LƏNKƏRANIN MUSIQI FOLKLORUNA DAHA BIR BAXIŞ
Fəttah XALIQZADƏ
 

Azərbaycan Respublikasının Cənub-Şərq hissəsində yerləşən Lənkəran, Astara, Masallı və Lerik rayonlarının özünəməxsus və zəngin xalq musiqi ənənələri çoxlarına yaxşı məlumdur. Regionun folklor xəzinəsi, demək olar ki, bütün XX əsr boyu bir sıra tədqiqatçiların diqqətini özünə cəlb etmişdir. Klassiklərimizdən dahi Üzeyir bəy Lənkəran və ətraf rayonlarda yayılmış xor oxumalarına diqqət vermiş, onun dostu və məsləkdaşı M.Maqomayev ömrünün burada keçən çağlarında məhəlli folklor nəğmələri ilə yaxından tanış olmuş və onları xor üçün işləmişdir. Bu diyar xalq musiqisi ilə məşğul olan bir sıra qurumların da diqqətindən yayınmamış, Bülbülün təşkil etdiyi Elmi – Tədqiqat Musiqi Kabineti, daha sonralar isə Azərbaycan EA Memarlıq və Incəsənət Institutunun müvafiq bölməsi, Ü.Hacıbəyov adına ADK-nın Xalq Musiqi Kabineti həmin rayonlarda dəfələrlə musiqi – folkloru ekspedisiyaları təşkil etmişdir. Şərti olaraq Lənkəran regionu adlandırdığımız dörd rayonun xalq musiqisini toplayıb öyrənmiş musiqişünas və bəstəkarlardan yaln ız bir neçəsini xatırlayaq – Niyazi, M.S.Ismayılov, B.Hüseynli, Ə.Isazadə, N.Məmmədov və b. Nəticədə toplanılan materiallar nota yazılmış və aşağıdakı nəşrlər meydana gəlmişdir:

       1) Bayram Hüseynli. Azərbaycan xalq rəqs melodiyaları. II Dəftər (halaylar) Azərnəşr. Bakı, 1966.
        2) Əhməd Isazadə, Nəriman Məmmədov. Xalq mahnıları və oyun havaları. Bakı, «Elm», 1975.

* * *
       Azərbaycanın yeni musiqi folkloru atlasını yaratmaq məqsədi ilə respublikanın Cənub-Şərq rayonlarında ötən il daha bir ekpedisiya keçirildi. Biz bu gözəl diyara tamamilə əks tərfdən – Şimal – Qərb hissədə yerləşən Şəki-Zaqatala zonasında aparılmış maraqlı axtarışlardan az sonra gəlmişdik. Bu zonalar arasındakı kəskin təzadlar ləhcə,antropologiya, etnopsixologiyada və s. olduğu kimi həmçinin musiqi etnoqrafiyasında da özünü dərhal göstərirdi. Buna baxmayaraq, biz Lənkərana da eyni məqsədlərlə getmişdik: regionda müxtəlif xalq musiqi janlarına aid çoxlu nümunə toplamaq, folklorun ümumi mənzərəsini işıqlandırmaq, talış folklorunun etnik xüsusiyyətlərini və qarşılıqlı təsirləri izləməyə çalışmaq. Bu niyyət «Talış Mədəniyyət Mərkəzi»nin nizamnaməsinə də uyğundur. Həmin sənəddə oxuyuruq: «mərkəzin başlıca məqsədini talışların mədəniyyətlərinin ayrı-ayrı sahələrinin öyrənilməsi və onun Azərbaycan xalqı ilə əlaqəsini izləməkdən, talışlara məxsus maddi və mənəvi mədəniyyət abidələrini sistemli halda toplanması və onun Azərbaycanla bağlılığının araşdırılması təşkil edir».(4.133)

       Onu da qeyd etmək lazımdır ki, əsasən talışlardan və azərbaycanlılardan ibarət olan Lənkəran regionunun əhalisi Balakən – Zaqatala – Qax rayonları qədər rəngarəng etnik tərkibə malik olmasa da, onun folklor mədəniyyətində milli musiqi ünsürlərini bir-birindən ayırmaq heç də asan məsələ deyildir. Əvvəla, bu zonada əhalinin milli tərkibini konkret rəqəmlərlə göstərmək imkan xaricindədir, cünki indiyə qədər keçirilmiş siyahıyaalmaların nəticələri (1970,1979, 1989) real vəziyyəti əks eldirə bilmir. Ikincisi, talış və Azərbaycan xalq musiqisi bir-biri ilə elə üzvi şəkildə qaynayıb-qarışmışdır ki, onları tam şəkildə ayırd etmək həmişə mümkün olmur. Digər tərəfindən hər bir etnosun musiqisində çəlinliklə sezilən zərif çalarlar varsa, tədqiqatçı onları bilməyə can atmalıdır.

       Bundan başqa regionun coğrafi – iqlim baxımından dağlıq və düzənlik hissələrə bölünməsi, əhalinin əksəriyyətini təşkil edən şiələrlə yanaşı sünnilərin də yaşaması (Astara və Lerikin müəyyən kəndlərində) etnomusiqişünas tərəfindən nəzərə alınmalıdır. Nəhayət, apardığımız müşahidələr göstərir ki, Lənkəran zonasının folklor mədəniyyəti həmişə qonşu ərazilərin – Iran tərəfdən Xəmseyi – Təvaleş və Ərdəbilin, qərb tərəfdən Muğanın, şimaldan isə Salyanın məhəlli xalq yaradıcılığı ilə six təmasda olmuş və qeyd dunan folklor mədəniyyətlərinin müqayisəsi də gələcəkdə perspektiv vəzifə kimi baxıla bilər. Şübhəsiz, qarşılıqlı təsirlərin radiusu öyrənməyə cəhd etdiyimiz zonanın hüdudlarından kənara çıxır Hələlik həmin istiqamətdə əldə olunun məlumatlar çox azdır.

