1939-cu ildə Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyov «Vəzifələrimiz» sərlövhəli məqaləsində yazmışdı: «Mən möhkəm əminəm ki, opera sənəti ən yaxın illərdə Azərbaycan incəsənətinin tərəqqisi yolunda irəliyə doğru yeni mühüm addım atacaqdır».
Dahi bəstəkar öz fikirlərində yanılmamışdı. Bir neçə il sonra musiqi salnaməmizi zənginləşdirən mürəkkəb səhnə əsəri – SSRI və Azərbaycan Respublikasının xalq artisti, SSRI Dövlət mükafatı laureatı Fikrət Əmirovun «Sevil» operası yarandı, 60-cı illərin əvvəllərində respublikanın xalq artisti, professor Ramiz Mustafayevin «Vaqif» operası uğurla səhnəyə qoyuldu. Hazırda da bu tamaşalar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında göstərilir.
Keçən il dekabr ayının son günlərində isə bir yeni operanın Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında premyerası oldu. Bu, yüksək fitri istedada malik, görkəmli bəstəkar, Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatı laureatı, professor Vasif Adıgözəlovun «Natəvan» operasıdır.
Onu da deyək ki, bu operaya qədər bəstəkar az əsər yazmamışdı. O, baletdən başqa bütün janrlarda («Ölülər» operası, 3 simfoniya, simfonik poemalar, fortepiano ilə orkestr üçün 4 intsrumental Konsert, Skripka və Violonçel konsertləri, 5 musiqili komediya, 4 oratoriya, kantatalar, mahnı və romanslar və s.) musiqi xəzinəmizi zənginləşdirən əsərlər qələmə almışdır. Bəstəkar hansı janrda yazırsayazsın onun bütün əsərlərində müasirlik ruhu, həmçinin Vətən mövzusu qırmızı xətt kimi keçir. Bəli, o, bütün əsərlərində milli ənənələrlə müasir ifadə vasitələrinin sintezinə ustalıqla nail olur.
Qeyd etdiyimiz ümdə məziyyət V.Adıgözəlovun «Natəvan» operasında da özünü bariz şəkildə nümayiş etdirir.
3 pərdə, proloq və epiloqdan ibarət bu operanın libretto müəllifi naşir, bir sıra kitabların müəllifi və tərtibçisi Nazim Ibrahimov, şer mətnlərinin müəllifi isə Rüzgar Əfəndiyevadır. Onlar, Qarabağın hakimi Mehdiqulu xanın qızı Xurşudbanu Natəvanın həyat və yaradıcılıq yolunu, XIX əsrin ikinci yarısında Qarabağda baş verən hadisələri maraqlı və əyani faktlarla əks etdirmiş və ən əsası odur ki, dramaturji xətti Azərbaycanın bu günü ilə sıx əlaqələndirmişlər. Librettonun bu səpkidə qurulması söz yox ki, çox təqdirəlayiq və önəmlidir.
Onu xatırladım ki, operanın librettosundakı situasiyalar və əhvalatlar aydın, həmçinin musiqi materialı zəngin olanda onun əsas ideyasını açmaq üçün geniş yaradıcılıq imkanları əmələ gəlir.
Bu baxımdan «Natəvan» operasının librettosundan irəli gələn musiqi nömrələrində – xor və orkestr epizodlarında, ariya və ariozo, vokal ansambllarında, rəqslərdə, hətta reçitativlərdə belə zəngin və rövnəqli, rəngarəng boyalı melodiyalar özünü büruzə verir. Bəstəkar hər şeydən əvvəl melodiyalarında tükənməz xalq musiqisi intonasiyalarından (mahnı, rəqs və aşıq havalarından), habelə şifahi ənənəyə əsaslanan professional musiqi inciləri olan muğam dəstgahlarının ayrı-ayrı şöbə və guşələrindən, zərbi-muğamlardan (bəzən sitat şəklində, bəzən isə onların ünsürlərindən) istifadə edərək, əsas etibarilə lirik səciyyəli musiqi təranələrini operaya daxil etmişdir.
Gəlin, bu kimi məziyyətli səhnələrdən bəzilərini yada salaq.
