“Vaxt var idi bizi-Azərbaycan bəstəkarlarını barmaqla saymaq olurdu. Incəsənətimiz gözlərimiz qarşısında möhkəmləndi və boy atdı. Cəsarətlə Ümumittifaq miqyasına çıxdı , sonra isə dünyanın bütün güşəsində gur, gənc səslə öz varlığını bildirdi. Hazırda Vətənimizin çoxmillətli incəsənəti içərisində Azərbaycan bəstəkarlıq məktəbi özünəməxsus ləyaqətli yer tutur”.
Qara Qarayev.
Bu gün Azərbaycan bəstəkarlıq məktəbinin yüksək nailiyyətlərindən danışarkən, biz ilk növbədə sevimli bəstəkarımız Vasif Adıgözəlovun yaradıcılığını qeyd edirik. Bəli, onun zəngin yaradıcılığı və son zamanlar yaratdığı yeni əsərlər buna parlaq misaldır.
Vasif Adıgözəlovun musiqisini nəinki Azərbaycanda, ondan kənarda da minlərlə musiqisevərlər tanıyır. Onun gözəl, ürəyəyatan əsərlərini peşəkar musiqiçilər də, geniş kütlələr də sevir. Bu musiqiyə səciyyəvi olan dərin mənəviyyat, xəlqilik, incə və zərif melodiya insanı nəcibləşdirir, onun estetik hisslərinin inkişafına səmərəli təsir edir.
Dahi Qara Qarayev məktəbinin zəngin ənənələrini və novatorluq prinsiplərini ən yüksək səviyyədə inkişaf etdirərək, V.Adıgözəlov öz yolunu müəyyənləşdirmiş, musiqidə öz dəst-xəttini tapmışdır.
Maraqlıdır ki, V.Adıgözəlovun tələbəlik illərində yazdığı əsərləri bu gün də öz dəyərini itirməyib, ifaçılarımızın konsert repertuarında, habelə pedaqoji fəaliyyətimizdə, televiziya və radioda səslənir.
V.Adıgözəlov Azərbaycan musiqisini XX əsrin ən önəmli nailiyyətləri ilə maraqlı sintez yoluna istiqamətləndirməyə müvəffəq olmuşdur. Hər bir görkəmli bəstəkar kimi, V.Adıgözəlov da böyük-kicikliyinə və ya nə dərəcədə lazımlı olub-olmamasına görə musiqi janrları arasında secim prinsipinə yol verməyib. Əsl sənətkar kimi onun toxunduğu hər bir janrda böyük sənətkar və şəxsiyyət durur.
Görkəmli musiqiçi və təkrarsız, muğam ustası Zülfi Adıgözəlovun ailəsində göz açmış və bu gözəl ab-havanın istisi ilə bəhrələnmiş balaca bəstəkar tezliklə öz dəst-xəttini tapır, sonrakı illərdə fitri istedadını cilalayıb, yeni zirvələrə yüksəldir.
«Hər hansı xalqın həyatı özünəməxsus formalarda təzahür edir, başqa sözlə, həyatın əksi doğrudursa, demək xəlqidir»1. V.Adıgözəlovun bəstəkar kimi formalaşmasında xalq musiqisini dərindən bilməsi, xasiyyətindəki əməksevərlik, ciddilik, daim kamilləşmək xüsusi əhəmiyyət daşıyır. Həqiqətən də, V.Adıgözəlovun əsərlərində «həyatın əksi doğrudur», bəstəkar həyatın reallığını böyük ustalıqla təcəssüm edir.
Yuxarıda qeyd etdiyimiz kimi, V.Adıgözəlov Azərbaycan xalq musiqisinin sirlərini böyük sənətkar Zülfi Adıgözəlovdan öyrənmişdir. Digər tərəfdən, Adıgözəlovlar ailəsinə görkəmli sənətkarlar qonaq gələrdilər - Cabbar Qaryağdı oğlu, Qurban Pirimov, Seyid Şuşinski, Xan Şuşinski, Bəhram Mansurov. Bu gözəl və təkrarsız sənətkarların söhbətləri adətən xalq musiqisinin, muğam sənətinin saflığı, təmizliyi, inkişaf problemləri ilə bağlı olurdu. Milli musiqimizin inciləri, xalq musiqisinin müxtəlif janrları xanəndələrin ifasında səslənirdi. Məhz bu gözəl mühit V.Adıgözəlov
un estetik baxışlarının inkişafında aparıcı rol oynamışdı.
Vasif hələ Bülbül adına Orta Ixtisas musiqi məktəbində oxuyarkən, bir gənc bəstəkar kimi özünü sınaqdan keçirmişdir. 1952-ci ildə Azərbaycan Bəstəkarlar Ittifaqının təşkil etdiyi gənc bəstəkar-tələbələrin baxışında Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tələbələri ilə yanaşı onun da müxtəlif alətlər üçün yazılmış maraqlı və ifadəli əsərləri ifa olunur. Bu əsərlərin fortepiano partiyasını məharətlə və professionallıqla Vasif özü ifa edir.
Bir ildən sonra, V.Adıgözəlov Bülbül adına Orta Ixtisas musiqi məktəbinin fortepiano və uşaq yaradıcılığı siniflərini uğurla bitir. Həmin il, yəni 1953-cü ildə V.Adıgözəlov Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının iki fakültəsinə müvəffəqiyyətlə imtahan verib daxil olur. Nəhayət, V.Adıgözəlov öz arzusuna çatır: o, dahi Qara Qarayevin bəstəkarlıq sinfinə, fortepiano ixtisası üzrə isə Simuzər Quliyevanın sinfinə daxil olur.
Hələ tələbəlik illərində V.Adıgözəlov respublika festivallarının mükafatları ilə təltif olunmuş, bir sıra yüksək professional səviyyəli əsərlər yaratmışdı. Azərbaycan Bəstəkarlar ittifaqının I qurultayında V.Adıgözəlov ilk dəfə simfonik poema və Sonata ilə çıxış etdi. Dinləyicilər bu əsərlərin zəngin milli əsasını, gənclik ruhunu və təravətliliyini, bəstəkarın orkestr və fortepiano texnikasının müxtəlif ifadə vasitələrinə sərbəst və cəsarətlə yiyələndiyini qeyd etdilər. Maraqlıdır ki, dahi bəstəkar D.Şostakoviç «Sovetskaə muzıka» jurnalında V.Adıgözəlovun «Sonata»sını xüsusi qeyd etmişdir.
Tələbəlik illərində yaratdığı simfonik orkestr üçün «Qəhramanlıq poema»sı Ikinci respublika gənclər festivalında I dərəcəli diploma layiq görüldü. Hələ tələbə ikən V.Adıgözəlovun əsərləri P.Çaykovski adına Moskva Konservatoriyasında Azərbaycan Incəsənətinin nailiyyətlərinə həsr olunmuş konsertlərdə uğurla səsləndi.