       Azərbaycan Respublikasının Cənub – Şərq hissəsində 2003-cü il musiqi folkloru ekpedisiyasına keçməzdən qabaq, bəzi tarixi faktlara üz tutaq. Zonanın aborigenləri hesab edilən talışlar bu ərazidə e.ə. I minillikdə məskunlaşmışlar. Azərbaycan türklərinin gəlişi isə eramızın V-VI əsrlərindən balanmış, XI əsrdə daha da güclənmişdir. Astara və Lənkəranda kənd əhalisinin böyük əksəriyyətini talışlar təşkil edirsə, qalan iki rayonda (Masallı və Lerikdə) həm talış, həm də azərbaycanlı kəndləri vardır. Masallının müəyyən kəndlərinə verilən ad isə («muğanlı kəndləri») əhalinin və onunla birlikdə folklorun da buraya miqrasiya etdiyini düşünməyə əsas verir.

       Rayon mərkəzlərində azərbaycanlıların yaşaması, təhsil ocaqları və idarələrlə dövlət dilinin işlənilməsi Azərbaycan dilinin rolunu artırsa da, məişətdə və, xususən, kəndlərdə talış dili də yaxşı qorunub saxlanılmış, hətta indi bu dildə qəzet və kitablar nəşr olunur, radio verilişləri yayınlanır.

       Ünsiyyət əsnasında və talış folkloru mətnlərində (o cümlərdən xalq mahnılarının sözlərində) ikidillilik adi hal olsa da, ən beynəlmiləl sənət hesab edilən musiqidə qarşılıqlı təsirlər o qədər güclü olmuşdur ki, uzaq keçmişdə fərqli olmuş etnik xüsusiyyətlər bir-birinə yaxınlaşmış və doğmalaşmışdır. Talış dilində oxunan mahnılara Azərbaycan ünsürlərinin, Azərbaycan mahnılarına isə talış ünsürlərinin sirayət etməsi qətiyyən təəcüblü deyildir. Nəticədə Azərbaycanın «musiqi xəritəsində» əsasən vahid üslublu və çoxçalarlı Lənkəran məhəlli musiqi folkloru təşəkkül tapmışdır. Bu folklor mədəniyyətinin bugünkü durumu və mövcudiyyət şəkilləri ilə ekpedisiya zamanı bilavasitə qarşılaşdığımız üçün onun gedişatını oxucalara təqdim edirik.

       Iyul ayının 27 də Bakıdan qatarla yola çıxdıq və ertəsi günü səhər tezdən Lənkəran dəmir yol vağzalına çatdıq. Səhər yenicə oyanır, küçələrdə tək-tək piyadalar və maşınlar görünməyə başlayırdı.

       Lənkəran rayon Mədəniyyət Şöbəsinin müdiri Vasif Fərzullayev bizi gülər üzlə qarşıladı. Rayonda görüləcək işlərin planını cızdıqdan sonra istəyimizi nəzərə alaraq ilk növbədə Separadi kəndinə səfər təşkil olundu – orada uzun müddət fəaliyyət göstərən «Bacılar» folklor ansamblı ilə görüşməli idik. Ansamblın adı, məncə, çox incə bir mətləbi açır. Həqiqətən onun əsasını bacılar təşkil edir – Gülbacı, Ağbacı, Xanımbacı və Qızbəs Allahvərən qızlarının dəstəsinə həmyerliləri Əzimova Xanbibi və Fərzullayeva Gülçöhrə də qoşulmuşdu. Onlar folklor mühitinə kənardan, məsələn, klubdan gəlməmiş, əksinə, xalqın içindən çıxıb, həyatın ayrılmaz parçası olan xalq yaradıcılığını səhnəyə gətirmiş və hətta bir sıra xarici ölkələrdə də respublikamızı layiqincə təmsil etmişdilər.

       Otaq şəraitində apardığımız çəkilişlər (audio və video) mərasimdən kənarda olsa da, əsl folklor səhnələrinə çox yaxınlaşırdı. «Bacılar»ın ifaları konsert nömrələrindən daha çox xalq həyatında olduğu kimi idi. Dəqiq sayını tuta bilmədiyimiz mahnı bəndlərində (kupletlərində) baş verən variantlı dəyişmələr də, bir mahnının digərinə calaq edilməsi də olduqca təbii və önəmli idi. Mahnılar bəzən lad və tonal ucalığın özünəməxsus şəkildə dəyişməsi ilə müşayiət olunur, arada məhdud diapazonlu (məsələn, trixord tipli) lad-intonasiya ahəngləri də eşidilirdi.


Ekspedisiyanın uğurlu başlanğıcı zamanı «Bacılara» tam sərbəstlik verilmiş və onlar mahnıların çoxunu talış dilində oxumuşdular – « Yar bə buğ bume» («Yar bağa gəldi») , «Yur ya ləli» («Tez yüyür gəl»), «Tı çuki pəvəndi» («Sən kimin yarısan»), «Kinəlim» («Ay qız»), «Bə vayə bumem, hazuvə» («Toyuna gəlləm, ay oğlan») və b. Bununla yanaşı Azərbaycan dilində də bir sıra mərasim mahnıları səsləndi. («Uçar, köçər yar-yar», «Gəlin gəldi», «Ay gülü xaşxaşlı gəlin»).

