X.MIRZƏZADƏNIN «ETIRAF» VOKAL-SIMFONIK ƏSƏRI BARƏDƏ BƏZI MÜLAHIZƏLƏR
Qənirə HÜSEYNOVA
 

Yaradıcılıqlarında ciddi ideyalı mövzulara meyl göstərən müasir Azərbaycan bəstəkarları ən müxtəlif janr və formalarda bəstəkarlıq texnikasının bütün palitrasına yiyələnmişlər. Azərbaycan bəstəkarlarının texniki ustalığı artdıqca orkestrdəki arfa partiyası da dəyişilir, inkişaf edir.

       Böyük müəllimi Qara Qarayevin yaradıcılığına xas olan novatorluq xüsusiyyətini mənimsəmiş görkəmli bəstəkar Xəyyam Mirzəzadənin yaradıcılığına nəzər saldıqda vokal musiqi sahəsində də diqqətəlayiq işlər görüldüyünü müşahidə edirik. Onun səs və orkestr üçün bəstələdiyi «Etiraf» vokal silsiləsi 4 essedən ibarətdir: «Etiraf», «Sən», «Onunla müqayisə edilməz», «Inan». Rəsul Rzanın şerlərinə yazılmış bu silsilə lirizmi ilə dinləyicini kədərli düşüncələrə dalmağa vadar edir. Rəsul Rza poeziyasının dərinliyini bəstəkar musiqinin son dərəcə geniş ifadə vasitələri ilə açır.

       Əsərdə uğursuz məhəbbət faciəsi və qəhrəmanın bu faciə təhlükəsinə qarşı daxili mübarizəsi öz əksini tapmışdır. Bəstəkar faciə ilə bitən bu təhlükəni ruh yüksəkliyi ilə fərqlənən etik elementlərlə bərabər səsləndirir. Bunun üçün son dərəcə müxtəlif ifadə vasitələrindən istifadə edir.

       Silsiləni vahid tam halında birləşdirmək üçün ostinato prinsipi tətbiq edilmişdir. Bəstəkar silsilənin anlamını daha geniş açmaq məqsədi ilə polifonizasiyadan istifadə etmiş və eyni zamanda bunu sonor effekti yaradan qeyri-ənənəvi akkordika ifadə vasitələri ilə birləşdirmişdir. Orkestrin tərkibi ənənəvi deyil: nəfəsli ağac alətlərinin üçqatlı tərkibinə (kontrfaqot xaric) dörd valtorna (Corno in F) əlavə edilir. Burada səs yüksəkliyinə malik və eləcə də səs yüksəkliyi olmayan zərb alətlərindən qənaətlə istifadə olunmuşdur. Partiturada eləcə də iki arfa, piano və simlilərin tam tərkibi iştirak edir. Silsilənin partiturasının orkestr yazısında «puantilizm» yazı üslubunun bəzi xüsusiyyətlərini görürük. Bəstəkarın səs və orkestr üçün yazdığı bu əsərdə orkestr sadəcə müşayiət rolu oynamır. Partituranı «incələyərkən» hər bir orkestr qrupunun, eləcə də hər bir musiqi alətinin ayrılıqda əsərin musiqi dramaturgiyasının inkişafında çox əhəmiyyətli rol oynadığına şübhə qalmır. Musiqi dramaturgiyası baxımından poetik anlamın açılmasında hər bir alət son dərəcə əhəmiyyətli rol oynayır. Əsərin poetik mənası instrumental tərkiblə məharətlə əks etdirilir. Gəlin, bizi daha çox maraqlandıran iki arfanın partiyasına baxaq. Bəstəkarın bu musiqi alətinə olan diqqəti və məqsədyönlü münasibəti göz önündədir. Bəstəkar arfa musiqi alətini ilk növbədə, orkestr «orqanizminin» ayrılmaz hissəsi kimi şərh edir.

       Birinci esse – «Etiraf» üç cümlədən ibarət təkrar quruluşlu period formasında yazılmışdır. Andante tempində səslənən həzin Cantonu vibrafon tək səslə müşayiət edir. Orkest pp səslənir. Mövzunun üçsəsli ilə ifadə olunan başlanğıc motivi hər dəfə yeni səs yüksəkliyi ilə təkrarlanır. Periodun birinci cümləsi dörd xanədən ibarətdir. Əsərin melodik xətti ikinci xanənin sonunda fleytaya verilir. Yenidən səslənən canto bu dəfə (3-cü xanədə) klarnet və arfayla dialoq quraraq melodik xətti onlara verir. Klarnetlə oktava aralığı olan arfalarda birinci arfa əsas, aparıcı rolu yerinə yetirir. Ikinci arfa simlilərlə birlikdə harmonik fon yaradır. Orta registrdə çalınan ikinci arfanın tembri simlilərin səslənməsini yumşaldır.