Ən öncə onu deyək ki, proloq «Hümayun» muğam-dəstgahının əsas intonasiyaları ilə açılır. Ü.Hacıbəyovun təbirincə desək, «Hümayun» dinləyicidə dərin bir kədər hissi yaradır. Bu muğamın melodiyasını eşitdikdə hiss olunur ki, həm ayrı-ayrı şəkillər, həm də epiloqun özü belə qəm-qüssəli, kədərli, faciəvi əhval-ruhiyyə ilə tamamlanacağını əvvəldən tamaşaçıya bir növ xəbər verir. Bəstəkar özü də muğamın məhz «Mayə» şöbəsindən bilərəkdən istifadə etmişdir. Çünki, bu şöbənin musiqi materialı həzin, mülayim, kədərli ovqata malikdir.
Şuşanın füsünkar gözəlliyini tərənnüm etdikdən sonra təntənəli səciyyəli musiqidə xor «Rast» muğam dəstgahının «Əraq» şöbəsindən bir parçanı oxuyur. «Əraq» isə vəziyyətin gərginliyindən xəbər verir. Ümumiyyətlə, bu şöbəni oxumaq üçün xanəndədən yüksək səs tessiturası, şaqraq zəngulələr, mürəkkəb vokal texnikası tələb olunur. Bu çətin missiyanı isə müəllif məhz xora, yəni xalqın obrazına həvalə etmişdir.
Birinci pərdədə Şuşanın Cıdır düzündə böyük bayram şənliyi keçirilərkən (xatırladaq ki, bu şənlik uzunmüddətli səyahətdən gələn xan qızı Natəvanın şərəfinə idi) xalqın Natəvana müraciətində «Eşq olsun» nidaları, bir növ odaya bənzər xalq xorunun sədaları ucalır. Bu tərənnüm məhz «Şikəsteyi-fars»ın intonasiyalarına əsaslanır. Ümumiyyətlə, məlumdur ki, şikəstələrin xarakterinə yanıqlılıq, həzinlik, şikayət motivləri xas olmağına baxmayaraq, müəllif-bəstəkar «Şikəsteyi-fars»ın musiqisi vasitəsilə xalqın təntənə ovqatını göstərməyə müvəffəq olmuşdur. Sonrakı nömrələrdə də xan qızının şərəfinə aşıqların mahnıları, «Qıtqılıda» xalq rəqsi və sonra bir səhnəni təşkil edən «Qarabağ şikəstəsi» məhz «Segah» məqamı üstündə yazılmışdır.
Xatırladaq ki, «Qarabağ şikəstəsi» bəstəkarın eyni adlı oratoriyasının son – yeddinci hissəsindən alınmışdır.
Bayram təntənəsi davam edən zaman xidmətçinin gətirdiyi məktubda yenə də qara qüvvələrin baş qaldırdığı xəbərini bilən Natəvan çox həyəcanlanır. Və o, bir neçə şer misrasını kədərli musiqi təranələri ilə ifadə edir:
Yurdunu Pənah xanın
Qoy almasın duman, çən,
Müqəddəs torpaqdan vermərəm,
Vermərəm heç zaman.
Bəstəkar Natəvanın ariozosunda segah pərdələrində, necə deyərlər, «gəzişərək» müxtəlif qeyri-adi keçidlərlə çox cazibəli musiqi yaratmağa nail olmuşdur.
Göründüyü kimi, istər proloqda, istər birinci pərdədə, istərsə də sonrakı gördüyümüz pərdə və şəkillərdə bəstəkar «Segah» muğamına və eyni ladın intonasiyalarına aludə olur, yaradıcılıq ilhamı ilə faydalanır, müxtəlif vəziyyətlərdəki ovqatlardan çox orijinal şəkildə istifadə edə bilir. Bu keyfiyyəti V.Adıgözəlovun «Natəvan» operasında maraqlı axtarışlarına və tapıntılarına aid etmək olar. Bütün bunlar bizi belə qənaətə gətirir ki, operada «Segah» leytmotiv mənasında işlədilirsə, şəxsən əsərin qəhrəmanı Natəvan obrazı üçün isə «Segah» əsər boyu leytobraz səciyyəsini kəsb edir. Belə ki, Natəvanın partiyalarında melodiyalar hər hansı bir məqam intonasiyasında başlayırsa-başlasın, o, bəstəkar tərəfindən müvəffəqiyyətli bir melodik gedişlə mütləq segaha yönəlir və həmin ladda da melodiya inkişafa uğrayır.