       Nəğmələrin əksəriyyətini toy mərasim mahnıları təşkil etsə də, Separadi kəndinin «Bacılar» folklor ansamblı ikihissəli halay (asta və oynaq), bicar mahnıları, yelləncək mahnısı («Kufe ləli») və mərsiyə də ifa etdilər.

       Ertəsi günü Lənkəranda gənclərdən ibarət «Şənlik» folklor ansamblı ilə iş aparıldı. Onların təqdim etdikləri mahnı və rəqslər, təbii ki, daha şux və oynaq xarakter daşıyırdı. «Şal-şalı», «Ay ləli qurbanın olum», «Alça gül açdı», «A yordu-yordu» musiqisəvərlərə yaxşı tanış olsa da, onların video görüntüləri elektron saytı üçün çox gərəkli olacaqdır. Amma ansamblın ifa etdiyi «Gəlin həvası» məhəlli folklorun parlaq bir variantı idi. Bu hava ilk dəfə Ə.Isazadə və N.Məmmədovun qeyd olunan məcmuəsində dərc olunsa da, (3, 84) onun yeni variantı lad inkişafı ilə seçilirdi.

       Məşhur «Vağzalı» kimi tətbiqi funksiaylar daşıyan «Gəlin havası» da eyni segah kökündə idi, lakin arada triton münasibətli pərdə dəyişməsi (mi – si - bemol) diqqəti cəlb edirdi. Belə bir lad inkişafına bəzi aşıq havalarında da təsadüf olunur (yəni Baş pərdədən Bayatı pərdəsinə keçib qayıtmağa). Bununla belə, «Gəlin havasının» mənşəyi barədə qəti fikir söyləmək üçün çoxsaylı mümunələr ciddi təhlilə uğradılmalıdır."Kinəlim" talış mahnısı ilə "Yüngül şərili" aşıq havasının melodik cəhətdən üst-üstə düşməsi daha maraqlıdır.

       Zurnaçalan Surxay Əliyevdən (1929, Səpnəkəran) ayrıca aldığımız məlumat kəmiyyətcə çox olmasa da, mahiyyətcə çox dəyərli idi. Babası Hüseynəli Hüseynoğlu (1860-1947) rayonda adlı – sanlı xanəndə imiş. Vaxtikən Iranda olmuş, Qarabağ xanəndələri ilə bir məclislərdə də çıxış etmişdi. Amma, nədənsə, Azərbaycan muğam sənətinin yaxın keçmişindən danışanda üç ən məşhur məktəblə kifayətlənirik, Gəncə, Irəvan, Şəki, və o cümlədən Lənkəran zonası unudulur.Surxay kişi babasının qədim üslubda pəsdən oxumalarını öz səsində bizə xatırlatdı. «Görəsən, o, xalq musiqisinin başqa növlərini də xatırlaya bilərmi? – deyə düşündüm.Talış dilində sağım və nehrə havalarını bililirdi. Amma kişi əməyi ilə əlaqədar nümunələr ,o cümlədən Cütçü havaları daha çox düşündürürdü məni. O dedi: «Bizim yerlərdə Məşədi Məhərrəm adında məşhur cüt sürən olub. Müharibədən qabaq, təxminən 1940-cı ildə, onun qoca yaşında çüt sürüb oxuduğunu eşidmişdim. Indiyə qədər yadımdadır».

       Məlumdur ki, sonralar traktor cütü və cütçü mahnılarını – holavarları sıxışdırıb aradan çıxardı. Buna görə də janrın Lənkəranda tapılmış nümunəsi ekspedisiyanın materialları arasında xüsusi yer tutur.

       Surxay kişi bir neçə il bundan qabaq tikinti zamanı torpağın artından tapılmış qəribə bir əşya da göstərdi. Təxminən şaftalı çəyirdəyi boyda və bir azca ilan başını andıran həmin əşya bərədə hərə bir söz demiş, ustad isə üst tərəfdə iki və kənarda bir dəliyi görüb onun alət olduğunu müəyyən etmişdi. Fit səsi və ya quşların cəh-cəhini təsvir edən bu vasitəyə «gil tütək» və ya «quş tütəyi» deyilir. Cəmi iki dəliyi olan quş tütəyində məşhur «Vağzalı», «Heyvagülü», «Çoban-bayatı» havalarını çalmaq hər kəsin hünəri deyil. Surxay Əliev quşların oxumasını yamsılayanda isə əsl mənada bülbül kimi ötürdü.

       Deyinlənlərə görə həmin ibtidai musiqi alətinin yaşı minillərlə ölçülür. Bu, arxeoloqların işidir. Başqa bir fikrə görə, alət qədim zamanlarda sırf siqnal funksiyaları daşımışdı. Etiraz etmirik. Hər halda quşların səsini və ya hər hansı bir siqnalı təqlid etməklə insanın musiqi şüuru da oyanıb inkişaf etməyə başlamışdı. Hətta bəzi alimlər təbiət səslərinin, quş oxumalarının insanların musiqi eşitmə qabiliyyətinə göstərdiyi təsirləri ciddi şəkildə araşdırırlar (7).