Gözəl romantik və şairanə obrazlarla səciyyə-lənən «Birinci simfoniya» V.Adıgözəlovun diplom işi oldu. Bu simfoniya gələcəyə vəsiqə və eyni zamanda axtarışlar dövrünün yekunudur. Gənclik təravəti ilə aşıb-daşan bu simfoniyanı ciddi Dövlət imtahan komissiyası yekdilliklə yüksək qiymətləndirdi. Olduqca səmimi və ürəyəyatan musiqidə gənc müəllifin bacarığı, professionallığı dramaturgiyada özünü büruzə verir. Təzadlı mövzuları möhtəşəm səpgidə şərh etmək meyli onun yaradıcılıq təxəyyülündə simfonik başlanğıcın üstün mövqe tutmasını müəyyənləşdirmişdir. Və ən başlıcası odur ki, «Birinci simfoniya» milli musiqinin və klassiklərin ənənələrinə sadiq qalmaq münasibətini bir daha təsdiq etmişdir. Bütün bu cizgilər V.Adıgözəlovun sonrakı simfoniyalarında daha yeni, emosional, bədii səviyyədə açılacaqdı.
V.Adıgözəlov üç simfoniyanın, simfonik poemaların – «Qəhramanlıq poeması», «Afrika mübarizə edir», «Mərhələlər», «Bayram uver-tyurası»nın, daha sonra vokal-simfonik poemaların, simfonik orkestrin müşayiəti ilə dörd royal üçün yazılmış «Poema», «Segah» muğam - simfoniyasının müəllifidir. Adı səkilən əsərlərdən hər biri bəstəkarın yaradıcılığında mühüm mərhələyə çevrilmiş, Azərbaycan simfonizminin mürəkkəb konseptual inkişafının müasir mərhələsində yeni bir səhifə açmışdır.
Vasif müəllim üçün simfoniyanın yaranması yeni insanın dünyaya gəlməsi ilə bağlıdır. Bu münasibətlə onun ideyaları sanki akademik B.V.Asafyevin simfoniya haqqındakı dərin düşüncələrini əks etdirir: «Hər yeni simfoniya ilə bəstəkarın mənəviyyatında yeni insan yaranır. Bəstəkar simfoniya yazarkən gerçəkliklə üz-üzə gəlir, ona olan münasibətini musiqidə əks etdirir və bununla da, özünü kəşf edir». Asafyevin dərin mənalı sözləri simfoniya janrının mürəkkəbliyini və bədii estetik əhəmiyyətini bütün dərinliyi ilə açır.
Neçə il əvvəl «Ikinci simfoniya»nın premyerasından sonra V.Adıgözəlovun dediyi sözləri xatırlatmaq istərdim: «Məhz simfoniyada şəxsiyyətin formalaşması prosesi digər janrlara nisbətən daha parlaq ifadə olunur. Simfoniya dərin mənalı olmalı və təcəssüm etdirdiyi ideyanı bütünlüklə ifadə etməlidir. Bu janrın miqyası, tembrlərin dramaturgiyası, hissələrin təzadlı qarşılaşdırılması, müasir musiqi texnikasının vasitələrindən geniş istifadə etmək imkanı obrazın daxili inkişafına kömək edir. Mənim üçün yalnız hissələrin təzadlığı deyil, həm də onların arasındaki əlaqə vacibdir. Bu, obrazın modifikasiyası üçün nəhəng, dinamik impuls verir».
Patris Lumumbanın faciəli ölümündən bəhs edən «Afrika mübarizə edir» simfonik poeması V.Adıgözəlovun yaradıcılığında parlaq proqramlı əsərdir. Bu poemanın bədii əhəmiyyəti onun daimi aktuallığından və ümumbəşəri mahiyyətindən irəli gəlir. Həqiqət uğrunda, xalqlar dostluğu naminə bütün bəstəkarlarımızın apardıqları mübarizəni də V.Adıgözəlov öz əsərində ifadə etmişdir. Q.Qarayevin, C.Hacıyevin, C.Cahangirovun ənənələrini davam etdirərək istedadlı sənətkar bu əsərini belə düşünürdü.
1 V.Q.Belinskiy. Poln. Sobr. Soç. T.I. M., Izd. AN SSSR, 1953, s.295.
Hər bir yeni simfonik əsər bəstəkarın yaradıcılığında yeni pillə, müasir və bədii-estetik vasitələrin, milli mədəniyyətin qədim ənənələrinin mənimsənilməsi deməkdir. Buna misal olaraq «Bayram uvertyurası»nı göstərmək olar. Bəstəkarın böyük ustalıqla yazdığı bu əsər tez-tez radio və televiziya ilə ifa olunur, plenum və qurultayların proqramlarına daxil edilir. Uvertyuranın leksikası milli köklərinə, obrazların xüsusi təkrarolunmaz gözəlliyinə görə müasir və qeyri-adidir.
V.Adıgözəlovun simifoniyalarında təsdiq olunmuş üslub xüsusiyyətləri, «Bayram uvertürasında» yeni bədii - texniki vasitələrlə zənginləşir. Orkestr dilinin dramaturgiyasında müasir simfonizmin xüsusiyyətləri yeni ifadə vasitələrilə zənginləşir. Musiqidə intonasiyalar inci kimi seçilmiş, mənalanmış və yeni naxışlarla bəzənmişdir.
Milli ənənələrin faydasını, varisliyin mahiyyətini qoruyan, XX əsrin müxtəlif məktəblərinə və təmayüllərinə yaxşı bələd olan sənətkar yeni yazı üslublarından geniş istifadə edir. Bu amil bəstəkarın gələcəkdə «Üçüncü simfoniyasında»çox gözəl təcəssümünü tapır.
«Bayram uvertürasında» tembr dramaturgiyası, ayrı-ayrı tembrlərin «dialoqu» diqqəti cəlb edir. Hər bir tembr konkret musiqi obrazını təmsil edir, o, sanki «şəxsləndirilmə» funksiyasını daşıyır, bədii obrazın təcəssümü kimi qəbul olunur.
Beləliklə, parlaq musiqi tematizmi, yüksək professionallıq bu janrda yazıb - yaratmış klassiklərin - Qlinka, Qliyer, Şostakoviç ənənələrinin davam etdirilməsi V.Adıgözəlovun «Bayram uvertürasına» geniş şöhrət və dinləyici rəğbəti gətirdi.
Bildiyimiz kimi mövzuların bir ruşeymdən tədricən yaranması muğam melosunun təşəkkülü üçün xasdır. Hərəkət prossesinə diskret cizgilər aşılayan III hissənin quruluşunu ekspressiv intonasiya vahidliyi və xüsusi prosessuallıqla uzlaşdırılan muğam tematizmi həmin hissənin dramaturgiyasını zənginləşdirmişdir.