       Ikinci cümlə yeddi xanəlidir, üçünçü cümlədə xanələrin sayı səkkizə çatır (genişlənmişdir). Burada qeyri-adilik ondadır ki, ikinci cümlənin sonu üçüncü cümlənin başlanğıcı ilə üst-üstə düşür. Bu bütün hissənin kulminasiya anıdır: ən yüksək səs canto dadır, burada orkestr tuttisi ff ilə səslənir.

       Üçüncü cümlə lirik sözlərlə başlayır: «ulduzlu gecə, sənin baxışlarin, ancaq sən və mən...» 1. Burada səslə paralel unison ikinci arfa səslənir. Bu dəfə ikinci arfanın çaldığı partiya əsas, birinci arfa orkestrin başqa alətləri ilə müşayiət rolunu oynayır.

       Ikinci arfa partiyasının fakturasında flajolet texnikasından istifadə olunmuşdur. Ifaçı sol əli ilə flajolet çalarkən sağ əl bir oktava zildə eyni səsləri ifa edir. Sağ əlin yuxarı registrdə çaldığı səslər flajoletlərin daha qabarıq səslənməsini təmin edir. Ilk baxışda flajoletlərin köməyi ilə hər iki əlin çaldığı səs eyni yüksəklikdədir. Eyni zamanda sol əlin çaldığı flajolet real səslənməyə şəffaf-fantastik çalar qatır. Burada arfaçı flajoletləri mümkün qədər qüvvətli, normal səsləri bir az yavaş çalsa istənilən ideal səslənməyə nail ola bilər.

       Silsilədə ikinci esse – «Sən» iki hissəli formada yazılmışdır. Pyesin quruluş sxemi belədir (nümunə ¹ 1)

       A bölümü B bölümü
        [a+b] [a1+b1]
        (a a1) (b b1) (a a1) (b1 b2)

       Birinci essedə olduğu kimi burada da musiqi Rəsul Rza poeziyasını zərif çalarlarla əks etdirir. Bəstəkarın bu qədər nəfis poeziya qarşısında formalaşdırdığı musiqi materialının son dərəcə maraqlı olması qanunauyğundur. Musiqi materialı təməl səslərin sanki tədricən canlanmasından doğulur (do, mib, re, sol, si, lab, fa). Tədricən yığılan bu səs ehtiyatı mövzunun əsasını təmin etməklə musiqi toxumasının harmonik və melodik təməlini zənginləşdirir.

       Pyesin dramaturgiyasının inkişaf xətti ardıcıl akkord fakturası fonunda davam edir. «Sən» essesində Cantonun girişi orkestrin fonu ilə hazırlanır. Orkestrin canlandırdığı bu fon musiqisində arfa musiqi alətinin rolu əhəmiyyətlidir. Müəllif gecənin sükunətli təsvirini simlilərin aramla təkrarlanan akkordu, fleyta və klarnetin pedalı ilə yaradır. Bu zaman birinci arfa çox sadə təkrarlama üsulu ilə donuq akkord səslənməsini canlandırır. Arfanın təkrarladığı növbəli səslər musiqidə hərəkət və titrəyiş illüziyası yaradır (nümunə ¹ 2)

       Ikinci arfa öz sərbəst müstəqil xəttini bir qədər gec səsləndirir. Əvvəlcə o, növbəti yuxarıda qeyd etdiyimiz «toplanan» səsləri ifa edir. Burada ikinci arfanın flajolet üsulu ilə yaratdığı boya müəllifə lazım olan səslənmə tembrini son dərəcə yerində canlandırır (nümunə ¹ 3)

       Əsərdə musiqi toxumasının fakturası və eləcə də tembr ifadə vasitələrinin formalaşmasında arfaların əhəmiyyətli rol oynadığının şahidi oluruq.

       Mövzuda hər iki arfa əvvəlcə növbə ilə, sonra birlikdə son dərəcə mühüm akkord səslərini (fa# – sol#; fa – sol) ifa edirlər. Valtornalarla (4 Corni) qüvvətləndirilən bu səslər ardıcıl şaquli harmonik xəttin mərkəzini təşkil edir. Arfaların çaldığı akkord səsləri fakturaca eyni olan xromatik səslərdir. Bu partiyanın ifası bir arfaya verilsə arfaçı xromatik səslərə keçmək üçün pedalları sürətlə dəyişmək məcburiyyətində qalardı. Belə sürətli pedal «eniş-yoxuşları» kənar səslənməyə səbəb olar. Səslənmənin təmiz və keyfiyyətli olması üçün müəllif düzgün metod seçərək xromatik səsləri iki arfa arasında bölmüşdür.