       Lənkəranda, eləcə də Astara və Masallı rayonlarında xalqın adət – ənənələrinə və musiqi yaradıcılığına göstərilən böyük maraq folklor həvəskarlarını və ya həvəskar folklorçuları meydana gətirmişdir. Bəzən dərin bilikli mütəxəssislərə də rast gəlmək olur. Bu baxımdan ilk növbədə gözəl ədəbiyyatşünas və folklor bilicisi Mirhaşım Talışlının adını ehtiramla çəkmək istərdim.Təəssüf ki, Mirhaşim müəllim Bakıya getdiyindən onunla görüşə bilmədik.

       Başqa bir folklor azarkeşi – mərhum qarmonçalan və həvəskar bəstəkar Ağadadaş Abdullayev haqqında da ağız dolusu söhbətlər edilirdi. Məsələn, hansısa dağ kəndindən nadir bir el havasını əldə edəndə sevinci yerə-görə sığmazmış, deyirlər. Fəqət arxivi dağınıq halda idi. Bununla belə, sandıqçasından tapdığımız bir gözəl nümunəni oxuculara təqdim etmək istərdim. ("Nişanlın bu gün gəlir" )
        Nümunə ¹ 1
       Mən aşıq gözümüz var
       Kababa gözümüz var
       Biz də gözəl görmüşük
       Bizim də gözümüz var

       Lənkarandan sonra ayın 30-da Astara rayon mərkəzinə getdik. Mədəniyyət şöbəsinin müdiri, Natiq Ibadov, musiqi məktəbinin direktoru Şadoğlan Bayramov və başqalarının qayğısı və səmimi münasibəti şəraitində işləməyə nə var ki! Əminəm ki, əməkdaşlığımız bundan sonra da davam etdiriləcəkdir.

       Mədəniyyət şöbəsində təzəcə tanış olduğumuz dostlarla fikir mübadiləsi apardıq. Yaxınlıqda yaşayan Ziyafət Paşayevdən bir neçə nümunə yazdıqdan sonra Astaradan 18 km aralıqda yerləşən Kakalos kəndinə getdik. Kənddə fəaliyyət göstərən «Əvəsor» folklor ansamblı əsasən gənc oğlan və qızlardan ibarət idi və bizə səhnələşdirilmiş folklor yaradıcılığı nümunələrini nümayiş etdirdilər. Astarada toplanılmış materialların böyük əksəriyyətinə görə biz həmin ansambla təşəkkür edirik. «Əvəsor» ənənəvi talış folklorundan əlvan mahnı çələngi və mərasim səhnəcikləri təqdim etdi. Həzin və mülayim əmək nəğmələri – «Şartuk kaşte» («Çəltik əkini») «Biçin» oynaq xarakterli «Əloləm», «Ha bərzə bandon», «Ey dad mübarək bade» gözəl nəğmələrdən yalnız bir neçəsidir.

       Eyni zamanda Mədəniyyət Evinin həyətindəki çəkilişlərdən əvvəl və sonra natural folklor nümunələrini yazmağa da cəhd göstərirdik. Yaşı az qala yüzü haqlamış Baba əmidən şifahi məlumat aldıq. Oxuya bildiyi parçalar arasında ördək ovu zamanı istifadə olunmuş təqlidi səs siqnalları da var idi. Həmin nidalar «vax, vax, vax, vax! hecalarının gah aramla, gah da teztez deyilməsindən başqa bir şey deyildi. Insanın musiqi şüurunun ibtidai təzahürləri olan belə çığırtılar etnomusiqişünaslıq tərəfindən tədqiq olunur (I.Zemtsovski, Wiora və v.). Bir qədər irəli gedib onu da deyək ki, qadın informantlardan birinin Lerikdə hindquşu səsini çox təbii şəkildə yamsılaması dərhal hamının gülüşünə səbəb olmuş və aidio yazısı (təmiz alınsın deyə) bir neçə dəfə təkrar edilmişdi.


Kakalos kəndində həmçinin «Oxşama», «Mübarək olsun» «Şəvi şənbayl kinə» adlı nümunələri, eləcə də bilavasitə əmək prosesində oxunan «Zondağu duştamon» (sağım) və «Nya jedamon» (Nəhrə havasını)yazıya aldıq (Kitabxana müdiri Qədiməliyeva Fatmadan).

       Ekspedisiyadan qabaq ucqar dağ kəndlərinə gedib çatmaq problemini heç ağlımıza da gətirməzdik. Vəziyyətin belə olduğunu ilk dəfə Lənkəran və Astara mədəniyyət işçilərindən öyrəndik, Lerikin Çayrud kəndinə enişli – yoxuşlu yollarda gedəndə isə belə bir səfərin nə qədər yorucu olduğunu öz təcrübəmizdən hiss etdik. Deməli, həmin kəndləri etnomusiqişünaslıq cəhətdən araşdırmaq üçün qabaqcadan ciddi hazırlıq görülməli, hər şey – vaxt, maşın, məişət qayğıları, iqlim və hava şəraiti,ilin fəsli nəzərə alınmalıdır. Romantik macəra həvəskarları isə çətin dağ yollarını at belində qət etməyi də xəyala gətirə bilərlər. Təxmini fikirlərə görə oralarda qədim və hələ üstü açılmamış folklorun alt qatlarına yetişmək ümidi daha çoxdur. Belə bir işin elmi-mədəni əhəmiyyəti Lənkəran regionunun və hətta Azərbaycanın da hüdudlarını aşa bilər. Daha real görünən niyyət isə dağlıq hissədə müəyyən məntəqəni uzun müdətli (10-15 günlük) baza kimi seçib tez-tez ətraf kəndlərə dəyməkdən ibarətd ir.