Muğam tematizminin əsasını üçxanəli fraza təşkil edir və onun potensialı olduqca qüvvətlidir. Həmin tematizmin ikinci dəfə təkrarı «Çahargah» muğamının daha da aydın-aşkar səslənməsinə dəlalət edir. Bildiyimiz kimi, «Çahargah» muğamının «Mənsuriyyə» şöbəsində «Mirzə Hüseyn Segahı» muğamının rəvan hərəkətli keçidi peyda olunur. Məhz buna görə lad boyası (re bekar - re diyez - re bekar) burada «Segah»dan «Çahargah»a və geri qayıtma prossesini göstərir.
Muğam tematizminin üçünçü dəfə səsləndirilməsi «Andante»nin fəzasını genişləndirir, mövzunun yeni mərhələyə keçməsinə sirayət edir. Bu mərhələdə xüsusi olaraq viola aləti ilə bas-klarnetin dialoqu diqqəti cəlb edir. Və bu bölmədə «harmoniyanın kontrapunktik konsepsiyası» (Y.N.Xolopov), melizmlərin ənənəvi tətbiqi, sakit registr qarşılaşdırmaları III hissənin ümumi xarakterinə bənzərsiz cizgilər aşılayır.
Azərbaycan simfonizmində yeni səhifə açan «Üçüncü simfoniya» V.Adıgözəlovun yaradıcığında yeni söz oldu. Həyatın mənası, onun daxili və qlobal ziddiyyətləri haqqındakı dərin fəlsəfi düşüncələr insanın mürəkkəb aləminin, onun mənəvi dünyasının ayrı-ayrı çalarlarını açır, yüksək etik idealı ifadə edir. Milli təfəkkür «Üçüncü simfoniya»nın konsepsiyasında müasir texnikanın yeni prinsipləri ilə orijinal surətdə uzlaşır. «Üçüncü simfoniya»da və ondan sonra gələn əsərlərdə V.Adıgözəlov (xüsusilə oratoriyalarda) simfonizmin dramatik, konfliktli sferasına meyl edir, milli modellərin axtarışına səy göstərir. Bəstəkar intellektual - psixoloji mövzunu bədii obrazların teatrallığı ilə birləşdirməyə nail olur.
«Üçüncü simfoniya»nın konstruksiyası - 4 hissəli silsilədir. Simfoniyanın giriş hissəsi asta tempdə başlayır və ekspressiv orkestr dili ilə diqqəti cəlb edir: simli alətlərin (birinci, ikinci skripkalar, altlar) qeyri-adi səslənməsi sonor musiqisini xatırladır. Müxtəlif səs blokları, sonor düzümlərini yaradarkan, simfoniyanın I hissəsinin fəzasını genişləndirir.
Simfoniyanın girişi əsərin dramaturgiyasında «Proloq» funksiysını daşıyır və məhz burada milli modelin bir gözəl nümunəsi kimi klarnetin solo ifasında ehtiraslı muğam improvizasiyasını eşidirik. «Musiqi təfəkkürünün kateqoriyası – sonorluq» (Y.N.Xolopovun fikri) və alleatorika üslubunun sintezi Proloqun inkişaf prosesinə orijinallıq gətirir.
Klarnetin solosu bilavasitə simfoniyanın I hissəsinə aparır və yeni, olduqca kəskin, impulsiv mövzunun səslənməsi bizə sonata formasının başlanğıcından xəbər verir. Adətən, sonata formasının konsepsiyası V.Adıgözəlovun əsərlərində özünə məxsus keyfiyyətlərlə səciyyələnir. Əsas partiyanın inkişafını üç mərhələ təşkil edir və hər dəfə orkestr dilində yeni tapıntılar qeyd olunur: tembrlərin dialoqu, səslərin polifonik birləşməsi musiqiyə xüsusi rəngarənglik və təravət gətirir.
Kino musiqisinə və müasir teatr tamaşalarına xas olan kadrların tez-tez dəyişdirilməsi ümumən simfoniyanın I-ci hissəsində aparıcı rol oynayır. «Fortissimo»dan sonra qəflətən sakit, şairanə və işıqlı köməkçi partiyanın səslənməsi musiqiyə səmimilik və mehribanlıq gətirir. Musiqinin sərbəst metr ölçüsü, epiklik, ayrı-ayrı səslərin avazlanması muğamvarı mövzunun yaranmasına imkan yaradır. Həmin mövzuda V.Adıgözəlov böyük ustalıqla üç muğamın sintezini verir: Şur, Şüştər, Humayun.
Mövzunun potensial qüvvəsi sanki tədricən açılır və onun məftunedici xarakteri özünü büruzə verir. «Yeni tematik impulsun» (V.Bobrovski) müdaxiləsi inkişaf prossesinə təravətlilik bəxş edir.
Maraqlıdır ki, işlənmə bölməsində əsas partiya «yumşalır» və tədricən köməkçi partiyanın obraz sisteminə daxil olur.
Simfoniyanın inkinci hissəsi (Alleqro moderato) əsərin dramaturgiyasında mühüm rol oynayır. Skertso mənzərəli, kəskin obrazlarla səciyyələnir. Orkestr çalarlarının qatılaşdırılıb təravətləşdirilməsi dramaturji xəttin nəbzini müəyyənləşdirən üsullar sırasındadır. «Alleqro moderato»da oyun lövhəsini yaradarkən bəstəkar musiqiyə sanki təzadlıq gətirir.
Ikinci hissəyə (eyni zamanda bütün simfoniyaya) nüfuz edən ostinato prinsipi inkişaf prossesini dinamikləşdirən aparıcı amildir.
Uzunmüddətli ostinatolar, ifadəli faktura təzadları, polifonik üslubun gərginliyi - bu xüsusiyyətlər ikinci hissədə və sonralar silsilənin bütün hissələrində öz əksini tapır.
Simfoniyanın III hissəsini (Andante) cəsarətlə «meditasiya» adlandırmaq olar. Səsin personifikasiyası, dramaturji funksiyası da müəllifin rejissor keyfiyyətlərinə dəlalət edir.
«Andante»nin orta bölməsində yeni «ostinat sıraları» musiqiyə gərginlik gətirir. Və həmin «ostinat sıraların» fonunda meditativ mövzu səslənir. «Andante»nin reprizası gözəl ifadəli və zəngin orkestr dili ilə səciyyələnir.
Cəsarətlə demək olar ki, meditasiya III-cü hissədə ümumiləşdirici funksiya icra edib, ifadəli təzad yaratmaqla yanaşı, həmçinin, emosional obrazın ardıcıl inkişafının daha bir mühüm halqasıdır.
Musiqi fikrinin tədricən açılması aparıcı intonasiya özəyinin formayaradıcı xüsusiyyəti, inkişafın prosessuallığı və dinamik mərhələlərə «bölünməsi» - muğamdan gələn cəhətlərdir.