Əlbəttə, müəllif bu keyfiyyətdən təsadüfi olaraq istifadə etmir. Axı, Qarabağda bütün dövrlərdə, ələlxüsus XIX əsrdə dahi xanəndələr bu gözəl diyarda fəaliyyət göstərən zaman onların repertuarının əsasını «Segah» muğam dəstgahı və onun variantları – «Xaric segah», «Segah-Zabul», «Mirzə-hüseyn segahı», «Yetim segah» və s. təşkil edirdi. Bu ümdə əlamət onu göstərir ki, Azərbaycanın digər regionlarından fərqli olaraq «Segah» muğamı məhz Qarabağda özünə təşəkkül tapmış, inkişaf etmiş, təkmilləşmiş, yüksək professional musiqi kompozisiyasına çevrilmişdir. Mübaliğəsiz demək olar ki, bu günün özündə də «Segah» muğamının və onun variantlarının ən məşhur ifaçıları (həm xanəndələr, həm də sazəndələr nəzərdə tutulur) Qarabağdan çıxmış sənətkarlardır.
Natəvan operasındakı bütün əhvalatlar məhz Qarabağda (Şuşada) vaqe olduğu üçün V.Adıgözəlov bu cəhətləri nəzərə alaraq operada segaha və ona əsaslanan digər muğam, təsnif və rənglərə söykənir…
Tamaşanın ikinci pərdəsində məkan dəyişir. Artıq tamaşaçı Tiflis şəhərində gürcü knyazının sarayındakı əhvalatları izləyir. Natəvanla onun ömür-gün yoldaşı Xasay bəy və məşhur fransız yazarı Aleksandr Düma da bu sarayda keçirilən şənlik məclisindədir. Məclis Valsla açılır. Sonra gürcülərin milli rəqsi, onun ardınca qaraçılar dəstəsinin ehtiraslı rəqsi və oxumaları qonaqları əyləndirir.
O da diqqətəlayiqdir ki, yuxarıda sadaladığımız rəqs və mahnıları bəstəkar milli musiqi nümunələrilə, melodik çalarlarla rövnəqləndirərək onları tamaşaçılara təqdim edir.
Səhnədəki sevinc hissləri tamaşaçılarda xoş təəssürat oyadır. Şənlik məclisi Xasay bəyin əmisinin Dağıstandan gəlib bu məclisə daxil olması ilə bir qədər pozulur. Natəvanla ailə qurmasından narazı olan əmisi Xasay bəyin ata ocağına qayıtmasını tələb edir. Əlbəttə, Xasay bəy əmisinin sözündən çıxmayaraq ata yurduna qayıtmağa məcbur olur.
Natəvanın iztirablarını, həyəcanını, sarsıntısını aşağıdakı sözlərdə əyani görmək olar:
Bu nə kədər, bu nə qəmdi,
Ömrüm günüm dərd sitəmdi.
Bu sözlər Natəvanın partiyasındakı musiqidə dərin və həyəcanlı təranələrlə təzahürünü tapır.
Üçüncü – son pərdədən əvvəl poeziya-musiqi yığıncağı olan «Məclisi-üns» göstərilir. Xatırladaq ki, bu məclis Natəvanın rəhbərliyilə 1864-1897-ci illərdə uğurla fəaliyyət göstərmişdir. Mirzə Fəna, Mirzə Növrəs, Mirzə Həsən Yüzbaşov, Hacı Abbas Agah və başqa bu kimi görkəmli şairlər məclisin fəal və nüfuzlu üzvləri idilər. Məclisdə onların oxuduqları şerlər müzakirə olunur (qeyd edək ki, bu səhnədə adı çəkilən şairlərin şerlərindən istifadə olunmuşdur) və sonda Natəvanın:
Səni kimdi sevən bica qərənfil,
Sənə mən aşiqi şeyda qərənfil.
mətləli qəzəlinə bəstəkarın əvvəllər yazdığı «Qərənfil» adlı mahnı-romansından istifadə etməsi əlbəttə ki, yerinə düşür. Və hər dəfə bu musiqi nömrəsi oxunduqdan sonra əsəri və vokalçını tamaşaçılar sürəkli və səmimi alqışlarla qarşılayırlar.
Şəkil dəyişir… Bu şəkildə Natəvan narahatdır. Axı, böyük oğlu Mehdiqulu Qarabağdan getmiş, kiçik oğlu Mir Abbas isə ağır xəstədir.