       Burada dinamik f atmosferində valtornaların aramla səslənməsinə bir qədər cizgili rəng vermək məqsədi ilə müəllif arfalardan istifadə edir. Arfaların belə bir konteksdə istifadə olunması mətnin məzmunu ilə diktə edilmişdir. «Sükutun mənim nitqimi kəsir» (nümunə ¹ 4)

       Iki hissəli formada yazılan əsərin ikinci bölümünün musiqi materialını müəllif yeni orkestrləşdirmə ilə təqdim edir. Formanın ikinci bölümünün musiqi materialı birinci bölümün a və b materialını olduğu kimi təkrarlayır. Bu təkrarlanmaya baxmayaraq orkestrin müəyyən qruplarının yerinə yetirdiyi funksiya bir qədər dəyişilir. Nəticə etibarı ilə hər iki arfa partiyasının fakturası dəyişilir.

       Formanın ikinci bölümündə istifadə olunan birinci arfa birinci bölümündə olduğu kimi hərəkət illüziyası yaratmaqla yanaşı eyni zamanda klarnet və fleytalara dəstək verir. Ikinci arfa isə simlilər qrupunun uzun avazlı pedal səslərini birinci bölümdə olduğu kimi növbəli deyil, eyni anda səslənmə ilə qüvvətləndirir. Bu dəfə ikinci arfanın çaldığı partiya birinci bölümdə birinci arfanın fakturaya hərəkət verən funksiyasını yerinə yetirir (nümunə ¹ 5)

       Pyesin kulminasiyasında arfaların ifa etdiyi eyni dərəcəli partiya registrin bürün səviyyələrində orkestr tuttisinə qoşulur.

       «Sən» essesi partiturasında bəstəkar tərəfindən son dərəcə dinamik istifadə olunan arfa musiqinin bədii ideyalarının formalaşmasında böyük əhəmiyyət daşıyan orkestrin əsas alətlərindən sayılır.

       Silsilədə üçüncü esse - «Onunla müqayisə edilməz» reprizalı iki hissəli formada yazılmışdır. Əsərin ümumiləşdirilmiş sxemini təqdim edirik:

       I bölmə - A A1 II bölmə - B A


       1 Misranın tərcüməsi məqalə müəllifinə məxsusdur.

Partituranı «incələrkən» görürük ki, musiqi dilinin yeniləşdirilməsi bəstəkarı maraqlandıran problemdir. Burada biz yeni səs təşkili sisteminin təsirini aşkarlayan inkişaf üsullarının əlamətlərini izləyirik. Əsərin musiqi toxumasının quraşdırılması metodu orijinallığı, tembr, dinamika vasitələrinin maraqlılığı və mürəkkəbliyi ilə diqqəti cəlb edir.

       Arfaların partiyaları ilk baxışdan mürəkkəb pedal sistemi olan funksiyanı yerinə yetirməyə məruz qalır. Belə ki, arfa musiqi alətində xromatizm pedalların sürətlə dəyişməsi ilə yerinə yetirilir. Bu üsulla əldə edilən səslənmə quru və qısa olur.

       Pyesin ilk cümləsində birinci arfa bəlli bir pedal sistemində səslənir. Sxemlə belə göstərilə bilər (nümunə ¹ 6) (re, do#, si, mi, fa, sol, lab). Melodiyanın dördüncü xanəsi ikinci arfayla davam etdirilir.

Əvvəlcədən hazırlanmış pedallar xromatizmi təmin edir. Ikinci arfanın pedal sistemi sxemlə belə göstərilə bilər (nümunə ¹ 7)

(re, do#, si, mi, fa, sol#, la#). Ikinci arfa bu pedal sistemi ilə üç xanə səsləndikdən sonra yerini birinci arfaya verir. Bəstəkar bu cür sadə üsulla mürəkkəb pedal problemini həll edir. Arfaya melodik alət kimi yanaşan bəstəkar mürəkkəb xromatizmi sadə üsullarla yerinə yetirərək sükunətli, şəffaf və dərin səslənmə canlandırmağa nail olur.

       Pyesin birinci hissəsində Andante mosso –da birinci və ikinci arfa fakturada hərəkətlilik yaratmağa nail olurlar. Cantonun səsləndirdiyi mövzuya verilən lirik xarakterli, dalğavari müşayiət arfaların zərif-həyəcanlı partiyası ilə ifa olunur. Birinci periodun başlanğıc cümləsində arfaların ləpələnən müşayiət partiyası birinci fleyta və birinci klarnetin bənzər fakturalı partiyaları ilə qüvvətləndirilir.