Simfoniyanın finalı - Alleqro non troppo - əsərin dramaturgiyasını ümumiləşdirir, həyat lövhələri sanki müəllifin təxəyyül süzgəcindən keçib əks olunur. Dördüncü hissənin musiqisi bəstəkarın yüksək professionallıq səviyyəsini, yaradıcılığının mürəkkəbliyini təsdiq edir. Bu hissədə bəstəkarın polifonik sənətkarlığı ən yüksək zirvəyə qalxır. Digər tərəfdən, bu hissədə meditasiya prinsipi yeni boyalarla zənginləşir.
Simfoniyaının finalında bəstəkar başqa hissələrin ritmo-intonasiyalarını səsləndirir və ən möhtəşəm səslənən kulminasiya zonası yaradır.
V.Adıgözəlovun novator simfoniyası bir çox görkəmli dirijorların repertuarına daxil olub. Müntəzəm olaraq bu gözəl əsəri biz radioda eşidirik.
V.Adıgözəlovun konsertləri bəstəkarın yaradıcılığının müxtəlif dövrlərini əhatə edir. Təkcə simfonik əsərlərində deyil, həm də fortepiano konsertlərində V.Adıgözəlovun üslub evolyusiyasını izləyərkən bəstəkarın mənəvi formalaşması prossesinin nə qədər mürəkkəb və qeyri-adi olduğunu aydın hiss edirsən. Əgər 60-cı illərin əvvəli şəxsi intonasiyanın axtarışı ilə bağlı idisə, artıq 70-ci və 80-cı illərdə əhatə edən aləmin incə, bədii cəhətdən yenidən dərk edilməsi müşahidə olunur ki, bu da intonasiya və forma sahəsində yeni orijinal kəşflərin yaranmasına gətirib çıxarır. Lakin üzvi surətdə tapılmış intonasiya bəstəkarın yaradıcılığında konstanta çevrilir, hər bir yeni əsərin yaranması ilə evolyusiyaya uğrayırdı.
Konsertlərin üslubu milli ənənələrin sintezidir ki, bu da sonralar V.Adıgözəlovun yaradıcılığının estetik konstantına çevrilir.
V.Adıgözəlov fortepiano ilə orkestr üçün dörd «Konsert»in müəllifidir.
Fortepiano ilə simfonik orkestr üçün 1 saylı «Konsert» (1961) zəmanəmizin dahi bəstəkarı Qara Qarayevə həsr olunmuşdu. Əsərdə Prokofyevin, Şostakoviçin ənənələri inkişaf etdirilir. (Ilk ifaçılar - dahi dirijor Niyazi və pianoçu Zivər Əliyeva). Əsər nəinki Bakıda, həmçinin Moskvada keçirilən gənc bəstəkarların Ümumittifaq baxışında I dərəcəli diploma layiq görülmüşdir.
1964-cu ildə V.Adıgözəlov Iki saylı «Konsertini» artıq fortepiano ilə xalq çalğı alətləri orkestri üçün yazır. Qədim aşıq musiqisi və muğam incəsənəti, xalq mahnılarının heyrətamiz gözəlliyi, müəllif intonasiyaları ilə üzvi surətdə əlaqələndirilmiş məftunedici rəqslər Fortepiano və Azərbaycan xalq çalğı alətləri orkestri üçün yazılmış «Konsertdə» daha aydın təcəssüm etdirilmişdir. Ilk dəfə əsəri Səid Rüstəmovun rəhbərliyilə Azərbaycan teleradio Verilişləri Şirkətinin xalq çalğı alətləri orkestri və müəllif ifa edirlər. Bu əsər qısa müddətdə olduqca geniş yayılmış və tədris repertuarına daxil olmuşdur. 1999-cı ildə həmin «Konsert» müəllifin yeni redaktəsi ilə bir daha böyük konsertdə ifa olundu və dinləyicilər tərəfindən səmimi qarşılandı və həmin kollektivin ifasında vala yazıldı. Bu əsər istedadlı pianoçuların ifasında təfsir edilmiş və bu günə gədər fortepiano tədrisində geniş istifadə olunur.
Yüksək professional səviyyədə yazılmış I və II saylı «Konsertlər»in klaviri Azərnəşr tərfindən çap olunmuş və həm respublikamızda, həm də onun hüdudlarından uzaqlarda geniş yayılmış və bir çox tanınmış pianoçuların repertuarına daxil edilmişdir.
Görkəmli bəstəkarın fortepiano ilə orkestr üçün 3 saylı »Konsert»i 1985-ci ildə Zaqafqaziya musiqi ifaçıları müsabiqəsinin laureatı Teymur Şəmsiyevin və respublikanın xalq artisti dirijor Rauf Abdullayevin rəhbərliyilə Azərbaycan Dövlət simfonik orkestrinin ifasında Azərbaycan bəstəkarlarının VI qurultayında səsləndirilmiş və musiqi ictimaiyyəti tərəfindən təqdir edilmişdir. Sonra isə əsər yeni redaktə ilə Kemerovo şəhərində keçirilmiş keçmiş SSRI Bəstəkarlar Ittifaqının plenumunda səslənmişdir. «Konsert» Moskva filarmoniyasının proqramlarına da daxil edilmişdir. Həmin əsər «Sovetskiy kompozitor» nəşriyyatında çap olunmuşdur. Tezliklə bu əsər nəinki keçmiş SSRI daxilində, hətta xarici ölkələrdə yayılmışdır.
Bu orijinal və məftunedici «Konsert» məşhur dirijor Veronika Dudarovanın təfsirində, tanınmış pianoçu Teymur Şəmsiyevin və Moskva simfonik orkestrinin ifasında lentə yazılmış, Ümumittifaq radiosunun fonduna daxil edilmişdir.
Fikrimizcə, əsərdə XX əsrin musiqisinin bədii-estetik və texniki üsullarından geniş istifadə edilmişdir və ən mühüm cəhət ondan ibarətdir ki, bu xüsusiyyətlər Azərbaycan musiqisinin ən qədim ənənələri ilə uzlaşır. 3 saylı «Konsert»in novatorluğu ilk növbədə əsərin qeyri-adi arxitektonikası ilə bağlıdır. Düzdür, əsər üçhissəli silsilə təşkil edir, lakin onun birinci hissəsi klassik ənənələrdən uzaqlaşır. Adətən konsertlərin birinci hissələri sonata formasında yazılır, lakin V.Adıgözəlovun «Konsert»inin I hissəsi variasiya formasında bəstələnmişdir.
Olduqca səmimi, məlahətli, şairanə və gözəl mövzu qoboy alətinin ifasında səslənir. Inkişaf prossesində hər variasiya yeni bir emosional, ekspressiv obrazın yaranması ilə nəticələnir. Hər variasiya isə müxtəlif xarakterdə, yozumda təqdim olunur. Fakturanın orijinallığı və mürəkkəbliyi, harmonik dilin zənginliyi, ritmik fiqurların kəskinliyi üzə çıxır. Variasiyalar arasında qeyri-adi təzadlıq yaranır. Əsas kulminasiya isə son altıncı və yeddinci variasiyalara düşür.
