F.Xalıqzadənin «Musiqi Dünyası» jurnalının 3-4/2003 sayında çap olunmuş «Azərbaycanın ənənəvi xalq musiqisi atlası» məqaləsində müəllif oxuculara həmin multimediya layihəsi üzərində işə başlanılması haqqında məlumat vermişdi.
Həqiqətən də jurnalın yaradıcı kollektivi 2003-cü ilin may ayından başlayaraq, layihənin məqsəd və vəzifələrinə uyğun şəkildə 8 ay ərzində respublikanın müxtəlif regionlarının 60-a yaxın yaşayış məskənlərini tədqiq etmişdir. Ekspedisiya tədqiqatları prosesində Azərbaycanın musiqi folkloruna aid 500-dən artıq audiovideo fraqment yazıya alınmışdır. Həm hazırlıq mərhələsində, həm də laboratoriya təhlili şəraitində nəzərdən keçirilən rəngarəng məsələlər Azərbaycan xalq musiqisinin bu günkü seqmentləşmiş təbiətinin aşkara çıxarılması prosesinin reallaşdırılması ideyalarına əsaslanır. Azərbaycanın etnik musiqisi atlasında Azərbaycan xalqı başda olmaqla 23 kiçik xalq təmsil edilmişdir.
Azərbaycan xalqı kiçik etnik xalqlardan ibarət vətəndaş cəmiyyəti kimi elmdə və musiqi mədəniyyətində şifahi ənənələr baxımından hələ təqdim olunmamışdır. Azərbaycanda yaşayan kiçik xalqların musiqi folklorunun janr zənginliyi və mövzu rəngarəngliyi bu vaxta kimi lazımınca dəyərləndirilməmiş, nə ölkəmizdə, nə də onun hüdudlarından kənarda, demək olar ki, tanınmamışdır. Buna görə də layihənin əsas strateji məqsədi Azərbaycan xalqının bədii – musiqi ənənələrinin zənginliyini, onun öz tarixi, mədəni köklərinə qayğıkeş münasibətini nümayiş etdirməkdən ibarətdir. Bununla yanaşı, səyyar tədqiqatlar bizi musiqi elminin tamamilə yeni bir istiqamətinə doğru yönəltdi ki, bu istiqamətin də əsasını iki müstəqil elm sahəsinin – etnomusiqişünaslığın və vizual antropologiyanın inteqrasiyası təşkil edir.
Təqdim olunan məqalə ilə musiqişünaslarımızı Azərbaycan musiqi folklorunun öyrənilməsində müxtəlif elm sahələrindən istifadə və elmlərin inteqrasiyası problemləri üzrə diskussiyaya dəvət edirik.
XX əsrin sonlarında humanitar elmlər antropoloji aspektdə bir sıra elmi istiqamətlərlə zənginləşdi ki, bunlardan hər biri ayrılıqda elm sahəsi statusu kəsb edə bilər: burada «tarixi antropologiya», «sosial antropologiya», «struktur antropologiya», «mədəni antropologiya» nəzərdə tutulur. Ötəri nəzərdən keçirdikdə belə aydın görünür ki, bütün bu elmi istiqamətlərdə tədqiqat obyekti eyni olub, ictimai həyatı əhatə edir. Lakin antropoloji elm sahələrindən biri digərlərindən daha artıq seçilir ki, bu da «vizual antropologiyadır». Onun elmi marağı bilavasitə insan fəaliyyətinin elə cəhətlərini əhatə edir ki, onları audiovizual vasitələrlə yazmaq mümkündür. Vizual antropologiyanın tarixi kinematoqrafın tarixindən ayrılmazdır. Artıq 1898-ci ildə Kembric Universitetindən tədqiqatçı A.Xeddon Torres körfəzinə kamera ilə ekspedisiyaya getmişdi. Həmin dövrdən kinoaparat, sonralar isə videokamera bir çox antropoloqların adətən istifadə etdikləri tədqiqat alətinə çevrilmişdir.