Fakturanın bütün bu layı simlilər qrupunun harmonik dayaq səslərinin pedalı ilə dəstəklənir (nümunə ¹ 8)

       Periodun ikinci cümləsində arfa partiyası müşayiət layının əsas xətti kimi qalmaqda davam edir. «Müşayiət layı» termininin tətbiqi silsilədə şərti xarakter daşıyır. Əslində Cantonun solo partiyası əsərin musiqi toxuması ilə üzvi surətdə birləşmişdir. Bu da öz növbəsində bəstəkarlıq yazısının spesifik prinsipləri ilə diktə edilmişdir. Bu zaman arfaları daha aktiv surətdə təqib edən simlilər sanki ağac nəfəslilərin birinci cümlədəki fakturasını «ələ keçirirlər». Ağac nəfəslilər isə daha az fəal olsalar belə arfa partiyasını ardıcıl harmonik səslərlə dəstəkləyirlər. Müəllif tərəfindən belə bir orkestrləşdirmə üsulunun seçilməsi təsadüfi deyildir. Bu zaman məhz arfa tembri musiqinin səslənmə xarakterində R.Rzanın zərif poeziyasına uyğun atmosferi canlandırır.

       Ikinci hissənin birinci cümləsində – Piu mosso hərəkət fəallığını orkestrin başqa qruplarına verən arfalar aşağı simlilər və valtornaların pedalı ilə fakturanın özəyini təşkil edir. Formanın birinci hissəsində arfa partiyasını xarakterizə edən hərəkətə, ritmik formula ikinci hissədə fleytalar (I, II, III) və Campanelli, piano, yuxarı simlilərin bir qədər kəsik quruluşlu partiyalarında rast gəlirik. Pyesin birinci hissəsində arfanın hərəkətli fakturası ikinci hissədə orkestrin müxtəlif qrupları arasında bölünmüş olur. Yuxarıda qeyd etdiyimiz müxtəlif orkestrləşmə üsullarından istifadə edən bəstəkarın hər bir orkestr alətinin imkanlarından (ilk növbədə tembr imkanlarından) istifadəsi mütləqdir. Beləliklə, arfa əsərin musiqi toxumasının faktura, orkestr-tembr dramaturgiyasının yaranma prosesində fəal iştirak edir. Bu səbəbdən Xəyyam Mirzəzadənin «Etiraf» silsiləsi partiturasında arfanın əvəzsiz rolunu vurğulayırıq.

       Silsilədə dördüncü esse – «Inam» bir çox xüsusiyyətlərinə görə əvvəlki hissələrdən fərqlənir. Biz bu fərqi ilk növbədə əsərin fakturasında görürük. Dördüncü esse dinamik reprizası olan sadə üç hissəli formada qurulmuşdur. Əsərin əvvəlində dinlədiyimiz musiqi əzəmətli olmaqla yanaşı eyni zamanda gərgin xarakterlidir. Burada musiqinin başlanğıc motivi Maestoso xarakterində imla edilmişdir. Musiqi bütün orkestrin akkord fakturalı tutti sində sanki «yumruq şəklində düyünlənmiş» güclü fraza ilə başlayır (f dinamik çalarında). Orkestrin qüvvətli başlanğıc frazası dinləyicini Canto nun ifadəli replikalarla səslənən etirafına hazırlayır. Belə ki, orkestrin akkord fakturası fonunda mətnin məzmunu daha təsirli şəkildə açılır.

       Araşdırmada harmonik analizi qarşımıza məqsəd qoymasaq da arfanın partiturada əhəmiyyətini daha aydın formada təhlil etmək üçün bu sahəyə toxunacağıq. Silsilənin bu nömrəsində arfanın funksional əhəmiyyətini izləmək üçün harmonik təhlil vacibdir. Dördüncü nömrənin ilk xanəsindən bütün partitura boyunca yazılmış və orkestrin tutti səsləndirdiyi akkord – Fa majorun iki oktava daxilində bölünmüş səsdüzümüdür (kiçik oktavanın fa səsindən ikinci oktavanın fa səsinə qədər). Bu səsdüzümünü iki əl arasında dörd səslə bölən arfalar əsərin səs toxumasının mərkəzini təşkil edir (nümunə ¹ 9)