       Bu niyyət hələlik baş tutmasa da, Astaranın dağ kəndlərinin bəzi folklor əsintiləri düzənlik hissəyə də gəlib çatmışdır. Əslən Siyatük kəndindən olan, hal-hazırda isə Astarada yaşayan Ziyafət Paşayev «Bişam əlola çınl» («Gedək çiçək dərməyə») mahnısını nə vaxtsa dağ kəndi Pəlikəşdə eşidib bəyənmişdi, amma mahnını tam yadında saxlamadığından ona bəzi əlaləvələr də etmişdi. Bəziləri Ziyafət kişinin xətrinə onun müəlliflik iddiasına bir söz demirlər. Lakin bu, yeni mahnı deyildi, sadəcə, ənənəvi folklor nümunəsinin yeni variantı idi. Yeniliyin nədən ibarət olduğunu isə yalnız başqa variantlarla (məsələn, Kakalosda əldə etdiyimiz «Əloləm» mahnısı ilə) müqayisədən öyrənmək olar.

       Buna bənzər bir melodiyanı Astaranın Kijoba qəsəbəsində zurnaçalanlar dəstəsinin ifasında eşitcək çox sevindik. Ustad zurnaçı Məhərrəməli Əlihəsənov (1944, Lovayın kəndi) deyir ki, havanın kökü Pəlikəşə yaxın olan doğma kəndinə, yəni eyni bir zonaya gedib çıxır. Bundan başqa, həmin dəstə yerli «Gəlin havası» (və ya «Talış dağları») «Giləki», «At çapanı» və Rəqs havasını (adsız) da təqdim etdi. Bununla da, Astarada az da olsa dağlıq hissənin folklor ənənələri ilə tanış ola bildik.

       Burada bir haşiyə çıxaq Astarada subtropik iqlim şəraitinə uyğunlaşma çətin getdiyindənmi, qızmar günəşin istisindənmi bir gün istirahət etməli olduq.        Astarada da xalq yaradıcılığına qayğı göstərən, onu toplayan ziyalılar var. Amma musiqi məktəbinin direktoru Şadoğlan Bayramovu həvəskar adlandırmaq olmaz – o, vaxtikən Ü.Hacıbəyovu adına Azərbaycan Dövlət konservatoriyasının xalq çalğı alətləri şöbəsini bitirmiş və rayon ərazisində topladığı 30-a qədər musiqi folkloru nümunəsini nota yazıb çapa təqdim etmişdir.

       Avqustun 1-də yalnız gündüz saat 2-dən tez olmayaraq Masallıya yola düşməliydik. Fürsətdən istifadə edib Astara rayon mədəniyyət şöbəsinin qonşuğulunda işləyən qızların məsləhəti ilə uşaq bağçasına getməyi qərara adlım.

       85 yaşlı Şeyxova Şükufə (səsi çox zəif olsa da) iki dəyərli məlumat verdi. Bunlardan biri 2 ölcülü Laylay, digəri isə «Allah bir yağış eylə» ovsun nəğməsi idi.

       Gəzən ayağa daş dəyər, deyiblər. Təsadüfən məzuniyyətdə olan bağça tərbiyəçisi Imaməliyeva Vəcihə də gəlib çıxdı və məmnuniyyətlə bir sıra toy mərasım havalarından oxudu. O, özü Astaranın Ərçivan kəndindən olsa da, bir müddət Yardımlıda yaşamış və orada eşitdiyi mahnıları da öyrənmişdi. Ən sonda Novruzu müjdələyən Nurşid mahnısını oxumaqla ekspedisiyamızın Astara mərhələsinə gözəl bir yekin vurdu. Bu mərasım, yəni Novruzun gəlişini qapı-qapı gəzib mahnı ilə elan etmək kişilər tərəfindən icra edildiyi üçün onun əsl ifa variantını da tapa bildik.

***
       Masallıya axşamüstü çatdıq. Rayon Mədəniyyət şöbəsinin müdiri, təcrübəli mütəxəssis Lətifə Mövsümova Kabinetində oturub yolumuzu gözləyirdi. Onun başçılığı ilə bir qrup mədəniyyət işçısi bizim səmərəli işləməyimız üçün hər cür şərait yaratdı. Iş elə təşkil olunmuşdu ki, heç bir kəndə getməyə ehtiyac qalmadı – Mahmudavardan Cəbiyəva Ümbülbanunun rəhbərlik etdiyi məşhur «Halay» folklor ansamblı, Öncəqaladan Aşıq Atabala Zahidov, Şərəfədən Həsənova Həcər özləri təşrif buyurmuşdular. Bu və başqa xalq istedadları ilə görüşümüz hələ ertəsi gün olacaqdı. Hələlik isə qocaman musiqi həvəskarı Hüseyndadaş Əsədlinin yerli xanəndələr, aşıq və zurnaçalanlar barədə maraqlı şöhtlərini dinlədik. Kəndlərə getməyə üçün sərf olunucuq vaxta qənaət etməklə çoxlaylı nümunələr topladıq.