Vizual antropologiyada ilkin mərhələdə formalaşmış baxışlar əgər ekzotik, etnik və başqa mədəni birliklərin təcəssümündən ibarət idisə, hazırkı dövrdə bədii, pedaqoji, dini və s. antropoloji təzahürləri də həmçinin əks etdirir.
Bundan əlavə, bu gün vizual antropologiyanı yalnız çəkilişlərlə və film yaradılması ilə, fotoqrafiya və səsyazma ilə məhdudlaşdırmaq olmaz. Tam mənada vizual antropologiyanın fəaliyyət dairəsinə ekran materiallarının toplanılması, saxlanılması və yayılması, nəzəri və tədqiqat işi, təbliğat, tədris, vizual antropologiyanın ideya və materiallarının təhsil və mədəniyyət sahələrinə tətbiq olunması aiddir.
Beləliklə, vizual antropologiyanı kompleks biliklər sistemi kimi (elmi, yaradıcılıq, informasiya – texnoloji) müəyyənləşdirmək olar ki, bu da ictimai təcrübəyə mədəniyyətin tanınmayan (az işıqlandırılan) tərəfləri haqqında audiovizual informasiyaların daxil edilməsinə yönəldilmişdir. Bütün bunlar mədəniyyətlərin – keçmiş və indiki dövr mədəniyyətlərinin dialoqunu həyata keçirmək məqsədini daşıyır.
Son illərdə videotexnikanın geniş yayılması sayəsində bir çox etnomusiqişünaslar ekspedisiyalarda kameradan istifadə etməyə üstünlük verirlər. Bu zaman belə bir problem qarşıya çıxır ki, Azərbaycan dilində vizual antropologiya üzrə səyyar iş metodikasına dair heç bir vəsait yoxdur. ABŞ və Avropada nəşr olunmuş dərsliklər isə çox nadir hallarda bizə gəlib çatır. Bundan başqa, Qərbdən gətirilmiş dərs vəsaitlərini bizim real şəraitimizə, Azərbaycan etnomusiqişünaslarının artıq sınanmış səyyar iş metodlarına uyğunlaşdırmaq lazımdır (müşahidə, sorğu, anket, müsahibə, yazıya alma, xəritələşdirmə), bu da müəyyən çətinliklərlə bağlıdır. Azərbaycanda hələ ki, çəkilən sənədli etnoqrafik filmlərlə yanaşı, onların şərhi verilən broşüraların çapı ənənə halını almayıb, buna görə də filmlərdəki söz çoxluğu, yəni danışıqlara böyük yer verilməsi onların etnoqrafik əhəmiyyətini azaldır. Həmçinin, musiqili etnoqrafik materiallara həsr olunmuş, məsələn, «Azərbaycanın ənənəvi musiqi atlası» kimi çoxtəbəqəli saytların yarad
ılması işi də hələ reallaşmamışdır. Bu problemlər, söz yox ki, öz həllini gözləyir. Onu da qeyd edək ki, biz bu fakta xüsusi olaraq diqqətimizi yönəldirik. Çünki «Atlas» layihəsinin məzmun baxımından ardıcıl və dərindən mənimsənilməsi bizim seçdiyimiz elmi paradiqmanın – musiqişünaslığımızda antropologiyanın audiovizual metodundan istifadənin düzgünlüyünü sübut edir.
Deməliyik ki, etnologiyanın səyyar metodları ilə mədəni antropologiya arasında ümumi cəhətlər çoxdur. Bunların sırasında mədəniyyətin təmsilçiləri ilə ümumi dil tapılması və ümumi təcrübə əldə olunması yolu ilə onun «işarə aləminə» nüfuz etməyi qeyd etmək olar. Mədəni və sosial antropologiyada səyyar iş metodikası 1920-ci illərdə etnoqrafiyada funksional məktəbin banisi polyak mənşəli ingilis alimi Bronislav Malinovski tərəfindən işlənilmişdir. Bu alimin və onun ardıcıllarının fikrincə, səyyar tədqiqatın əsas məqsədi yerli əhalinin nöqteyi – nəzərini və dünyaya baxışlarını dərk etməkdən ibarətdir.