Knyaz Xasay bəydən gələn məktubda o, Natəvana öz məhəbbətini izhar edir və mütləq Şuşaya qayıdacağını vəd verir. Onun səsi uzaqdan gəlir. O, bu sözləri məlahətli və təravətli musiqi təranələrilə ifadə edir:
Qoy bilsin oğlum, qızım,
Nə gecəm var, nə gündüzüm.
Ömrüm həsrətinlə yandı,
Hər günüm, gecəm zindandı.
Bu zaman xidmətçi ağır bir xəbəri – Mir Abbasın ölümünü Natəvana çatdırır. Natəvan dəhşət içərisində aşağıdakı sözləri oxuyur:
Ah, nakam, yazıq balam,
Ah, niyə dağılmır, bu dünya, Allah?
Və bu sözlərdən sonra, o, huşunu itirir...
Operanın «Epiloq»u üçün də ssenari müəllifi maraqlı vəziyyətlər tapmışdır. Uzaqdan Natəvanın məqbərəsi görünür.
Xasay bəy çox qüssəlidir, kədərlidir, həyəcanlıdır, etdiyindən peşimandır. O, bu zaman aşağıdakı sözləri kədərli bir melodiya ilə tamaşaçılara çatdırır:
Xəbərsiz qayıtmışam,
Vaxtsız solan gözəl sonam.
Səni dərdə qərq elədim.
Qayıtmışam, peşimanam.
Sonrakı səhnədə Natəvanın ruhu hamını çaşdırır. Natəvan Qarabağdan nigarançılıq çəkir… Və epiloqun sonunda göy gurultusu və şimşək səslərinin müşayiətilə Natəvanın ruhu (kölgəsi) zala daxil olur: o, gah orta, gah da zil tessiturada oxuyur:
Şuşanı alın geri,
Ahım odlar, yeri-göyü.
Şuşanı alın geri,
Şuşanı xilas edin.
Nəhayət, orkestr və xorun, eləcə də yuxarı (zil) registirdə Natəvanın həyəcanlı çağırışı ilə opera tamamlanır.
Əlbəttə ki, epiloqdakı bu monumental vokal-simfonik lövhəni həyəcansız dinləmək mümkün deyil.
Tamaşaya baxdıqda belə nəticəyə gəlmək olur ki, «Natəvan» operasının yaradıcı heyəti əsərin quruluşu üzərində böyük həvəslə işləmişdir.
Operada böyük əhəmiyyət kəsb edən Natəvan rolunun ifaçısı, dünya şöhrətli vokalçı, respublikanın xalq artisti, Dövlət mükafatı laureatı və Beynəlxalq müsabiqələr laureatı, professor Xuraman Qasımovadır.
Yeri gəlmişkən onu da xatırladaq ki, əsərin qəhrəmanı Natəvan (X.Qasımova) proloqdan başlayaraq epiloqun sonuna qədər pərdədən-pərdəyə, şəkildən-şəklə müxtəlif situasiyalarda həm istedadlı bir aktyor, həm də ustad vokalçı kimi vəziyyətlərə görə tez-tez dəyişilir. Xuraman Qasımova özünü böyük şairə, Dövlət xadimi, ağıllı və tərəqqipərvər maarifçi, ərini hədsiz dərəcədə sevən və onun tərəfindən sevilən qadın, gözəl ana kimi göstərməyə nail olur. Bütün bu keyfiyyətlər X.Qasımovanın bir aktyor kimi fitri istedadının uğurudur.
Eyni zamanda tamaşaçılar onun oyununda təbiiliyə, yüksək vokal məharətinə valeh olur və əvvəldən sona qədər hər bir nömrəni həyəcanla izləyir və səmimi alqışlarla qarşılayırlar.