3 saylı «Konsert»in ikinci hissəsi əsərin ən gözəl, məftunedici lirik səhifələrindən biridir. Ekspressiv və şairanə səslənən polifunksional harmoniyalar, ifadəli, səsaltı polifoniya, təravətli səciyyəli orkestr dili xüsusilə diqqəti cəlb edir.
«Konsert»in finalı öz dinamik, şən ruhlu, virtuoz xarakterli musiqi mövzuları ilə diqqəti cəlb edir. Kəskinlik, təzadlıq finalın başlıca amilidir. Musiqinin inkişaf prossesi sanki bayram lövhələrini xatırladır. Final möhtəşəm, gümrah bayram şənliyi obrazları ilə tamamlanır. XX əsrin fortepiano musiqisində istifadə edilən bədii-texniki üsullar və tapıntılar V.Adıgözəlovun bu orijinal müasir əsərində öz əksini tapmışdır.
V.Adıgözəlovun 4 saylı «Konsert»i Azərbaycan fortepiano musiqisində yeni sözdür. Ən əvvəl qeyd edək ki, V.Adıgözəlovun başqa konsertlərində də simfonik təfəkkür başlıca rol oynayır. Səslərin və alətlərin personifikasiyası, tembrlərin «dialoqu», leyt-tembrlərin istifadə edilməsi və digər xüsusiyyətlər diqqəti cəlb edir. Məhz bu səciyyəli amillər V.Adıgözəlovun 4 saylı «Konsert»ində öz təcəssümünü tapır və təbiidir ki, bu əsər «Konsert-simfoniya» adlandırılmışdır. Həmin əsəri bizim görkəmli dirijorumuz Yalçın Adıgözəlovun idarəsilə Azərbaycan Dövlət simfonik orkestri və istedadlı pianoçu Murad Adıgözəlzadə 1994-cü ildə ilk dəfə uğurla ifa etmişdir.
V.Adıgözəlovun bu janrda böyük nailiyyətləri onu daha iki iri həcmli əsər - Skripka ilə simfonik orkestr üçün və Violonçel ilə simfonik orkestr üçün «Konsert» yazmağa sövq etmişdir. Bu iki gözəl və yüksək sənətkarlıqla yazılan konsertlər ifaçılarımızın repertuarında möhkəm yer tutur.
Ifaçılıq və pedaqoji praktikada tanınmış əsər olan «Skripka və orkestr üçün konsert» musiqi dilinin demokratikliyi, professionallığı və incə poetik zövqü, Azərbaycan xalq musiqisinin ənənələrinə əsaslanan kökləri, kompozisiyası, silsilənin ahəngi və məntiqiliyi ilə diqqəti cəlb edir.
V.Adıgözəlovun gözəl əsərlərindən biri də «Violonçel üçün solo sonata»sıdır. Bu əsər fəlsəfi məzmunu, həyat hadisələrinin dərindən dərk edilməsi, muğam-improvizasion başlanğıcdan ustalıqla istifadə edilməsi ilə fərqlənir. Muğamvarilik meditativ təfəkkür prinsiplərinin yaranmasına kömək edir. «Violonçel üçün solo-sonata»nın intonasiya tematizmi «Çahargah», «Şur» və «Segah» muğamlarının sintezi əsasında qurulmuşdur.
V.Adıgözəlovun yaradıcılığında xüsusi yeri teatr musiqisi tutur. O, hələ yaradıcılığının erkən dövründə C.Məmmədquluzadənin eyniadlı əsəri əsasında «Ölülər» operasını bəstələmişdir ki, bu əsər 1963 –cü ildə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyuldu. Dahi dramaturqun satirik əsərinin sosial-psixoloji mənası V.Adıgözəlovun musiqisində öz uğurlu ifadəsini tapmışdır. Opera milli musiqinin ənənələrilə, gözəl və poetik, ifadəli ariya və xor səhnələrilə zəngindir. Təəssüf ki, bizim teatr bu maraqlı və diqqətəlayiq əsər üzərində işi bərpa etmir.
V.Adıgözəlov dinləyicilərin dərin məhəbbətini qazanmış maraqlı operettaların müəllifidir: «Nənəmin şahlıq quşu», «Boşanaq-evlənərik», «Lənət şeytana» və başqaları. Bəstəkar «yüngül» janra çox ciddi yanaşır. Operettalarda parlaq vokal musiqi simfonik səhifələrlə uzlaşır. Incə zövqlə bəstələnmiş ariyalar, ekspressiv xor səhnələri, müxtəlif rəqs nömrələri diqqəti cəlb edir.
Bəstəkarın səmimi, emosional kino musiqisi xüsusi gözəlliyi və poetikliyi ilə diqqəti cəlb edir: «Şərikli çörək», «Həyat bizi sınayır», «Skripkanın qaytarılması», «Sovet Azərbaycanı» və s. Bu filmlərdən bir çox mahnılar tez-tez radio və televiziyanın müxtəlif konsert proqramlarında səslənir. Kino musiqisi də əsərin dramaturgiyası ilə bağlı olan, böyük ruh yüksəkliyilə yazılmış gözəl simifonik lövhələrlə zəngindir. V.Adıgözəlov simfonik epizodlarda kulminasiya «xətlərini» böyük bədii zövqlə qurur. Bu zaman o, orkestr dilində müxtəlif tembr-koloristik tapıntılardan geniş istifadə edir.
V.Adıgözəlov öz yaradıcılığında Azərbaycan şairlərinin sözlərinə yazılmış mahnı və romanslara böyük əhəmiyyət verir. Bəstəkarın «Sovet Azərbaycanı» filmindən sevimli şairlərimiz Fikrət Qocanın sözlərinə yazılmış «Qatarlar gedir», Rəsul Rzanın sözlərinə «Bakı», Aslan Aslanovun sözlərinə bəstələnmiş «Gülüm» kimi qəlbəyatan, lirik mahnıları dinləyicilərə yaxşı tanışdır. «Qatarlar gedir» mahnısında harmonik dilin zənginliyi, tonal-modulyasiya prosesinin inkişaf dinamikası xüsusi qeyd olunmalıdır. Harmoniyada ellipsis üsulunun istifadə edilməsi musiqiyə təravət və rəngarənglik gətirir. Kulminasiya «zonalarında» enharmonik modulyasiyanın istifadəsi inkişaf prosesinə yüksək ekspressivlik və eyni zamanda qeyri-adilik gətirir.