Indi də öz maraq dairəmizə uyğun, bu məqsədin əldə olunması yollarını şərh edək:
- mütləq yerli əhali arasında yaşamaq və hər gün onlarla ünsiyyətdə olmaq lazımdır.Hadisələrin təbii axarının təhrifinə yol verməmək üçün əhalinin tədqiqatçıya alışması vacibdir;
- aparılan söhbətləri başa düşmək üçün və hər hansı informasiyanın təhrifinə yol verməmək üçün dili bilmək lazımdır. Buna görə də musiqili – etnoqrafik ekspedisiyaya imkan və tələbat dairəsində tərcüməçi, linqvist – dialektoloq daxil olmalıdır.
- etnomusiqişünas əsas diqqətini onu təəccübləndirən qeyri – adi hadisələrə deyil, gündəlik həyat axarına yönəltməlidir.
- ekspedisiya üzvləri öz diqqətini musiqi – etnoqrafik mədəniyyətin bütün təzahürlərinin qarşılıqlı əlaqəsi üzərində cəmləşdirməlidir. Çünki təcrübə göstərir ki, ənənəvi mədəniyyətin təmsilçiləri tərəfindən səsləndirilən musiqi janrları real şəkildə insanların gündəlik həyat hadisələri ilə o dərəcədə bağlıdır ki, onlardan biri digərlərindən ayrı şəkildə dərk oluna bilməz.
- mədəniyyətin bu və ya digər hadisəsinin mahiyyətini başa düşmək üçün tədqiqatçı etnomusiqişünas – antropoloq, ilk növbədə, insanların davranışını müşahidə etməli, bu zaman mədəniyyətin təzahürlərinə dair birbaşa suallar verməməlidir, çünki insanlar adətən bu haqda fikirləşmirlər;
- Azərbaycanın rayonlarına yayda keçirilən ekspedisiyalar qədim köklü xalqların simvolik aləminə nüfuz etmək üçün xüsusi texniki üsullar işləyib hazırlamağa imkan verdi.Ona görə ki, burada insanların şəxsiyyəti və intellekti bütövlükdə musiqi folkloru mədəniyyətinə qapılmışdır və hər bir cəhət dərketməyə əsaslanır.
Etnomusiqişünaslar öz səyyar tədqiqatlarında ənənəvi metodlardan itsifadə edərək, «Atlas» materiallarının öyrənilməsi və yazılması zamanı vizual antropologiyanın metodları ilə silahlanaraq, tədqiqat apparatını kompleks şəkildə təhlil edən mütəxəssisə çevrilirlər.
Burada nəyi nəzərdə tutduğumu izah edim. Məsələn, vizual və «narrativ» antropologiyanın əsas fərqi tədqiqatın mövcud üsulları və nəticələrindən ibarətdir: birinci halda vizual material, ikinci halda isə yazılı mətn tədqiqatın əsası kimi qəbul olunur. «Narrativ» antropoloq ekspedisiyadan sonra səyyar şəraitdə qələmə alınmış yazılar – gündəliklər üzərində iş aparır. Onları montaj edir, mənalandırır, gördükləri və eşitdikləri əsasında kitab yazır. Vizual material isə özlüyündə daha çox işlənilməmiş informasiya daşıyır. Hər dəfə yenidən nəzərdən keçirəndə doğma divarlardan kənarda, el – oba arasında yaşanan anlar təzələnir. Laboratoriya işləri və müşahidələr göstərir ki, vizual antropologiya metodları ilə silahlanmış müasir etnomusiqişünaslar artıq səyyar metodların başqa növlərinə ehtiyac duyurlar: materialı necə işləməli, onu necə təqdim etməli, vizual materialı yazılı mətnə necə köçürməli, müasir kompüter proqralamrından və informasiya texnologiyalarından video və səs materialının işnənilməsi üçün necə istif
adə etməli. Bu halda mütləq yazılı mətnin ekran mətnindən (kompüterin monitor ekranından) mühüm fərqlərini nəzərə almaq lazımdır. Artıq auditoriyanı dar çərçivəli mütəxəssislərlə məhdudlaşdırmaq mümkün deyil. Audiovideo musiqi materialı yazılı mətndən fərqli olaraq, müəllifdən daha çox uzaqlaşır: etnomusiqişünas – antropoloq mediatora – videorolikə və ya filmin ayrı-ayrı fraqmentlərinə malik olur. Buradan da audioqrafik ekran nitqi vizual antropologiya və etnomusiqişünaslıqda elmi fəaliyyət istiqamətlərinin sintezinin nəticəsi kimi özünü göstərərək, tamaşaçılara təsiri baxımdan nəzarət dairəsindən çıxır. Bu zaman ikiqat məsuliyyət yaranır: tamaşaçılar qarşısında və videorolikdə mədəniyyəti təqdim olunanlar qarşısında,o cümlədən, konkret adamlar – ənənəvi musiqi mədəniyyətinin daşıyıcıları qarşısında.