Mən özüm üç dəfə bu tamaşaya baxmışam. Açığını deyim ki, hər tamaşada teatr həvəskarları, həmçinin professional musiqiçilər X.Qasımovanın ifaçılıq və aktyorluq qabiliyyətini, professionallığını yüksək qiymətləndirir, məharətini təqdir edirlər. Yeri gəlmişkən onu deyim ki, V.Adıgözəlov X.Qasımovanın geniş səs tessiturasını, yüksək səviyyəli professionallığını, bir vokalçı kimi ifaçılıq sahəsində geniş imkanlarını, həm də oxuma texnikasını, istedadlı aktyor məziyyətlərini nəzərdə tutaraq məhz onun partiyasını çox mürəkkəb səciyyədə yazmışdır. Məncə, bu günə qədər bəstələnmiş Azərbaycan operalarındakı qadın partiyaları arasında Natəvan kimi ağır, mürəkkəb, ifaçılıqda müxtəlif səciyyəli vokal texnikası, səs palitrasının parlaqlığını tələb edən ikinci bir obraz tapmaq çətindir. Natəvanın partiyası ifaçıdan böyük enerji, qüvvə tələb edir. Bu partiyanı sona qədər eyni səviyyədə aparmaq çox çətindir. Lakin nə qədər ağır olsa da, Xuraman Qasımova bu partiyanın və ümumilikdə, b
u obrazın öhdəsindən bacarıqla, həm də asanlıqla gəlir. Çünki, onun potensial imkanları, fitri istedadı, ustad olması və səhnə təcrübəsi bütün vəziyyətlərdən alnıaçıq çıxmağa, bu rola necə deyərlər, «qalib gəlməyə» imkan yaradır.
Operada Natəvan obrazı ilə bahəm mən deyərdim ki, aparıcı qüvvə xor nömrələrini saymaq olar. Xalqın obrazını təmsil edən xor, demək olar ki, operadakı bütün səhnələrdə iştirak edir. Tamaşada həm kişi, həm qadın, həm də qarışıq xorun vokal imkanlarını müəllif çox yüksək professionallıqla, özünəməxsus yazı texnikası ilə təcəssüm etdirməyə nail olmuşdur. Əlbəttə, biz kollektivlə yanaşı onun rəhbəri gənc xormeyster Sevil Hacıyevanın rolunu və əməyini də təqdir etməliyik. Yeganə iradımız odur ki, xor ifaçılarının bəzi kütləvi səhnələrdə diksiyaları aydın və səlis olmur. Bu baxımdan diksiya üzərində daha çox işləmək məqsədəuyğundur.
Tamaşada Xasay bəy Usmiyevin rolunu respublikanın əməkdar artisti Həsən Enami oynayır. Həsən Enami kimi istedadlı aktyorun səs palitrası çox emosional və təsirlidir. Ona görə də müğənni bu rolun öhdəsindən məharətlə gəlir.
Qasım bəy Zakir rolunda çıxış edən respublikanın əməkdar artisti Şahlar Quliyev, Aleksandr Düma rolunda əməkdar arstist Elxan Əhədzadə bu obrazları muvəffəqiyyətlə yaradır, onların daxili aləminə bacarıqla nüfuz edə bilirlər.
Qara paltarlı şəxs rolunda aktyor Bəhram Əliyev obrazın mənəviyyatını – qeyrətini, vicdanını satmağa hazır olan obrazı qabarıq göstərir.
Artıq yuxarıda adlarını sadaladığımız təcrübəli, tanınmış aktyorlarla yanaşı gənc vokalçıların bu mürəkkəb tamaşaya cəlb edilməsi də önəmlidir. Bu baxımdan Nizami Bağırovun (Xasay bəyin əmisi), Anar Bağırovun (Mirzə Fəna), Səbuhi Ibayevin (Mirzə Həsən Yüzbaşov), Nəzər Bəylərovun (Mirzə Növrəs) adlarını çəkə bilərik. Inanırıq ki, bu aktyorların oyunları getdikcə cilalanacaqdır.
«Natəvan» operasında xanəndə qız rolunda artıq muğam sənətində öz sözünü demiş respublikanın əməkdar artisti Nəzakət Teymurova, xanəndə oğlanlar – respublikanın əməkdar artistləri Mənsum Ibrahimov və Səfa Qəhrəmanov muğam dəstgahlarından şöbələri, zərbi-muğamları («Qarabağ şikəstəsi» və «Mənsuriyyə»ni) istər məlahətli, istərsə də şaqraq zəngulələrlə ifa edərək, muğamın rəngarəng çalarlarından bacarıqla istifadəyə nail olurlar.
Birinci aşıq – Sabir Əliyev, ikinci aşıq – Nəzər Bəylərov da öz rollarını inandırıcı boyalarla yaradırlar.