V.Adıgözəlovun vokal yaradıcılığında «Qərənfil» romansı (sözləri Natəvanındır) öz səmimiliyi, incəliyi və gözəlliyi ilə fərqlənir. Bu klassik romansda musiqiyə xüsusi mülayimlik, peyzajlıq və poetiklik verən muğam «oxumaları» əsərin fakturasında ustalıqla ifadə olunmuşdur. Bəstəkarın «Yuxular» (Nəbi Xəzrinin sözlərinə) və «Yeddi çinar» (R.Rzanın sözlərinə) əsərlərinin melodik üslubuna yeni müasir intonasiyalar daxil olmuşdur: deklamasiya üslubunun istifadə edilməsi musiqiyə yüksək emosionallıq və ifadəlilik gətirir. Beləliklə, müxtəlif illərdə yazılmış vokal musiqisi V.Adıgözəlovun çoxşaxəli yaradıcılığının parlaq səhifəsidir.
Son illər V.Adıgözəlov oratoriya janrında daha fəal işləyir. Onun bəstələdiyi iki orjinal və gözəl oratoriyaları bu sahədə yeni və intensiv axtarışların nəticəsidir. R.Zəka Xəndanın sözlərinə «Odlar yurdu» və T.Elçinin sözlərinə yazılmış «Qarabağ şikəstəsi» və digər oratoriyaları həyatımızın mürəkkəb mənəvi proseslərini əks edir, bu günümüzün həyat həqiqəti ilə səsləşir. «Odlar yurdu» Azərbaycan xalqının tarixinin ayrı-ayrı mərhələlərini sanki yaddaşlarda yenidən oyadır. Oratoriya ideyanın möhtəşəmliyi, geniş miqyası, milli musiqinin qədim qatlarına dərindən nüfuzu və təfəkkürün əsl muasirliyi ilə könülləri fəth edir. Ayrı-ayrı hissələrin ziddiyyətliyi daxili intonasiya yekdilliyi ilə bir-birinə bağlanır. Elə bütövlüyü və inandırıcılığı ilə fərqlənən dramaturgiyanın mühüm xüsusiyyəti də bundan ibarətdir.
Qiraətçi, solistlər, xor və simfonik orkestr üçün yazılmış «Odlar yurdu» oratoriyası 10 hissədən ibarətdir. Heyranedici və gözəl musiqi parçasına – «Azərbaycan»a bilavasitə keçid olan giriş musiqisi məğrurluq duyumu ilə fərqlənir. «Zəhmət haqqında mahnı» daxili enerjisi ilə seçilir, əməyi əks etdirən, «Gəl, qardaşım, yüksəl, qardaşım, əllər ucalsın, qələbə çalsın» deyən R.Zəka Xəndanın poetik mətni də orijinallığı ilə seçilir.
«Odlar yurdu» oratoriyası həm də təravətli və dərin milli köklərdən gələn musiqi dilinin novatorluğu ilə qəlbə yatır. Mən bu əsərdə qeyri-adi gözəlliyə malik «Layla»nı, «Ana haqqında söz»ü ayrıca qeyd etmək istərdim. Həmin nömrələrdə bəstəkar olduqca səmimi, ismətli, mehriban və şairanə səslənən və Azərbaycan xalq musiqisi ilə sıx bağlı olan melodiya yaratmışdır. Hətta «Ana haqqında söz» Azərbaycan xalq musiqisinin qədim qatlarına əsaslanır: burada biz xalq ağılarının ifadəli və səciyyəvi intonasiyalarını eşidirik.
Azərbaycan xalqının qəhrəmanlığını, onun yenilməz mərdliyini və dönməz iradəsini vəsf edən «Odlar yurdu» oratoriyasının finalı bu gözəl və möhtəşəm əsərin kulminasiyasıdır. Final hissəsində oratoriyanın musiqi tematizminin ayrı-ayrı xüsusiyyətləri sintez şəklində verilmişdir.
Teymur Elçinin sözlərinə aparıcı, solistlər, xor və simfonik orkestr üçün yazılmış «Qarabağ şikəstəsi» oratoriya janrının inkişafında yeni mərhələ olmuşdur.
Poetik mətndə şifahi xalq poeziyasının geniş yayılmış forma və janrlarında istifadə olunmuşdur. T.Elçin ən çox bayatıya və qoşmaya müraciət etmişdir. Xalq poeziyasının inciləri oratoriyanın poetik mətnində qeyri-adi təravətlə səslənir. Xalq danışıq dili oratoriyaya yeni, qeyri-adi düşüncə, xüsusi tembrli intonasiya gətirmişdir.
«Qarabağ şikəstəsi» oratoriyasının hər hissəsi (əsər 7 hissədən ibarətdir) parlaq təsvirlə, teatrlaşdırılmış səhnələrlə aşılanır. Gözümüzün önündə nağıllı bir ölkənin ulu gözəlliyi canlanır. Oratoriya bədii qiraətçinin söylədiyi şerlə başlanır:
Qarabağ!
Qədim baba yurdumuz,
Odumuz, ocağımız.
«Yer ver, gəlim» - deyənə
Açılan qucağımız.
Dostluğa sədaqəti,
Məhəbbəti sönməyən,
Əhdindən, ilqarından-
Aləm dönsə, dönməyən,
Igid, mərd övladların
Şahin gözü – Qarabağ.
Yel qanadlı atların,
Cıdır düzü – Qarabağ.
Sənə kim bata bilər?
Xəyanətin pəncəsi
Dibindən kəsilməsə
Kim rahat yata bilər,
Qarabağ?!.
Poetik mətnin bu sözləri oratoriyanın sanki bir epiqrafı kimi səslənir. Bu gözəl sözlər və onun ardı orkestrdə səmimi musiqi ilə müşayiət edilir. Musiqinin melodiyası «zabul» rəngindən qidalanmışdır. Dinamik inkişaf prosesi ikinci hissəyə gətirir ki, bu da «Əraq» muğam şöbəsinin intonasiyası əsasında qurulur. Sonra isə «Qarabağ şikəstəsi»ndə eşitdiyimiz gözəl bayatı səslənir. Oratoriyanın üçüncü hissəsində xorun ifasında olduqca şairanə, işıqlı və lirik xarakterli «Segah» təsnifi səslənir.
Ümumiyyətlə, xalqın obrazı dördüncü, beşinci və yeddinci hissələrdə daha relyefli, ehtiraslı, parlaq ifadə olunmuşdur. Bəstəkar aşıq xalq bayramını oratoriyanın dördüncü hissəsində böyük ustalıqla təsvir edir. Harmoniyada aşıq musiqisinin ritm-intonasiyaları və ifaçılıq xüsusiyyətləri öz təcəssümünü tapır.
Tut ağacının bar verməsi və əzəmətindən nəql edən beşinci hissə öz bədiiliyi ilə seçilir. Musiqi və poeziyanın parlaq, orijinal və təkrarsız səhifələri oratoriyanın altıncı hissəsi «Mənim Şuşam»la bağlıdır. Qarabağın gözəl peyzajı ornamentli zəngin qədim xalçanın naxışları ilə assosiasıya yaradır ki, burada sanki qədim Qarabağın tarixindən bəhs olunur, Azərbaycan xalqının emosional –həyəcanlı səsi ehtirasla səslənir.