Əlbəttə ki, yazılı mətn də təsir qüvvəsinə malikdir, lakin o, daha az inandırıcı olur. Əgər etnoqrafik mətn müəllifin orada olduğuna oxucunu inandırırsa, musiqili – antropoloji film isə tamaşaçıya sübut edir ki, «burada mədəniyyət məhz bu cürdür». Vizual cəhətlər sayəsində müəllifin fikirləri, verdiyi ardıcıllıq antologiya statusu kəsb edir.
Azərbaycan etnomusiqişünaslığındakı yeni istiqamətdən və onun səyyar tədqiqat metodlarından danışarkən, vizual antropologiyada sənəd əhəmiyyətli komponent də diqqətdən kənarda qala bilməz. Adətən onun haqqında texniki keyfiyyəti ilə bağlı olaraq söz açılır. Söhbət səsdən gedir.
Vizual antropologiyanın obyektini, terminin özündən irəli gələn geniş məna tutumunda, insan və onun mədəniyyəti təşkil edir. Bu obyekt təbii səslənmə xüsusiyyətinə malikdir. Insan səsləri həm eşidir, həm də onları yaradır, səsləndirir. Onun mövcud vəziyyətində və fəaliyyətinin bütün sahələrində səs ayrılmaz tərkib hissəsi kimi çıxış edir, çox zaman təbii səs mühiti əmələ gətirir. Buna görə də antropoloji filmdə səs komponenti lentə alınan obyektin səs mühitinə uyğun olmalıdır. Şübhəsiz, bu səbəbdən filmdə söz – məna, təsviri komponentlərlə yanaşı, onun səsləndirilməsi də mühüm yer tutur.
Kinematoqrafda səsin rolu və funksiyaları barədə bir çox tədqiqatçılar öz əsərlərində yazmışlar. Musiqişünaslıq tədqiqatlarında da səsin xüsusi roluna, onun təcrübi parametrlrinə, artikulyasiya və dinamikasına böyük əhəmiyyət verilir. Filmin danışıqdan, musiqidən, səs – küydən, siqnallardan əmələ gələn akustik atmosferi ən müxtəlif aspektlərdə nəzərdən keçirilir. Tədqiqatlarda bu, birinci dərəcəli əhəmiyyət kəsb edir. Özü də buna texniki baxımdan daha artıq, dramaturji və kompozisiya baxımından əhəmiyyət verilir. Müasir mütərəqqi bədii kinematoqrafda akustik effektlər, sadəcə olaraq, səsin keyfiyyəti, onun məna tutumu, ümumiyyətlə səs - bədii üsullardan biri kimi getdikcə daha mühüm rol oynayır. Antropoloji filmdə səs , səs mühiti, səs məkanı fəal hərəkətverici faktor, mədəniyyətin əsas fiksatoru kimi çıxış edir.
