində hüquqi qorunması məqsədilə beynəlxalq əməkdaşlığa şərait yaradılması.
       5.2. folklor nümunələrinin hüquqi qorunması məqsədilə müvafiq icra hakimiyyəti orqanı öz səlahiyyətləri çərçivəsində:
       5.2.1. beynəlxalq təcrübəyə uyğun olaraq mövcud qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər hazırlayır;
       5.2.2. folklor nümunələrinin hüquqi qorunması üzrə beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasını təmsil edir və bu sahədə əməkdaşlığı təşkil edir;
       5.2.3. folklor nümunələrindən istifadəyə bu Qanunla qoyulan tələblərin pozulması hallarında dövlətin maraqlarını təmsil və müdafiə edir.

II fəsil
Folklor nümunələrindən istifadə qaydaları
Maddə 6. Folklor nümunələrindən istifadəyə tələblər

       

       6.1. Folklor nümunələrindən Azərbaycan Respublikası ərazisində ənənəvi və adi, o cümlədən kommersiya məqsədilə istifadə formaları sərbəstdir.
       6.2. Folklor nümunələrindən kommersiya məqsədilə ənənəvi və adi olmayan istifadə zamanı hər hansı formada dərc olunması, surətçıxarılması və nüsxələrin yayılması, hər hansı kütləvi deklamasiya və ya ifa, efirlə və ya kabellə verilişlər, habelə kütləyə çatdırılma məqsədi ilə hər hansı digər kütləvi bildiriş formalarında onların təbii mahiyyət və məzmununa xələl gətirməməklə məqsədi, təyinatı və bədii forması dəyişdirilə bilər.

Maddə 7. Folklor nümunələrindən istifadəyə istisnalar

       

       7.1.Aşağıdakı məqsədlər üçün folklor nümunələrinin istifadəsi ənənəvi və adi olmayan forması kimi qəbul edilmır:
       7.1.1.folklor nümunələrin orijinal müəllif (müəlliflər) əsərləri yaradılması üçün işləndikdə;
       7.1.2. folklor nümunələrindən orijinal müəllif (müəlliflər) əsərində istifadənin məqsədəmüvafiq həcmdə illüstrasiya formasında istifadə edildikdə ;
       7.2. Folklor nümunələrinin aşağıdakı təsadüfi istifadə formaları ənənəvi və adi olmayan hesab edilmir:
       7.2.1. fotoqrafiya, yayımlanma, səsli yazılma vasitəsilə məlumat verilməsi üçün bu cür istifadənin informasiya məqsədinə lazım olan həcmdə işlədilməsi şərti ilə hər hansı cari hadisə zamanı görülə və eşidilə bilən xalq yaradıcılığı nümunələrindən istifadə edildikdə;
       7.2.2. sərbəst giriş üçün daim açıq olan yerlərdə özündə folklor nümunələrini saxlayan obyektlərin təsvirinin fotoqrafiya, film və ya televiziya verilişinə daxil edilməklə istifadəsi.



Maddə 8. Folklor nümunələrindən istifadə
zamanı mənbənin göstərilməsi

       8.1. Dərc olunmuş bütün əsərlərdə folklor nümunələrinin kütləvi ifa və bildiriş hallarında onun mənbəyi, həmçinin istifadə olunan folklor nümunəsinin yarandığı yerin coğrafi adı və (və ya) mənsub olduğu xalqın (cəmiyyətin) adı dəqiq göstərilməlidir .
       8.2. Folklor nümunələrindən bu Qanunun 7 -ci maddəsiində göstərilən hallarda istifadə edildikdə 8.1-cı maddənin tələbləri tətbiq edilmir.