       Sabahı ilk olaraq «Halay» folklor ansamblının böyük və rəngarəng proqramını dinləyib video vasitəsi ilə təsbit etdik. Onlar Bakıda və Bakıdan gəlmiş qonaqlar qarşısında Azərbaycan dilində çıxış etməyə alışmışdılar, daha doğrusu təhrik edilmişdilər. Xahişimizə əməl edib hələ talış dilində də proqramdan əlavə neçə-neçə gözəl melodiyanı oxudular. Mahnıları kimi rəqsləri də şux və təravətlı, libasları isə parlaq və rəngarəng idi.

       Ümumiyyətlə, «Bacılar» ansamblının yaşadığı Separadi (Lənkəranın şimalı) və Mahmudavar (Masallının cənubu), həm coğrafi, həm etnik, həm də folklor ənənələri baxımından bir-birinə yaxın yaşayış məntəqələridir; repertuarlarını da ümumi havalar bəzəyir. Lakin həmin nümunələr gənclər və yaşlılar, konsert meydanında və xalqın adət-ənənələri çərçivəsində təqdim olunduqla müxtəlif məna və əhəmiyyət kəsb edirlər. Belə ifa variantlarının müqayisəli təhlili də çox maraqlı nəticələr verə bilər.

       Şərəfə kəndində yaşayan və başqa bir üslubu təmsil edən Həsənova Həcərin solo oxumasından da kifayət qədər özünəməxsus el həvaları yazdıq. Həmin havaların lad-intonasiya və ritmik quruluşunda Azərbaycan xalq yaradılıcığının alt qatlarına məxsus çalarlar aydın hiss olunurdu. Təkcə bir «Nanay» adlı mahnının üzərində dayansaq tamamilə yetər. Həmin melodiya sırf vokal ifa formasına görə məşhur «Darçını» instrumental rəqs havasının daha əksi bir variantıdır. Araşdırdığımız folklor qatını mümkün qədər çoxsaylı nümunələrdə dərindən öyrənmək məqsədi ilə sahə ekspedisiyalarının yenə də davam etdirilməsi tələb olunur.

       Masallı xalq musiqi yaradıcılığının tipik ümumregional xüsusiyyətləri ilə yanaşı müəyyən fərqlı cəhətləri də vardır. Rayonun şərq hissəsində yerli əhali tərəfindən «Muğan kəndləri» və ya, daha doğrusu, «muğanlı kəndləri» adlandırılan yaşayış məntəqələri vardır. Həm şimali, həm də Cənubi Azərbaycanın həmsərhəd torpaqlarını əhatə edən qədim tarixli Muğan ərazısi musiqi folkloru baxımından hələ az öyrənilmişdir və onunla ilk tanışlığımız elə Masallından başlamış oldu.


Bundan başqa, bütün zonaya olduğu kimi, bu rayona da şifahi ənənəli professional musiqi yaradıcılığı sirayət etmişdir (aşıq yaradıcılığı və müğam sənəti). Öncəqala kənd sakini, tanınmış Aşıq Atabala Zahidov (1929) yaşının 70-i ötməsinə baxmayaraq sazda çalıb-oxumaqdan başqa şux və oynaq rəqs hərəkətləri ilə tamaşaçıları indii də heyran qoyur.

       Yeri gəlmişkən bir mühüm məsələni də qeyd edək ki, Masallıdı da (Lənkəran və Astarada olduğu kimi) elin mənəvi sərfətinin təbliği və öyrənilməsində fəal iştirak etmiş həvəskar folklorçular olmuşdur. Onların arasında ilk növbədə qözəl ziyalı, məşhur həkim və folklor bilicisi Mirkazım Aslanlının adını çəkmək lazımdır. Çoxlarına məlum deyil ki, böyük bəstəkarımız Fikrət Əmirovun nota yazdığı mərasim nəğmələrinin bir qismi (bəlkə də hamısı) məhz doktor M.Aslanlı tərəfindən təqdim olunmuşdu. Bu fakt bəzi arxıv sənədləri ilə təsdiq olunsa da, hələ lazımınca araşdırılmamışdır. Hər halda ikicildi «Azərbaycan xalq mahnıları» məcmuəsinin üç nəşrindən heç birində belə bir qeydə rast gəlmirik (6).

       Hal-hazırda rayonun Ağakişibəyli kəndində yaşayan 1910-cu il təvəlüdlü Hüseyndadaş Əsədli də yerli musiqi mədəniyyəti haqqında eşidib gördüklərini qələmə almaqla tədqiqatçılara böyük xidmət göstərmişdir. Belə ki, onun yazılarından Masallının toy adət-ənənələri və məşhur xanəndə Mir Islam barədə məlumat əldə edirik.

       Ekspedisiya öz işini dağlar qoynunda yerləşən Lerik rayonunda tamamladı (5 avqust). Rayonun ən yüksək zirvəsi Talış silsiləsindəki Kömürköydür (2492 m.). Hələ rayon mərkəzindən sonra dərə-təpə yollarla Monadıgah və Çayrud kəndlərinə getməliydik. Təəssüf ki, eyni istiqamətdə, amma bir az aralıda olan Kəlvaz və Kələxan kəndlərinə səfərimiz baş tutmadı.

       Lerik rayon Mədəniyyət şöbəsinin müdiri, qocaman jirnalist hörmətli H.Vəliməmmədov bizi Çayrud musiqi məktəbinin müdiri Nəriman Rəfiyevə təqdim edəndə onun sifətində xəfif bir narahatlıq sezdim. Toplama işində yardımçı olmaq məsuliyyətini dərindən hiss edirdi. Biz isə tezliklə ucqar dağ kəndlərinə çatacağımıza, ağbirçək sinədəftər nənələrlə görüşəcəyimizə qabaqcadan sevinirdik. «Siz, yaşlı adamlarla görüşümüzü təşkil edin, onların dindirilməsi isə bizim boynumuza olsun» - deyə məktəb müdirini arxayın etməyə çalışırdıq.