Beləliklə, mütəxəssis kinoantropoloqun (vizual antropoloq), bizim anlamımızda etnomusiqişünas antropoloqun üzərinə düşən əsas vəzifə seçilmiş masştabda mədəniyyətin fraqmentini (bütövlükdə musiqi ənənəsini, ayrıca bir janrı və ya obrazlı hərəkəti və s.)olduğu kimi dəqiqliklə lentə yazmaqdan ibarətdir. Belə fiksasiyanın xüsusiyyəti odur ki, bu fraqment təkcə müasir tamaşaçı tərəfindən deyil, həm də gələcək nəsillərin tamaşaçısı tərəfindən eyni dərəcədə qavranılmalıdır, yəni bu film tarixi – mədəni, musiqili – etnoqrafik sənəd olmalıdır. Burada bəzi məqamlara diqqət yetirmək istərdik.
Hər bir mədəniyyət – xüsusilə də vizual antropologiyanın obyektinə çevrilən lokal mədəniyyət , mədəni landşafta malik olur. Mədəni landşaft – bu məkanda məskunlaşan cəmiyyət icması üçün səciyyəvi xüsusiyyətlərə malik bütün təbii və mədəni komponentlərin qovuşması, bir – birilə bağlılığı və qarşılıqlı təsirindən əmələ gəlir.
Insanın həyat fəaliyyətində səsin rolunu nəzərə alaraq, mədəni landşaftın mühüm tərkib hissələrindən biri kimi səs landşaftını, yəni bu və yə digər mədəniyyət məkanına xas olan bütöv akustik mühiti qeyd edə bilərik.
Başqa sözlə desək, hər bir mədəni landşaft özünün səs landşaftına malikdir. Bu vəziyyət antropoloji video yazıda mütləq öz əksini tapmalıdır. Etnomusiqişünaslara məlumdur ki, hər bir mədəni mühitin özünəməxsus səslənmə xüsusiyyətləri vardır. Biz bunu şəhərdən kəndə gedəndə, xüsusilə də yaşayış məskənlərindən uzaqlaşıb çobanların tək-tək alaçıqlarına doğru üz tutanda daha çox hiss edirik. Musiqiçi həssas eşitmə qabiliyyəti sayəsində Xəzər dənizinin dalğalarının və Azərbaycan düzənliklərinin pıçıltılı səsini bir-birindən ayırır. O cümlədən, respublikanın rayonlarındakı aşıq və muğam mədəniyyəti ilə bağlı səs mühiti barədə də təsəvvür yaratmaq olar.
Eyni zamanda, qeyd etmək lazımdır ki, səs landşaftı bir dəfə verilmiş, donub qalmış cəhət deyil. O, dəyişkən, dinamik, hərəkətlidir, çünki inkişafda olan canlı hadisələri təcəssüm etdirir. Buna görə də etnomusiqişünaslıqda antropologiyanın öyrənilməsinə əsaslanan yeni elmi paradiqmanın metodoloji bazasını işləyib hazırlayarkən, «Atlasın» audiovideo sənədində səs landşaftına xüsusi diqqət yetirmək lazımdır. Çünki o, bir çox funksiyalara malik olub, aşağıdakı halda bir vasitəyə çevrilir:
- əvvəllər məlum olmayan informasiyanın çatdırılmasında;
- etnik materialın unikallığının və özünəməxsusluğunun qorunmasında;
- videoqrafik materiala kompozisiya və üslub baxımından bütövlük aşılanmasında;
- tədqiq olunan ənənəvi musiqi mədəniyyətinin atmosferinin yaradılmasında;
- görüntüdən irəli gəlməsində.