       Eyni partiyanı dəqiqliklə təkrarlayan piano arfalara yardım edərək səs təbəqəsini qalınlaşdırır. Müəllif arfa partiyasında akkordların üstündə non arp. terminini yazmışdır. Bu, akkordların qısa və dəqiq səslənməsini göstərir. Akkordların qarşısında arpecio işarəsi olmadığı halda non arp. nə səbəbdən yazıldığını açıqlamağa dəyər. Orkestrdə bu günə qədər arfa alətinin çaldığı akkordların ifa tərzi dəyişməkdədir. Belə ki, əvvəllər arfada çalınan akkordlar daha çox arpeciolu tərzdə çalınırdı. Əslində arfa kimi ifa dedikdə bunun arpeciolu ifa üsulu olduğu nəzərdə tutulurdu. Arpecio işarəsi olmasa belə arfaların akkordları bir qədər dalğavari çalına bilərdi. Belə ifa tərzi daha çox romantik dövrün əsərlərində istifadə olunurdu. Bu səbəbdən bəstəkar arfa akkordlarının çox qısa və dəqiq səslənməsi üçün non arpeggio terminini qeyd etmişdir. Belə səslənmə arfa tembrini piano səslənməsinə yaxınlaşdırır.

       Üç hissəli formada yazılan «Inan» essesinin birinci hissəsindəki qüvvətli musiqi orta bölümün əvvəlinə doğru pp -ya çevrilir. Birinci hissənin sonunda orkestrin bütün alətləri p səslənərkən arfaların əksinə iki dəfə kəskin f aksentli sforzando sunu eşidirik. Bu zaman bütün orkestr arfaların çaldığı eyni akkord səslərini uzadır. Səs isə p dinamik gücündə ən əsas sözləri söyləyir: «Qürurunu basıb ayağa qalx və unutma: bu yol çoxunundur»2. Müəllif mətnin tam mənasını anlatmaq üçün bu iki kəskin akkordu məhz arfa ilə səsləndirməyi lazım bilir. Halbuki bu funksiya orkestrin hər hansı başqa alətinə də verilə bilərdi (məsələn, valtorna ya da fagot). Orkestrin sakitləşən fonunda arfaların yuxarı registrdəki şəffaf-cingiltili tembrindən istifadə etmək əsərin dramaturgiya baxımından daha vacib idi.

       Üç hissəli formanın orta hissəsi birinci bölümə nisbətən daha ziddiyyətli xarakter daşıyır. Müəllif bu bölümdə də musiqini mətnin məzmununa uyğun dinamik sıçrayışlı səslənmələrlə (p – dan ff –ya qədər) qurur. Bu musiqi toxumasında arfalar sanki bir qədər gizlənmişlər. Əvvəlcə oktava intervalı ilə sol səsini ostinato ifa edən arfaların yaratdığı səs layı inadkar xarakteri təsvir edir. Eyni axınla davam edən musiqidə orta hissənin kulminasiya zirvəsində arfaların fakturası dəyişilir. Arfaların bir qədər sonra çaldığı güclü vurğulu, sıçrayışlı la bemol-sol intervalı dolğun çoxsəsli akkordun əsas səsləridir. Burada ff dinamik gücündə Canto –nun «hər şeyi bacararsan!» söylədiyi dramatik nöqtədəki səsləri təkrarlayan arfalar palitradakı emosional gərginliyi daha da qabardır (nümunə ¹ 10)

       Orkestrin nəfəsli və simlilər qrupu pedal funksiyasını yerinə yetirir. Bununla müəllifin dramaturgiya və tembr baxımından arfaları necə dəyərləndiyinə bir daha əmin oluruq.

       Birinci hissənin başlanğıcında kəskin ff –da səslənən musiqi materialı orta hissənin sonunda bir daha təkrarlanır. Birinci hissənin materialı əsasında repriza başlayır. Reprizanın başlanğıcı kulminasiya zirvəsi ilə üst-üstə düşür. Bütün səhnə arfaların son akkordları ilə pp-da başa çatır.

       «Etiraf» vokal silsiləsinin bütövlüyünü təmin edən əsas amil əsərin müxtəlif templəri və xarakteridir. Burada hər nömrə temp və musiqi toxumasına görə fərqlənsə belə bir xətt üzrə məqsədyönlü inkişaf kimi qavranılır.

       Araşdırma nəticəsində silsilənin orkestr fakturasının yaradılması prosesində bəstəkarın arfa musiqi alətinə nə qədər əhəmiyyətli yer verdiyi üzə çıxır. Bu əsərdə arfadan ustalıqla istifadə edilmişdir desək, yanılmarıq.


       2 Tərcümə məqalə müəllifinə məxsusdur.










Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70