«Qarabağ şikəstəsi» oratoriyasının finalı qələbəyə qətiyyət və inamı ifadə edərək dahi Azərbaycan xalqına himn kimi səslənir. Burada bəstəkar Azərbaycan ənənəli şifahi klassik musiqisin xüsusi yer tutan zərbi-muğam vokal-instrumental janrından istifadə etmişdir. V.Adıgözəlov bu muğamın arxitektonikasını, hətta onun Qarabağdakı ifaçılıq traktovkasının xüsusiyyətlərini bütünlüklə saxlamışdır. «Qarabağ şikəstəsi» oratoriyası yüksək professional və bədii səviyyədə yazılmış möhtəşəm, monumental əsərdir.
«Odlar yurdu» və «Qarabağ şikəstəsi» oratoriyaları respublika Dövlət mükafatına layiq görülmüşdür. Heç şübhə yoxdur ki, bu əsər ölkəmizin ən yaxşı kollektivlərinin repertuarında layiqli yer tutacaq. Artıq indi oratoriyalar bir çox ifaçıların diqqətini cəlb edir, tez-tez radio və televiziya ilə ifa olunur.
V.Adıgözəlov yeni əsər – R.Zəka Xəndanın sözlərinə «Novruzum» kantatasını yaradıb (solist, qarışıq xor və simfonik orkestr üçün). Kantata 4 hissədən ibarətdir: 1. «Azərbaycan», 2. «Səməni», 3. «Kosa-kosa», 4. «Novruzum». Bu əsərdə bəstəkar xalq musiqisinin bütün incəliklərindən, folklorun ayrı-ayrı janrlarından geniş istifadə etmişdir.
«Novruzum» kantatasının musiqi dili olduqca aydın, sadə və gözəldir. V.Adıgözəlov «Yallı», «Cəngi» və «Şalaxo» kimi Azərbaycan xalq rəqs ritmlərindən yüksək sənətkarlıqla istifadə etmiş və gözəl müasir əsər yaratmışdır. Kantatanın melo-sunda lirik xalq mahnılarının intonasiyaları eşidilir və musiqiyə xüsusi təravət, ifadəlilik və səmimilik gətirir.
«Novruzum» kantatası Azərbaycan xalqının adət və ənənələrini müasir səviyyədə tərənnüm edir.
V.Adıgözəlovun yeni yaradıcılıq zirvəsi – «Çanaqqala» oratoriyasıdır. Bildiyimiz kimi, «Çannaqqala» 1915-ci ildə Türkiyədəki tarixi hadisəyə həsr olunmuşdur: türk xalqının igid və cəsarətli oğlu Atatürk xarici ölkələrin istilaçılarına qarşı mübarizəyə rəhbərlik edir. «Çanaqqala» savaşında türklərin möhtəşəm qələbəsi nəticəsində Osmanlı imperiyası dağıdılır və Atatürkün rəhbərliyilə müstəqil Türkiyə Respublikası yaradılır.
Oratoriyanın ilk ifası 1998-ci ildə Türkiyə Prezident simfonik orkestrinin, Türkiyə Mədəniyyət Nazirliyinin və Ankara radiosunun birləşmiş xoru (rəhbəri Elnara Kərimovadır), Izmir və Ankara Dövlət Konservatoriyasının solistlərinin ifasında səsləndi. Bu oratoriyada istedadlı dirijorumuz Yalçın Adıgözəlov öz ifaçılıq qabiliyyətinin ən gözəl və səciyyəli xüsusiyyətlərini nümayiş etdirdi: yüksək professionallıq, sənətkarlıq, mahirlik. O, hər dəfə bu mürəkkəb və möhtəşəm əsəri çox orijinal bir tərzdə, parlaq üslubda, özünəməxsus bir ustalıqla interpretasiya edir.
Librettonun müəllifi Sabah xanım Duru, mətnin müəllifi isə Mehmet Akif Ersoydur. Premyeradan sonra, oratoriya tez-tez ifa olunur, kompakt diskə yazılmışdır.
Son illər yaratdığı mühüm əsərlər sırasında «Təntənəli kantata»nı (sözləri F.Qocanındır) və «Qəm karvanı» oratoriyasını (sözləri R.Rzanındır) qeyd edək, axırıncı əsər şəhidlərin əziz xatirəsinə həsr olunmuşdur.
Biz xüsusi olaraq bəstəkarın yaratdığı gözəl, parlaq və yüksək səviyyəli «Segah» simfonik muğamını da qeyd etməliyik. Arzumuz odur ki, bu yaxınlarda adlarını çəkdiyimiz əsərlər tezliklə ifa olunsun və çap edilsin.
Keçən ilin son ayında Azərbaycan musiqi tarixində yeni səhifə açıldı: sevimli bəstəkarımızın «Natəvan» operasının premyerası oldu. Bu operanın böyük müvəffəqiyyəti iki görkəmli şəxsiyyətin adı ilə sıx bağlıdır: Vasif Adıgözəlov və Nazim Ibrahimov. Müəlliflər bu əsəri Xurşidbanu Natəvanın anadan olmasının 170 illiyinə həsr etmişlər. Əsərdə Xurşidbanu Natəvanın, Qasım bəy Zakirin «Məclisi - üns» ədəbi dərnəyi üzvlərinin şerlərindən istifadə edilmişdir. Operanın şerlərini istedadlı şairəmiz Ruzgar Əfəndiyeva yazmışdır.
«Natəvan» operası tanınmış Azərbaycan şairəsi, möhtəşəm Qarabağın hakimi Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın həyat və yaradıcılığından bəhs edir. Görkəmli şairənin Vətənin azadlığı uğrunda mübarizəsi, sevinci, kədəri, XIX əsrin ikinci yarısında Qarabağda baş vermiş hadisələr musiqi ilə tamaşaçılara və dinləyicilərə çatdırılır. Operanın dramaturgiyasının əsas prinsipləri Azərbaycan tarixinin bu günü ilə bağlıdır. Məhz bununla əlaqədar operanın final səhnəsində Natəvanın ruhu bizi sanki haraylayır:
«Nigaranam Qarabağdan!
Babamın andı torpaq,
Qəlbimin odu torpaq
Ana yurdum Qarabağ!
Qeyrət qalam Şuşadan nigaranam…
Şuşanı alın geri!
Ahım odlar, yeri göyü
Şuşanı alın geri!
Şuşanı xilas edin!»