Funksiyaların, məna və simvolların, akustik vasitələrin rəngarəngliyi və müxtəlifliyi – bütün bunlar təsdiq edir ki, xalq mədəniyyətində insanın davranışı ilə bağlı səs mühiti, onun həyat və məişətinin səs mühiti semantik cəhətdən mühüm əhəmiyyət kəsb edir. Bu və ya digər halda səs ənənəvi cəmiyyətdə həyatın bütün sahələrini tənzimləyir. Mədəniyyətdə həmişə səs landşaftı özündə bir çox səs obrazlarını, lokal səs vasitələrini, təbiət səslərini, siqnalları, tipik və qeyri – tipik səs təzahürlərini həssaslıqla cəmləşdirir. Ənənəvi mədəniyyətin səs landşaftı etnomusiqişünaslıq tədqiqatlarında təbii dillə təsvir olunmamışdır. Lakin vizual antropologiyanın metodlarından səs landşaftının formalaşması sahəsində istifadə etmək olar. Bu zaman audiovideo fraqmentlərdə səs materialına münasibət mühüm şərt kimi irəli sürülür. Eyni zamanda, gələcək etnoqrafik filmdə, eləcə də rəqəmli multimediya məhsulunda ənənəvi mədəniyyətin yazıya alınan gercəkliyində səs landşaftının partiturası nəzərə alınmalıdır.
Beləliklə, müasir video, kompüter informasiya vasitələrinin inkişaf səviyyəsi və təkmilləşdirmə perspektivləri imkan verir ki, prinsipial cəhətdən yeni elektron musiqi salnaməsinin formalaşdırılması ilə bağlı məsələ ön plana çəkilsin. Belə bir salnamənin məzmununu konkret ictimai – mədəni hadisələrin videosənədləşdirilməsi, Azərbaycan xalqı adlandırılan bu və ya digər regionun, birliyin və etnik qrupun ənənəvi musiqisinin obyektiv vəziyyətini əks etdirən video material təşkil edir.
Müasir elektron texnikanın inkişafı respublikanın etnomusiqişünasları qarşısında duran bir sıra problemləri praktiki olaraq həll etdi. Bu problemlər, hər şeydən əvvəl, audiovizual informasiyaların qorunması və işlənilməsi ilə bağlıdır ki, hələ bir neçə onillik bundan qabaq həlledilməz sayılırdı. Xüsusilə «Azərbaycanın ənənəvi musiqi Atlası» layihəsinin işlənilməsi prosesində bu cəhət daha qabarıq dərk olundu. Belə ki, bu zaman operativ sənədli çəkilişlərin məqsədinə uyğun olaraq, sinxron olaraq səsyazma keyfiyyətlərinə malik yüngül, portativ «Sony» markalı videokameradan istifadə olunmuşdu. Onun rəqəmli sistemi təsvir və səs yazısının yüksək səviyyəsini, uzunmüddətli saxlanılmasını və keyfiyyətli surət-köçürməni təmin etdi. Bundan başqa, kompüter multimediya disk sistemləri böyük həcmdə audiovizual informasiyanın saxlanılması ilə yanaşı, iş zamanı onları ani olaraq tapıb istifadə etməyə, müxtəlif tədqiqat, təhsil, mədəniyyət, təbliğat məsələlərini əhatə edən məlumatların lazımi variantlarını operativ
surətdə tərtib etməyə imkan verir.
Zənnimcə, vizual antropologiyanın metodoloji bazasının mənimsənilməsi ilə musiqişünaslığımız öz tədqiqat potensialını genişləndirə və dərinləşdirə bilər. Etnomusiqişünaslıqda olduğu kimi, vizual antropologiyada da bilgilər əldə olunmasının əsas vasitəsi insanın həyat fəaliyyətindəki konkret təzahürləri (mənəvi, ictimai) bilavasitə müşahidə etməklə bağlıdır.
Real aləmin təcəssümünün dolğunluğuna, dəqiqliyinə və obyektivliyinə görə audiovizual vasitələr hər cür rəqabətdən uzaqdır. Onu daı deyək ki, «Azərbaycanın ənənəvi musiqisi atlası» respublikada etnomusiqişünaslığın inkişafını yeni mərhələyə çıxardı, xalq musiqi mədəniyyətinin öyrənilməsində müxtəlif elm sahələrinin tətbiqi sayəsində onun üfüqlərini genişləndirdi. Bununla da audiovizual antropologiya kimi inteqrasiyalı musiqi elminin gələcək cizgilərini müəyyən etmək üçün zəmin yarandı.
p align>
|