«Natəvan» operasının uğurlu alınmasında tamaşanın musiqi rəhbəri və dirijoru, istedadlı sənətkar, bir müddət Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru və bədii rəhbəri kimi çalışmış Yalçın Adıgözəlovun əməyi böyükdür. O, səhnəni çox gözəl duyur və mən deyərdim ki, 800 səhifəlik partituranı bütün təfərrüatı ilə əsaslı qavramışdır. O, həm orkestri, həm xoru, həm solistləri, həm də xoreoqrafik nömrələri yerli-yerində, necə deyərlər, «idarə edir». Interpretasiya sahəsində özünün ən gözəl və yüksək professional keyfiyyətlərini nümayiş etdirərək, nəticədə vahid ansambl yaratmağa nail olmuşdur.
Bir keyfiyyəti də qeyd etmək istərdim. Dirijor partituranı o qədər dərindən mənimsəmişdir ki, hətta partituraya baxmadan orkestri əzbərdən idarə edir. Sintetik janr olan opera partiturasını əzbərdən idarə etmək yüksək oriyentasiya bacarığı, fitri istedad, güclü yaddaş və ustalıq tələb edir. Bütün bu keyfiyyətlər Yalçında öz təcəssümünü tapmışdır.
«Natəvan» operasının tamaşaya hazırlanma prosesində məhsuldar yaradıcılıq işi aparan müəlliflə bərabər quruluşçu rejissor – Azərbaycan və Özbəkistan Respublikalarının xalq artisti, Özbəkistanın Dövlət mükafatı laureatı, professor Firudin Səfərov bu tarixi mövzuya həsr olunmuş operaya maraqlı və diqqəti cəlb edən quruluş vermişdir. O, lirik səpkili operaya müasirlik aşılamış, nəticədə dolğun, epik səciyyəli sənət əsəri yaranmışdır.
Tamaşanın bədii tərtibatı da operanın süjeti ilə həmahənglik yaradır. Quruluşçu rəssam Azərbaycan Respublikasının xalq rəssamı Rafiz Ismayılov bir kino rəssamı kimi tanınmış sənətkardır. Rafiz Ismayılov məhz ilk dəfə olaraq opera tamaşasına tərtibat vermişdir. Bu onun debütüdür. Onun dekorasiyalarda işlətdiyi şəffaf, parlaq rənglər XIX əsrin Şərq sarayları, küçə, bina və meydanları ilə uyğun gəlir.
Respublikanın xalq artisti, SSRI Dövlət mükafatı laureatı Tamilla Şirəliyevanın operadakı rəqslərə verdiyi quruluş da özünü doğruldur.
Xatırladım ki, tamaşanın səhnə təcəssümü zamanı V.Adıgözəlov həm özünə, həm də tamaşanın yaradıcı heyətinə qarşı çox tələbkar bir insan kimi özünü göstərirdi. O, iş prosesində həm solistlərə, həm quruluşçu rejissorlara, dirijora, xormeysterə, rəssama dəyərli məsləhətlər verir və onlar da böyük təcrübəyə malik olan müəllifə xüsusi hörmətlə yanaşaraq, çox lazımlı məsləhətlərə əməl edirdilər. Bir sözlə iş prosesində istər yaradıcı heyətin üzvləri arasında, istərsə də yaradıcı heyətlə V.Adıgözəlov arasında həmişə qarşılıqlı hörmət, həmrəylik hökm sürmüşdür.
Məhz ömrünün səkkiz ilini «Natəvan» operasının yazılmasına sərf etməsi, bəstəkarla yaradıcı heyətin gərgin işləməsi, hər bir səhnənin üzərində axtarışlar, zərgər dəqiqliyi və maraqlı tapıntılar nəticəsində «Natəvan» operası ərsəyə gəldi və müvəffəqiyyətlə tamaşaya qoyuldu. Bu opera öz uğurlu səhnə təcəssümünü taparaq Natəvanın anadan olmasının 170 illiyinə gözəl töhvə oldu.
Inanırıq ki, «Natəvan» Azərbaycan opera sənətində «Koroğlu» və «Sevil»dən sonra parlaq səhifə təşkil edərək, musiqi xəzinəmizi zənginləşdirəcək və daim səhnədə yaşayacaq. Ümidvarıq ki, bu opera həmçinin türk xalqlarının opera səhnələrini də bəzəyəcəkdir.
p align>
|