V.Adıgözəlovun əsərləri sırasında «Qarabağ şikəstəsi» aktual, daima insanları düşündürən, həyacanlandıran bir əsərdir. Həqiqətən, «Qarabağ şikəstəsi» ziddiyyətli bir zamanda yaşayan insanın həyatına və taleyinə, mübarizəsinə və qələbə əzminə həsr edilmişdir və musiqi tariximizdə yeni bir səhifədir. Bu oratoriyanı xüsusi xatırlamaqda məqsədimiz qələcəkdə operanın həmin əsər ilə parallel intonasiya tematik nöqtələrini tədqiq etməkdir.
Ümumavropa musiqi tarixindən hamımıza bəllidir ki, libretto və musiqi özünün «sinxron» vəhdətini tapanda, bəstəkarların operaları klassik nümunələrə çevrilir. Librettonun müəllifi, istedadlı və tanınmış publisist, içtimai xadim Nazim Ibrahimov dramaturji cəhətən olduqca maraqlı, cəlbedici libretto yaratmışdır.
Qarabağın qeyri-adi gözəl təbiəti, büllur sulu bulaqları, ətirli cəmənlikləri, uca dağları və dünyaya bəxş etdiyi görkəmli sənətkarları xain qonşularımızın həmişə diqqət mərkəzində olub. Və operanın müəllifləri Vasif Adıgözəlov və Nazim Ibrahimov dramaturji xətti – yəni Qarabağ tarixinin bir dövrünü sənətkarlıqla canlandırıblar.
Bütün əsərlərində və xüsusilə oratoriya və kantatalarında muğam sənətinə, aşıq ənənələrinə, xalq mahnılarına, təsniflərə, rəqslərə və ümumən qədim xalq incilərinə sadiq qalan V.Adıgözəlov, məhz yeni əsərində bu prinsipi, bu üslub xüsusiyyətlərini daha da möhkəmləndirir və yeni mərhələdə inkişaf etdirir.
Bir faktı da qeyd etməliyik ki, bəstəkarın oratoriyalarına xas olan milli xüsusiyyətlər, harmoniya və polifoniya sahəsində tapıntılar «Natəvan» operasında da özünü göstərir.
Natəvanın obrazı operada olduqca dinamik və mürəkkəbdir, çoxsahəli və modifikasiyaya uğrayan bir obrazdır.
Bəstəkarın üslub xüsusiyyətlərini diqqətlə izləyərkən, görürsən ki, V.Adıgözəlov hər bir yeni əsərində, xüsusilə faktura və harmoniya sahəsində yeni bədii–texniki tapıntılarla musiqisini zənginləşdirir. Belə tapıntılar həmçinin bəstəkarın yeni əsərində - «Natəvan» operasında öz əksini tapır.
Operanın baş qəhramanı xan qızı Xurşidbanu Natəvan partiyasını Azərbaycan respublikasının xalq artisti, Dövlət mükafatı laureatı, Beynəlxalq müsabiqələr laureatı, professor Xuraman Qasımova ifa edir. Sevimli muğənnimizin traktovkasında bu qeyri-adi obraz musiqidə ən zəngin bədii ifadə vasitələrilə açılır: istər melodiyada, istər təravətli, harmonik dilində, və istərsədə simfonik orkestrin rəngarəng tembrlərində. I pərdədə Xuraman xanım ehtirasla oxuyur:
«Yurdunu Pənah xanın
Qoy almasın duman, çən
Müqəddəs torpaqdan vermərəm
Vermərəm heç zaman!
Yurdumda yer də verdim, göy də verdim
Torpağımdan ey pay uman!
Pəncəmdə əzilərsən, məhv olarsan
Yer üzündən silinərsən»
Sonra səslənən duet – Natəvan və Xasay bəy Usmiyev – obrazın başqa çalarlarını açır. Lirik-psixoloji obraz sanki püxtələşir, çiçək kimi açılır. Müğənnilər şerdə, sözlərin düzümündə və axımında musiqinin qeyri-adi xüsusiyyətlərini, gözəl melodiyasını təcəssüm edirlər.
Biz, həmçinin gözəl vokal sənəti ilə cəlb edən Azərbaycan Respublikasının əməkdar artisti Həsən Enami (Xasay bəy Usmiyev), Azərbaycan Respublikasının əməkdar artisti Şahlar Quliyev (Qasım bəy Zakir), Azərbaycan Respublikasının əməkdar artisti Elxan Əhədzadə (Aleksandr Düma), Bəhram Əliyev (Qara paltarlı şəxs), Azərbaycan Respublikasının əməkdar artisti Nəzakət Teymurova (Xanəndə qızı) və digər artistləri qeyd etməliyik.
«Natəvan» operasının quruluşçu rejissoru Azərbaycan və Özbəkistan Respublikalarının xalq artisti, Özbəkistan Dövlət mükafatı laureatı, professor Firidun Səfərov, baletmeyster SSRI Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası-nın xalq artisti Tamilla Şirəliyeva, quruluşçu rəssam Azərbaycan Respublikasının xalq rəssamı, Dövlət mükafatı laureatı Rafiz Ismayılov, xormeyster Sevil Hacıyevadır.
Nəhayət, biz «Natəvan» operasının musiqi rəhbəri və dirijoru, mahir ifaçı Yalçın Adıgözəlovu xüsusilə qeyd etmək istərdik. Operanın müvəffəqiyyəti, tamaşaçılar tərəfindən rəğbətlə, səmimi qəlbdən qarşılanması məhz, ilk növbədə, gözəl dirijorun adı ilə sıx bağlıdır.
Sevimli sənətkarımız V.Adıgözəlov əsərləri ilə xalqın rəğbətini qazanmış, parlaq fərdi üslubu ilə fərqlənən, yüksək professional bəstəkardır. O, həmçinin BMA-nın kafedra müdiridir, professordur. V.Adıgözəlov Azərbaycan Bəstəkarlar Ittifaqının birinci katibidir. Qısa müddət ərzində o, yeni katiblik ilə birlikdə Ittifaqımızın yaradıcı, mədəni həyatının fəallaşdırılmasi üçün çox iş görmüşdür.
V.Adıgözəlov hər hansı bir janrda işləsə də həmişə aktiv və gərgin axtarışdadır. Artıq bu gün biz inamla deyə bilərik ki, V.Adıgözəlovun əsərləri Azərbaycan musiqisinin klassik əsərləri sırasında layiqlli yer tutacaqdır.
«Əsl sənətkar… istər – istəməz öz estetik idealları uğrunda döyüşə atılır, həyat səhnəsində fəal rol oynamağa çalışır, o həmişə xalqla birlikdədir, xalqın özüdür»2. Görkəmli bəstəkarımız V.Adıgözəlov haqqında məqaləni Qara Qarayevin bu gözəl və səmimi sözləri ilə tamamlamaq istərdim.
2 Q.Qarayev. Azərbaycan bəstəkarlarının III qurultayında məzurə. – «Qobustan» jurnalı, 1969, ¹1, s.8
p align>
|