       Çayrudda qapısını döydüyümüz ilk ev. Buraya, Gürcügözəl nənənin sorağı ilə gəlmişik. Yaşı səksəni ötmüş nənələr nə toy-nişanlarda canfəşanlıq edər, nə də kənd klubunda görünərlər, daha çalıb – oxumaqlarını dəmirəm. Amma qədim el havalarımızın toplanılması başqa bir şey imiş. Yaddaşlarda yuva bağlamış mənəvi folklor xəzinəsini azacıq aça bilsəniz yetər.

       Gürcügözəl nənə asta-asta oxumağa başladı, bu yerlər üçün səciyyəvi olan müxtəlif janrları – zondağu, nehrə, (nya jedemon), laylay, tətbiqi toy mahnılarını (məsələn «Yaryar») yadına saldıqca, o həvəsə gəlib 10-a qədər nümunə oxudu. Qohum-qonşuların, nəvə-nəticələrin gözləri sevincdən parlayır, biz də uğurlu işdən məmnun olurduq. Həmin axşam başqa bir evdə də yazılışlar getdi, hətta Nəriman müəllim də dilə gəlib «Novruz mübarək» mövsüm mahnısını oxudu. O, ilk nəticələrdən ruhlanaraq, enişli-yoxuşlu yollarla kəndin bu başından vurub o başından çıxır, sabaha hazırlıq görürdü.

       Heç də təsadüfi deyil ki, ertəsi günü Çayrudda keçirdiyimiz axtarışlar da uğurlu oldu. Həmin gün bir dəstə orta yaşlı qadının oxuyub – oynamasını həm otaq şəraitində, həm də bağda videoaparatla çəkdik. Onlar qeyd olunan janrlardan başqa, məzəli mahnı («Qaynana qaynana») «can gülüm», «Xəlil öldü» xalq səhnəciyindən də bir mahnı oxudular. Çoban folklorundan da bir maraqlı örnəyin izini tapmışdıq. (Ha düldül) lakin qoca bir kişi tütəyi olmadığından çala bilmədi. «Yalançı çaban» nağılına uyğun bir hava idi axtardığımız – nə yaxşı ki, yerli sakinlərə həm instrumental, həm də talış dilində oxunun vokal variantı məlum idi. Sonuncunu da Nəriman müəllimin ifasında və izahında maqnitofona yazdıq.
        Nümunə ¹ 2
       Ha düldül, hə düldül, ha düldül ha
       Qəbəjon barde ha düldül ha
       Yanqə pəs mande ha düldül ha
       Hamə boən rəbi ha düldül ha.
       Qəbəjon barde ha düldül ha.

       Lerikə qayıdanbaş Monadığah kəndində dayanmağımızın əsas səbəbi oğlanlardan ibarət rəqs ansamblı, onu müşayiət edən zurnaçı dəstəsi (ustad zurnaçı – Isayev Həmzədir) və xüsusilə də nadir zərb alətlərindən olan lakkato oldu. Iki taxta lövhəsindən ibarət olan bu alətdən hələ yaşlı nəslin musiqişünasları da bəhs etmişdilər (B.Hüseynli, Ə.Isazadə, N.Məmmədov,S.Abdullayeva).

       Lənkəran və ətraf rayonlarda bir zamanlar bulaq kimi çağlamış olan qaynar folklor mühitinin indi də eyni şəkildə davam etdirilməsi bir çoxları tərəfindən təxmin edilir (necə deyərlər, dadı ağzımızda qalıb). Bu gün həmin təsəvvürlər artıq köhnəlmiş və real vəziyyətdən yox, televiziya filmlərinin təkrar nümayişlərindən irəli gəlməkdədir.

       Əslində elin adət – ənənələri üzrə toy,. nişan və başqa yığnaqlarda ənənəvi mərasim nəğmələrinin tətbiqi yavaş-yavaş aradan çıxmaqdadır. Təbii ki, orta yaşlı əhali onları hələ də xatırlayır, mədəniyyət evləri və klublar isə məhəlli folklor mədəniyyətindən həvəslə bəhrələnirlər. Yerli ənənələrə maraq baxımından regionun bədii kollektivləri bir çox bölgələrin folklor dərnəklərindən yaxşı mənada fərqlənir və doğma mənəvi irsə sadiq qalırlar.


Ekspedisiya zamanı biz həmin kollektivlərlə ünsiyyətdə olduq («Bacılar», «Əvəsor», «Halay», «Şənlik»), eyni zamanda xalqın yaşatdığı qədim və hələ də canlı ənənələri izlədik, folklor bilicilərindən dəyərli məlumat aldıq.

Burada folklorun quru, süni və təbii (natural) şəkillərdə saxlanılması məsələsinə toxunmaq istərdik. El havaları xalqın həyat və məişətindən, mərasim və ayinlərindən ayrı şəkildə təqdim olunduqla «quru» təsir bağışlayırsa, onları sığallayıb səhnəyə çıxarmaq səyləri isə özündə sünilik cizgiləri daşıyır. Tədqiqatçının can atdığı ən ideal mənbə təbii və həyatı folklor sinkretizmindən ibarətdir. Doğrudur, belə bir «kompleksli» icralar heç də həmişə müşahidə olunmur və folklorun araşdırılması və bərpası işində müxtəxəssislər çox zaman ən kiçik fakt, qeyd və məlumatı diqqətə almalı olurlar. Buna baxmayaraq, rayon folklor kollektivlərinin də təbiiliyə və ilkinliyə meyl göstərməsi daha qiymətli hesab olunur (məsələn, «Bacılar» ansamblı).