Maddə 9. Folklor nümunələrindən istifadə zamanı hüquq pozuntuları

       

       9.1. Fiziki və ya hüquqi şəxslər tərəfindən folklor nümunələrindən istifadə edildikdə aşağıdakı hərəkətlər hüquq pozuntusu hesab edilir:
       9.1.1. folklor nümunələrindən istifadə edildikdə, təsadüfi və ya bilərəkdən edilməsindən asılı olmayaraq, bu Qanunun 6.2-ci maddəsinin tələblərinin pozulması;
       9.1.2. folklor nümunələrindən istifadə edilərkən bilərəkdən və ya ehtiyatsızlıqdan bu Qanunun 8.1-ci maddəsinin tələblərinin pozulması;
       9.1.3. birbaşa və ya dolayısı ilə yolla kütləyə çatdırılmış folklor nümunələrini bilərəkdən özününkü kimi qələmə verməklə və ya folklor nümunələrinin yaranma mənbəyinə münasibətdə kütləni yanlış fikrə istiqamətləndirmək və ya onları faktiki mənbəyi olmayan digər ölkənin nümunələri kimi təqdim etməklə, folklor nümunələrindən istifadə;
       9.1.4. birbaşa və ya dolayısı ilə kütləyə çatdırılmış folklor nümunələrinin bilərəkdən təhrif olunmaqla, ölkənin mədəni maraqlarına zərər vurulmaqla istifadəsi.
       9.2. Folklor nümunələrindən istifadə qaydalarının pozulmasına görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qaldırılan iddia ərizələri əsasında folklor nümunələrindən bu Qanunla nəzərdə tutulan istifadə qaydalarının pozulmasına görə tutulan məbləğlər dövlət büdcəsinə köçürülür və intellektual mülkiyyət sahəsində yaradıcılığın həvəsləndirilməsinə, müəllif hüququ sahəsində dövlət siyasətinin təmin edilməsinə və folklor nümunələrinin hüquqi qorunmasına yönəldilir.

III fəsil
Folklor nümunələrinə əqli
mülkiyyət hüquqlarının müdafiəsi

Maddə 10. Mülki-hüquqi müdafiə vasitələri.

       10.1. Müvafiq dövlət orqanları folklor nümunələrindən qanuni istifadə qaydalarını pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdir.
       10.2. Folklor nümunələrinin qorunması məqsədilə məhkəməyə müraciət edilərkən mülki-hüquqi vasitələrin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə aşağıdakılar da tətbiq edilə bilər:
       10.2.1. pozuntuya yol verən şəxsdən hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması.
       10.2.2.gəlirin tutulması əvəzinə şərti maliyyə vahidinin 100 mislindən 50 min mislinədək məbləğdə kompensasiya ödənilməsi.
       10.3.Cinayət tərkibli pozuntulara qarşı sanksiyalar mülki- hüquqi müdafiə vasitələrinin tətbiqini istisna etmir.



Maddə 11. Kontrafakt nüsxələr

       Bu Qanunla folklor nümunələrinin istifadəsinə qoyulan tələblərin pozulması ilə istehsal olunan və ya yayılan hər hansı folklor obyekti nüsxələri kontrafakt nüsxələr sayılır və qanunvericilikdə müəyyən olunmuş qaydada müsadirə edilir.

Maddə 12. Folklor nümunələrindən istifadəyə
tələblərin pozulmasına görə məsuliyyət

       Folklor nümunələrindən istifadə zamanı bu Qanunda nəzərdə tutulan tələblərin pozulmasında təqsirli olan şəxslər mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

IV fəsil
Yekun müddəaları
Maddə 13. Xarici dövlətlərdə folklor nümunələrinin hüquqi qorunması

       Xarici dövlətlərin folklor nümunələrinin Azərbaycan Respublikasında, Azərbaycan folklor nümunələrinin xaricdə hüquqi qorunması, Azərbaycan respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən tənzimlənir.

Maddə 14. Digər qorunma formalarına münasibət

       Bu Qanun müəllif-hüquq qanunvericiliyi, əqli və sənaye mülkiyyətinin digər növləri üzrə folklor nümunələrinə tətbiq oluna bilən, həmçinin folklor nümunələrinin qorunub saxlanılmasına aid digər normativ hüquqi aktlarda və Azərbaycan respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan qorunma formalarını məhdudlaşdırmır.


Maddə 15. Təfsir

       Bu Qanunla müəyyən edilən hüquqi qorunmanın folklor nümunələrinin yaradılmasına və onlardan normal istifadəyə mane olan forma kimi şərh edilməsi yolverilməzdir.



Maddə 16. Qanunun qüvvəyə minməsi


       Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.

Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 may 2003-cü il








Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70