       Lənkəran və ətraf rayonların (Astara, Masallı və Lerikin) zəngin və özünəməxsus folklor mühiti Azərbaycanın başqa coğrafi ərazilərindən təcrid olunmamış və onlara müqayisədə həm oxşar, həm də fərqlı cəhətlərə malikdir. Bu məhəlli folklor üslubunun ən mühüm fərqləndirici xüsusiyyətlərindən biri də qadınlar tərəfindən xor şəklində oxunan əmək nəğmələri, toy mərasim mahnıları halay mahnı – rəqslərindən və s. ibarətdir. Ü Hacıbəyov yazırdı: «indiki Lənkəran rayonu ərazisində yaşayan talışlar xorla oxuma formasını bir qədəq dəyişib təkmilləşdirmişlər»(1.269).

       Şifahi xalq yaradıcılığında qadınların fəallıq göstərməsi isə onların təssərüfat həyatındakı mühüm rolu və ictimai möqeyi ilə izah oluna bilər. Bunun də nəticəsində bir sıra ifa formaları və janrlar (məsələn, «Nanay», «Can gülüm», xüsusilə «Yar-yar» mahnı silsilələri). Lənkəran regionu üçün spesifik olmasalar da, məhz burada daha tez-tez təsadüf edilir. Əmək folkloru qəbilindən olan bicar mahnıları isə Novruzla bağlı xüsusi mövsüm nəğmələrinə (məsələn, «Novruz mübarək», «Nurşid», Ə.Əsazadə və N.Məmmədovun məcmuəsindən «Bahar oməy» - s.70) yalnız burada rast gəlinir. Ekspedisiya zamanı həmin məcmuədə təmsil olunmayan yağışın çağırılması və yelləncək havası də («Kufe ləli») əldə olundu.

       Lənkəran məhəlli musiqi folklorunun yaranmasında bu ərazilərdə min illərlə yaşayan talış xalqının rolu böyükdür.Onların musiqi yaradıcılığı Azərbaycan folkloru ilə elə six şəkildə qovuşmuşdur ki, bu etnik ünsürləri bir-birindən ayırmaq olduqca çətindir. Qədim talış folkloru özünü həzin mahnılarda qabarıq şəkildə göstərir Halay tipli mahnı – rəqslər digər folklor zonalarında arxaikləşib az qala unudulsa da, burada hələ də yaşayır, onun xüsusi bir növü – «asta halay» isə (məsələn, «Ay lolo») yalnız talış folkloruna aid edilir.        Əmək məşğuliyyəti ilə əlaqədar olaraq açıq havada oxunan və təbiət lövhələrini təzənnüm edən mahnılar də regionda nisbətən yaxşı qorunmuşdur. Gələcəkdə bu məzmunlu nümunələrin, eləcə də lirik və məişət mahnılarının də toplanılıb öyrənilməsinə xüsusi diqqət verilməlidir.

       Yuxarıda qeyd olunan vokal xalq musiqisi janrları və onların xor şəklində ifası qadın folkloruna aiddir. Kişilər isə nağara – zurna dəstəsində fəal iştirak etməkdən başqa muğam sənətinə də meyl göstərmiş və onların arasından bir sıra xanəndə və sazəndələr çıxmışdır. Bölgə xaricindən gələn aşıq musiqi təsirləri daha əvvələr başlasa da yerli mühitdə dərin iz buraxmamış və geniş yayıla bilməmişdir.

       Beləliklə, respublikamızın Cənub – Şərq hissəsində yerləşən Lənkəran, Astara, Masallı və Lerik rayonlarının zəngin musiqi xəzinəsi, bir sıra folklor janrları və ifa formaları qədim folklor ənənələrinin saxlanılması və bir-biri ilə çarpalaşması sayəsində müasir zamana gəlib çatmışdır. Həmin ənənələrin gələcəkdə də saxlanılmasına ciddi qayğı göstərmək lazımdır.

Ədəbiyyat


1.Ü.Hacıbəyov. Ilk Azərbaycan xalq xoru. Əsərləri II cild. Bakı, 1965, s. 268-273.
2. B.Hüseynli. Azərbaycan xalq rəqs melodiyaları. II Dəftər (halaylar). Bakı, 1966.
3. Ə.Isazadə, N.Məmmədov. Xalq mahnıları və oyun havaları (Astara – Lənkəran zonası üzrə) Bakı, «Elm», 1975.
4. Q.Cavadov. Azərbaycanın azsaylı xalqları və milli azlıqları. Bakı, «Elmi», 2000. 5. B.Şahsoylu. Toy və halay mahnıları. Bakı, 1980.
6. Azərbaycan xalq mahnıları (2 cilddə) Tərtib edəni Bülbül Məmmədov. Bakı, 1981-1982.
7. W.Wiora.The Four Ages of Music. New York, 1965.
8. I. Zemüovskiy. Vıkriki: fenomen i problema. V kn. «Zrelihno-iqrovıe formı narodnoy kulğturı» L., 1990. s. 103-114







Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70